Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-9/2024 26.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ “26” aprel 2024-cü ildə, saat 0930-da Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Xəlilov (Ələsgərov) Heydər Baloğlan oğlu, Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Naxçıvan rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, orta təhsilli, işsiz, əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, məhkumluğu olunmayan, 07 mart 2024cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına “18” mart 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına “Ağır” zərər vurmaya aid xəsarətlər yetirərək ölməsinə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:55 radələrində idarə etdiyi “Saipa” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəkərabad-Naxçıvan avtomobil yolunun Şəkərabad kəndi ərazisindən keçən hissədə hərəkətdə olan zaman “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda buna əməl etmədən idarə etdiyi avtomobil ilə yolu sağdan sola keçən piyada X3 vuraraq piyadanın ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, beynin əzilməsi, subdural hematoma, beyin koması, sağ təpə və ənsə sümüklərinin sınığından ibarət dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “Ağır” zərər vurmaya aid xəsarətlər alaraq xx.xx.2023-cü il tarixdə ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə CPM-in 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni CM-in 263.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin CM-in 263.2-ci maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək 35 ildir maşın idarə etdiyini, hadisənin törətdiyi avtomobili isə 2 ildir idarə etdiyini, avtomobili mülkiyyətinə keçirmədiyini və etibarnamə əsasında idarə etdiyini, hadisə baş verən zaman sürücülük hüququnun olduğunu, əvvəllər cinayət məsuliyyətinə cəlb olunsa da məhkumluğunun uzun müddət bundan əvvəl ödənildiyini, həmin hadisə nəticəsində də heç kimin sağlamlığına zərər vurmadığını, əvvəllər oxşar nəticələrə səbəb olan yol nəqliyyat hadisəsi törətmədiyini, sözügedən hadisənin 2023-cü ilin noyabr ayının 23-ü, axşam saat 8 radələrində baş verdiyini, hadisənin Naxçıvan şəhəri “SV” adlanan restoran tərəfdə, işıqfora təxminən 70 metr qalmış baş verdiyini, həmin vaxt narahat və ya əsəbi vəziyyətdə olmadığını, diqqətini yayındıran heç nəyin olmadığını, özünün yaşlandıqdan sonra ümumiyyətlə içki içmədiyini, hadisə zamanı da içkili olmadığını, hadisədən əvvəl normal əhval-ruhiyyədə olduğunu, həmin vaxt qış vaxtı olduğundan saat 8-ə qalmaqla havanın tam qaranlıq olduğunu, idarə etdiyi maşının saz vəziyyətdə olduğunu, mərhumu əvvəlcədən tanımadığını, onunla ədavətinin və düşmənçiliyinin olmadığını, özünün taksi fəaliyyəti ilə məşğul olmadığını, sadəcə həmin vaxt Hava Limanından tanıdığı bir şəxsi Şəkərabad kəndinə evlərinə ötürüb Muhammed Yıldırım adlı şəxslə Naxçıvan şəhəri istiqamətinə evə qayıtdığını, mərhum zərərçəkmiş şəxsin anidən qaranlıqdan piyadalar üçün nəzərdə tutulan səkidən çıxdığını gördüyünü, həmin yol kənarlarında işıqlandırmanın olmadığını, yalnız maşının öz işığı həddində nəyisə görməyin mümkün olduğunu, dediklərinə görə piyada xəttinin toqquşma yerindən 79 metr aralıda olduğunu, piyadanın həmin vaxt piyada keçidi olmayan yerdən keçdiyini, mərhumun qaranlıqdan çıxanda aralarındakı məsafənin təxminən 120 metr olduğunu, piyadanın 1-ci zolağın bitdiyi xəttin üzərində durduğunu, özünün əgər şəxsin hərəkət edə biləcəyi ehtimalının olduğunu nəzərə alıb maşını saxlasaydı qəzanın da olmayacağını, lakin piyadanın hərəkətlərindən orada gözləyəcəyini ehtimal edib tormoz vermədən hərəkətə davam etdiyini, lakin mərhumun da həmin anda yenidən hərəkət etməyə başladığını, piyadaya dəyəcəyini görəndə maşını saxlamaq imkanı olmadığından sol tərəfə çəkdiyini, həmin anda da mərhumun anidən özünü itirib maşının qabağına atdığını, hadisə zamanı təhlükə anını mərhuma 20 metr qalmış hiss etdiyini, həmin anda tormozu vursaydı belə yenə də hadisənin qarşısını ala bilməyəcəyini, bu səbəbdən onun hərəkət edəcəyi ehtimalını düşünmədən maşını yolun sol tərəfinə çəkdiyini, mərhumun isə özünü maşının qabağına atdığını, sürətin o anda 40-50 km/saat olduğunu, onu ilk görəndə maşının sürətini 20 km/saata endirdiyini, lakin daha sonra mərhumun dayandığını görəndə yenidən keçmək istərkən şəxsi vurduğunu, belə ki maşını 20 km/saata endirib daha sonra mərhumun dayandığını görüb yenidən sürəti artırdığını, mərhumun yolun ortasında xəttin üzərində dayandığını, özünün yolun sol tərəfi ilə gedərkən mərhumun qaçmağa başladığını, onu da çaşdırdığı üçün qəzanın baş verdiyini, şahid Muhammed Yıldırımın verdiyi 60 km/saat sürətlə maşının hərəkət etməsi ilə bağlı məsələnin düzgün olmadığını, onun qabaq sağ tərəfdə əyləşdiyini, telefonla oynadığı üçün sürəti görə bilmədiyini, bundan sonra yolun kənarında dayanan tanımadığı 2 nəfərin ona yardım etməyə gəldiyini, mərhumun çətin nəfəs aldığını görüb maşından yastıq götürüb onun başının altına qoyduğunu, ona bir şey olmasın deyə ilkin yardım göstərməyə çalışdığını, ətrafdakılara isə təcili tibbi yardıma zəng etmələrini bildirdiyini, təcili tbbi yardımın və polis əməkdaşlarının gəldiyini, mərhumu xəstəxanaya apardıqlarını, özünü isə sərxoşluq müayinəsinə, daha sonra isə polis şöbəsinə gətirdiklərini, daha sonra xəstəxanaya getdiyini, 25 gün müddətində ailəsi və bütün qohumları ilə birlikdə mərhumun ailə üzvlərinin yanında olduqlarını, onlara dəyən maddi və mənəvi zərəri ödəməyə çalışdıqlarını, mərhumun qəzadan sonra 25-ci gün xəstəxanada vəfat etdiyini, onun sağalmasını arzu etdiklərini, lakin təəssüf ki, bunun mümkün olmadığını, hüquqi varislə barışdıqlarını, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, vicdan əzabı çəkdiyini qeyd edərək yaşının nəzərə alınmasını və cəzanın az həddə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə CPM-in 126.6-cı maddəsinin tələbini, yəni təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilənliyinə dair müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdir. X2 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, hadisənin baş verməsi anının video görüntüləri və şahid ifadələri ilə öz təsdiqini tapır. Zərərçəkmiş şəxsin hüquqi varisi Xəlilov (Ələsgərov) Heydər Baloğlan oğlu şahid kimi verdiyi ifadəsində atası Ələsgərov Baloğlanın bu günədək maşın idarə etmədiyini, atasının təmkinli biri olmadığını, biraz tələskən insan olduğunu, hadisənin 23 noyabr 2023-cü il tarixdə baş verdiyini, eşitdiyinə görə atasının hadisə baş verən günü işdən evə qayıdıb daha sonra yenidən evdən çıxdığını, onun həmin vaxt haraya getməsi barədə məlumatının olmadığını, özünün Naxçıvan Sərhəd Xidmətinin Naxçıvan Beynəlxalq hava limanında yerləşən X8 nəzarətçi işlədiyini, hadisə baş verən günü də orada işdə olduğunu, atası ilə əlaqə saxlamaq istəsə də telefonlara cavab vermədiyini, daha sonra 20:05 radələrində ona xəstəxanadan tanımadığı bir şəxsdən zəng gəldiyini, mərhumun oğlu olduğunu bildirdikdən 10 dəqiqə sonra işdən icazə alıb xəstəxanaya getdiyini, xəstəxanada atası ilə danışmağa imkan olmadığını, çünki onun vəziyyətinin buna imkan vermədiyini, müayinələrdən sonra reanimasiya şöbəsinə aparıldığını, bundan 25 gün sonra xx.xx.2023-cü il tarixdə xəstəxanada vəfat etdiyini, hadisədən əvvəl atasının hava limanına gəldiyinə və həmin vaxt oradan qayıtdığına dair yaxınlarından eşitdiyini, həmçinin deyilənə görə atasının hadisə zamanı içkili olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, xəstəxanada olarkən təqsirləndirilən şəxsin ailə üzvləri ilə birlikdə daima yanlarında olduğunu, onlara maddi-mənəvi dəstək olduqlarını, təqsirləndirilən şəxsin dəfn mərasimində iştirak etdiyini və dəfn xərclərini də ödədiyini, təqsirləndirilən şəxslə barışıq əldə olunduğunu, hüquqi varis olaraq ondan heç bir şikayət və tələbinin olmadığını, cəzalandırılmasını istəmədiyini bildirmişdir. Baş vermiş hadisənin şahidlərindən biri olan Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 23 noyabr 2023-cü il tarixdə təxminən saat 19:50 radələrində Şəkərabad kəndində xidməti vəzifədə olarkən yol patrul inspektoru Şahid2la birlikdə “SV” restoranının qabağında maşınların toplandığını görüb hadisə yerinə yaxınlaşdıqlarını, bu zaman piyadanın vurulması ilə bağlı yol nəqliyyat hadisəsinin baş verdiyini gördüklərini, lakin hadisənin baş vermə anını görmədiyinini, xidməti vəzifəsini yerinə yetirərkən insanların oraya toplandığını görüb bundan sonra hadisə yerinə getdiyini, növbətçi hissəyə bununla bağlı məlumat verdiklərini, bu zaman təcili tibbi yardım maşının da hadisə yerinə gəldiyini, xəsarət alan şəxsi təcili tibbi yardım maşınına qoyub xəstəxanaya yola saldıqlarını, daha sonra Babək Rayon Polis İdarəsinin istintaq və təhqiqat bölməsindən müstəntiqin hadisə yerinə dəvət olunduğunu, sürücü və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirildiyini, hadisə yerini müşayiət edən videokameraların da mövcud olduğunu, hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs maşınının SV restoranı istiqamətində yolayrıcına yaxın xəttin sol tərəfində olduğunu, qoşa xətti azca keçdiyini, mərhumun isə nəqliyyat vasitəsinin axını istiqamətində qoşa xəttin yanında uzanmış vəziyyətdə olduğunu, dəyən hissədə arxası üstə yerə uzandığını, şəxsin başında yara olduğunu, piyadanın düşdüyü yerdə isə qan ləkəsinin olduğunu, mərhumun nəsə deməsini eşitmədiklərini, həmin nöqtədə yolun işıqlanmasının məhdud olduğunu, ümumiyyətlə həmin yolda işıqlandırmanın çox zəif olduğunu, piyadanı görməyin çətin ola biləcəyini, avtomobilin şüşəsinin çatladığını və sağ tərəfində əziyin olduğunu, sürücünün orada yüksək sürətlə maşın sürmə ehtimalının olmadığını, çünki qarşıda işıqforun olduğunu və oraya çatana yaxın sürətin azaldılmalı olduğunu, işıqla bağlı görmə məhdudiyyəti olsa da, sürücünün piyadanı görə biləcəyini, piyadaların orada hərəkətinin çox görülmədiyini, orada əvvəllər də hadisələr olsa da ölümlə nəticələnən hadisənin ilk dəfə olduğunu, hadisə yerində piyada xəttinin olmadığını, təqsirləndirilən şəxsin hadisədən sonra çox həyəcanlı və gərgin vəziyyətdə olduğunu bildirmişdir. Şahid2 Abbasqulu oğlu ifadəsində hadisənin 23 noyabr 2023-cü il tarixdə baş verdiyini, həmin vaxt Şahid1 ilə Şəkərabad kəndi istiqamətində xidməti vəzifələrini yerinə yetirərkən “SV” adlanan yerdə insanların və maşınların toplandığını görüb hadisə yerinə yaxınlaşdıqlarını, hadisə yerinə çatanda nəqliyyat vasitələrinin çox olması səbəbindən sıxlıq olmasın deyə yolu nizamladığını, 75 BJ-984 dövlət nişanlı “SAİPA” markalı nəqliyyat vasitəsinin isə yolun əks istiqamətli hərəkət zolağında dayandığını, maşının qabaq sağ tərəfdən ön şüşəsində zədələrin olduğunu, piyadanın vurulması ilə bağlı yol nəqliyyat hadisəsinin baş verdiyini, Şahid1 növbətçi hissəyə zəng etdiyini, həmin vaxt təcili tbbi yardımın artıq gəldiyini, müstəntiq gəldikdən sonra isə hadisənin plan-sxeminin çəkildiyini, yolu tənzimlədiyindən mərhumun üzərində olan xəsarətlərə diqqət etmədiyini, həmin yolda piyadalar üçün səkinin olduğunu, normalda magistral yollarda piyada xətlərinin 100-150 metrdən bir quraşdırıldığını, həmin yolda isə piyada keçidinin uzaq məsafələrdə olduğunu, hadisənin işıqfora 30-40 metr qalmış baş verdiyini, işıqlandırmanın isə bir tərəfli Naxçıvan- Şəkərabad istiqamətində gedən sağ tərəfdə olduğunu, həmin yolun qaranlıq olduğunu, yolun işıqlandırılmadığını bilsələr də, bununla bağlı lazımi təkliflərin verilmədiyini, ölüm hadisəsinə piyadanın da yol-hərəkət qaydalarına əməl etməməsi olduğunu, hadisə vaxtı özünün avtomobildə olduğunu, bu səbəbdən baş vermə anını görmədiyini, Təqsirləndirilən şəxs və Muhammed Yıldırımın orada olduğunu, ora yaxınlaşanda təcili tibbi yardım maşınının artıq orada olduğunu, özünün mərhuma yaxınlaşmadığını, onun danışmasını, nəsə deməsini eşitmədiyini, hadisənin necə baş verdiyini soruşmadıqlarını, hadisə yerinin müayinəsini müstəntiqin gəlib apardığını, həmçinin təqsirləndirilən şəxsi sərxoşluq müayinəsinə apardıqlarını, özlərinin isə onda sərxoşluq hiss etmədiklərini bildirmişdir. Şahid3 ifadəsində Təqsirləndirilən şəxs oğlu ilə dostluq münasibətlərinin olduğunu, maşını 2 il bundan əvvəl etibarnamə əsasında ona 9000-10000 manat aralığında qiymətə satdığını, Təqsirləndirilən şəxs pulu tam olaraq ödədiyini, daha sonra ona sürücülük hüququna dair etibarnamə verdiyini, avtomobili satmazdan əvvəl 6-7 ay özündə olduğunu və satanda da saz vəziyyətdə olduğunu, satışdan əvvəl bir neçə ustada yoxlatdığını, maşının işıqlandırmasının biraz zəif olduğunu, hadisəni vatsap qrupunda dostlarından eşitdiyini, qəza ilə bağlı məlumat aldıqdan sonra xəstəxanaya getdiklərini bildirmişdir. Belə ki, hadisənin birbaşa şahidi olan məhkəmə iclasında ifadəsi elan edilmiş Muhammed Yıldırım ibtidai istintaq zamanı verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə saat təxminən 19:10 radələrində tanışı Əkbərin avtomobili ilə Şəkərabad kəndi istiqamətindən Naxçıvan şəhəri istiqamətinə gəldiyini, avtomobildə sağ tərəf ön oturacaqda oturduğunu, yolu dəqiq tanımadığı üçün küçənin adını bilmədiyini, hava limanının yaxınlığından keçib Naxçıvan şəhərinə tərəf işıqfora çatan zaman Əkbərin 2-ci hərəkət zolağı ilə hərəkət etdiyini, özünün isə telefona baxdığını, anidən Əkbərin avtomobili sola tərəf qaçırtdığını gördüyünü və qarşıya baxanda hərəkət etdikləri zolağın ortasında bir nəfərin yolu qaçaraq keçdiyini gördüyünü, həmin vaxt Əkbərin avtomobili sol tərəfə yəni əks istiqaməti yola çəkdiyini, lakin həmin piyadanın qaçaraq yolu keçməyə çalışdığını, Əkbərin maşınının sağ tərəf buferi ilə piyadanı vurduğunu, piyadanın maşının ön alın şüşəsinə dəydiyini və avtomobilin sağ tərəfinə düşdüyünü, özlərinin dərhal avtomobildən düşüb təcili yardım çağırdıqlarını və xəstəxanaya getdiklərini, qəzadan öncə Təqsirləndirilən şəxs avtomobili təxminən 60 km/saat sürətlə idarə etdiyini, piyadanı görən zaman onun yolun ortasında olduğunu, aralarında təxminən 10-15 metr məsafə olduğunu, Təqsirləndirilən şəxs qəzadan yayınmaq üçün tormoz etdiyini və avtomobili yolun sol tərəfinə yəni əks istiqamətli yola tərəf çəkdiyini, lakin piyadanın qaçaraq gəlib maşının sağ tərəf bufer hissəsinə çırpıldığını, qəzadan öncə Təqsirləndirilən şəxs avtomobilində heç bir nasazlıq olmadığını, qəzadan öncə Naxçıvan şəhərinə dönmək üçün yolun sol hərəkət zolağı ilə yəni, 2-ci hərəkət zolağı ilə getdiklərini, qəza zamanı yanlarında başqa heç kimin olmadığını, özünün heç bir xəsarət almadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan və ona əlavə edilmiş müvafiq fotoşəkillərdən hadisənin Babək rayonunun inzibati ərazisində, Babək-Naxçıvan yolunun Şəkərabad kəndindən keçən hissəsində “SV” adlanan restoranın qarşısında asfalt, quru, hamar, 4 hərəkət zolağından ibarət yolun hər iki tərəfində piyadaların hərəkəti üçün 1 metr enində ehtiyat yolun olduğu, Naxçıvan- Şəkərabad istiqamətində əks yolda “Saipa” markalı, ağ rəngli, **-BJ-*** dövlət qeydiyyatnişanlı avtomobilin dayandığı, avtomobilin ön alın şüşəsinin ortasından içəriyə doğru əzilərək qırıldığı, hadisə yerinin yaşayış məntəqəsi sayıldığı, lakin sürəti məhdudlaşdıran yol nişanının olmadığı, piyadanın vurulduğu yerdən düşdüyü yerə qədər olan məsafənin 4 metr olduğu, həmin yerdə qan ləkəsinin olduğu, yolda baş verdiyi, “Saipa” markalı avtomobilin alın şüşəsinin çatladığı və piyadanı vurduğu yerdə dayandığı müəyyən olunur. Hadisə yerinə quraşdırılmış yerdə olan müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə cinayət prosesi iştirakçılarının iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı video-kameranın Babək rayon Şəkərabad kənd yolunun üzü Şəkərabad kəndi istiqamətini çəkdiyi, həmin videonun 01 dəqiqə 01 saniyə olduğu, kameranın müşahidəsində X2 asfalt yolun kənarında hərəkət etməsi, videogörüntünün dördüncü saniyəsində X2 yolun hərəkət hissəsinə doğru hərəkət etdiyi, videogörüntünün doqquzuncu saniyəsində Şəkərabad kəndi istiqamətindən gələn nəqliyyat vasitəsinin piyada X3 vurması və əks istiqamətli hərəkət yolunda dayanması müşahidə olunur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə videogörüntüləri izlədikdən sonra görüntüdə əks olunan “Saipa saina” markalı avtomobilin sürücüsünün özü olduğunu və X3 həmin avtomobil ilə ehtiyatsızlıqdan vurduğunu bildirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə zərərçəkmiş şəxs X2 ölümü arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli 1693 nömrəli canlı şəxsin şəxsin ekspertizası üzrə rəydə göstərilmişdir ki, X2 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə-beyin travması, beyinin əzilməsi, subdural hematoma, beyin koması, sağ təpə və ənsə sümüklərinin sınığından ibarətdir. Göstərilən xəsarət küt əşyanın təsirindən yaranmış, həmçinin bilavasitə avto-qəza nəticəsində yarana biləndir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “Ağır” zərər vurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli 91 nömrəli ekspert rəyində göstərilmişdir ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ və sol təpə-gicgah nahiyyələrini birləşdirən trepanasiya izi, qarının sağ yan divarında çəp istiqamətdə yerləşmiş yarasının izi, qapalı kəllə-beyin travması, beyinin əzilməsi, subdural hematoma, beyin koması, sağ təpə və ənsə sümüklərinin sınığından ibarətdir. Göstərilən xəsarət küt əşyanın təsirindən yaranmış, həmçinin bilavasitə avto-qəza nəticəsində yarana biləndir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “Ağır” zərər vurmaya aid olub onun ölümü ilə nəticələnmişdir. X1 ölümü müayinədən 2-3 saat öncə baş vermişdir. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli, 1199 saylı ekspert rəyində göstərilmişdir ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən, “Saipa saina” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Ekspert rəyini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs avtomobili idarə edərkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli idi. “X12” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 43-cü bəndində əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə isə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CPM-in 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bunun X2 ölümü ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əməldə CPM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası CPM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CPM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı "Saipa" markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olub-olmamasını müəyyən etmək məqsədilə o, müayinə edilmiş, Naxçıvan Şəhər Təcili X14 hüquqi şəxsinin 23 noyabr 2023-cü il tarixli, 671 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında təqsirləndirilən şəxsdə alkoqol sərxoşluğu vəziyyətinin mövcud olmadığı nəticəsinə gəlinmişdir. Həmçinin cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 İdarəsinin Səyyari Xidməti tərəfindən verilmiş xx.xx.2018-xx.xx.2028-ci il tarixədək sürücülük hüququ verən, AE seriyalı, 890488 nömrəli, “BC” kateqoroyalı sürücülük vəsiqəsinin olduğu, sürücülük hüququndan məhrum edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 24 noyabr 2023-cü il tarixli protokol” dan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Saipa" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 24 noyabr 2023-cü il tarixdə baxış keçirilməsi, onun texniki cəhətdən vəziyyətinin yoxlanılması, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin on sol tərəfinin alın şüşəsinin yararsız hala düşməsi, ön kapotda dəmirin əzilməsi, qabaq buferdə çatların mövcud olması, qalan hissələrinin isə saz-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, CPM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə CM-in 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən CM-in 263.2-ci maddəsində qeyd edilən cinayət əməlinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini CPM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin ehtiyatsızlıq formasında törədilmiş, maddi tərkibi olmaqla başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "CPM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, CPM-in 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdir ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin yaşını və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirilir. Həmçinin məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında və xx.xx.2024-cü il tarixli tibbi arayışdan müəyyən olunur ki, təqsirləndirilən şəxsin arvadı X6 xx.xx.2019-cu il tarixdən şəkərli-diabet diaqnozu ilə qeydiyyatda dayanır. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 05 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat X4 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda təqsirləndirilən şəxsin məhkumluğunun olmaması qeyd edilmişdir. Bunlardan əlavə zərər çəkmiş şəxsin hüquqi Xəlilov (Ələsgərov) Heydər Baloğlan oğlunun məhkəmə təqdim etdiyi ərizədən və məhkəmədə şahid qismində dindirilməsi zamanı verdiyi ifadəsindən aydın olur ki, onun təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur və Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə etmişlər. Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi CM-in 59.1.12-ci maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, CM-in 60.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən cinayət əməlinə görə CM-in 263.2-ci maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 60.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 4 il 6 aydan artıq ola bilməz. Qeyd edilən halı digər yüngülləşdirici hallarla birlikdə nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməli, CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməklə 03 (üç) il sınaq müddəti təyin edilməlidir. Belə ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-in 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə CM-in 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. CPM-in 7.0.34-cü maddəsinin tələbindən görünür ki, yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki vəziyyətdə təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Qahab kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-1.2.2-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin tətbiq edilməli olması, 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmurunun həyata keçirməli olması, Təqsirləndirilən şəxs hazırda Babək rayonu Qahab kəndində qeydiyyatda olsa da faktiki olaraq ünvan 1 ünvanında yaşaması nəzərə alınmaqla sınaq müddəti ərzində onun üzərinə nəzarəti Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. CPM-in 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müddətin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Bundan əlavə CM-in 263.2-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü kimi təsbit edilmişdir. Məhkəmə işin hallarını və CM-in 45.1-ci maddəsinin tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CPM-in 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından aydın olur ki, cinayət hadisəsinin izlərini üzərində saxladığından və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən sürücü Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı idarə etdiyi minik avtomobili maddi sübut hesab edilərək, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 İdarəsinin duracağında saxlanca verilmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin özünə təhvil verilmişdir. Belə olan halda məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, sözügedən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. CPM-in 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-9/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-9/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver