Məhkəmə qərarları › İş №1(079)-19/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-19/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-19/2024 02.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan, subay, işsiz, məhkumluğu olmayan, 17 avqust 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 30 sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs Babək rayon Zeynəddin kəndində yerləşən evindən sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs evdə olmadığı vaxtda evin qapısının açıq olduğunu bilib qapını açıb içəri qanunsuz daxil olaraq evdən 700 (yeddi yüz) manat pulu gizli şəkildə talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək 2024-cü ilin fevral ayında qonşusu Sunayı çağırmaq üçün onlara getdiyini, həmin vaxt onun evdə olmadığını, evin arxa tərəfdən qapısının olduğunu, qapının bağlı olduğunu, buna görə onun üzərindən aşaraq içəri girdiyini, bunu onu çağırmaq üçün etdiyini, lakin onun cavab vermədiyini, sonra qapını açaraq evə daxil olduğunu, həmin vaxt televizor altığının üzərində 700 manat pul olduğunu gördüyünü, həmin pulu götürüb getdiyini, Babək rayonu, Zeynəddin kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etdiyini, hadisənin tarixini və vaxtını xatırlamadığını, hadisənin hava qaralana yaxın baş veridiyini, evdə pul olmasını bilmədiyini, ora getməkdə məqsədinin Sunayı çağırmaq olduğunu, həmin vaxt evdə heç kimin olmadığını, pulların televizor altlığının üzərində olduğunu, əskinasların hamısının 100 manat olduğunu, bu barədə heç kimə heç nə demədiyini, pulu götürdükdən 2-3 gün sonra Babək rayonunda yerləşən Uzunoba restoranında yeyib-içməyə xərclədiyini, həmin vaxt dostu Səbuhi, Aysel və Gülcanın onunla birlikdə olduqlarını, onların pulu hansı yolla əldə etməsindən xəbərsiz olduqlarını, həmin vaxt pulun 450 manatını xərclədiyini, qalan pulu isə günlük ehtiyaclarına xərclədiyini, bir səhvlik etdiyini, evə girməkdə məqsədinin yalnız Sunayı çağırmaq olduğunu, içəri daxil olduqdan sonra pulu gördüyünü, bundan sonra pulu götürdüyünü, bunun qanunsuz olduğunu dərk etdiyini və cinayət sayıldığını bildiyini, həmin vaxt evdə kiminsə olduğunu bilmədiyini, Sunayla sinif yoldaşı olduqlarını və birlikdə gəzibdolaşdıqlarını, onunla ailəvi münasibətlərinin yaxşı olduğunu, onlara bəzən tez-tez, bəzən isə ara-sıra gedib-gəldiklərini, oğurladığı pulu qaytardığını, əməlindən çox peşman olduğunu, Babək rayonu, Zeynəddin kəndində anası və nənəsi ilə birlikdə yaşadığını, oraya getdikdən sonra əvvəl Sunayı səslədiyini, həmin vaxt evin və həyətin bir işığın yandığını, bu səbəbdən də evdə kiminsə olub-olmamasını müəyyən edə bilmədiyini, sonra qapını açıb içəri girdiyini, həyətin qapısının isə açıq olduğunu, onlar evdə olmayanda qapının kilidsiz olduğunu əvvəlcədən bilmədiyini, çox vaxt gündüz Sunayı çağırdığını, o evdə olmayanda qapılarının açıq olduğunu, içəri girməkdə məqsədinin yalnız Sunayı çağırmaq olduğunu, pulu gördükdən sonra oğurluq etmək niyyətinin yarandığını, həmin vaxt onların harasa getmələrini bilmədiyini, Sunayı çağırmaqda məqsənin onunla gəzib, söhbət etmək olduğunu, işləmədiyini, sonuncu dəfə Sunayı hadisədən 2 gün əvvəl gördüyünü, hadisə günü telefonunda konturunun və internetinin olmaması səbəbindən Sunaya zəng edə bilmədiyini, buna görə evlərinə gedib onu birbaşa evdən çağırdığını, həmin vaxt pula ehtiyacının olmadığını, bunu günlük tələbatını ödəmək üçün etdiyini, əmək qabiliyyətinin olduğunu və əvvəllər işlədiyini, evin mətbəx ilə birlikdə 4 otaqdan ibarət olduğunu, evin giriş qapısının taxtadan və ağ rəngli olduğunu, həyətin qapısının isə zeştdən olduğunu, qapının dəstəyini əyib içəri doğru itələdiyini, həmin vaxt evin salonuna daxil olduğunu, girişdə ayaqqabılarını çıxardığını, televizor altının evə daxil olub sağa döndükdən sonra göründüyünü, evi axtarmadığını, sadəcə həmin pulu götürdüyünü, pulun yanında video oxuyucu cihaz və televizor olduğunu, başqa nə olduğunu xatırlamadığını, 700 manat pul götürdüyünü, bir dəfə isə 3 ay əvvəl gecə Sunaya zəng edə bilmədiyini, bu səbəbdən də ora getdiyini, həyətə daxil olduqdan sonra Sunayı səslədiyini, onun cavab verməməsi səbəbindən qapını ayağı ilə itələdiyini, həmin vaxt Sunayın və onun dayısı Manafın onu tutduqlarını, həmin vaxt da məqsədinin Sunayı çağırmaq olduğunu, həmin vaxt özünün pulu oğurladığını onlara etiraf etdiyini, ondan qabaq pulun oğurlanmağı ilə bağlı ondan heç kimin nə isə soruşmadığını, birinci dəfə evə girərkən evin arxa tərəfində olan və istifadə edilməyən zeşt qapının üzərindən həyətə tullandığını, ikinci dəfə evə girərkən küçə qapını açıb həyətə daxil olduğunu, ikinci dəfə evə girərkən oradan heç nə götürmədiyini, əvvəllər oxşar əmələ görə hər hansı məsuliyyətə cəlb olunmadığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, həyatda anasından başqa kimsəsinin olmadığını, həmçinin anasının da ondan başqa kimsəsinin olmadığını bildirmiş, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində evlərində televizorun altında pul olmadığını, həmin pulun oğlunun yatağında yastığın altında gizlətdiyini, oğlunun pulu orada gizlətməsindən özünün də xəbərinin olmadığını, həmin gün axşam oğlunun əməliyyat olunacağını və səhəri gün pulu əməliyyat xərcinə verəcəyini bildirdiyini, səhəri gün tezdən saat altıda səs-küy gəldiyini, həmin vaxt oğlundan nə olduğunu soruşduğunu, oğlunun isə əvvəl 100 manat pulunu tapa bilmədiyini, sonra isə aldığı bütün əmək haqqını yəni 700 manat pulu tapa bilmədiyini ona dediyini, bundan sonra polisə şikayət etdiklərini, ilk Əlinin dostu Səbuhidən şübhələndiklərini, lakin onun çoxdandır ora gəlib-getmədiyini, sonra oğlunun pulu oğurlayan şəxsin Əli olduğunu ona dediyini, Əlinin indiyədək evə girib oğlunu çağırmadığını, uzaq yerə gedəndə həm evin, həm də küçə qapısını bağladığını, lakin anasıgilin yaşadığı ev yaxın olduğundan oraya gedərkən evin qapısını bağlamadığını, yalnız küçə qapısını bağladığını, ikinci dəfə isə özlərinin anasıgilə getdiklərini, qardaşının və oğlunun isə arxa qapıdan gizlincə evdə gözlədiklərini, həmin gün Əlinin evə girəcəyinin ona deyildiyini, evdə nə qədər bıçaq vardırsa özünün götürdüyünü, yolda gedərkən Şəhidlər Xiyabanı adlanan yerdə Əlinin və yanında başqa bir şəxsin onların evdən getməyini gözlədiklərini gördüyünü, Əlinin həmin vaxt evə girəndə birbaşa yataq otağına daxil olduğunu, həmin vaxt qardaşının Əlinin boğazından tutduğunu, özünün qəsdən evin qapısını açıq qoyduğunu, küçə qapısına isə çubuq salıb getdiyini, Əlinin qapıdan içəri daxil olmadığını, divardan tullanaraq həyətə daxil olduğunu, həmin vaxt itin ona hürdüyünü, Əlinin isə səs-küy olmasın deyə iti təpiklə vurduğunu, onun barəsində şikayətinin olmadığını, sadəcə yalan danışdığı üçün narahat olduğunu, hadisənin 2024-cü ilin fevral ayında baş verdiyini, 2 övladı ilə birlikdə Babək Rayonu, Zeynəddin kəndində yaşadığını, ilk ağlına gələn yer şəhər olduğundan Babək Rayon Polis İdarəsinə deyil, Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, həmin vaxt ərizəsinin alınmadığını, evdən 700 manat pulun oğurlandığını, dəymiş zərərin ödənildiyini, oğlunun hərbi qulluqçu işlədiyini, birinci dəfə anası gilə getdiyi üçün evin qapısını bağlamadığını, lakin çöl qapını bağladığını, uzaq yerə getdiyi vaxt qapıların hər ikisini bağladığını, ərizə ilə polis idarəsinə 2024-cü ilin avqust ayında müraciət etdiyini, Əlinin oğlu Sunayla münasibətlərinin yaxşı olduğunu, Əlinin uşaqlıqdan onun evinə gəlib-getdiyini, həmçinin ailəvi münasibətlərinin olduğunu, onunla hər hansı ədavətləri olmadığını, əvvəl başqa birindən şübhələndiyini, lakin sonra oğlunun Əlinin bu işi gördüyünü ona dediyini, oğluna isə dostlarından birinin ona dediyini, lakin kim olduğunu demədiyini, evdən başqa nəsə oğurlanmadığını, həmin hadisədən sonra evin mühafizəsini normal şəkildə təşkil etdiyini, Əlinin ikinci dəfə evə girməsini müşahidə etmədiyini, dəymiş ziyanın ödəndiyini, təqsirləndirilən şəxs barəsində şikayətinin olmadığını qeyd etmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsin qonşusu olduğunu, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, zərərçəkmiş şəxsin isə anası olduğunu, əvvəlcədən Əlidən şübhələndiyini, bu səbəbdən də dayısı ilə birlikdə evdə gözlədiyini, həmin vaxt özünün mətbəxdə, dayısının isə otaqların birində gözlədiyini, evdə olduqlarını bilinməməsi üçün evin işıqlarını söndürdüklərini, bir neçə dəqiqə gözlədikdən sonra həyətdə səs eşitdiklərini, həmin vaxt darvaza qapısının açıldığını və səs gəldiyini, evin qapısını isə bilərəkdən açıq qoyduqlarını, həmin vaxt Əlinin telefonla danışa-danışa evə daxil olduğunu, telefonun işığını ora-bura salaraq otağa daxil olanda dayısının onu tutduğunu, bundan sonra polis idarəsinə zəng etdiklərini, evdən 700 manat pulun oğurlandığını, hadisənin 2024-cü ilin fevral ayında baş verdiyini, pulu yatdığı yatağın altında döşəyin alt hissəsinə qoyduğunu, pulu əməliyyyat olunacağından orada saxladığını və pulun anasına məxsus olduğunu, pulu 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs oğurlandığını bildiyini, bunu tutulan vaxt onun özünün etiraf etdiyini, həmin vaxt dayısı Manaf Məmmədovun orada olduğunu, Əlinin pulu qaytardığını, Əli evin yanında çox gəzdiyi üçün, həmçinin onun arxasınca danışdığını eşitdiyi üçün ondan şübhələndiyini, pulu yatdığı kravatın altında döşəyin alt hissəsinə qoyduğunu, pul oğurlandıqdan sonra evdə dağınıq hər hansı əşya görmədiyini, bəlkə də bilmədiyi əşyalarının yerinin dəyişdiyini, lakin əşyaların olduğu kimi qaldığını, Əli ilə sinif yoldaşı və qonşu olduqlarını, Əlinin onun arxasınca danışmasına qədər münasibətlərinin yaxşı olduğunu, həmin vaxtadək Əlinin həmişə qapının ağzından onu çağırdığını, Əlinin heç vaxt evə daxil olub onu çağırmadığını, küçə qapısıdan çağıranda səsi evdə eşitməyin mümkün olduğunu, əmək haqqı aldığı vaxtı Əliyə demədiyini, Əli ilə birbirlərinin evlərinə gediş-gəlişləri olduğunu, Əlinin əvvəllər də onun evinə girib-çıxdığını, ifadəsi yerində yoxlanılarkən orada iştirak etdiyini, Əlinin ikinci dəfə evə gəlməkdə məqsəsinin oğurluq etmək olduğunu, həmin vaxt Əlinin evə girəndə kimisə səsləmədiyini, onu və dayısını gördükdən sonra çağırmağa gəldiyini dediyini, həmin vaxt Əlinin tək olduğunu, özlərinin evdə olmadıqlarını görüntüsü yaratdıqlarını, evdə olmadıqları vaxt həyətin işığının yanılı, evin işıqlarının isə sönülü olduğunu, evdən 700 manat pul oğurlandığını, başqa heç nə oğurlanmadığını, pulun anasına məxsus olduğunu qeyd etmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində dostu Əlinin onu yeməyə dəvət etdiyini və hesabı onun ödədiyini, təqsirləndirilən şəxsi tanıdığını, onun həmkəndlisi olduğunu, uşaqlıqdan bir-birlərini tanıdıqlarını, hadisənin 2024-cü ilin fevral ayında baş verdiyini, həmin vaxt Əlinin zəng edərək onu Babək rayonu, Uzunoba gölünün yanında adını bilmədiyi restoranda yeməyə dəvət etdiyini və oraya getdiklərini, həmin vaxt orada onlardan başqa Aysel və Gülcanın da olduğunu, onları Əlinin oraya dəvət etdiyini, Əlinin həmin vaxt yemək üçün 450 manat hesab ödədiyini, ondan pulu haradan aldığını soruşmadığını, Əlinin başqa hara pul xərclədiyini və qızlara nəsə alıb-almadığını xatırlamadığını, orada yemək yeyib 1-2 saat sonra qalxdıqlarını, hadisənin detallarını çoxdan baş verdiyi üçün tam xatırlamadığını, Əlinin ona pul vermədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin vaxt Əlinin 450 manat pul xərclədiyini, lakin hara xərclədiyini tam xatırlamadığını, Əlinin Gülcana hədiyyə almasını xatırladığını, belə ki, ona böyük kukla aldığını, onun rəngini xatırlamadığını, Əlinin hədiyyəni orada Gülcana təqdim etdiyini, hədiyyənin insan boyunda olduğunu, Əlinin hədiyyəni haradan almasını və qiymətini ona demədiyini, sonda Hədiyyəni Əlinin özü ilə apardığını qeyd etmişdir. Şahid6 məhkəmədə verdiyi ifadəsində Cahan Ticarət Mərkəzində qızıl alveri ilə məşğul olduğunu, təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxslə heç bir qohumluğu, ədavəti və düşmənçiliyinin olmadığını, onları tanımadığını, özünün yalnız bir qadına pul verdiyini, sonradan həmin şəxsin təqsirləndirilən şəxsin anası olduğunu öyrəndiyini, həmin xanımın ondan 1800 manat pul götürüldüyünü, hadisənin 2024-cü ildə baş verdiyini, ilk dəfə oğlunun Türkiyə Respublikasında qaldığı üçün ona pul göndərəcəyini bildirdiyini, lakin ikinci dəfə pul götürəndə nə məqsədlə pul götürdüyünü demədiyini, polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikləri vaxt oğurluq hadisəsini öyrəndiyini, ondan pul götürən qadının Lalə Salayeva olduğunu, özünün lombarda pul verdiyini, verdiyi pulu rəsmiləşdirdiyini, sonuncu dəfə ümumilikdə 1800 manat pul verdiyini, onun 300 manatını qaytardığını, 1500 manat isə borcunun qaldığını, onun pulu götürdükdən 1 ay sonra 200 manat qaytardığını, sonuncu dəfə isə 2024-cü ilin oktyabr ayında 100 manat ödədiyini, təqsirləndirilən şəxsi tanımadığını, götürülən pula görə təqsirləndirilən şəxsin ona ödəniş etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayından tanıyırmış, həmin vaxtdan o, onunla sevgili olmuşdur. 2024-cü ilin fevral ayından isə aralarında mübahisə olduğu üçün onunla münasibəti kəsmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 2024-cü ilin fevral ayında Uzunoba gölünün yanında olan "Mehli" restoranında yeyib-içən zaman görmüşdür. xx.xx.2024-cü il tarixdə "Mehli" restoranında o, Əli, Əlinin dostu Səbuhi və rəfiqəsi Aysel olmuşdur. Həmin vaxtı Əlinin nə qədər pul xərclədiyini tam dəqiq bilməmiş, lakin həmin vaxt Əli ona barışmaq üçün kukla hədiyyə almışdır. Təqsirləndirilən şəxs ilə o, mübahisə edərək ayrılmışdır. Daha sonra isə Əlinin anası Lalə onlara gələrək həmin kuklanı ondan almışdır. Onun Təqsirləndirilən şəxs oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 2024-cü ilin fevral ayında bacısı Zərərçəkmiş şəxs evindən 700 manat pul oğurlanmışdır. Bu barədə bacısı Rəmziyyə ona dedikdən sonra onlar razılığa gəlmişdir ki, evi nəzarətdə saxlasınlar, oğurluq edən şəxs kimdirsə yenə evə gələcəkdir. Bundan sonra həftədə təxminən 2-3 dəfə o və bacısı oğlu Sunay birlikdə evin işıqlarını söndürüb evdə otururmuşdur ki, evdən oğurluq edən şəxs evdə heç kəsin olmadığını düşünüb yenə evə gəlsin. Həmin vaxtlarda isə bacısı və bacısı qızı onların Babək rayon Zeynəddin kəndində yerləşən evinə gedirmiş. xx.xx.2024-cü il tarixdə o, Sunayla birlikdə evdə olmuşdur. o, küçə qapısını bağlayıb evin qapısını qəsdən açıq qoymuşdur ki, kimsə gəlsə evə girə bilsin. Onlar Sunayla evdə gizlənmiş, bir neçə dəqiqə sonra evin qapısı açılmış, bir nəfər həyətə daxil olmuş, Sunayı səslədikdən sonra evə gələrək qapıdan içəri girmişdir. Bu zaman evin işqıları sönülü vəziyyətdə olmuş və Sunayla o, gizlənmişdir. Evə girən şəxs evə işqı salıb baxan zaman o, işıqları yandıraraq salona gəlmiş və həmin şəxsin bacısının qonşusu, Sunayın sinif yoldaşı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, bundan sonra bu barədə bacısı Rəmziyyəyə və polisə məlumat vermişdir. Polis əməkdaşları gələrək evə baxış keçirmiş və sonra Təqsirləndirilən şəxs polis idarəsinə aparmışdırlar. Təqsirləndirilən şəxs ilə arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs həmkəndli kimi uzun müddətdir ki, tanımışdır. Təqsirləndirilən şəxs əvvələr kənd ərazisində oğurluq edib-etmədiyini dəqiq bilməmiş, lakin bacısı Rəmziyyənin evindən 700 manat pulun oğurlanmasında bacısı Əlini şübhəli kimi görmüşdür. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs məxsus evdən 2024-cü ilin fevral ayında oğurladığı 700 manat pul elə bacısı Rəmziyyəyə məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs, Şahid4 Mayıs qızı, Şahid5 və o, Təqsirləndirilən şəxs təşkil elədiyi məclisə getmişdir. Məclisə getməklərinin səbəbi Təqsirləndirilən şəxs və Şahid4 Mayıs qızının bir-biriləri ilə barışmaqları olmuşdur. Məclis başladıqda oğlanlar spirtli içki qəbul etmiş, onlar isə spirtli içki qəbul etməmişdirlər. Məclis başladığdan sonra Şahid4 Mayıs qızı evlərinə getmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. Mübahisə etmələrinin səbəbi Təqsirləndirilən şəxs spirtli içki içdikdən sonra Şahid4 ilə düzgün rəftar edə bilməməsi olmuşdur. Təqsirləndirilən şəxs onu və Şahid5 kabinetdən çölə çıxardaraq Şahid4 ilə mübahisə etmişdir. Sonra o, Şahid4 ilə evə getmişdir. O, həmin gündən sonra Təqsirləndirilən şəxs heçbir yerdə görməmişdir. Dostu Şahid4 ilə Təqsirləndirilən şəxs əvəllər sevgili olmuş, sonradan ayrılmış və Təqsirləndirilən şəxs dostu ilə barışmaqdan yana o məclisi təşkil etmişdir. Təqsirləndirilən şəxs Şahid4 boz rəngli ayı kukla vermişdir. Sonra həmin kuklanı Şahid4 geri almışdır. Təqsirləndirilən şəxs həmin kuklanı və getdikləri məclisin pulunu hardan təşkil etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs evinə girərək 700 (yeddi yüz) manat pul oğurlaması barədə məlumatı olmamışdır. Uzunoba ailəvi istirahət mərkəzində olarkən Təqsirləndirilən şəxs nə qədər hesab verməsini bilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi tövsifedici əlamətlərlə oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə daxil olmaqla talama ilə bağlı cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs Babək rayon Zeynəddin kəndində yerləşən evindən sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs evdə olmadığı vaxtda evin qapısının açıq olduğunu bilib qapını açıb içəri qanunsuz daxil olaraq evin qonaq otağındakı televizorun altından 700 (yeddi yüz) manat pulu gizli şəkildə talayaraq oğurluq etmişdir. Sözügedən əməli ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli yolla talama cinayət əməlinin tərkibi vardır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 2024-cü ilin fevral ayında yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini gizli yolla əvəzsiz olaraq talamaqla oğurluq əməlini törətməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş kompakt disk və şahid ifadələri əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 21-ci bəndində göstərilmişdir ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, cinayət işi üzrə toplanmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, zərərəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgəsinin əmlakını gizli talaması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxsin təqsirli bilindiyi 177.2.3-cü maddəsin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-in 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, istintaq zamanı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, onunla həmkəndli və yaxın qonşuluq münasibətlərinin olması səbəbindən Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CMnin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Zeynəddin kəndində yerləşən fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixə qədər 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Babək rayonu Zeynəddin kəndində yerləşən yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar