Məhkəmə qərarları › İş №1(088)-15/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-15/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-15/2023 06.12.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR. Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən prokuror kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Naxçıvan MR-sı Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Azərbaycan Respublikasının Mühafizə olunan dövlət sərhəddini qəsdən dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X7 Muxtar Respublikası Sədərək Rayonunda yerləşən X15 şöbəsində sərhəd naryadından yayınaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2006-cı il tarixdən işləmək məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib gəldiyini, sonuncu dəfə 28 mart 2018-ci ildə X15 şöbəsindən dövlət sərhəddini keçərək Türkiyə Respublikasının İstanbul şəhərinə etdiyini və həmin tarixdən də orada yaşayaraq Azərbaycan Respublikasına qayıtmadığını, İstanbul şəhərində tikiş fabrikində işlədiyini, 2018-ci ilin avqust ayında İstanbul şəhərində qanunsuz olaraq həbs olunduğunu, beş il müddətində qanunsuz olaraq barəsində istintaq getdiyini, sonda 2023-cü ildə təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət verilərək 01 avqust 2023-cü il tarixindən azadlığa buraxıldığını, ancaq bununla bağlı ona heç bir qərar verilmədiyini, yalnız pasportunu ona təqdim etməklə buraxdıqlarını, Türkiyyədə özünə iş tapıb işləyə bilmədiyi üçün Azərbaycan Respublikasına qayıtmaq qərarına gəldiyini, Türkiyə Respublikasında müddətdən artıq qaldığı üçün deportasiya olunacağından qorxaraq Türkiyə Respublikasından qaçaq yolla keçmək qərarına gəldiyini, bu məqsədlə 03 sentyabr 2023-cü il tarixdə Türkiyə Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhəddinə gəldiyini, Türkiyə Respublikasının dövlət sərhəddindən yayınaraq qanunsuz olaraq Azərbaycan Respublikası istiqamətinə keçdiyini, Azərbaycan Respublikasının dövlət sərhəddindən keçdiyi zaman Türkiyə Respublikasının dövlət sərhəddindən qanunsuz keçdiyini bilərək onu geriyə Türkiyə Respublikasına təhvil veriləcəyini və sərhəd nəzarətindən yayınaraq dövlət sərhəddindən keçməyi düşündüyünü, bu məqsədlə Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində nəqliyyat vasitələrinin xəttinə yaxınlaşaraq sərhəd nəzarətindən yayınıb dövlət sərhəddini keçdiyini bu zaman sərhəd naryadının onu görərək saxladığını, onunla aparılan söhbət zamanı Türkiyə Respublikasının dövlət sərhəddindən qanunsuz keçdiyini və qorxduğu üçün sərhəd nəzarətindən yayınaraq Azərbaycan Respublikasının dövlət sərhəddini keçmək istədiyini bildirdiyini, bu baxımdan sənədləşmə apararaq barəsində cinayət işi başlandığını bildirdi. Əlavə olaraq iş üzrə təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən DSX-nin Sərhəd Nəzarətinin hərbi qulluqçusu X14 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-dan, xx.xx.2023-cü il tarix saat 09:00-dək X15 şöbəsində “növbə başçısı” sərhəd naryadı xidmətinə təyin olunduğunu, xidmətdə olduğu zaman xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Sərhəd naryadı xidmətində olan gizir Afət Seyidov 1 nəfər şübhəli şəxsin dövlət sərhəddini sərhəd nəzarətindən yayınaraq keçdiyini və buna görə də həmin şəxsin saxlanılması barədə məruzə etdiyini, dərhal həmin istiqamətə gedərək həmin şəxslə söhbət etməyə başladığını,dövlət sərhədini qanusuz olaraq keçən Təqsirləndirilən şəxs ilə apardığı söhbət zamanı Türkiyə Respublikasının sərhəd nəzarətini gizli halda yayınaraq keçdiyini, Azərbaycan ərazisinə daxil olduqdan sonra, (Türkiyyə-Azərbaycan arasında olan neytral zona deyilən ərazini keçdikdən sonra) məqsədinin Azərbaycan Respublikasının da sərhəd nəzarətini qanunsuz keçmək olduğunu və bütün faktlar araşdırıldıqdan sonra Təqsirləndirilən şəxs saxlanılaraq barəsində toplanmış ilkin araşdırma materialları ilə birlikdə aidiyyəti üzrə təhvil verildiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X11, şahid X9 verdiyi ifadəyə tam oxşar məzmunlu ifadə verərək, N. Hüseynovun qeyd etdiklərini bir daha təsdiq etdi. İş materiallarında olan İAMAS-dan müəyyən olunur ki, Əliyev X12 Sərhəddini pozduğu üçün “Sərhəd pozucusu” qismində saxlanılmış, araşdırılması üçün sərhəd nəzarətinin təhqiqat qrupuna təhvil verilməsi üçün göndərilmiş və pasportunun etibarlılıq müddəti bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X16 16 sentyabr 2023-cü il tarixli, 11659 saylı məktubundan görünür ki, xx xxxxxx 1977-ci il təvəllüdlü, Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü iİ tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Türkiyə Respublikasının TCQ 81/1-ci maddəsi ilə təqsirli bilinərək həbs olunmuşdur. Ancaq tələbnamədə təqsirləndirilən şəxsin məhkum olunması ilə bağlı heç bir məhkəmə hökmü göstərilməmişdir. Ona görə də ittiham aktından və işin hallarından belə məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyətinin Çomaxtur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 996 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Azərbaycan Respublikasının Mühafizə olunan dövlət sərhəddini qəsdən dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X7 Muxtar Respublikası Sədərək Rayonunda yerləşən X15 şöbəsində sərhəd naryadından yayınaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dənizvə hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadəsini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində biri azyaşlı olmaqla 4 övladının olmasını, evə yeganə qazanc gətirməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu halların təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasını onunla əsaslandırır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs əvvəllər antisosial davranışa yol verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun cinayət əməli törətməsi konteksində öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, yuxarıda qeyd edilən X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. CM-nin 58-ci maddəsində təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların isə ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdəki sübutlara istinadən onun cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusatda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinatı ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların əsasən, heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl cərimə cəzasının nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsaslarının və dövlət sərhəd rejiminin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 16:00-da azad olunmuşdur. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 (iyirmi dörd) saat inzibati qaydada tutulmaqla saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iyirmi dörd saat inzibati qaydada tutularaq həbsdə qalması ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsi əsası kimi nəzərə alınmalıdır. Belə ki, hüquq münasibətləri və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası CPM-də və Azərbaycan Respublikası İXM-də şəxsin inzibati qaydada tutulmasının ona təyin olununan cinayət cəzası müddətinə daxil edilməsi halı nəzərdə tutulmasa da, inzibati tutulma müddətinin cinayət cəzası, o cümlədən azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 69.4-cu maddələri və Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.6-cı maddələri tətbiq olunmaqla, təqsirləndirilən şəxsin həmin iyirmi dörd saat (xx.xx.2023-cü il tarixdə saat 16:00-dan xx.xx.2023-cü il tarixdə saat 16:00-dək) inzibati tutulma müddəti ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsi üçün nəzərə alınmaladır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X3rşı işlər). Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin edilməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X6rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsi barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilməsini imperativ qaydada təsbit edir. Eynilə Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkret yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X2rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Qanunvericliyin tələbinə əsasən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxt onun tutulmasıdır. Avropa Konvensiyasının 5-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən burada tutulmanın hansı qaydada; inzibati və ya cinayətprosessual qaydada həyata keçirilməsi önəm daşımır. Əgər şəxsin azadlığı faktiki məhdudlaşdırılıbsa bu, tutulma sayılır və şəxsin Avropa Konvensiyasının 5-ci maddəsinin və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinin tələbləri qaydasında həbsi deməkdir və bu hal qanunda nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 16:00-dək inzibati qaydada tutulub həbsdə saxlama müddətini nəzərə alaraq, hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, məhkəmə icraatı zamanı fərdi fəaliyyət göstərən Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət vəsaiti hesabına Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən ... 197.1.2-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1600 (bir min altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 16:00-dək inzibati qaydada tutulub həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1400 (bir min dörd yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar