Məhkəmə qərarları › İş №1(079)-16/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-16/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-16/2025 03.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2007-ci ildə Babək rayonu, Çeşməbasar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatda olan və faktiki olaraq Babək rayonu, Güznüt kəndində yaşayan, məhkumluğu olmayan, 26 may 2025-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 01 avqust 2025-ci ildə Təqsirləndirilən şəxs CMin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə saat 23:45 radələrində ailə qurmaq məqsədi ilə Babək rayon Xəlilli kənd sakini, xx.xx.2010-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan, Babək rayon Xəlilli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Zərərçəkmiş şəxs yaşadığı Xəlilli kəndindən qaçıraraq Babək rayon Cəhri qəsəbəsində yerləşən X3 məxsus evə aparmış və 21 aprel 2025-ci il tarixdə saat 04 radələrində evin yataq otağında Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Ağgüllə 7-ci sinifdə oxuduğu gündən ünsiyyətlərinin olduğunu, onu 2 ildir ki, tanıdığını, özünün Güznüt kəndində yaşadığını, Ağgülün yaşadığı Xəlilli kəndinə fəhlə kimi işləməyə getdiyini və orada onu gördüyünü, əvvəl dost kimi münasibət saxladıqlarını, son 1 ildir ki, sevgili münasibətində olduqlarını, onun 15 yaşında olduğunu, özünün Güznüt kənd orta məktəbində təhsil aldığını və 9-cu sinifdən məktəbdən çıxdığını, Ağgülü ilk dəfə 31 dekabr 2024-cü il tarixdə qaçırdığını, lakin yaşları az olduğundan hər iki ailənin onların evlənmələrinə razı olmadığını, Ağgülü ailə qurmaq məqsədilə qaçırdığını, hər şeyi qabaqcadan planlaşdırdıqlarını, Uğurla dost olduqlarını, bir yerdə işlədiklərini, 20 aprel tarixində Ağgülün ona mesaj yazaraq ailəsinin onu Sumqayıta göndərmək istədiyini, lakin getmək istəmədiyini bildirdiyini, bundan sonra Ağgülü qaçırmaq barədə Uğura bildirəndə Uğurun ondan qalacaq yerlərinin olub-olmadığını soruşduğunu, yer olmadığını bildirdikdən sonra Uğurun ona dostunun evinin olduğunu və danışdıqdan sonra orada qala biləcəklərini dediyini, həmin gün razılaşdıqları kimi 20 aprel 2025-ci il tarixdə axşam saat 1800-da onu qaçırdığını, ilk öncə Uğurla Xəlilli kənd məktəbinin yanına getdiklərini, Ağgülün də oraya gəldiyini, bolt taksi sifariş edərək Cəhri qəsəbəsinə Uğurun dostunun evinə bir yerdə getdiklərini, evin həyət qapısı bağlı olduğundan divardan tullanaraq arxa tərəfdən həyətə daxil olduqlarını, Uğurun ikinci mərtəbəyə qalxıb pəncərənin şüşəsini çıxardığını və evə daxil olub qapını içəridən açdığını və evə daxil olduqlarını, həmin gün orada gecələdiklərini, pul olmadığına görə məcbur orada qaldıqlarını, Uğurla eyni otaqda qaldıqlarını, özünün Ağgüllə yataqda, Uğurun isə divanda yatdığını, Ağgüllə cinsi əlaqədə olmaq barədə də qabaqcadan özü ilə razılaşdığını və həmin gün axşam Ağgüllə cinsi əlaqədə olduqlarını, Uğurun səsə oyandığını, belə bir niyyətinin olması barədə Uğurun əvvəlcədən məlumatının olmadığını, səhəri gün isə Uğurgilin evinə getmək istəyəndə polislərin zəng edərək şöbəyə çağırdığını, ondan sonra şöbəyə getdiklərini, Ağgülün anasının onu polisə şikayət etdiyini, polisdə törətdiyi əməli etiraf etdiyini, əlaqədə olduqlarına görə ailələrin artıq onların izdivacına razı olduğunu, bu məsələlər olduqdan sonra 21 aprel 2025-ci il tarixdən Şıxmahmud kəndində tək kirayədə qalmağa başladığını, ailə üzvləri ilə münasibətinin olmadığını, hazırda fəhlə işlədiyini, Ağgülün isə anası ilə qaldığını və Ağgülün 9-cu sinifdə oxuduğunu, zərərçəkmiş şəxslə sevgi münasibətlərinin davam etdiyini, telefonda danışdıqlarını, amma görüşmədiklərini, uşaq məsələsi barədə yazanda Ağgülün buna razı olduğunu, niyyətinin ancaq Ağgüllə ailə qurmaq olduğunu, Ağgüldən 4 yaş böyük olduğunu, 18 yaşından aşağı şəxslə əlaqədə olmağın məsuliyyət yaradacağı barədə qanunun tələbindən xəbərinin olmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə tək məqsədinin Zərərçəkmiş şəxs ilə ailə qurmaq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında Xəlilli tam orta məktəbdə oxuduğunu, bu il 10-cu sinfə keçməli olduğunu, bu məsələdən sonra anasının ərizəsi əsasında məktəbdən çıxdığını, Toğrulla aralarında sevgi münasibətlərinin olduğunu, 2 ildir bir-birilərini tanıdıqlarını, 1 il dost kimi olduqdan sonra aralarında sevgi münasibətinin yarandığını, Toğrulun onun yaşadığı Xəlilli kəndinə fəhlə kimi gəlib işlədiyini və bu cür tanış olduqlarını, Toğrulun ailəsinin əvvəllər ona yaylıq gətirdiyini, amma anasının buna razılıq vermədiyini və yaylığı qaytardığını, ilk dəfə 03 yanvar 2025-ci ildə Toğrulla qoşulub qaçdığını, həmin zaman da qardaşının onların münasibətinə razılıq vermədiyini, qardaşının Toğrulla və onunla dalaşdığını, bu səbəbdən qayıdıb gəldiyini, 20 aprel tarixində anası ilə Toğrula görə aralarında mübahisə yarandığını, anasının onu Sumqayıta atasının yanına göndərəcəyini dediyini, atasının 13 ildir onlardan ayrı yaşadığını və onunla münasibətinin olmadığını, həmçinin anasının telefonu onun əlindən aldığını, yaşı az olduğuna görə Toğrulla danışmasını istəmədiyini, bu münasibətə anasının və qardaşının razı olmadığını, həm də Sumqayıta atasının yanına getmək istəmədiyindən 20 aprel 2025-ci il tarixdə yenidən Toğrulla qoşulub qaçdığını, əvvəllər belə bir fikrinin olmadığını, Toğrulun da bu barədə nəsə təklif etmədiyini, bu barədə Toğrula dedikdən sonra onun təklifi ilə razılaşdığını, Uğuru əvvəllər 1 dəfə Toğrulla şəhərdə gəzərkən gördüyünü və onun Toğrulun dostu olduğunu bildiyini, Toğrulla qaçdığı gün evdə anası və xalasının qızı Lalənin olduğunu, xalası qızı gedən zaman anasına onlara getdiyini deyib oradan çıxdıqdan sonra Toğrulla qaçdığını, 21-nə keçən gecə saat 0100 radələrində Uğurun dostunun Cəhridəki evinə getdiklərini, saat 04:00 radələrində Toğrulla cinsi əlaqədə olduqlarını, cinsi əlaqədə olmasına özünün razılıq verdiyini, ailələri onların gələcəkdə ailə qurmasına razılıq versin deyə əlaqədə olduqlarını, həmin gecə Uğurun digər otaqda olduğunu, amma ara qapının açıq olduğunu, ilk dəfə cinsi əlaqədə olduqlarını, əvvəl belə bir şeyin olmadığını, Toğrulla ailə qurmağa razı olduğunu, baş verəcəklərə razı olaraq onunla qaçdığını, Toğrulun hər şeyi gözə aldığını bildirdiyini, həmin gecə saat 05:00 radələrində o evdən çıxdıqdan sonra Naxçıvan şəhəri Qaraçuq kəndinə tərəfə yola düşdüklərini, Uğurun paltar götürəcəyini, yolda olarkən polis idarəsindən zəng edildiyini və şöbəyə dəvət olunduqlarını, polis idarəsinə gəldiklərini bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında şahid qismində dindirilən zaman Toğrulun ilk dəfə Ağgülü qaçıranda ona bu barədə irad bildirdiyini, yaşları az olduğuna görə buna razı olmadığını, uşaq ağlı ilə hərəkət etdiyini düşünüb bu barədə onu başa saldığını, atasız iki uşaq saxladığını, hərbi qulluqçu işlədiyini, işdə olarkən tez-tez oğlu və qızı ilə əlaqə saxladığını, hər zaman övladlarına nəzarət etdiyini, onları nəzarətsiz qoymadığını, qızının dərs qiymətlərinin kafi olduğunu, əvvəllər oğlunun Ağgülə dərslərinə hazırlamaqda kömək etdiyini, lakin oğlu hərbi məktəbə qəbul olunduqdan sonra qızının da dərslərinə hazırlaşmadığını, son vaxtlar dərslərini axsatdığını görüb onu məktəbə getməsi barədə tənbeh etdiyini, işi ilə əlaqədar olaraq gecə saat 4-də işə getdiyini və bir gün işdə olduğunu, həmin gecə də smenə gedəcəyini, 2012-ci ildən yoldaşından ayrıldığını, ataları ilə uşaqların əlaqələrinin olmadığını, lakin Sumqayıtda yaşadığını bildiyini, Toğrulla danışmasına icazə vermədiyi üçün qızı ilə aralarında mübahisə olduğunu, Ağgülün ona ondan bezdiyini dediyini, bundan sonra ona sözgəlişi “istəsən atanın yanına gedə bilərsən” dediyini, həmin gün Ağgülün bu sözə görə qaçacağını düşünmədiyini, ona hələ balaca olduğunu, yaxşı gələcək qurmasını bildirdiyini, Ağgülün gecə 12-də xalasıgilə getdiyini, özünün isə səhər işə gedəcəyi üçün yatdığını, gecə saat 3-də bacısının ona zəng etdiyini, oyananda Ağgülün evdə olmadığını gördüyünü və həmin vaxt Toğrulun qızını qaçırdığını bildiyini, polis idarəsinə getdiyini, səhərə yaxın onların telefonu açdığını və şöbəyə gətirildiklərini, belə bir hadisənin baş verə biləcəyini düşünmədiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını, yaşları tamam olduqdan sonra ailə qurmalarına razılıq verəcəyini, lakin onların əməlinə haqq qazandırmadığını bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində Toğrulla şəhərdə gəzən zaman ona gedib həyətlərində divara üzləmə vurmağı təklif etdiyini, bu zaman Ağgülün Toğrula yazaraq onu Bakıya göndərdiklərini bildirdiyini, Toğrulun həmin vaxt ona gəl qaçaq dediyini, Ağgülün isə onu qaçırmaq təklifini qəbul etdiyini, həmin vaxt onların həm yazışmalarının, həm də telefon danışıqlarının şahidi olduğunu, Toğrulun Ağgülü qaçıracağını bildirəndə ona “Ağgülü qaçırsan hansı evə gedəcəksən” deyə soruşduğunu, onun da “bilmirəm” dediyini, bundan sonra kursant yoldaşı Axundov Vahaba zəng etdiyini, Vahaba “dosunun atası ilə mübahisə etdiyini, bu səbəbdən gəlib həmin evdə qala biləcəyini” soruşduğunu, onun da qapının bağlı və pəncərənin isə qırıq olduğunu, pəncərədən içəri girib sakit otura biləcəyini dediyini, daha sonra Ağgülü götürüb Cəhri qəsəbəsinə getdiklərini, Toğrulun ona başqa bir şey olmayacağını bildirdiyini, oyandıqda isə bu hadisənin baş verdiyini gördüyünü, ona “bəs sən mənə heç nə etməyəcəyin barədə söz vermişdin” deyə soruşduqda onun isə Ağgülü sevdiyi üçün bu əməli törətdiyini bildirdiyini, səhər saat 5 radələrində evdən çıxıb Qaraçuq kəndinə yola düşdüklərini, lakin yolda polis əməkdaşlarının onları gəlib apardığını, o evdə Toğrulgillə birlikdə qalmağının məqsədi onlar tərəfindən hər hansı bir hadisənin törədilməsinə mane olmaq, həmçinin hər hansı bir hadisə baş verəcəyi təqdirdə evin sahibinə Toğrula qabaqcadan xəbərdarlıq etdiyini bildirmək olduğunu, Toğrulun ona heç bir hadisənin olmayacağına dair söz verdiyini, Ağgülün Toğrula Bakıya göndərildiyini yazmazdan əvvəl Toğrulun onu qaçırmaq niyyətinin olmadığını, sadəcə Ağgül ona zəng etdikən sonra Toğrulun ona Ağgülü qaçıracağını bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2- ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə CMin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxsnın təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində qeyd edilən cinayət tərkibiini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin CM-in 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli 111 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, tamlığı pozulma müddəti 2 həftəyədək müddətə, eləcə də zərərçəkmişin dediyi tarixdə, yəni xx.xx.2025-ci il tarixdə pozulması istisna edilmir, yəni təzədir, bu pozulma bərk cismin, eləcə də gərginləşmiş kişi cinsiyyət üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində əmələ gəlməsi mümkündür, Zərərçəkmiş şəxs qeyri-təbbi yolla (anal) cinsi əlaqədə olmaya xarakterik xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilməmişdir. Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş nümunədə spermatozoid aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli 273 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvləri normal quruluşda olub, yaşına uyğundur, kafi dərəcədə inkişaf etmişdir, xayalar xayalıqdadır. Cinayət işinin materiallarında olan maddi sübutların bioloji ekpertizasının 13 may 2025ci il tarixli 05 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən paltarların üzərində qanabənzər ləkələr aşkar edilməmiş, Zərərçəkmiş şəxs məxsus paltarlarda spermatozoid nümunələri aşkar edilmişdir və həmin nümunələrin Təqsirləndirilən şəxs məxsus olması inkar edilmir. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-trasoloji ekpertizasının 17 iyun 2025-ci il tarixli 604 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən əlbəyaха mübarizəyə, zorakılıq yetirilməyə xarakterik zədə(lər) və iz(lər) aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 alınmış 05 iyul 2025-ci il tarixli rəylərdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, onlar anlaqlıdır, həmçinin onların anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur, hadisə zamanı öz əməllərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdurlar və hazırda öz əməllərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədirlər, məcburi müalicəyə ehtiyacları yoxdur. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının 23 iyul 2025-ci il tarixli 723 və 744 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altına hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur, onların fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur, Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafın, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir, hər ikisi kişi ilə qadın arasındakı seksual münasibətlər və s. haqqında kifayət qədər məlumata malikdir, Zərərçəkmiş şəxs psixi-emosional halında hadisədən əvvəl, hadisə zamanı və hadisədən sonra hər hansı əhəmiyyətli dəyişiklik baş verməmişdir, hadisə zamanı Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının 23 iyul 2025-ci il tarixli 744 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altına hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur, Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla hadisə zamanı Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur, Təqsirləndirilən şəxs kişi ilə qadın arasındakı seksual münasibətlər, intim həyata hansı yaş dövründən başlamağın cəmiyyətdə qəbul edilmiş normaları, cinsi əlaqənin nəticələri, uşaqların necə doğulması, hamiləlik və ondan qorunmanın yolları və s. haqqında kifayət qədər məlumata malikdir. Cinayət işinin materiallarında olan 21 aprel 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Babək rayonu Cəhri qəsəbəsində yerləşən X3 məxsus yaşayış evidir. Ev təmirsizdir və yaşayış üçün əlverişsizdir. Evin qapı və pəncərələri yerindədir. Pəncərənin birində şüşə yoxdur, hadisə baş verən otaqda yataq və müxtəlif əşyalar vardır. Otaqda girişdən sağ tərəfdə yataq yerləşir, yatağın üzərində döşək, yorğan və bir neçə örtük vardır. Toğrul Tarverizadənin deməsinə görə girişdən sağ tərəfdə yerləşən yataqda Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxsnın törətdiyi əməldə isə CM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “CM-in 152.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-in 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin təbiətindən aydın olur ki, təqsirləndirilən şəxsə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməlidir. Cəzanın cinayətə görə sitəm olması, əzabəziyyət olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Bundan başqa CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən CM-in 152.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini CM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığıdır. Əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilmişdir. Əməlin birbaşa qəsdlə törədilməsi dedikdə şəxsin öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsidir. Göründüyü kimi Təqsirləndirilən şəxs öz əməlinə psixi münasibəti birbaşa qəsdlə olmuşdur. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, məhkəmə şəxslərin cinsi toxunulmazlığı ilə əlaqədar işlər üzrə cinayətin törədilməsi üsullarının hökmdə ətraflı surətdə şərh edilməsindən çəkinməlidir. Cinayət işinin materiallarında olan istintaq zamanı zərərçəkmiş şəxs Qanuni nümayəndə 25 iyul 2025-ci il tarixdə Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək qızı Zərərçəkmiş şəxs ailə qurmaq məqsədi ilə 20 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qoşulub qaçdığını, könüllü olaraq onunla təbii yolla cinsi əlaqədə olduğunu və 18 yaşı tamam olan zaman ailə quracaqlarına söz bağladıqları üçün Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə qanuni nümayəndəsi vasitəsilə barışıq əldə etməsi və 59.2-ci maddəsinə əsasən könüllü olaraq törətdiyi cinayət əməlini səmimi etiraf etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. CM-in 20.1-ci maddəsinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmişin 16 yaşına çatmayan şəxs olmaqla cinayətin onun cinsi toxunulmazlığı əleyhinə yönəlməsini, şəxsin cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə cəzanın məqsədinə nail olma baxımından həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, dövlət və yerli özünü idarəetmə orqanlarında hər hansı bir rəhbər və maddi məsul vəzifədə işləməmiş, biznes və sahibkarlıqla məşğul olmamışdır. Ona görə də məhkəmə ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki vəziyyətdə azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəticəsinə gələrkən şəxsin cinsi toxunulmazlığı əleyhinə yönələn cinayətlərə tətbiq olunan cəza tədbirlərinin cəmiyyətdə doğurduğu islah təsirini və həmçinin başqa şəxslər tərəfindən də oxşar cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini diqqətdə saxlayır. Sözügedən cinayət əməlinin zərərçəkmiş şəxsin təhsildən uzaqlaşmasına,onun normal inkişafına, cəmiyyətdə şəxsiyyət kimi formalaşmasına, 16 yaşına çatmamış şəxsin gələcək ehtimal edilə bilən uğurlu ola biləcək təhsil və tərbiyyə mühitinə yaratdığı maneələri nəzərə alır. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş nikah üçün müəyyən olunan yaş həddinə çatmayan şəxslə ailə qurmaq niyyətinin olması onun şəxsiyyətini müsbət mənada xarakterizə edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il müəyyən edilməlidir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 21-ci bəndinin 2ci hissəsinə görə yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş fərdi istifadə əşyaları (geyim və s.) əşyaları hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin məhkəmə məsrəflərinə münasibətdə iş üzrə ekspertiza xərci olan məhkəmətrasoloji ekspert tədqiqatına sərf edilmiş 75 manat, məhkəmə-psixoloji ekspert tədqiqatına sərf edilmiş ayrı-ayrılıqda 90 manat olmaqla, cəmi 255 (iki yüz əlli beş) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan məhkəmə-trasoloji ekspert tədqiqatına sərf edilmiş 75 manat, məhkəmə-psixoloji ekspert tədqiqatına sərf edilmiş ayrı-ayrılıqda 90 manat olmaqla, ümumilikdə 255 (iki yüz əlli beş) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ21NABZ**********000005944 hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli qollu köynək, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli parça şalvar, 01 ədəd qara rəngli mayka, 01 ədəd boz rəngli tuman, bir cüt qara rəngli corab və Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli papaqlı-qollu köynək, 01 ədəd qəhvəyi rəngli baş örtüyü, 01 ədəd qara-ağ cızıqlı tuman, 01 ədəd qara rəngli mayka, 01 ədəd bənövşəyi rəngli büstqalter, 01 ədəd qəhvəyi rəngli gödəkcə və 01 cüt sarı-qırmızı rəngli corab hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qaytarılsın. Dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar