Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-2/2024 19.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, subay, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, 03 oktyabr 2023-cü il tarixli qərarla barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 04 noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat Zərərçəkmiş şəxs Babək Rayon Nehrəm qəsəbəsindəki evinin zirzəmisinə qanunsuz daxil olub, oradan 68 bağlamda ümumi qiyməti 1625,8 manat olan bəzəkli daşları, 1 ədədi 7 manat olmaqla 4 ədədinin ümumi dəyəri 28 manat olan 60 litrlik plastik su bidonu, 1 ədədi 5 manat olmaqla 7 ədədinin ümumi dəyəri 35 manat olan plastik stulu, 1 ədədi 10 manat olmaqla 5 ədədinin ümumi dəyəri 50 manat olan alüminium aşsuzəni, 1 ədədi 40 manat olmaqla 2 ədədinin ümumi dəyəri 80 manat olan 30 litrlik çuğun su bidonunu, 1 ədədi 30 manat olmaqla 3 ədədinin ümumi dəyəri 90 manat olan 12 litrlik alüminium qazanı, 1 ədədi 20 manat olmaqla 2 ədədinin ümumi dəyəri 40 manat olan alüminium ləyəni, 1 ədədi 5 manat olmaqla 22 ədədinin ümumi dəyəri 110 manat olan plastik stulu, 1 ədədi 7 manat olmaqla 5 ədədinin ümumi dəyəri 35 manat olan 60 litrlik plastik bidonu, 1 ədədi 120 manat dəyərində dəmir darvazanın 1,20x2 metr ölçüdə tağı, 1 ədəd 80 manat dəyərində 90x180 sm ölçüdə dəmir qapı, 1 ədədi 35 manat olmaqla 2 ədədinin ümumi dəyəri 70 manat 25 litrlik qazanı, 1 dəst 70 manat dəyərində avtomobil üçün açar dəstini, 30 manat dəyərində 100 kq metalı, 1 metri 1 manat olmaqla 2400 metrinin ümumi dəyəri 2400 manat olan alüminium elektrik naqilini, 1 ədəd 80 manat dəyərində su nasosunu gizli olaraq talamaqla zərərəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4943,8 (dörd min doqquz yüz qırx üç manat səksən qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək zərərçəkmiş şəxsin kirvəsi və qohumu olduğunu, onların həyətinə nəzarət etdiklərini, həyətdə ağacların budanması, suvarılması, meyvələrin yğılmasını həyata keçirdiklərini, evin yox, sadəcə həyət qapısının açarının onlarda olduğunu, həyətin açarının da anasına verildiyini, təxminən 8 ay bundan əvvəl dəqiq xatırlamadığı tarixdə evdən açarı anasından xəbərsiz olaraq götürüb Səriyəgilin həyətinə girdiyini, həmin vaxt anasının da evdə olduğunu, lakin açarı götürdüyündən xəbərinin olmadığını, kafellərin evin qarajında olduğunu, həmin vaxt qarajın pəncərəsinin açıq olmaqla şüşəsinin olmadığını, pəncərədən daxil olub plastik stolları, su qablarını, kafel və dəmirləri götürdüyünü, ilk olaraq kafelləri götürdüyünü, 30 qutu kafel bağlamı olduğunu, lakin qutuların içində kafellərin tam olmadığını, daha sonra stulları və su bidonlarını götürüb küçə qapısının içəri hissəsinə yığdığını, oradan isə yolda heç kimin olmadığından əmin olduqdan sonra evin arxasına daşıdığını, 22-23 ədəd plastik stul olduğunu, rənglərinin fərqli ağ və çəhrayı olduğunu, su bidonlarının isə 20 litrlik 5-6 ədəd olduğunu, taksiyə zəng edib plastik stulları yığıb stulların birini 2 manat 50 qəpikdən 30 manata, su bidonlarını 15 manata, həmçinin biri 5 manat olmaqla maşın təkərlərini açmaq üçün 5-6 ədəd açarı 15 manata bibioğlusu Bayrama satdığını, kafelləri isə Amin adlı şəxsin taksisinə yükləyib onunla birlikdə Naxçıvan şəhərində dəmir alqı-satqısı ilə məşğul olan Elməddin adlı şəxsə satdığını, kafellərin hamısını birlikdə 250-300 manat pul qarşılığında satdığını, belə ki, kafellərin hamısının çürüdüyünü, onların bazar qiyməti barədə məlumatının olmadığını, pul əldə etmək üçün qiymətini düşünmədən satdığını, stolları və plastik su qablarını isə bibioğlusu Bayrama satdığını, dəmir hissələrini də şəhərdə Elməddinə satdığını, həmin dəmirin 55 kiloluq köhnə dəmir materialdan ibarət olduğunu, qab-qacaq olaraq alüminium süzgəc, çaydan, qazan-qasturkadan 20 kq alüminiumu isə Vilayət adlı şəxsə cəmi 70 manata satdığını, qapı deyilən 50 kiloqramlıq dəmirin ortasının olmadığını, onunla birlikdə dəmirin 100 kq olduğunu, işlək vəziyyətdə olmayan su nasosunun da həmin dəmirin içində olduğunu, 40 kiloqramının isə dəmir qırıntıları olduğunu, kabeli ümumilikdə kilosu 1 manatdan olmaqla 170 manata içindəki simi çıxarıb əzib satdığını, ümumilikdə 600 manata yaxın qazanc əldə etdiyini, bunu alıcıların da təsdiq edə biləcəyini, həmin malların oğurluq olmasını alıcıların bilmədiyini, onlara çoxdan həmin malların özündə olduğunu bildirdiyini, malların hamısını 2 dəfəyə götürdüyünü, hər dəfəsində yarım saat çəkdiyini, 1-ci dəfə kafelləri, su bidonlarını və stolları, 2-ci dəfə isə dəmirləri götürdüyünü, padvalın içində olan bağlı qapını açıb dəmir əşyaları isə oradan götürdüyünü, bunu 2 gün ard-arda olmaqla etdiyini, heç kimin köməyindən istifadə etmədiyini, həmin əşyaların orada olduğunu uzun müddətdir bildiyini, belə ki, 10 ilə yaxındır həmin həyətə nəzarət etdiklərini, ev yiyəsinin hər il Naxçıvana gəlib 5-10 gün qaldıqdan sonra yenidən Bakıya qayıtdıqlarını, “Azpulmanat” lotereya programına 320 manat borcunun olduğunu, həmçinin krediti və əldən də başqa şəxslərə borclu olduğunu, əldə etdiyi puldan ümumilikdə borclarına 520 manat verdiyini, 200 manat kəndlisinə, 320 manat isə “Azpulmanat”a ödədiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bildirmiş, barəsində yüngül cəzanın seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutan məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olduğunu və Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yaşadığını, təxminən 15 ilə yaxındır ki Babək Rayon Nehrəm qəsəbəsində yerləşən evlərindən köçüb Bakı şəhərində yaşadıqlarını, yay aylarında, toy və yas mərasimlərinə gələn zaman Nehrəm qəsəbəsində yerləşən evlərində qaldıqlarını, həmin həyətə baxması üçün həyət qapısının açarını kirvəsi olan mərhum X5 arvadı X7 verdiyini, lakin evin digər bağlı olan yerlərinin açarlarını özündə saxladığını, xx.xx.2023-cü il tarixdə nəvəsi X3 Nehrəm kəndindəki evinə gedərkən həyətin qarajının pəncərəsinin qırıq olduğunu və oraya yığdıqları təxmınən 30 qutu ölçülərini və sayını bilmədiyi mozaik daşlarının, 30 ədəd plastik oturacaq stulunun, maşın üçün olan müxtəlif ölçüdə açar dəstinin, maşın üçün olan dəmir hissələrinin, 3 top olmaqla ümumilikdə 2400 metr alüminium elektrik naqilinin, 5 ədəd 20 litr tutumu olan plastik bidonun və həyətdə olan böyük dəmir darvazanın bir tağının yerində olmadığını ona telefonla dediyini, sonra Bəhmanın həyətdə olan hamamdan 1 ədəd su nasosunun, təndirdən isə 90x180 ölçüdə olan dəmir qapının oğurlandığını da dediyini, xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Nehrəm qəsəbəsinə gəldiyini və evin zirzəmisinə girən zaman orada olan 5 ədəd aluminumdan olan aşsüzənin, 2 ədəd 30 litr tutumu olan çuğun materialdan su bidonunun, 3 ədəd 12 litr tutumu olan aluminum qasturkanın yerində olmadığını gördüyün, sonra zirzəminin içərisində digər tərəfdə olan qapısı qıfılla bağlanmış otaqdan isə 2 ədəd aluminum ləyənin və 2 ədəd 25 litr tutumu olan qazanın da oğurlandığını gördüyünü və bu barədə polisə müraciət etdiyini, əlavə olaraq evin həyətinin açarını təxminən 15 ilə yaxındır ki, kirvəsi mərhum Burcəlinin arvadı Həkiməyə həyətə baxması üçün verdiyini, evin zirzəmisinin və qarajın qapı və pəncərələrinin bağlı olduğunu, nəvəsi Bəhmanın həyətə gedərkən qarajın qapısının bağlı olduğunu lakin pəncərəsinin açıldığını və orada olan əşyaların oğurlandığın görüb ona dediyini, evə gələndə isə zirzəminin qapısının kilitli olduğunu və pəncərənin şüşəsinin çıxarıldığını gördüyünü, içəri girdikdən sonra digər bağlı otağın isə qıfılının zorla qırıldığını gördüyünü, evin 2-ci mərtəbəsinə giriş olmadığını, oradan heç nə oğurlanmadığını, həyətin açarını Həkimədən başqa heç kimə vermədiyini, əvvəlcədən evdə bu cür oğurluq halları olmadığını, oğurlanan əşyaları bağlı yerlərə yığdığına görə onların yerini ailə üzvlərindən başqa heç kimin bilmədiyini, oğurluq etməkdə şübhələndiyi hər hansı şəxsin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs istintaq gedişində verdiyi əlavə ifadəsində 2 ədəd 25 lt tutumu olan qazanın bir ədədinin 35 manat olduğunu, 1 dəst avtomobil üçün müxtəlif ölçülü açar dəstinin 70 manat olduğunu, 100 kq avtomobil üçün metal hissələrin 30 manat olduğunu, 2400 metrlik aliminium elektrik naqilinin ümumi qiymətinin 2400 manat olduğunu, bir ədəd su nasosunun 80 manat olduğunu, ümumilikdə isə 2650 manat olmasını, Naxçıvan MR ƏN Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 883 saylı rəydə qeyd olunan əşyalara əsasən dəymiş ziyanın 2293,8 manat olduğu göstərilmsi ilə razılaşdığını, heç bir etirazının olmadığını, evindən oğurlanmış əşyaların ümumi dəyərinin 4943,8 manat olması ilə razı olduğunu, əvvəlki ifadəsində evindən oğurlanan əşyaların ümumi dəyərini dəqiq bilmədiyi üçün 10.000 manat bildirdiyini və ona dəymiş ziyanın 4943,8 manat hesablanmasına etiraz etmədiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bələdiyyəyə məxsus torpaq sahəsindən dəmir-alqı satqısı üçün icarə hüququ əsasında istifadə etdiyini, sahibkarı başqa şəxs olsa da alqı-satqını özünün həyata keçirdiyini, təqsriləndirilən şəxsin 2023-cü ilin mart-aprel aylarında Bayram adlı əvvəllər də ona 1.2 dəfə mal gətirən şəxslə gəldiyini, ona bir qutusu 4 manat və 4.50 manat olmaqla mərmər satdığını, iki dəfəsində də maşınla gəldiyini, daşı gələcəkdə evdə işlətmək üçün aldığını, lakin evin tikintisini başa çatdırmadığı üçün mərmərləri olduğu kimi saxladığını, həmin daşların qutusunun bazar qiymətinin 7-8 manat olduğu halda 4 manata təklif etdiyi üçün aldığını, daşların nə üçün ucuz qiymətə satıldığını soruşanda kirvələrinin verdiyini dediyini, onların oğurluq olmasını bilmədiyini, gün ərzində gələn əşyaların haradan gəlməsini soruşmadığını, hər gün ayrı-ayrı adamların əsasən yararsız hala salınmış əşya gətirdiyini, sağlam əşya gələndə isə haradan gəldiyini soruşduqlarını, cəmi 30 qutu kafel aldığını, ucuz aldığından hər qutuda nə qədər olduğunu saymadığını, amma qutuların əskik olduğunun göründüyünü, sadəcə kənara qoyduğunu, bəzi qutuların ağzının açıq olduğunu, Canpoladdan dəmir də aldığını, kafel yoxsa dəmirin daha əvvəl alındığını xatırlamadığını, Canpoladın ilk dəfə ona satılıq əşya gətirdiyini, daha sonra polislərin gəlib daxil olmaq üçün icazə aldıqdan sonra anbara baxış keçirdiyini, kafellərin isə oradan götürüldüyün, Canpolada verdiyi 300 manatın ona qaytarıldığını bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində fərdi qaydada aluminium məişət əşyalarının alqı-satqısı ilə məğul olduğunu, Canpoladın ona aluminium əşyalar satdığını, lakin elektrik naqili satmadığını, sadəcə olaraq elektrik naqillərinin içindən çıxan aliminium əzilmiş sim satdığını, ibtidai istintaqa verdiyi ifadəsinii təsdiq etdiyini, bu kimi halların qarşısının alınması məqsədilə həyətdə kamera quraşdırdığını, lakin malların oğurluq olmasını hiss etmədiyini, Canpoladdan tam olaraq nə qədər əşya aldığını xatırlamadığını, hamısını ümumi olaraq çəkib 45 manat pul verdiyini, evinə baxış keçirildiyini, daha sonra Canpoladdan aldığı malların oğurluq olduğunu bilib təhvil verdiyini bildirmişdir. Şahid2 Muxtar oğlu ifadəsində Canpoladın həmkəndlisi olduğunu, onu taksi kimi çağırıb kafel və dəmir olduğunu və şəhərə aparıb satacağını dediyini, gəlib Canpoladı Naxçıvan şəhərinə aparıb bunun qarşılığında əşyaları satıb qayıtdıqdan sonra 12 manat pul aldığını, Canpoladla səyyari qarpız satışı ilə məğul olduğundan çoxdan ünsiyyətdə olduqlarını, həyətə öz maşını ilə gedib kafelləri maşına yığdıqlarını, təxminən 10-12 ədəd balaca kafel qutuları olduğunu, əlavə aluminium də olduğunu, hamısının naqil olduğunu, maşına yanmış sim və daşdan başqa heç nə yığılmadığını, simin 20 kq ola biləcəyini, onları aparıb əvvəllər dəmir apardığı Elməddin adlı şəxsə verdiklərini, satış zamanı orada olmadığından nə qədər pul verdiyini bilmədiyini, pulu Canpoladın alıb ona 12 manat verdiyini bildirmişdir. Şahid1 Elburus oğlu şahid kimi məhkəmə iclasında verdiyi ifadəsində Babək rayonu Nehrəm qəsəbəsində yaşayıb qarpız satışı ilə məşğul olduğunu, 2023-cü ilin aprelində evdə yemək yediyi vaxt Canpoladın zəng edərək “maşınla gəl yer var ora gedək gələk” dediyini, maşınla Canpoladgilin Nehrəmdəki evinə getdiyini, həmin vaxt özünün də dəmir alveri ilə məşğul olduğunu, onu çağırma səbəbini soruşanda evdə kafel olduğunu və “Danyeri” marketin arxasında olan tanış adama aparıb satacağını və ona taksi pulu verəcəyini bildirdiyini, 7-8 ədəd qutu kafeli maşına yığıb birlikdə oraya getdiklərini, “Danyeri” marketin arxasındakı adamla razılaşma olmadığından Naxçvan şəhəri Xətai məhəlləsində dəmir alveri ilə məşğul olan Elməddinin yanına getdiklərini, kafelleri ona satdığını, Elməddinlə qiymət barəsində danışıb qutusunu 4 manata razılaşdıqlarını, Canpoladın təxminən 70-80 manat pul aldığını, təxminən 1 həftə sonra Canpoladın plastik stul satdığını dediyini, hardan aldığını soruşduqda Bacısıgilin olduğunu və satmaq üçün verdiklərini dediyini, almağa razılaşdıqdan 3-4 gün sonra Canpoladın dediyi stulları əlində yaşadığı evə gətirib 14-15 ədəd stulun birini 3 manatdan 45 manat verib aldığını, 3-4 gün sonra Canpoladın yenə zəng edərək stul və 5 ədəd 60 litr tutumu olan plastik bidon olduğunu dediyini, 7-8 ədəd stulu gətirdiyini, plastik bidonları isə gətirə bilmədiyini deyib sonra da maşınla apar dediyini, stullara görə 24 manat, bidonlara isə 15 manat, ümumilikdə 39 manat pul verdiyini, axşamüstü Canpoladgidən 5 ədəd bidonu maşına qoyub evə apardığını, 3-4 gün sonra ailəsi razı olmadığı üçün Canpoladı çağırıb stulları qaytarmaq istədiyini dediyini, 15 ədəd stulun pulunu verib üstündə pul olmadığına görə qalan 7-8 ədəd stulun pulunu gətirib verib götürəcəyini dediyini, sonra xəbər çıxmadığı üçün stulların onlarda qaldığını, Təxminən 20 gün sonra da 4 ədəd dəmir, maşın təmir etmək üçün açar və 1 ədəd də 4 başlı maşının təkər açarını 7-8 manata satdığını, Canpoladın satdığı stulları, bidonları və açarları hardan aldığını soruşduğunu, Canpoladın stulların bacısıgilin olduğunu və probleminin olmadığını, bidonların isə özünə məxsus olduğunu bildirdiyini, evə avqsutda baxış keçirildiyini, iş materiallarında olan şəkildə çəkilən stullar bir qsminin öz evlərinin olduğunu, Canpolada aidiyyətinin olmadığını, baxış zamanı onlarda 6 çəhrayı və 2 ağ stul qaldığını, su bidonlarının 2-si bostanda olduğu üçün şəkillərdə düşmədiyini bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı 30 qutu müxtəlif ölçülü mozaik daşları Naxçıvan şəhər Xətai məhəlləsində yerləşən dəmir alqı satqısı ilə məşğul olan Şahid3 satdığı müəyyən edildiyindən, Şahid3 təqdim etdiyi 30 qutu mozaik daşlar və 7 ədəd plastik oturacaq stulu və 4 ədəd 60 litr su tutumu olan plastik su bidonu cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Babək Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmaya verilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 04 oktyabr 2023-cü il tarixli 883 saylı ekspert rəyində 68 qutu müxtəlif ölçülü bəzək daşlarının orta bazar qiymətinin 1625,80 manat, 4 ədəd 60 litr tutumu olan plastik bidonun orta bazar qiymətinin 28 manat, 7 ədəd plastik oturacaq stulunun orta bazar qiyməti 35 manat olduğu, əlavə olaraq nəzəri qaydada hesablanmış 5 ədəd alüminium aşsüzənin orta bazar qiymətinin 50 manat, 2 ədəd 30 litr su tutumlu çuğun su bidonunun orta bazar qiymətinin 80 manat, 3 ədəd 12 litr su tutumlu alüminium qazanın orta bazar qiymətinin 90 manat, 2 ədəd alüminium ləyənin orta bazar qiymətinin 40 manat, 22 ədəd plastik oturacaq stulunun orta bazar qiymətinin 110 manat, 5 ədəd 60 litr su tutumu olan plastik bidonun orta bazar qiymətinin 35 manat, 1,20x2,00 ölçüdə dəmir darvazanın tağının orta bazar qiymətinin 120 manat, 90x180 ölçüdə dəmir qapının orta bazar qiymətinin 80 manat olduğu müəyyən edilərək ümumilikdə 605 manat olduğu göstərilmiş, 2 ədəd 25 litr tutumu olan qazanın, 1 dəst maşın üçün müxtəlif ölçülü açar dəstinin, 100 kg maşın üçün dəmir hissələrinin, 3 top olmaqla ümumilikdə 2400 metr alüminium elektrik naqilinin və 1 ədəd su nasosunun haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmənin aparılması mümkün olmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi tövsifedici əlamətlərlə oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə daxil olmaqla talama ilə bağlı cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Babək Rayon Nehrəm qəsəbəsindəki evinin zirzəmisinə qanunsuz daxil olub, oradan müxtəlif növdən olan əmlakları gizli olaraq talamaqla zərərəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4943,8 (dörd min doqquz yüz qırx üç manat səksən qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Sözügedən əməli ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli yolla talama cinayət əməlinin tərkibi vardır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 2023-cü ilin aprel ayında saxlanc yeri olan evin zirzəmisinə qanunsuz daxil olmaqla zərərəkmiş Səriyyə Əlizadəyə məxsus ümumilikdə 4943,8 (dörd min doqquz yüz qırx üç manat səksən qəpik) manat dəyəri olan müxtəlif adda əşyaları gizli yolla əvəzsiz olaraq talamaqla oğurluq əməlini törətməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, axtarış və götürmə haqqında və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollar və şahid ifadələri əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 21-ci bəndində göstərilmişdir ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Təqsirləndirilən şəxs onun anasına hüquqamüvafiq qaydada baxılıb nəzarət edilməsi məqsədilə verilmiş zərərçəkmiş şəxsə məxsus yaşayış evinin həmin şəxslərə giriş icazəsi verilməyən, mühafizə olunan saxlanc yeri olan, maddi nemətlərin saxlanması üçün nəzərdə tutulmuş zirzəmisinə mülkiyyətçinin icazəsi olmadan daxil olmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə ifadəsi elan edilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də “Məhkəmə-Əmtəəşünaslıq Ekspertizası”nın 04 oktyabr 2023-cü il tarixli 883 saylı rəyi və işdə olan müvafiq axtarış və götürmə haqqında, həmçinin şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollar və ekspert rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgəsinin əmlakını gizli talaması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxsin təqsirli bilindiyi 177.2.3-cü maddəsin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-in 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, istintaq zamanı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və buna görə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Cinayət məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə isə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin olunmuş və şəxsin barəsində seçilmiş 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin müddətinin sonunadək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmçinin Babək Rayon Məhkəməsinin xx.xx.2023-ü il tarixli təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər cinayət prosessual qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə, xx.xx.2023-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 163.4-cü maddəsində göstərilir ki, ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və s. daxildir. Cinayət Prosessual Məcəlləsinin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında ev dustaqlığından azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixə qədər 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət, 24 avqust 2023-cü il tarixdən 03 oktyabr 2023-cü il tarixədək həbsdə, 03 oktyabr 2023-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 151 (bir yüz əlli bir) günlük müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 1 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Babək rayonu Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 68 ədəd müxtəlif ölçülü bəzək daşları, 4 ədəd 60 litrlik su bidonu və 7 ədəd plastik oturacaq stolu Zərərçəkmiş şəxs qaytarılsın. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-2/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-2/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver