Məhkəmə qərarları › İş №1(080)-2/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-2/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-2/2025 20.02.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X8 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ordubad rayon Nüsnüs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin İİ hissəsinin Z bəndinə əsasən Yaroslavsk vilayəti, Rubinsk şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 01 il müddətinə cəza təyin edilmiş, xx.xx.2024-cü il tarixdə ““polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Ordubad rayon Nüsnüs kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində sözlü mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət, baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə yumruq zərbəsi vurmaqla sonuncunun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan “yüngül” zərərvurmaya aid olan xəsarət yetirmişdir. Bu hərəkətlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində «polis nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, subay olmuş, ailəsini dolandırmaq məqsədilə gündəlik işlərə getdiyini bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə xalaoğlusunun toy məclisinə dəvət olunmuş, həmin gün saat 11 radələrində dəvət olunduğu toy məclisinə getmiş, o həmin toy məclisinə dəvət olunan qonaqların masalarına baxraq toya gələn qonaqlara qulluq etmiş, bir qədər keçdikdən sonra həmin toy məclisinə həmkəndlisi Zərərçəkmiş şəxs görmüşdür. Niyaməddin orada olan qonaqlara qulluq edərkən Zərərçəkmiş şəxs ona bir neçə dəfə kinayə ilə baxdığını görərək Zərərçəkmiş şəxs yaxınlaşmış, həmin vaxt Niyaməddin, Zaura onunla küsülü olduğu üçün ona baxmamasını bildirmiş, həmin vaxt o, Zaurla birlikdə toy mağarından çölə çıxaraq oradan bir qədər uzaqlaşmışlar. Bundan sonra Niyaməddinlə Zaurun arasında sözlü mübahisə yaranmış, daha sonra tanımadığı bir neçə nəfər şəxs Zaura yaxınlaşaraq oradan uzaqlaşdırmış, Niyaməddin daha sonra yenidən toy mağarına geri qayıdaraq orada olan qonaqlara qulluq etməyə davam etmişdir. Bir saat keçdikdən sonra o, Zaurla söhbət etmək üçün Zaurun yaşadığı evin önünə getmiş, o, Zaurun yaşadığı evin küçə darvazasının önündən Zauru səsləmiş, həmin an Zaur küçə qapısının önünə çıxaraq Niyaməddindən evin həyatyanı sahəsinə gəlməsini bildirmişdir. Niyaməddin daha sonra evin həyatyanı sahəsinə daxil olmuş, həmin vaxt o, Zaurla bir neçə dəqiqə söhbət etdikdən sonra toy məclisinə geri qayıtmış, Zaurla aralarında yaranmış sözlü mübahisə zamanı Zauru döymədiyini, ondan üzr istədiyini, məhkəmə iclası gedişində Zaurun onu bağışlamağını bildirmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamış, həmkəndlisi Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, Niyaməddinlə həmkəndli olmuş, Zaur, xx.xx.2024-cü il tarixdə anası Şahid2 görmək məqsədilə Bakı şəhərindən doğulduğu Nüsnüs kəndinə gəlmiş, o, anası Şahid2 ilə bilrikdə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Şahid1 oğlu Əlinin toy şənliyinə getmişlər. Zaur, həmin gün saat 16 radələrində həmkəndlisi Şahid3 ilə birlikdə masa arxasında əyləşərək yemək yemiş, bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs heç bir səbəb və əsas olmadan Zaura bir qədər aralıdan əl işarələri ilə onu çölə dəvət etmiş, o, Niyaməddinin bu hərəkətlərinə hər hansı qarşılıq verməmiş, daha sonra Niyaməddin onun əyləşdiyi masaya yaxınlaşmış, həmin vaxt Zaurla sözlü mübahisə etməyə başlamışdır. Zaur Niyaməddinin ağız qoxusundan içkili olduğunu hiss etmiş, Zaur, namaz qıldığını Niyaməddinə bildirərək ondan uzaq durmasını xahiş etmiş, Niyaməddin, daha sonra ondan mağardan kənara çıxmağımı tələb etmiş, Zaur toy məclisində iştirak edən qonaqlar narahat olmasın deyə mağardan kənara çıxmış, o, Niyaməddinə nə baş verdiyi barədə sual etdikdə, Niyaməddin gözlənilmədən Zaurun sifət, baş və bədəninin müxtəlif nahiyyələrindən bir neçə yumruq zərbəsi vuraraq onu döymüş, Zaur, zərbənin təsirindən yerə yıxılmış, Zaur ayağa qalxdıqda onunla birlikdə mağarda masa arxasında əyləşən Şahid3 zəng edərək qeyd edilən halla bağlı məlumat verərək oraya gəlməsini istəmişdir. Daha sonra Şahid3, Şahid1, Bünyad Hüseynov, Şahid4 və adlarını xatırlamadığı bir neçə şəxs oraya gələrək Niyaməddini ondan aralaşdırmış, Zaur həmin vaxt başının sol hissəsindən qan axdığını hiss etmiş, daha sonra X13 avtomobilə əyləşdirərək onu yaşadığı evə aparmışlar. Bir neçə dəqiqə keçdikdən sonra Zaur, yaşadığı evin həyətinin giriş qapısından Niyaməddinin onu nalayiq ifadələrlə səslədiyini eşitmiş, sonra Niyaməddin həyətə daxil olmuş, Niyaməddin yenidən Zaurun ünvanına nalayiq ifadələr işlədərək onun üzərimə hücum çəkmiş, həmin an Ramillə Ziyəddin, Niyaməddini sakitləşdirərək onun həyətindən çölə çıxardıqlarını, Niyaməddinlə heç bir ədavətinin olmadığını, Niyaməddini bağışlamadığını, ona cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, evli, 2 övladı olmuş, həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir ədavəti olmamışdır. Malik, xx.xx.2024-cü il tarixdə yaşadığı Nüsnüs kəndində oğlu Əliyə toy şənliyi təşkil etmiş, həmin şənliyə digər kənd sakinləri kimi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dəvət etmiş, Zaur həmin gün saat 16 radələrində Niyaməddinlə Zaurun yolda sözlü mübahisə etdikləri barədə qayını Şahid4 məlumat almış, Malik bir neçə dəqiqə keçdikdən sonra həmin yerə getmiş, orada onun oğlu Bünyad Hüseynli ilə Oruc adlı şəxsin Təqsirləndirilən şəxs qolundan tutularaq kənara çəkdiklərini görmüş, həmin vaxt Ziyəddin də Zaurun qolundan tutaraq kənara çəkmiş, mübahisə zamanı Niyaməddinlə Zaur bir-birilərinə qarşı nalayiq ifadələr işlətmiş, o, Niyaməddinlə Zaura etdikləri hərəkətə görə irad bildirərək oradan getmələrini istəmiş, bu sözdən sonra Zaur, Raminlə həmin yerdən uzaqlaşmış, Malik, həmin vaxt Zaurun sifət nahiyəsində sıyrıq olduğunu görmüşdür. Niyyaməddin üzərində olan geyimləri dəyişmək üçün oradan uzaqlaşmış, sonra Niyaməddin yenidən toy məclisinə geri qayıtmış, ertəsi gün həmkəndlisi Ramin Cəlilovdan qeyd edilən hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, Niyaməddin orada Zaurla sözlü mübahisə edərək Zaurla dalaşmaq istədiyini, sonra Niyaməddini Zaurun evinin həyətindən çıxararaq evlərinə apardığı barədə məlumat aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləriylə birlikdə yaşayır.xx.xx.2024-cü il tarixdə Ordubad rayon Nüsnüs kəndində yaşayan bacısı oğlunun toy məclisinə dəvət olunmuşdur. Həmin gün saat 10 radələrində dəvət olunduğu toy məclisinə getmiş, həmin vaxt xaloğlusu Zərərçəkmiş şəxs həmin toy məclisinə dəvət olunmuşdur. O, toya dəvət olunmuş qonaqlara verilən kabab manqalının yanında duraraq kababçıya nəzarət etdikdən birqədər sonra bacoğlusu Niyaməddinin xaloğlusu Zaurla sözlü mübahisə etdiyini görmüş, daha sonra onlar toy məclisindən çölə çıxmışlar. Orada toy məclisinə dəvət olunmuş adlarını xatırlamadığı qonaqlardan bacoğlusu Niyaməddinin xaloğlusu Zauru döydüyünü eşidərək dərhal onların olduğu yerə getmiş, həmin vaxt bacoğlusu Niyaməddinlə xaloğlusu Zərərçəkmiş şəxs bir birlərinə qarşı nalayiq ifadələr işlətdiklərini və onları Malik və Oruc adlı həmkəndliləri tərəfindən sakitləşdirərək aralaşdırdıqlarını görmüşdür. O, Zaura tərəf yaxınlaşarkən onun alın nahiyəsində sıyrıq olduğunu görmüş, həmin sıyrığın bacoğlusu Niyaməddin tərəfindən edildiyin düşünərək Zauru oradan uzaqlaşdırmaq qərarına gəlmiş, həmin vaxt Zaur mobil telefonu ilə Ramil adlı həmkəndlisinə zəng edərək onu avtomobili ilə yaşadığı evə aparmalı olacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Ramil avtomobili ilə onların olduğu yerə gəlmiş, daha sonra o və Zaur Ramilin idarə etdiyi avtomobillə əyləşərək Zaurun yaşadığı evinə getmişlər. Həmin vaxt onlar birlikdə Zaurun yaşadığı evin həyətyani sahəsində olan masaya əyləşmişlər. Bir qədər sonra Zaurun yaşadığı evin hasar qapısının önündən Niyaməddinin onu səslədiyin eşitmiş, Zaur Niyaməddinə cavab verərək ondan həyətə gəlməsini istəmiş, Niyaməddin həyətə daxil olaraq onlarla bir masa arxasına əyləşdikdən sonra onların aralarında olan sözlü mübahisə şiddətlənməyə başlamış, bacıoğlusu Niyaməddin Zaurun ünvanına nalayiq ifadələr işlədərkən onlarla bir masada əyləşən həmkəndlisi Ramil Niyaməddini sakitləşdirərək evin həyətindən çölə çıxarmışdır. Bundan sonra o, Ramilin idarə etdiyi avtomobilinə əyləşərək bacıoğlusu Niyaməddini yaşadığı evinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda durmaqla həmin kənddə yaşamış, həmkəndlisi Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamaış, digər həmkəndlisi Zərərçəkmiş şəxslə dostluq münasibətində olmuşdur. xx.xx.2024-cü il tarixdə Şahid3 qonşusu Əlinin toy şənliyinə dəvət edilmiş, həmin gün saat 10 radələrində qeyd edilən toya getmiş, orada həmkəndlisi Zaurla bir masa arxasına əyləşərək yemək yemiş, sonra Təqsirləndirilən şəxs onların masaya yaxınlaşaraq Zaura nələrsə bildirmiş, daha sonra Niyaməddinlə Zaurun arasında sözlü mübahisə olmuş, sonra Niyaməddinlə Zaur toy məclisindən çölə çıxmışdır. Beş dəqiqə keçdikdən sonra Zaur Ramilə zəng edərək toy məclisindən aralıda olduğunu, onu avtomobili ilə onu yaşadığı evinə aparılmasını istəmişdir. Ramil dərhal toyxanadan çıxaraq həmin yerə getmiş, Zaurun yanına çatdıqda Zaurun alın nahiyəsində sıyrıq olduğunu görmüş, Zaur həmkəndlisi Niyaməddinlə sözlü mübahisə etdikləri zaman Niyaməddinin onun alın nahiyəsindən bir neçə yumuruq zərbəsi ilə vuraraq döydüyünü bildirmişdir. Ramil daha sonra avtomobili ilə Zauru Nüsnüs kəndində olan evinə aparmış, Zaurun yaşadığı evinin həyatyanı sahəsinə Zaur və Ziyəddinlə bir masa arxasına əyləşərək söhbətləşmiş, bir qədər keçdikdən sonra Niyaməddin Zaurun yaşadığı evin hasar qapısının önündən Zauru səsləmiş, Zaur Niyaməddini həyətlərinə dəvət etmişdir. Niyaməddin həyətə daxil olaraq adı çəkilən şəxslərlə bir masa arxasına əyləşmiş, daha sonra Niyaməddinlə Zaurun arasında olan sözlü mübahisə daha da şiddətlənmiş, Ramil Niyaməddin və onun dayısı Ziyəddini oradan götürərək avtomobili ilə adıçəkilən şəxsləri yaşadıqları evə apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid2 ifadəsində xx.xx.2024-cü il tarixdə saat təxminən 17:30 radələrində yaşadığı kənddə oğlu Zərərçəkmiş şəxslə birlikdə dəvət olunduqları toy məclisinə getmiş, həmin gün saat 20 radələrində toydan çıxaraq evə gəlmiş, evdə oğlu Zaurun burun və alın nahiyyəsində qan olduğunu görmüş, Zaura nə olduğu barədə sual etdikdə o, həmkəndlisi Təqsirləndirilən şəxs qeyd edilən toy məclisindən onu çölə çağırdığını, Niyaməddinin həmin vaxt içkili olduğunu, heç bir səbəb və əsas olmadan Niyaməddin tərəfindən döyüldüyünü anasının diqqətinə çatdırmış, daha sonra Ziyəddin adlı şəxs və adlarını xatırlamadığı bir neçə nəfər şəxs tərəfindən aralaşdırdığını qeyd etmişdir. Zaur evə gəldikdən sonra Niyaməddinin yaşadıqları evə gələrək ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini, Niyaməddinin yenidən Zauru döymək istədiyini, həmin vaxt Niyaməddinin dayısı Ziyəddin adlı şəxsin Niyaməddini aralaşdırdığı barədə ona məlumat vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi, zərər çəkmiş şəxs və şahidlərin tədqiq edilmiş ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1007 saylı ekspert rəyində Zərərçəkmiş şəxs başının sol təpə və sol qaş nahiyələrinin dərialtı hemotomaları, sol təpə-gicgah nahiyəsinin sıyrığı və sağ bazunun qançırlarının müəyyən edildiyi, xəsarətlərin bərk-küt əşya(lar) təsirindən törəndiyi, qərarda göstərildiyi kimi xx.xx.2024-cü iul tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 442 saylı ekspert rəyində Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmadığı və Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1353 saylı Məhkəımə-psixoloji ekspertizasınınb rəyində Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması, Təqsirləndirilən şəxs məqsədli şəkildə məlum hadisəni törətməsi, fəsdi-psixoloji xüsusiyyətlərində səbrsizlik, eqoistlik, laqeydlik, biganəlik, sərbəstlik, özündən razılıq və.s kimi əlamətlərin üstünlük təşkil etdiyi, Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətlərinin müəyyən olunmadığı, Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində onun özünü müdafiə mexanizmlərindən istifadə etməklə, hadisə barədə verdiyi məlumatları təhrif etməsinin müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X4 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin İİ hissəsinin Z bəndinə əsasən Yaroslavsk vilayəti, Rubinsk şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 01 il müddətinə cəza təyin edilmişdir. Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin İİ hissəsinin Z bəndinə əsasən Yaroslavsk vilayəti, Rubinsk şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 01 il müddətinə cəza təyin edilmişdir. İş materiallarında olan Ordubad RİHB-nın Nüsnüs kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 81 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs- xx.xx.1969-cu il təvəllüdlü atası X7, xx.xx.1969-cu il təvəllüdlü anası X5, xx.xx.1992-ci il təvəllüdlü qardaşı X1 ibarət ailə tərkibi vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin obyektiv və subyektiv hallarını, əməlin ictimai təhlükəliliyini qiymətləndirərək və təqsirkarın şəxsiyyətini və cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olardı. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilməli, ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə-psixoloji ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsin alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə-psixoloji ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi hökm qanuni quvvəsini aldıqdan özunə qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş bir ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu vaxtdan, 20 (iyirmi) gün müddətinə Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar