Məhkəmə qərarları › İş №1(088)-13/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-13/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-13/2023 28.11.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən – prokuror X3, Təqsirləndirlən şəxs X5 və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Göyçay rayonunun Qaraməryəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Göyçay rayonunun Şahsoltanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Naxçıvan MR. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında, 28 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən, hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından işləmək məqsədi ilə Türkiyə Respublikasına keçə biləcəyi halda oradanda Belarusiya Respublikasına getmək üçün 22 iyun 2023-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin Naxçıvan əlahiddə sərhəd diviziyasının Sədərək rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçməyə cəhd göstərmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, 18 iyun 2023-cü ildə işləmək məqsədilə Türkiyə Respublikasına oradan isə Belarusiya Respublikasına getmək məqsədi ilə, Bakı şəhərindən avtobusla Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərinə gəldikdən sonra, qalmağa yeri olmadığı üçün 3 gün avtovağzalda gecələdiyini, 21 iyun 2023-cü il tarixdə Naxçıvan avtovağzalından təsadüfi taksilərin birinə əyləşərək Türkiyə Respublikasına getmək üçün Sədərək rayonu ərazisinə gəldiyini, “Sədərək” sərhəd nəzarət məntəqəsindən rəsmi qaydada Türkiyə Respublikasına keçmək üçün keçid məntəqəsinə yaxınlaşaraq sənədlərini təqdim etdiyini, sərhədçilərin ona Türkiyə Respublikasına keçə bilməyəcəyini, sərhədlərin bağlı olduğunu bildirdiklərini, bundan sonra, o qayıdaraq 1 gün buraxılış məntəqəsinin yaxınlığında gecələdiyini, 22 iyun 2023-cü il tarixdə, saat 11 radələrində yenidən nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq oradakı əməkdaşlara Türkiyə Respublikasına keçmək üçün ona köməklik göstərmələrini bildirsə də heç bir nəticə əldə edə bilmədiyini, və həmin gün saat 21 radələrində dövlət sərhədini qanunsuz yolla Türkiyə Respublikası istiqamətinə keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanılaraq sərhəd zastavasına aparıldığını, sonra barəsində cinayət işinin başlanıldığını, əməlindən peşman olduğunu, bir daha belə bir hala yol verməyəcəyini, haliyyədə xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu, ona görə də onun barəsində yüngül cəza verilməsini bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan əlahiddə sərhəd divizyasının N №-li hərbi hissənin 1-ci sərhəd zastavasının heyvanlar üzrə baş mütəxəsisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il, saat 20:00-dan saat 22:40-dək 1-ci sərhəd zastavasının sağ cinahında 15-ci sahəsinə əsgər Şahid2 ilə birlikdə “Pusqu” sərhəd naryadına təyin olunduqlarını, xidmətin təşkili zamanı 1 nəfər şəxsin mühəndis texniki çəpərinə yaxınlaşdığını müşahidə etdiyini, dərhal aidiyyəti üzrə sərhəd zastavasına məruzə etdiyini, sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq “Həyacan“ qrupu yaradılaraq hadisə yerinə çıxarılmış və saat 21:30 radələrində şübhəli şəxsin saxlanılaraq sərhəd zastavasına gətirildiyini daha sonra həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu, Azərbaycan Respublikasından Türkiyə Respublikasına qanuni yolla gedə bilmədiyi üçün dövlət sərhədini pozmağa cəhd etdiyi, saxlanılan şəxslə bağlı araşdırma qurtardıqdan sonra onu aidiyyatı üzrə təhvil verdiklərini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 20 noyabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, haliyyədə xidmət yerini dəyişərək Yevlax rayonunda xidmət etdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu baxımdan ibtidai istintaq dövrü verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan əlahiddə sərhəd diviziyasının N nömrəli hərbi hissənin 1-cı sərhəd zastavasının əsgəri olmuş Şahid2da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdikləri xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 21 noyabr 2023-cü il tarixdə Sədərək rayon məhkəməsinə teleqram göndərərək, haliyyədə hərbi xidmətdən təxris olunaraq Şabran rayonunda yaşadığından maddi imkanı ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ona görə də ibtidai istintaq dövrü verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən X5 ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X4rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxsi dinləyərək və şahid ifadələrini, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X10 Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsinin 06 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) görünür ki, o, sonuncu dəfə xx.xx.2023-ci tarixdə “Culfa” SNŞ-dən dövlət sərhədini müəyyən edilmiş qaydada keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına (Naxçıvan MR.) gəlmişdir, ümumilikdə 22 halda dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunması barədə məlumat yoxdur. -xx.xx.2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X10 22 iyun 2023 il tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan da müəyyən edilir ki, Azərbaycan Respublikası vətəndaşı X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsilə təqsirləndirilmiş şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi” haqqında qərarına əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sədərək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(088)-13/2023 nömrəli qərarı ilə X5 barəsində axtariş elan olunmuş və haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və X5 həbsdə saxlanma yeri Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanası müəyyən edilərək iş üzrə icraat dayandırılmışdır. -Sədərək Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 1(088)-13/2023 nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(088)-13/2023 nömrəli cinayət işinin icraatı təzələnərək məhkəmə hazırlıq iclası 01 noyabr 2023-cü il tarixə saat 12:00 təyin edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Azərbaycan Respublikası vətəndaşı X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, elan olunmuş şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs X5 əməlləri Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarınavə digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun haliyyədə “Şizofreniya əlamətləri ilə müşahidə olunan kəskin polimorf psixotek pozuntusu” xəstəliyindən əziyyət çəkdiyini və ambulator müalicəyə ehtiyacı olmasını, həmçinin təqsirləndirilən şəxsin səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatiriya X13 Şəxsin 30 sentyabr 2023-cü il tarixli ambulator kitabçadan çıxarışdan bir daha müəyyən olunur ki, iş üzrə təqsirləndirilən şəxs X10 “Şizofreniya əlamətləri ilə müşahidə olunan kəskin polimorf psixotek pozuntusu” xəstəliyindən əziyyət çəkir və ambulator müalicəyə ehtiyacı vardır. Ona görə də X10 təqsirli bilindiyi CM-in 29, 318.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxs X7 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, maddi vəziyyətini, onun 20 oktyabr 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır və hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilmsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, məhkəmə icraatı zamanı fərdi fəaliyyət göstərən Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət vəsaiti hesabına təqsirləndirilən şəxs X5 hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X7 göstərilən hüquqi yardıma görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən ... 197.1.2-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən X10 20 oktyabr 2023cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək həsdə saxlanıldığı müddət nəzərə alınsın, ona təyin edilmiş 1500 manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza olmaqla 1000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. X10 ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Cəzanın icrası Göyçay Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müdafiəçi təqsirləndirilən X7 göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Azərbaycan Respubikası tərəfindən verilmiş C02236785 nömrəli X7 məxsus pasport hökm qanuni qüvvəsini aldıqdan sonra özünə qaytarılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar