Məhkəmə qərarları › İş №1(088)-3/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-3/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-3/2023 21.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi Naxçıvan şəhər hüquq məsləhətxanasının vəkili Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1970-ci il tarixdə Türkiyə Respublikasının Adıyaman şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, ailəli, beş uşaq atası, orta təhsilli, Azərbaycan Respublikasında əvvəllər məhkum olunmamış, Mersin şəhəri Atatürk prospekti, Gürsoy məhəlləsi, 7-ci mərtəbə mənzil 14-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs X4suz olaraq döyüş sursatı əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Azərbaycan Respublikasına daşıma cinayətlərini törətmək üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi döyüş sursatı hesab edilən istifadəyə yararlı 1 (bir) ədəd 7.65 mm kalibrli, “Brauninq” markalı patron malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ona məxsus olan əl yükündəki şəffaf sellefon paketdə olan təsbeh muncuqları, dəmir bolt və müxtəlif bujiteriyaların arasında qanunsuz olaraq qəsdən olaraq saxlamış, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, 25 noyabr 2022-ci il tarixdə 02:11-də “Sədərək” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və aparılmış gömrük yoxlaması nəticəsində gömrük əməkdaşı tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X10 sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X13 Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxxx 1970-ci il tarixdə Türkiyə Respublikasının Adıyaman şəhərində anadan olduğunu, Türkiyə Respublikasının Mersin şəhəri, Atatürk prospekti, Gürsoy məhəlləsi, 7-ci mərtəbə, m.14-də yaşadığını, İllərdir Mersin şəhərində mebel ustası işlədiyini, Naxçıvan Muxtar Respublikasına gəlmə səbəbinin buradan təyyarə vasitəsilə Bakı şəhərinə getmək olduğu, Bakı şəhərində Türkiyə Respublikasının vətəndaşı olan Bünyamin Bozkurtca adlı şəxslə ticarət etmək üçün razılığa gəldiyini və bir müddət keçdikdən sonra Bünyaminin ona qarşı olan öhdəliklərini pozmağa başladığını, Bünyamin Bozkurtca ilə aralarında mübahisə yarandığını və buna görə də Bünyamini məhkəməyə verdiyindən, məhkəmə prosesinə getmək üçün arvadı ilə birlikdə Mersin şəhərindən İstanbul şəhərinə gəldiyini və oradan da avtobusla İğdır şəhərinə getdiklərini, İğdır şəhərindən isə bir taksiyə minərək Naxçıvan şəhərinə yola düşmüşlər. Azərbaycan Respublikasının “Sədərək” gömrüyündən keçərkən gömrük yoxlaması zamanı ona məxsus olan əl yükündə gömrük əməkdaşı şübhəli təsvirlər gördüyünü, bu baxımdan gömrük əməkdaşının ondan əl yükündə qnunsuz nə isə olub-olmamasını soruşduğunu, əl yükündə heç bir qanunsuz əşyanın olmamasını bildirdiyini, ondan sonra gömrük əməkdaşı əl yükünə yoxlama keçirdiklərini, yoxlama zamanı onun əl yükünün içərisində atasından yadigar qalmış köhnə təsbehin muncuqları, dəmir bolt və bujiteriyalar olan şəffaf torbadan 1 ədəd köhnə patron aşkar edildiyini, onun əl yükündən aşkar edilən 1 ədəd patron özünə məxsus olduğunu, həmin patronu illər əvvəl atasından yadigar qalan qırıq təsbeh muncuqlarının olduğu sellofan paketin içərisinə qoyduğunu, Bakı şəhərinə gedən zaman təsbehi təmir etdirmək məqsədilə təsbeh muncuqları olan sellofan paketi də özü ilə götürdüyünü və patronun həmin sellofan paketin içərisində olduğunu unutduğunu, Sədərək gömrük əməkdaşları onun əl yükündə patronu aşkar etdikdən sonra bir neçə nəfərlə sənədləşmə işi apardıqlarını və həmin sənədlərə imza etdiklərini, bir ədəd patronun unutduğu üçün əl çantasında gətirdiyini, ona görə də ona daha yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən “Sədərək” gömrük postunda inspektor vəzifəsində işləyən X3 ifadəsində göstərdi ki, 24 noyabr 2022-ci il tarixdə 09:00da Sədərək gömrük postuna növbəyə getmiş və 25 noyabr gecə saat 0211 radələrində sərnişinlərin keçid məntəqəsində Hİ-scan aparatında monitora baxaraq vətəndaşların əl yüklərinə nəzarət etdiyi zaman Türkiyə Respublikası vətəndaşları olan ər-arvad əl yüklərini monitora qoyaraq keçdiklərini, əl yükləri monitordan keçən zaman onların əl yüklərində qarmaqarışıq əşyaların olduğunu gördüyünü, monitorda yaxınlaşdırıb baxdıqda yükün içərisində şübhəli təsvirlər olduğunu müşahidə etdiyini, sonra əl yükünün sahibi X8 əl yükündə qanunsuz nə isə olduğunu soruşduğunu, X13 isə əl yükündə heç bir qanunsuz əşyanın olmadığını bildirdiyini, şübhəli təsvirlər olan əl yükünə fiziki baxış keçirmək üçün rəisdən icazə aldığını və 2 nəfər hal şahidinin iştirakı ilə X10 əl yükünün içərisində olanlara bir-bir baxdığını, müxtəlif bijuteriyalar, dəmir boltlar, şurublar, mismarlar, içərisində təsbehlər olan qutular görmüş, əl yükünün içərisində paltarların arasında isə şəffaf sellofan paketdə içərisində təsbeh muncuqları, şurublar və boltların yanında 1 ədəd silah patronu aşkar etdiyini, Təqsirləndirilən şəxs bunun nə olduğunu və nəyə görə daşıdığını soruşmuş o, isə ata yadigarı olan təsbehini düzəltmək üçün apardığını və həmin patronun da paketin içərisində qalmasını unutduğunu bildirmişdir. Daha sonra onun əl yükünü bir daha yoxlamaq üçün içərisində olanları boşaldıb boş çamadanı yenidən monitordan keçirmiş, lakin çamadanın içərisindən başqa qanunsuz heç bir predmet aşkar edilməmişdir. Patron aşkar edilən zaman Təqsirləndirilən şəxs çox təccüblənmiş, patronu olduğunu bildiyini, amma həmin patronu əl yükündə gətirdiyini unutmuş olduğunu bildirmişdir. Sonra bu barədə müvafiq protokol tərtib etdiklərini və əl yükünün sahibi Təqsirləndirilən şəxs və hal şahidləri protokolu imzaladıqlarını bildirdi. Məhkəmə iclasında hal şahidi Şahid3 ifadəsində göstərdi ki, Sədərək rayonunun Dəmirçi kəndində yaşadığını və ailəsini dolandırmaq üçün fəhləlik etdiyini, Sədərək gömrük postunda mal və yük daşıma işlərində çalışdığını, 25 noyabr 2022-ci il tarixdə 0200 radələrində Sədərək gömrük postunda yenə fəhləlik edən zaman gömrük əməkdaşları onu çağırmış, gömrük əməkdaşı özünü Rəşada təqdim edərək Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxsin əl yükünü yoxlayacağını və onun da yoxlama zamanı hal şahidi kimi iştirak etməyini bildirdiklərini, onunla bərabər fəhlə işləyən Salehin də orada olduğunu, Gömrük əməkdaşının təklifini qəbul etmiş və əl yükünü yoxlamazdan əvvəl gömrük əməkdaşı Kübra xanım qanunsuz keçirdiyi hər hansı bir əşyanın olub-olmaması barədə Təqsirləndirilən şəxs soruşduğunu, Firat Mesut isə heç bir qanunsuz əşyanın olmadığını bildirdiyini, sonra onların iştirakı ilə Türkiyə vətəndaşı Firatın çamadanını gömrük əməkdaşı Kübra xanım yoxladığını, yoxlama zamanı onun əl yükünün içərisində paltarların arasında şurublar və boltların olan sellofan paketdə 1 ədəd silah patronu çıxdığını, gömrük əməkdaşı X12 bunun nə olduğunu və nəyə görə çamadanında apardığını soruşduğunu, Türk vətəndaşı Firat Mesut atasından yadigar qalan təsbehi düzəltmək üçün Bakı şəhərinə apardığını və həmin patronun da yadından çıxıb onun içində qaldığını dediyini, çamadanın içərisindən qanunsuz başqa bir şey aşkar edilmədiyini, daha sonra gömrük əməkdaşı X1 Mesutun üzərində şəxsi yoxlama apardığını, amma şəxsin üzərindən qanunsuz heç nə aşkar edilmədiyini, bu barədə gömrük əməkdaşları sənədlər tərtib etdiklərini, sonra əl yükünün sahibi Təqsirləndirilən şəxs, Saleh və onun sənədləri imzaladıqlarını bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 hal şahidi Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Sədərək Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı, Türkiyə Respublikası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş U25166013 nömrəli pasportun sahibi, xx.xx.1970-ci il təvəllüdlü, Adıyaman şəhərində doğulmuş X10 əl yükündəki şəffaf sellofan paketdə olan təsbeh muncuqları,dəmir bolt, müxtəlif bujiteriyaların arasında gizlədilmiş şəkildə bir ədəd üzərində MKE 7.65 B yazılan tapança patronu aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2022-ci il tarixli, 351 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1 ədəd patron 7,65 mm kalibrli olmaqla, Türkiyə Respublikasında, “Makine ve Kimya Endüstrisi” zavodunda zavod üsulu ilə istehsal edilmiş, “Browning M1900”, “Beretta M1935”, “Walter PP”, “Colt Mod.1903”, “CZ-27”, “Smith & Wesson Mod.35”, “Mauser Model 1914”, “Type 64” markalı tapançalarda və s. silahlarda döyüş sursatı kimi istifadə edilən, 7,65 mm kalibrli, “Brauninq” markalı patrondur və həmin 1 (bir) ədəd patron təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinə əlavə olunmuş Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (“İAMAS SERVİCE”) çıxarışından Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə Sədərək gömrük postu vasitəsilə Azərbaycan Respublikasına giriş etdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 07 dekabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə 1(bir) ədəd döyüş sursatı kimi istifadə edilən, 7,65 mm kalibrli, “Brauninq” markalı patronu qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür.Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır.Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının, müdafiəçinin çıxışını dinləyib, işdə olan ekspertiza rəyini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1- ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-cimaddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs X10 ilk dəfə az ağır cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, ilk dəfə cinayət törətməsini, cinayət törətməsini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsini X10 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə X10 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X10 hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X10 şəxsiyyətini, ilk dəfə cinayət törətməsi, cinayət törətməsini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən halları və X10 beş övladının, arvadının haliyədə yaşadığı şəhərdə (əsrin faciəsi olan) zəlzələnin baş verməsini, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq, həmçinin yuxarıda göstərilən halların məcmusunu müstəsna hal hesab edərək, X10 barəsində CM-nin təqsirli bilindiyi maddələri üzrə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bu xüsusda məhkəmə qeyd edir ki, cəzanı yüngülləşdirən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Cinayətin motivi dedikdə, şəxsi cinayət törətməyə sövq edən və cinayət törədərkən ona hakim olan, müvafiq tələbat və maraqlarla şərtlənən daxili inamdır. Həmin daxili inam cinayətin baş verməsi nəticəsində hansı nəticələrin yaranmasına şəxsin verdiyi sosial qiyməti özündə əks etdirir. Cinayətə sövq edən inamın dərk edilməsi cinayətin motivinin əsas elementidir. Motivdən fərqli olaraq cinayətin məqsədi cinayət törədərkən təqsirkar şəxsin nail olmağa cəhd etdiyi və arzu etdiyi xarici aləmdəki dəyişikliyin baş verməsi niyyətidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində əks etdirilmiş məqsəd və motivlər alçaq və rəzil məzmundan uzaq olmalıdır. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan məqsədi qəbul etmək üçün həmin məqsədin alçaq xarakter daşımamasını, təqsirkarın özünün və digər şəxslərin hüquqlarını müdafiə etməyə, zərərçəkmiş şəxsin qanunazidd hərəkətlərinin qarşısını almağa yönəlmiş və s. bu kimi hərəkətlərə cəhd etməsini sübut edən halların olması vacibdir. Məhkəmə hesab edir ki, təqsirli şəxsin cinayət törədərkən və cinayət törətdikdən sonra onun cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışını da müstəsna hal kimi qiymətləndirmək önəmlidir. Bu kimi hallar, o cümlədən təqsirkarın törətdiyi cinayətə görə təqsirini boynuna alması, zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi, cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərəri könüllü olaraq ödəməsi və ya aradan qaldırması, dəymiş zərərin azaldılmasına yönəldilmiş bu kimi hərəkətləri aid edilməlidir. Hər bir halda CM-nin 62-ci maddəsində təsbit olunmuş müstəsna hallar obyektiv və subyektiv hallarla, yəni cinayət əməlinin və təqsirkar şəxsin şəxsiyyətinin müstəsnalığı ilə bağlı olmalıdır. Bu xüsusda qeyd etmək lazımdır ki, X10 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməllər az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs X10 məhkəmədə verdiyi ifadəsinə görə o, əl çantasından aşkarlanmış bir ədəd güllənin (patronun) özünə məxsus olduğunu, Lakin Türkiyədən Azərbaycana gələrkən baba yadigarı olan təsbehin içinə qarışaraq əl çantasında unudularaq qaldığını, həmin patronun bilərəkdən çantasında saxlamadığını, onun öz düşüncəsinə görə həmin qanunsuz əməlləri, yəni cinayətləri törətmək motivi və məqsədi olmamışdır. Onun əvvəllər cinayət əməli törətməməsi də bu qənaəti daha da gücləndirir. Cinayət əməli törətdikdən sonra təqsirləndirilən şəxs X10 ibtidai istintaq və məhkəmə istintaqı zamanı öz təqsirini boynuna alaraq, cinayət əməlləri törətməsindən səmimi peşman olduğunu bildirmiş, ibtidai istintaq zamanı və məhkəmə istintaqında etirafedici ifadələr vermiş, işin araşdırılmasına heç bir formada maneçilik törətməmişdir. Göstərilənlər təqsirləndirilən şəxs X10 cinayət törədərkən və cinayət törətdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışına dəlalət etməklə, bu davranışı müstəsna hal kimi qiymətləndirməyə tam əsas verir. Belə olan halda təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi törədilmiş hazırki cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, ailəsinin həyat şəraitinə və sair qanunda göstərilən hallara, o cümlədən cəzanın fərdiliyi, humanizm və ədalət prinsiplərinə zidd olmaqla qeyri-humanist və qeyri ədalətli cəza olardı. Bu xüsusda məhkəmə, X10 törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, ədalət və humanizm prinsipləri və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğunluğu nəzərə alınmaqla, cəza təyin edərkən onu da bildirir ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Bu xüsusda məhkəmə qeyd edir ki, X10 ilk dəfə cinayət törətmişdir, cinayət törətməsindən səmimi peşmançılıq çəkməklə və qanunlara hörmətlə yanaşmaqla, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyini nümayiş etdirmişdir. Ona görə də bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından ona cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cinayətə görə maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi cinayət məsuliyyətinin və cəzanın reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona müstəsna hal kimi yüngül cəza təyin edilir. Bu, məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün şərait yaradır. Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs X10 cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması heç şübhəsiz ki, ona bu mərhəmətin göstərilməsini şərtləndirən mühüm arqumentlər kimi qəbul olunmalıdır. Məhkəmə nəzərə çatdırır ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində də məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X10 şəxsiyyətini, ilk dəfə cinayət törətməsi, cinayət törətməsini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsi və əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq, həmçinin həmin halların məcmusunu müstəsna hal hesab edərək BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal Qaydalarına (Tokio Qaydaları) uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən hüquq pozucuları ilə davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, hüquq pozucularında cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədi ilə X10 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin maddələri üzrə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, X10 əməlləri cinayətin məcmusunu yaratdığı və bu cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğu üçün ona az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza (cərimə cəzası) təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-nin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalından azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd 7,65 mm kalibrli, “Brauninq” markalı patron pistonu partlatılmış, barıtının bir hissəsi yenidən gilizin içərisinə qoyularaq gülləsi üzərinə yerləşdirilmiş halda Naxçıvan Baş Gömrük İdarəsiin maddi sübutların saxlanc kamerasında saxlanılan patron hökm qanuni qüvvəyə mindikdən sonra, Naxçıvan Muxtar Respublikası DİN-in silah sursat anbarına təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq ediliməklə 500 (beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 1100 (bir min yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 25 noyabr 2022-ci il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirməklə üzərində qəti cəza olmaqla 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. İş üzrə maddi sübut olan bir ədəd 7,65 mm kalibrli, “Brauninq” markalı patron pistonu partlatılmış, barıtının bir hissəsi yenidən gilizin içərisinə qoyularaq gülləsi üzərinə yerləşdirilmiş halda Naxçıvan Baş Gömrük İdarəsiin maddi sübutların saxlanc kamerasında saxlanılan patron höküm qanuni qüvvəsini aldıqdan sonra, Naxçıvan Muxtar Respublikası DİN-in silah sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs məxsus olan, Sədərək Rayon Məhkəməsində saxlanılan U25166013 nömrəli pasport, 1 ədəd “General Mobile 5 plus d” markalı mobil telefon (İMEİ:**********81871), 1 ədəd açıq qəhvəyi rəngli təsbeh, 1 ədəd gümüşü rəngli üzüksaat, 2 ədəd 200 türk lirəsi və 1 ədəd 100 türk lirəsi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar