Məhkəmə qərarları › İş №1(079)-6/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-6/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-6/2025 27.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Babək Rayon Kommunal Müəssisələr Kombinatında birdəfəlik fəhlə işləyən, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, məhkumluğu olmayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 17 dekabr 2024-cü ildə Təqsirləndirilən şəxs CMin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan X3 məxsus “**********945669” saylı kart hesabından 13 oktyabr 2024-cü il tarixdə saat 19:56 radələrində 1000 (bir min) manat, 13 oktyabr 2024-cü il tarixdə saat 19:58 radələrində 1000 (bir min) manat pulu informasiya texnologiyalarından istifadə edilməklə gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən informasiya texnologiyalarından istifadə edilməklə 15 oktyabr 2024-cü il tarixdə saat 13:15 radələrində X3 məxsus “5522-0993-6130-0841” saylı kart hesabından 1000 (bir min) manat pulu gizli olaraq talayıb ümumilikdə Muradəli Muradiyə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək əvvəllər "xxxx"-də fəhlə işlədiyini, 2020-ci ildən Babək Rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işlədiyini, Muradəlinin həmkəndlisi olduğunu, onunla ortaq dostu olmasını və bu vasitə ilə Muradəli ilə tanış olduğunu, ilk dəfə Muradəlinin ona müraciət edib ”onlayn qaydada kredit götürmək istəyirəm, necə götürə bilərik” dediyini, ona “onlayn şəkildə götürə bilərsən” dediyini, faizin yüksən olduğunu dedikdən sonra ona “”Azərbaycan Beynəlxalq Bank”ından kredit götürə bilərsən” dediyini, həmin vaxt oğurluq etmək niyyətinin olmadığını, əvvəllər də iş yoldaşlarından bir neçəsinə onlayn şəkildə kredit götürməyə köməklik etdiyini Muradəliyə bildirdiyini, daha sonra kənddə onunla birlikdə olduqları zaman Muradəlinin ondan kredit götürməyini xahiş etdiyini, əvvəllər də onlayn kredit götürdüyü üçün başı çıxdığını ona dediyinə görə Muradəlinin ondan onlayn kredit götürməyini xahiş etdiyini, sonra Muradəliyə kredit götürməsi üçün kömək etdiyini və evə getdiyini, birinci dəfə 700 manat kredit götürəndə Muradəliyə pulu filialdan əldə edə bilərsən dediyini, bundan bir gün sonra Muradəlinin kredit götürmək üçün ondan yenə kömək istədiyini, ona kömək etdiyini, bu səfər 1070 manat onlayn kredit götürdüklərini, “ABB”-nin mobil tətbiqinin həm özünün, həm də Muradəlinin telefonunda olduğunu, həmin tətbiqin özündə çoxdan olduğunu və “ABB” proqramını yükləməkdə məqsədinin oğurluq etmək olmadığını, hadisənin 13 oktyabr 2024-cü il tarixdə baş verdiyini, Muradəlinin “ABB”-yə məxsus kartında 4600 manat kredit götürmək imkanının olduğunu, ona krediti yeniləməyə kömək edə biləcəyini dediyini, onun isə “necə” dediyini, ona “sənə telefon vasitəsilə kod göndərəcəm, həmin kodu mənə deyərsən” dediyini, kodu ondan öyrəndikdən sonra onun “ABB”-yə məxsus kartından öz kartına 2000 manat məbləğində köçürmə etdiyini, Muradəlinin kartındakı pulu özünə göndərməsindən xəbərinin olmadığını, həmin puldan 1000 manatı çəkib nağdlaşdırdığını, özünə telefon, paltar və s. aldığını, pulların hamısını özünə xərclədiyini, 15 oktyabrda Türkiyə Respublikasına gedəcəyini və bilet almağa pul lazım olduğunu, pulu çəkdikdən 2 gün sonra isə Bakı şəhərinə getdiyini, orada olarkən Muradəlinin ona zəng edib kredit götürüb-götürmədiyini soruşduğunu, ona cavabında kredit götürə bilmədiyini, yenidən cəhd edəcəyini bildirdiyini, həmi vaxt yenidən qalan krediti də götürmək istəyinin Muradəlinin zəngindən sonra onda yarandığını və Muradəliyə “yeni kod gələcək onu de” dediyini, onun isə cavabında “kredit limitindən istifadə edilməyəcək eləmi?” dey soruşduğunu, ona “xeyr” cavabını verdiyini, sonra Muradəliyə onlayn 1000 manat kredit götürəcəyini dediyini, Muradəlinin kart hesabından götürdüyü 1000 manat krediti öz kartına köçürdüyünü, bundan 5-10 dəqiqə keçdikdən sonra Muradəlinin zəng edib “mənim hesabımda olan kredit məbləği yerində deyil” dediyini, Muradəlinin kartından 3 dəfə 1000 manatı öz kartına köçürdüyünü, bu barədə heç kimin bilmədiyini, oğurluq etmək niyyətinin sonradan yarandığını, pulu köçürdüyü özünə məxsus hesabın Rabitə banka məxsus debet kartı olduğunu və həmin kartı alış-veriş etmək üçün əldə etdiyini, 3 gün sonra Muradəlinin yenidən ona zəng edib “mənim kartımdan pul götürməmisən?” deyə soruşduğunu, qorxduğu üçün boynuna almadığını, sonra telefonunu söndürərək bir neçə gün bağlı saxladığını, daha sonra isə əməlinin ortaya çıxdığını, dəymiş zərəri ödədiyini, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ailəsində yeganə qazanc gətirənin özü olduğunu, yaşlı valideynləri ilə yaşadığını, əməlindən peşman olduğunu, bir daha bu kimi əməllərə yol verməyəcəyini bildirmiş, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində Məhhərrəmlə həmkəndli olduğunu, 2-3 il bundan əvvəl moykada işləyən vaxtdan onu tanıdığını, Məhərrəmin onlayn kredit götürməyi bacardığını, bu işlərdən başı çıxdığını bildiyini, atası vəfat etdiyindən pul lazım olduğunu və buna görə Məhərrəmdən kredit götürmək üçün kömək istədiyini, Məhərrəmin ona “ABB” mobil tətbiqini yükləməyi təklif etdiyini, ilk dəfə 700 manat kredit götürdüyünü, həmin pulu nağdlaşdırıb özünün istifadə etdiyini, daha sonra işdən çıxdıqdan sonra kəndin mərkəzində olanda Məhərrəmə onlayn kredit götürüb əvvəlki kreditini bağlamaq istədiyini dediyini, Məhərrəmin isə “kredit verilsə, olar” dediyini, bütün kreditlərini “ABB”-dən götürdüyünü, həmin vaxtadək isə onlayn kredit götürmədiyini, sonra kreditini daha yüksək kreditlə əvəz etmək istədiyini və “ABB”-dən götürdüyü krediti bağlayıb 4600 manatlıq taksit kreditini götürmək istədiyini, buna görə də “ABB” bankdan kredit götürüb həmin kreditlərini bağlamaq istədiyini, Məhərrəmdən kredit götürməyinə kömək etməsini istədiyini, onun da razılaşdığını, ona kredit limit kartında 4600 manat pul olduğunu və pulu ordan çəkməməsini bildirdiyini, Məhərrəmin isə kredit götürəcəyini dediyini, həmin pula dəyməyəcəyini bildirdiyini, 13 oktyabr tarixdə ona onlayn kredit verilmədiyini, “ABB”-nin mobil tətbiqinin Məhərrəmin də telefonunda olduğunu, Məhərrəm onun telefonuna kod gələcəyini və gələn kodu ona deməyi istədiyini, kodu ona dediyini, bundan 1-2 dəqiqə sonra yenə kod gələcəyini dediyini, həmin kodu da ona dediyini, sonra Məhərrəmin zəng edib “alınmadı” dediyini, ona “alınmırsa burada özüm həll edim” dediyini, Məhərrəmin isə yeni kod gələcəyini dediyini və yenə də kodu ona dediyini, bundan sonra Məhərrəmin ona məxsus karta 1300 manat pul köçürdüyünü, özünün “ABB”-nin mobil tətbiqinə daxil olub oradan kreditin artıq götürüldüyün gördüyünü, bir daha Məhərrəmə zəng edib kredit bölümünə kreditin düşmədiyini dediyini, onun isə yəqin bir neçə saata düşər dediyini, həmin mobil tətbiqdən istifadə etmədiyi üçün məlumatsız olduğunu və pul çəkilərkən gələn bildirimlərdən xəbərinin olmadığını, daha sonra “ABB” bankın filialına yaxınlaşdığını, əməkdaşın onun adına kredit götürülmədiyini, ona məxsus kredit limiti olan 4600 manatdan 4300 manatın artıq götürüldüyünü dediyini, buna görə narahat olduğunu, əməkdaşın kartını kiməsə verib-vermədiyini soruşduğunu, kartı Məhərrəmə verdiyini, lakin onun pulu çəkəcəyini düşünmədiyini, sonra pulun köçürüldüyü kartın nömrəsini və pul həmin karta köçürüldüyünü dediklərini, özünün həmin karta pul köçürmədiyini, bank əməkdaşının ilk ödənişin ayın sonu qaytarılmalı olduğunu bildirdiyini, 4600 manatlıq limit kartından 1300 manatı özünə versə də 3000 manatını Məhərrəmin özünə götürdüyünü, Babək Rayon Polis İdarəsinə yaxınlaşıb kartından pul köçürüldüyünü və Məhərrəmin onun kartından pul götürməsi üçün ona müraciət etdiyini əməkdaşlara bildirdiyini, polis əməkdaşlarının həmin kartın “Rabitə Bank”-a məxsus olduğunu dediklərini, sonra Məhərrəmə zəng edib ondan pulu çəkibsə, yerinə qaytarmasını xahiş etdiyini, Məhərrəmin bunu qəbul etmədiyini, sonra polis əməkdaşlarının Məhərrəmi tapıb gətirdiyini, Məhərrəmin valideynləri tərəfindən ona dəymiş zərərin ödənildiyini. təqsirləndrilən şəxs barəsində şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsin oğlu olduğunu, zərərçəkmiş şəxslə heç bir qohumluğu və ya ədavətinin olmadığını, Muradəlinin həmkəndlisi olduğunu və onların qapılarına gələrək Məhərrəmin onun kartından 3000 manat çəkdiyini dediyini, ona “oğlumdan soruşum cavablandırım” dediyini, sonra oğluna zəng etdiyini, lakin Məhərrəmin zənglərə cavab vermədiyini, Məhərrəmin həmin vaxt Bakı şəhərində olduğunu, onun Bakı şəhərinə gedərkən valideynləri olaraq onlardan pul istəmədiyini, oğlunun Muradəlinin kartından pul çəkməsini bilmədiyini, Muradəlinin kartından pulu götürdüyünü daha sonra Məhərrəmin Muradəli qapıya gələndən sonra telefonda dediyini, kredit götürmək üçün başqa heç kimin onlara gəlmədiyini, bankdan 3000 manat pul çəkib Muradəlinin zərərini ödədiklərini, Məhərrəmin normalda təmizlik idarəsində işləyib əmək haqqını aybaay evə verdiyini, ondan bir övlad kimi razı olduğunu, lakin bir daha belə hərəkət etsə, onu övladlıqdan çıxaracağını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsin onun oğlu olduğunu, zərərçəkmiş şəxslə heç bir qohumluğu və ya ədavətinin olmadığını, evdə olarkən oğlunun şəxsiyyət vəsiqəsini və pasportunu ondan istədiyini, ondan həmin sənədləri nə üçün istədiyini soruşduğunu, oğlunun isə sənədləri iş yerindən istədiklərini dediyini, buna görə sənədləri ona verdiyini və daha sonra Məhərrəmin getdiyini, axşam saat 12-nin yarısına qədər gözləsələr də, evə gəlmədiyini, telefonuna da zəng çatmadığını, sonra mesaj yazaraq “haqqınızı halal edin, mən Bakıya gedirəm” dediyini, nə qədər zəng etsələr də, zəng çatmadığını, hadisənin təxminən 3 ay əvvəl olduğunu, həmin vaxt qaynının arvadının rəhmətə getdiyini və başlarının qarışıq olduğunu, bir gün Cabbarın Vəli adlı şəxsin zərərçəkmiş şəxslə birlikdə gəlib Məhərrəmin onun kartından pul çəkdiyini dediyini, Məhərrəmə zəng etsələr də, zəng çatmadığını, sonra qızına zəng edib Məhərrəmə zəng etməsini istədiyini və onun da Məhərrəmə zəng çatmadığını bildirdiyini, Bakıya gedərkən oğlunun işdən gəlib getdiyini, onun işdən çıxıb çıxmadığını bilmədiyini, oğlunun müdiri ilə danışdığını və onun da telefonu açmadığı üçün oğlunun 3 günə işdə olmalı olduğunu dediyini, sonda isə Məhərrəmin telefonu açıb pul oğurladığını dediyini, oğlunun Muradəlinin 3000 manat pulunu oğurladığını, bundan 10 gün sonra zərərçəkmiş şəxsin pulunu qaytardıqlarını bildirmişdir. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 27 oktyabr 2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “Honor X8B” markalı mobil telefona baxış keçirilməsi nəticəsində mobil telefonun saz və işlək vəziyyətdə olması, Təqsirləndirilən şəxs özünə məxsus "***-***-**-**" mobil nömrə ilə "Rabita Mobile" hesabında qeydiyyatdan keçməsi, həmin mobil tətbiq vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 19:56 radələrində 1000 (bir min) manat, xx.xx.2024-cü il tarixdə saat 19:58 radələrində 1000 (bir min) manat, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində 1000 (bir min) manat məbləğində olmaqla cəmi 3000 manat pulun “**********143740” nömrəli hesaba köçürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında protokoldan belə məlum olur ki, X3 məxsus “Honor X9B” markalı mobil telefona baxış keçirilməsi nəticəsində mobil telefonun saz və işlək vəziyyətdə olması, X3 məxsus "***-***-**- **" nömrə ilə qeydiyyatdan keçdiyi "ABB Mobile" tətbiqinə daxil olduqda "4127-2044-4494- 5669" nömrəli hesada 235.5 (iki yüz otuz beş manat, əlli qəpik) manat pulun olduğu, həmin "4127-2044-4494-5669" nömrəli kartdan xx.xx.2024-cü il tarixdə saat 19:56 radələrində 4189***3740 nömrəli karta 1000 (bir min) manat,xx.xx.2024-cü il tarixdə saat 19:58 radələrində 4189**3740 nömrəli karta 1000 (bir min) manat, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində 4189***3740 nömrəli karta 1000 (bir min) manat məbləğində pulun köçürülməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində tövsifedici əlamətlərlə oğurluq, yəni özgənin əmlakını gizli yolla informasiya texnologiyalarından istifadə etməklə təkrar talama cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin X3 məxsus “**********945669” saylı kart hesabından 13 oktyabr 2024-cü il tarixdə saat 19:56 radələrində 1000 (bir min) manat, 13 oktyabr 2024-cü il tarixdə saat 19:58 radələrində 1000 (bir min) manat pulu informasiya texnologiyalarından istifadə edilməklə gizli olaraq talamaqla oğurluq əməlini törətməsi, bundan sonra təkrarən informasiya texnologiyalarından istifadə edilməklə 15 oktyabr 2024-cü il tarixdə saat 13:15 radələrində X3 məxsus “5522-0993-6130-0841” saylı kart hesabından 1000 (bir min) manat pulu gizli yolla, hüquqazidd, əvəzsiz olaraq götürüb özünün xeyrinə yönəltməsindən ibarət hərəkətləri təkrar törətməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mobil telefonlara baxış keçirilməsi haqqında protokollar və onlara əlavə edilmiş hesabdan çıxarışlar, həmçinin şahid ifadələri əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Sözügedən əməli ibtidai istintaq orqanı CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində informasiya texnologiyalarından istifadə edilməklə təkrar gizli yolla törədilməsi cinayət əməlinin tərkibi vardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 17ci bəndinə görə cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CMin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında bildirmişdir ki, davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: - müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; - əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; - cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və CM-in bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi əməllərin davam edən cinayət kimi xarakterizə olunması üçün əvvəlcədən formalaşmış vahid niyyətin mövcudluğu şərti tamamlanmış olmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 oktyabr tarixində Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan X3 məxsus “**********945669” saylı kart hesabından saat 19:56 radələrində 1000 (bir min) manat, saat 19:58 radələrində 1000 (bir min) manat pulu informasiya texnologiyalarından istifadə edilməklə gizli yolla talamış, 15 oktyabr 2024-cü il tarixdə onda yenidən X3 məxsus “5522-0993-6130-0841” saylı kart hesabından 1000 (bir min) manat pulu gizli yolla oğurlamaq niyyəti təkrar formalaşmışdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları - informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Şəxsin təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə şəxsin əməlində CM-in 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və CM-in 59.1 və 59.1.12-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, X6 izahatında dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və zərərçəkmiş şəxlə barışdığını bildirmişdir. Məhkəmə CM-in 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında CM-in 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar