Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-8/2024 28.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, “22” mart 2005-ci ildə Şərur rayonu, Yeni Havuş kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, müvəqqəti işsiz, Şərur rayonu, Yeni Havuş kəndində kəndində qeydiyyatda olan, lakin ünvan 1-də kirayədə yaşayan, Babək Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı əsasında çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam alınmış, əlilliyi olmayan, hər hansı orden, medal və ya fəxri adla təltif edilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “01” mart 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “11” fevral 2024-cü il tarixdə saat 02:30 radələrində Babək rayonu, Hacıvar kənd ərazisində yerləşən “SV” restoranında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncuya aşırtma fəndi atıb yerə yıxmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək xuliqanlıq cinayətini törətmişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bildiyini, ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, 11 fevral 2024-cü ildə dostları Mətin, Taleh və Sadiqlə “SV” restoranına yeyib-içməyə getdiklərini, orada Mətinlə Fəxri arasında mahnı sifarişi ilə bağlı narazılıq yarandığını, belə ki, Fəxrinin restoranın musiqiçilərinə mahnı sifariş verdiyini, lakin zərərçəkmiş şəxsin həmin mahnını dəyişdirdirdiyi, bundan sonra Fəxrinin onların oturduğu stola yaxınlaşaraq Mətinə çölə söhbət etməyə getməyi təklif etdiyini, həmin vaxt Mətin çox spirtli içki qəbul etdiyindən Fəxriyə “gəl mənlə gedək” dediyini, bu vaxt niyyətinin sadəcə söhbət etmək olduğunu, həmin vaxt özünün də içkili olduğunu, çölə gedə-gedə əlini Fəxrinin boynuna salmaq istədiyini, burada başqa niyyətinin olmadığnı, bunu dostcasına etdiyini, lakin zərəçəkmiş şəxsin onun əlini itələdiyini, onun bu hərəkətinin özünə xoş gəlmədiyini, buna görə də ona aşırma fəndi tətbiq edərək yerə yıxdığını, bundan sonra orada olan şəxslərin onları aralaşdırdığını, bu vaxt Fəxrinin qaşının qanadığını gördüyünü, yaxınlaşıb ona salfetka verdiyini, bu təqribən gecə saat iki olduğunu, daha sonra polislərin gəldiyini, zərərçəkmiş şəxsdən üzrxahlıq etdiyini, onunla aralarında barışıq əldə etdiyini, etdiyi əməldən çox peşman olduğunu qeyd etmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs son sözündə törətdiyi əməldən çox peşman olduğunu, belə olmasını istəmədiyini, cavan olmasını, etdiyi əməlin cavanlığına görə bağışlanmasını qeyd etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, 11 fevral 2024-cü ildə dostları Elçin və Elşənlə birlikdə “SV” restoranına getdiklərini, orada olanda özünün mahnı sifariş verdiyini, bu vaxt özünün Mətinin əvvəlcədən mahni sifariş verməsindən məlumatsız olduğunu, yəni mahnını bilə-bilə dəyişmədiyini, Eminin gəlib onların oturduğu stolun yanından keçəndə ona mahnını biz sifariş vermişdik dediyini, daha sonra onların orurduğu stoldan özlərinin oturduğu stola baxa-baxa nəsə dediklərini, gözü sataşanda Mətinin ona əl işarəsi də edərək “nə olub, niyə baxırsan?” dediyini, bundan sonra özünün Emingilin oturduğu stola yaxınlaşıb, Mətinə “gəl çıxaq çölə siqaret çəkib, söhbət edək” dediyini, bu vaxt Eminin ona “gəl mənlə gedək” dediyini, onunla çölə çıxmağa gedəndə Eminin əlini onun boynuna atdığını, bu vaxt özü də içkili olduğundan onun bu hərəkətinin özünə xoş gəlmədiyini və Eminin əlini itələdiyini, bundan sonra Eminin ona aşırma fəndi tətbiq edərək yerə yıxdığını, daha sonra orada olan şəxslərin onları aralaşdırdığını, Eminin ona qarşı bu hərəkətdən başqa hər hansı hərəkət etmədiyini, sonra polislərin gəldiyini, hadisə baş verən zaman dostu Elçinin çöldə olduğunu, Elşənlə isə eyni stolda oturduqlarını, Təqsirləndirilən şəxs aralarında barışıq əldə etiyini, onun barəsində şikayətinin olmadığını bildirmişdir. Cinayət hadisəsinin baş vermə səbəbkarlarından olan Şahid3 məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə baş verən günü dostları Emin, Taleh və Sadiqin əvvəlcədən “SV” restoranına getdiklərini, özünün isə onlardan təqribən 15 dəqiqə sonra restorana getdiyini, zərərçəkmiş şəxs və onun yanında olan bir nəfərin isə sonradan restorana gəldiyini, Fəxrigilin onlardan bir az aralıda başqa stolda oturduğunu, həmin vaxt özünün içkili olduğunu, əvvəlcədən dörd nəfərə bir litr araq içdiyini, daha sonra isə restoranda iki bakal pivə içdiyini, özünün həmin vaxt mahnı sifariş verdiyini, sonra zərərçəkmiş şəxsin onun sifariş verdiyi mahnını dəyişdirdiyini, bundan sonra özünün musiqiçilərə yaxınlaşıb mahnını yenidən dəyişdirdiyni və Fəxri yaxınlaşıb ona mahnının özünün sifariş verdiyini, aralarında bu barədə danışdıqlarını, sonra əl-ələ görüşüb bir-birindən üzrxahlıq edərərək ayrıldıqlarını, daha sonra stolda oturanda Fəxri ilə göz-gözə gəldiklərini, bundan sonra Fəxrinin onların oturduğu stola yaxınlaşdığını, ona çölə çıxıb siqaret çəkməyi təklif etdiyini, bu vaxt Eminin onunla çölə çıxdığını, birdən onların arasında mübahisə yarandığını, özü dönüb baxanda eminin Fəxrini göyə qaydırıb yerə çırpdığını, orada olan şəxslərin onların aralaşdırdığını, zərərçəkmiş şəxsin qaşının qanadığını qeyd etmişdi. Məhkəmədə şahid qismində dindirilən Şahid5 ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Mətin, Sadiq, Eminlə birlikdə həmin günü “SV” restorarına getdiyini, özünün onların yanında ayıq sürücü kimi getdiyini, restoranda birlikdə oturduqlarını həmin vaxt Mətinin mahnı sifariş verdiyini, daha sonra isə Fəxrinin musiqiçilərə yaxınlaşaraq mahnını dəyişdirdiyini, səhnə yaxın olduğundan mahnının onun dəyişdirməsini gördüklərini, daha sonra Mətinin yenidən mahnını dəyişdirdiyini, bundan sonra onunla zərərçəkmiş şəxsin danışıb, əl sıxışıb görüşdüyünü, üzrxahlıq etdiyini, içəridə musiqinin səsi çox olduğundan stoldan stola işarə ilə danışdıqlarını, bu vaxt Fəxrinin onların stoluna yaxınlaşdığını və Mətinə çölə çıxmağı təklif etdiyini, Mətin çox içdiyindən Eminin ona imkan verməyərək “gəl mənlə gedək” dediyini, onların mehriban şəkildə çölə tərəf getdiyini, özünün dönüb baxanda Eminin Fəxrini yerə yıxdığını gördüyünü, sonra onları aralaşdıqdıqlarını və özünün Fəxrini çölə besetkaya aparıb orada onu sakitləşdirdiyini, daha sonra polislərin gəldiyini bildirmişdi. Şahid1 məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı bildirdiklərini qeyd edərək hadisə günü dostu Fəxri ona zəng vurduğunu və şəhərə getmək istədiyini söylədiyini, onunla razılaşdığını, bundan sonra dostu Şahid2 zəng vuraraq Naxçıvan şəhərinə getmək bardədə dediyini, birlikdə Elşənin maşını ilə “SV” restoranına getdiklərini, əvvəlcə orada kabinetdə əyləşdiklərini, Elşənlə özünün çay içdiyini, Fəxrinin isə pivə içdiyini, daha sonra Fəxri ilə Elşən ümumi zala keçdiyini, özü isə xəstə və halsız olduğundan avtomobilə yatmağa getdiyini, daha sonra siqareti bitdiyi üçün Elşənin maşını ilə şəhərə getdiyini, şəhərdə olan zaman Elşənin zəng edərək yara bandı almağını istədiyini, nə olduğunu soruşanda Elşən Fəxrinin tanımadığı şəxslər ilə dava etdiyini və qaşının patladığını bildirdiyini, yara bandı alıb restorana çatan zaman restoranda dava olduğunu, Zərərçəkmiş şəxs oradakılarla dava etdiyini, oraya çatanda Fəxri ilə Eminin arasında olan mübahisəsinin səbəbinin musiqi olduğunu eşitdiyini bildirmişdi. Şahid2 məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə baş verən günü özünün Elçin və Fəxri ilə birlikdə “SV” restoranına getdiyini, əvvəlcə kabinetdə oturduqlarını, həmin vaxt özünün Elçinlə çay içdiyini, Fəxrinin isə pivə içdiyini, Elçin xəstə olduğundan onun başını stolun üstünə qoyaraq yatdığını, daha sonra özünün Fəxri ilə birlikdə zala keçdiyini, orada özünün “Hell”, Fəxrinin isə pivə içdiyini, daha sonra Elçinin ona zəng edərək kabinetə adam gəldiyini, buna görə oradan çıxmalı olduğunu deyərək, ondan maşında yatmaq üçün onun açarını istədiyini, özünün açarı Elçinə verməyə getdiyi vaxt Fəxri ilə Mətin arasında mahnı ilə bağlı gərginliyin olduğunu, özünün bunun şahidə olmadığını, daha sonra zala qayıdıb Fəxri ilə birlikdə onunla üz-üzə oturduğunu, bu vaxt Fəxrinin söhbət etmək üçün Emingilin oturduğu stola yaxınlaşdığını, özünün həmin vaxt telefonda Tik-Toka baxdığını, mübahisəni elə də ciddi düşünmədiyi üçün özünün Fəxri ilə birlikdə getmədiyini, daha sonra başını səs-küyə qaldıranda mübahisə olduğunu gördüyünü, onların aralaşdırdığını qeyd etmişdi. Şahidlərdən Şahid4, X7, Şahid6, X2 və Şahid8 məhkəmədə verdiyi ifadələrində ibtidai araşdırma zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxs və digər şahidlərin ifadəsində baş vermiş cinayət hadisəsi ilə bağlı əhəmiyyət kəsb edəcək halların təsdiqi ilə bağlı onların qeyd etdiyi xüsusatlara oxşar ifadə vermişdi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəllənin 221.1-ci maddəsində qeyd edilən xuliqanlıq cinayətinin tərkibi yaranır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 11 fevral 2024-cü il baxış protokolundan və ona əlavə edilşim fotoşəkillərdən ibtidai araşdırma orqanının Babək rayonu, Hacıvar kəndində yerləşən “SV” restoranına baxış keçirməsi və baxış zamanı hadisə anının video görüntüləri olan kamera görüntülərin götürməsi müəyyən edilir (iş vərəqə 2-10). İş materialarına əlavə edilmiş 01 ədəd kompakt diskə yazılmış Babək rayonu, Hacıvar kəndində yerləşən “SV” restoranında quraşdırılmış video müşahidə kamerasında olan görüntülərə baxış keçirilən zaman müəyyən olur ki, video götüntü “11” fevral 2024-cü il tarixdə saat 02:29:21 saniyədən başlayır və görüntünün ümumi müddətinin 33 saniyədir. Video götüntü başlayan zaman kameranın müşahidəsində ilkin olaraq Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, şahidlərdən Şahid3 (Təqsirləndirilən şəxs ilə üz-üzə oturan), Şahid4 (ağ köynək geyinən), Şahid5 (Təqsirləndirilən şəxs yanında oturan), Şahid9 Səlvər qızı (ayaq üstə duran və ağ paltar geyinən), Şahid8 (ayaq üstə duran) olması aydın olur. Zərərçəkmiş şəxs görüntünün solunda olan masada, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə şahidlər Şahid3, Şahid4, Şahid5 ilə birlikdə görüntünün sağında olan ayrı masada oturub. Görüntünün 10-12-ci saniyəsində (saat 02:29:30) zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin dostları ilə oturduğu masaya yaxınlaşması görsənir. Həmçinin həmin vaxt iş üzrə Şahid6 görüntüyə daxil olaraq Təqsirləndirilən şəxs əyləşdiyi masaya yaxınlaşması və Şahid3 zərərçəkmiş şəxslə birlikdə çölə getməsinə imkan verməməsi müəyyən edilir. Görüntünün 17-ci saniyəsində Təqsirləndirilən şəxs sağ qolunu zərərçəkmiş şəxsin boynuna salması, 20-ci saniyəsində isə sonuncunun onun əlini itələməsi aydın olur. Görüntülər 02:29:47 saniyədə olması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı aşırma fəndi tətbiq edərək onu yerə yıxması, daha sonra orada olan şəxslərin onları ayırması müəyyən edilir. Görüntüləri məhkəmədə dindirilən şəxslərin ifadələri ilə əlaqəli şəkildə tədqiq etdikdə onların eynilik təşkil etməsi aydın olur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 212 nömrəli ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində sol qaşüstü nahiyənin əzilmiş yarasının bərk küt əşyanın təsirindən törəndiyi, müddətinin qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 11 fevral 2024-cü il tarixdə əmələ gələ biləcəyi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir (iş vərəqə 40-143). Bu yuxarıda qeyd edilənlərdən Təqsirləndirilən şəxs ictimai qaydanı pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək fiziki şəxs üzərində zor tətbiq edərək xuliqanlıq cinayətini törətməsi öz təsdiqini tapır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biridigərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində qeyd edilən xuliqanlıq cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, ağırlaşdırıcı hal olmayan xuliqanlıq cinayətinin subyekti 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli, 262 nömrəli məktundan aydın olur ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır (iş vərəqə 39). Bu qeyd edilənlərdən baxılan iş üzrə cinayətin subyekt tərkibinin olması da öz təsdiqni tapır. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə onun əməlinin tövsifində səhvə yol verməmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Sözü gedən normanın şəxsin təqsirləndirildiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, qanunvericilik xuliqanlıq cinayətini törətmiş şəxslə bu cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin barışması halında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdi. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Bu cinayətin əsas obyektini ictimai münasibətlər təşkil edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallara rast gəlinməmişdi. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.1.12-ci maddələrində qeyd edilən cəzanı yüngülləşdirən hallar (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi və zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) müəyyən edilir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 Şöbəsinin 16 fevral 2024-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmaması (iş vərəqə 37-38); - zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi 12 mart 2024-cü il tarixli, **********804 nömrəli ərizəsindən və məhkəmədə verdiyi ifadəsindən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə edilməsi, onun barəsində şikayətinin olmamsı; - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ibridai araşdırma zamanı və məhkəmədə verdiyi ifadəsindən onun törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması; - məhkəməyədək sadələşdirilmiş icraat materialılarına əlavə edilmiş Yeni Havuş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması aydın olur. Yuxarıda qeyd edilən yüngülləşdirici halları birlikdə nəzərə alan və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinin tövsiyyə edilməsinə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası tətbiq edilməlidir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin tələbinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur (44.1 və 44.2-ci maddələr). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cərimə cəzasının icra olunduğu yer və orqana gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə görə isə əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ünvan 1 ünvanında kirayədə yaşaması müəyyən edilir. Bu səbəbdən də hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş materiallarında aydın olur ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib. Buna görə də hazırda sözü gedən məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Lakin məhkəmə bildirir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxılması zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.5-ci maddəsinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam alınmışdı. Məhkəmə belə hesab edir ki, həmin iltizam hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş 01 (bir) ədəd kompakt diskə yazılmış hadisə anın video görüntüləri olan müşahidə kamerasının görüntüsünün hüquqi müqəddaratına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.1 və 136.1-ci maddələrinin tələbinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Qeyd edilən prosessual normanın tələbindən yola çıxan məhkəmə belə nəticəyə gəlir ki, bir ədəd kompakt disk məhkəməyədək sadələşdirilmiş icraat materialının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hadisə anın video görüntüləri olan 01 (bir) ədəd kompakt disk məhkəməyədək sadələşdirilmiş icraat materialının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs alınmış çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Hökmdən onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-8/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-8/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver