Məhkəmə qərarları › İş №1(079)-7/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-7/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-7/2024 09.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ “09” aprel 2024-ci ildə, saat 0900-da Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Şərur rayonu, Şahtaxtı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 (bir) azyaşlı uşaq atası, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olan və Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan, orta təhsilli, tır sürücüsü işləyən, hazırda işsiz, əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, əvvəllər məhkum olunmayan, 27 dekabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına “22” yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CMin 263.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına “az ağır” zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla idarə etdiyi “Mercedes Benz E-200” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan-Hacıvar avtomobil yolunun Hacıvar kəndi ərazisindən keçən hissədə hərəkətdə olan zaman “X6” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq avtomobil ilə 1.1 və 1.3 xətlərini kəsib keçərək və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda buna əməl etmədən idarə etdiyi avtomobil ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq piyadanın ehtiyatsızlıqdan alın nahiyyəsinin, sol qaşın, çənənin çapılmış yarası, çənə sümüyünün və sağ 2/2 baldır sümüklərinin sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “az ağır” zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin (bundan sonra – “CPM”) 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni CM-in 263.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Naxçıvan şəhəri “57” bazarı adlanan istiqamətdən Babək rayonu Hacıvar kəndi istiqamətində körpünün üstü ilə gedərkən “VAZ 2107” markalı avtomobil də mənim önümdə gedirdi. Anidən tormoz verdiyi üçün onu vurmamaqdan ötrü maşını sağ tərəfə çəkib keçmək istədim. Həmin vaxt mən maşını saxlaya və tormoz verə bilməzdim, çünki maşında məndən başqa sərnişinlər, baldızlarım da var idi. Sağ tərəfə keçərkən mən Əlisəfanı görmədim. Həmin anda görmə dərəcəm sıfır idi. Bu səbəbdən də qəza baş verdi. Verilən suallara cavabında isə yolun sol istiqamətində getdiyini, həmin vaxt qarşısında “VAZ 2107” markalı maşın olduğunu, idarə etdiyi maşının hərəkət sürətinin təxminən 60 km/saat olduğunu, həmin yolda isə maksimal sürət həddinin 70 km/saat olduğunu, yəni sürət həddini aşmadığını, qarşısındakı maşınla arasındakı məsafə 15-20 metr olduğundan maşını saxlamasının mümkün olmadığını, baş verə biləcək toqquşmadan qəzadan qaçmaq üçün sağ tərəfə keçdiyini, digər maşında da ailə ola biləcəyini düşündüyünü, həmin yoldan dəfələrlə gedib-gəldiyini, orada piyada keçidinin olmadığını dəqiq bildiyini, sürücülük vəsiqəsinin olduğunu və yol hərəkəti qaydalarını bildiyini, qanunla maşını sağ tərəfdən ötüb-keçməyin qadağan olunduğunu da bildiyini, maşını sağ tərəfə çəkəndə zərərçəkmişlə arasında cəmi 1 və ya yarım metr məsafənin qaldığını, oradan insan keçəcəyini düşünmədiyini, belə ki, orada heç vaxt adam olmadığını, önündə gedən “VAZ 2107” markalı maşınla 50-60 metr ara məsafəsi ilə getsələr də maşına yaxınlaşan vaxt məsafənin 15- 20 metr olduğunu, hadisə baş verən vaxt artıq qaranlıq düşdüyünü, saat 20 radələri olduğunu, yolun işıqlanmasının isə sıfır vəziyyətdə olduğunu, qarşıdan gələn maşınların işığı gözünə düşdüyü üçün 10 metr qabağı görməyin mümkün olmadığını, yolu sadəcə maşının işıqlandırması həddində görməyin mümkün olduğunu, müəyyən olunmuş sürət həddində yəni 60-65 km/saat sürətlə getdiyini, qarşıdakı maşının da təxminən 50 km/saat sürətlə hərəkət etdiyini, yaxınlaşan zaman yolu boşaldıb öz yoluna keçməsi üçün arxadan ona işıq atdığını, məqsədinin onu ötüb yola davam etmək olduğunu, “VAZ 2107” markalı avtomobilin sürücüsünün yola davam edib anidən tormoz verdiyini və bunu gördüyünü, həmin vaxt arada 15-20 metr məsafə qaldığını, dayanmaq imkanının olmadığını, dayanarsa qəzanın qaçılmaz ola biləcəyini, buna görə sağ tərəfə çəkdiyini, orada piyadanın ola biləcəyini təxmin etmədiyini, maşına dəyəndə adam vurduğunu hiss etdiyini, maşını tez saxladığını, Əlisəfanın vəziyyətinin ağır olduğunu görüb həkimə aparmaq istədiyini, lakin yolda olan sərnişinlərdən birinin tibb bacısı olduğunu və yolda gedərkən nəsə təhlükə ehtimalının mövcudluğu səbəbilə təcili tibbi yardım çağırdığını, qısa zamanda Əlisəfanı xəstəxanaya, özünü də polis şöbəsinə apardıqlarını, sonrakı gün Əlisəfanın yanına getmək istəsə də içəri buraxmadıqlarını, Əlisəfanı ilk öncə Naxçıvanda hərbi hospitala, daha sonra isə Bakıdakı hərbi hositala apardıqlarını, Bakıya ona dəstək olmaq üçün getmək istəsə də hava limanından da buraxmadıqlarını, Əlisəfanın anası ilə danışdığını, gəlməyə ehtiyac olmadığını dediyini, dəfələrlə yemək və s. aparsa da içəri buraxmadıqlarını, ən azından adının yazılmasını və zərərçəkənə bu barədə məlumat verilməsini istədiyini, yardım üçün müraciət etsə də qadağalara görə görüşə bilmədiyini, işsiz olmaqla vəziyyətinin yaxşı olmadığını, reys sürücüsü olsa da hazırda ölkədən çıxa bilmədiyindən işləyə bilmədiyini, hazırda heç bir gəlirinin olmadığını, qəza baş verən gün Bakıdan gəldiyini, uşağa paltar alıb ipək yolu körpüsündən qayınanasıgilə qayıdan zaman qəzanın baş verdiyini, 8 illik sürücülük fəaliyyəti dövründə piyadaların tənzimlənməyən yoldan keçdiyini görmədiyini, yaxınlıqda restoran olsa da, həmin vaxt oradan adam keçəcəyini düşünmədiyini, həmin an təhlükə olduğunu hiss etmədiyini, yalnız Əlisəfanı vuranda bunu hiss etdiyini, həmin vaxt avtopilot rejimində sürdüyünü və ayağının qazda olmadığını, 50-60 metr məsafədən “VAZ 2107” markalı maşını görə bildiyini, həmin avtomobilin dayandığını isə 15-20 metr məsafədə tormoz verərkən gördüyünü, yavaş getdiyini, ona çatana yaxın zolağını dəyişməsi üçün işıq atdığını, bu vaxt maşını saxladığını, onun sağa keçəcəyini və özünün də onu ötüb keçəcəyimi düşündüyünü, özünü əməldə təqsirli bildiyini, heç bir yerə tələsmədiyini, diqqətini yayındıran heç nə olmadığını, sürücülük vəsiqəsinin isə tırda qaldığını, həmin vaxt sərxoş olmadığının da müəyyən edildiyini, havanın yağışlı olmadığını, yolun isə tam qaranlıq olduğunu, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olsa da Naxçıvan şəhəri Qaraxənbəyli kəndində yaşadığını, törətdiyi əməldən peşman olduğunu, hazırda evli olmaqla 1 azyaşlı övladının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək üçün cəhdlər etsə də imkansızlıq və zərərçəkmiş şəxsin razılaşmaması ucbatından bunun baş tutmadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində hərbi xidmətə 2023-cü ilin iyul ayının 7-i Naxçıvanda həqiqi hərbi xidmətə başladığını, hadisə günü yəni xx.xx.2023-cü il tarixdə buraxılışda olduğunu, “Söyüdlük” deyilən restoranda dostları ilə olduqlarını, 4-5 saat yeyib-içdikdən sonra kafedən çıxıb avtovağzal oteldə qaldığından otelə getmək üçün taksi saxlamaq məqsədilə yola çıxdığını, spirtli içki içən biri olmasa da dostlarına ayaq uydurmaq üçün az miqdarda içdiyini, Bakıda taksilərin əksəriyyəti mülki olduğu üçün burada da elə olduğunu düşündüyünü, əsgər olduğu də üçün də yanında telefon olmadığını, yolda əl ilə işarə edib 07 markalı avtomobili dayandırdığını, Avtovağzal istiqamətinə getmək istəsə də, səhvliklə Naxçıvanı tanımadığım üçün körpünün sol tərəfində dayandığını, yolu soruşmaq üçün Naxçıvandan olan heç kim olmadığını, dayanan maşının sağ tərəfi boş olduğu üçün oradan keçmək istədiyini və yolu görmə dərəcəsinin həmin vaxt pis olduğunu, avtomobilə yaxınlaşıb taksi olub-olmamasını soruşmaq istədiyini, bu zaman arxadan gələn mersedes markalı maşını görmədiyini, sürücüsündən taksi olub-olmadığını soruşmaq üçün sol tərəfə dönən zaman maşının onu vurduğunu, hadisə zamanı kəllə-beyin travması keçirdiyi üçün hadisələrin tam yadında olmadığını, müddətli həqiqi hərbi xidmət qulluqçusu olduğunu, buraxılış vərəqəsi ilə 1 günlük buraxılışa çıxdığını, verilmiş suallara cavabında isə buraxılış vərəqəsini istintaq orqanına təhvil verdiyini, qəzadan sonra özünün verməsi mümkün olmadığından kimin verdiyini bilmədiyini, ibtidai istintaq orqanına qəzadan sonra ifadə verdiyini, hərbi hissədə əsgərlərə iki aydan bir buraxılış olduğunu, hadisə baş verməmişdən qabaq əsgər yoldaşları ilə restoranda spirtli içki də qəbul etdiyini və özünü qismən idarə edə bildiyini, telefon işlətmədiyini, Naxçıvanda heç kimi tanımadığını, buna görə əlaqə saxlaya bilmədiyindən bu şəkildə maşın saxlatmağa çalışdığını, dayanan maşının arxasınca başqa bir maşının gəldiyini görmədiyini, digər avtomobillərə görə sürəti yuxarı olduğunu, göz qırpımında onu vurduğunu, Vaz 2107 markalı maşının sürücüsü pəncərəni açdıqdan sonra taksi olub-olmamasını soruşmaq istəyəndə maşının onu vurduğunu, həmin vaxt Rövşənin onu görə bilməsinin mümkün olduğunu, Naxçıvanda bir gün qaldıqdan sonra onu Bakı Hərbi Hospitalına göndərdiklərini, 45 gün hərbi hospitalda stasionarda yatdığını, sonucu dəfə müstəntiqin Naxçıvanda yanına gələndə Rövşənin çöldə olduğunu və içəri buraxılmadığını dediyini, amma bazar günləri olan görüşdə gəlməsinin mümkün olduğunu, müalicədən sonra realbilitasiya üçün mərkəzə köçürüldüyünü, dekabr ayının 4-ü isə Naxçıvana qayıtdığını, amma hələ tam sağalmadığını və xidmətə qayıtmadığını, çənəsinin sındığını, içərisində dəmirlər olduğunu, dişlərinin bəzilərinin qırıldığını, barmağımda mil olduğunu, ayağında aparatı olduğunu, maddi cəhətdən ona yardım edilmədiyini, halbuki dişlərinin implanta ehtiyacı olduğunu, özünün də bu hadisədə təqsiri olduğunu, lakin sürücünün də günahı olduğunu, indiyə qədər avtomobil idarə etmədiyini, videogörüntünü isə izlədiyini, maşının onu vuracağını ehtimal edə bilmədiyini, əgər bilsə maşına yaxınlaşmayacağını, ona dəyən zərər ödənilmədiyindən barışığın mümkün olmadığını bildirmiş, şəxsin sanksiyada nəzərdə tutulmuş ən ağır cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Baş vermiş hadisənin birbaşa şahidlərindən biri olan, mütəxəssisin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Rövşənin bacısının həyat yoldaşı olduğunu, hadisə vaxtı maşında bacısı Zeynəbin də olduğunu, körpünün üstü ilə gələn zaman qarşıdakı maşının anidən dayandığını, onu görən Rövşənin həmin an sağ zolağa keçmək istərkən piyadanı vurduğunu, sürücünün arxasında oturduğundan yolu görə bilmədiyini, önlərində gedən maşını da qabaqcadan görmədiyini, sadəcə onun dayanmasını gördüyünü, Rövşənin maşını normal sürətlə idarə etdiyini, lakin sürət göstəricisinə baxmadığını, maşında musiqinin belə olmadığını, tam səssizlik olduğunu, heç kimin telefonla danışmadığını, təxminən yarım saat ərzində maşında hərəkət halında olduqlarını, Naxçıvan şəhəri Qaraxanbəyli kəndindən Hacıvara getdiklərini, Rövşən yorğun olmadığını və evə tələsmədiyini, əvvəllər də onun maşınına mindiyini, lakin maşını heç vaxt təhlükəli idarə etmədiyini, hadisə baş verdiyi an Rövşənin nəsə demədən maşından endiyini, bundan əvvəl piyadanı görmədiyini, çünki yola diqqət etmədiyini, hadisədən sonra əynindəki kurtkanı zərərçəkmişin başının altına qoymaları üçün verdiyini, ondan sonra evə getdiklərini və nə baş verdiyini bilmədiklərini bildirmişdir. Mütəxəssisin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan X3 məhkəmə iclasında verdiyi ifadəsində körpünün üzərindən keçərkən qarşıdakı maşının dayandığını, onu vurmamaq üçün sağ tərəfə keçərkən Rövşənin tanımadıqları piyadanı vurduğunu, həmin vaxt maşında bacısını da olduğunu, özünün arxa oturacaqda ortada oturduğunu, qarşıdakı ağ maşının birdən dayandığını gördüyünü, Rövşənin onu vurmamaq üçün ağ xətti kəsib sağa keçdiyini, maşının yavaş getdiyini, piyadanı isə vurduqdan sonra gördüklərini, maşında sürücü ilə birlikdə cəmi 3 nəfər olduqlarını, hər hansı mövzuda söhbət etmədiklərini, tam sakitçilik olduğunu, sürücünün diqqətinin isə yolda olduğunu, həmimn an telefonla da danışmadığını, hadisədən əvvəl sürətölçənə baxdıqda 50-55 km/saat sürət göstərdiyini, qarşıdakı maşının isə daha az sürətlə getdiyini, hadisədən əvvəl yola baxmasa da başını aşağı saldığından spidometri gördüyünü, piyadanı isə qabaqcadan görə bilmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan və ona əlavə edilmiş müvafiq fotoşəkildən “Mercedes-Benz” markalı avtomobilin alın şüşəsinin çatladığı, sağ güzgüsünün qırılıb düşdüyü, qabaq buferinin sağ tərəfinin bir parçasının qırıldığı, avtomobildən 3 metr aralıda qanabənzər izlər və 2 ədəd qara rəngli ayaqqabının olduğu müəyyən olunur. Babək rayon Hacıvar kəndi ərazisində yerləşən müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə cinayət prosesi iştirakçılarının iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı 02 dəqiqə 56 saniyə olan video-kameranın Babək rayon Hacıvar kənd yolunun üzü Naxçıvan şəhərinə istiqamətini çəkdiyi, kameranın müşahidəsində Zərərçəkmiş şəxs yolda və yolun kənarında hərəkət etməsi və avtomobilləri saxlamağa çalışması, video-görüntünün 02 dəqiqə 43 saniyəsində Zərərçəkmiş şəxs ağ rəngli “Vaz-2107” markalı avtomobili saxlaması, vdeo-görüntünün 02 dəqiqə 49 saniyəsində isə arxadan gələn “Mercedes-Benz” markalı avtomobilin piyada Zərərçəkmiş şəxs vuraraq yolun sağ hissəsinə atması müşahidə olunur, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və zərərçəkmiş şəxs olduğunu bildirmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması arasında səbəbli əlaqənin mövcudluğu isə ekspert rəyi ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli 1612 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: alın nahiyyəsinin, sol qaşın, çənənin çapılmış yarası, çənə sümüyünün və sağ baldır sümüklərinin sınığından ibarətdir. Göstərilən xəsarət küt əşyanın təsirindən yaranmış, həmçinin bilavasitə xəsarət avto qəza nəticəsində yarana bilərdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan “az ağır” dərəcəli bədən xəsarətinə aiddir. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsi məsələsi isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli 1108 saylı rəyi ilə öz həllini tapır. Rəydə göstərilmişdir ki, istintaq tərfindən verilmiş məlumatlara və təhlükəsiz şəhər kameralarına baxışa əsasən, Mercedes-Benz E-200 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, belə ki, sürücünün həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir, 1.1 və 1.3 xətlərini kəsib keçmək qadağandır. Ekspert rəyini onunla əsaslandırmışdır ki, aparılmış istintaq və təhlükəsiz şəhər kameralarına baxışa əsasən sürücünün Mercedes Benz E-200 markalı avtomobillə Hacıvar kəndi istiqamətində 60/70 km/saat sürətdə hərəkətdə olarkən qarşıda hərəkət edən Lifan markalı hərəkətini davam etdirməsi, bu zaman qarşıda yolun ortasında dayanan Vaz-21074 markalı avtomobilin sağ tərəfindən manevr edərkən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq tərəfi ilə vurması, aparılmış hesablamalar nəticəsində hərəkət üçün təhlükə yaranan anda vaxtında tormozlama əməliyyatı aparmaqla sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması, sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu vurğulanmış və sözügedən normanın, yəni «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, həmçinin sürücünü piyadanı vurana qədər 1.1 və 1.3 nömrəli kəsilməli olmayan nişanlanma xətlərini kəsərək ötmə və manevr hərəklərini etməsi həmin qanunun 69-cü maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinin pozulması ilə nəticələnmişdir. “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmçinin həmin Qanunun 1-ci maddəsinin 43-cü bəndində əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Həmin “Qanun”un üfüqi nişanlanma xətlərindən “1.1-ci əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir və 1.3-cü dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır”. Həmin “Qanun”un Vİİ bəndinin 1-ci hissəsinə əsasən üfiqi nişanlanma xətlərindən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yolnəqliyyat hadisəsinin baş verməsi, bunun Təqsirləndirilən şəxs sağlamlığına az ağır zərər vurması ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı “MERCEDES-BENZ E-200” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olub-olmamasını müəyyən etmək məqsədilə o, müayinə edilmiş, Naxçıvan Şəhər Təcili X8 hüquqi şəxsinin 21 oktyabr 2023-cü il tarixli, 511 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” aktında təqsirləndirilən şəxsdə alkoqol sərxoşluğu vəziyyətinin mövcud olmadığı nəticəsinə gəlinmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Babək rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda Təqsirləndirilən şəxsn BD 003003 seriyalı, B1, B, C1, C, C1E, CE kateqoroyalı, qeydiyyat tarixi xx.xx.2021, bitmə tarixi xx.xx.2031-ci il olan sürücülük vəsiqəsinin olduğu, sürüclük hüququndan məhrum edilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 23 oktyabr 2023-cü il tarixli protokol”dan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES-BENZ E-200” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə həmin tarixdə baxış keçirilməsi, onun texniki cəhətdən vəziyyətinin yoxlanılması, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin qabaq sağ buferinin bir parçasının qırılması, sağ güzgünün qırılıb düşməsi, alın şüşəsinin çatlaması və onun qalan hissələrinin isə saz-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, CM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində CM-də nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən CM-in 263.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini CM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, əməl təqsirin ehtiyatsızlıq formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Cinayət işinin materiallarında olan Naxçıvan şəhəri, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə onun şəxsiyyətini xarakterizə hal kimi bunu nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, CPM-in 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdir ki, bunlardan biri də cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə CM-in 59.1 və 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal sayır. Məhkəmə həmçinin CM-in 59.2-ci maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda təqsirləndirilən şəxsin məhkumluğunun olmaması qeyd edilmişdir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarın 2-ci bəndinin 2-ci hissəsində qeyd edilir ki, təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır. Məhkəmə sözügedən halda təqsirləndirilən şəxsin maddi vəziyyətini, himayəsində azyaşlı uşağının olmasını, hazırda hər hansı gəlirinin olmamasını, cərimə cəzasının tətbiq ediləcəyi halda bunun onun ailəsinin həyat şəraitinə təsirini, əsasən isə cərimə cəzasının şəxsin islah olunmasında yetərli olmayacağına dair inamını nəzərə alaraq şəxsin barəsində cərimə cəzasının tətbiqini cəzanın məqsədlərinə uyğun hesab etmir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – “Qərar”) 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə müdafiə tərəfinin hadisənin baş verməsində piyadanın təqsirinin cəza təyini zamanı nəzərə alınması ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 15 noyabr 2013-cü il tarixli qərarının 18-ci bəndində qeyd edilir ki, piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması da əgər bu pozuntu onun özünə münasibətdə CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir. Lakin sözügedən cinayət işinin araşdırılması zamanı təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olması cinayət işinə əlavə edilmiş hadisənin baş verməsi anının videogörüntüləri ilə birlikdə mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə hərtərəfli qiymətləndirib sübut kimi nəzərə alınmış ekspert rəyi ilə təsdiq olunmuşdur. Belə ki, CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Babayev X4 rayon Şahtaxtı kəndində qeydiyyatda olsa da faktiki olaraq Naxçıvan şəhəri Qaraxənbəyli kəndində yaşayır. CPM-in 7.0.34-cü maddəsinin tələbindən görünür ki, yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki vəziyyətdə təqsirləndirilən şəxsin qeydiyyatda olduğu yaşayış yeri Kəngərli rayon Şahtaxtı kəndi olsa da faktiki yaşayış yerinin isə Naxçıvan şəhəri Qaraxənbəyli kəndi olması müəyyən edilir. Bu hal isə özlüyündə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasının təqsirləndirilən şəxsdən birbaşa asılı olmayan səbəblərə görə çətinləşdirə bilər. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, ona təyin ediləcək azadlığın məhdudlaşdırması cəzası ilə bağlı üzərlərinə qoyulan vəzifələr faktiki yaşadığı yer üzrə icra edilməlidir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri Qaraxənbəyli kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bundan əlavə CM-in 263.1-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü kimi təsbit edilmişdir. CM-in 45.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə işin hallarını və sözügedən normanın tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. CPM-in 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar