Məhkəmə qərarları › İş №1(079)-2/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-2/2020

03.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(079)-2/2020 03.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin hüquq vasitələrlə müdafiəsini təmin edən səlahiyyətli nümayəndə X5 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Babək rayonu Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşaq atası, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, müvəqqəti işsiz, xx xxxxxxx 2020-ci il tаrixdən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 323.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 323.1.-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o 2020-ci ilin iyun ayından başlayaraq xx xxxxxxxx 2020-ci il tarixədək olan dövrdə müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və alçaldan çıxışlar edərək özünə məxsus Samsunq markalı telefonu ilə çıxışlarının video görüntülərini çəkmiş, həmin videoları internet informasiya ehtiyyatında “X10” adlanan “Facebook” profil səhifəsində yerləşdirməklə yaymış, videolara baxanlara paylaşmaları üçün müraciət etmiş və video görüntülər “Youtube” sosial şəbəkəsində paylaşılaraq qeyri məhdud şəxslər tərəfindən izlənilmişdir. Təqsirləndirilən şəxs videolarda etdiyi çıxışlarında Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirməklə internet informasiya ehtiyatında ləkələmiş və nalayiq formada qəsdən alçaltmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 10 il olar ki, hərdən Türkiyə Respublikasının müxtəlif bölgələrində Sakarya və İstanbul şəhərlərində hörgü işləri ilə məşğul olubdur, 4 il bundan əvvəl Türkiyədən Qahab kəndinə gəlibdir, kənd ərazisində olan zamanı ailə üzvlərinin küçəyə butulka atmasına görə sahə müvəkkili onu cərimə edibdir, bundan narazı qaldığını, ona görə hökümətlə prinsipə başlayıbdır, sonuncu dəfə bir il bundan əvvəl 2019-cu ilin noyabr ayında Türkiyəyə işləməyə gedibdir, Sakarya şəhərində evlərdə hörgü işi ilə məşğul olubdur, Sakaryada olanda ilk bir ay işsiz olubdur, evdən uşaqları zəng vurub pul göndərməsini istəyiblər, ailəsinə pul göndərə bilmədiyindən telefonla özünün Azərbaycan dövlətində uşaq pulunun bərpa olunması, pensiya yaşının 50 yaşa düşməsi, iş yerlərinin açılması və bütün azərbaycan xalqının iş yeri ilə təmin olunması tələbi ilə bağlı çıxışlarının videosunu çəkib “Facebook” sosial şəbəkəsində yerləşdiribdir, həmin videolarda hirslənib çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şərəf və ləyaqətini təhqir edib “Facebook” sosial şəbəkəsində yerləşdiribdir, profilində olan dostlarına sosial şəbəkələrdə “paylaşın” deyə müraciət edibdir, həmin videolarda “Azərbaycan Respublikasının Prezidenti şərəfsizdir, alçaqdır, narkomandır, qumarbazdır və.s” ifadələr işlədibdir, bundan başqa videoda “yetər İlham Əliyev istefa ver rədd ol get, səni mələdəcəyik, yuxarıda oturanın yəni İlham Əliyevin başı boş olmasaydı çoxdan Qarabağ məsələsini həll eləmişdik, İlham Əliyev kazinolarda qızlarla dans edəndə bizim böyük qardaşımız X11 namusumuzu qoruyurdu, əgər kimsə bunu qəbul etməsə o İlham Əliyevin tayı şərəfsizdir” dediyini, bu videoları çəkməkdə məqsədinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi söyüb təhqir etmək, şərəf və ləyaqətini ləkələmək və alçatmaq olubdur, elə fikirləşibdir ki, X12 videolarda söyüb təhqir edəcək, daha çox insanlar həmin videolara baxacaq, nəticədə X13 uşaq pulu verəcək, pensiyaları 50 yaşa yendirəcəkdir, sonra da milləti işlə təmin edəcəkdir, təxminən son 10 ayda bu cür qanunsuz hərəkətlərə yol veribdir, Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini alçatmaq məqsədilə videolar çəkib “Facebook” sosial şəbəkəsində “X10” hesabında yerləşdiribdir, lakin “Youtube” sosial şəbəkəsinə həmin videoları o yerləşdirməyibdir, həmin videoları kimlərin “Youtube” sosial şəbəsinə yerləşdirdiyini bilmir, xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycanda Qarabağın azad olunması uğrunda erməni işğalçılarına qarşı müharibə başlayanda nə qədər səhv etdiyini fikirləşdiyini, “gərək “Facebook” da belə videolar yerləşdirməyəydim” dediyini, müharibə başladığından xalqın bir olmağını fikirləşdiyini, xx xxxxxxx 2020-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində “orduya dəstək” aksiyası keçiriləcəyi zaman onun da həmin aksiyada iştirak etdiyini, həmin aksiyadan sonra orduya dəstək üçün sosial şəbəkələrdə çağırış etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına qayıtdığını, qayıtmaqda məqsədinin orudya yazılıb döyüşlərdə iştirak etmək olduğunu, indiyədək “Facebook” sosial şəbəkəsində olan hesabında təxminən 7-8 arası video yerləşdirdiyini, “Facebook” sosial şəbəkəsində profilinin “X10” adlandığını, hamının onu həmin profillə tanıdıqlarını, öz adını kənddə və hər yerdə Hikmət kimi çağırdıqlarını, uşaqlıqdan anasının onu Hikmət çağırdığına görə də hamının ona Hikmət dediyini, ona görə də sosial şəbəkədə adını Baba yazmadığını, faktiki adını yazmamağında heç bir məqsədinin olmadığını, videoda çıxışlarında “adım Babadır, Babək rayon Qahab kəndindənəm” qeyd etdiyini, adını Hikmət kimi göstərməkdə məqsədinin kim olduğunu gizlətmək olmadığını, videoları çəkib sosial şəbəkədə paylaşmağa heç kimin ona göstəriş vermədiyini, videolarda Azərbaycan Respublikası Prezidentinin hakimiyyətdən getməsi ilə bağlı bir sıra ifadələri işlətməkdə məqsədinin “bəlkə uşaq pulu verərlər, pensiya yaşı 50 yaşa endirilə və iş yerləri açıla mən də işlə təmin olunam” olduğunu, əməlindən səmimi peşimançılıq çəkdiyini, səhv edib X12 sosial şəbəkədə yeləşdirdiyi videolarda təhqir etdiyini, Prezidenti təhqir etmək olmaz onu dəstəkləmək lazım olduğunu inid başa düşdüyünü, tutduğu əməldən peşiman olduğunu, ilk dəfə cinayət törətməsini, həmin cinayət əməlini də bilməyərək törətdiyini, onun öhdəsində iki azyaşlı uşağın olduğunu bildirərək məhkəmədən ona cəza təyin edilərkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, tam yadında deyil “Facebook” sosial şəbəkəsində videosunda 7-8 dəfə Dövlət başçısı haqqında “alçaq və şərəfsiz” ifadələrini işlədibdir, “Yetim Hikmət” onun “Facebook” sosial şəbəkəsində olan adıdır, videolarda o öz adının Baba olduğunu deyibdir, əsl adını o heç vaxt gizlətməyibdir, hardasa 4 il bundan əvvəl kənddə olarkən sahə müvəkkili onu 200 manat cərimələyibdir, həmin vaxt sahə müvəkkili ilə mübahisəsi olduğu üçün prinsipə düşüb bu hərəkətləri edibdir, onun cərimələnməsi ilə əlaqədar ölkə başçısına müraciət etməyibdir, savadsızlığından bu vəziyyətə gəlib çıxıbdır, sosial şəbəkələrdə bu cür videoların yayması üçün ona heç kim təsir etməyibdir, o siyasətçi deyil və heç bir siyasi partiyanın üzvü də deyil, əməlindən çox peşmandır, səhv edibdir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid2 ifadəsində bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun oğludur, onun 11 uşağı vardır, SSRİ dövründə Qəhrəman ana medalı alıbdır, hazırda təqaüdçüdü, oğlu Təqsirləndirilən şəxs təxminən bir il olar ki, Türkiyə Respublikasına işləməyə gedibdir, Türkiyə Respublikasında fəhləlik edibdir, hər ay 200 manat bəzən isə 300 manat evə pul göndərib, o da Babanın uşaqlarını arvadını həmin pulla saxlayıbdır, Babanın arvadı işləmir, Baba Türkiyədə olanda qardaşı Savalanın oğlu Pərviz ona internetdə Babanın çıxış elədiyi videoları gətirib göstərib “nənə bax gör Baba nə danışır” dediyini, həmin videolara baxıb və Babanın həmin videolarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi söydüyünü, haqqında təhqiramiz ifadələr işlətdiyini görübdür, Pərvizin telefonu ilə görüntülü olaraq Baba ilə danışıb, ona “Allah sənin bəlanı versin, Prezident sənə nə edib, onu niyə söyürsən, təhqir edirsən, İlham Əliyevin dərdi sənin ürəyinə tökülsün, İlham Əliyev səni iş başına qoyacaq, Sənin xaxnan nə işin qalıb” dediyini, Baba isə ona cavabında “nə deyirəm ki”, deyibdir, o isə Babaya “videolara baxmışam. Ta nə deməmisən. Ölüb yerə soxulmuşam. Dedim səni tutarlar. İncidərlər. Adam hökumətin haqqında belə danışmaz” sonra Baba and içibdir ki, bir daha danışmayacaqdır. Sonra yenə eşidibdir ki, Baba yenə X12 videoda söyüb sosial şəbəkələrdə paylaşıbdır. Kənddə qohum-qəblə və camaat ona “ay Elmira xala ayıb dəyil bu nə hərəkətdir, oğlun edir, oğlun Baba internetdə videolarda X12 söyüb təhqir edir, şərəfini alçaldan ifadələr işlədir” deyiblər. O da Baba ilə Whatsapp vasitəsilə görüntülü zəng vurub ağlayıraq, Babaya “ay bala əl çək bu işdən” deyibdir. 2-3 ay bundan əvvəl oğlu Babaya yenə görüntülü zəng vurub yenə yalvarıbdır ki, belə ifadələr işlətməsin, belə hərəkətlər etməsin. Həmin vaxt Baba telefonu veribdir Türkiyə Respublikasında onunla bir yerdə işləyən həmkəndliləri Qulamhüseynə və o Qulamhüseynə ağlaya-ağlaya “Qulamhüseyn Babaya de Prezidentdən əl çəksin, onu niyə söyür. O nə günahın sahibidir. Prezidenti söyməsin” deyibdir, Baba da telefonu ondan alıb “ana mənə de da niyə xaxa deyirsən” cavab deyibdir, o da Babaya “bala söz deyirəm eşitmirsən”, sonra Qulamhüseyn ona “and olsun Allaha Babaya deyirik belə videolar paylaşma, Prezidenti söymə, amma xeyri olmur” bildiribdir, sonda şahid E. Mirzəliyeva oğlu Babanın artıq səhvini başa düşdüyünü, bir daha Prezidenti təhqir etməyəcəyini, belə videolar çəkməyəcəyini və paylaşmayacağını, onun 2 azyaşlı qızı olduğunu, dövlətimizin onu bağışlamasını xahiş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid2 bildirdi ki, oğlu Babanın videolarına bir neçə dəfə baxmışdır və oğlunun həmin videolarda prezidenti təhqir etdiyini görüb oğluna bu hərəkətlərə son qoymasını istəyibdir, hətta onu oğulluqdan çıxaracağını deyibdir, oğlu ayıb iş görübdür, oğlu Baba anadan olanda ata babasının adını uşağa qoyduğunu, yəni adını Baba qoyduğunu, özünündə də qardaşının adının Baba olduğundan o oğlunu Hikmət deyə çağırıbdır. Camaat da oğlunu həmişə Hikmət adı ilə çağırıbdır, ona görə də oğlunu Hikmət deyə çağırırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Rövşən qızı ifadəsində X8 ilə 2006-cı ildə ailə qurduğunu, onların bu evlilikdən iki qız övladının olduğunu, əri Baba Mirzəlizdənin fəhləliklə məşğul olduğunu, Qahab kəndində iş olmayan vaxtlarda gedib Türkiyə Respublikasında işlədiyini, axırıncı dəfə Babanın təxminən 1 il bundan əvvəl Türkiyə Respublikasına işləməyə getdiyini, orada Sakaryada Sapançada fəhləlik etdiyini, ayda 200 manat, bəzən isə 300 manat evə pul göndərdiyini, uşaqlarını həmin pulla saxladığını, heç yerdə işləmədiyini, təxmiən sentyabr ayının axırında Baba ilə Whatsapp vasitəsilə telefonla danışdığını, Babanın oktyabr ayının 9-u 10-u arası gələcəyini dediyini, nə üçün gəldiyini soruşduğunu, Babanın cavabında “Azərbaycanda müharibədir. Mən burda qala bilmirəm. Gəlib müharibəyə gedəcəm” dediyini, Baba Türkiyə Respublikasında olanda qardaşı Əli və digər qohumlarının ona Babanın “Facebook”da video paylaşdığını, həmin videolarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi söydüyünü dediklərini, qardaşının telefonunda Babanın paylaşdığı videoları ona göstərmək istəyəndə narahat olduğundan baxa bilmədiyini, hətta Babanın facebookda paylaşdığı videolara görə anası Nəzakətin ona “qızım boşan, gəl yanımıza” dediyini, Baba ilə telefonda danışanda “belə işlər görmə, Prezidenti söymə, qoy evimizdə rahat oturaq, belə etsən boşanacağam” dediyini, Baba ilə hər dəfə telefonda danışanda ona belə videolar çəkməsin deyə yalvardığını, telefonda çox vaxt savaşdıqlarını, Babanın hər dəfə daha video çəkib paylaşmayacağam dediyini, ancaq sonra yenə facebookda video paylaşıb, prezidenti təhqir etdiyini eşitdiyini, Babanın qanmayıb bu hərəkəti etdiyini, O Prezident qarşısında həm öz əvəzindən, həm də ərinin əvəzindən Prezidentdən üzr istədiyini, onların iki azyaşlı uşaqlarının olduğunu, özünün işsiz olduğunu, təkbaşına uşaqları saxlamaqda çətinlik çəkdiyini, uşaqlarına görə ərinin bağışlanmasını xahiş etdiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 bildirdi ki, qardaşı Əli Babanın videosunu ona göstəribdir o da baxıbdır, həmin videoda Baba Prezidenti təhqir etdiyi üçün o bir daha həmin videolara baxmayıbdır, Baba ilə telefonla danışan zaman belə hərəkətləri yığışdırmasını deyibdir, hətta ona əgər belə hərəkətlərə davam edərsə ondan boşanacağını da deyibdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində Babək rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işlədiyini, xidməti ilə bağlı internet informasiya ehtiyyatlarında sosial şəbəkələrə baxanda “Facebook” sosial şəbəkəsində bir videonun diqqətini cəlb etdiyini, həmin videoya baxdığını, videonun “X10” adlı şəxsin profil səhifəsində olduğunu, həmin videolarda Hikmət adlı şəxsin Azərbaycan Respublikasının Prezidentini söyüb təhqir etdiyini, videolarda Babək rayon Qahab kəndindən olduğunu və adının Baba, familiyasının isə Mirzəlizadə olduğunu, Babək rayon Qahab kəndində yaşadığını bildirirdiyini, ona görə də raportla şöbə rəisinə məruzə etdiyini, videoları internetdən endirib tədbir görülməsi üçün şöbə rəisinə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş Babək rayon Qahab kənd X14 Üzrə X1 şahid qismində dindirilmə protokolundan görünür ki, Babək rayon Qahab kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıdığını, onunla qohumluğu və hər hansı formada ədavətinin olmadığını, Babanın kənddə olduğu müddətdə şəxsi evlərdə usta işlədiyini, suvaq çəkməklə məşğul olduğunu, onu kənddə “Hikmət” deyə çağırdıqlarını, onu kənddə hamının “Hikmət” kimi tanıdığını, onun qohumları və ailəsi ilə səmimi münasibətdə olduğunu, ailəsinə qazanc qazanıb gətirib, ailəsini saxladığını, Təqsirləndirilən şəxs çox vaxt Türkiyəyə işləməyə gedib orada qaldığını, sonuncu dəfə bir il bundan əvvəl Babanın Türkiyə Respublikasına getdiyini, bir neçə ay bundan əvvəl Təqsirləndirilən şəxs yəni “Hikmətin” sosial şəbəkədə video çəkib paylaşdığını, videolarda Azərbaycan Respublikası Prezidentini söydüyünü eşitdiyini, ona görə kənddə yaşayan qardaşlarının ona zəng edib irad tutduqlarını, “Prezidenti söymə” dediklərini, buna görə də qardaşlarından küsdüyünü, həmin videolara baxmadığını, Babanın sosial şəbəkələrdə paylaşdığı videolarda Azərbaycan Respublikası Prezidentini söyüb təhqir etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri və şahid ifadələri, xx xxxxxxx 2020-ci il tarixdə şəxsi axtarış haqqında tərtib edilmiş protokolla, AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, dil və ədəbiyyat İnstitutunun mütəxəssisinin xx xxxxxxx 2020-ci il tarixli rəyi ilə və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. Naxçıvan Muxtar Respublikası DİN Təşkilat-İnspeksiya İdarəsinin ƏSİB-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Babək rayon Qahab kənd X14 üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla Qahab kəndində yaşamaqla qonşuları və ailəsi ilə səmimi münasibət saxlayır və kənd camaatı ilə yaxşı münasibətdədir, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, dil və ədəbiyyat İnstitutunun direktoru dilçi alim X6 xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs videolarda X13 haqqında işlətdiyi ifadələr prezidentin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və alçaldan ifadələrdir, eyni zamanda həmin ifadələr təhqir hesab edilir, dilçilik elmində həmin ifadələr arqo, jarqon sözləri adlanır və insanın şəxsiyyətini, mənəviyyatını təhqir edən, alçaldan sözlər sayılması hesab edilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, dindirilmiş şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1-ci maddəsi ilə yəni Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma maddəsi ilə tövsif etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli «böyük ictimai təhlükə törətməyən» cinayət olmaqla idarəetmə qaydası əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini - törədilmiş cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşıdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olmasını, əməlini tam etiraf edərək peşimançılıq çəkməsini, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1-ci maddəsinin sanksiyasında cəza növü kimi iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə bu cəzaya şərti məhkum edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyula bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Babək rayonu, Qahab kəndində yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20.maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələnin müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək, “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan 1 (bir) ədəd Samsung J2 model, İMEİ **********03937 kodu olan mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 1 (bir) ədəd flaşkart cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2016-cı il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 27-ci bəndində iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə xx xxxxx 2008-ci il tarixli, “X2rşı”iş üzrə xx xxxxxxx 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan 1 (bir) ədəd Samsung J2 model, İMEİ **********03937 kodu olan mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 1 (bir) ədəd flaşkart cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar