Məhkəmə qərarları › İş №1(079)-3/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-3/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-3/2024 17.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Babək rayonu Hacıvar kəndində yaşayan, evli, “Faytonçu” restoranında ofisiant işləyən, məhkumluğu olmayan, 25 avqust 2023-cü il tarixli qərarla barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 13 noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında qayınatası Zərərçəkmiş şəxs Babək Rayon Şəkərabad kəndindəki evinin zirzəmisinin qapısını çərçivəsindən çıxararaq qanunsuz olaraq zirzəmiyə daxil olub oradan dəyəri 360 manat olan 1 ədəd “Bosch” markalı peraparatoru, dəyəri 480 manat olan 1 ədəd “GENPOWER” markalı generatoru, dəyəri 550 manat olan 1 ədəd “KEMAN” markalı generatoru, dəyəri 300 manat olan 1 ədəd “SARO” markalı generatoru və dəyəri 90 manat olan 1 ədəd “Jıalıle” markalı qaynaq aparatını gizli olaraq vahid niyyətlə talamaqla zərərəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1780 (bir min yeddi yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək qayınatası Zərərçəkmiş şəxs iki il bundan əvvəl Bakı şəhərinə köçdüyünü, həyat yoldaşı ilə birlikdə qayınatasının icazəsi ilə onun Babək rayonu Şəkərabad kəndində yerləşən evini mebel əşyaları ilə təchiz etdikdən sonra köçüb orada yaşadıqlarını, ilk dəfə həmin evin zirzəmisində olan generatoru qayınatasının razılığını almadan götürüb çöldə heyvandarlıqla məşğul olduğundan istifadə edib qayınatasının tələbi ilə gətirib yerinə qoyduğunu, bundan sonra Zaurun həmin zirzəmini qıfıllayıb oradakı əşyalara toxunmamağı tapşırdığını, evin altında iki padvalın olduğunu, əvvəllər hər ikisi açıq olsa da bu hadisədən sonra qayınatasının aparatların olduğu padvalı qıfılladığını, həmin padvalın açarını isə onlara vermədiyini, qızı ilə onun razılığı olmadan ailə qurduğu üçün onunla münasibətlərinin yaxşı olmadığını, daha sonra təxminən 2023-cü ilin fevral-mart aylarında pula ehtiyacı olduğu üçün bağlı olan padvalın qıfılına dəymədən qapısını cəftəsindən çıxarıb oradan 3 ədəd generator, 1 ədəd qaynaq aparatı və 1 ədəd preparator götürdüyünü, bu zaman qayınatasının heç bir razılığını almadığını, hətta arvadının belə bundan xəbərinin olmadığını, götürdüyü əşyalardan generatorlardan birini 100 manata, digərini isə 200 manata, qaynaq aparatını üzərindəki kabellə birlikdə 100 manata, 1 həftə sonra isə preparatoru 200 manata Ramazana satdığını, generatorlardan birini isə Qaraxanbəyli kəndində atası, anası və qardaşının yaşadığı evin həyətində onların xəbəri olmadan gizlətdiyini, məqsədinin onu da daha sonra götürüb satmaq olduğunu, götürdüyü pulları borclu olduğu adamlar tərəfindən təhdid edildiyindən onlara ödədiyini, lakin avqust ayında Zaurun Bakıdan Naxçıvana gəldiyini və əşyalarını götürdüyündən xəbər tutduğunu, ona vaxt verməsini və əşyalarını gətirib yerinə qoyacağını dedikdən sonra Zaurun qısa vaxt ərzində bütün əşyaları yerinə qoymağı tapşırdığını, Ramazana 200 manata satdığı generatorun birinin pulunu verib geri aldığını, onu və həyətdə gizlətdiyi digər generatoru yerinə qoyduğunu, Ramazandan hilti (preparator), qaynaq aparatı və digər generatoru geri qaytarmağı tələb etsə də onun bütün pulunu verməsə qaytara bilməyəcəyini dediyini, üzərində cəmi 400 manat olduğu üçün geri ala bilmədiyini, Ramazanın qanyaq aparatının isə artıq özündə olmadığını dediyini, bu səbəbdən də həmin əşyaları yerinə qoya bilmədiyindən avqustun 21-i qayınatasının “ya arvadından boşan, ya da səni polisə verirəm” dedikdən sonra polisə müraciət etdiyini, bundan sonra isə digər əşyaları da polisin Ramazandan götürdüyünü, lakin ittihamda qeyd olunan qaynaq aparatı kabelini, laqondanı, 50 metrlik qalın elektrik kabelini, odun kəsəni, həyət üçün ocağı və alüminium qazanı isə götürmədiyini, onları qayınatasının ona daha da acıqlanmaması üçün boynuna götürdüyünü, kabelin yalnız qaynaq aparatının üzərindəki 1-2 metrlikdən ibarət olduğunu, başqa kabel götürmədiyini, ittihamda qeyd olunan laqondanın hadisə vaxt orada olduğunu, lakin onu götürmədiyini, hazırda həmin padvalda olub-olmadığını bilmədiyini, sadəcə olaraq ifadəsi yerində yoxlanılarkən padval bağlı olduğundan polisə göstərə bilmədiyini, həmçinin ifadəsi videoçəkilişlə yerində yoxlanılarkən alüminium qazan və həyət ocağının yerini də göstərdiyini, ilk dəfədən götürdüyü bütün əşyaların adını ifadəsində bildirdiyini, qayınatasının məqsədinin onu qızından ayırmaq olduğunu, buna görə də ondan şikayət etdiyini, Ramazana vurduğu ziyanı da ödəmədiyini, hazırda ona 600 manat pul borclu olduğunu, yenə də əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, arvadının ondan başqa heç kimi olmadığını, əgər azadlıqdan məhrum olunarsa bunun ailə vəziyyətinə mənfi təsirinin danılmaz olacağını bildirmiş, barəsində yüngül cəzanın seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutan məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Babək Rayon Şəkərabad kəndində qeydiyyatda olduğunu və Bakı şəhəri Abşeron rayonu Qurtuluş 93, bina 65, mənzil 12 üvnanında yaşadığını, 2021-ci ilin may ayında daimi yaşamaq üçün Bakı şəhərinə köçdüyünü, 2022-ci ilin mart aylarında kürəkəni Təqsirləndirilən şəxs kirayədə qalmaması üçün Şəkərabad kəndində yerləşən evin bir hissəsini müvəqqəti yaşaması üçün ona verdiyini, 7 ay bundan əvvəl kürəkəninin ona məxsus əşyaları xəbərsiz istifadə etdiyini gördüyünü, sonra ona evi verməyinə baxmayaraq əşyaları evin zirzəmisinə yığdığını və dəyməməsini tapşırdığını, 2023-cü ilin may ayında gəldikdə evin zirzəmisinə yığdığı əşyaların yerində olduğunu gördüyünü, lakin avqust ayının 7-də əvvəlcədən yığdığı 3 ədəd generator, 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda, 1 ədəd bosh markalı böyük peraparator, 200 metr 5-lik qaynaq aparatı kabeli, 50 metr qalın eletrik kabeli, 1 ədəd odun kəsən, 1 ədəd həyətə qoyduğu ocaq və 1 ədəd böyük aliminium qazanın kürəkəni Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını gördüyünü, həmin əşyaların oğurlanması zamanı ona təxminən 10 min manat məbləğində ziyanın dəydiyini, evi ona verən zaman bağlamasa da 7 ay bundan öncə kürəkəninin evdə olan əşyaları xəbərsiz istifadə etdiyini gördükdən sonra əşyaları zirzəmiyə yığıb qapısını bağladığını, ona tapşıraraq “mənim əşyalarıma əlini vurma” dediyini, buna baxmayaraq yenə də kürəkəninin onun əşyalarını oğurladığını bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs qabaqcadan tanımadığını, onunla “Emin” adlı tanışı vasitəsilə tanıdığını, Eminin ona borcu olduğunu, pulu gətirməyə gələndə Eminin ona 2 ədəd generatorunun olduğunu dediyini, birinin nasaz, digərinin isə saz vəziyyətdə olduğunu, buna görə də saz vəziyyətdə olanı 600 manata, nasaz vəziyyətdə olanı isə 200 manata satdığını bildirdiyini, nasaz olan generatoru nə qədər çalışsalar da da işə sala bilmədiklərini, onun qiymətini bu səbəbdən 150 manata endirdiyini, Kamranın görünüşündən həmin malı oğurladığını təxmin edə bilmədiyini, Eminin “əgər düzəlməsə ustaya ver, əks halda pulunu Kamran qaytaracaq” dediyini, ustaya göstərdikdə generatorun kabellərinin xarab olduğunu öyrəniyini, üstündən bir müddət keçdikdən sonra Kamran zəng edərək əlində yerdeşən - hilti olduğunu dediyini, həmin vaxt Kamrana evdə olmadığını dediyini, qiymətini soruşduğunu, Kamranın isə 200 manat olduğunu bildirdiyini, Kamrana 150 manat verəcəyini dedikdən sonra gözətçidən həmin məbləği almasını dediyini, lakin Kamranın gözətçidən 200 manat pul alıb getdiyini, daha sonra Kamranın qaynaq aparatının olduğunu bildirdiyini, ona “pulum yoxdur” desə də Kamranın banka borclu olduğunu və aldığı pulları kreditə verdiyini bildirdiyini, bundan sonra aparatı yoxlayıb ona 100 manat pul verdiyini, 15-20 gün keçdikdən sonra yenə zəng edərək 600 manata generatorun olduğunu, qiymətlə razılaşmadıqda isə banka vermək üçün 200 manat borc istəyərək aparatın onda qalmasını xahiş etdiyini, ondan 200 manat borc istəyərək onu daha sonra Yayıcı kəndindən olan başqa adama 600 manata satıb borcunu ödəyəcəyini bildirdiyini, çətin vəziyyətinə görə bununla da razılaşdığını, həmin aparatın dəyərinin 600 manat ola biləcəyini, saz vəziyyətdə olduğunu, bir müddət sonra Kamranın zəng edərək qaynaq aparatını 600 manata başqa bir adama satacağını deyərək həmin aparatı ondan istədiyini, ona “aparatı götür, lakin mənə borcun var” dediyini, belə ki, hiltinin da işləmədiyini, daha sonra nə qədər zəng etsə də telefonlara cavab vermədiyini, qardaşı olduğunu deyən birinin telefonu götürüb Kamranın Bakıda qəzaya uğradığını bildirdiyini, daha sonra onu aparan sürücüdən generatoru 215 manata Çeşməbasarda çörək sexinə satdığını, 15 manatı isə sürücüyə verdiyini öyrəndiyini, Kamranın bir müddət sonra gəlib həmin malların oğurluq olduğunu deyib geri qaytarılmasını xahiş etdiyini, lakin yerdeşəni başqa adama verdiyini, həmçinin verdiyi pulları qaytarmadan əşyaları verə bilməyəcəyini, ümumilikdə ondan 650 manat pul aldığını, əşyaların real bazar qiyməti ilə ciddi fərq olmadığından əşyaları tək-tük gətirsə də oğurluq olmasının aydın olmadığını, həmçinin Kamranın xarici görünüşünün onda inam yaratdığını, qaynaq aparatını traktorunu təmir etmək, preparatoru isə həyətdə istifadə etmək üçün aldığını, generatorlardan birini isə borcu qarşılığında özündə müvəqqəti saxladığını, Kamranın ona laqanda, qaynaq aparatı kabeli, qalın elektrik kabeli, odunkəsən, qazan və ya dəmir ocaq satmadığını, 1 ay sonra polis əməkdaşlarının 2 dəfə gələrək aparatları götürdüklərini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində hadisənin baş verdiyi tarixi dəqiq xatırlamadığını, hadisə günü Bakıdan gələn bibisioğlu Zaurla restoranda oturduqlarını, oğurluq faktı ilə bağlı heç nə bilmədiyini, həmin vaxt Kamranın Zaura telefon zəngi etdiyini, Zaurdan nə baş verdiyini soruşanda Kamranın onun generatorunu apardığını və gətirəcəyini bildirdiyini, daha sonra Kamranın onun özünə zəng edərək işdə olduğunu, göndərəcəyi maşınla generatorları Zaurgilin həyətinə qoymağı xahiş etdiyini, daha sonra Kamranın zəng edərək maşının restoranın həyətinə çatdığını bildirdiyini, maşına əyləşib Zaurgilin evinə getdiyini, maşının içində 1 ədəd generatorun olduğunu, daha sonra Kamranın atası-maşının sürücüsü Hacı Vaqiflə birlikdə generatoru həyətə qoyduqlarını, bundan sonra restorana qayıtdığını, 2-3 gün sonra Zaurun zəng edib 20-25 dəqiqəyə Bakıya getdiyini, onu polis şöbəsinə aparmağını xahiş etdiyini, Zauru əmisioğlunun evindən götürdüyünü, yolda isə Zaurun olan hadisəni danışdığını, Zaurla polis şöbəsinə girdiklərini, oradan çıxdıqdan sonra isə onu hava limanına apardığını, Zaurun ona generatorların kimə satıldığı barədə heç nə demədiyini daha sonra məsələ ilə bağlı onu polis şöbəsinə çağırdıqlarını, Kamranın Zaurun evindən nə apardığı, kimə və neçəyə satması barədə heç bir məlumatının olmadığını, apardığı Zaura məxsus generatorun “Genpower” markalı olduğunu bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsini rəhbər tutan məhkəmə şahidin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olduğunu və Bulqan kəndində yaşayadığını, Naxçıvan şəhərində yerləşən Faytonçu restoranında nəzarətçi kimi işlədiyini, Təqsirləndirilən şəxs onun əmisi nəvəsi olduğunu, 2023-cü ilin may ayında Qaraxanbəyli kəndində Araz çayının kənarında heyvandarlıq təsərrüfatı ilə məşğul olarkən dəqiq xatırlamadığı tarixdə Kamranın tanımadığı Vaz 2106 markalı avtomobillə onun tövləsinin yanına bir ədəd qırmızı rəngli generator gətirdiyini və işə salmaq üçün yanacaq istədiyini, generatora yanacaq töküb işə salmaq istədikdə generator işləmədiyi üçün Kamranın onu götürüb apardığını, Kamranın generatoru gətirən zaman özünə məxsus olduğunu dediyini və işlədib qaytarmalarını bildirdiyini, lakin generator işləmədiyi üçün götürüb apardığını, həmin generatorun oğurluq olması və Kamranın qayınatası Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi barədə məlumatının olmadığını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd “SARO” markalı generatoru və 1 ədəd “BOSCH” markalı pereparatoru ünvan 1 ünvanında yaşayan Şahid3 satdığı müəyyən edildiyindən Şahid3 təqdim etdiyi 1 ədəd “SARO” markalı generator və 1 ədəd “BOSCH” markalı pereparator prosessual qaydada götürülmüş, 1 ədəd “GENPOWER” markalı və 1 ədəd “KEMAN” markalı generatorları Zərərçəkmiş şəxs istintaqa təqdim etmiş və həmin generatorlar prosesual qaydada götürülmüş, 1 ədəd “JİALİLE” markalı qaynaq aparatını Şahid3 təqdim etmiş və həmin qaynaq aparatı prosesual qaydada götürülmüş və sözügedən əşyalar Babək Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmaya verilmişdir. Cinayət işinin materiallarında olan faktiki olaraq prosesual qaydada götürülmüş 3 ədəd generator, 1 ədəd qaynaq aparatı, 1 ədəd bosh markalı böyük peraparator, əlavə olaraq faktiki mövcud olmayan 1 ədəd laqonda, 200 metr 5-lik qaynaq aparatı kabeli, 50 metr qalın eletrik kabeli, 1 ədəd odun kəsən, 1 ədəd həyət üçün ocaq, 1 ədəd böyük aliminium qazanın orta bazar qiymətlərini müəyyən etmək məqsədilə 05 sentyabr 2023-cü il tarixli qərarla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 04 oktyabr 2023-cü il tarixli 882 saylı ekspert rəyində 01 ədəd “BoschGBH 11 DE” markalı böyük praparatorun orta bazar qiymətinin 360 manat, 1 ədəd “GENPOWER” (gbv 200) markalı generatorun orta bazar qiymətinin 480 manat, 01 ədəd “KEMAN” markalı generatorun orta bazar qiyməti 550 manat, 01 ədəd “SARO” markalı generatorun orta bazar qiymətinin 300 manat , 01 ədəd “Lıalıle” markalı qaynaq aparatının orta bazar qiymətinin 90 manat olduğu, əlavə olaraq nəzəri qaydada hesablanmış 200 metr 5-lik qaynaq aparatı kabelinin orta bazar qiymətinin bir metrinin 1,10 manat olduğu müəyyən edilərək ümumilikdə 2000 manat olduğu göstərilmiş, 1 ədəd laqondanın, 50 metr qalın elektrik kabelinin, 1 ədəd odun kəsənin, 1 ədəd həyət üçün ocağın və 1 ədəd böyük alüminium qazan haqqında ətraflı məlumat olmadığından qiymətləndirmənin aparılması mümkün olmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi tövsifedici əlamətlərlə oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə daxil olmaqla talama ilə bağlı cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs may ayında qayınatası Zərərçəkmiş şəxs Babək Rayon Şəkərabad kəndindəki evinin zirzəmisinin qapısını çərçivəsindən çıxardaraq qanunsuz olaraq zirzəmiyə daxil olub oradan dəyəri 360 manat olan 1 ədəd “Bosch” markalı peraparatoru, dəyəri 480 manat olan 1 ədəd “GENPOWER” markalı generatoru, dəyəri 550 manat olan 1 ədəd “KEMAN” markalı generatoru, dəyəri 300 manat olan 1 ədəd “SARO” markalı generatoru, dəyəri 90 manat olan 1 ədəd “Jıalıle” markalı qaynaq aparatını, dəyəri 220 manat olan 200 metr 5-lik qaynaq aparatı kabelini, dəyəri 240 manat olan 1 ədəd laqondanı, dəyəri 1 metri 2,70 manat olmaqla ümumilikdə 135 manat olan 50 metr qalın elektrik kabelini, dəyəri 220 manat olan 1 ədəd odun kəsəni, dəyəri 35 manat olan 1 ədəd həyət üçün ocağı, dəyəri 50 manat olan 1 ədəd böyük aliminium qazanı gizli olaraq vahid niyyətlə talamaqla zərərəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2680 (iki min altı yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişdir. Sözügedən əməli ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli yolla talama cinayət əməlinin tərkibi vardır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 2023-cü ilin may ayında saxlanc yeri olan evin zirzəmisinə qanunsuz daxil olmaqla ümumi dəyəri 1780 (bir min yeddi yüz səksən) manat olan zərərəkmiş Zərərçəkmiş şəxs məxsus 360 manat olan 1 ədəd “Bosch” markalı peraparatoru, dəyəri 480 manat olan 1 ədəd “GENPOWER” markalı generatoru, dəyəri 550 manat olan 1 ədəd “KEMAN” markalı generatoru, dəyəri 300 manat olan 1 ədəd “SARO” markalı generatoru, dəyəri 90 manat olan 1 ədəd “Jıalıle” markalı qaynaq aparatını gizli yolla əvəzsiz olaraq talamaqla oğurluq əməlini törətməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, axtarış və götürmə haqqında və təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollar və şahid ifadələri əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin sözügedən hissədə ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 21-ci bəndində göstərilmişdir ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Təqsirləndirilən şəxs yaşayış evində hüquqa müvafiq qaydada, mülkiyyətçinin razılığı ilə yaşasa da, mühafizə olunan saxlanc yeri olan maddi nemətlərin saxlanması üçün nəzərdə tutulmuş evin zirzəmisinə mülkiyyətçinin icazəsi olmadan zirzəminin qıfılına toxunmadan qapısını yerindən çıxararaq daxil olmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilsə də, ittihamın “Zərərçəkmiş şəxs məxsus olan dəyəri 220 manat olan 200 metr 5-lik qaynaq aparatı kabeli, dəyəri 240 manat olan 1 ədəd laqonda, dəyəri 1 metri 2,70 manat olmaqla ümumilikdə 135 manat olan 50 metr qalın elektrik kabeli, dəyəri 220 manat olan 1 ədəd odun kəsən, dəyəri 35 manat olan 1 ədəd həyət üçün ocaq, dəyəri 50 manat olan 1 ədəd böyük aliminium qazanın Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanması”na dair epizpodları üzrə sübuta yetirilməmişdir. Belə olan halda şəxsin ittiham olunduğu ittihamdan 200 metr 5-lik qaynaq aparatı kabeli, 1 ədəd laqonda, 50 metr qalın elektrik kabeli, 1 ədəd odun kəsən, 1 ədəd həyət üçün ocaq və 1 ədəd böyük alüminium qazana dair hissə ittihamdan xaric edilməlidir. Belə ki, ittiham sözügedən hissədə yalnız təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə əsaslandırılmış, iş üzrə digər sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. İbtidai araşdırmanın sonunda təqsirləndirilən şəxsdən yenidən alınmış ifadədə o özünü həmçinin “qaynaq aparatı kabeli, laqonda, 50 metr qalın elektrik kabeli, 1 ədəd odun kəsən, 1 ədəd həyət üçün ocaq və 1 ədəd böyük aliminium qazan”ın oğurlanmasında təqsirli bildiyini, sözügedən əşyaları da oğurladığını əvvəlki ifadələrində qorxduğu üçün bildirmədiyini qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittihamın bu hissədə əsassız hesab edilməsinə dair məhkəmənin gəldiyi nəticə cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də “Məhkəmə-Əmtəəşünaslıq Ekspertizası”nın 04 oktyabr 2023-cü il tarixli 882 №-li rəyi və işdə olan müvafiq axtarış və götürmə haqqında, həmçinin şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgəsinin əmlakını gizli talaması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxsin təqsirli bilindiyi 177.2.3-cü maddəsin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-in 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Cinayət məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq Babək rayonu, Hacıvar kəndində yaşayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsinin tələbindən görünür ki, yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşayış yeri Naxçıvan şəhəri Qaraxanbəyli kəndi olsa da faktiki yaşayış yerinin isə Babək rayonu, Hacıvar kəndi olması müəyyən edilir. Bu hal isə özlüyündə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasının təqsirləndirilən şəxsdən birbaşa asılı olmayan səbəblərə görə çətinləşdirə bilər. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, ona təyin ediləcək azadlığın məhdudlaşdırması cəzası ilə bağlı üzərlərinə qoyulan vəzifələr faktiki yaşadığı yer üzrə icra edilməlidir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 163.4-cü maddəsində göstərilir ki, ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və s. daxildir. Cinayət Prosessual Məcəlləsinin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və onlar dərhal məhkəmə iclas zalında ev dustaqlığından azad edilməli, barələrində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla və 25 avqust 2023-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 148 (bir yüz qırx altı) günlük müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 2 (iki) ay, 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Babək rayonu Hacıvar kəndində yerləşən yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Babək rayonu Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd “Bosch” markalı peraparator, 1 ədəd “GENPOWER” markalı generator, 1 ədəd “KEMAN” markalı generator, 1 ədəd “SARO” markalı generatoru və 1 ədəd “Jıalıle” markalı qaynaq aparatı Zərərçəkmiş şəxs qaytarılsın. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar