Məhkəmə qərarları › İş №1(079)-5/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-5/2022

15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-5/2022 15.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Qurbanov İbrahim Eynal oğlunun iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Babək rayonu, Gərməçataq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu, Gərməçataq kəndində qeydiyyatda olan və yaşayan Qurbanov İbrahim Eynal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X1 İbrahim Eynal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Babək Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 Naxçıvan Muxtar Respublikası Babək rayonu, Gərməçataq kəndində mərhum valideynlərindən miras qalmış ata evində qonşu olduğu həmkəndlisi Qurbanov İbrahim Eynal oğlu sosial şəbəkədə, yəni “Tik- Tok”da onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan yalan məlumatlar paylaşmışdır. İbrahim Qurbanov öz evinin həyətindən və evindən aparılmış çəkilişə Babək. rajonun. kermecataq. kendinde. olan. evmi. bukne. salblar. kend. sovetnin. mavni. insat. aparır” şəklinfə başlıq qoyulmuşdur. Çəkilişdə yalan və böhtan xarakterli məlumatlar verilmişdir. “Baxın görürsünüz villa tikdirir, mənim də evimi pis günə qoyubdur. Bir uşağı hərbi hissədə qulluq etməyib, söyüş söyürlər, iki oğlu var xəstəliklə xidmətdən yayınıblar, texnika işlətdiyi üçün evimi dağıdıbdır.” İbrahim Qurbanov bilə-bilə özü və oğlanları barədə yalan məlumatlar verməklə və sosial şəbəkədə yerləşdirməklə şərəf və ləyaqətini alçaldan, ictimai nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. İbrahim Qurbanovun şər, böhtan xarakterli, heç bir əsası olmayan məlumatları yaymaqda əsas niyyəti onun insanlar arasındakı nüfuzuna xələl gətirməkdir. X3 tərəfindən barəsində həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, cinayət törətməkdə ittiham edən bu növ məlumatların sosial şəbəkə vasitəsilə yayılması ona qarşı atılmış böhtandır. Xüsusi ittiham qaydasında şikayətə “Tik-Tok” sosial şəbəkəsində yerləşdirilmiş çəkilişin olduğu yaddaş kartı əlavə olunmuşdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 məhkəmə hazırlıq iclasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Qurbanov İbrahim Eynal oğlu məhkəmə hazırlıq iclasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Qurbanov İbrahim Eynal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1 və 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3 və 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Lakin hazırki şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməllərin törədilməsi dəqiq göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə Qurbanov İbrahim Eynal oğlunun Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi xahiş olunsa da, xüsusi ittiham qaydasında şikayət yalnız “yalan və böhtan xarakterli məlumat”ların verilməsi ilə bağlı hallarla əsaslandırılmış, 148-ci maddədə nəzərdə tutulmuş cinayətin isə harada, nə vaxt və necə törədilməsi ilə bağlı məlumatlar göstərilməmişdir. Həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi qeyd olunsa da əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi öz əksini tapmamış, əməlin internet informasiya ehtiyatında (sosial şəbəkədə) hansı istifadəçi adı ilə və nə vaxt törədilməsi ilə bağlı məlumatlar göstərilməmişdir. Eyni zamanda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi dəqiq göstərilməmiş, şikayətin verildiyi yer isə ümumiyyətlə öz əksini tapmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300, 302, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Qurbanov İbrahim Eynal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar