Məhkəmə qərarları › İş №1(080)-4/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-4/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-4/2023 20.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ordubad rayon Gənzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 uşaq atası, İİ qrup əlil, müvəqqəti olaraq işsiz, xx.xx.1994-cü il tarixdə Moskva şəhər Djerdski rayon Xalq məhkəməsinin hökmü ilə Rusiya Federasiyası CM-nin 147-ci maddəsinin 2-ci hissəsi ilə 1 il müddətinə, xx.xx.2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 177.1 və 177.2.3-cü maddəsi ilə 1 müddətinə, xx.xx.2019-cü il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə 2 il 5 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasi ilə məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzanın müddətinin bitməsi ilə əlaqədar azad olunmuş, sonuncu məhkumluğu ödənilməmiş, Ordubad rayon Gənzə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, cinayət işi üzrə barəsində məhkəmə tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X4 rayon Gənzə kənd sakini Zərərçəkmiş şəxs 2023-cü ilin 03 mart tarixindən 11 mart tarixinədək Gənzə kəndində yerləşən yaşayış evində olmadığı zaman evə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 04 mart 2023-cü il tarixdə bacısı - Zərərçəkmiş şəxs Ordubad rayon Gənzə kəndinə yerləşən mənzilə qanunsuz daxil olaraq sandığın qapısını çəkiclə zor tətbiq edərək açmaqla iki ədəd qızıl üzüyünü, 1 ədəd silsilə şəkilli qızıl boyunbağını, 1 ədəd mirvari şəkilində qızıl boyunbağını və həmin boyunbağının üzərində bir ədəd “Quran” şəkilində qızıl klonunu gizli olaraq talayıb və Zərərçəkmiş şəxs cəmi 4052.80 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmədə dindirmə aparılması haqqında protokollar və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs müdafiəcisi Müdafiəçi məhkəmə iclasına gəlməmiş, məkəmənin ***-**-** nömrəli telefonuna zəng edərək xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasına gedəcəyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü olan və müvafiq qaydada fəaliyyət göstərən vəkillərin adlı siyahısı təqdim olunmuş, Təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyini, hüquqlarını özü müdafiə edəcəyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə saat 09 radələrində Culfa rayon Bənəniyar kəndində yaşayan bacısı Kubranın evinə getmiş, bacısı Kubranın Gəzə kəndində getmək mistədiyini bildirmiş, taksi sürücüsü kimi tanıdığı Samil adlı şəxsi yüklərin aparılması üçün həmin kəndə çağırmış, bacısına aid olan yükləri taksiyə yerləşdirmiş, bacısı ilə birlikdə yükləri Ordubad rayon Gənzə kəndinə aparmış, Kubraya aid olan yükləri onunla birlikdə evinə yerləşdirmiş, bacısının tək yaşadığı üçün Naxçıvan şəhərində yaşadığı evə aparmış, evə daxil olduqdan Kubranın əl çantasını uşaq otağına qoyduğunu görmüş, saat 24 radələrində ailə üzvlərinin yatdığını görmüş, Kubranın əl çantasından ona məxsus olan evin açarlarını götürmüş, 04 mart 2023-cü il tarixdə saat 06 radələrində sarı rəngli taksi ilə Ordubad rayon Gənzə kəndinə gəlmiş, Kubranın evinə gizli daxil olmuş, Kubranın qızıllarını evdə sandığın içərisində saxladığını bilmiş, dəhlizin sol istiqamətində yerləşən otağa qoyduğu metaldan hazırlanmış sandığın qapısını çəkic vasitəsi ilə açmış, boz rəngli uzunqol qadın koftasının içərisinə qoyulmuş, ağ rəngli plastik materialdan hazırlanmış qutunun içərisində olan yaşıl rəngli ağzı bağlı vəziyyətdə olan plastik qabdan bacısına məxsus olan iki ədəd qızıl üzüyü, bir ədəd silsilə şəkilli qızıl boyunbağını, bir ədəd mirvari şəkilində qızıl boyunbağını və həmin boyunbağının üzərində olan bir ədəd “quran” şəkilində qızıl klonu oğurladığını, həmin qızıl-zinət əşyalarını Naxçıvan şəhər Cahan Ticarət Mərkəzində sataraq ümumilikdə 2698 AZN qazanc əldə etdiyini bildirmişdir. Məhkəmə tərəfindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi pulla 1 ədəd 195 manata aldığı üzərində 5 ədəd ağ qaşı olan qızıl kişi üzüyünü, oğurluq yolu ilə əldə edilən puldan qalıq olan 498 manat və 186 ABŞ dolları ekvivalentlə ümumilikdə 1009 manat pulun Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdə Culfa rayon Bənəniyar kənd sakini X5 ilə qeri-rəsmi olmaqla ailə həyatı qurmuş, ilk əvvəl münasibətlərinin normal olmuş, İsgəndər onun mütəmadi olaraq təqaüdümü alıb xərcləmiş, bu səbəbdən münasibətləri pozulmuş, Gənzə kəndində olan evinə ayda bir dəfə nəzarət etmək məqsədilə gəlib-getmiş, əvvəllər qardaşı Ağaməlinin Ordubad şəhərində fəhlə işlədiyi vaxtlarda onun evində qaldığını bildirmiş, 2023-cü ilin fevral ayında İsgəndərlə münasibətləri pozulmuş, Gənzə kəndinə getməsi üçün qardaşı Ağaməlidən köməklik istəmiş, 03 mart 2023-cü il tarixdə Ağaməli onun Culfa rayon Bənəniyar kəndində yaşayan evinə getmiş, Ağaməli taksi çağırmış, Kubranın cehizlərini taksiyə yerləşdirmiş, onunla birlikdə cehizləri Gənzə kəndinə gətirərək evinə yığmış, daha sonra Ağaməli ilə birlikdə onun Naxçıvan şəhərində yaşadığı evə getmiş, 11 mart 2023-cü il tarixdə Novruz bayramı ilə əlaqədar olaraq Gənzə kəndində paxlava bişirmək üçün gəlmiş, İsgəndərin evindən gələrkən özü ilə birlikdə gətirdiyi iki ədəd qızıl üzüyünun, iki ədəd qızıl boyun bağının və bir ədəd qızıl klonun sandıqdan oğurlandığını görmüş, Ağaməlinin evində olarkən ondan icazəsiz əl çantasında saxladığı evin açarlarını götürərək evinə qanunsuz daxil olduğunu, adı çəkilən qızıl-zinət əşyalarının onda olması barədə Ağaməlinin əvvəldən məlumatı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş zərəri tam ödənilməmişdir, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi pulla 1 ədəd 195 manata aldığı üzərində 5 ədəd ağ qaşı olan qızıl kişi üzüyünü, oğurluq yolu ilə əldə edilən puldan qalıq olan 498 manat və 186 ABŞ dolları ekvivalentlə ümumilikdə 1009 manat pulu qəbul edir, ona dəymiş zərər 4052.80 manat təşkil edir. Məhkəmə tərəfindən ona dəymiş zərərin digər hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia verməyinin izah olunduğunu bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlarndırılmış şahid Təqsirləndirilən şəxs sabiq həyat yoldaşı Şahid1 məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə heç bir məlimat verməmişdir. Tərəflər şahidin iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdə Ordubad rayon Gənzə kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən bir qız və bir oğlan övladı doğulmuşdur. 2013-cü il tarixdə həyat yoldaşı Ağaməli ilə məhkəmə qaydasında boşanmış, 2015-ci il tarixdən 2017-ci il tarixədək övladları ilə birlikdə Gənzə kəndində yaşamış, daha sonra övladları ilə birlikdə Naxçıvan şəhərinə köçmüş, həmin tarixlərdə Ağaməli işləmək məqsədilə Bakı şəhərinə getmiş, daha sonra Ağaməlinin tutularaq məhkəmənin hökmü ilə 4 il yarım cəza verildiyi barədə məlumat almışdır. 2021-ci il tarixdə Ağaməli cəzasını çəkərək doğulduğu kəndə qayıtmış, 2022-ci ilin aprel ayında Ağaməli ilə barışaraq birlikdə Naxçıvan şəhərində yaşamış, 03 mart 2023-cü il tarixdə Ağaməlinin Culfa rayon Bənəniyar kəndində yaşayan bacısı Kubranın evinə getdiyini bildirmiş, Kubranın İsgəndərdən ayrılaraq özünə məxsus olan əşyalrını Ordubad rayon Gənəzə kəndinə apardığını, Kubranın həmin gün axşam saatlarında Ağaməli ilə birlikdə yaşadığı evə gəldiyini, ertəsi gün yuxudan ayıldıqda Ağaməlinin evdə olmadığını, həmin gün Ağaməlinin axşam saatlarında evə gəldiyini, onun dostları ilə çörək yediklərini, mart ayının əvvəllərində tanışı Natalya adlı xanımdan Ağaməlinin 2 ədəd qadın qızıl üzüyü satdığı barədə məlumat aldığını, bu barədə Ağaməliyə sual edildiyini, həmin qızılların dostu Samil adlı şəxsə aid olduğunu, Samil adlı şəxə zəng edərək bu barədə maraqlandığını, Samilin pula etiyacı olduğu üçün qızılları satmaq məqsədi ilə Ağaməliyə verdiyini barədə məlumat aldığını, bir neçə gün keçdikdən sonra Samilin ona zəng edərək Ağaməli tərəfindən aldadıldığını, qızılların ona məxsus olmadığını barədə məlumat aldığını, bu səsbəbdən ona yalan məlumat verildiyini, 11 mart 2023-cü il tarixədək Kubranın onlarda qaldığını, həmin gün Novruz bayramı ilə əlaqədar olaraq paxlava bişirmək üçün Gənzə kəndinə getdiyini, daha sonra mobil telefon nömrəsinə zəng edərək evindən ona məxsus olan qızıl-zinət əşyalarının Ağaməli tərəfindən oğurlandığını, bu barədə məlumatı olmadığını, Ağaməlinin qeyd etdiyi vaxta evlərinə bir neçə növdə ərzaq aldığını, həmin ərzaqları dostu Qasım müəllim tərəfindən aldındığını, Ağaməlinin bacısı Kubraya adi olan qızıl-zinət əşiyalarını sataraq nə qədər qazan əldə etməsi barədə heç bir məlumatının olmadığını, Ağaməlinin özü üçün bir dəst kostuyun şalvar, bir dəst idman paltarı, bir cüt ayaqqabı və bir ədəd üzunqol köynək və bir ədəd qızıl üzük aldığının şahidi olduğunu, əlavə olaraq evlərinin kira və kominal xərçlərinin ödənilməsi üçün 385 manat ona pul verdiyini, qeyd edilən pulun oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatının olmadığını, Ağaməlinin özü üçün 195 manata aldığı qızıl üzüyündə oğurluq yolu ilə əldə etmiş pullar vasitəsi ilə aldığını, həmin üzüyü və oğurluq yolu ilə əldə etmiş 814 manat pulu istintaqa təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlarndırılmış şahidlər Şahid4 və Şahid5 məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ünvanladıqları teleqramlarda ibtidai istintaqda verdikləri ifadələrini təstiq etmişlər. Tərəflər şahidlərin iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, onu əvvəllər tanımadığını, Ağaməlinin həyat yoldaşı Zəminə ilə tanış olduğunu, Naxçıvan şəhərində yerləşən Cahan Ticarət mərkəzində 35 nömrəli qızıl-zinət mağazasında fəaliyyət göstərdiyini, fəaliyyət göstərdiyi mağazada qızıl-zinət əşyalarını alarkən hər bir şəxsdən şəxsiyyətini təsdiq edən sənədin surətini tələb etdiyini, 06 mart 2023-cü il tarixdə saat 11:30 radələrindət tanımadığı bir şəxs mağazaya gəldiyini, pula etiyacı olduğu üçün həyat yoldaşına məxsus olan 01 ədəd qızıl mirvari-hel şəkilində olan boyunbağını satmaq istədiyini, qızıl boyunbağının ona təqdim etdiyini, həmin əşyanı üzərində bir ədəd “Quran şəkilli” klon olduğunu, ümumi çəkisinin 19.55 qram olduğunu, həmin qızılı aldıqdan sonra Ağaməli adlı şəxsə 1120 manat pul ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Naxçıvan şəhərində yerləşən Cahan Ticarət mərkəzində 35 nömrəli qızıl-zinət mağazasında alqı-satqısı ilə məşğul olduğunu, 05 mart 2023-cü il tarixdə mağazaya tanımadığı bir şəxsin daxil olduğunu, həyat yoldaşına məxsus olan 02 ədəd qızıl üzüyünü satmaq istədiyini, daha sonra o, əlini cibinə salaraq adı çəkilən qızıl-zinət əşyasını çıxararaq təqdim etdiyini, həmin əşyaların ümumi çəkisinin 6.5 qram olduğunu, Ağaməli adlı şəxsə qızıl üzüklərin qarşılığında 360 manat pul ödədiyini, bir neçə gün keçdikdən sonra Ağaməlinin yenidən mağazasına gələrək özü üçün 1 ədəd qızıl üzük aldığını və qarşlığında 195 manat pul ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, onu əvvəllər tanımadığını, Ağaməlinin həyat yoldaşı Zəminə ilə tanış olduğunu, Zəminəyə ikinci əl soyuducu almaq istədiyini, 09 mart 2023-cü il tarixdə tanımadığı bir şəxsin mobil telefonuna zəng edərək adının Ağaməli olduğunu, Zəminənin həyat yoldaşı olduğunu, onda satılacaq ikinci əl soyuducu olduğunu, soyuducunu 400 manata satdığını, 200 manatını nağdı, geri qalanını isə əlində pul olan zaman ödəyə biləcəyi barədə razılıq əldə etdiyini, Ağaməlinin həmin gün soyuducunu gətirdiyini, Ağaməliyə 200 manat pul verdiyini, soyuducunun işləmədiyini, Ağaməliyə bir neçə dəfə zəng edərək bu barədə məlumat vermək istədiyini, Ağaməlinin telefonu açmadığını, bir neçə gün keçdikdən sonra Ağaməlinin bacısı evindən oğurluq etdiyi barədə məlumat aldığını, daha sonra soyuducunu ustaya aparıb təmir etdirərək 220 manat xərc çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində Ağaməli adlı şəxslə Naxçıvan şəhərində təsədüfən tanış olmuş, Ağaməlinin Ordubadlı olduğunu bilmiş, Ağaməli ilə aralarında münasibət yaranmış, onun ailəsi ilə birlikdə “Milli Yeməklər” restoranında yemək yemiş, 2023-cü ilin mart ayının 3-ü Ağaməli ona zəng edərək Culfa rayon Bənəniyar kəndinə yaşayan bacısı Kubranın cehizlərini Ordubad rayon Gənzə kəndinə aparmasını istəmiş, Ağaməli qarşılığında ona 70 manat pul verəcəyini bildirmiş, həmin gün Bənəniyar kəndinə getmiş, Kubraya aid olan cehizləri avtomobilinə yükləmiş, Ağaməli və bacısı Kubra ilə Ordubad rayon Gənzə kəndinə gəlmiş, Kubra ilə Ağaməlinin cehizləri evlərinə yığmış, özü ilə birlikdə onları Naxçıvan şəhərinə aparmış, 05 mart 2023-cü il tarixdə Ağaməli yenidən ona zəng etmiş, “yoldaşım səndən soruşsa de ki, üzükləri mən vermişəm” ifadəsini işlətdiyini bildirmiş, o, Ağaməliyə yalan danışa bilmədiyini bildirmiş, ona bu barədə suallar vermiş, Ağaməli görüşən zaman bu halı ona izah edəcəyini bildirmiş, bir neçə dəqiqədən sonra Ağaməlinin həyat yoldaşı Zəminə onun mobil telefonuna zəng vuraraq üzüklərin onun tərəfindənm Ağaməliyə verib-verilmədiyini soruşmuş, üzüklərin ona aid olduğunu bildirmiş, Ağaməli qohumuna 100 ABŞ dolları verdiyini, həmin şəxsin pulu olmadığını, qarşılığında 2 ədəd qızıl üzük aldığı barədə ona məlumat vermiş, o,sonra bu barədə Ağaməlinin həyat yoldaşı Zəminəyə məlumat vermiş, Ağaməlinin onu aldatdığını, əsl həqiqətdə Ağaməliyə üzük vermədiyini bildirmişdir. 12 mart 2023-cü il tarixdə Ağaməlinin bacısı Kubranın evində oğurluq etdiyi barədə məlumat aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhər Cahan Ticarət mərkəzində 27 nömrəli qızıl-zinət mağazasında qızıl alqı-satqı işi ilə məşğul olduğunu, 09 mart 2023-cü il tarixdə saat təxminən 15 radələrində tanımadığı bir şəxs mağazaya yaxınlaşdığını, həyat yoldaşına məxsus olan 1 ədəd boyunbağını satmaq istədiyini, əlində olan ağ rəngli salfetqanın içərisində olan silsilə şəkilli qadın qızıl boyunbağını ona təqdim etdiyini, boyunbağının üzərində 13 ədəd asma sərmənin olduğunu, ümumi çəkisinin 21.63 qram olduğunu, sərmənin qarşılığında Ağaməli adlı şəxsə 1218 manat pul ödədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən Ordubad Rayon Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, yaşadığı Ordubad rayonu, Gənzə kəndində oğurluq edilməsi ilə əlaqədar olaraq naməlum şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Ordubad rayonu, Gənzə kəndində hadisə yeri olan evə baxış keçirilmiş, bu barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir. 08 aprel 2023-cü il tarixli tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən, azadlığının faktiki məhdudlaşdırıldığı saat 18:00-dan hesablanmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həbs qətimkan tədbirinin seçilmiş, həbsdə saxlama müddəti 13 mart 2023-cü il tarixdən hesablanmış, Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasına tapşırılması qərara alınmışdır. 13mart 2023-cü il tarixdə Şahid5 tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs ona satdığı 2 ədəd qadın qızıl üzüyün ümumi çəkisinin 6.5 qram olmaqla 583 əyarlı olduğu göstərilmişdir. 13 mart 2023-cü il tarixdə Şahid6 tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs ona satdığı, 1 ədəd sərmə şəkilli qızıl boyunbağının ümumi çəkisi 21.63 qram olmaqla 583 əyarlı olduğu göstərilmişdir. 13 mart 2023-cü il tarixdə Şahid4 tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs ona satdığı, 1 ədəd qızıl boyunbağının və onun üzərində olan qızıl klonun ümumi çəkisi 19.55 qram olmaqla 583 əyarlı olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 304 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə oğurlanan 2 ədəd qızıl üzüyün, 2 ədəd qızıl boyunbağının və 1 ədəd qızıl klonun orta bazar qiymətinin ümumi dəyərinin 4052,80 manat olduğu göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə-psixatrik еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 97 №-li rəyi ilə Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən “Emosional davansız şəxsiyyət pozuntusu. Kompensasiya mərhələsində” psixi xəstəliyi olduğu, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə-narkoloji еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 98 №-li rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən əziyyət çəkmədiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 503№-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi süsusiyyətləri və əqli və psixi inkişafına görə öz hərəkətlərini, etdiyi hərəkətlərin mahiyyətini, xarakterini,mənasını, tam dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Onun hadisə ilə bağlı bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq imkanına malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyəvə özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur, lakin onun fərdi-psixi xüsusiyyətlərinə görə informasiya və məlumatları təhrif etməyə meyillidir. Təqsirləndirilən şəxs hərbi xidmətə münasibəti barədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə sorğu verilmiş, alınmış cavabda onun məhkum olunduğuna görə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsindən xx.xx.2017-ci il tarixdən hərbi qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.1975-ci il təvəllüdlü Əliyeva (Hacıyeva) Zəminə Eldar qızı ilə nigaha daxil olmuşlar və birgə nigahdan onların xx.xx.2006-ci il tarixdə Əliyeva Sevinc adlı qızı və xx.xx.2008-ci il təvəllüdlü oğlu Əlizadə Rüstəm adlı oğlu olduğu Ordubad rayon Qeydiyyat Şöbəsindən xx.xx.2023-cü il tarixli 104 №-li məktubda qeyd olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşayış yeri üzrə - Ordubad rayon icra hakiyyəti başçısının Gənzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə mənfi xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: xx.xx.1969-cu il tarixdə Ordubad rayon Gənzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 uşaq atası, İİ qrup əlil, müvəqqəti olaraq işsiz, xx.xx.1994-cü il tarixdə Moskva şəhər Djerdski rayon Xalq məhkəməsinin hökmü ilə Rusiya Federasiyası CM-nin 147-ci maddəsinin 2-ci hissəsi ilə 1 il müddətinə, xx.xx.2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 177.2.3-cü maddəsi ilə 1 müddətinə, xx.xx.2019-cü il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə 2 il 5 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasi ilə məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzanın müddətinin bitməsi ilə əlaqədar azad olunmuş, sonuncu məhkumluğu ödənilməmiş, Ordubad rayon Gənzə kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan. Zərərçəkmiş şəxs səciyyələndirən hallar: xx xxxx 1956-cı il tarixdə Ordubad rayonu, Gənzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əmək təqaüdçüsü, Ordubad rayon Gənzə kəndində qeydiyyatda olmaqla yaşayır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-X1 müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 2/3220 nömrəli cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.1994-cü il tarixdə Moskva şəhər Djerdski rayon Xalq məhkəməsinin hökmü ilə Rusiya Federasiyası CM-nin 147-ci maddəsinin 2-ci hissəsi ilə 1 il müddətində cəza verildiyi, xx.xx.2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 177.2.3-cü maddəsi ilə 1 müddətində cəza verildiyi, xx.xx.2019-cü il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublıikası CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə 2 il 5 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasi ilə məhkum edildiyi və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu qeyd olunmuşdur. 22 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “Həbs” qətimkan tədbiri nəzərə alınmaqla qüvvəsində saxlanılması, işdə olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmədə dindirmə aparılması, ifadələrin yerində yoxlanılması hadisə yerinə baxış keçirilməsi protokolları sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil göstərməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu tarixdən 02 il müddət keçmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi müəyyən olunmuşdur.(Nəzərə alınmalıdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə məhkum olunduğu cinayət əməlləri az ağır cinayətdir) Təqsirləndirilən şəxs əməlində cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi(az ağır cinayət) ilə cinayət işinin istintaqının aparılmasını və həmin cinayət işi üzrə də barəsində həbs qətimkan tədbirinin seçilməsini, əvvəllər məhkum olunması və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, dəymiş ziyanı ödənilməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3.). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəməyə təqdim olunmuş bir ədəd 195 manat dəyərində olan üzərində beş qaşı olan qızıl üzük və 814 manat (498 manat və 186 ABŞ dolları) cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilsin, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs verilsin. İş üzrə dəymiş ziyanın qalan hissəsi olan 3043.80 manat hissəsi ilə bağlı Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AO № ******* nömrəli hərbi bilet hökm qanuni qüvvəsini aldıqdan sonra cəzanı icra edən müəssisyə göndərilsin. Maddi sübut qismində tanınmış 01 ədəd 2 GB olan “Calus” markalı fləş-yaddaş kartı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanasına həvalə edilsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar