Məhkəmə qərarları › İş №1(079)-7/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-7/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-7/2025 07.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, VÖEN-**********, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan (fəaliyyətini müvəqqəti dayandırmış), orta təhsilli, Naxçıvan şəhəri, məhəllə 9, döngə 2, ev 12 ünvanında qeydiyyatda olmaqla Babək rayonu Hacıvar kəndində yaşayan, məhkumluğu olmayan, 04 oktyabr 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 23 dekabr 2024-cü ildə Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 30 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində qəsdən tamah məqsədilə Babək rayonu Hacıvar kəndində yerləşən X1 məxsus evə qanunsuz daxil olmaqla evin qonaq otağındakı paltar şkafındakı mücrüdən Zərərçəkmiş şəxs məxsus 9000 (doqquz min) manat pulu gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə sonuncuya xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini, pulları götürdüyünü, həmin vaxt içkili olduğunu, 30 sentyabr 2024-cü ildə günorta vaxtı qayınatasının qardaşı İntiqamgilin həyətindən çıxıb qayınanasıgilə bişirib yemək üçün kartof götürməyə getdiyini, həmin vaxt evdə heç kimin olmadığını, pəncərənin isə açıq olduğunu, pəncərədən içəri girib mətbəxdə əvvəlcə su, yemək və s. axtardığını, soyuducuya baxdığını, sonra otağın qapısının açıq olduğunu görüb oraya daxil olub otaqdakı böyük paltar şkafını açıb içərisindən mücrünü götürdüyünü, mücrünün içində qızıl və pul olduğunu, oradan təkcə pulu götürdüyünü, miqdarının nə qədər olduğunu bilmədiyini və pulu saymadığını, pulu sellofan torbaya qoyub gəzə-gəzə Naxçıvan şəhərinə getdiyini, özünə kostyum, köynək, ayaqqabı, telefon, spirtli içki araq aldığını, bunlara nə qədər pul xərclədiyini bilmədiyini, Naxçıvan şəhərindəki “Cahan Ticarət Mərkəzi”ndən çıxıb taksi sürücüsü ilə 60 manata razılaşaraq X9 kəndinə babasının boş olan evinə getdiyini, əlavə olaraq yolda gedərkən 100 manatı taksi sürücüsünə telefonu qırıq olduğu üçün qaytarmaq şərtilə verdiyini, həmin evdə heç kimin qalmadığını, bir gecə orada qaldığını, səhəri gün Şərur rayonunun polislərinin ona zəng vurub harada olduğunu soruşduqlarını, polislərin pul oğurlandığını soruşduqlarını, onun da pulu özünün götürdüyünü etiraf etdiyini, həmin vaxta qədər pulu oğurlaması barədə heç kimin məlumatı olmadığını, bu barədə heç kimə bildirmədiyini, sonra Babək rayon Polis idarəsinə gətirildiyini, bir sutka saxlanıldıqdan sonra buraxıldığını, pulun təxminən 1000 manatını xərclədiyini, pulu oğurlayanda saymadığını, nə qədər xərclədiyini də bilmədiyini, yalnız taksi sürücüsünə nə qədər pul verdiyini xatırladığını, polislər onu saxlayanda hələ ki, yatdığını, yatanda isə pulu gecədən stolun üstünə qoyduğunu, polislərin pulu sayıb təxmini 6500-6700 manat olduğunu ona dediklərini, həmin gün aldığı arağın hamısını içmədiyini, əməlinə görə peşman olduğunu, həmin hadisədən sonra içmədiyini, zərərçəkmiş şəxsin qızı ilə evli olduğunu, hadisə baş verən zaman qayınatasının qardaşı İntiqamgilin köhnə, nəzarətsiz evində qaldığını, o evdə yaşamaq üçün heç kimdən razılıq almadığını, sadəcə evin qapısının olmadığını, soyuq olsa da çox içdiyinə görə bunu hiss etmədiyini, alkoqolizmdən müalicə üçün dispanserdə 5 dəfə qısamüddətli yatdığını, orada müalicə etmədiklərini, sadəcə yuxugətirən dərmanlar verdiklərini, daha əvvəl 2 dəfə içkili olduğundan sərhəddi pozduğunu, həmin evdən pul oğurlamaq niyyətində olmadığını, pula ehtiyacının da olmadığını, sadəcə içki, yemək və s. götürmək üçün o evə getdiyini, bir gün əvvəl mebel sexində işdə olduğunu, işdən gəlib yatdığını və gecə saat üçdə dostlarının ona zəng vurub içkiyə çağırdıqlarını, onlarla birlikdə içib gedib həmin evdə yatdığını, qayınanasıgilin evinə yan pəncərdən daxil olduğunu, pəncərənin açıq olduğunu, birbaşa otağa keçmədiyini, bir az divanda oturduğunu, şfonyeri pul tapmaq üçün açdığını, qayınanasının evi olduğu üçün ərk elədiyini, qayınanası ilə münasibətlərinin yaxşı olduğunu, pulu həyətdən tapdığı sellofan torbaya qoyduğunu, piyada şəhərə gəldiyini, birinci özünə telefon aldığını, telefonun markasını xatırlamadığını, telefona 450 manat pul verdiyini, kostyum, köynəklə ayaqqabını bir mağazadan aldığını, onlara isə 250 manat pul verdiyini, onların da pulunu götürdüyü puldan verdiyini, yüzlük, əllilik, iki yüzlük əskinaslar olduğunu, Əliabad qəsəbəsində yerləşən Baba markətdən alışveriş edib Şərura taksi ilə getdiyini, oradan araq və su aldığını, 60 manat götürdüyü puldan həmin mağazaya verdiyini, taksi sürücüsünün adının Cabir olduğunu, taksi sürücüsünə isə 160 manat götürdüyü puldan verdiyini, 60 manatı yola, 100 manatını isə telefonu qırıq olduğu üçün onu düzəltdirməsi və daha sonra qaytarması şərtilə verdiyini, istintaqa 6500 manatdan artıq pulu özünün təhvil verdiyini, qalıq pulu isə sonradan tam ödədiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin qızı ilə hazırda da evli olmaqla bir yerdə yaşadıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında təqsirləndirilən şəxsin onun kürəkəni olduğunu, özü, həyat yoldaşının, qızı və qızının övladı ilə birlikdə Babək rayonu Hacıvar kəndində yaşadıqlarını, hadisə baş verən günü hamısının işə getdiklərini, nəvəsinin isə bağçada olduğunu, yoldaşının uşağı bağçaya qoyduqdan sonra həyətdə evə qayıtdığını, Babəkin Aminin həyətdə qızına tikdikləri evin himinə torpaq verdiyini görüb qonşunun dediyinə görə evin arxasına keçib əlində araqla onun həyətdən çıxıb getməsini gözlədiyini, arxa pəncərədən evə daxil olduğunu, qonşunun da həmin vaxt onu gördüyünü, qonşunun həyətində kameranın olduğunu, həmin anın kameraya düşdüyünü, yoldaşı gedəndən sonra Babəkin evə girdiyini, balaca yataq otağına daxil olub şifonyerdən içərisində 9000 manat pul və qızıl olan balaca mücrünü götürüb içindən qızılları oğurladığını, qızılların təqsirləndirilən şəxsin öz yoldaşının olduğunu güman edərək böyük ehtimalla qızıllara toxunmadığını, hadisənin keçən ilin 30 sentyabr tarixində baş verdiyini, orada pulun olması barədə qızı Ayseldən başqa heç kimin məlumatının olmadığını, ən son aldığı 300 manat əmək haqqını qızı Ayselə verib pulun üstünə qoymağını xahiş etdiyini, qızı üçün dam tikdiklərini, hamısının artırdığını həmin pulun üstünə qoyduğunu, qızından pulu qoyduqdan sonra sayıbsaymadığını soruşduğunu, qızının isə pulu saymadığını dediyini, Ayselə atasının pulu götürüb material alacağını dediyini, səhər saat 07:30-da evdən çıxdıqlarını, özünün Cahan ticarət mərkəzində, qızının isə 3 saylı mənzil kommunal xidmətində xadimə işlədiyini, yoldaşının uşağı bağçaya qoyduqdan sonra saat 9-da evə qayıtdığını, yoldaşının da bazarda satıcı işlədiyini, hadisədən Babəkin yoldaşı olan qızı zəng vurduqda xəbərdar olduğunu, qızına isə Babəkin atası Məhərrəmin məlumat verdiyini, qızının Babəkin əlində 6000 manat pul olduğunu eşitməsi barədə ona dediyini, Ayselə zəng vuraraq pulun yerində olubolmadığını yoxlamağı xahiş etdiyini, qızı Ayselin ona zəng vurub pulun hamısının oğurlandığını dediyini, Babəkin atasının ona zəng vurub pulun hamısı xərclənmədən oğlunu polisə verməsini tələb etdiyini, kefli olduğu üçün pulu dağıtmamışdan qabaq tutmaq lazım olduğunu dediyini, polisin onlara 6072 manat pul verdiyini, qalan pulun Babəkin atası tərəfindən sonradan ödənildiyini, dəymiş zərərin tam olaraq ödənildiyini, şikayətinin olmadığını, ondan şübhələnmədiyini, onu elə tanımadıqlarını, Babəkin 4 il onların evində qalsa da bir manatlarına belə toxunmadığını, həmin vaxt kefli olduğu üçün bunu etdiyini, puldan əvvəlcədən Babəkin xəbərinin olmadığını, Babəkin yoldaşı Aynurəyə yəni öz qızına pul barəsində dediyini, lakin pulun yerini Babəkin bilmədiyini, otağı axtarıb tapdığını, qonşuları Habil və Şərqiyyəgilin kameralarına görüntünün düşdüyünü, Babəkə heç kimin özləri evdə olmayanda oraya girmək icazəsi vermədiyini, əksinə son vaxtlar heç onun evlərinə gəlib-getmədiyini, qızında evin açarının olmadığını, həmin gün də Babəkin evə girməsinə evdən kimsənin razılıq vermədiyini, lakin zərərin ödənildiyini və ondan şikayətinin olmadığını, sbarışdıqlarını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında hadisə günü işdə olduğunu, atasının ona zəng edərək qızıl qabının içində pul olmadığını bildirdiyini, evə gələndə həqiqətən də 9000 manat pulun yerində olmadığını gördüyünü, qızılların isə yerində olduğunu, anasının bundan bir gün öncə 100 manat verərək pulun üstünə qoymasını bildirdiyini, hadisə günü axşam isə pulun yerində olmaması barədə atasının ona xəbər verdiyini, pulun necə oğurlanmasını bilmədiyini, həmin pulu əziyyət çəkib işləyib yığdığını, pulun yerini ancaq atası, anası, özü və bacısının bildiyini, sonuncu dəfə pulu hadisədən bir gün əvvəlki axşam saydıqlarını, həmin pulun həyətdə ona ev tikilməsi üçün yığıldığını, hadisənin baş verdiyi tarixi dəqiq xatırlamadığını, 100 manat üzərinə qoyduqdan sonra 9000 manat pulun düzəldiyini, həmin axşam pulu atasının saydığını, bacısı Aynurənin isə səhəri gün anasına zəng edərək pulun yerində olub-olmadığını soruşduğunu, bundan sonra atası evə gedib baxdıqda pulun yerində olmadığını gördüyünü, bacısının niyə həmin gün zəng edib pulu soruşmasının səbəbini bilmədiyini, onlara başqa heç kimin gəlib-getmədiyini, sonra polisə anasının zəng edib şikayət etdiyini, həmin vaxt pulun Babək tərəfindən oğurlanmasından şübhələndiklərini, Babəkin əvvəllər onlarla birlikdə yaşadığını, heç vaxt belə bir əməl törətmədiyini, içkinin təsirindən bu əməli törətdiyini, pulun hamsının qaytarıldığını, anasının sonuncu dəfə ona pulun üstünə qoymaq üçün 100 manat yox, 300 manat verdiyini, bundan sonra cəmi pulun 9000 manat olduğunu, pulun yanında sayıldığını, pulların 100-lük və 50-lik əskinaslar olduğunu, Babəkin bəzən əmisi İntiqamın köhnə evində qaldığını, hadisənin keçən sentyabr ayında olduğunu, Babək rayonu Hacıvar kəndindəki evdə anası, atası və oğlunun birlikdə yaşadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında Babəkin onun kürəkəni olduğunu, axşam işdən evə gəldikdə yoldaşının ona zəng edərək pulların yerində olub-olmadığını soruşduğunu, gedib mücrünü açıb baxdıqda pulların yerində olmadığını gördüyünü, arvadı Gülsümə zəng edib pulların yerində olmadığını bildirdiyini, sonra yoldaşının axşam gəlib polisə zəng etdiyini, verilən suallara cavabında, evdə 4 nəfər - yoldaşı, özü, qızı və nəvəsinin birlikdə yaşadıqlarını, Babəkin pullar barədə məlumatının olmadığını, yoldaşının 300 manatı bir gün əvvəl qızı Ayselə verib pulun üstünə qoyduqlarını, pulun həmin gün 9000 manat olduğunu, səhəri gün günorta isə baxanda pulun yerində olmadığını gördüklərini, yoldaşının ona zəng edərək Babəkin əlində pul görülməsi və özünə paltar alması barədə məlumat verildiyini dediyini, hadisədən qabaq Babəkin 2-3 gün başqa yerdə yaşadığını, İntiqamın özünün ögey qardaşı olduğunu, Babəkin isə bəzən onun evində də qaldığını, həmin gün sonuncu dəfə səhər saat 10 radələrində özünün evdən çıxdığını, axşam saatlarında isə polisə məlumat verildiyini, Babəkin isə elə həmin gündən sonrakı axşam tutulduğunu, pulların hamısının qaytarıldığını, ifadəsini təsdiq etdiyini, yoldaşının Cahan Ticarət Mərkəzində xadimə işlədiyini, Babəkdən içkisinə görə şübhələndiklərini, Babəkin 2 il əvvəl onlarla birlikdə yaşadığını, içkili olduğu üçün oğurluq etdiyini, əvvəllər belə bir hadisə törətmədiyini, hadisə günü səhər həyətyanı sahədə tikilən evdə işlədiyini, həmin vaxt Babəkin 2-3 gündür evlərinə getmədiyini eşitdiyini, evdən çıxanda evin qapısını bağladığını, amma pəncərələri yoxlamadığını, bir pəncərənin açıq olduğunu pul getdikdən sonra gördüyünü, pulu son vaxtlar yığdıqlarını, Babəkin pul barədə haradan məlumatı olmasını bilmədiyini, Babəkin onlara uzun müddətdir gəlib-getmədiyini, onun evə özbaşına giribçıxmağa icazəsinin olmadığını, heç qonaq kimi də gəlib-getmədiklərini bildirmişdir. Şahid6 məhkəmə iclasında verdiyi izahatında yeni Naxçıvan adlanan yerdə mağazada satıcı işlədiyini, Babəkin də həmin yerin yaxınlığında mebel sexində işlədiyini, onu uzun müddətdir oradan tanıdığını, sakit təbiətli bir insan kimi bildiyini, mağazaya cəmi 22 manat borcunun olduğunu, çoxdan siqaret və ərzaq aldığını, hadisə günü mağazaya gələrək borcunu ödədiyini, Babəki 15 ildir tanıdığını, əvvəllər də mağazadan alış-veriş etdiyini, onu təsadüfən içkili halda gördüklərini, sonuncu dəfə ancaq siqaret aldığını, 23 manat da başqa borcunun olduğunu, sonra onları ödədikdən sonfra mağazadan çıxıb getdiyini, Babəkin həmin vaxt pulu cibindən çıxardığını, onun əlində başqa heç nəyin olmadığını, cibindən nə qədər pul çıxardığını bilmədiyini, amma ona 20 və ya 30 manat pul verdiyini bildirmişdir. Şahid7 məhkəmə iclasında verdiyi izahatında taksi sürücüsü olduğunu, hadisədən əvvəl Babəkin bir dəfə onların evində mebel quraşdırdığını, bunu hadisədən sonra xatırladığını, taksiyə yaxınlaşanda da üzünü təxmini xatırladığını, hadisə günü Yeni Naxçıvanda taksiparkda durduğunu, Babəkin maşına yaxınlaşdığını, Şərur rayonu, Yaycı kəndinə getmək istədiyini bildirdiyini, ona Yayıcıya daha əvvəl getmədiyini və yolu dəqiq xatırlamadığını dediyini, Babəkin ondan 50 manat versə aparıb-aparmayacağını soruşduğunu, özünün bununla razılaşdığını, onun içkili olduğunu hiss etmədiyini, üzərində pul az olduğundan Babəkə imkanı olarsa benzin almaq üçün yol pulunu verməsini xahiş etdiyini, Grand hotelin yanında olan yanacaq doldurma məntəqəsində Babəkin cibindən 200 manat çıxarıb ona verdiyini, özünün həmin pulu yanacaq doldurma məntəqəsinin işçisinə verib 30 manatlıq benzin vurdurduğunu, qalan 3 ədəd 50 manatı Babəkə qaytardığını, 20 manatı isə özünə götürdüyünü, oradan çıxanda Babəkin Əliabad qəsəbəsində işinin olduğunu bildirib oraya sürməyi xahiş etdiyini və əlavə olaraq ona həmin yola görə 10 manat verəcəyini bildirdiyini, Əliabad qəsəbəsinə getdiklərini, Baba marketin qarşısında maşını saxladığını, Babəkin maşından düşəndə 2 ədəd 50 manatı oturduğu oturacağa qoyub bir ədəd manatlığı götürüb yerə düşdüyünü və marketə girdiyini, özünün də Babəkin maşına pul qoyub düşməsi səbəbilə maşından endiyini, Babəkin marketə girdiyini, 15-20 dəqiqə sonra qayıdıb digər 50 manatı da oturacaqdan götürdüyünü və yenidən marketə girdiyini, onun arxasınca artıq sərxoş olduğunu hiss etdiyindən marketə girdiyini, içəri girəndə ikinciu dəfə götürdüyü 50 manatı satıcıya uzatdığını, satıcıdan soruşduqda isə Babəkin artıq aldığı ərzağın pulunu verdiyini bildirdiyini, Babəkdən niyə yenidən 50 manat verdiyini soruşduğunu, onun da “mən niyə pulu vermişəm?” deyə cavab verdiyini, pulun üstünü kassirdən alıb Babəkə qaytardığını, sonra Babəkin ondan “nəsə almaq istəyirsənmi” deyə soruşduqda ona “heç nə istəmirəm” deyə bildirdiyini, sonra qayıdıb ikinci dəfə araq və çərəz aldığını, 50 manatı kassirə verdiyini, yenə qalan pulun üstünü alıb Babəkə verdiyini, Babək sərxoş olduğundan kassirin verdiyi qəbzi də özünün aldığını, çünki sərxoş olduğu üçün hər şeyin ola biləcəyini qabaqcadan hiss etdiyini, daha sonra həmin qəbzləri də hüquq mühafizə orqanlarının əməkdaşlarına verdiyini, yolda gedərkən Babəkin mahnı qoymağını ondan xahiş etdiyini, sonra onun telefonunu əlinə alıb üz qabığını çıxarmağa çalışdığını, ona telefonun üzünü düzəltdirəcəyini dediyini, Babəkə telefonun özünə aid olduğunu bildirəndə ona “niyə telefonun üz qabığını düzəltdirmirsən” dediyini, ona “hələki işlədirəm” deyə cavab verdiyini, Babəkin cibindən 100 manat çıxarıb ona verdiyini, ona telefonun xərcinin 30-40 manat olduğunu bildirəndə “sən pulu götür apar telefonu ustaya” dediyini, sonra pulu şitin üzərinə atdığını, onun da Babəkdən pulu geri götürməsini xahiş etdiyini, Şərurda yaşıl bir qapının qarşısında maşını saxladığını, oradan Babəkin düşüb getdiyini, 2 gün sonra isə polis əməkdaşları yaxınlaşanda Babəkin ona əlavə 100 manat verdiyini bildirməklə elə Babəkin qoyduğu yerdən olduğu kimi götürüb təhvil verdiyini, yol pulu olaraq ödənilən 60 manat pulu da geri verdiyini, Babəklə əvvəllər heç bir yerə getmədiklərini, qonşusu olduğunu bilmədiyini, sadəcə hadisədən sonra izahat alınan zaman onu tanıdığını bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında Cahan Ticarət Mərkəzində paltar satdığını, Babəkin ondan kostyum və köynək, başqa bir mağazadan isə ayaqqabı aldığını, səhəri günü isə polislərin gələrək həmin şəxsin oğurluq etdiyini bildirdiyini, onun da pulu onlara geri təhvil verdiyini, Babəkin əvvəllər ondan heç nə almadığını, amma atası ilə birgə gəlib atasına kostyum aldığını, həmin gün mağazaya Babəkin özünün tək yaxınlaşıb kostyum, köynək aldığını, Babəkin ona 2 ədəd yüzlük manat əskinaz verdiyini, ona 20 manatı qaytardığını, çünki 180 manat ödəməli olduğunu, pulu qara sellofandan götürüb ödədiyini, səhər də polislərin gəlib pulun oğurluq olmasını bildirib pulu götürdüklərini, Babəkin həmin vaxt içkili olduğunu hiss etmədiyini, nisyə istəyəcəyini düşünsə də əşyaları nağd aldığını bildirmişdir. Şahid5 məhkəmə iclasında verdiyi izahatında Cahan Ticarət Mərkəzində telefon satdığını, Babəkin hadisə günü günorta saatlarında əynində kostyum ilə gəlib telefonlara baxdığını, 470 manatlıq telefona baxıb onu istədiyini, köhnə nömrəni də üstünə saldırdığını, ona 3 ədəd 100-lük və bir ədəd 200 manat verdiyini, 50 manatı özünə qaytardığını, Babəki əvvəllər görmədiyini, hadisənin təxminən 1 ay yarım bundan əvvəl olduğunu, tarixi dəqiq xatırlamadığını, ondan “Redmi note 13” markalı telefon götürdüyünü, pulu cibindən çıxarıb verdiyini, onda başqa pul görmədiyini, içkili olduğunu isə hiss etmədiyini, köhnə nömrəsinin Naxtel nömrə olduğunu, nömrəsini üstünə taxdıqdan sonra çıxıb getdiyini bildirmişdir. Şahid8 məhkəmə iclasında verdiyi izahatında Babəkin Əliabad qəsəbəsində fəaliyyət göstərən Baba marketdən araq, çərəz və enerji içkisi aldığını, iki ədəd fakturanın olduğunu, birində araq və çərəz birində isə enerji içkisinin qeyd olunduğunu, hadisənin nə vaxt baş verdiyini dəqiq xatırlamadığını, məbləğ olaraq təxminən cəmi 58 manatllıq alver etdiyini, marketdə satıcılarının olduğunu, onun orada nəzarətçi kimi işlədiyini, şəxsin orada olmasını gördüyünü, lakin içkili olmasının onun diqqətini çəkmədiyini, kassirə əlavə pul verməsini, pulun üstünü götürməməsinə şahidlik etmədiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi izahatında Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzində ayaqqabı satdığını, Babəkin ondan ayaqqabı aldığını, amma tarixini dəqiq xatırlamadığını, saat təxminən səhər 11-12 aralığı olduğunu, Babəkin əvvəllər ondan nəsə almadığını, onu daha əvvəl görmədiyini, ayaqqabını 25 manata aldığını, ona 20 və 5-lik manat pul əskinasları verdiyini, başqa bir əşya almadığını, şəxsin az içkili olmasını hiss etdiyini, pulu Babəkin özünün ödədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 30 sentyabr 2024-cü il tarixdə qəsdən tamah məqsədilə Babək rayonu Hacıvar kəndində yerləşən X1 məxsus evə qanunsuz daxil olmaqla evin qonaq otağındakı paltar şkafının içərisindəki mücrüdən Zərərçəkmiş şəxs məxsus 9000 (doqquz min) manat pulu gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə sonuncuya xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 30 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Babək rayonu Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq yataq otağındakı paltar şkafının içrəisindəki mücrüdən 9000 (doqquz min) manat pulu götürərək gizli olaraq talamaqla oğurluq etməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, şahid ifadələri və yazılı sübutlar əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Sözügedən əməli ibtidai istintaq orqanı CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədilməsi cinayət əməlinin tərkibi vardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 21-ci bəndində göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin yaşayış evinə hüquqa zidd qaydada və mülkiyyətçinin icazəsi olmadan daxil olması müəyyən olunmuşdur. Plenum qərarının 26-cı bəndində göstərilir ki, oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 18-ci bəndinə görə əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviriəsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Şəxsin təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə şəxsin əməlində CM-in 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Zərərçəkmiş şəxs izahatında dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və buna görə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Məhkəmə CM-in 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında CM-in 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin barəsində olan şəxsiyyət vəsiqəsi məlumatları üzrə elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Rüstəmov X3 şəhəri, məhəllə 9, döngə 2, ev 12 ünvanında qeydiyyatdadır. Bununla belə təqsirləndirilən şəxsin izahatı və cinayət işinin materiallarında olan arayışdan məlum olur ki, o faktiki olaraq Babək rayonu Hacıvar kəndində yaşayır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsinin tələbindən görünür ki, yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs faktiki yaşayış yerinin isə Babək rayonu, Hacıvar kəndi olması müəyyən edilir. Bu hal isə özlüyündə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasının təqsirləndirilən şəxsdən birbaşa asılı olmayan səbəblərə görə çətinləşdirə bilər. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, ona təyin ediləcək azadlığın məhdudlaşdırması cəzası ilə bağlı üzərlərinə qoyulan vəzifələr faktiki yaşadığı yer üzrə icra edilməlidir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cinayət işinin materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X2 alınmış 08 oktyabr 2024-cü il tarixli, 1802 nömrəli məktubdan Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu. Asılıllıq sindromu” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatında dayandığı müəyyən olunur. Cinayət işinin materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş X6 Tibbi Yoxlamasının xx.xx.2024-cü il tarixli, 395 saylı rəydə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkdiyi, hal-hazırda onun alkoqolizmdən məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmişdir. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.4-cü maddəsinə görə narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir, - 1.0.6-cü maddəsinə görə alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir. CM-in: - 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir: - 93-1.2-ci maddəsinə görə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin: -15-1.2-ci və 15-1.2.3-cü maddələrinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir; -17-1.5-ci və 17-1.6-cı maddələrində qeyd edilir ki, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs barəsində alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun icrasına nəzarət yaşayış yeri üzrə icra məmuruna həvalə edilməlidir. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdur. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləriini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdən 04 oktyabr 2024-cü il tarixə qədər 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Hacıvar kəndinə yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra məmuruna həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar