Məhkəmə qərarları › İş №1(079)-6/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-6/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-6/2024 28.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1(078)-01/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli amnistiyanın tətbiq edilməsi haqqında Qərarı ilə cəza müddətinin çəkilməmiş hissəsi 6 (altı) ay müddətinə azaldılmış və 22 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, orta təhsilli, heç bir dövlət mükafatı və təltifi almayan, əlilliyi olmayan, işsiz, Naxçıvan Şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 15a yaşayan, 02 oktyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 12 yanvar 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, saxlamaqla üzərində daşımış və 30 sentyabr 2023-cü il tarixdə Babək rayon Nehrəm qəsəbəsi ərazisində saxlanılaraq şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sol cibindən ağ rəngdə sellofana bükülmüş, təmiz çəkisi 0.154 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, beləliklə şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, CPM-in (bundan sonra – “CPM”) 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək 20 sentyabr 2023-cü ildə İstanbuldan Bakı şəhərinə deportasiya olunduğunu, 22 sentyabr 2023cü il tarixdə isə Naxçıvan şəhərinə gələrkən dostu Ərkan adlı şəxsin onun xahişi ilə 20 manata “metamfetamin” adlı maddəni alaraq ona verdiyini, onu üzərində ayaqqabısının içərisində gizlədərək Naxçıvan şəhərinə hava yolu ilə gətirdiyini, 30 sentyabr 2023-cü il tarixdə isə Babək rayonu Nehrəm qəsəbəsində olarkən 2 nəfər polis əməkdaşının onu saxladıqlarını, daha sonra isə tutulduqdan sonra şalvarının sol cibindən həmin maddəni aşkar edib götürdüklərini, metamfetamini İstanbuldan Bakıya onunla birlikdə deportasiya olunan zaman tanış olduğu Ərkan adlı şəxsin 20 manat müqabilində öz xahişi ilə alıb verdiyini, həmin maddəni 2 dəfə Naxçıvanda evdə istifadə etdiyini, heç kimə vermədiyini, onda metamfetaminin olduğunu heç kimin bilmədiyini, ölkədə aktiv olan telefon nömrəsi olmadığından Bakıda Ərkanın onları qarşılayan dostu ilə gedib Ərkanın adına özünə nömrə aldıqlarını, daha sonra xx.xx.2023-cü il tarixdə həmin şəxsin Ərkanın harada olduğunu öyrənmək üçün ona zəng etdiyini, yəni həmin şəxsin bu məsələ ilə heç bir əlaqəsinin olmadığını, polis əməkdaşlarının onu saxlayanda narkotik vasitənin sol cibində olduğunu onlara dediyini, maddəni evdə kiminsə tapmasından ehtiyat etdiyindən üstündə daşıdığını, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 2020-ci ildə 2 il 6 ay müddətinə azdlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, həmin vaxt barəsində məcburi müalicə təyin edilmədiyini, azadlıqdan məhrumetmə ilə bağlı cəzadan 2022-ci ilin yanvar ayının 22-də amnistiya aktı ilə cəzasının azaldılması ilə azad edildiyini, həmin vaxt da eyni maddə ilə həbs edildiyini, azadlığa çıxdıqdan sonra 4-5 ay Naxçıvanda maşınyumada işləyib 2022-ci ildə Türkiyəyə getdiyini, 2023-cü ildə isə qayıtdığını, orada da maşınyuma işində olduğunu, kimliyinin vaxtı keçdiyinə və pasportu olmadığına görə Türkiyədən deportasiya olunduğunu, deport olunmamışdan əvvəl onu və bir qrup Azərbaycanlını Türkiyənin Malatya şəhərində saxladıqlarını, orada Ərkan adlı şəxslə tanış olduğunu, 2023-cü ilin 20 sentyabrından etibarən Bakıda olduğunu, bilet tapa bilmədiyi üçün orada 2 gün qalıb, 22 sentyabrda Naxçıvana qayıtdığını, Bakıya da Ərkanla gəldiklərini, Bakıda Binə qəsəbəsində Ərkanla birlikdə qaldıqlarını, Ərkanın ona verdiyi 20 manat pul qarşılığında onun xahişi ilə dostundan metamfetamin alıb ona verdiyini, Bakıda Ərkanla birlikdə maddədən istifadə edib, qalanını Naxçıvana gətirdiyini, Naxçıvana 22 sentyabr 2023-cü il tarixdə axşam gəldiyini, hava limanından keçərkən metamfetamini ayaqqabısında gizlətdiyini, ondan Naxçıvana gəldikdən sonra 2 dəfə istifadə etdiyini, ünvan 1 ünvanında atası ilə birlikdə yaşadığını, ailə qurmadığını, 30 sentyabr 2023-cü il tarixdə saxlanılarkən Nehrəm qəsəbəsində kirayə qalan Muxtar adlı dostugilə getdiyini, onunla uşaqlıqdan dost olduqlarını, gedərkən yolda polis əməkdaşlarının onu saxladıqlarını, Türkiyədə qəza keçirdikdən sonra metamfetamindən istifadə etməyə başladığını, özündə narkomaniyanın əlamətlərini hiss etmədiyini, qətimkan tədbirinin şərtləri barədə məlumat verilsə də 1 həftə ərzində ağır xəstə olduğu üçün şöbəyə getmədiyini, ibtidai istintaq dövründə barəsində axtarış qərarının çıxma səbəbinin bir müddət qızdırmasının olması ilə bağlı evdən çıxa bilməməyi və telefonlarının da polis şöbəsində olması ilə əlaqədar xəbər edə bilməməsi səbəbindən olduğunu, bundan sonra özünün evə gələn polislə birlikdə polis şöbəsinə getdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə bizə daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu öyrəndik və mən bu barədə polis rəisinə raportla məruzə edərək bildirdim. Əməliyyat tədbirinin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar çıxdıqdan sonra həmin gün saat 18:00 radələrində Babək rayonu Nehrəm qəsəbəsində “Babək yolu” deyilən yerdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özümüzü təqdim etdikdən sonra şəxsi polis şöbəsinə dəvət etdik. Şöbəyə gəlməyi təklif edəndə bizə qarşı heç bir əks-təsir göstərmədi. Tutulduqdan sonra ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin olundu, hüquq və vəzifələri izah edildi və videoçəkiliş aparılaraq üzərində olan maddəni təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs şalvarının arxa sol cibindən ağ sellofana bükülmüş toz şəklində ağ maddəni təqdim etdi və onun metamfetamin olduğunu bildirdi. Daha sonra cibindən 2 mobil telefon götürüldü və üzərindən başqa heç bir qadağan olunmuş əşya aşkar olunmadı. Videoçəkilişdən əvvəl üzərinə baxış keçirilməyib, özü saxlanıldıqdan sonra üzərində qadağan olunmuş maddə olduğunu bildirib, müdafiəçi gəldikdən və tutulduqdan sonra isə üzərində baxış və axtarış keçirilmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs barəsində daxil olan əməliyyat məlumatına əsasən həmin tarixdə şəxsin üzərində əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edidi. Həmin gün saat təxminən 7-8 arası Babək rayonu Nehrəm qəsəbəsi ərazisində “Babək yolu” deyilən yerdə saxlanılmışdır. Ona narkotik maddələrin qəbulunda şübhəli bilindiyi izah edilmiş və üzərinə baxış keçirilməsi üçün şöbəyə dəvət edilmişdir. Şübhəli şəxsin tutulması haqqında qərar qəbul edildikdən sonra ona müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Qadir cibindən ağ sellofana bükülü vəziyyətdə əşya çıxarmış və özü bunun metamfetamin olmasını təsdiq etmişdir. Həmin gün Qadiri Nehrəm qəsəbəsində gördük. Onu saxladıq. Ona daxil olan məlumat əsasında nə ilə bağlı şübhəli bilinib saxlanılması barədə məlumat verildi və polis şöbəsinə dəvət edildi. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən müdafiəçi iştirak edirdi. Şəxsin hüquq və vəzifələri videoçəkilişlə ona izah edildi. Qadir videoçəkilişlə narkotik vasitəni özü çıxartdı və stolun üstünə qoyaraq təqdim etdi, qadağan olunmuş maddə olduğunu bildirdi. Ondan sonra şəxsin üzərində özünə aid telefon və saat aşkar edildi. Lakin başqa qadağan olunmuş əşya yox idi. Şəxsin saxlanıldığı Nehrəm qəsəbəsindən Babək rayon Polis İdarəsinə gəlmək 10 dəqiqə apardı. Polis şöbəsində şəxsi axtarış və götürmədən əvvəl müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilib. Orada mən və Şahid1 iştirak edirdik. Protokolu isə Babək rayon İstintaq və təhqiqat bölməsinin təhqiqatçısı Abdullayev Tükay tərtib edib. Şəxsin üzərindən aşkar edilən maddə sellofana bükülmüşdü, içərisində ağ rəngli, balaca kristal halında olan maddə var idi. Şəxs ilkin ifadəsində əvvəllər də narkotik vasitələrin istifadəsi ilə bağlı məhkum olunduğunu, istifadəçi olduğunu, həmin maddəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Üzərində nəyə görə gəzdİrdiyi barədə nəsə deməsini isə xatırlamıram. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Şəxsin təqsirləndirildiyi əməldə cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs oğıu əvvəllər qəsdən törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilməmiş, cinayətin residivi halında, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Babək rayon Nehrəm qəsəbəsi ərazisində saxlanılıb Babək Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək, video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sol cibindən ağ rəngdə sellofana bükülmüş, təmiz çəkisi 0.154 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Buna görə, CM-in 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunmuşdur ki, Babək rayon Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı onun geyindiyi qara şalvarın sol cibindən 1 ədəd şəffaf rəngdə balaca sellofana bükülmüş ağ kristallardan ibarət kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bu zaman Təqsirləndirilən şəxs uzun müddətdir metamfetamindən istifadə etdiyini, üzərindən aşkar olunmuş maddənin metamfetamin olduğunu və həmin maddəni Bakı şəhərində olan zaman əldə edərək öz istifadəsi üçün gətirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə prosesinin əks olunduğu videoçəkiliş protokola əlavə olunmuşdur. CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Məhkəmə CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq şəxsi axtarışın nəticəsinin sübut kimi qəbulediləbilənliyi məzələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan şəxsin azadlığının şübhəli şəxsin tutulması haqqında qərara əsasən faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 18:30-da məhdudaşdırıldığı, şəxsi axtarış və götürmənin isə həmin tarixdə saat 19:30-da həyata keçirildiyi müəyyən olunur. Belə olan halda şəxsi axtarış və götürmə haqqında protokol mümkün və mötəbər sübut hesab edilə və ittihamın həllində nəzərə alına bilər. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə ekspert o nəticəyə gəlmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə...” əlyazmaları, ad, soyad və imzalar (5 imza) olan kağız zərfin içərisindəki sellofan bükümdə təmiz çəkisi 0.154 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət olan maddə psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələrin syahısı”na daxildir (İ siyahı, İİ bənd, sıra № 27) X3 Səhiyyə Nazirliyinin Y.Budaqov adına X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 313 saylı məhkəmə-psixiatrik ekspertizasının nəticəsində verilmiş rəylə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs heç bir psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığını istisna etməyən psixi xəstəliyi yoxdur, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir, məcburi müalicəyə ehtiyacı yoxdur. X3 Səhiyyə Nazirliyinin Y.Budaqov adına X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 312 saylı məhkəmə-narkoloji ekspertizasının nəticəsində verilmiş rəylə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs metamfetamin narkomaniyasından əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı yoxdur. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İİ siyahısının 27-ci bəndinə görə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “Qanun”) 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cü maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Məhkəmə araşdırması zamanı videoçəkiliş aparılmaqla tərtib edilmiş axtarış və götürmə haqqında protokol, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, ekspert rəyləri və şahid ifadələri əsasında müəyyən olunmuşdur ki, həqiqətən də Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə etmə, saxlama və daşımaqla ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirlidir və şəxsin əməli düzgün tövsif edilmişdir. Bununla belə ittihamda qanunun köhnə redaksiyasına istinad edilməklə işlədilmiş “şəxsi istehlak miqdarından artıq” ifadələri xaric edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının CM-də dəyişiklik edilməsi haqqında” 26 aprel 2022ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 234.1-ci maddədə “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittihamdan sözügedən hissənin xaric ediməsi cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Qadir Quıiyev cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, CM-in 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, Cinayət işinin materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1(078)-01/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasından onun Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi, hökmün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanıldığı müəyyən olunur. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş cinayət işinin materiallarında olan Kəngərli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(111)-17/2021 nömrəli qərarı ilə cəzaçəkmə müəssisəsinin təqdimatı təmin olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin Qərarının 4-cü hissəsi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş cinayət işinin materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunur ki, Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı ilə cəza müddətinin çəkilməmiş hissəsi 6 (altı) ay müddətinə azaldılmış məhkum Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə cəza müddəti başa çatdığından azad edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin Qərarı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulsa da cəzası azaldılmış şəxslərə münasibətdə məhkumluğun götürülməsi nəzərdə tutulmamışdır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Şəxsin əməlində residivin mövcud olması üçün bəzi şərtlər tələb olunur: - şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması; - şəxsin yenidən qəsdən cinayət törətməsi; - residivi təşkil edən cinayətlərin ardıcıl olaraq törədilməsi; - əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması. CM-in 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanı amnistiya aktının tətbiqi ilə azaldıldıqdan sonra qalan hissəsini çəkib qurtardığı - 22 yanvar 2022-ci il tarixdən iki il keçmədən yenidən qəsdən az ağır cinayət əməlini törətmişdir. Şəxsin törətdiyi uzanan, az ağır cinayət olan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayəti xx.xx.2023-cü il tarixdə aşkar edilməklə törədilmişdir. Qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür. Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır. CM-in 83-cü maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu belə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı başqa yanaşma ona gətirib çıxara bilər ki, şəxs qəti cəzanı hələ çəkdiyi dövrdə onun törətdiyi müvafiq cinayətlər və məhkum edildiyi müvafiq hökmlər üzrə cəza müddətləri artıq qurtarmış və məhkumluğunun ödənilmə müddətinin axımı başlanmış olur. Bu isə məhkumluğun ödənilməsi müddətinin axımının başlanmasını cəzanın çəkilib qurtarması və ya cəzanı çəkməkdən azad edilmə ilə əlaqələndirən CM-in 83.3 və 83.4-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir (“Azərbaycan Respublikası CM-in 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətinə dair” 2010-cu il 22 dekabr tarixli Qərar). Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “CM-in 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. “CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Cinayətlərin residivinə görə CM-də göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Şəxsin ittiham olunduğu CM-in 234.1-ci maddəsində satiş məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan halda şəxsə sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından, yəni 1 il 6 aydan az olmayan cəza təyin edilə bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini rəhbər tutaraq, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, törədilmiş cinayətin xarakterini, habelə şəxsin barəsində müəyyən edilmiş ağırlaşdırıcı və yüngülləşdirici halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Rafuq oğlunun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, haqqında «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-in 155.3 və 155.3.3-cü maddələrinə əsasən hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə həbs qətimkan tədbiri təyin oluna bilər. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. CPM-in 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. CPM-in 158.2-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və s. daxildir. Məhkəmə həmçinin CM-in 69.3-cü maddəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan iki gün müddət təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçisi təyin olunmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. CPM-in 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydası”nın 1-ci bəndində göstərilir ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ekspert rəyi ilə qanunvericilikdə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməsi məqsədəmüvafiq hesab edilmədikdə, tam həcmdə məhv edilməlidir. Qaydaların 3-cü bəndində isə göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üçün əsas kimi məhkəmənin qərarı, habelə müstəntiqin, yaxud təhqiqat orqanının qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət işinə xitam verilməsi və ya cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi saxlanılan təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş 0.154 qram psixotrop maddə olan metamfetamin ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 0.134 qram metamfetamin müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 1 (il) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, haqqında «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0.134 qram çəkidə psixotrop maddə olan “metamfetamin” müsadirə edilməklə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar