Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-22/2025 18.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Babək rayonu, Güznüt kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Babək rayonu, Güznüt kəndində qeydiyyatda olan və yaşayan, məhkumluğu olmayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Babək Rayon Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 15 dekabr 2025-ci ildə Babək Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 21 radələrində qəsdən tamah məqsədilə Babək rayon Güznüt kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olmaqla evin yataq otağından içərisində 37 ədəd 200 manatlıq, 69 ədəd 100 manatlıq, 92 ədəd 50 manatlıq, 159 ədəd 20 manatlıq, 60 ədəd 10 manatlıq, 61 ədəd 5 manatlıq, 888 ədəd 1 manatlıq, 1720 ədəd 50 qəpiklik, 40 ədəd 20 qəpiklik, 20 ədəd 10 qəpiklik, 120 ədəd 100 ABŞ dolları, 4 ədəd 50 ABŞ dolları, 4 ədəd 20 ABŞ dolları, 3 ədəd 10 ABŞ dolları, 3 ədəd 5 ABŞ dolları, 5 ədəd 1 ABŞ dolları, 5 ədəd 20 Türk lirəsi, 1 ədəd 10 türk lirəsi, 3 ədəd 5 türk lirəsi əskinasları olan dəmir seyfi gizli olaraq talamaqla oğurluq etmiş və sonuncuya ümumilikdə 45709 (qırx beş min yeddi yüz doqquz) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək Zərərçəkmiş şəxs onun atasının bibisi oğlu olduğunu, onlarla münasibətlərinin normal olduğunu, sonuncu dəfə toydan 3-4 gün qabaq Qurbangilə getdiyini, oğurluq etməyinin səbəbəni heç özünün də bilmədiyini, bir xəta törədərək evə daxil olduğunu, hadisənin sentyabr ayının 10-da axşam radələrində baş verdiyini, pulları Qurbanın oğlunun toyu günü oğurladığını, özünün toya getmədiyini, zərərçəkmiş şəxsin evində pulun olması barədə məlumatlı olduğunu, həmin gün onların evində heç kimin olmadığını, evləri arasındakı məsafənin yaxın olduğunu, arada 100 metr məsafənin belə olmadığını, onların həyətlərində kamera olduğunu bildiyini, oğurluğa gedərkən tanınmamaq üçün əynində şalvar və kişi kostyumu, başında isə adi qara papaq olduğunu, həmin papağı həmin gün özü hazırladığını, oğurluğu əvvəlcədən planlaşdırmadığını, oğurluq niyyətinin elə həmin gün yarandığını, oğurluq hadisəsini də tək törətdiyini, heç kimin kömək etmədiyini, Qurbangilin həyətinə aşağı açıq qapıdan daxil olduğunu, evin də qapısının açıq olduğunu, evə girib otağa daxil olub kassanı oradan götürdüyünü, kassanın yerini 3-4-gün qabaqdan bildiyini, kassanın içində nə qədər pul olmasını bilmədiyini, rənginin qəhvəyi, çəkisinin isə 40-50 kq olduğunu, kassanı ağ çexola qoyub sürüyərək evdən çölə çıxardığını, mələfəni də otaqdan yerdən götürdüyünü, ümumiyyətlə kassadan heç nə götürmədiyini, kassanın necə açılıbbağlanması barədə məlumatının olmadığını, təxminən 50-100 metr sürüyərək həyətdən çıxardıb taksiyə zəng etdiyini, Mahmud gələnə qədər seyfin küçədə Fərhadgilin qapısını yanında çöldə qapısı olmayan qarajın içinə qoyduğunu, Fərhadgilin harasa qonaq getdiyini, yükə elə də fikir vermədiklərini, sadəcə olaraq ondan hara getdiyini soruşanda bibisigilə getdiyini dediyini, Mahmud gələnə yaxın əynindəki paltarları çölə çıxmamışdan qabaq həyətin aşağısında çıxardığını və küçəyə atdığını, sürücünün Mahmud adlı şəxs olduğunu, Mahmud gələndə artıq Fərhadin oradan getmiş olduğunu, Mahmudla köməkləşib birlikdə seyfi taksiyə qoyduqlarını, Mahmud onun nə olduğunu soruşduqda ona bibisi Lətifəgilə- Badaşqan kəndinə aparacağı bir əşya olduğunu bildirdiyini, Mahmudun onun seyf olduğunu bilmədiyini, bibisigilə çatdıqdan sonra özünün seyfi maşından endirdiyini, seyfi bibisigildə padvala-həyətin alt hissəsində yerləşən qaraja qoyduğunu və bibisinə gəlib onu götürəcəyəni bildirdiyini, ona sadəcə özünə aid bir şey olduğunu dediyini, seyfi bibisigilə qoyduqdan sonra artıq evə qayıtdığını, evdə öz səhvini başa düşüb peşman olduğunu, seyfi sahibinə qaytarmaq fikrinə düşdüyünü, həmin vaxt bibisinin zəng edib “bu nədir, gəl apar” dediyini, həmin vaxt polislər artıq Qurbangilin evində olduğundan bundan qorxub Mahmuda zəng edərək həmin əşyanı Kərimbəyliyə-qudaları Rozagilə aparmasını bildirdiyini, oraya aparmaqda məqsədinin seyfi oradan gətirib sahibinə təhvil vermək olduğunu, daha sonra könüllü olaraq seyfi qaytarmaq üçün Qurbanın özünə zəng etdiyini, Qurbanın da polislə onlara gəldiyini, sentyabr ayının 12-də seyfi təhvil verdiyini, heç kimə borcunun olmadığını, əməlindən peşman olduğunu, seyfin içində nə olduğunu bilmədiyini, evdən də başqa heç nə götürmədiyini, əvvəllər məsuliyyətə cəlb olunmadığını, oğurluğu tamah məqsədilə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, bu əməlin onun ilk və son səhvi olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxslə ədavətinin olmadığını, onun dayısının nəvəsi olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, 10 sentyabr 2025-ci il tarixdə oğlunun toyunda olarkən Ayşənin onların evinə daxil olaraq seyfi oğurladığını, toy evi olduğundan həmin ərəfələrdə Ayşənin onlara gəlib getdiyini, sentyabr ayının 08-də xına mərasimində təqsirləndirilən şəxs və ailəsindən heç kimin xınada iştirak etmədiyini, 09 sentyabrda isə Ayşənin kömək üçün gəldiyini, böyük ehtimalla seyfi də həmin vaxt gördüyünü, evdə kamera olduğunu, lakin hadisə olan ərəfədə kameranın kabelinin elektrik cərayınından ayrıldığını, bunu ola bilsin ki, televizora baxmaq üçün etdiklərini, çünki onların eyni yerə taxıldığını, Ayşənn borc pul istəmədiyini və kiməsə borcu olmasını da eşitmədiyini, toya gedəndə həyətin aşağı qapısının açıq olduğunu, amma otağın qapısının həmişə bağlı olduğunu, seyfin evdə salonun sağ tərəfində ikinci otaqda yerləşdiyini, axşam toydan qayıdarkən açar özündə olduğundan oğlunun hasardan tullanarq küçə qapısını açdığını, ondan sonra arvadının gəlinin xalası ilə birlikdə evə girdiyini və yorğan döşəyin dağıdıldığını dediyini, evdən seyfdən başqa heç nə götürülmədiyini, Babək Rayon Polis İdarəsinə və 102 xidmətinə zəng etdiklərini və sonra polis əməkdaşlarının onlara gəldiyini, hadisənin səhəri günü paltarların qonşunun tövləsindən tapıldığını, paltarın onlara aid olmadığını, Ayşənin qardaşı Əmrah adlı şəxs və baldızı oğlundan polislər şübhələndiyi üçün onların polis idarəsinə aparıldığını, sentyabr ayının 12-si Ayşənin ona zəng etdiyini, və “gəl gedək seyfi verim” dediyini, gedib seyfi götürsə polis əməkdaşlarının onları aldatdığını düşünəcəklərindən ehtiyat edərək bu təklifi qəbul etmədiyini, seyfin polis əməkdaşlarının iştirakı ilə alınaraq ona təhvil verildiyini və dəyən zərərin ödənildiyini, polis əməkdaşlarının iştirakı ilə seyfin açıldığını, sənədlərin və pulların hamısının onun içində olduğunu, seyfin üzərində heç bir xəsarət izinin olmadığını, sadəcə olaraq yerdə süründüyü üçün cızıqlar olduğunu, hazırda heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində tərəflərlə qonşu olduqlarını, hadisə günü axşam maşını həyətdə saxladığını, qarajın isə küçədə olduğunu və qapısının olmadığını, maşını həyətdən çölə çıxaran zaman qarajda əşya olduğunu görüb yaxınlaşıb nə olduğunu öyrənmək istəyəndə Ayşənin gələrək əşyanın Lətifə bibisigilə məxsus olduğunu bildirdiyini, ondan niyə oraya qoyduğunu soruşduqda bibisigilin gəlib əşyanı aparacaqlarını bildirdiyini, həmin vaxt ailəsi ilə birlikdə sinif yoldaşıgilə getdiyini, qayıtdıqda Ayşən və əşyanın orada olmadığını gördüyünü, bağlamada isə nə olduğunu bilmədiyini, əşyanın adyal və ya mələfəyə bükülü olduğunu, həmin vaxt bu vəziyyyətdən şübhlənmədiyini, saat təqribən 10-a işləmiş Qurbanın ondan oğurluq barədə soruşduqda ona Ayşənin əşyası ilə bağlı heç nə demədiyini, ona həyətlərindən və ya evlərindən nəyinsə çıxmasını görmədiyini bildirdiyini, çünki nə Ayşənin onların evlərindən çıxdığını, nə taksinin gəldiyini, nə də ki Ayşənin əynində qeyri-adi paltar gördüyünü, həmin vaxt şəxsin adi qadın geyimində olduğunu və onun hərəkətlərində həmin vaxt qeyri-adi heç nə hiss etmədiyini qeyd etmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bacısı qızı vəfat etdiyinə görə həmin gün Qurbangilin toyuna getmədiyini, əri və oğlunun toya getdiyini, Ayşənin qabaqcadan onun toya getməyəcəyini bildiyini, gecə saat 10-a qalmış Ayşəninin ona zəng edib evdə olubolmadığını soruşduqdan sonra onlara gələcəyini bildirdiyini, çay qoymağa hazırlaşan zaman saat 10-a 15 dəqiqə qalmış Ayşənin zəng edərək qapıya çatdığını bildirdiyini, qapıya çıxanda taksinin dayandığını və arxasının açıq olduğunu, Ayşənin maşının arxasından bir əşya endirərək ona məxsus olduğunu və onlarda qalmasını xahiç edib 2-3 günə gəlib götürəcəyini bildirdiyini, həmin yükü maşından endirməsə də, həyətə gətirəndə kömək etdiyini, adyalın kənarından tutduğunu, amma yükün ağırlığını elə də hiss etmədiyini, həmin əşyanın bükülü olduğunu, Ayşənin əşyanı padvalın ağzına qoyub taksiyə minərək çıxıb getdiyini, səhər tezdən oyananda toyuqlara dən vermək üçün həyətə çıxan vaxt Ayşənin həyətə qoyduğu əşyanın ağlına gəldiyini, gedib baxanda içində seyf olduğunu gördüyünü, Ayşənə zəng edib bu barədə soruşduqda Ayşənin ona “narahat olma, həmin seyf mənə hədiyyə verilib” dediyini, ona “Mənim qapımın açarı yoxdur, gəl bunu apar” dediyini, 10 dəqiqə sonra Ayşənlə əvvəl gələn taksi sürücüsünün gəlib seyfi apardığını, sabahı gün günorta zəng edilərək “yoldaşını da götür gəl polis idarəsinə” deyildiyini və oraya getdikdə isə seyfin oğurluq olmasını öyrəndiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ayşənin onun qızının baldızı olduğunu, ona zəng edərək onda bir mücrü, içində qızıl və pul olduğunu və gətirib onlarda saxlamağı xahiş etdiyini, buna etiraz etmədiyini, Ayşənin 10-15 günə gəlib götürəcəyini bildirdiyini, ondan niyə yükü onlarda saxladığını soruşmadığını, Ayşənin səsində həyəcan hiss etmədiyini, əşyanın bükülü vəziyyətdə olduğunu, normal sarı taksi də gətirildiyini, sürücünün əşyanı qaraja qoyub getdiyini, yükü açıb baxmadığını, həmin gün dayısı oğlu vəfat etdiyindən əşya ora qoyulduqdan sonra yasa getdiyini, səhəri polislərin onlara gəldiyini və əşyanın oğurluq olduğunu öyrəndiyini, taksi şoferini tanımadığını, əşyanın taksidən endirilməsinə kömək etmədiyini, əşyanın onda heç bir şübhə yaratmadığını, Ayşəngilin borcunun olmadığını, imkanlarının da pis vəziyyətdə olmadığını qeyd etmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin onun əri olduğunu, Ayşənin Qurbanın dayısı nəvəsi olduğunu, Ayşənlə ədavətlərinin olmadığını, toydan qayıtdıqdan sonra evə girəndə heç bir dəyişiklik hiss etmədiyini, yorğan döşəyi düzəldən zaman çexolun cırıq olduğunu və çexolu dəyişərkən arxaya dönəndə seyfin olmadığını gördüyünü, həmçinin adyalın götürüldüyünü, ilk öncə özlərindən kiminsə götürdüyünü düşündüyünü, bundan sonra Qurbana seyfin olmadığını bildirdiyini, sonuncu dəfə sentyabr 8-i ciyər axşamı günü Ayşənin onlarda olduğunu, kameranın qoşulu olduğunu, amma televizorla eyni xəttə qoşulduğuna görə televizora baxan zaman kameranın çıxarıldığını, toy günü evdən sonuncu çıxıb qapını bağlayarkən kameranı qoşduğunu, açarı isə həyətdə pərdənin altına qoyduğunu, Ayşənin açarın yerini bildiyini və hadisədən əvvəl dəfələrlə kameranının işləyib-işləmədiyini soruşduğunu, polisə məlumat verdiklərini, 2 gün sonra seyfin tapıldığını bildirmişdir. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmişin onun atası olduğunu, sentyabr ayının 10-u toya gedəndə qapıların bağlı olduğunu, sonuncu dəfə ata və anasının evdən çıxdığını, Ayşənin onlara gəldiyini, amma seyfin yerini soruşmadığını və pul istəmədiyini, evə girəcək 3 ədəd qapı olduğunu, həmin vaxt mətbəxin qapısının bağlı olduğunu, açarın isə çöldəki stolun üstündə olduğunu, toydan qayıdarkən açar özündə olmadığına görə divardan aşıb həyət qapısını içəridən açdığını, yoldaşının evə keçdiyini, əmioğlu və əmilərinin isə həyətdə navesin altında oturduğunu, anasının içəri girəndə oğurluq olmasını gördüyünü qeyd etmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində taksi sürücüsü işlədiyini, adətən Babək rayonu, Yarımca kəndinə olduğunu, Təqsirləndirilən şəxs sadəcə olaraq müştəri kimi tanıdığını, Zərərçəkmiş şəxs isə məscidin yanında aptek işlətdiyini bildiyini, Ayşəni öz evlərinə və Elnurgilə dəfələrlə apardığını və Elnuru həmin vasitə ilə tanıdığını, Ayşənin neçə illik müştərisi olduğunu, hadisənin baş verdiyi tarixi xatırlamadığını, axşam saat 21 radələrində Ayşənin ona zəng edərək “gəl məni bibimgilə apar” dediyini, onların məhləsinə getdiyini, Ayşənin ona “əşyalarım var, kömək et onları maşına qoyaq və məni bibimgilə apar bunu oraya qoyaq, sonra məni kəndə qaytar” dediyini, belinin ağrıdığını və heç nə götürə bilmədiyini ona dediyini, lakin qadın olduğundan və ətrafda heç kim olmadığından məcbur qalıb ona kömək etdiyini, ağ adyala bükülü bir əşya olduğunu, adyalın iki tərəfdən qatlanıb bağlandığını və içərisindəki əşyanın ağır olduğunu, adyalın içərisində nə olduğunu isə görmədiyini, adyalın bir tərəfindən özünün, digər tərəfindən isə Ayşənin yapışdığını və maşının baqajına qoyub Babək rayonu, Badaşqan kəndinə apardığını, həmin vaxt yanlarında heç kimin olmadığını, həmin əşyanı Ayşənin bibisigilin həyətinə endirdiklərini və adyalı Ayşənin bibisigilin evinin padvalının qapısının yanına qoyduqlarını, sonra Ayşəni Babək rayonu, Güznüt kəndinə gətirdiyini, Ayşənin həmin vaxt normal geyimdə olduğunu, onun üzərində həmin vaxt kişi geyiminin olmadığını, həmin günün səhəri Ayşənin zəng edib “dünən bibimgilə apardığımız əşyanı Babək rayonu, Kərimbəyli kəndinə aparıb Elnurgilə ver” dediyini, yenə də adyalı bağlı şəkildə maşına qoyduqlarını, xatırladığına görə adyalı Ayşənin bibisinin yoldaşı ilə birlikdə maşına qoyduqlarını, dediyi qaydada əşyanı Ayşənin bibisigildən götürüb Babək rayonu, Kərimbəyli kəndinə apardığını, Elnurun arvadının gəldiyini və ondan adyalı kimin götürəcəyini soruşduğunu, onun isə “gözlə uşaqlarımı çağırım, yatıblar” dediyini, ona “uşaqları oyatmayın, bir tərəfindən mən, bir tərəfindən siz yapışın qaraja qoyaq” dediyini, adyalı Elnurun yoldaşı ilə birlikdə qaraja endirdikdən sonra qayıtdığını, Ayşənin həmin vaxt həyəcanlanmasını və hərəkətlərində heç bir şübhəli halı müşahidə etmədiyini, əşyanı Elnurgilə qoyduqdan sonra Ayşənlə danışmadığını, həmin hadisədən 1 gün sonra polis şöbəsinə dəvət edildiyini və həmin vaxt adyalın içərisində dəmir seyf olduğunu öyrəndiyini, oğurluq əşya olduğunu bilmədiyini, indiyədək bəlkə də onların 50 dəfə maşının baqajına əşyalar qoyduğunu, beli arğıdığından heç vaxt maşından enmədiyini və bir dəfə olsun maşına nə qoyduqlarını soruşmadığını bildirmişdir. “Cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında” 13 sentyabr 2025-ci il tarixli, ********* nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan 11 sentyabr 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Babək rayonu Güznüt kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evidir. Evin 3 yataq otağı, bir salonu, bir mətbəxi vardır. Evin qapı və pəncərələri yerindədir, qapı və pəncərələrdə heç bir sındırma və zədələmə izləri müşahidə edilməmişdir. Oğurluq baş verən otaq evin salonundan sağda 2-ci yataq otağıdır, otaqda giriş qapısından sağ tərəfdə qapının arxasında qəhvəyi rəngli dəmir seyf olmuş, Zərərçəkmiş şəxs deməsinə görə seyfin içərisində pul və evin sənədləri olmuşdur. Evin həyətində giriş hissəni çəkən təhlükəsizlik kamerası quraşdırılmışdır, kameranın görüntülərinə baxış keçirilən zaman görüntülərin xx.xx.2025-ci il tarixdə saat 16:32-də texniki nasazlıqdan dayandığı müəyyən edilmiş, həmin vaxtdan sonra kamera çəkilişi olmamış, hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs evinin aşağı hissəsində yol kənarına atılmış 02 ədəd qara-yaşıl rəngli fəhlə əlcəyi, 01 ədəd qara rəngli maska (balaklava), 01 ədəd qalstuk, 01 ədəd göy rəngli şalvar, 01 ədəd açıq göy rəngli uzunqol köynək və 01 ədəd qara rəngli pencək aşkar olunaraq götürülmüşdür. (cild 1 i.v. 6-18) Cinayət işinin materiallarında olan 12 sentyabr 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Babək rayon Kərimbəyli kəndində yerləşən X4 məxsus evin avtomobil qarajıdır, qarajın giriş qapısı asfalt yola açılır, ağ rəngli dəmir materialdan hazırlanmış darvazadır, darvazanın ortasında tək gözlü açılan qapısı var, qapıdan qaraja daxil olduqda üzbəüz divarda alətləri yığmaq üçün taxtadan divara bərkidilmiş rəf var, rəfin üzərində müxtəlif məişət əşyaları, elektrik naqilləri vardır, girişdən sağ tərəfdə ağ rəngli tək qapılı soyuducu vardır, soyuducunun sağ tərəfində üzərinə ağ-qara örtük və qırmızı rəngli balaca xalça qoyulmuş metal materialdan olan seyf vardır, seyf prosessual qaydada götürülmüş, seyfin qapısında hər hansı zorlama, sındırma və ya digər zədələr yoxdur, seyfin bir açar yeri vardır, seyfin sol yan hissəsində sürtünməden əmələ gəlməsi ehtimal edilən cızılma izləri vardır. Seyfin hündürlüyü 68 sm, eni isə 40 sm olan tünd qəhvəyi rəngli metaldan hazırlandığı müəyyən edilmişdir. (cild 1 i.v. 31-39) Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına MR X1 alınmış 07 oktyabr 2025-ci il tarixli 471 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2 i.v. 1-4) Cinayət işinin materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 25 sentyabr 2025-ci il tarixli məktubunda Babək rayonu Güznüt kənd sakini xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanserdə qeydiyyatda dayanmadığı göstərilmişdir. (cild 2 i.v. 6) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 28 oktyabr 2025-ci il tarixli 3-13-11/2-12377/2025 nömrəli məktubda, aparılmış molekulyar-genetik tədqiqat nəticəsində 01 ədəd fəhlə əlcəyi və 01 ədəd masqa (balaklava) üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs məxsus olduğu göstərilmişdir. (cild 2 i.v. 15-18) Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 13 noyabr 2025ci il tarixli 1104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş seyfin üzərində kənar predmetlə yetirilməyə xarakterik heç bir deformasiya əlamətləri, trasoloji zədə və izlər aşkar edilmədi, Seyfin sol yan səthində olan izlər hər hansı bərk səthə (həmçinin bərk predmetə, asfalta) təmasda olmaqla hərəkət etdirməklə intensiv sürtünmə nəticəsində yaranmağa xarakterik sürtünmə zədəsidir. (cild 2 i.v. 30-33) İstintaq zamanı Zərərçəkmiş şəxs 30 sentyabr 2025-ci il tarixdə Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab olunan ona məxsus milli və xarici valyutadan ibarət ümumilikdə 45709 manat pulun ona qaytarılmasını bildirmiş və 30 sentyabr 2025-ci il tarixli Aktla 45709 manat pul ona təhvil verilmişdir. (cild 1 i.v. 246-247) İstintaq zamanı iş üçün əhəmiyyətli olduğundan hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd dəmir seyf 17 noyabr 2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən ona qaytarılmışdır. (cild 2 i.v. 35) Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs məhkumluğunun olmaması göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 21 radələrində qəsdən tamah məqsədilə Babək rayon Güznüt kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olmaqla evin yataq otağından içərisində 37 ədəd 200 manatlıq, 69 ədəd 100 manatlıq, 92 ədəd 50 manatlıq, 159 ədəd 20 manatlıq, 60 ədəd 10 manatlıq, 61 ədəd 5 manatlıq, 888 ədəd 1 manatlıq, 1720 ədəd 50 qəpiklik, 40 ədəd 20 qəpiklik, 20 ədəd 10 qəpiklik, 120 ədəd 100 ABŞ dolları, 4 ədəd 50 ABŞ dolları, 4 ədəd 20 ABŞ dolları, 3 ədəd 10 ABŞ dolları, 3 ədəd 5 ABŞ dolları, 5 ədəd 1 ABŞ dolları, 5 ədəd 20 Türk lirəsi, 1 ədəd 10 türk lirəsi, 3 ədəd 5 türk lirəsi əskinasları olan dəmir seyfi gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə sonuncuya ümumilikdə 45709 (qırx beş min yeddi yüz doqquz) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 10 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs qızına məxsus Babək rayonu Güznüt kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq yataq otağından içərisində ümumilikdə 45709 (qırx beş min yeddi yüz doqquz) manat pul olan dəmir seyfi götürərək gizli olaraq talamaqla oğurluq etməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, ekspert rəyi, şahid ifadələri və digər yazılı sübutlar əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Sözügedən əməli ibtidai istintaq orqanı CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədilməsi cinayət əməlinin tərkibi vardır. Plenum qərarının 26-cı bəndində göstərilir ki, oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 18-ci bəndinə görə əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviriəsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Şəxsin təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə şəxsin əməlində CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən isə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və buna görə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin istintaq zamanı Zərərçəkmiş şəxs 05 dekabr 2025-ci il tarixdə Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə həmçinin CM-in 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə istintaqında CM-in 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Güznüt kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Güznüt kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-trasoloji ekspertizasının ümumi dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq X5 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir. CPM-in 132.1 və 132.1.7-ci maddələrinə görə məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Maddi sübut olan hadisə yerindən götürülmüş, hazırda Babək Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 02 ədəd qara-yaşıl rəngli fəhlə əlcəyi, 01 ədəd qara rəngli maska (balaklava), 01 ədəd qalstuk, 01 ədəd göy rəngli şalvar, 01 ədəd açıq göy rəngli uzunqol köynək və 01 ədəd qara rəngli pencək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləriini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu Güznüt kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-trasoloji ekspertizasının ümumi dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq X5 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 27 saat göstərilmiş xidmətə görə 297 (iki yüz doxsan yeddi) manat vəsait dövlət büdcəsindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ayrılmış vəsaitlərin hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olan hadisə yerindən götürülmüş, hazırda Babək Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 02 ədəd qara-yaşıl rəngli fəhlə əlcəyi, 01 ədəd qara rəngli maska (balaklava), 01 ədəd qalstuk, 01 ədəd göy rəngli şalvar, 01 ədəd açıq göy rəngli uzunqol köynək və 01 ədəd qara rəngli pencək hökm qanuni qüvvəyə mindikdən Təqsirləndirilən şəxs geri qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №1(079)-22/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-22/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver