Məhkəmə qərarları › İş №1(079)-16/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-16/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-16/2023 27.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1950-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilən, Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında sааt 17 50-də baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “04” dekabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə təqribən saat 0050-dəqiqədə BD 859698 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Naxçıvan-Şahbuz avtomobil yolu ilə Şahbuz rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək, Babək rayonu ərazisinə düşən həmin yolun 3-cü kilometrində avtomobili ehtiyatsızlıqdan yolun sağ kənarına aşırmış, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs qızına travmatik şok, sol bud sümüyünün yuxarı üçdə birində qapalı yer dəyişmiş sınıq, sol diz oynağının ön səthində, sol baldırın yuxarı üçdə birinin ön səthində, sol baldırın orta üçdə birinin ön səthində sıyrıqlar və sol diz oynağının ön səthində qançırdan ibarət dərəcəsinə görə yetirilmə anı sağlam şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bildiyini qeyd edərək yoldaşının bel fəqərəsində yırtıq olduğundan onu Türkiyə Respublikasına müalicəyə apardığını, 12 sentyabr 2023-cü ildə səhər tezdən yola düşdüklərini, yəmin günü həmişə olduğu kimi yuxadan saat 7-də oyandığını, kürəkəni Cabirin də onlarla getdiyini, yol boyu maşını özünün sürdüyünü, İğdır şəhərində yoldaşının müayinə olunduğunu, onun nəticələrini nahardan sonra əldə etdiklərini, buna görə də oradan nahardan sonra çıxıb təqribən saat 16-17 radələrində Sədərək gömrüyünə çatdıqlarını, orada sıxlıq olduğundan təqribən 4-5 saat gömrükdə qaldıqlarını, daha sonra oradan çıxıb qızı Xəyaləgilə getdiklərini, orada bir çay içib, 15- 20 dəqiqə dincəldikdən sonra təqribən gecə saat 12-də evlərinə getdiklərini, qızının evindən çıxmasından təqribən 20-25 dəqiqə sonra hadisənin baş verdiyini, belə ki, Şıxmahmud kəndi ərazisində yolda su yığışdığından həmin vaxt maşının təkərlərinin suya düşdüyünü və bu zaman su maşının ön şüşəsinin üzərinə sıçrayaraq onun yolu görməsinə maneçilik törətdiyindən idarə etməni itirdiyini, maşının bordürə dəyərək bir dəfə dönərək təkərlərin üzərində durduğunu, özünün bircə maşının təkərlərinin göyə qalxdığını gördüyünü, daha sonra maşından düşüb arxa qapını açanda yoldaşının hərəkətsiz olduğunu gördüyünü, onun üzündən vuraraq silkələsə də arvadının ayılmadığını, daha sonra yolda olan maşınların onlara yaxınlaşdığını və təcili tibbi yardım çağırdıqlarını, yoldaşını xəstəxanaya apardıqlarını, orada arvadının ölməsini eşitdiyini, özünün avtomobili idarə edən zaman yorğun olmadığını, həmçinin onu surətlə idarə etmədiyini, həmin vaxt sürətinin 70 km/saat olduğunu, kənarda olan elektrik dirəklərində olan işıqları ilə yolun işıqlandığını, lakin işıqlanmanın zəif olduğunu, hadisə baş verən vaxt yağış yağmadığını, yağışın əvvəldən yağdığını, yolun kənarında olan truba isə tutulduğundan yola su yığışdığını, hadisənin anidən baş verdiyini, hadisə baş verəndə yağış yağmadığından şüşə silənləri əvvəlcədən vurmadığını, maşının işıq rejiminin yaxın rejimdə olduğunu, özünün isə yolun birinci hərəkət zolağı ilə hərəkət etdiyini, həmin vaxt özünün təhlükəsizlik kəməri vurduğunu, lakin arvadının bu kəməri vurmadığını, hadisə baş verəndə özünün əyləcə basdığını, 1978-ci ildən maşın sürdüyünü, indiyədək yol nəqliyyatı hadisəsi törətmədiyini, barəsində bununla bağlı hər hansı inzibati xəta haqqında protokol belə tətbiq edilmədiyini, 46 il müəllim işlədiyini, hadisənin onun vasitəsi ilə olmasını qəbul edə bilmədiyini, kaş özünün də hadisə vaxtı öləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə baş vermiş hadisə nəticəsində ona böyük zərbənin onun özünə dəydiyini, buna görə də ailə vəziyyətini və yaşını, həmçinin atalarını itirmiş nəvələrinə başçılıq etməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onu əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Zərərçəkmiş şəxs qızının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlər Şahid1 və Şahid2 ifadələri və məhkəmədə araşdırılmış digər sübutlarla ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi X5 ifadəsində anasının müalicə ilə bağlı Bakı şəhərinə getmək istədiyini, lakin qonşularının təsiri ilə onun Türkiyə Respublikasına getməyi qərara aldığını, buna görə də 12 sentyabr 2023-cü ildə atası ilə anasının İğdır şəhərinə getdiklərini, əslində anasının səhhətinə görə uzaq yol getməməli olduğunu, onlar Türkiyədə olanda atasının ona ola bilsin ki orada qalacaqlarını dediyini, daha sonra zəng edərək gələcəkərini bildirdiyini, onların əvvəlcə bacısı Xəyaləgilə getdiyini, oradan isə evə yola düşdüklərini, özünün 10 ildir ki, atası-anası ilə birlikdə yaşadığını, bu səbəbdən də həmin günü onları gözlədiyini, 13 sentyabr 2023-cü ildə təqribən gecə saat 1-də bacısının zəng edərək atasının qəza etdiyini, bu zaman özünün çığırdığını, uşaqlarının qorxaraq yuxudan durduğunu, onun səsinə qonşuların gəldiyini, atası ilə anasını hadisə günü özünün səhər tezdən yola saldığını, belə bir hadisənin baş verməsinə hələ də inanmadığını, hadisə baş verən günü oxşar hadisəni rəfiqəsinin başına gəldiyini, yəni onların hava limanından qayıdarkən yolda yığışmış suyun maşına sıçradığını, lakin qəza baş vermədiyini, atası barəsində şikayətinin olmadığını, həmçinin digər bacı-qardaşının da bununla bağlı şikayətinin olmadığını bildirmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində anası xəstə olduğu üçün atası ilə birlikdə 12 sentyabr 2023-cü ildə Türkiyə Respublikasına getdiyini, həmin vaxt yoldaşı Cabirin də onlarla getdiyini, onların həmin günü təqribən gecə saat 12 radələrində qayıtdığını, atası ilə anasının onlarda 15-20 dəqiqə oturub çay içdikdən sonra evlərinə getdiyini, həmin vaxt maşını atasının sürdüyünü və maşında atası ilə anasından başqa heç kimin olmadığını, atasında yorğunluq hiss etmədiyini, bacısının yoldaşı öldüyündən və onun iki uşağı ilə birlikdə atası ilə birlikdə yaşadığından valideynlərinin onlar tək qalmasın deyə gecə evə getdiklərini, valideynləri onlardan çıxandan bir az sonra özünün bacısına zəng edərək atası ilə anasının çatıb-çatmadığını öyrənmək istədiyini, lakin elə bu vaxt qardaşının ona zəng etdiyini və Cabirə xəstəxanaya getməsini istədiyini, ona atasının qəza keçirdiyini, anasının bir az qorxduğunu, atasına isə heç nə olmadığını dediyini, sonradan Cabirin də ona zəng etdiyini və yəqin ki, o qorxmasın deyə eyni sözləri dediyini, daha sonra isə anasının öldüyünü eşitdiyini bildirmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində 12 sentyabr 2023-cü ildə özünün qayınatası Telman ilə və qayınanası ilə birlikdə Türkiyə Respublikasına getdiklərini, ora qayınanasının müalicə olunması üçün getdiklərini, səhər təqribən saat 7-də evdən çıxdıqlarını, yol boyu maşını qayınatasının sürdüyünü, İğdır şəhərində qayınanası müayinə olduqdan sonra Naxçıvana qayıtdıqlarını, təqribən saat 16-16:30 radələrində gömrüyə çatdıqlarını, saat 23-ə kimi gömrükdə qaldıqlarını, oradan isə evlərinə gəldiklərini, yenə də maşını qayınatasının sürdüyünü, təqribən gecə saat 12-də evə çatdıqlarını, özünün qayınatasında hər hansı yorğunluq hiss etmədiyini, qayınanası və qayınatasının onlarda 15-20 dəqiqə dincəlib, çay içdikdən sonra yola düşdüklrəini, onlara gecəni onlarda qalmağı təklif etdiklərini, lakin evdə olan baldızının uşaqları ilə birlikdə tək qaldığından onların getməyi qərara aldığını, həmin vaxt maşını qayınatasının sürdüyünü, maşında qayınatası və qayınanasından başqa heç kimin olmadığını, təqribən 20 dəqiqə sonra qaynının zəng edərək hadisənin baş verməsini dediyini, bundan sonra özünün xəstəxanaya getdiyini, orada qayınanasının ölməsini eşitdiyini qeyd etmişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. İş vərəqə 04-17-də olan hadisə yerinə baxış protokolu, ona əlavə edilmiş sxem və foto şəkillərdən istintaq orqanının hadisə baş verən gün, yəni 13 sentyabr 2023-cü ildə hadisə yerinə baxış keçirməsi, baxış zamanı yol-nəqliyyat hadisəsinin Naxçıvan-Şahbuz avtomobil yolunun 3-cü kilometrində yaşayış məntəqəsi olmayan yerdə baş verməsi, avtomobil yolunun hər iki istiqamətdə iki gedişli və iki gəlişli olmaqla dörd hərəkət zolağından ibarət olması, bir hərəkət zolağının eninin 4 metr olmaqla, yolun eninin 16.50 metr, asfalt örtüklü, düz və yaş olması, asfalt örtüklü yolun Şahbuz rayonu istiqamətində sağ kənarının 3 metr enində piyadalar üçün səki, səkidən sonra isə torpaq ərazi olması, Naxçıvan şəhər istiqamətində yolun sağ kənarının 2 metr enində preslənmiş çınqıl qarışığı torpaqdan ibarət ehtiyat yolun, ehtiyat yoldan sonra isə ağaclıq ərazinin olması, Şahbuz rayonu istiqamətində birinci hərəkət zolağında yağış sularının yığınının olması, yolun sağ kənarından 6 metr məsafədən ikinci hərəkət zolağından izin başlaması, izin yolun sağ kənarına doğru 38 metr uzunluğunda davam etməsi, izin qurtardığı yerdə 2 ədəd bordürün (səki daşının) qırılması, həmin istiqamətdə 16 metr uzunluğunda bordürə qara izlərin düşməsi, səkidə olan işıq dirəyinin qırılması, səkiyə avtomobilə məxsus detal və hissəciklərin səpələnməsi, həmin yerdən 40 metr məsafədə yolun sağ kənarında ağ rəngli qəzalı vəziyyətdə “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanması, həmin avtomobilin qabaq sol təkərindən yolun kənarına olan məsafənin 2.5 metr qabaq sağ təkərindən olan məsafənin 4 metr, arxa sol təkərindən olan məsafənin isə 4.20 metr olması müəyyən edilmişdir. Həmçinin iş vərəqə 26-28-də olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və onun texniki vəziyyətinin yoxlanılması haqında 13 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol farasının, ön sol güzgüsünün, ön sol qapı şüşəsinin qırılması, kırlosunun əzilməsi, banının bəzi hissələrinin də əzik olması aydın olur. Məhkəməyə təqdim edilmiş AC seriyalı, 903294 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və onun iş materiallarında olan surətindən “Hyundai Tucson” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs mülkiyyətində olması aydın olur (iş vərəqə 29). Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsindən birbaşa, şahidlər və zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələrindən isə dolayı yolla hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının onun, yəni Təqsirləndirilən şəxs yanında olması müəyyən edilir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs qızının ölümü arasında səbəbli əlaqənin mövcudluğu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 13 sentyabr 2023-cü il tarixli, 72 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 13 sentyabr 2023cü il tarixli, 72 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs qızının meyitində aşkar edilmiş xəsarətlərin travmatik şok, sol bud sümüyünün yuxarı üçdə birində qapalı yer dəyişmiş sınıq, sol diz oynağının ön səthində sol baldırın yuxarı üçdə birinin ön səthində, sol baldırın orta üçdə birinin ön səthində sıyrıqlar və sol diz oynağının ön səthində qançır olması, meyitin müayinəsində başqa xəsarətlər və dəyişikliklər olmaması, göstərilən xəsarətlər küt alətin təsirindən törənməsi, eləcə də avtomobil qəzası nəticəsində yarana bilməsi, xəsarətlərin müddəti qərarda göstərilən tarixə uyğun gəlməsi və dərəcəsinə görə yetirilmə anı sağlam şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub, onun ölümü ilə nəticələnməsi, mərhum Zərərçəkmiş şəxs qızının ölümünə səbəb avto qəza nəticəsində almış olduğu xəsarətlər hesabına törənmiş travmatik şok olması göstərilmişdi (iş vərəqə 31-36). Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli, 1008 saylı rəyi ilə öz həlli tapır. Belə ki, iş sözü gedən rəydə “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qeyd edilmişdi (iş vərəqə 58-60). Ekspert rəyini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs avtomobili idarə edərkən yolun səthinin yaş və sürüşkən olmasını nəzərə alaraq daha diqqətli olmalı idi. Avtomobili yol şəraitinə uyğun elə sürətlə idarə etməli idi ki, hər hansı səbəbdən avtomobilin idarə olunmaz vəziyyətə düşməsi baş verməsin və hərəkət üçün hər hansı təhlükə yarandıqda onu dayandıra bilsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə isə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmçinin həmin Qanunun 1-ci maddəsinin 43-cü bəndində əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bunun Zərərçəkmiş şəxs qızının ölümü ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Belə ki, istintaqla əlaqədar hadisə zamanı “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olubolmamasını müəyyən etmək məqsədilə o, müayinə edilmiş, Naxçıvan Şəhər Təcili X8 hüquqi şəxsin 13 sentyabr 2023-cü il tarixli, 294 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” aktda təqsirləndirilən şəxsin alkoqol qəbul etməsi əlamətlərinin mövcud olmaması göstərilmişdir (iş vərəqə 18). Məhkəməyə təqdim edilmiş və surəti də cinayət işinə əlavə edilmiş BD seriyalı, ******* nömrəli sürücülük vəsiqəsindən Təqsirləndirilən şəxs sürücülük hüququnun olması aydın olur (iş vərəqə 29). İş materiallarında olan Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 13 sentyabr 2023-cü il tarixli protokoldan ibtidai istintaqla zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi, onun texniki cəhətdən vəziyyəti yoxlanılması və saz-işlək vəziyyətdə olduğu müəyyən edilmişdi (iş vərəqə 26). Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin ehtiyatsızlıq formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Cinayət işində olan Babək rayonu, Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə 92). Həmçinin iş materiallarına əlavə edilmiş 110 nömrəli, Naxçıvan Muxtar Respublikası Fəxri adının vəsiqəsinin təsdiq edilmiş surətindən Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilməsi də müəyyən edilir (iş vərəqə 91). Məhkəmə bunları onun şəxsiyyətini xarakterizə hal kimi bunu nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Zərər çəkmiş şəxsin hüquqi X4 təqdim etdiyi 13 noyabr 2023-cü il tarixli ərizədən və məhkəmədə şahid qismində dindirilməsi zamanı verdiyi ifadəsindən aydın olur ki, onun təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur və Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edib. Sonuncu qeyd edilən halla bağlı məhkəmə bildirir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, həmin Məcəllənin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 4 il 6 aydan artıq ola bilməz. Bunlardan başqa məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, ali təhsilli olmasını, ilk dəfə cinayət törətməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar 289072 nömrəli, 25 oktyabr 1972-ci il tarixli diplom, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X1 şöbəsinin tələbnaməsi və təqsirləndirilən şəxsin ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, 289072 nömrəli, 25 oktyabr 1972-ci il tarixli diplomun təsdiq edilmiş surətindən Təqsirləndirilən şəxs ali təhsil alması müəyyən edilir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 10 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X1 şöbəsinə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda təqsirləndirilən şəxsin məhkumluğunun olmaması qeyd edilmişdi. Təqsirləndirilən şəxsin həm ibtidai, həm də məhkəmə araşdırması zamanı əməlini səmimi etiraf etməsi, həmçinin onun məhkəmədə verdiyi ifadəsindən onun əməlindən peşman olması aydın olur. Yuxarıda qeyd edilən yüngülləşdirici halları birlikdə nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdi. Məhkəmə qeyd edilən normanı, cinayətin törədilməsi şəraitini, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin ər-arvad münasibətlərində olmasını, Təqsirləndirilən şəxs yaşını, həmçinin cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir. Ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə bu cəzaya şərti məhkum edilməklə 02 (iki) il sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15- 1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Babək rayonu, Cəhri qəsəbəsində yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü kimi təsbit edilmişdir. Məhkəmə işin hallarını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) il 02 (iki) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından aydın olur ki, cinayət hadisəsinin izlərini üzərində saxladığından və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən sürücü Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı idarə “Hyundai Tucson” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sübut hesab edilərək, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinin duracağında saxlanca verilmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, “Hyundai Tucson” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi təqsirləndirilən şəxsdir və buna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə “həmin nəqliyyat vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinin duracağında saxlanca verilən “Hyundai Tucson” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs sahibliyinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar