Məhkəmə qərarları › İş №1(080)-3/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-3/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-3/2023 14.06.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 3 uşaq atası, məhkumluğu olmayan, Naxçıvan MR Kəhrizlər İdarəsində baş kənkan işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ordubad şəhəri Ceyhun Hüseynov küçəsində nömrəsiz mənzildə yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talayaraq oğurluq etmişdir. Belə ki, göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı,zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə qonşusu - ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs ailə üzvlərinin 4 fevral 2023-cü il tarixdə saat 18:20 dəqiqədən 22:10 dəqiqəyədək olan müddətdə evdə olmamalarından istifadə edərək, oğurluq niyyəti ilə yaşayış evinin pəncərəsini açmaqla mənzilə qanunsuz daxil olmuş, evin sahibəsi Şahid1 əl çantasından 100 ABŞ dolları və 80 Azərbaycan manatı məbləğində pulu gizli olaraq talamış, ümumilikdə zərərçəkmiş şəxsə 100 ABŞ dolları və 80 Azərbaycan manatı məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində Ordubad şəhərində yerləşən Elxan adlı şəxsin mağazasından kolbasa, çörək, meyvə şirəsi və 0.5 litr “tut arağı” alıb evə tərəf getmiş. Stəkan götürüb yaşadığı evin arxasında təkbaşına kolbasa, çörək yeyərək aldığı arağı içən zaman qonşusu Qulu və həyat yoldaşı Nailə ondan təxminən 100 metr aralıda evlərindən yuxarıda yaşayan oğlugilə tərəf gedirdi. Təqsirləndirilən şəxs içkili olduğundan düşünmüş ki, bir az məhəllədə gəzsin. Təxminən saat 20-21 radələrində, gəzərkən qonşusu Zərərçəkmiş şəxs evində heç kim yoxdur, onun evinə daxil olub oğurluq etməsini düşünmüş. Giriş qapısı qıfıl ilə bağlı olduğundan həmin evin sol böyründə hamamın üstündən təxminən 2 metr hündürlüyündə olan yerdən həyətinə düşmüş.Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs evin giriş qapısını yoxlamış, qapının bağlı olduğunu gördükdən sonra pəncərələrin hansı bağlı hansı açıq olmasını yoxladıqda açıq pəncərəni görmüş, əgər açıq pəncərə görməsəydi qapını açmağa cəhd edəcəkdi. Lakin qapının yanındakı pəncərə yarı açıq vəziyyətdə olduğundan pəncərədə plastik materialdan olan setqa da asılmışdı. Həmin setqanı əli ilə götürüb pəncərənin önündə yerə qoyduqdan sonra həmin pəncərədən otağa daxil olduqda ön tərəfdə yerləşən qapısı örtülü olan otaqda işıq yandığını görmüş, ışığı yanılı olan otağa daxil olaraq qapıdan sol tərəf irəli istiqamətdə yerləşən köhnə metal çarpayının ayaq hissəsinin yuxarı tərəfində 2 ədəd qadın əl çantasının üst-üstə asılı olduğunu görmüş, boz rəngli çantanın içərisinə baxdıqda rəngini xatırlamadığı kiçik bir cüzdan olduğunu görmüş, həmin cüzdanı açdıqda içərisində 1 ədəd 100 ABŞ dolları və 4 ədəd 20 AZN, ümumilikdə 100 ABŞ dolları və 80 AZN miqdarında pulu götürüb cibinə qoymuş.Cüzdanda olan digər pullara dəyməmiş, sonra həmin otağın işığını söndürüb otağın qapısını örtmüş və evə daxil olduğu yerdən çölə çıxmış, çölə çıxdıqdan sonra pəncərəni əli ilə əvvəlki vəziyyətinə gətirmiş və pəncərədən çıxardığı setqanı yerinə asmışdır.Təqsirləndirilən şəxs gəldiyi yerə, yəni onların hamamına doğru getmiş, hamamın üzərinə qalxıb, küçəyə düşmüş, sonra yaşadığı evin həyətinə getmişdır. Həyat yoldaşı və uşaqlarının etdiyi oğurluqdan xəbərləri olmasın deyə hamamdan bir cüt corab götürüb pulu həmin corabın içərisinə qoymuş.Hamamın qarşısında əli ilə yeri qazıb, pulu corabın içərisində həmin yerə basdırmışdır. Daha sonra həyətdə əl-üzünü yuyub, bir iki siqaret çəkdikdən sonra evə daxil olmuşdur. Artıq etdiyi əməldən peşman olmuş. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında pasport qeydiyyatındadır və həmin ünvanda həyat yoldaşı Şahid1 ilə birlikdə yaşayır. Nailə ilə 1987-ci il tarixdə ailə həyatı qurmuş, həmin evlilikdən 3 oğlan övladı vardır. Övladları Əli, Tural və Cəlil Moskva şəhərində yaşayırlar. Əli və Turalın həyat yoldaşları və uşaqları Ordubad şəhərində yerləşən evlərində yaşayırlar. Gəlinlərini və nəvələrini Ordubad şəhərində yaşadığından tez-tez həyat yoldaşı Nailə ilə birlikdə onların yaşadıqları evə gedirlər.Hadisə baş verən günü yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:10 radələrində Nailə ilə birlikdə oğlu Turalın evinə gəlini və uşaqlarını görməyə getdikdə həmin vaxtı Tural da Moskva şəhərindən ailəsini görmək üçün qayıdıb gəlmişdir. Həyətdən çölə çıxarkən həyətin giriş qapısını qıfılla bağlamışdır. Turalgildə təxminən 5-10 dəqiqə oturduqdan sonra Nailə, o, Tural, həyat yoldaşı və uşaqları ilə birlikdə digər oğlu Əlinin evinə getmişlər. Əli həmin vaxtı Moskva şəhərində idi. Bir qaynata və qaynana kimi onlara gedib gəlinə və uşağa baş çəkirmişlər. Saat təxminən 22:10 radələrinə qədər onlarda oturduqdan sonra onlardan çıxaraq Nailə ilə birlikdə evə gəlmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs həyətin giriş qapısının üzərində olan qıfılı açarla açaraq həyətə daxil olduqdan sonra Nailə isə yaşadıqları evin birinci mərtəbəsinin qapısına yaxınlaşaraq qapını açar ilə açaraq içəri daxil olmuşlar.Zərərçəkmiş Zərərçəkmiş şəxs həmin vaxt həyətdə yerləşən hamama getmiş, bir neçə dəqiqədən sonra Nailə onu səsləyərək evə oğru girdiyini demiş, Zərərçəkmiş şəxs evə daxil olduqda Nailə dəhlizin pəncərəsini və dəhlizə açılan qapıları nə üçün açıq qoyduğunu soruşduqda evdən çıxarkən dəhlizə açılan qapıları və dəhlizin pəncərəsini bağladığını demiş, daha sonra Nailə dəhlizin sol ön tərəfində yerləşən, yardımçı otağa daxil olmuş, oradan ona məxsus olan əl çantasını götürərək yataq otağına gətirərək həmin çantanın içərisində yerləşən cüzdanı əlinə alaraq açdıqda oğlu Turalın ona verdiyi 1 ədəd 100 ABŞ dollarının və 4 ədəd 20 manatlıq pulun oğurlandığını, cüzdanda cəmi 1 ədəd 20 manatlıq və 3 ədəd 1 manatlıq pul qaldığını demiş. Zərərçəkmiş şəxs həmin vaxtı Nailəyə evə yaxşı bax bəlkə pulu başqa yerə qoymusan demiş, Nailə mətbəx və yataq otaqlarına baxıb axtararaq pulun orada olmadığını, pulu sonuncu dəfə həmin gün günorta saatlarında əl çantasına qoyduğunu bildirmiş. Nailə digər otaqlara da baxmaq üçün keçdikdə yataq otağında olan çapayının örtüyünün qaldırılaraq dağıdıldığını görmüş, həyat yoldaşı oğlu Turala zəng vuraraq bu hadisə barədə ona demiş və onlara gəlməsini istəmişdır. Turalla danışdıqdan sonra Nailə qonşuları Elmirgilə zəng vuraraq Elmir anası ilə birlikdə onlar evə gəlmişdir. Elmir və anası onlara gəldikləri zaman oğlu Tural da evə gəlmişdir. Təqsirləndirilən şəxs, ona vurulmuş ziyan olan 100 ABŞ dolları və 80 Azərbaycan manatının Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ordubad rayon Gənzə kəndində anadan olmuş, 1987-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. 1988-ci il tarixdə oğlu Əli Cəlilov, 1990-cı il tarixdə Şahid2 və 1995-ci il tarixdə isə Cəlil Cəlilov doğulmuşlar. Hal-hazırda oğlum Əli ilə Tural ailə həyatı qurublar və Tural ailəsi ilə birlikdə Ordubad şəhərində yaşayır, Əli isə işləmək məqsədi ilə Moskva şəhərinə gedibdir. Digər oğlu Cəlil subaydır, işləmək məqsədilə Moskva şəhərinə gedib-gəlir. Qulu ilə o hərdən bir nəvələrini görmək məqsədi ilə uşaqların evinə gedirlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:10 radələrində Qulu ilə birlikdə evdə oturaraq söhbət zamanı Quluya Turalgilə getməyi təklif etmiş. Qulu da onun bu fikiri ilə razılaşmış, bir neçə dəqiqə keçdikdən sonra onunla birlikdə evdən çıxarkən o otaqların işıqlarını tam olaraq söndürmüş. Qulu evin giriş qapısını bağladıqdan sonra açarı ona vermiş, həyətdən çölə çıxarkən həyətin giriş qapısını Qulu qıfılla bağlamış və açarı özündə saxlamışdır. Daha sonra oğlu Turalın evinə doğru hərəkətə başlamışlar. Oğlu Turalın evi ilə onların evinin arasında təxminən 500 metr məsafə var. Onlar bir neçə dəqiqə keçdikdən sonra onlara çatmış, Turalın evində təxminən 10-15 dəqiqə oturduqdan sonra Tural, onun yoldaşı və uşaqları ilə birlikdə digər oğlu Əlinin evinə getmişlər. Saat təxminən 22:10 radələrinə qədər Əligildə oturmuşlar. Daha sonra onlardan çıxaraq Qulu ilə evlərinə gəlmək üçün yola düşmüş, Qulu ilə həyətin giriş qapısına yaxınlaşdıqda, Qulu özündə olan açarla həyətin giriş qapısı üzərində bağlı vəziyyətdə olan qıfılı açmış və həyətə daxil olmuşlar.O yaşadıqları evin birinci mərtəbəsinin qapısına yaxınlaşaraq qapının qıfılını açar ilə açıb içəri daxil olmuşlar. Həmin vaxtı Qulu ayaqyoluna getmiş, o isə dəhlizin işığını yandırmış, sonra dəhlizdə olan pəncərənin açıq olduğunu görmüşdür. Bu zaman digər otaqların qapısı açıq olduğundan evə oğru girdiyindən şübhələnmişdir.Əvvəllər pəncərənin üzərinə asdığı setqanın çöldə pəncərənin önundə yerdə olduğunu görmüş, sonra giriş qapısının önündə sol istiqamətdə yerləşən yardımçı otağa daxil olmuş, orada əl çantasının içərisinə qoyduğu qara rəngli cüzdanın içərisinə baxdıqda oğlu Turalın ona verdiyi 1 ədəd 100 ABŞ dolları və 4 ədəd 20 manatlıq pulun cüzdanın içərisindən oğurlandığını görmüş. Sonra dəhlizdən solda yerləşən yataq otağına daxil olaraq orada yerləşən metal çarpayının üzərinə yığdığı yorğan-döşəyin üzərinə salınmış örtüyün qaldırılaraq axtarıldığın hiss etmiş, həmin vaxtı tam əmin oldum ki, evə oğru girib. Qulunu çağıraraq evə oğru girdiyini demiş, Qulu evə gəldikdə pulun oğurlandığını ona dedikdə Qulu digər otaqlara baxmasını, bəlkə pulu başqa yerə qoymağını ona bildirdikdə Qulunun bu sözünə görə mətbəxə daxil olmuş və oranı da axtarsa da lakin pulu tapa bilməmiş, Quluya sonuncu dəfə pulu cüzdanın içərisinə qoyduğunu deyib oğlu Turala zəng vuraraq ona da bu barədə məlumat vermiş və onlara gəlməsini istəmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış təqsirləndirilən şəxsin yaxın qohumu olan həyat yoldaşı Şahid4 ifadə verməkdən imtina etdi və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdə Ordubad şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 3 övladları vardır. Oğlu 2001-ci il təvəllüdlü Şahid3 hərbi xidmətdən yeni gəldiyi üçün heç bir yerdə işləmir. Qızı 2004-cü il təvəllüdlü Firuzə Yusifova hal-hazırda Naxçıvan şəhərində yerləşən “Tibb Koleci” nin İİ kurs tələbəsidir. Digər qızı isə 2013-cü il təvəllüdlü X6 şəhər İnternat məktəbinin İV sinifində təhsil alır.04 fevral 2023-cü il tarixdə təxminən saat 16-17 radələrində Kazım evə gəlmiş, bu zaman o Kazımın sərxoş vəziyyətdə olduğunu hiss etmiş, Təqsirləndirilən şəxs təxminən bir saat evdə uzandıqdan sonra evdən çıxmışdır.O bu zaman Kazımın haraya getdiyini bilməmişdir. Təxminən saat 19 radələrində Kazımın əlində araq butulkası, yumurta, meyvə şirəsi və kolbasa ilə evə gəldiyini, o Kazımın araq içməyinə narazı olduğundan Kazım bir ədəd stəkan, aldığı ərzaq və araq butulkasını götürərək evlərinin arxasına getdiyini, təxminən bir saat sonra Kazım yenidən evə daxil olmuş, artıq qalan ərzaqları evə qoyaraq şəhərə çıxdığını bildirib evdən getmişdir. Kazım saat 23:00 radələrində evə qayıtmışdı. Bir neçə dəqiqə keçdikdən sonra Kazım işığı söndürmüş və yatmışdır. 06 fevral 2023-cü il tarixdə qonşuları Qulugilin evindən pul oğurlanığını eşitmişdir. 07 fevral 2023-cü il tarixdə isə qonşusu Qulugilin evindən oğurluq edən onun həyat yoldaşı Kazım olduğunu öyrənmişdir.08 fevral 2023-cü il tarixdə polis əməkdaşları Kazımın icazəsi ilə və onunla birlikdə həyətlərinə daxil olmuş, bu zaman o çölə çıxmamışdır. Daha sonra oğlu Musadan Kazım oğurluq yolu ilə əldə etdiyi pulu həyətdə yerləşən hamamın önündə, torpaq altında basdırdığını polis əməkdaşlarına etiraf etdiyini eşitmiş, polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə Kazım oğurladığı pulları həmin yerdən çıxararaq polis əməkdaşlarına təqdim edib. Daha sonra Musadan Kazımın hamamın qarşısından, torpağın altına basdırdığı corabın içərisindən 1 ədəd 100 ABŞ dolları və 4 ədəd 20 AZN çıxarıb polislərə təhvil verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış təqsirləndirilən şəxsin yaxın qohumu olan oğlu Şahid3 ifadə verməkdən imtina etdi və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu və ifadəsində göstərmişdir ki o, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Ailədə 5 nəfərdilər. 30 dekabr 2022-ci il tarixdə hərbi xidmətdən gəlmiş, hal-hazırda heç bir yerdə işləmir. 04 fevral 2023-cü il tarixdə səhər saatlarında o evdən çıxaraq çay içmək üçün Dübəndi kafesinə getmişdir. Saat təxminən 13-14 radələrində evə qayıtmışdır. Bu zaman atası evdə deyildi. O, təxminən saat 16-17 radələrində evə gəlmiş, bu zaman o atasının sərxoş olmasını hərəkətlərindən hiss etmişdir. Atası təxminən bir saat evdə uzandıqdan sonra çayçıya getdiyini bildirərək evdən çıxmış, saat 18:40 radələrində atası əlində araq butulkası, yumurta, meyvə şirəsi və kolbasa ilə evə gəlmişdir. Anası atasının araq içməyinə narazı olduğundan bu səbəbdən atası arağı içmək üçün bir stəkan, aldığı ərzaq və araq butulkasını götürərək evin arxasına getmiş, təxminən bir saat sonra atası yenidən evə daxil olmuş və artıq qalan ərzaqları evə qoyaraq şəhərə çıxmasını bildirib sərxoş vəziyyətdə evdən getmiş, axşam saat 23:00 radələrində atası evə qayıtmışdır. Bir neçə dəqiqə keçdikdən sonra atasının yatdığını görmüşdür. 05 fevral 2023-cü il tarixdə saat 11-12 radələrində qonşusu Zöhrab Rəhimovdan digər qonşu Zərərçəkmiş şəxs evindən 250 manat pul oğurlandığını eşitmişdir. Zöhrabdan oğurluğun kim tərəfindən törədilməsini soruşduqda oğurluğu edən kim olmasını bilmədiklərini, amma polis əməkdaşlarının həmin şəxsi axtardığını demişdir.07 fevral 2023-cü il tarixdə günorta saatlarında atası ilə evdə oturduqları zaman qonşusu Qulunun evində baş verən oğurluq hadisəsi barədə söhbət etdikdə həmin vaxtı atası hövsələsiz idi. Atasından Qulunun evində törədilmiş oğurluğun kim tərəfindən edilməsini soruşduqda 04 fevral 2023-cü il tarixdə, axşamüstü qonşusu Qulu ilə həyat yoldaşı Nailənin oğlu Turalgilə getdiyini gördüyünü demişdir. Atası əvvəlcədən onların evlərində pul olduğunu bildiyi üçün onların evdə olmamasından istifadə edərək oğurluq məqsədi ilə onların qapılarına getmiş, qapı bağlı olduğundan onlara aid hasardan həyətə daxil olmuş, daha sonra ev qapısı bağlı olduğundan açıq pəncərədən içəri daxil olmuşdur. Atası evi axtararaq oradan bir ədəd 100 ABŞ dolları və 4 ədəd 20 AZN manatı Nailə xalaya aid cüzdanın içərisindən oğurluq yolu ilə götürdüyünü ona demiş. Daha sonra girdiyi yerdən geri qayıtdığını və gizli yolla götürdüyü pulları yaşadıqları evin həyətyanı sahəsində yerləşən hamamın önündə torpağın altına basdırdığını dedikdə, atasından nə üçün Qulunun evindən oğurluq etdiyini soruşduqda o pul lazım olduğu üçün oğurluq etdiyini bildirmişdir. Atasının ona oğurluq etdiyi üçün peşman olduğunu və oğurluq yolu ilə əldə etdiyi pulu Quluya qaytarmaq istədiyini bildirmişdir. Həmin vaxt atasının mobil telefonuna zəng gəlmiş və atasını çayxanaya dəvət etmişlər. Telefon zəngindən sonra atası çayxanaya, o isə nənəsigilə getmiş, axşam saatlarında evə gəldiyi zaman polis əməkdaşlarının atasının oğurluq etməsi barədə məlumat aldıqlarını eşitmişdir. 08 fevral 2023-cü il tarixdə polis əməkdaşları atasının icazəsi ilə və atası ilə birlikdə həyətə daxil olaraq atası oğurluq yolu ilə əldə etdiyi pulu hamamın önündə torpaq altında basdırdığını polis əməkdaşlarına demişdir. Polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə atası pulu yerdən çıxararaq polis əməkdaşlarına vermiş, həmin vaxt atası torpaq altından bir ədəd 100 ABŞ dolları və 4 ədəd 20 AZN manatının çıxardığının şahidi olmuşdur. Polis əməkdaşları atasından həmin pulları haradan oğurladığını soruşduqda qonşuları Zərərçəkmiş şəxs evindən götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, o, evləndikdən sonra təxminən 3 il yuxarıda qeyd etdiyi ünvanda, həyat yoldaşı Türkan, ata və anası ilə birlikdə yaşasa da, sonradan həmin məhəllədə özü üçün ayrıca ev tikdirmiş, həyat yoldaşı və uşaqlarıyla birlikdə həmin evdə yaşayır.xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində atası Qulu ilə anası Nailə onlara gəlmiş, onlarla birlikdə bir neçə dəqiqə söhbət etmişlər. Daha sonra onlarla birlikdə qardaşı Əlinin evinə getmişlər. Saat təxminən 22 radələrinə Əlinin evindən çıxaraq o da ailə üzvləri ilə birlikdə öz evinə gəlmiş, təxminən 20 dəqiqə keçdikdən sonra anası Nailə ona zəng vuraraq evlərinə oğru girməsini demiş, o onlara getmiş, anası dəhlizin pəncərəsini ona göstərərək pəncərədə olan setqanı çıxarılaraq yerə qoyulduğunu, sonra yardımçı otaqdan ona aid olan əl çantasında olan qara rəngli cüzdanın içərisindən 1 ədəd 100 ABŞ dolların və 4 ədəd 20 manatlıq pulun naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdır. Bundan sonra polis şöbəsinə bu barədə məlumat vermiş, 05 fevral 2023-cü il tarixdə səhər saatlarında polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçirərək dəhlizin pəncərəsindən əl barmaq izləri götürmüşlər. 09 fevral 2023-cü il tarixdə isə yoldaşı Turala polis əməkdaşları tərəfindən zəng edildiyini, həmin zaman atasının evindən oğurluq edən şəxs qonşuları Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid2 ifadəsində göstərmişdir ki, 1994-cı ildə Ordubad şəhərində anadan olmuş, 2014-cü ildə ailə həyatı qurmuş və 2 uşaq anasıdır. Qızının 8 yaşı, oğlunun isə 7 yaşı var. Şahid2 evləndikdən sonra təxminən 3 il həyat yoldaşı Turalın ata və anası ilə birlikdə yaşasa da, sonradan həmin məhəllədə özləri üçün ayrıca ev tikmişlər. Həyat yoldaşı və uşaqları ilə birlikdə həmin evdə yaşayır. Qayınatası Qulu, qaynanası Nailə də hərdən bir uşaqları görmək üçün onlara gəlirlər.xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində qaynatası Qulu ilə qaynanası Nailə onlara gəlmiş, onlarla birlikdə bir neçə dəqiqə söhbət etmiş. Daha sonra onlarla birlikdə qaynı Əlinin evinə getmişlər. Saat təxminən 22 radələrinə Əlinin evindən çıxmışlar. O, həyat yoldaşı Tural və uşaqları öz evlərinə getmiş, təxminən 20 dəqiqə keçdikdən sonra qaynanası Nailə həyat yoldaşı Turala “WhatsApp” tətbiqi vasitəsilə səs atmış, evlərinə oğru girdiyini bildirmişdır. Ardınca isə Tural anasına zəng vuraraq evlərinə oğru girməsi barədə maraqlanmışdır. Bu zaman qaynanası Turala evlərində olan yardımçı otaqda, asqıda olan çantanın içərisindəki cüzdandan 1 ədəd 100 ABŞ dolları və 4 ədəd 20 AZN-lik əskinas oğurlandığını demişdır. Daha sonra Tural onlara getmiş, təxminən yarım saat sonra o da həyat yoldaşı Turala zəng vuraraq nə olduğunu soruşduqda, Tural da ona atası və anasının yaşadığı evdə oğurluq olduğu üçün polis əməkdaşlarına bu barədə məlumat verdiyini və orada olduğunu demiş, 06 fevral 2023-cü il tarixdə, saat təxminən 13 radələrində o da qaynının həyat yoldaşı Günay Məmmədova ilə birlikdə qaynatası evinə getmiş, onlara oğurluq barədə suallar verdiklərini və onlar həmin sualları cavablandırmışlar.09 fevral 2023-cü il tarixdə isə yoldaşı Turala polis əməkdaşları tərəfindən zəng edildiyini, həmin zaman Turala atasının evindən oğurluq edən şəxs qonşuları Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Cinayət işinin 37-ci vərəqələrində olan 09 fevral 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 88-90-cı vərəqələrində olan 10 fevral 2023-cü il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 157-162-ci vərəqələrində olan Təqsirləndirilən şəxs narkоman оlubоlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 15 mart 2023-cü il tarixli 324 saylı tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və xroniki alkoqolizm xəstəliyi aşkar olunmur. Cinayət işinin 189-197-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd PB 64671329L nömrəli 100-lük ABŞ dolları və 4 ədəd (A01066852, A78347469, B42715046 və B33210542 nömrəli) 20 Azərbaycan manat pul əskinaslarının maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan 100 ABŞ dolları və 80 Azərbaycan manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və bununla bağlı heç bir tələbi yoxdur. Cinayət işinin materiallarında olan Ordubad şəhər İƏDÜN-si tərəfindən verilmiş arayışdan görünür ki, Yusifov X3 şəhəri, Ceyhun Hüseynov küçəsi, ev 2, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talayaraq oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun üzərinə Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Ordubad Rayon Məhkəməsində saxlanılan 100 ABŞ dolları və 80 Azərbaycan manatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə Zərərçəkmiş şəxs təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlandığı 04 (dörd) ay 5 (beş) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (ay) 20 (iyirmi ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət faktiki yaşadığı və qeydiyyatda olduğu yer üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Ordubad Rayon Məhkəməsində saxlanılan 100 ABŞ dolları (170 manat Azərbaycan manatı ekvalentində) və 80 Azərbaycan manatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə Zərərçəkmiş şəxs təhvil verilsin. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE C02883818 nömrəli pasportu, AO№ ******* nömrəli hərbi bilet hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar