Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-4/2024 12.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, iki uşaq atası, müvəqqəti işsiz, fəhləliklə məşğul olan, əvvəllər məhkum olunmamış, Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “11” dekabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdi ki, Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsinə əsasən 23 noyabr 2015-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla, ümumilikdə iki uşağa görə 120 (bir yüz iyirmi) manat məbləğində alimenti 25 avqust 2013-cü il tarixdə doğulmuş X2 və 20 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödəməli olduğu halda, həmin alimenti 01 oktyabr 2019-cu il tarixdən ödəməyərək iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs 5740 (beş min yeddi yüz qırx) manat maddi ziyan vurmaqla Babək Rayon Məhkəməsinin sözü gedən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdi. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmədə ifadə verməkdən imtina etmişdi. Onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra, təqsirləndirilən şəxs həmin ifadəsini təsdiq etdiyini qeyd etmişdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdi ki, Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli icra sənədinə əsasən ondan 23 noyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq uşaqları 25 avqust 2013-cü il təvəllüdlü X2 və 20 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdi. Həmin məhkəmə qərarının icrası ilə bağlı ona rəsmi sənədlər göndərilmiş, alimenti ödəyə bilmədiyi üçün bir neçə dəfə yazılı və şifahi xəbərdarlıqlar edilmişdi. Aliment borcunu ödəmədiyi üçün 01 avqust 2016-cı il tarixdə Babək Rayon Məhkəməsinin qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdı. Gülyaz ərizə yazıb bildirmişdir ki, alimentin tutulmalı olduğu vaxtdan 01 oktyabr 2019-cu il tarixədək aliment pulunu tam şəkildə almışdır. Həmin tarixdən aliment ödəməmişdir. Bu səbəbdən Babək Rayon Məhkəməsinin qərarına əsasən 25 iyun 2020-ci il tarixdə 20 gün, 06 aprel 2023-cü il tarixdə isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 25 sentyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərində 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat ödəniş etmişdir. O, alimenti ödəməməyinə səbəb kimi yoldaşı ilə ayrılan zaman Gülyazın xalasının ondan zorla da olsa alimenti alıb özünün yeyəcəyini deməsini, buna görə də acığa düşdüyünü, həmçinin demək olar ki, hər gün spirtli içki qəbul edib sərxoş olduğundan işləyə bilmədiyini göstərmişdir. Alimentin ödənilmədiyi müddətdə şifahi razılaşma əsasında şəxsi evlərdə fəhlə işləmişdir. Hazırda da həmin işlə məşğuldur, qazancı gördüyü işlərə görə müxtəlif olur, orta hesabla günlük 15-20 manat qazanır. Bəzən iş olmadığından hər gün işləyə bilmir. Zərərçəkmiş şəxs 5740 (beş min yeddi yüz qırx) manat aliment borcunun olduğunu qəbul edir, həmin məbləği bir dəfəyə ödəməsi heç cürə mümkün deyil, yalnız aylıq hissə-hissə ödəyə bilər. İndiyədək aliment borcunu ödəməyərək səhv etdiyini qəbul edir, gedib dörd divar arasında qalmaq istəmir. İnzibati qaydada həbs olunduğu vaxtlarda içəridə qalmağın necə pis olduğunu görmüş və çox əziyyətlər çəkmişdir. Ona görə də tutulmaq istəmir, yaranmış aliment borcunu aylıq 120 manat olmaqla ödəyə bilər. O, həmçinin Gülyazla barışıb ailəsini bərpa etmək istədiyini bildirərək ona köməklik edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina etsə də, proses iştirakçıları tərəfindən ona verilən suallara cavablandırmışdı. Belə ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, bildirmişdi ki, maddi imkanı, həmçinin işi olmadığından ödəniş edə bilmədiyini, ibtidai istintaq zamanı zərər çəkmiş şəxsin xalası barədə dediyi sözlərin düzgün olduğunu, indiyədək Gülyaza 200 manat aliment ödədiyini, bundan sonra ona pul ödəyə biləcəyinə zəmanət vermədiyini, fəhləliklə məşğul olduğunu, elə günlər olur ki, gündəlik 20-25 manat pul qazandığını, bəzi günlər isə işsiz olduğunu, həqiqətən də zərər çəkmiş şəxsə 500 manat pul göstərib ona “pulum var, amma verməyəcəyəm” dediyini, 2023-cü ilin oktyabr ayında Gülyaza verdiyi pulu fəhləliklə qazandığını, əvvəllər ona pul ödəməməsinə səbəb bir az ona qarşı kin, bir az da işsizliklə bağlı olduğunu, ailəsi dağılmasa idi işsiz olduğu halda onları aç saxlamayacağını, əvvəllər bir-iki dəfə uşaqlara əlində 20-30 manat pul verdiyini bildirmişdi. Təqsirləndirilən şəxs son sözündə deyiləsi sözünün olmadığını bildirmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsə də, onun Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli, qətnaməsinin qərəzli olaraq icra etməməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdı. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Turalla 2011-ci ildə ailə qurduğunu, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, Turalın ona qarşı şiddət göstərməsi və spirtli içki qəbul etməsi səbəbindən özünün iddiası əsasında 2016-cı ildə ondan boşandığını, öz razılığı əsasında ondan bir uşaq üçün 60 manat aliment tutulmasının qərara alındığını, onun bu günədək çeklə 100 manat bir, 100 manat da bir olmaqla, ümumilikdə 200 manat pul verdiyini, bundan başqa üç dəfə gəlib uşaqları görəndə bir dəfə 20 manat, bir dəfə isə hər uşağa 20 manat olmaqla ümumilikdə 40 manat verdiyini, bir dəfə isə Turalın əmisi oğlu onlara gələndə uşaqlara 20 manat verdiyini, yəni bu günədək ümumilikdə ona 280 manat pul verildiyini, əvvəllər Turalın barəsində işə baxılması zaman məhkəmə iclas zalında təqsirləndirilən şəxsin ona 500 manat göstərərək, “evin kondisionerini satmışam, xalanın dediyi sözlərə görə sənə pul verməyəcəyəm” dediyini, halbuki xalasının həmişə onun ailəsinin bərpası istədiyini, ona pis günün ömrünün az olacağını dediyini, xalası onlardan getdikdən sonra Turalın ona niyə xalasının onların evinə gəldiyini, niyə onlara pul vermədiyini dediyini, hazırda yaranmış aliment borcunu bütünlüklə istədiyini, Turalın ümumiyyətlə 01 oktyabr 2019-cu ilədək də aliment pulu vermədiyini, uşaqlarına pasport alması üçün təqsirləndirilən şəxsin ona sənəd verməsi qarşılığında onun həmin tarixədək alimenti ödədiyinə dair ərizə verdiyini, qayınanası rəhmətə gedənədək Turalın gündəlik fəhləlik edərək evə 10-15 manat gətirdiyini, lakin qayınanasının ölümündən sonra onun bunu da etmədiyini bildirmişdi. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icraatına qəbul etmiş icra məmuru Şahid2 məhkəmədə şahid kimi verdiyi ifadəsində Babək Rayon Məhkəməsinin icra sənədinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 120 manat məbləğində alimentin tutularaq iki uşağın saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edildiyini, icra sənədinin icra şöbəsinə 23 may 2016-cı ildə daxil olduğunu, onun əvvəllər həmin vaxt şöbənin sabiq icra məmurları olan Səhman Seyidzadənin, daha sonra isə Vüsal Kərimovun icraatında olduğunu, icra işinin 18 yanvar 2023-cü il tarixdə öz icraatına verildiyini, bundan sonra təqsirləndirilən şəxsə rəsmi qaydada xəbərdarlıq edildiyini, həmçinin dəfələrlə şifahi qaydada da ona xəbərdarlıq verildiyini, daha sonra isə barəsində 15 gün müddətə inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyini, həmin vaxt onun qardaşının gəldiyini, təqsirləndirilən şəxsin telefonu olmadığından onun həbs olunmasından sonra Turalın qardaşı ilə əlaqə saxladığını, həmin şəxsin isə Turalın işsiz olduğunu, buna görə ödəniş etmədiyini dediyini, icra sənədinin icraatına qəbul etməsinədək Zərərçəkmiş şəxs əvvəlki borcun ödənilməsi ilə bağlı ərizə verdiyini, Təqsirləndirilən şəxs yaşadığı evinə gedib baxış keçirdiyini, sorğular verildiyini, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir gəlir və əmlak aşkar edilmədiyini, Təqsirləndirilən şəxs əmək qabiliyyətli olsa da ödəniş etmədiyini, özünün tanıdığı bir şəxsin, daha dəqiq desə bir icra məmurunun onu öz bağında işlədib bir günü üçün 70 manat ödəsə də, təqsirləndirilən şəxsin yenə də borcu verməkdən yayındığını, 2024-cü ilin fevral ayınadək onun icra sənədi üzrə borcunun 6140 manat təşkil etdiyini bildirmişdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Babək Rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində ibtidai istintaq zamanı bildirdiyi xüsusatlara oxşar ifadə vermişdi. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət tərkibinin yaranmasına səbəb olur. Onun təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən görünür ki, şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hökmü, qərardadı, qərarı və ya əmri olmalı və o, bu məhkəmə aktını qərəzli olaraq icra etmədikdə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətdikdə cinayət tərkibi yaranır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsindən Zərərçəkmiş şəxs 23 noyabr 2015-ci ildə Təqsirləndirilən şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etməsi, onun tələbi təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və uşaqların saxlanılması üçün 23 noyabr 2015-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla, ümumilikdə iki uşağa görə 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutularaq 25 avqust 2013-cü il tarixdə anadan olan X2 və 20 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət edilməsi müəyyən edilir (iş vərəqə 128-131). Cinayət işi materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 23 may 2016cı il tarixli, 2(079)-22/2016 nömrəli icra sənədindən yuxarıda qeyd edilən qətnamənin həmin gün qanuni qüvvəyə minməsi və icraya yönəlməsi aydın olur (iş vərəqə 12). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulub və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Cinayət işi materiallarından görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)- 22/2016 nömrəli, 23 may 2016-cı il tarixli icra sənədi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və 25 may 2016-cı ildə həmin icra sənədi üzrə icra məmuru Səhman Seyidzadə icraata başlamaq haqqında qərar qəbul etmişdi (iş vərəqə 13). İş materiallarında olan sənədlərdən o da aydın olur ki, icra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra o, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2ci maddəsindən irəli gələn hərəkətləri etmiş, yəni icraata başlamaq haqqında qərarı tələbin könüllü icra haqqında bildirişlə bərabər Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim etmiş və göndərmişdi (iş vərəqə 14-16). İcraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, borcludan Babək Rayon Məhkəməsinin 2(079)-22/2016 nömrəli, 23 may 2016-cı il tarixli icra sənədinin 10 (on) gün müddətində könüllü icrası tələb edilmiş və həmin qərar ona 27 may 2016-cı ildə təqdim edilmişdi. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs barəsində icrası məcburi olan məhkəmə qərarının mövcud olması və onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəlməsini təsdiq edir. Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsinin təqsirləndirilən şəxs tərəfindən icra edilməməsinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İcra sənədinin icra edilməsinin təmin edilməsi üçün, həmçinin icra etməmənin nəticələri barədə icra məmurunun 10 iyun 2016-cı il tarixli, 1xx-xx/2016 nömrəli, 12 iyul 2016-cı il tarixli, 1xx-xx/2016 nömrəli, 22 avqust 2019-cu il tarixli, 1xx-xx/2016 nömrəli, 28 avqust 2019-cu il tarixli, 1xx-xx/2016 nömrəli, 11 iyun 2020-ci il tarixli, 1xx-xx/182354/2016 nömrəli, 17 iyun 2020-ci il tarixli, 1xx-xx/182354/2016 nömrəli, 27 mart 2023-cü il tarixli, 182354/1xx-xx/2016 nömrəli, 06 aprel 2023-cü il tarixli, 182354/1xx-xx/2016 nömrəli bildirişlərlə Təqsirləndirilən şəxs rəsmi qaydada xəbərdar etməsi iş materialları ilə (iş vərəqə 22-24, 31, 32, 40, 41, 53, 54), həmçinin məhkəmədə dindirilən şəxslərin ifadələri ilə sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 13 may 2020-ci il tarixli ərizəsində (iş vərəqə 39) Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimenti 23 noyabr 2015-ci ildən 01 oktyabr 2019-cu il tarixədək ödəməsi qeyd edilsə də, zərər çəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində əslində Təqsirləndirilən şəxs həmin dövrədək də olan alimenti ödəmədiyini, bu ərizəni uşaqlarına pasport almaq üçün təqsirləndirilən şəxsin ona razılıq verməsinin qarşılığında verdiyini bildirmişdi. Həmçinin təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslərin məhkəmədə verdiyi ifadələrindən Təqsirləndirilən şəxs icra sənədi üzrə bu günədək cəmi 280 (iki yüz səksən) manat ödəniş etməsi müəyyən edilir. Bu qeyd edilənlər isə özlüyündə Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsini icra etmədiyini göstərir. Lakin cinayət qanunvericiliyinin tələbindən də görünür ki, məhkəmə qərarının icra edilməməsi yalnız qərəzli olduqda məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İşin yuxarıda araşdırılmış hallarından məhkəmə qərarında nəzərdə tutulmuş tələbin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinin mövcud olması öz təsdiqini tapır. Borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə gəldikdə isə “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il qərarınında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qeyd edilən halın tədqiq edilməsi ilə bağlı məhkəmə bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsi əsasında verilmiş 23 may 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı olaraq dəfələrlə icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətməsinə görə barəsində Babək Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 3(079)-54/2016 nömrəli və 25 iyun 2020-ci il tarixli, 3(079)-16/2020 nömrəli qərarları ilə 20 (iyirmi) gün, 06 aprel 2023-cü il tarixli, 3(079)-41/2023 nömrəli qərarı ilə isə 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi aydın olur (iş vərəqə 25-26, 44-46, 57-61). Bunlardan başqa icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə şübhələrin olduğunu nəzərə alaraq icra məmuru Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Babək Rayon Məhkəməsinə 01 dekabr 2016-cı il tarixdə təqdimatla müraciət etmiş, onun təqdimatı məhkəmənin 13 dekabr 2016-cı il tarixli qərardadı ilə təmin edilərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdı (iş vərəqə 27-29). Cinayət işi materiallarında olan sənədlərdən Babək Rayon İcra və Probasiya Şöbəsinin rəisinin 25 sentyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsinin icrasından yayınmasına görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə təqdimat verməsi öz təsdiqini tapır (iş vərəqə 7-8). Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində alimenti ödəməmə səbəbi kimi alkoqolizm xəstəliyindən əziyyət çəkməsi, işsiz olmasını qeyd etməsinə münasibət bildirən məhkəmə belə hesab edir ki, bunlar onun özünün məsuliyyətə cəlb edilməməsi və öz hərəkətinə əsas qazandırmaq üçün etdiyi müdafiə xarakterli hərəkətlərdir. Çünki iş materiallarına əlavə edilmiş sənədlərdən onun işsiz olması, tələbin yönələ biləcəyi əmlakın olmaması müəyyən edilsə də (iş vərəqə 17-21, 33-37, 66 və 69), iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 02 noyabr 2023cü il tarixli, 1606 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2016-cı ildən dispanserdə “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatda dayanmış, onun barəsində hazırki cinayət işi başlanmasından sonra öz ərizəsi əsasında 27 oktyabr 2023-cü ildə alkoqolizmə görə stasionar müalicəyə qəbul edilib (iş vərəqə 1-2 və 143). Bundan başqa məhkəmənin ona verdiyi “əgər ailən dağılmasa idi, zərər çəkmiş şəxs və uşaqlarınla birlikdə yaşasa idin, həmin vaxt işin olmayanda onları ac saxlayacaqdın? sübut sualına o, “xeyr” cavabını vermişdi. Həmçinin onun ifadəsindən də görünür ki, o, bəzən fəhləlik etməklə öz tələbatlarını qarşılasa da, bu günədək əldə etdiyi qazancdan cinayət işi başlanmasınadək ödəniş etməyib. Digər bir tərəfdən isə o, zərərçəkmiş şəxsə qarşı olan kininə görə ödəniş etmədiyini də inkar etmir. Bundan başqa onun üzərində 500 manat pul olmasına baxmayaraq zərərçəkmiş şəxsə ödəniş etməməsi təqsirləndirilən şəxsin məhkəmə qərarını icra etməməkdə qərəzli olmasını sübut edir. Bu qeyd edilənlər isə Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(079)-22/2016 nömrəli qətnaməsini qərəzli şəkildə icra etməməsini təsdiq edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun təqsirləndirildiyi maddənin “Qeyd” hissəsində göstərilən cinayət məsuliyyətindən azad olmasına səbəb olan əsas müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı mövqeyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Həmçinin həmin məhkəmənin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Yuxarıda qeyd edilənləri və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanan məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli ədalət mühakiməsi əleyhinə olan təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunması qeyd edilir (iş vərəqə 141). Məhkəmə təqsirləndirilən şəxsin “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” xəstəliyinin olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 02 noyabr 2023-cü il tarixli, 1606 nömrəli məktubundan Təqsirləndirilən şəxs “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə dispanserdə qeydiyyatda dayanması (iş vərəqə 143); -məhkəmənin 16 yanvar 2024-cü il tarixli qərarı əsasında keçilmiş məhkəmə narkoloji-ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 36 nömrəli rəyindən Təqsirləndirilən şəxs “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” narkoloji xəstəliyinə düçar olması və onda abstinensiya əlamətləri müşahidə olunmadığı üçün məcburi müalicəyə ehtiyacı olmaması; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 Şöbəsinin 09 oktyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması (iş vərəqə 91-92) aydın olur. Məhkəmə ibtidai istintaq orqanın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 200 (iki yüz) manat məbləğində pulun ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməsi ilə bağlı qeyd edir ki, məhkəmənin mövqeyinə görə buna həmin normada qeyd edilən əsas üzrə məsuliyyətini yüngülləşdirən hal kimi yanaşmaq düzgün olmaz. Birinci ona görə ki, bu şəxsin cinayət törətməsinədək məhkəmə qərarı əsasında yaranan öhdəliyidir. Yəni şəxsin hər hansı qanuna zidd hərəkətinin nəticəsi olaraq yaranan ziyan deyil. İkincisi burada ziyan Zərərçəkmiş şəxs deyil, bu cinayətin baş verməsi ilə ədalət mühakiməsinə və aliment saxlanılması üçün xeyrinə aliment ödənilən uşaqların mənafeyinə vurulur. Digər bir tərəfdən isə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması da məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Məsələyə ibtidai istintaq orqanın düşündüyü kimi yanaşdıqda şəxsin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam ödəməsi də məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilməlidir. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qeyd” hissəsindən isə görünür ki, sonuncu qeyd edilən hal şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilən yüngülləşdirici halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, real cəza təyin edilməlidir. Çünki məhkəmə belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyil, həminin ona təqsirləndirildiyi əməlin sanksiyasında qeyd edilən digər cəzanın təyin onun məqsədinə çatmağa imkan vermir. Çünki onun üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsi və hər dəfə də ona təyin edilən inzibati həbs tənbeh növünün tətbiq edilməsindən sonra Təqsirləndirilən şəxs öz əməlini davam etdirməsi bunu qənaətə gəlməyə imkan verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6-cı maddələrində şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətin həbsdə saxlama müddətinə aid edilməsi, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən məhkəmə bildirir ki, iş materiallarında olan Babək Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 1(079)-04/2024 nömrəli tarixli qərarından Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinin baş müstəntiqinin 13 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal həbs edilməsi aydın olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli, cəza çəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 08 yanvar 2024-cü ildən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli onun həbsə alındığı vaxtdan, yəni 08 yanvar 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə onun surətinin təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-4/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-4/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver