Məhkəmə qərarları › İş №1(079)-9/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-9/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-9/2025 12.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Babək rayonu, Yarımca kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu, Yarımca kəndində qeydiyyatda olan və yaşayan, subay, işsiz, məhkumluğu olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, əlilliyi olmayan, 05 oktyabr 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 29 dekabr 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 15 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində qəsdən tamah məqsədilə Babək rayonu Yarımca kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olmaqla sonuncuya məxsus içərisində 600 ABŞ dolları (müvafiq günün məzənnəsinə uyğun olaraq 1020 manat) və 2500 türk lirəsi (müvafiq günün məzənnəsinə uyğun olaraq 125 manat) olan orta bazar qiyməti ilə ümumi dəyəri 5 (beş) manat olan əl çantasını, orta bazar qiyməti ilə ümumi dəyəri 30 (otuz) manat olan bir ədəd “Samsung Duos B310” markalı və orta bazar qiyməti ilə ümumi dəyəri 25 (iyirmi beş) manat olan bir ədəd “Nokia 1110” markalı düyməli sadə mobil telefonları gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1205 (bir min iki yüz beş) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək qonşusu Babək rayonu Yarımca kəndində valideynləri ilə yaşadığını, atası ilə münasibətlərinin normal olduğunu, lakin onunla mübahisəsi olan zaman gedib baba evində qaldığını, orada yaşayış olmadığını, oraya nəzarəti də atasının elədiyini, hadisə baş verən vaxtlar həmin yerdə qaldığını, hadisənin 2024-cü ilin sentyabr ayının 14-də baş verdiyini, həmin vaxtlar Rabitə idarəsində işlədiyini, hadisə baş verən gün isə həftənin 6-cı günü olduğunu, Akiflə yaş aralığının çox olduğunu, onun yaşlı olduğunu, Akiflə oturub pivə içdikləri kafenin kəndin mərkəzində yerləşdiyini, kafeyə gedəndə Akifin orada olduğunu, onunla ayrı masada oturduqlarını, həmin vaxt Akifin gəlib onun qarşısında əyləşib nəyə görə fikirli olduğunu, nə baş verdiyini soruşduğunu, daha sonra isə özü Rabitədə işlədiyindən ona evinə internet çəkdirmək istədiyini dediyini, Akifin ona pivə təklif etdiyini və 2 bakal pivə aldığını, birlikdə içdiklərini, daha sonra Akifin ondan pulunun olub-olmamasını soruşduğun və evdə stolun üstündə pulun olduğunu dediyini, həmin puldan nə vaxt istəsə götürə biləcəyini bildirdiyini, amma ona pulun məbləğini demədiyini, Akifə pulu götürəcəyini demədiyini, bundan sonra həmin gün saat 2-ə işləmiş Yarımca kəndində çöllükdə oturub araq içdiyini və Akifin evinə getdiyini, evin giriş qapısının açıq olduğunu, həmin vaxt evdə təmir getmədiyini, həmin vaxt içkili olduğunu, Akifgilin evinin kafedən təxminən 200 metr aralıda olduğunu, küçə qapısının və ev qapısının açıq olduğunu görüb içəri girdiyini, balkonun başındakı otağa girib stolun üstündə pul qabını və 2 ədəd sadə telefonu götürüb küçəyə çıxdığını, evdən uzaqlaşdıqdan sonra küçədə pul qabının içinı baxıb 300 dollar və Türkiyə lirəsi olduğunu gördüyünü, pulları götürüb pul qabını və telefonları aparıb həmin vaxt qaldığı evə qoyduğunu, bundan sonra həmkəndlisi, həmişə bir yerdə oturduğu Eltuna zəng edib görüşüb birlikdə yeyib içməyi təklif etdiyini, həmin vaxt cəmi 300 manat əmək haqqı aldığını, Eltunun pulu olub-olmadığını soruşduqda ona maaş aldığını dediyini, onun da buna inandığını, həmin vaxt içkili olduğunu, bəlkə də pulu sayarkən Akifin dediyi əlavə 300 dolları salıb itirdiyini, amma pul qabında cəmi 300 dollar olduğunu xatırladığını, Eltunun onun telefonuna internet yüklədiyini, ondan 100 dolları xırdalamağa pulunun olub-olmadığını soruşanda Eltunun pulunun olmadığını bildirdiyini, Eltun dolların haradan onda olduğunu soruşanda maaş aldığını bildirdiyini, ondan sonra Bolt taksiyə zəng edib Eltunla birlikdə Naxçıvan şəhərinə getdiklərini, orada 100 dolları dəyişdirmək üçün birlikdə marketə girdiklərini, lakin xarici valyuta qəbul edilmədiyinin deyildiyini, həmin vaxt marketin qarşısında olan Tuncay adlı taksi şoferinə 30 manat borcunun olduğunu, onu da marketin qarşısında görəndə Tuncayın ona niyə borcunu vermədiyini soruşduğunu, ona 100 dolları göstərib dəyişdirməsini və borcunu çıxmasını bildirdiyini, Tuncayın da həmin puldan öz borcunu çıxdığını və qalan 130 manatı özünə qaytardığını, sonra Eltunla birlikdə həmin taksi ilə “101 PUB” adlı restorana getdiklərini, orada əlavə yenə 100 dollar dəyişdiklərini, sonra “Faytonçu” kafeyə getdiklərini, orada da sonuncu 100 dolları dəyişdiklərini, orada onlara hesabın 387 manat tutduğunun deyildiyini, stola 2 nəfər də qadının gəldiyini, onlara əlavə pul vermədiyini, ümumi 387 manatı ödədikdən sonra, elə orada cibində qalan türk lirələri ilə pivə alıb içdiklərini, 387 manat “Faytonçu” restoranına, 10 manat taksiyə, 10-15 manat “101 PUB” restoranına, 10 manat siqaretə xərclədiyini, dollarları bir günün içində xırdaladığını, günün sonunda üzərində cəmi 30 manat və 1000 türkiyə lirəsinin qaldığını, onu da az-az xərclədiyini, içkili olduğuna görə oğurluq etdiyini, həmin pulları niyə oğurladığını bilmədiyini, əslində heç bir ehtiyacı olmadan bunu etdiyini, dəymiş zərəri tam ödədiyini, kafedən çıxanda Akifə evdən pulu götürəcəyini demədiyini, pulun cibindən düşüb itmə ehtimalının nə qədər olduğunu bilmədiyini, cüzdanı təxminən küçədə yolun dönəcəyi hissəsində kənd sakini Bəxtiyarın küçə qapısının yanında açdığını, əməlindən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2 və 317.1-ci maddəsini rəhbər tutan məhkəmə zərərçəkmiş şəxs və şahidiin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, Babək rayonu Yarımca kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında yaşayan qızı Xanım Abdullayevanın yanında qalmaq üçün və orada işləmək üçün Türkiyə Respublikasına getmiş, xx.xx.2024-cü il tarixdə Türkiyədən qayıdıb Yarımca kəndindəki evinə gəlmiş, Türkiyədən gələn zaman üzərində 750 ABŞ dolları və 2500 Türk lirəsi pul gətirmiş, yolda gələn zaman həmin puldan 50 dolları götürüb Azərbaycan manatına dəyişmiş və 30 manat yol pulu kimi taksiyə vermiş, Yarımca kəndində yerləşən evində təmir işi getdiyi üçün evin giriş hissəsində olan 1 otağı hazırlamış və orada yaşamış, Türkiyədən gətirdiyi pulları əl çantasında saxlamış, həmin çantanı evdə giriş qapısının arxasındakı şkafın üstünə qoymuş, xx.xx.2024-cü il tarixdə evin hamamına suqızdırıcı almaq üçün həmin puldan bir ədəd 100-lük ABŞ dolları götürüb Azərbaycan manatına dəyişib 140 manata suqızdırıcı almış, qalan 600 ABŞ dolları isə evdə əl çantasında qalmış, həmin gün təxminən saat 18 radələrində kənd mərkəzində olan kafeyə getmiş, həmin vaxt qonşusu Təqsirləndirilən şəxs da orada olmuş, Hidayət həmin vaxt pivə içmiş, özü də gedib onun əyləşdiyi masada onunla üzbəüz oturmuş, həmin vaxt onun fikirli olduğunu görüb nə olmasını soruşmuş, Hidayət cavab verməmiş, ona “əgər pula görə sıxılırsansa narahat olma, məndə pul var, lazım olsa deyərsən verərəm” demiş, bundan sonra ona da, özünə də pivə sifariş vermiş, birlikdə içmiş, Hidayətin Babək rayon Rabitə İdarəsində işlədiyini bildiyindən söhbət zamanı Hidayətə kəndə internet gələn zaman onun da evinə çəkdirməsini, pulunu verəcəyini demiş, Hidayət razılaşmış, bu vaxt X4 da yanlarına gəlmiş, oturub pivə içdikdən sonra onunla Kərimbəyli kəndindəki restorana getmək üçün oradan çıxmış, Hidayət isə həmin kafedə qalmış, Rəsulla birlikdə Kərimbəyli kəndindəki “Yeni Məkan” adlı restoranda yeyib-içdikdən sonra təxminən saat 19 radələrində evə qayıtmış, bir az evdə oturandan sonra sıxılmış, evdən çıxıb kəndin çayçısına getmiş, orada çay içib qonşularla nərd-domino oynayıb təxminən saat 22 radələrində evə gəlib yatmış, səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə evə tikinti materialları almaq üçün pul götürmək istədikdə əl çantasının yerində olmadığını görmüş, sonra şkafın digər yerlərinə baxmış, lakin əl çantasını tapa bilməmiş, əlavə olaraq şkafın üstündə olan bir ədəd “Samsung B310 markalı” və “Nokia 1110” markalı telefonların da yerində olmadığını görmüş, pulların və telefonların oğurlandığını bilmiş, bir gün əvvəl çayçıda olarkən Hidayətə pul lazım olsa ona verə biləcəyini dediyi yadına düşmüş və buna görə qonşusu Təqsirləndirilən şəxs şübhələnmiş, Hidayətin cavan olduğunu, qonşu olduqlarını, səhvini başa düşüb gətirib oğurladıqlarını qaytaracağını düşündüyündən bir müddət polisə şikayət etməmiş, lakin ondan heç bir xəbər çıxmadığından xx.xx.2024-cü il tarixdə polisə müraciət etmiş, araşdırma başlanmış, içərisində 600 ABŞ dolları və 2500 Türkiyə lirəsi pullar olan əl çantasını və qiyməti 25 manat olan bir ədəd “Samsung B310 markalı” və qiyməti 25 manat olan bir ədəd “Nokia 1110” markalı telefonlarını həqiqətən də qonşusu Təqsirləndirilən şəxs oğurladığını bilmiş, polislər onun yaşadığı evə baxış keçirərkən pul çantası və telefonları onun evindən tapılmış, lakin pullar tapılmamış, Hidayətin dediyinə görə pulları dostu Eltun adlı şəxslə Naxçıvan şəhərində restoranda xərcləmişdir. Evin qapı və pəncərələrində heç bir sındırma və zorlama izləri olmamış, otağın qapısını hər zaman kilidli saxlamış, lakin xx.xx.2024-cü il tarixdə axşam evə qayıtdıqdan sonra evin qapısına açarı salan zaman qapını bağlamadığını görmüş, qapıda heç bir zorlama və sındırma izi olmadığı üçün oğurluq ola biləcəyindən şübhələnməmişdir. Tək qaldığı üçün evdə pulların və mobil telefonların olması barədə özündən başqa heç kimin xəbəri olmamış, lakin xx.xx.2024-cü il tarixdə çayçıda olarkən Hidayətə evində pulunun olduğunu, pul lazım olsa ona verə biləcəyini demişdir. Telefonlar sadə telefonlar olmuş, üzərlərində yaddaş kartı olmamış, “Nokia 1110” markalı telefonun üzərində sim nömrəsi olmuş, lakin həmin nömrə uzun müddət istifadə olunmadığından işləməmiş, “Samsung B310 markalı” telefonda isə nömrə olmamışdır. Yaşadığı evə girməsi və ona məxsus pulları və telefonları götürməsi ilə bağlı Hidayətə heç bir razılıq verməmiş, Hidayətin onun evinə girib pullarını və telefonlarını götürməyindən əvvəlcədən xəbəri olmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, Babək rayonu Yarımca kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə həmkəndlidir. Onların heç biri ilə ədavət və düşmənçiliyi, qohumluğu yoxdur. 15 sentyabr 2024-cü il tarixdə axşam vaxtı yaşadığı evdə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng vuraraq evdə olub-olmadığını soruşmuş, ona evdə olduğunu dedikdə gözləməyini, yolda olduğunu və onların məhləsinə gəldiyini bildirmiş, bir az keçəndən sonra atası onu çağırıb Təqsirləndirilən şəxs onu soruşduğunu demiş, həyətə çıxıb Hidayətin yanına getmiş, Hidayət telefonunun internetini düzəltməyini istəmiş, həmin vaxt Hidayətin içkili olduğunu, ondan spirt iyi gəldiyini hiss etmiş, telefonu düzəltdikdən sonra Hidayət ona gedib şəhərdə çay içməyi təklif etmiş, Hidayətə pulunun olmadığını dedikdə Hidayət maaşını aldığını deyib cibindən bir ədəd 100lük ABŞ dolları çıxarıb ona göstərmiş, əvvəlcə inanmayıb ona pulun saxta olduğunu demiş, Hidayət isə pulu ona uzadıb saxta olmadığını bildirmiş, pulu alıb işıq salıb baxdıqda pulun saxta olmadığını görüb pulu təkrar Hidayətə qaytarmış, ona heç bir yerdə maaşın dollarla verilmədiyini dedikdə Hidayət onlarda maaşın dollarla verildiyini bildirmiş, Hidayətin əvvəllər oğurluq etməsini eşitmədiyindən, onun oğurluq edə biləcəyi ağlına gəlmədiyindən ona inanmış, bundan sonra Hidayət “Bolt” proqramı vasitəsilə Yarımca kəndindən Naxçıvan şəhərinə taksi sifariş vermiş, bir az sonra taksi gəlmiş, onunla birlikdə sifariş verdiyi taksi ilə Naxçıvan şəhərinə yerləşən “Megastore” mağazasına getmiş, taksini həmkəndlisi Hüseyn adlı şəxs idarə etmiş, şəhərə çatandan sonra taksidən düşmüş, yol pulu təxminən 4-5 manat tutmuş, Hidayət cibindən bir ədəd 100 ABŞ dolları pulu çıxarıb sürücüyə uzatmış, sürücü həmin pulu dəyişmək üçün üzərində ona uyğun məbləğdə Azərbaycan pulu olmadığını demiş, bundan sonra Hidayət pulu dəyişmək üçün marketə girmiş, Hidayət orada dolları Azərbaycan manatına dəyişmək istəmiş, lakin marketdə pul dəyişilməmiş, sonra Hidayət marketin qarşısında tanıdığı bir nəfərə bir ədəd 100 ABŞ dolları pulu verib 135 manat pul almış, həmin şəxs öz avtomobili ilə Hidayəti Şərur rayonuna apardığına görə Hidayətin ona 30 manat borcu olmuş, həmin şəxs 30 manat borcunu çıxdıqdan sonra Hidayətə 135 manat qaytarmış, pulu aldıqdan sonra yenə gəldikləri avtomobilin sürücüsünə onları Naxçıvan şəhərindəki “011 Pub” adlanan kafeyə aparmasını demiş, həmin taksi ilə “011 Pub” kafesinə getmiş, oraya çatandan sonra Hidayət taksiyə 20 manat pul vermiş, taksi sürücüsü xırda pulu olmadığını, səhəri gün kənddə görüşüb pulun qalanını ona qaytaracağını demiş, Hidayət razılaşmış, taksidən düşdükdən sonra kafeyə girmiş, kafedə hərəsi bir bakal pivə içmiş, pivəni içib qutarmamış Hidayət durub getmələrini demiş, ondan hara gedəcəklərini soruşduqda “Faytonçu” kafeyə gedəcəklərini bildirmiş, Hidayət orada təxminən 12 manat hesab ödəmiş, həmin vaxt Hidayət cibindəki digər 100-lük ABŞ dollarının birini də orada kassada Azərbaycan manatına dəyişib 170 manat pul almış, oradan çıxdıqdan sonra taksi ilə “Faytonçu” restoranına getmiş, oraya aparmasına görə Hidayət taksi sürücüsünə 3 manat pul ödəmiş, taksidən düşüb həmin kafeyə girmiş, orada kupedə oturmuş, 2 nəfər də qız gəlib yanlarında əyləşmiş, sonra Hidayət viski sifariş etmiş və qızlarla birlikdə içmiş, bir müddət keçəndən sonra ayaqyoluna getmək üçün kupedən çölə çıxmış, həmin vaxt orada işləyən tanımadığı şəxs yaxınlaşıb hesabın yüksək olduğunu ona demiş, kupeyə qayıdandan sonra Hidayətə hesabın yüksək olduğunu bildirmiş, bundan sonra Hidayət ona hesabı öyrənməyini demiş, hesabı öyrənib 384 manat tutduğunu Hidayətə bildirmiş, Hidayət isə cibindən iki ədəd 50-lik, bir ədəd 100-lük Azərbaycan manatı və 14 manat məbləğində təklik və beşlik manatlıqlar və bir ədəd də 100 ABŞ dolları verib hesabı bağlamağını demiş, həmin vaxt kassada oturan şəxs 100 ABŞ dollarını 170 manatdan qiymətləndirmiş, kassaya yaxınlaşıb hesabı ödədikdən sonra təxminən saat 04:10 radələrində Hidayətlə birlikdə “Faytonçu” kafedən çıxmış, kafedən çöldə hərəsi bir siqaret çəkmiş, həmin vaxt Hidayət ona kafeyə qayıdıb bir-iki bakal da pivə içib sonra kəndə qayıtmaqlarını demiş, bundan sonra yenidən “Faytonçu” kafeyə daxil olmuş, Hidayət bir-iki bakal pivə içmiş, restoranda olan zaman Hidayətdən hesaba və kəndə qayıtmaq üçün taksiyə verməyə pulunun olub-olmadığını soruşmuş, Hidayət cibindən türk lirəsi çıxarıb ona verərək saymasını bildirmiş, pulları sayıb 2500 türk lirəsi olduğunu demiş, Hidayət həmin pulun 400 lirəsini dəyişib 20 manat pul almış, həmin puldan 6 manatını hesaba ödəmiş, sonra oradan çıxıb taksi ilə kəndə gələn zaman Hidayət həmin puldan 5 ya 6 manatını da taksiyə vermiş, kəndə çatanda əvvəl özü taksidən düşmüş, sonra Hidayət taksi ilə evlərinə tərəf getmiş, lakin dəqiq hara getməsini bilməmişdir. Hidayətin üzərində Türk lirələrini görəndə Hidayət artıq çox içmiş, ayaqüstə durmaqda çətinlik çəkmiş, ona görə ondan Türk lirələrini hardan almasını soruşmamış, sonradan da yadına düşmədiyindən və Hidayətlə rastlaşmadığından bu barədə ondan heç nə soruşa bilməmiş, Hidayətin qalan 2100 Türk lirəsini nə etməsini bilməmişdir. Hidayətin oğurluq etdiyini polis idarəsinə gəldikdən sonra bilmiş, polis idarəsində olarkən Hidayətin xx.xx.2024cü il tarixdə həmkəndlisi Akif adlı şəxsin yaşadığı evə girib, evdən 600 ABŞ dolları və 2500 Türk lirəsi və iki ədəd də sadə telefon oğurladığını öyrənmiş, lakin Hidayətin üstündə 300 ABŞ dolları olmasını görmüş, qalan 300 ABŞ dollarını isə nə etməsi barədə heç bir məlumatı olmamışdır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 2013-cü ildən hərbçi işlədiyini, hazırda tərxis olunduğunu, həmin vaxtlar Naxçıvan şəhəri Sovedabad tərəfdə əraziyə nəzarətə çıxarkən Hidayətin orada qoyun otardığını, Hidayəti həmin vaxtlardan zəhmətkeş biri kimi tanıdığını, hadisəylə bağlı isə məlumatının olmadığını, bir ara taksi fəaliyyəti ilə məşğul olduğunu, Hidayətin həmin vaxtlardan ona 30 manat borclu qaldığını, üstündən 20 keçdikdən sonra Hidayəti Megastore marketdən çıxarkən gördüyünü, Hidayətin ondan dolları necə xırdalaya biləcəyini soruşduğunu, onun da özünün xırdalayıb borcu çıxa biləcəyini bildirdiyini, ondan 100 dollar alıb öz borcunu çıxıb 135 manatı Hidayətə geri qaytardığını, Hidayətin ona Türkiyədən işləməkdən gəldiyini deyib və maşına oturub çıxıb getdiyini, sonra polis idarəsindən ona zəng gəldiyini, verilmiş suallara cavabında Hidayətin yanında başqa iki tanımadığı şəxsin də olduğunu, onların kənarda dayandıqlarını, dolları çıxaranda cibində əlavə Türkiyə lirəsinin də olduğunu Hidayətinin özünün ona dediyini, Hidayətdən pulu haradan aldığını soruşanda Türkiyədən işləməkdən gəldiyini bildirdiyini, ona inandıcırı gəldiyini, çünki borcunu ödəməsi üçün 10 gün qabaq zəng edəndə Hidayətə zəng çatmadığını, əlində təxminən 300 dolların olduğunu, qalan pulu xırdalaya bilmədiyini, yalnız 100 dolları xırdaladığını, lirələri isə görmədiyini, amma Hidayətin cibinin şiş olduğunu bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsin atası ilə öz atasının qohum olduqlarını, Hidayətin ona telefon gətirib verdiyini, üstündən 3 gün keçdikdən sonra isə polislərin zəng etdiyini, telefonları onlara verdiyini, verilmiş suallara cavabında isə əmisi qızının toyunda Hidayətin telefonu ona verdiyini, toyun nə vaxt olduğunu xatırlamadığını, həmin vaxtlar çöldə işlədiyini, oradan çıxıb toya gəldiyini, telefonunun orada suya düşdüyünü, Hidayətin ona niyə zəng çatmadığını soruşduqda telefonunun xarab olduğunu dediyini, Hidayətin də həmin telefonu gətirib ona verdiyini, telefonun ağ samsung markalı sadə düyməli telefon olduğunu, onun da telefonu alıb cibinə qoyduğunu, nömrəni salmaq istəyəndə arxasında baterekasının, yəni daşının olmadığını gördüyünü, həmin vaxt telefonu hardan aldığını soruşmadığını, Hidayətin ona telefonun özünə məxsus olduğunu dediyini, üstündən bir həftə sonra polisin zəng etdiyini, Hidayətin telefon oğurlamasına inanmadığını, uşaqlıqdan Hidayətlə bir yerdə olduqlarını, onun elə bir hərəkət etməsinə inana bilmədiyini, Rəsul əmisinin qızının toyunda telefonu ona verəndə Hidayətin ayıq olduğunu, ona telefon verməsi barədə heç kimin bilmədiyini, əmisi Rəsulun daha sonra Akifə telefonun onda olduğunu dediyini, Rəsulun Akiflə yaxın olduqlarını, Akifə bu barədə özünün nəsə demədiyini, Rəsul əmisi telefonu ondan istəyəndə Hidayətə zəng etdiyini, Hidayətin isə məsələni boynuna almaq istəmədiyini, Rəsul əmisinə telefonu Hidayətdən aldığını və ona qaytaracağını bildirdiyini, Akifin yanında telefonu Hidayətə verdiyini, oğurladığı pulla bağlı isə Hidayətin ona nəsə demədiyini, həmin gün Hidayətin toya pul salıb-salmadığını bilmədiyini, Hidayətin əlində pul görmədiyini bildirmişdr. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi tövsifedici əlamətlərlə oğurluq, yəni özgənin əmlakına gizli olaraq yaşayış sahəsinə daxil olmaqla talama ilə bağlı cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, şəxs özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 15 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində qəsdən tamah məqsədilə Babək rayonu Yarımca kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olmaqla sonuncuya məxsus içərisində 600 ABŞ dolları (müvafiq günün məzənnəsinə uyğun olaraq 1020 manat) və 2500 türk lirəsi (müvafiq günün məzənnəsinə uyğun olaraq 125 manat) olan orta bazar qiyməti ilə ümumi dəyəri 5 (beş) manat olan əl çantasını, orta bazar qiyməti ilə ümumi dəyəri 30 (otuz) manat olan bir ədəd “Samsung Duos B310” markalı və orta bazar qiyməti ilə ümumi dəyəri 25 (iyirmi beş) manat olan bir ədəd “Nokia 1110” markalı düyməli sadə mobil telefonları gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1205 (bir min iki yüz beş) manat maddi ziyan vurmuşdur. Sözügedən əməli ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli yolla talama cinayət əməlinin tərkibi vardır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 2024-cü ilin sentyabr ayında yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1205 (bir min iki yüz beş) manat məbləğində pul vəsaitini gizli yolla əvəzsiz olaraq talamaqla oğurluq cinayətini törətməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol, şahid və zərərçəkmiş şəxsin ifadələri əsasında tam sübuta yetirilmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 21-ci bəndində göstərilmişdir ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, cinayət işi üzrə toplanmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgəsinin əmlakını gizli talaması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxsin təqsirli bilindiyi 177.2.3-cü maddəsin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-in 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, istintaq zamanı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CMnin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Yarımca kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Yarımca kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. CM-in 198.1-ci maddəsi ilə müəyyən edilir ki, Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ümumi dəyəri olan 40 (qırx) manat Təqsirləndirilən şəxs tutularaq X3 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdən 05 oktyabr 2024-cü il tarixə qədər 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Babək rayonu Yarımca kəndində yerləşən yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına keçirilsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ümumi dəyəri olan 40 (qırx) manat Təqsirləndirilən şəxs tutularaq X3 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar