Məhkəmə qərarları › İş №1(079)-8/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-8/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-8/2025 10.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Naxçıvan rayonu, Payız kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 (iki) uşaq atası, məhkumluğu olmayan, orta təhsilli, heç bir dövlət mükafatı və təltifi almayan, əlilliyi olmayan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "X6 Xidməti" X9 X7 Sistemlərinin İstismarı İdarəsində briqada nəzarətçisi işləyən, Babək rayonu, Payız kəndində qeydiyyatda olmaqla yaşayan, 27 sentyabr 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 24 dekabr 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda yaşadığı Babək rayonu, Payız kəndində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə şitillərini evinin zirzəmisində plastik qablara əkərək kultivasiya etmiş, belə ki, Təqsirləndirilən şəxs Babək rayonu, Payız kəndində yerləşən evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin zirzəmisindən 10 ədəd olmaqla hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş ümumi təmiz çəkisi 0.452 qram xeyli miqdarda çətənə bitkisi şitili aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ailəsinin 4 nəfərdən ibarət olduğunu, uşaqlarının orta məktəbə getdiyini, gündəlik fəhləlik etməklə 5-10 manat pul qazanıb ailəsini dolandırdığını, bu hadisədən əvvəl narkotik vasitə istifadə etmədiyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 alkoqolizmlə bağlı qeydiyyatda olduğunu, bir dəfə müalicə olunduğunu və 2017-ci ildən spirtli içki içməyi tərgitdiyini, əvvəllər narkotiklərin dövriyyəsi ilə bağlı iş üzrə məsuliyyətə cəlb olunmadığını, çətənə toxumlarını Türkiyə Respublikasında olarkən əldə etdiyini, Türkiyə Respublikasından 2017-ci ildə qayıtdığını, orada toxumları adını xatırlamadığı Türkiyə Respublikasının vətəndaşından əldə etdiyini, onların istifadə etdiyini görüb özünə də götürdüyünü, 2024-cü ilin yaz aylarında Naxçıvana qayıtdığını, çətənə toxumlarını Türkiyə Respublikasında olarkən geyindiyi gödəkcəsinin cibinə qoyduğunu, həmin vaxt gödəkçəsinin köhnəldiyini və cibi cırıldığından astarına təsbeh və qəpiyin düşdüyünü, gödəkçənin astarını sökən vaxt qızılı kağızın içərisində 3 ədəd toxum görüb götürdüyünü, həmin toxumları Türkiyədə olarkən cibinə qoyduğunu xatırladığını, toxumların çətənə toxumu olduğunu və Türkiyə Respublikasında olarkən istifadə etmədiyini, çətənə toxumunu Babək rayonu, Payız kəndində yerləşən evinin arxasındakı çöllük ərazidə torpağa əkdiyini, çətənə toxumunun əkildikdən sonra 3-4 ay ərzində məhsul verdiyini, sonra həmin kolları çıxarıb yağ qabında torpağa saldığını, plastik qabların “Vita” “Teksun” markalı yağ qabları olduğunu, şitilləri 5 ədəd plastik qabın içərisində əkdiyini, ümumilikdə cəmi 10 şitil əkdiyini, onlara qulluq etmədiyini, sadəcə olaraq arabir suladığını, çətənə bitkilərini əkməkdə məqsədinin istifadə etmək olduğunu, işsizlik, həmçinin övladının üst damağının olmaması ilə bağlı xəstəliyi, buna görə ona pensiyanın belə verilməməsinin onda ümidsizlik və əsəbilik yaratdığını, sakitləşmək üçün arabir istifadə etmək istədiyini, əkdiyi çətənə bitkisinin kollarından təxminən 10 dəfə daha əvvəl istifadə etdiyini, çətənə kollarını yağ qablarında evin zirzəmisində saxladığını, bu barədə heç kimin bilmədiyini, çətənə kollarını yaş-yaş qırıb qurutduqdan sonra siqaretə doldurub istifadə etdiyini, çətənə kollarını qaz sobasının üzərində qurutduğunu, ailə üzvlərinin heç birinin narkotik vasitə istifadə etdiyini bilmədiyini, çətənə kollarını zirzəmidə istifadə edilməyən köhnə əşyaların arxasında gizlətdiyini, ora girib-çıxanın olmadığını, hadisə vaxtı 4 nəfər polis əməkdaşının gəldiyini, polis əməkdaşların gəlib ondan şübhələndiyini və evə, həyətə baxış keçirəcəklərini bildirdiklərini, onların evə daxil olmalarına icazə verdiyini, polis əməkdaşlarının evə ilk dəfə daxil olduğu vaxtdan videoçəkiliş aparmağa başladıqlarını, vedrədə əkdiyi 10 ədəd çətənə şitilini evin zirzəmisində öz istifadəsi üçün gizlətdiyini, polis əməkdaşlarının kolları sayıb götürəndə özünün də götürmə prosesində iştirak etdiyini, zirzəmidən cəmi 9 və ya 10 kol götürdüklərini, kolların qablaşdırılmasında iştirak etdiyini, plastik qablardakı kollardan başqa çətənə toxumlarının da aşkar olunduğunu və həmin toxumları da polis əməkdaşlarına təhvil verdiyini, toxumların neçə ədəd olduğunu bilmədiyini, toxumları qırmızı rəngli əski içinə büküb saxladığını, götürdüyü toxumların hamısını polis əməkdaşlarına təqdim etdiyini, hazırda heç bir asılılığının olmadığını, lakin rəydə məcburi müalicəyə ehtiyacı olduğunun qeyd edildiyini, ibtidai istintaq zamanı ekspert qərarı ilə tanış edildiyini, hadisəni törədərkən anlaqlı vəziyyətdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu və bağışlanmağı xahiş etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında təqsirləndirilən şəxslə heç bir qohumluğu və ya ədavətinin olmadığını, Babək rayonu, Payız kənd sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitə qəbul etməsi və əkib-becərməsi ilə bağlı məlumat daxil olduğunu, bununla bağlı əməliyyat qrupunun yaradıldığını, qərar qəbul edildikdən sonra 25 sentyabr 2024-cü il tarixdə şəxsin yaşadığı ünvana baxış keçirildiyini, baxış zamanı özünün, əməliyyat qrupundan Şahid2 və aqronomun iştirak etdiyini, ilkin olaraq həyətyanı sahəyə, sonra orada yerləşən yardımçı tikiliyə, daha sonra isə evin zirzəmisinə baxış keçirdiklərini, çətənə kollarının beş ədəd dibçəyin içərisinə əkildiyini, hər dibçəkdə 2 ədəd kol olmaqla 10 çətənə kolunun zirzəmidəki plastik yağ qablarına əkildiyini, 1 ədəd çətənə kolunun isə evin arxa tərəfində həyətdə qəmişlikdə əkildiyini, həyətdə olan 1 ədəd tək halda çətənə kolunun toxumlarının götürüldüyünü, yarpaqlarının yığıldığını və yalnız quru kötüyünün qaldığını, kolun quruduğunu, buna görə Namiq Süleymanovun ayrılıqda inzibati məsuliyyətə cəlb olunduğunu, təqsirləndirilən şəxsin əlavə olaraq çətənə toxumlarının olduğunu bildirildiyini və onun 200-ə yaxın çətənə toxumunu təhvil verdiyini, toxumların qırmızı rəngli parçaya bükülü halda olduğunu, Təqsirləndirilən şəxs həmin çətənə toxumlarının özünə məxsus olduğunu deyib onlara təqdim etdiyini, aqronomun həmin vaxt kolların kultivasiya olunduğunu təsdiqlədiyini, bunun ekspert rəyi ilə də təsdiq olunduğunu, təqsirləndirilən şəxsin ilkin məlumatda da kolların çətənə bitkisi olduğunu və özünün istifadə etməsi üçün əkdiyini bildirdiyini, ağrısı olduğundan istifadə etdiyini, əvvəllər Rusiyada yaşadığını, orada olandan istifadə etdiyini və bura gələndən sonra da şəxsi istifadəsi üçün əkdiyini ilkin olaraq dediyini, baxış və götürmənin videoçəkiliş vasitəsilə aparıldığını, təqsirləndirilən şəxsin baxış keçirilməsinə heç bir etirazının olmadığını və maneə törətmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında təqsirləndirilən şəxslə heç bir qohumluğu və ya ədavətinin olmadığını, Babək rayonu, Payız kənd sakini Təqsirləndirilən şəxs kannabis-çətənə kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, bundan sonra onun yaşadığı ünvana baxış keçirdiklərini, əməliyyat qrupunda Şahid1 və özünün olduğunu, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etmədiyini, baxışın video-çəkiliş vasitəsilə aparıldığını və sonradan qanuniliyinin məhkəmə qaydasında tanındığını, həmin vaxt təqsirləndirilən şəxsin evinin zirzəmisinə və həyətyanı sahəyə baxış keçirdiklərini, həyətin arxasındakı 1 ədəd çətənə kolunun taxtadan hazırlanmış dördbucaq formalı dibçək formasında torpaqda qabın içinə əkildiyini və quru kol olduğunu, həmin kolun toxumlarının götürüldüyünü, evin zirzəmisindən isə 5 ədəd dibçəkdə 10 ədəd çətənə kolunun və 1 ədəd qırmızı parçaya bükülmüş təqribən 180-200 ədəd çətənə toxumlarının aşar edildiyini, aqronomun aşkar edilən kollarla bağlı əkilib qulluq olunduğunu yerindəcə bildirdiyini, çətənə kollarını və toxumlarını aşkar etdikləri vaxt təqsirləndirilən şəxsin həmin maddələri şəxsi istifadə üçün əkib-becərdiyini dediyini, çətənə kollarını nə vaxtdan əkib becərdiyini demədiyini, toxumların sayılmasını Şahid1 həyata keçirdiyini, video çəkilişi isə özünün apardığını, baxış zamanı mülkiyyətçinin də iştirak etdiyini, çətənə kolları və toxumların aşkar edildikdən sonra təqsirləndirilən şəxsin iştirakı ilə zərfə yığılıb möhürləndiyini və tikilərək imzalanıb götürüldüyünü, zərfin yeni olduğunu və ağzının təqsirləndirilən şəxsin yanında açıldığını, işinin boş olmasının yoxlanıldığını, çətənə kollarının və toxumlarının ayrı-ayrılıqda qablaşdırıldığını, bütün çətənə kollarının və toxumlarının həmin gün götürüldüyünü, həmin vaxt satış alətlərinin və əlamətlərinin aşkar edilmədiyini, təqsirləndirilən şəxsin həmin vaxt ayıq vəziyyətdə olduğunu bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında təqsirləndirilən şəxsin əri olduğunu, onunla heç bir ədavətinin olmadığını, Namiqlə 12 ildir ki, ailəli olduqlarını, Namiqin əvvəllər narkotik vasitə istifadə etməyinin şahidi olmadığını, onun işlədiyi vaxt ailəsinə baxaraq evin ehtiyaclarını qarşıladığını, birgə nikahdan 2 övladlarının dünyaya gəldiyini, oğlunun damaq açıqlığı olması səbəbindən əməliyyat olunduğunu, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunduğunu, “X10 Mərkəzi” MMC-də sosial işçi olaraq işlədiyini, Namiqin də 2 ay olar ki, “Su Melorasiya Xidməti” X9də nəzarətçi işlədiyini, onun hadisə baş verən vaxt işləmədini, Namiqin əvvəllər bir dəfə 1 il, 3 ay Türkiyə Respublikasında yaşadığını, 25 sentyabr 2024-cü il tarixdə məktəbdən valideyn iclasından gəlib həyətdə polis əməkdaşlarını və zirzəmidən çıxarılan kolları gördüyünü, yoldaşının narkotik vasitə istifadə etdiyi üçün polis əməkdaşlarının orada olduğunu dediyini, onun narkotik vasitə əkməsindən xəbərinin olmadığını, şitillərin evin zirzəmisində əşyaların arxasından aşkarlandığını, ora girib çıxanda qablar əşyaların arxasında olduğundan görmədiyini, zirzəmiyə qab-qaşıq və köhnə əşyaları yığdıqlarını, Namiqin zirzəmidə çox vaxt keçirməsini müşahidə etmədiyini, polis əməkdaşlarının bir ədəd kolu evin arxasından çıxarıldığını dediklərini, kolu götürdükləri yerdə heç bir izin qalmadığını, kolun ətrafında tar-taxta olmasını və onların yerində qaldığını, yoldaşının həmin vasitələri əkdiyini və istifadə etdiyini etiraf etdiyini, əkilən kolları həyətə daxil olduqdan sonra gördüyünü, kolların nə olduğunu tanımadığını, dibçəkdə əkildiyini, yoldaşının törətdiyi əmələ görə peşmanlıq keçirməsini hiss etdiyini bildirmişdir. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Şəxsin təqsirləndirildiyi əməldə cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda yaşadığı Babək rayonu, Payız kəndində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə şitillərini evinin zirzəmisində plastik qablara əkərək kultivasiya etmiş və 25 sentyabr 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri Payız kəndində yerləşən evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin zirzəmisindən 10 ədəd olmaqla hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş ümumi təmiz çəkisi 0.452 qram xeyli miqdarda çətənə bitkisi şitili aşkar edilərək götürülmüşdür. Şəxsin təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş yaşayış evinə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs evinin zirzəmisindən 5 ədəd dibçəkdə əkib becərdiyi hər birində 1 ədəd olmaqla ümumilikdə 10 ədəd çətənə bitkisi kollarına bənzər 11 ədəd kol və qırmızı rəngdə parçaya bükülmüş çətənə toxumlarına bənzər toxumlar qablaşdırılmaqla götürülmüş, əməliyyat axtarış fəlaiyyətinin nəticəsi videoçəkilişlə qeydə alınmış və protokola əlavə edilmişdir. Məhkəmə hesab edir ki, yaşayış evinə baxış keçirilməsi tədbirinin nəticələrini əks etdirən protokol əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edir, nəticədə əldə olunan məlumatların həqiqiliyinə şübhə ilə yanaşılması üçün əsaslar müəyyən edilmir, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanları istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbindən görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 5(079)-287/2024 nömrəli qərarın surətindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən “25” sentyabr 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış hərəkətinin qanuniliyi və əsaslılığı təsdiq edilmişdir. Bununla belə məhkəmə məhkəmə nəzarətinin həyata keçirilməsi faktı (müvafiq məhkəmə qərarının olması) ilə kifayətlənməmiş, əməliyyat-axtarış fəaliyyətinin nəticəsində əldə olunan sübutu Azərbaycan Respulikası CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri daxilində yoxlayaraq sübut kimi yolverilən hesab etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qararına əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1161 saylı rəyi ilə o nəticəyə gəlinmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, müvafiq zərfdəki 10 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 0.452 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom rəyinə əsasən təqdim olunmuş bitkiyə aqrotexniki qaydada qulluq göstərilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Sözügedən siyahının “Tərkibində narkotik maddələr olan bitkilər” adlanan İİİ siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilər yer alır və 3-15 ədəd (6-30 hissə) xeyli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 21-ci bəndində göstərilir ki, əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 1-ci maddəsinin “i” bəndinə əsasən becərmə – tiryək xaşxaşı, kokain kolunun, yaxud kannabis bitkisinin becərilməsi deməkdir. Məhkəmə araşdırması zamanı baxış aparılması haqqında protokol və ya ona əlavə edilmiş videoçəkiliş, şahidlərin ifadələri, ekspert rəyləri və bütün bunlarla birlikdə yoxlanılaraq qiymətləndirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi əsasında Təqsirləndirilən şəxs xeyli miqdarda çətənə bitkisinin kollarını əkməsi və bununla da Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunan cinayət əməlini törətməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2013-cü il tarixli Qərarına görə CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının СM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli formal tərkibli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Plenum qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olubolmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə istintaqında CM-in 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində olan əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatları, o cümlədən onun yaşayış yerində müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, hadisənin üstü açıldıqdan sonra əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla əmlinə tənqidi münasibətini, şəxsin himayəsində iki uşağı olmaqla təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, şəxsin yaşını, əməlin səbəb olduğu zərərli nəticələrin həddini, həmçinin şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq islah olunması üçün onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Payız kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Payız kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydası”nın 1-ci bəndində göstərilir ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ekspert rəyi ilə qanunvericilikdə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməsi məqsədəmüvafiq hesab edilmədikdə, tam həcmdə məhv edilməlidir. Qaydaların 3-cü bəndində isə göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üçün əsas kimi məhkəmənin qərarı, habelə müstəntiqin, yaxud təhqiqat orqanının qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət işinə xitam verilməsi və ya cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə bildirir ki, işin məhkəmədə araşdırılmış hallarından Təqsirləndirilən şəxs narkomanlıq xəstəliyinə düçar olması və məcburi müalicəyə ehtiyacının olması aydın olur. Bunu cinayət işi materiallarına əlavə edilmiş X4 Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 380 saylı məhkəmə-narkoloji ekspertizasının nəticəsində verilmiş rəylə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “konnobinoid” narkomaniyası aşkar olunmuş və məcburi müalicəyə ehtiyacı vardır. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən; - narkomanlıq xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir; - narkoman narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və fiziki asılılıq vəziyyətinə düşən, barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji-tibb müəssisəsi tərəfindən "narkomanlıq" diaqnozu təyin edilmiş şəxsdir. Həmçinin həmin Qanunun 9-cu maddəsinin 1 və 2-ci bəndləri ilə müəyyən edilir ki, tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. "Narkomanlıq" diaqnozu yalnız həkimməsləhət komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilə bilər. Sözü gedən Qanunun 11-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə cinayət törətmiş narkomanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar. Narkoman barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirləri, yalnız həmin şəxsə cinayət törətdiyinə görə cəza verməklə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir: - 93-1.2-ci maddəsinə görə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin: -15-1.2-ci və 15-1.2.3-cü maddələrinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir; -17-1.5-ci və 17-1.6-cı maddələrində qeyd edilir ki, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun icrasına nəzarət yaşayış yeri üzrə icra məmuruna həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanc otağında saxlanılan təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş 10 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 0.452 qram olan çətənə şitilləri və ümumi çəkisi 2.998 qram olan 202 ədəd çətənə (kannabis) bitkisinin toxumlarının ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 0.352 qram olan çəkidə çətənə şitilləri və ümumi çəkisi 2.998 qram olan 202 ədəd çətənə (kannabis) bitkisinin toxumları müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. CM-in 198.1-ci maddəsi ilə müəyyən edilir ki, Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Yuxarıda qeyd edilən prosessual normaların tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf edilmiş 90 (doxsan) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ21NABZ******************** nömrəli hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu Payız kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 0.352 qram çəkidə çətənə şitilləri və ümumi çəkisi 2.998 qram olan 202 ədəd çətənə (kannabis) bitkisinin toxumları müsadirə edilməklə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin, şəxsin müalicəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrinə (İTM) tapşırılsın və onun icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra məmuruna həvalə edilsin. Məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf edilmiş 90 (doxsan) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. Cinayət işinə əlavə edilmiş və yaşayış evinə baxış keçirilməsi və götürmə anının video görüntülərinin əks olunduğu 01 (bir) ədəd kompakt disk cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar