Məhkəmə qərarları › İş №1(079)-20/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-20/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-20/2025 28.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X7 Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Culfa rayonu, Kırna kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, 1 (bir) azyaşlı uşaq anası, ali təhsilli, işsiz, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Əliabad qəsəbəsində yaşayan, məhkumluğu olmayan, barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 24 oktyabr 2025-ci ildə Babək Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 yalan vədlər verərək Bakı şəhərindən qızıl, gəlinlik və xına ləvazimatları sifariş verərək satıb əlavə gəlir əldə etmək adı ilə aldadıb, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 700 manat pulun özünə məxsus **********227488 nömrəli bank kart hesabına göndərilməsini təmin edərək Zərərçəkmiş şəxs3 3700 manat pulunu, Zərərçəkmiş şəxs1 yalan vədlər verərək Bakı şəhərindən qızıl və gəlinlik sifariş verərək satıb əlavə gəlir əldə etmək adı ilə aldadıb 2025-ci ilin yanvar-aprel ayları ərzində ümumilikdə 7250 manat pulu özünə məxsus **********227488 və **********737883 nömrəli bank kart hesablarına göndərilməsini təmin edərək Zərərçəkmiş şəxs1 7250 manat pulunu, Zərərçəkmiş şəxs4 yalan vədlər verərək Bakı şəhərindən qızıl və gəlinlik sifariş verərək satıb əlavə gəlir əldə etmək adı ilə aldadıb 2025-ci ilin may-iyun ayları ərzində ümumilikdə 16273 manat pulu özünə məxsus ***-***-**-** mobil nömrənin M10 hesabına və **********737883 nömrəli bank kart hesabına göndərilməsini təmin edərək Zərərçəkmiş şəxs4 16273 manat pulunu, Zərərçəkmiş şəxs2 yalan vədlər verərək Bakı şəhərindən qızıl və gəlinlik sifariş verərək satıb əlavə gəlir əldə etmək, digər şəxslərə olan borclarını ödəmək və xəstəxana xərclərini qarşılamaq adı ilə aldadıb 2025-ci ilin iyun-iyul ayları ərzində ümumilikdə 16465 manat pulu özünə məxsus ***-***-**-** mobil nömrəsinin M10 hesabına, **********473124 nömrəli bank kart hesabına və Şahid1 məxsus **********419161 nömrəli kart hesabına göndərilməsini təmin edərək Zərərçəkmiş şəxs2 16465 manat pulunu ələ keçirərək ümumilikdə zərəçəkmiş şəxslərə 43688 manat maddi ziyan vurmaqla xeyli miqdarda təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək bildirmişdir ki, cinayət işi başlanmamışdan əvvəl Kəngərli rayonu Maliyyə şöbəsində işləmiş, 890 manat əmək haqqı almış, həmçinin mühasibat uçotu üzrə ali və strategiya-idarəetmə ixtisası üzrə magistr təhsili almışdır. İnstagramda etdiyi paylaşımlar nəticəsində Nərminə xanım və Xətai bəylə ilk tanışlığı yaranmış, Samir və Təbrizi isə universitetdən tanımışdır. Onlara qızıl və gəlinlik gətirib satacağını bildirmiş və ortaqlıq təklif etmişdir, onlar isə bununla razılaşmışlar. İnstagramda “gelinlik_azerbaycan” profili ilə gəlinlik və qızıl işi ilə bağlı elanlar paylaşmış, Xətai və Nərminə həmin paylaşımların altına rəy yazmışlar və beləcə əlaqələri yaranmışdır. Zərərçəkmiş şəxslərlə şəxsən görüşməmiş, tanışlıqdan sonra telefon nömrələrini almışdır. “***-***-**-**” mobil nömrəsi ilə həm vatsap, həm də adi qaydada, “***-***-**-**” mobil nömrəsi ilə isə vatsap üzərindən həmin şəxslərlə danışmışdır. 2024-cü ilin yanvar ayından işdən sosial məzuniyyətə çıxmış, bütün hadisələr isə 2024-cü ilin dekabr ayından sonra baş vermişdir. Zərərçəkmiş şəxslərin hər birinə eyni məqsədlərlə müraciət etmiş, ilk öncə Nərminə xanımdan, sonra Xətai və Samir bəydən, ən son isə Təbrizdən borc almış, birindən aldığı pulları kriptovalyutada uduzduqdan sonra digər zərərçəkmişdən borc almışdır. Məzuniyyətində olarkən kredit borcu olduğundan çıxış yolu kimi əlavə qazanc əldə etmək məqsədilə bu əməli törətmiş, internetdə online pul qazanmağın yollarını axtararkən qarşısına kriptovalyuta çıxmış, oraya qoyduğu pullarla “koin”-lər almış, həmin “koin”lərin qiyməti müharibə dövründə aşağı düşmüşdür. Buna görə də oraya qoyduğu həmin pulları itirmişdir. Orada müəyyən şəxslərə pulları ataraq əvəzində Binance programında istifadə üçün dollar almış, **********737883 Kapital bank, **********227488 isə Azərbaycan Beynəlxalq Bankına aid olan kart hesabları olmuşdur. Hər iki hesabın ona məxsus olduğunu və Təbrizə gəlinlik işləri ilə məşğul olduğunu bildirmişdir. Təbriz ona hissə-hissə 16000 manat pul göndərmiş və ilkin olaraq həqiqətən də gəlinlik paltarlarını gətirib Bakıda satmaq istəsə də, bunun elə də xeyir vermədiyini öyrəndiyi üçün buna görə də bu işdən imtina etmiş və kriptovalyuta ilə maraqlanmağa başlamışdır. Təbrizin də göndərdiyi pulları kriptovalyuta üçün istifadə etmişdir. Göndərilən pulların hamısı ona məxsus olan bank kartlarına göndərilmiş, lakin bir dəfə isə pul onun yoldaşının əmisi qızı Xatirənin bank kartına göndərilmişdir. O, Xatirəyə öz kartının limitinin dolduğunu yazmış və bir nəfərin göndərəcəyi pulu onun kartına göndərilməsini xahiş etmişdir, sonra isə Xatirə də göndərilən pulu bir neçə dəqiqə içində ona geri qaytarmışdır. Təbrizə heç bir ödəniş etməmiş, Nərminə xanım və Xətai bəydən aldığı pulları isə kriptovalyuta üçün istifadə etmişdir. Lakin işlər alınmadığından həmin pulları itirmiş və geri ödəyə bilməmişdir, fevral ayında işə qayıtmış və işə qayıtdıqdan sonra yenidən kredit borcları və əlavə xərcləri olduğuna görə bunları ödəyə bilmədiyindən məcbur qalıb Samir bəylə əlaqə saxlayıb, ondan da borc alıb həmin pulu da kriptovalyuta üçün istifadə edərək itirmişdir. İtirdiyi pulları ödəmək üçün Təbriz bəyə müraciət etmiş və ona xəstəxana xərclərinin və əlavə borclarının olduğunu bildirərək ondan bir neçə dəfə borc almış və işlərin bu həddə gəlib çıxmasını istəməmiş, niyyəti isə əlavə gəlir əldə etmək və qazanc əldə edib kredit və digər xərclərini ödəmək istəmişdir, lakin alınmadığına görə əldən aldığı pulları da ödəyə bilməmişdir. Nərminə xanım, Xətai bəy və Samir bəyə müəyyən bir məbləğ ödəniş etsə də, aldığı məbləğlərin hamısını ödəyə bilməmiş, zərərçəkmişlərin hamısına eyni vədləri vermişdir. Samirdən 16000 min manata yaxın pul almış, ona 1000 manat və 200 manat olmaqla geri ödəniş etmişdir. Həmin pulu istifadə edən zaman Samir ona təcili pula ehtiyacı olduğunu bildirdirdiyi üçün həmin pulun bir qismini ona qaytarmışdır. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edirək, Nərminə xanımdan 7000 min manat aldığını, belə ki, 400 manat alıb faizi ilə birlikdə ona geri ödədiyini, həmin vaxt da Binance programını istifadə etdiyini, həmin programdan bu hadisələr olmamışdan qabaq da istifadə etdiyini, bir dəfə kredit götürüb həmin programdakı hesaba yatırıb pulu itirdiyini, həmin pulu ödəyə bilmədiyini, buna görə başqa şəxslərdən borc almalı olduğunu bildirmişdir. Yoldaşının həmin programdan istifadə etdiyini bilsə də, başqa şəxslərdən borc aldığını bilməmiş, polis əməkdaşlarının onu iş yerindən gəlib götürərkən bundan məlumatı olmuşdur. Zərərçəkmiş şəxs3 3700 manat almış və 1500 manata yaxın pul qaytarmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərlə əlaqə saxlayıb bu borcların hissə-hissə ödəniş ilə bağlı müəyyən bir razılığa gəlmək istəsə də, bunun məhkəmə istintaq zamanı müzakirə olunacağı bildirilmiş, cinayət işinin gedişatı zamanı qeyd olunan məbləğlərdən heç bir ödəniş olunmamışdır. Götürülmüş həmin pullardan heç bir gəlir əldə etməmişdir. Samirdən həmin pulları 2025-ci ilin may-iyun aylarında, Təbrizdən isə 2025-ci ilin iyun-iyul ayında aldığını, 2 ay ərzində Samirin ona 16273, Təbrizin isə 16465 manat pul göndərdiyini qeyd etmişdir. Onların hər ikisi ona etibar edib pul göndərmişdir. Hazırda əməlindən peşman olduğunu, nikahının hazırda rəsmi qaydada pozulduğunu, uşağın 1 yaş 8 aylıq olduğunu və atasının uşağı gəlib görmədiyini, hazırda işindən və yoldaşından ayrıldığını, ailəsinin də tutduğu əmələ və instagramdan paylaşdığı videolara görə ondan üz döndərdiyini, hazırda Naxçıvan şəhəri Əliabad qəsəbəsində körpə övladı ilə birlikdə kirayədə qaldığını, mümkün olduqca zərəri hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini, əlindən gələn qədər ödəniş etməyə çalışdığını, Nərminə xanımın aylıq ödənişə razı olmadığı üçün ona ödəniş etmədiyini, azyaşlı övladının nəzərə alınmasını, uşağa baxa biləcək şəxslərin olmadığını, cəzadan boyun qaçırmadığını, övladının taleyinin nəzərə alınmaqla həbslə əlaqəli olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Təhminəni doğru-düzgün bir insan kimi tanımışdır, sonuncu mart ayında ona yazaraq qızıl və gəlinlik sifariş edib satışı ilə məşğul olduğunu bildirmişdir. Lakin onun Təhminə olduğunu həmin vaxt bilməmiş, ona görə də ona tanımadığı adama pul verə bilməyəcəyini demişdir. Buna baxmayaraq, onun bir neçə dəfə yazaraq əlavə qazanc əldə edəcəyini demiş, təkliflərini ilk vaxtlar rədd etsə də, 2 ay sonra yenidən Təhminənin mesaj yazaraq “sən məni yaxşı tanıyırsan” deyərək Təhminə olduğunu, evləndiyini və övladının olduğunu, bazar qiymətindən ucuz qiymətə Bakıdan qızıl sifariş edib satdığını, qızılı sürət kargo vasitəsilə Naxçıvana gətirildiyini bildirmişdir. Ondan bu məsələ ilə bağlı hər hansı bir problem olubolmayacağını soruşduqda ona gətirilən qızılların sertifikatlı olduğunu demiş, arxayın olmaq üçün verilən sifarişlərin görüntüsünü atmasını bildirəndə Təhminənin hələ ki, sifariş olmadığını demişdir. Təhminə ilə 2 saat ərzində söhbət etdikdən sonra ona güvənib axşam 200 manat kartına pul atmışdır. Təhminənin özünə məxsus başqa bir telefondan digər telefona mesajlar yazaraq guya qızıl sifariş edildiyi görüntüsü yaratmışdır və artıq ona inanmağa başlamış, bu qədər müştərini haradan tapdığını soruşduqda isə ona 7 ildir ki, qızıl satdığını və hamının onu tanıdığını bildirmişdir. Həmin vaxt taksi sürücüsü işləmiş və qeyd olunan borcu Təhminəyə müxtəlif vaxtlarda atmışdır, sonra isə Samirlə onun əlaqəsinin olub-olmamasını soruşduqda ona Samiri tanımadığını bildirmişdir. Bir müddət sonra Təhminədən qızılların niyə gəlməməsi barədə soruşduqda Təhminənin qızılları almaq üçün kargoya getdiyini, amma satıcı qızın Ağbulağa istirahətə getdiyini, guya qızın arxasınca taksi göndərmək istədiyini, lakin həmin qızın gələ bilməyəcəyini bildirmişdir. Ona kredit götürdüyünü bildirdikdə “sən bilirsən ki, mən doğru düzgün adamam” demişdir. Bir gün Təhminə ona yenidən mesaj yazaraq təzyiqinin endiyini, yıxıldığını və xəstəxanaya düşdüyünü bildirmiş, daha sonra xəstəxanaya getdikdə onun qeydiyyatda olmadığını görüb bu barədə ondan soruşmuş, lakin o, işinə görə qeydiyyata alına bilmədiyini, həmin vaxt xəstəxanaya ödəyəcəyini bildirərək ondan 1700 manat pul istəmiş və həmin pulu ona göndərmiş, lakin Təhminənin ona xəstəxanadan çıxdıqdan sonra pulunu ödəyəcəyini və gedib qızılları götürəcəyini bildirsə də, 2 gün ondan xəbər ala bilməmiş, 2 gün sonra qəbz ataraq guya ona göndərilən 1700 manat pulu xəstəxanaya ödədiyini bildirmək istəmiş, lakin həmin qəbzi necə düzəltdiyindən məlumatı olmamışdır. Bundan sonra yenə ona yazaraq əlində 1 ədəd gəlinlik olduğunu, onu satıb pulu qaytaracağını bildirmiş, sonra bir müddət ondan yenə xəbər ala bilməmiş, daha sonra ona yenidən reanimasiyaya düşdüyünü və həkimə pul verdiyini, çıxıb pulunu qaytaracağını bildirmişdir. Sonra “qızılın rəisi pulun istəyir, onsuz da səninlə işləyirəm, sən mənə əlavə pul ver, əldə olunan qazancı sənə qaytaracam” deyərək yenidən pul almış, bir gün isə ona lombarddan qızıl götürdüyünü bildirib yenidən pul istəmiş və ona pul göndərmişdir. Lakin daha sonra qızılı götürə bilmədiyini, qızıl satan qızın işdə olmadığını, atdığı pulların onun debet kartına köçürüldüyünü bildirmiş, Təhminədən pulunu istəyəndə pulun debet kartına atıldığını bəhanə edib geri qaytara bilmədiyini demişdir. Səhəri gün banka getmişlər və orada Təhminənin şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyinə görə pulu verə bilməyəcəklərini bildirmişlər. Bundan bir gün sonra Təhminə ona şəxsiyyət vəsiqəsini dəyişdiyini bildirib, yeni şəxsiyyət vəsiqəsinin surətini atmış, lakin şəxsiyyət vəsiqəsinin bitmə müddətinə baxdıqda aldadıldığını görmüş, belə ki, yeni şəxsiyyət vəsiqəsinin bitmə müddətdinin 2035-ci il olmalı olduğu halda 2033-cü il kimi qeyd edildiyini, bundan sonra Təhminəni polisə verəcəyini bildirəndə “əgər məni polisə versən özümü öldürərəm” deyə hədə qorxu gəlməyə başlamış, Təhminə bu günə qədər ona olan borcundan heç nə ödəməmiş, ibtidai istintaq zamanı da heç bir ödəniş etməmişdir. Təhminəyə 13 iyun 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixədək 16465 manat pul göndərdiyini, pulları kartla və m10 programı vasitəsilə göndərdiyini, ona nağd pul vermədiyini, pulları ayrı vaxtlarda Təhminəyə qızıl və gəlinlik almaq məqsədilə göndərdiyini, atdığı pulları “bankstar” kartı və kredit götürərək ona göndərdiyini, hazırda isə hər ay 700 manat kreditə pul ödədiyini, Təhminənin kriptovalyuta ilə məşğul olmasını bilmədiyini bildirmişdir. Təhminənin ona yoldaşının adının Əli olduğunu və firmada işlədiyini, maaşı az olduğu üçün bu işə əl atdığını demiş, bu günə qədər ona olan borcundan heç nə ödəmədiyini, ibtidai istintaq zamanı da şəxsin heç bir ödəniş etmədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və borcunun qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şahbuz İncəsənət məktəbində müəllimə işləyir, ilk dəfədir ki, belə bi halla qarşılaşır və Təhminəni qabaqcadan tanımamş və görüntülü zəng vurub tanış olmuşlar. Mahiyyəti üzrə bildirmişdir ki, Təhminə İnstagram sosial şəbəkəsində qazanc əldə etməklə bağlı Naxçıvan elanlarında paylaşımlar edirdi və 2 ay ərzində onun səhifəsini izlədikdən sonra elanın rəy hissəsindən yazaraq necə qazanc əldə edildiyini soruşmuşdur. Təhminə ona geri dönüş edərək qızıl və gəlinlik satdığını demişdir. İlk öncə saxta qızıl olar deyə tərəddüd etsə də, daha sonra Təhminənin verdiyi vədlərə inanmağa başlamış, Təhminənin sadəcə qadınlarla işləmək istədiyini, təkbaşına uşaq saxladığını, adi maaşla heç bir şey əldə edə bilməyəcəklərini, uşaqların gələcəyi üçün əlavə qazanc əldə etməli olduqlarını bildirmişdir. Həmin vaxt onda Təhminəyə qarşı güvən yaranmağa başlamış, ona nömrəsini vermiş, əmin olmaq üçün ondan şəxsiyyət vəsiqəsinin surətini atmasını istəmiş və o, da öz şəkli ilə şəxsiyyət vəsiqəsinin surətini ona atmışdır. Ona güvənib əziyyətlə topladığı pulu ona vermiş, sonra pulunu istədikdə Təhminə ona “bilirəm siz ev alacaqsınız, həmin pulları daha çox qazanc əldə edək deyə növbəti sifarişə yönləndirmişəm” demişdir. Pulları Təhminəyə mobil tətbiq üzərindən köçürmüş, kart vasitəsilə 2025-ci ilin fevral-mart ayları ərzində 7000 manatdan çox ona pul göndərmişdir. Bir dəfə Təhminə ona 270 manat pul qaytarmış və həmin pulu malın satışından əldə etdiyini bildirmişdir. Daha sonra isə ona malların əlində qaldığını və yay-istirahət vaxtı olduğuna görə satıb pulu verə bilmədiyini demişdir. Təhminə onun ev tikdirəcəyini bildiyini, ona görə də ona əlavə qazanc adı ilə vədlər verərək artıqlaması ilə apreldən sonra pulları qaytaracağını vəd etmiş, ona kirayədə qaldığını və uşağı təkbaşına saxladığını demişdir. Pulu tələb edəndə Təhminə özünü öldürməklə hədələməyə başlamışdır. Təhminə kriptovalyuta barədə ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi izahatında özünün sosial şəbəkədə platforması olduğunu və həmin platformada müəllimlərin testlər hazırladığını, eyni zamanda özü də həmin platforma haqqında videolar çəkdiyini, instagram profilinin “_samir_səfərov_” olduğunu, 2025-ci ilin may ayının ortalarında Təhminənin sosial şəbəkədə ona mesaj yazaraq bacısının dövlət qulluğuna hazırlaşdığını bildirib platforma haqqında məlumat almışdır. Əvvəlcə onun Təhminə olmasını bilməmiş, sonradan tanışlıq verəndə onu tanımış, Təhminəni universitet vaxtından 2013-cü ildən tanımış, daha sonra Təhminənin sosial şəbəkədə ona mesaj yazaraq qızıl və gəlinlik işi ilə məşğul olduğunu, ona hər satışdan “200 manata 70 manat, 300 manata 50 manat” əlavə qazanc qalacağı kimi mesajları yazmışdır. Təhminə hər dəfə fərqli məbləğlərdə qazanc əldə ediləcəyini və 1 həftə 10 günə pulun qaytarılcağını, 15 dəqiqədən bir mesaj ataraq müştərilərin başqa sifarişlər verdiklərini və təcili pul lazım olduğunu bildirmişdir. Daha sonra ondan əlavə pullar istəməyə başlamış, 1 həftə tamam olmadığına görə həmin pulu ona göndərmişdir. Təhminəyə ilk dəfə 150 manat pul göndərmiş və Təhminənin ona olan borcu 16273 manat olmuş, həmin məbləği Təhminəyə 30 may - 12 iyun tarix aralığında göndərmiş, pulu kredit və starkartdan çəkmiş, aytarmadığına görə üzərinə əlavə faizlər hesablanmış, Təhminə həmin pulları faizi ilə birlikdə qaytaracağını bildirmişdir. Pulu Təhminənin M10 hesabına və ona məxsus karta atmışdır. İstintaq başlamamışdan qabaq Təhminə ona 1000 manat bir, 50 bir, 500 manat bir olmaqla, cəmi 1550 manat pul ödəmiş, ondan sonra isə ona 200 və 800 manat pul atmışdır. Təhminə ilə özünə aid olan “***-***-**-**” nömrə ilə danışmış, pulu özünə və arvadına məxsus kartlardan atmışdır. Təhminə ona ancaq öz profil və mobil nömrəsindən yazmışdır. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi izahatında Azercell telekomun bölgə təmsilçisi olduğunu, 2024-cü ilin dekabr ayının sonlarında instagramda elan səhifəsində investisiya edib əlavə qazanc əldə etmək barədə elan görmüş, elan qızıl zinət, xonça, məişət və sair kimi əşyalarla bağlı olmuşdur. Oraya şərh yazaraq bu barədə məlumat almaq istədikdə Təhminə instagramdan onunla əlaqə saxlamış, bir qədər danışdıqdan sonra ona ad və soyadını bildirsə də, iş yerini və yaşayış yerini bildirməmişdir. Təhminə ona şəxsiyyət vəsiqəsi məlumatlarını göndərmiş, əmin olmaq üçün görüntülü danışmağı, əgər ailəlidirsə yoldaşı ilə əlaqə saxlamağı təklif etmişdir. Ona yoldaşının onun işlərinə qarışmadığını, əlavə qazanc əldə etmək lazım olduğunu, yaşayışın çətin olduğunu, adi maaşla heç bir şey edilə bilmədiyini və sair bildirmiş və bundan sonra ona etibar etmişdir. Təhminə isə bundan suiistifadə etmişdir. Onun barəsində araşdırma apardıqdan sonra barəsində müsbət rəylər almış, Təhminənin ali savadlı, işi-gücü və sair yaxşı xaraketrizə olunduğunu eşitmiş, xanım olması və barəsində müsbət rəylər eşitməsi səbəbilə dekabr ayının sonuna yaxın 2200 manat bir, 800 manat bir, yanvarda isə 700 manat göndərmişdir. Təhminə ona malların Bakıdan sifariş vurulduğunu, İğdırdan qızıl-zinət əşyaları gəldiyini və 15-30 gündən bir əldə edilən qazancın bölünəcəyini bildirmişdir. Kredit borcları olduğundan həmin krediti bağlayıb başqa bir işlə məşğul olmaq istədiyini demişdir. Yanvarda 3700 manat göndərmiş və 30 gün tamam olduqdan sonra vəsaiti geri istəmiş, lakin Təhminə ona müxtəlif bəhanələr gətirərək pulu ödəməmiş, ondan sonra aldadıldığını düşünüb tam məbləği istədikdə Təhminənin ona həmin pula fərqli əşyalar alıb başqa adamlara satdığını, onun işini pozduğunu bildirmişdir. Təhminənin müxtəlif bəhanələrlə vaxt əldə etməyə çalışdığını, sonra mart-aprel aylarında hissə-hissə ona 1500 manat ödəyərək, bunun əsas borcdan yox, sadəcə söz verilən əlavə qazanca hesablanmasını xahiş etmiş, eyni zamanda, evində xəstə olduğunu, əlinin yandığını bildirərək müxtəlif bəhanələr gətirmişdir. Onun evinə və iş yerinə zəng etmək istədikdə əgər yoldaşına bildirsək özünü öldürəcəyini demişdir. Ümumilikdə Təhminəyə 3700 pul göndərmiş, Təhminə ona satışlarla bağlı hesabat verməmiş, Bakıdan ucuz qiymətə qızıl alıb Naxçıvanda satıldığını bildirmiş və həmçinin maliyyədə işləməsinə görə haqq-hesabdan məlumatlı olduğunu düşündüyündən pulları Təhminəyə vermişdir. Sonda şəxsin həbs edilməsini istəmədiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Təhminə ilə qohum olduqlarını, münasibətlərinin yaxşı olduğunu, bir-birilərinin evinə gedib gəldiklərini, lakin onun bu işləri görməsini bilmədiyini bildirmişdir. Təhminənin belə işlər görməsini polisə düşəndən sonra öyrənmiş, amma alver etməsi barədə əvvəllər də eşitmişdir. Təhminənin ona lotereya oynadığını, bu ay özünün götürəcəyini, maaş kartının limitinin dolduğunu bildirmiş və 4169- 7388-9441-9161 nömrəli özünə məxsus karta 1500 manat pul göndərmişdir. Təhminə pulu M10-la ona qaytarmağı xahiş etmiş, bunun qaydasını bilmədiyindən Təhminə bununla bağlı video göndərmiş, bundan bir neçə dəqiqə sonra pulu m10-la Təhminəyə geri qaytarmış, daha sonra Təhminə ona rəfiqəsinin gəlinlik alveri ilə məşğul olduğunu bildirmiş və 1000 manat pul istəmiş, həmin pulu alver edən qıza verəcəyini və artıqlaması ilə qaytaracağını demişdir. Həmin məbləğin 400 manatı qaytarılmış, qalan hissəsi qaytarılmamış və həmin məbləği isə tələb etmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 onun yoldaşı olduğunu, Təhminəni isə əvvəlcədən tanımadığını qeyd etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü ilin dekabr ayında Xətai ona kart nömrəsi göndərərək oraya 1800 manat pul göndərilməsini xahiş etmişdir. Xətaidən pulu kimə və nəyə görə göndərdiyini soruşanda bu barədə sonra danışacağını demiş və bundan sonra həmin karta pul atmış və məsələdən 1-2 həftə sonra Xətai ilə bu barədə danışmış və Təhminə ilə Xətainin xonça, bər-bəzək işi ilə bağlı şəriklikləri barədə öyrənmiş, eyni zamanda Xətainin də Təhminəyə əvvəlcədən 1900 manat göndərdiyini öyrənmişdir. Pulu göndərəndə Təhminəni tanımamış, onun Xətai ilə şərikliyindən də məlumatı olmamışdır, sadəcə olaraq ibtidai istintaq zamanı ifadə verərkən artıq bu hallar ona məlum olduğundan izahatında başqalarının dediklərinə istinad etmiş, halbuki pulu göndərən zaman onların şərikliyindən və pulun nə üçün göndərilməsindən xəbəri olmamışdır. Kart özünə aid olsa da, vəsait Xətaiyə məxsus olmuş, bu məsələdən xəbər tutanda Xətaiyə “gərək belə etməzdin, buna ehtiyac yox idi” demişdir. Ümumi olaraq Təhminəyə təxminən 3700-3800 manat pul göndərilmiş, ödənilən puldan hansı məbləğin geri qaytarılması barədə Xətaidən heç nə soruşmadığını bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Samirin onun əri olduğunu, Təhminəni qabaqcadan tanımadığını qeyd etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, özünə aid olan bank kartı Samirdə olmuş, çünki evin hər xərcini o idarə etmişdir. Kart ona analıq məzuniyyətində olarkən verilmiş və məzuniyyətə çıxanda kartına 11000 manata yaxın pul gəlmişdir. Polisdən məlumat gəldikdən sonra Samirin Təhminəyə pul göndərməsi və şəriklikləri barədə öyrənmişdir. Samir ümumilikdə Təhminəyə 16000 manata yaxın pul kartdan çəkərək vermişdir. Samir pulu göndərəndə ona həmin pulu kimə, nə səbəbə və ya nə qədər pul göndərməsi barədə heç nə deməmişdir. Hazırda isə borcun üzərinə faiz gəlmiş, qohumlardan borc alaraq üstünü düzəltməyə çalışırlar. Şahid ifadəsində həmçinin müəllimə işlədiyini, Samirin isə mühasib işlədiyini, ona məxsus kartın mobil tətbiqinin də Samirin telefonunda olduğunu bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Təhminə ilə 2023-cü ildə ailə qurduqlarını, bir övladlarının olduğunu, ailə münasibətlərinin normal olduğunu, Təhminə ilə şəhərdə tanış olduqlarını və sonra sosial şəbəkədə münasibətlərinin yarandığını, 2023-cü ildən 2025-ci ilin oktyabrına qədər ailə kimi birlikdə yaşadıqlarını, evdə ana və bacısının da onlarla birlikdə qaldığını qeyd etmişdir. O, həmçinin evdə Təhminəninin öz komputeri olduğunu, amma onu çox istifadə etməmiş, eyni vaxtlarda işdə olduqları üçün onun komputerinə və telefonlarına müdaxilə etməmiş, 2024-cü ilin yanvar ayında Bank işçiləri evə gələndən sonra Təhminənin banka borcu olduğunu öyrənmişdir. Belə ki, Təhminə bankdan pul götürdüyünü ona deməmişdir. Təhminənin hələ əvvəldən bankdan 19000 manat pul götürdüyünü, lakin onun əmək haqqından aylıq nə qədər tutulmalar aparıldığını bilməmişdir. Ondan bu barədə soruşduqda kriptovalyutaya həmin pulu qoyub uduzduğunu bildirmişdir. Həmin vaxt da onun zərərçəkənlərə borclu olması barədə məlumatı olmamamışdır. Təhminə ona sadəcə dayısına və xalasına borcu olduğunu demişdir. Təhminə kritptolvayutaya borcu olduğunu deyəndə onun səhvini bağışlamış, maddi vəziyyətlərinin də normal olduğunu, 900 manat özünün, 900 manat isə Təhminənin maaş aldığını bildirmişdir. Təhminə və zərərçəkənlər asan yola pul qazanmaq üçün belə etmiş, Təhminənin belə işlər görməsindən əvvəlcədən məlumatı olmamışdır. Zərərçəkmiş şəxsləri isə tanımadığını, məsələ barədə cinayət işi başlandıqdan sonra məlumatının olduğunu, həmin müddət aralığından birlikdə yaşadıqlarını, amma psixoloji cəhətdən vəziyyət gərginləşdiyinə görə ayrıldıqlarını və bu məsələlərə görə münasibətlərinin pozulduğunu, nikahın pozulması ilə bağlı iddia qaldırdığını, nikahlarının Kəngərli rayon məhkəməsinin qətnaməsi ilə pozulduğunu, lakin qətnamənin qüvvəyə minmədiyini bildirmişdir. Zərərçəkmiş şəxslərə aylıq müəyyən məbləğ ödəməklə bağlı təklif etsə də, onlar razılıq verməmişlər. Özü kriptovalyutaya pul qoymadığını, hazırda uşağın anası ilə Əliabadda kirayədə qaldığını bildirərək, Təhminənin valideynləri ilə münasibətlərini bilmədiyini, amma onun hərəkətlərinə narazılıq etdiklərini qeyd etmişdir. Təhminənin İnstagram hesabının öz adına olmuş, digər hesabları barədə polisə düşəndən sonra məlumatı olmuşdur. Uşağı gedib gördüyünü, şəxs azadlıqdan məhrum edilərsə, özü işlədiyindən uşağa baxmaqda çətinlik çəkəcəyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-in 351.1 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında” 26 iyul 2025-ci il tarixli, ********* nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məxsus "Redmi Not 13" markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda olan "Birbank", "İnstagram", "Whatsapp" mobil tətbiqlərinə, "Binance" kriptovalyuta proqramına, "M10" elektron pul kisəsinə baxış keçirilmiş, tətbiqlərdə olan yazışmalar və sübut əhəmiyyətli digər məlumatlar götürülərək bununla bağlı protokol tərtib olunmuş və cinayət işinə əlavə edilmişdir. (cild 1 i.v. 49-50 ) İstintaq zamanı zərərçəkmiş şəxslərin təqdim etdiyi qəbzlərə və bank kart çıxarışlarına baxış keçirilmiş, təqdim edilən qəbzlərdə olan pullar Təqsirləndirilən şəxs məxsus bank kartlarının çıxarışlarında və istifadəsində olan 060- ***-**-** mobil nömrəsinin qeydiyyat olunduğu "M10” elektron pul kisəsində öz əksini tapmışdır. (cild 1 i.v. 155- 158) İstintaq zamanı "telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında" Babək Rayon Məhkəməsinin 11 sentyabr tarixli 5(079)-28/2025 nömrəli qərarı icra olunması üçün “Azercell" MMC-yə və “Naxtel" MMC-yə göndərilmiş, Azercell MMC-dən daxil olmuş cavab məktubunda Təqsirləndirilən şəxs məxsus Azercell Telekom MMC-yə aid ********* mobil telefon nömrəsinin xx.xx.2024- xx.xx.2025-ci il müddətində istifadəsinin aşkar edilmədiyi, ********* mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən deaktiv olduğu və nömrənin müqaviləsinə xitam verildiyi göstərilmişdir. Naxtel MMC-dən isə cavab məktubu istintaq dövründə daxil olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs və əri Məmmədоv İmran Şükür oğlunun adına hər hansı bank hesablarının və bank əmanətlərinin olub-olmaması, müsbət halda həmin hesablara xx.xx.2024-cü il tarixdən qərar icra olunan tarixədək daxil olan və göndərilən vəsaitlər barədə (müəyyən edilən hesabların kimə məxsus olması, hesab nömrəsi və.s göstərilməklə) maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti ilə bağlı şəxsi və kommersiya sirri təşkil edən məlumatların adıçəkilən banklardan ələ keçirilməsi haqqında Babək rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 5(079)-30/2025 nömrəli qərarı əsasında Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən banklara məktublar ünvanlanmış, alınmış cavab məktublarına əsasən banklarda onun və ərinin adlarına hesab olması müəyyən edilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs və əri Şahid4 adına hər hansı daşınmaz əmlak olub-olmaması barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə məktub ünvanlanmış və alınmış cavab məktubunda daşınmaz əmlakın reyestrində Təqsirləndirilən şəxs və Şahid4 adına daşınmaz əmlak qeydiyyata alınmadığı göstərilmişdir. (cild 1 i.v. 213) İstintaq zamanı Təqsirləndirilən şəxs və onun əri Şahid4 adına hər hansı nəqliyyat vasitəsinin olub-olmaması barədə Naxçıvan Muxtar Respublikası DİN-in X8 İdarəsinə məktub ünvanlanmış, alınmış cavab məktubunda Təqsirləndirilən şəxs və Şahid4 adına hər hansı bir avtonəqliyyat vasitəsinin Naxçıvan MR DİN-in DYPİ-nə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmadığı göstərilmişdir. ( cild 1 i.v. 220) Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 alınmış 08 oktyabr 2025-ci il tarixli, 472 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Babək RPİ-nin UQSİQ-nə ünvalanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında AZ-V seriyalı, 214449 nömrəli xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X4 adlı azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(111)-329/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Şahid4 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış və 145 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Cinayət işinin materiallarında olan Naxçıvan Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-M-01776 nömrəli barışıq sazişindən xx.xx.2024-cü il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxs yanında saxlanılması və azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün Şahid4 hər ay 246 manata aliment ödəməsi barədə Şahid4 ilə Təqsirləndirilən şəxs razılığa gəlməsi müəyyən olunur. 08 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 2 i.v. 34-65) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, könüllü olaraq törətdiyi cinayət əməlini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, vurulmuş ziyanın miqdarı və az qisminin ödənilməsi, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab etməklə yanaşı, CM-in 79.1-ci maddəsinin tələblərin əsasən onun himayəsində 14 yaşına çatmamış uşağının olmasını nəzərə alır və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsini uşaq 14 yaşına çatana qədər təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağı – xx.xx.2024-cü il təvəllüdlü X4 14 yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan Asan Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar