Məhkəmə qərarları › İş №1(088)-5/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-5/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-5/2025 21.04.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X4 iştirakları ilə, xx.xx.1988-ci ildə İran İslam Respublikası Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası, Mərənd şəhəri, Cavaş kəndi ünvanında yaşamış Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 30 dekabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə idarə etdiyi 10AB593/10AB594 dövlət nömrə nişanlı “ CNC Y 120” markalı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 16,620 qram tiryək narkotik vasitəsinin 14,790 qramını şəffaf sellofona bükərək əyninə geyindiyi tünd göy rəngli gödəkçənin sol yan cibinin astarına qoyaraq saxlamış, 1,830 qramını isə yük nəqliyyat vasitəsinin dartıcısında sükanının içərisində qəsdən saxlayaraq Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 07:00 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bildiyini, təxminən 6 il müddətdir ki, yük nəqliyyat vasitələrində sürücü işlədiyini, adətən X13, alüminium və digər yükləri apardığını, hal-hazırda “X14 Sabz Co” firmasına məxsus 10AB593/10AB594 nömrəli “CNC Y120” markalı yük nəqliyyat vasitəsini idarə etdiyini, İranda olan Bazırqan gömrüyü vasitəsilə Türkiyəyə xam maddə yükü apardığını, həmin yükü aparıb Türkiyənin Bursa şəhərinə təhvil verdiyini, yenidən İrana aparmaq üçün Türkiyənin Ankara şəhərindən “jelibon” yükünü yükləyib yola düşdüyünü, xx.xx.2024-cü il səhər saatlarında Türkiyədən İrana getmək üçün Azərbaycanın Sədərək gömrük postundan tranzit giriş etdiyini, Sədərək gömrük postunda olarkən nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra yük nəqliyyat vasitələrinin müayinəsi postuna yaxınlaşdığını, gömrük əməkdaşının yaxınlaşıb söhbət etdikdən sonra maşından narkotik qoxusu gəldiyini dediyini və üzərini yoxlayacağını dediyini və onu şəxsi yoxlama otağına apardığını, sonra videoçəkiliş aparmaqla üzərini yoxladıqlarını və cibinin astarında olan 1 büküm tiryəki aşkar edərək götürdüklərini, ondan öncə maşında axtarış aparılan zaman cibinin astarında olan bir büküm tiryəki çıxarıb gömrük əməkdaşına verdiyini, daha sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirdiyini, bu zaman sükanın içində olan istifadə olunmuş tiryək qalıqlarını aşkar edərək götürdüyünü, daha sonra müvafiq sənədləşmə aparıldığını, həmin sənədləri imzaladığını, bütün sənədləşmə işlərini tərcüməçi və vəkil vasitəsi ilə aparıldığını, həmçinin üzərindən və yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülən narkotik vasitənin özünə məxsus olduğunu, İranın Bazırgan gömryündə tanımadığı şəxsdən təxminən 20-25 manata aldığını və özünün istifadə etdiyini, həmin narkotik maddənin gömrükdən keçirilməsinin qanunsuz olduğunu bilmədiyini, törətdiyi əməldən çox peşman olduğunu bir daha belə işlər ilə məşğul olmayacağını, ilk dəfə cinayət törətməsini, bir azyaşlı uşağının olmasını nəzərə almaqla onun barəsində yüngül cəza verilməsinə dair qərar qəbul edilməsini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun baş müfəttişi Şahid1 ifadəsində xx.xx.2024-cü il tarixdə iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda giriş istiqamətində nəqliyyat vasitələrinin müayinəsi xəttində xidmətdə olduğunu, təxminən səhər saat 07:00 radələrində Türkiyə Respublikasından tranzit giriş edən İran İslam Respublikasına məxsus 10AB593/10AB594 dövlət qeydiyyat nişanlı “CNC Y 120” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttinə gəldiyini, sənədlərini qeydiyyat etdirdikdən sonra həmin nəqliyyat vasitəsinə yaxınlaşdığını, sürücünü sorğu-sual etməyə başladığını, bu zaman adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, sürücüdən qanunsuz olaraq keçirəcəyi hər hansı əşyasının olub-olmamasını soruşduğunu, sürücünün qanunsuz heç bir əşyasının olmadığını dediyini, sürücü ilə biraz söbhət etdikdən sonra onun hərəkət və davranışları şühbə yaratdığı üçün və maşından tiryək qoxusu gəldiyindən həmin şəxsin üzərində şəxsi yoxlama aparmaq qərarına gəldiyini, ilkin olaraq şəxsi yoxlama üçün müvafiq icazəni aldıqdan sonra həmin şəxsi postun şəxsi yoxlama otağına dəvət etdiyini, daha sonra yoxlamada iştirak etməsi və videoçəkiliş apararaq ona kömək etməsi üçün həmin gün növbədə olan postun baş inspektoru Şahid2 dəvət etdiyini, qanunvericiliyin tələbinə əməl edilərək videoçəkiliş aparılmaqla şəxsi yoxlama aparmağa başladığını, yoxlama aparılmazdan əvvəl şəxsdən üzərində qanunla qadağan olunmuş hər hansı predmet olub-olmadığını soruşduğunu, sürücünün isə üzərində qanunla qadağan olunmuş hər hansı predmet olmadığını bildirdiyini, daha sonra şəxsin üzərini yoxlamağa başladığını, yoxlama zamanı şəxsin əyninə geyindiyi tünd göy rəngli gödəkcənin sol tərəf cibinin cırıq hissəsindən astarına qoyulmuş şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan bir ədəd büküm aşkar etdiyini, sürücüdən həmin maddənin nə olduğunu soruşduğunu, o da cavabında “tiryək” olduğunu dediyini, sürücünün yanında həmin bükümü elektron tərəzidə çəkdiyini və çəkisinin 15,4 qram olduğunu gördüyünü, şəxsi yoxlama barədə müvafiq protokol tərtib etdikdən sonra sürücünün idarə etdiyi 10AB593/10AB594 dövlət qeydiyyat nişanlı “CNC Y 120” markalı yük nəqliyyat vasitəsini yoxlamaq üçün müayinə postuna getdiyini, postun əməkdaşı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla qeyd edilən yük nəqliyyat vasitəsini yoxladığını, yoxlama zamanı nəqliyyat vasitəsinin kabin hissəsində olan sükanın ortasında gizli saxlanc yerində açıq halda boşluğa tökülmüş tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlələrin olduğunu gördüyünü, həmin kütlələri yığıb sürücünün iştirakı ilə elektron tərəzidə çəkdiyini və çəkisinin 1,9 qram olduğunu gördüyünü, prosessual qaydada sənədləşmə aparıldıqdan sonra materialları istintaq şöbəsinə təhvil verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun baş inspektoru Şahid2 ifadəsində digər Şahid1 ifadəsinə tam uyğun olaraq eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiklərini bir daha təsdiq etdi. Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, məhkəmə istintaqı zamanı araşdırılmış sübutları, təsqsirləndirilən şəxsin, iş üzrə dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələrini tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, küllü və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1-ci siyahısının 182 bəndinə əsasən, 16.420 qram “tiryək” narkotik vasitə xeyli miqdar hesab edildiyindən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əlavə olaraq “tiryək” adlı narkotik vasitə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı, bənd İ, sıra № 102). Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında qərardan görünür ki, Gömrük məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, şəxsi yoxlama zamanı X5 əyninə geyindiyi tünd göy rəngli gödəkcənin sol tərəfində yerləşən cibinin sökülmüş hissəsindən gödəkcənin astarında yerləşdirilən bir ədəd şəffaf sellofana bükülmüş qablaşdırma ilə birlikdə çəkisi 15,4 qram olan, tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 10AB593/10AB594 dövlət qeydiyyat nişanlı, “CNC Y 120” markalı yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən sükanın orta hissəsində heçbir qablaşdırma olmadan tökülmüş halda ümumilikdə çəkisi 1,9 qram olan tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(078)-65/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 dekabr 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olmaması müəyyən edilmişdir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 17 yanvar 2025-ci il tarixli 20 saylı ekspert komissiyasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəcisidir, narkomaniya xəstəliyinə tutulmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlinin törətməsi onun özünün səmimi etirafı və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı X7 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 dekabr 2024-cü il tarixli, 1568 nömrəli ekspert rəyi və X7 Səhiyyə Nazirliyinin Y.Budaqov, X6 xx.xx.2025-cü il tarixli 20 saylı rəyi ilə kifayət qədər sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə idarə etdiyi 10AB593/10AB594 dövlət nömrə nişanlı “ CNC Y 120” markalı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına gedərkən İran İslam Respublikasında özünə məlum olan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 16,620 qram tiryək narkotik vasitəsinin 14,790 qramını şəffaf sellofona bükərək əyninə geyindiyi tünd göy rəngli gödəkçənin sol yan cibinin astarına qoyaraq saxlamış, 1,830 qramını isə yük nəqliyyat vasitəsinin dartıcısında sükanının içərisində qəsdən saxlayaraq Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 07:00 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi tam sübuta yetirilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama, daşımağa görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitənin növünü, adını, cinsini, qrup mənsubiyyətini, dəqiq çəkisini müəyyənləşdirmək məqsədilə 30 dekabr 2024-cü il tarixdə Məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və X7 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 dekabr 2024-cü il tarixli 1568 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 14,790 qram olan tünd qəhvəyi rəngli, spesifik iyli, qətranabənzər maddə kütləsi, 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,830 qram olan spesifik iyli, termiki təsirdən səthləri qaralmış maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, tiryəkin ümumi təmiz çəkisi 16,620 qramdır. Ekspert rəyinin təqdiqi hissəsindən müəyyəm edili ki, 0.2 qram ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 16.420 qram olan tiryək Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmişdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ Siyahı, İ bənd, sıra № 102). Əlavə olaraq 31 dekabr 2024-cü il tarixli 1568 saylı məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədiqatın dəyəri 90 manat müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs narkotik maddələr qəbul edib-etməməsini, narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-narkоlоji ekspertizası təyin olunaraq rəy alınmışdır. X7 Səhiyyə Nazirliyinin Y.Budaqov, X6 xx.xx.2025-ci il tarixli, 20 saylı ekspert komissiyasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir, narkomaniya xəstəliyinə tutulmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif etmişdir. Ona görə də, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərinə əsasən, onun törətmiş olduğu cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah və tərbiyyə olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzanın məhz hansı növünü təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah edilməsi mümkün hesab olunmadığından ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin sanksiyaları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və həmin cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs çəkməli olduğu qəti cəza müddəti müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməklə əlaqədar cəza növü təyin edilməsi qənaətinə gəldiyindən onun cəzaçəkmə müəssisəsinin növünün müəyyənləşdirilməsi məsələsini də müzakirə edərək belə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza o, əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 17 yanvar 2025-ci il tarixli 20 saylı ekspert komissiyasının rəyinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci və 93.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalıdır. Məhkəmə iş üzrə maddi sübütların həlli məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən həll edilməlidir. İş üzrə maddi sübüt olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra xalis çəkisi 16.420 qram “tiryək” adlı narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübüt kimi tanınan Təqsirləndirilən şəxs məxsus Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd göy rəngli gödəkcə və 1 ədəd Samsung Galaxy A13 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra özünə geri qaytarılmalıdır. İş materialına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus İran İslam Respublikasına aid F66176422 nömrəli pasport hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ümumi rejimli cəzaçəkmə müəssisinə göndərilməlidir. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 90 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X12 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 206.2 -ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbiri seçildiyi tarixdən yəni 30 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə tibbi xarakterli -narkomaniyadan məcburi müalicə təyin edilsin. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübüt olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspert tədqiqatlarına sərf edildikdən sonra xalis çəkisi 16.420 qram “tiryək” adlı narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübüt kimi tanınan Təqsirləndirilən şəxs məxsus Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd göy rəngli gödəkcə və 1 ədəd Samsung Galaxy A13 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra özünə geri qaytarılsın Hökm qanuni qüvvəsini aldıqdan sonra, maddi sübutun (narkotik vasitənin) məhv edilməsi “Sədərək Rayon İcra Hakimiyyəti yanında az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyasına” həvalə edilsin. İş materialına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus İran İslam Respublikasına aid F66176422 nömrəli pasport hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ümumi rejimli cəzaçəkmə müəssisinə (cəza çəkdiyi müəssisəyə) göndərilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 90 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X12 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, hökm elan olunduğu andan ( həbsdə olan məhkum hökmün surətini ona verildiyi andan) 20 gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar