Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-2/2024 18.09.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 16:50-də Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X7 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X6 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X8, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 may 1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, iki uşaq anası, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 29, 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X13 Azərbaycan Respublikası ərazisində tətbiq edilən qarantin rejimi ilə əlaqədar olaraq həmçinin aviabilet almaq üçün maddi imkanı olmadığı üçün Azərbaycan Respublikasından Türkiyə Respublikasına qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyindən həmin ölkədə yaşamaq və işləmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girməklə 23 avqust 2023-cü il tarixdə, saat 21:05 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Naxçıvan” X12 Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçməyə cəhd edərkən həmin xidmətin əməkdaşları tərəfindən mühəndis-texniki çəpərindən 20 metr içəridə saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. X2 cinayət əməlini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X13 ona Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində yaşadığı müddətdə müxtəlif iaşə obyektlərində ofsiant kimi fəaliyyət göstərdiyini, 2023-cü ilin avqust ayının təxminən 15dən sonra işsiz qaldığını, buna görə də Türkiyənin İstanbul şəhərinə onunla birlikdə yaşayan Leyla Məmmədovanın bacısı Asiman Məmmədovanın yanına getmək qərarına gəldiyini, Asimanın ona Naxçıvanda yerləşən Sədərək sərhəd nəzarət məntəqəsindən Türkiyənin İğdır şəhərində esendar dayanacağına getməsini, Rəmzi adlı ümumi tanışları ilə birlikdə gedib onu qarşılayacaqlarını və özləri ilə İstanbul şəhərinə aparacaqlarını dediyini, bu məqsədlə xx.xx.2023-cü il tarixdə Bakıdan hava yolu ilə Naxçıvana gəldiyini, Türkiyədəki Rəmzi ilə bir evdə qalan Kamalın bibisi oğlu Rasimin onu Naxçıvanda qarşıladığını, bunu Rasimdən Rəmzinin xahiş etdiyini, bir gün Rasimin evində qalmasını, növbəti gün Türkiyəyə gedəcəyini, Rasimin onu xx.xx.2023-cü il tarixdə saat 9 radələrində İğdıra gedən taksilərin biri ilə yola saldığını, saat 10:30 radələrində Sədərək sərhəd məntəqəsinə çatdığını, növbəsi çatdıqda Türkiyəyə keçmək məqsədilə şəxsiyyət vəsiqəsini sərhədçiyə təqdim etdiyini, sərhədçinin quru sərhəddinin bağlı olduğunu və Türkiyəyə keçə bilməyəcəyini dediyini, buna görə məcbur qalıb kənara keçib dayandığını, bu barədə Asiman və Rəmziyə həmçinin Fəridə Məmmədovaya məlumat verdiyini, bacısı Bakı şəhərində ailəsi ilə birlikdə yaşadığını, Asiman və Rəmzidən onun üçün bilet almalarını xahiş etdiyini, Türkiyədə işləyərək pulu qaytaracağını dediyini, Asimanın hava yolu ilə getmək üçün bilet maraqlanacağını dediyini, bir qədər sonra Asimanın biletlərin çox baha olduğunu və almaq üçün gücünün çatmayacağını dediyini, həmin zaman ona tanımadığı bir nəfərin yaxınlaşdığını, ondan əvvəl həmin şəxsin də Türkiyəyə keçməsinə icazə verilmədiyini, bu haqqda uzun söhbət etdiklərini, söhbət edərkən ona Bakıya qayıtmaq istəmədiyini, övladlarının atası ilə birlikdə qaldığını və onlara maddi yardım etmək üçün mütləq Türkiyəyə getməli olduğunu dediyini, söhbət etdiyi həmin şəxsin də mütləq Türkiyəyə getməli olduğunu və tanışının sərhəddi qanunsuz yolla keçmələrinə köməklik göstərə biləcəyini və ona da Türkiyəyə qanunsuz yolla keçməkdə köməklik edə biləcəyini dediyini, əvvəl etiraz etdiyini, həmin tanımadığı şəxsin ona tanışının onları sərhəddin problem olmayacaq bir yerindən keçirəcəyini dediyini, biraz düşündükdən sonra həmin şəxsin köməkliyi ilə Azərbaycan Respublikasını qanunsuz yolla keçərək Türkiyə Respublikasına getmək qərarına gəldiyini, həmin şəxsin sərhəd nəzarət məntəqəsinin ərazisində çox dayanmamasını dediyini və birlikdə Şərur rayonuna getdiklərini, həmin şəxslə Sərur rayon ərazisində bir parkın yaxınlığında kafe kimi yerdə təxminən 13:00-dan, 16:00-dək oturduqlarını, həmin kafedən durub yaxınlıqdakı parkda gəzdiklərini, sonra parkın içində başqa bir yerdə oturduqlarını, saat təxminən 21:00 raadələrinədək həmin ərazidə oturduqlarını, bu müddət ərzində həmin şəxsə ailəsinin Türkiyədə olduğunu, onlar üçün darıxdığını, borcları olduğunu və sair söhbətlər etdiklərini, saat 21:00-da həmin şəxsə zəng gəldiyini, zəngdə ona parkın kənarına çıxın deyildiyini, onları götürməyə gələn şəxsin kim olduğunu soruşduğunu, gələn şəxsin qohumu olduğunu heç bir narahatçılğın olmadığını dediyini, həmin şəxsin onları Türkiyə ilə sərhəddə qanunsuz yol ilə keçəcəkləri yerə apardıqdan sonra geri qayıdacağını, onların isə Türkiyəyə qanunsuz yol ilə keçəcəklərini, həmin şəxsi tanımasa da ona inandığını, avtomobili idarə edən şəxsin onları Sədərək rayon ərazisində tanımadığı bir yerə apardığını, həmin yerin Türkiyə ilə sərhəd olduğunu dediyini, avtomobili idarə edən şəxsin həmin şəxsə əli ilə işarələr edərək yol ilə düz getməyi, sonra qarşılarına çıxan sərhəd çəpəri qaldıraraq altından keçmələrini izah etdiyini, avtomobildən düşdüklərini, avtomobili idarə edən şəxsin geri qayıtdığını, avtomobildən düşdükdən sonra tanımadığı həmin şəxsin onun çantasını belinə keçirdiyini və qabaqda getməyə başladığını, qorxa-qorxa həmin şəxsin dalınca getdiyini, həmin şəxsin qorxmamasını, dalınca getməsini, sərhəddi qanunsuz keçməyə məcbur olduqlarını bildirdiyini, onlar avtomobildən düşəndən sonra təxminən 20-25 dəqiqə yol qət etdiklərini və sərhəd çəpərinə çatdıqlarını, həmin şəxsin sərhəd çəpərinin məftillərini qaldırmağa çalışdığını, lakin bunu bacarmadığı üçün onu çəpərin üstünə qaldırdığını və çantasını da atdığını, ona bir qədər qabağa getməsini dediyini, təxminən 4-5 addım atdığını, ucadan dayan dur səsləri eşitdiyini və saxlanıldığını, həmin şəxsin isə çəpərin digər tərəfindən qaçdığını və gözdən itdiyini, onu saxlayan şəxslərin həmin şəxsi təqib etməyə başladıqlarını, onu saxlayan şəxslərin Dövlət Sərhəd Xidmətinin əməkdaşları olduqlarını bildirdiklərini və hərbi hissəyə apardıqlarını, üzərinə şəxsi axtarış keçirildiyini, hadisə yerinə baxış keçirildiyini və şəxsi axtarış protokolü üzrə ondan əşya, sənəd və pul vəsaitləri götürüldüyünü, həmin şəxslərin heç birinin adını, soyadını, mobil nömrəsini və yaşadıqları ərazini bilmədiyini, lakin ona bu işi təklif edənin təxminən 30 yaşında, orta boylu, nisbətən sarışın və dolu bədən quruluşlu bir şəxs olduğunu, az saqqallı, bığsız, saçı azca ağarmış olduğunu, digər şəxsin isə yəni avtomobili idarə edən şəxsi qaranlıq olduğu üçün tam görə bilmədiyini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, bu əməli imkansızlıqdan və işsizlikdən məcbur olub törətdiyini ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin “Naxçıvan” X12 1-ci sərhəd zastavasının rəis müavini, letenant Şahid1 ifadəsində göstərdi ki, 23 avqust 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında saat 20:00-dan, 22:40-dək əsgər Şahid2la birlikdə sərhəd zastavasının sağ cinahında 15-ci sahədə “pusqu” sərhəd nariyadı xidmətinə təyin olunduqlarını, xidmətin təşkili zamanı saat 21:05 radələrində bir nəfər naməlum şəxsin mühəndis texniki çəpərə yaxınlaşdığını gördüklərini, xidməti təşkil edərək mühəndis texniki çəpərdən keçən zaman onların həmin şəxsi dayan çağırışı ilə saxladığını, saxlanılan zaman həmin şəxsin üzərində bel çantası olduğunu, bu barədə adiyyəti üzrə radiorabitə vasitəsilə məruzə etdiyini, sərhəd zastavasının şəxsi heyəti silaha komandasına qaldıraraq 15-ci sahəyə getdiklərini, ilkin sorğu sual zamanı həmin şəxsin özünü İsgəndərova Cəmalə kimi təqdim etdiyini, qeyd olunan əraziyə Azərbaycan Respublikasından Türkiyə Respublikasına qanunsuz keçmək məqsədi ilə gəldiyini, bu işdə təsadüfən Naxçıvan Muxtar Respublikasında tanış olduğu adlarını bilmədikləri 2 nəfər şəxsin ona köməklik etdiyini və həmin şəxslərdən birinin onunla birlikdə dövlət sərhəddini qanunsuz yolla keçmək istədiyini, həmin şəxsin Şərur rayonundan olan tanışının Cəmaləni və həmin şəxsi öz avtomobili ilə qeyd olunan əraziyə gətirib istiqaməti göstərdiyini, onları avtomobildən düşürdükdən sonra ərazini tərk etdiyini, bundan sonra Cəmalə ilə həmin şəxsin dövlət sərhəddini qanunsuz yollda keçmək üçün irəllədiklərini, lakin həmin şəxsin əvvəlcə Cəmaləni mühəndis texniki çəpərinin yuxarı hissəsindən keçirdiyini, sonra özü keçməmiş Cəmalənin saxlanıldığını görən zaman ərazidən qaçaraq uzaqlaşdığını bildirdiyini, Cəmaləni saxlayandan sonra bir nəfər şəxsin əks istiqamətdə qaçdığını uzaqdan gördüklərini, lakin həmin şəxs onlardan uzaqda olduğundan və həmin şəxsi arxa hissədən gödükləri üçün üzünü görə bilmədiklərini, həmin vaxt pusqu sərhəd nariyadına mühəndis texniki çəpərindən içəridə yəni dövlət sərhəd xətti istiqamətində təyin olunduqlarını, mühəndis texniki çəpərdən çöldə isə bu xidmətin təşkil olunmadığını, bu səbəbdən əməliyyat məlumatına əsasən dövlət sərhəddinin pozulacağı yer konkret olmadığından sərhəd zolağı xidmət etdiyi sərhəd zastavasının şəxsi heyətindən ibarət hərbi qulluqçularının iki-iki-, üç-üç pusqu sərhəd naryadına təyin olunduğunu, dövlət sərhəddinin pozulacağı yer konkret olmadığından əməliyyat planına uyğun olaraq ən pis ehtimalları nəzərə alındığını, ona görə də hər bir sahə üzrə mühəndis texniki çəpərdən içəri istiqamətlərdə həmin sərhəd naryadlarının təşkil edildiyini, əgər Cəmalənin və onun yanındakı şəxsin onların təyin olunduqları yerən keçəcəklərinə əmin olsaydılar bu zaman mühəndis texniki çəpərdən çöl istiqamətində də pusqu qurulacağını, lakin həmin şəxs Cəmaləni keçirib onun saxlanıldığını görən kimi ərazidən qaçdığını, həmin şəxsin təqibi həyata keçirilsə də hərbi qulluqçular mühəndis texniki çəpərin çöl istiqamətinə keçənə qədər 5-10 qəqiqə vaxtın sərf olunduğunu, həmin şəxs üçün isə bu vaxt ərzində hadisə yerindən uzaqlaşmağa əlverişli şəraitin yarandığını, bu baxımdan həmin şəxsin saxlanılmasının mümkün olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin “Naxçıvan” X12 1-ci sərhəd zastavasının 2-ci qrup komandirinin köməkçisi əsgər Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Naxçıvan” X15 komandiri polkovnik Bəhman Babayevin DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:05 radələrində 1-ci sərhəd zastavaının xidməti ərazisində Azərbaycan Respublikasından, Türkiyə Respublikası istiqamətində dövlət sərhəddini pozmuş Azərbaycan Respublikası vətəndaşı xx.xx.1995-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini X1. İş materiallarından görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına Sədərək SNM-də dövlət sərhəddini qanunsuz keçməsi müəyyən edilərək saxlanılmışdır. İşin 18-ci vərəqəsində olan 23 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, iş üzrə təqsirləndirilən şəxs X13 23 avqust 2023-cü il tarixdən axşam saat 22:30-dan, 24 avqust 2023-cü il tarixə axşam saat 21:30-dək yəni 24 saat inzibati qaydada tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Sədərək Rayon Məhkəməsinə ünvanlanmış “Naxçıvan” X12 28 may 2024-cü il tarixli 959 nömrəli məktubudan aydın olur ki, Sədərək rayon məhkəməsi tərəfindən qəbul edilmiş 1(088)-2/2024 saylı qərara əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş təsirləndirilən şəxs X13 31 may 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 1 saylı Bakı istintaq Təcridxanasına təhvil verilmişdir. İşin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X13 23 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçmək istədiyi ərazi, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu ərazisində yerləşən “Naxçıvan” X15 1-ci sərhəd zastavasının ərazisi olmuşdur. İşin 53-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan müəyyən olunur ki, X13 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İşin 89-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, X13 məhkum olunmamışdır. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 Mərkəzində qeydiyyatda durmur. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 Xəstəxanasında qeydiyyatda və müalicədə olmayıb. İşin 100-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Mingəçevir şəhər Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 şəhəri, Nizami prospekti 5, mənzil 58 ünvanında qeydiyyatı yoxdur və o, həmin ünvanda yaşamır. İşin 107-ci vərəqəsinə əlavə olunmuş İAMAS çıxarışından aydın olur ki, X4 şəhəri Heydər Əliyev prospekti ev 88 mənzil 4 ünvanında qeydiyyatdadır. -Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(088)-2/2024 nömrəli qərarı ilə X8 barəsində axtarış elan olunmuş və haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və X8 həbsdə saxlanma yeri Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanası müəyyən edilərək iş üzrə icraat dayandırılmışdır. -Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(088)-2/2024 nömrəli qərarından görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(088)-2/2024 nömrəli cinayət işinin icraatı təzələnərək məhkəmə hazırlıq iclası 26 avqust 2024-cü il tarixə saat 15:00-a təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin iş üzrə özünü təqsirli bilməsini, iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X13 ittiham olunduğu əməldə öz təqsirlərini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X9rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı X13 və şəxsiyyətləri istintaqa məlum olmayan digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 avqust 2023-cü il tarixdə 21:00 radələrində gecə vaxtı Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Naxçıvan” X12 Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçməyə cəhd edərkən həmin xidmətin əməkdaşları tərəfindən mühəndis-texniki çəpərindən 20 metr içəridə saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməməsi iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxs X13 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmək istəməsi, həmin əməli qəsdən törətməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM- nin 29, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələrdə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X13 ilk dəfə cinayət əməli törətmiş, Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçdikləri yeri göstərmiş, məhkəmə istintaqında etirafedici ifadələr verərək, ona Azərbaycan Respublikası CMnin 29, 318.2-ci maddələri ilə verilən ittiham üzrə təqsirlərini etiraf etmiş və bu etirafı digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafı könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini X8 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsni etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də X13 barəsində təqsirli bilindiyi Azərbaycan Respblikası CM-nin 29, 318.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, CM-nin 318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 5 il müəyyən olunsada, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CM-nin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Buradan belə çıxır ki, CM-nin 318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 5 il qəbul olunmalıdır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 318.2-ci maddəsinin sanksiyasında 3 aydan 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Belə olan halda qanuni əsaslar, o cümlədən CM-nin 62-ci maddəsinin tətbiqi əsasları olmadan CM-nin 318.2-ci maddəsinin sanksiyasından kənara çıxan cəzaların tətbiqi bu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğün deyildir. Həmçinin əgər şəxsin əməlində cinayətin sadə, təhlükəli və xüsusi təhlükəli residivi vardırsa, onda qanuni əsaslar olmadan (CM-nin 62, 65.3, 70-ci maddələri) CM-nin 65.2-ci maddəsinin tələblərinin pozularaq residivə görə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusilə təhlükəli residivə görə dörddə üçündən az cəzanın təyin edilməsi açıq-aşkar ədalətlsiz cəza olardı, yəni o cümlədən təqsirli şəxsin şəxsiyyətinə uyğun olmazdı. Ancaq cəzanı yüngülləşdirən halların olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı şəraitdə təqsirləndirilən şəxsə CM-nin 318.2-ci maddəsinin sanksiyasında qanunverici tərəfindən müəyyən olunmuş 3 ay-5 il arası həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədib, cinayət əməli törətməsini etiraf edib, bu əməldən səmimi peşmançılıq hissi keçirir. O cinayət törətməsini etiraf etmiş, cinayətin ibtidai istintaqına və məhkəmə istintaqına heç bir maneçilik törətməmiş, cinayət əməlinin olbyektiv, hərtərəfli və tam araşdırılmasına kömək etmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhküli resdiviə və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Qeyd edildiyi kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu halında təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 29, 318.2-ci maddələrində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxsə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, bundan peşman olduğu və əməlində qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əməlinə adekvat olmamaqla ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğun saymışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X10 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, X13 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, X8 23 avqust 2023-cü il tarixli inzibati qaydada tutulması haqqında protokola əsasən, X8 23 avqust 2023-cü il tarixdən axşam saat 22:30-dan, 24 avqust 2023-cü il tarixə axşam saat 21:30-dək yəni 24 saat (iyirmi dörd saat) inzibati qaydada tutulması və Sədərək rayon məhkəməsinin 1(088)-2/2024 saylı 23 yanvar 2024-cü il tarixli qərarının 31 may 2024-cü il tarixdə icra olunması nəzərə alınmaqla, cəza çəkməsinin əvvəli 30 may 2024-cü il tarixdən saat 11:50-dən hesablanmalıdır. Məhkəmə hesab edir ki, X13 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X8 hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı X10 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, göstərdikləri hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM- nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X8 23 avqust 2023-cü il tarixdən axşam saat 22:30-dan, 24 avqust 2023-cü il tarixə axşam saat 21:30-dək yəni (24 saat) inzibati qaydada tutulması və Sədərək rayon məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(088)-2/2024 saylı qərarının 31 may 2024-cü il tarixdə icra olunması (saxlanılaraq həbs edilməsi) nəzərə alınmaqla, cəza çəkməsinin əvvəli 30 may 2024-cü il tarixdən saat 11:50-dən hesablansın. X13 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hazırki işin məhkəmə icraatı zamanı X10 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, göstərdiyi hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-2/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-2/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver