Məhkəmə qərarları › İş №1(088)-6/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-6/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-6/2023 12.05.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakim v.m.i.e Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sədərək Rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, ailəli, iki uşaq atası, ali təhsilli, təqaüddə olan hərbiçi, məhkumluğu olmayan, Türkiyə Respublikasının İğdır şəhəri, Bağlar məhəlləsi, küçə 40, ev 4, mənzil 9-da qeydiyyatda olaraq yaşamış, Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan şəhəri Gənclər şəhərciyində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Kesemen X4 Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi döyüş sursatı hesab edilən 6 (altı) ədəd 9 mm kalibrli, “P.08” (“Parabellium”) markalı, istifadəyə yararlı patronları ağ rəngli sellofan paketə bükməklə idarə etdiyi 06S4349 dövlət nömrə nişanlı, “Chrysler” markalı minik nəqliyyat vasitəsinin salonunda, ön sərnişin oturacağının qarşısında yerləşən çəkməcənin içinə qoyaraq saxlamış, 23 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına giriş edərək daşımış, Azərbaycan Dövlət Gömrük Komitəsinin Sədərək rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan qeyd olunan patronları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində və verilən suallara cavabında ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, o, Türkiyə Respublikasının İğdır şəhərində ailəsi ilə birlikdə yaşadığını, Naxçıvan şəhəri İğdır şəhərinə yaxın olduğundan mütamadi olaraq Naxçıvana gəzmək və Naxçıvanda tələbə olan oğlunu görmək üçün gəldiyini, 23 fevral 2023-cü il tarixində özünə məxsus 06S4349 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsi ilə Naxçıvan şəhərinə bir günlük gəzmək və oradan isə Bakı şəhərinə getmək üçün Sədərək gömürüyünə gəldiyini, Sədərək gömrüyündən keçərkən gömrük əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsini yoxladığını və yoxlama zamanı ön sərnişin oturacağının qarşısında olan çəkməcədən 6 ədəd tapanca patronu aşkar edildiyini, təxminən 20 gün əvvəl oğlunu Türkiyə Respublikasının Yüksəkova ilçəsinə apardığını, həmin ərazidə teror təhlükəsi olduğundan ehtiyyat tədbiri üçün silahını və ona məxsus patronları yanında götürdüyünü, geri dönüşdə tapançanı və dolu darağını evə qoyduğunu, lakin artıq olan patronları idarə etdiyi minik nəqliyyat vasitəsindən götürməyi unutduğunu, oğlunun Naxçıvan şəhərində universitet oxuduğunu, son 5 il ərzində mütəmadi olaraq Naxçıvan şəhərinə gəlib getdiyini, həmçinin Türkiyə Respublikasında təqaüddə olan hərbi qulluqçu olduğunu, idarə etdiyi “Chrysler” markalı minik nəqliyyat vasitəsindən aşkar edilən döyüş sursatı hesab edilən, 9 mm kalibrli, “P.08” (“Parabellium”) markalı 6 ədəd patronlar ona məxsus olduğunu, dövlət tərəfindən ona verilmiş “Yavuz 16 kombakt” adlı şəxsi tapançasının patronları olduğunu, icazə sənədlərinin olduğunu və maşınında qalmasını unutduğu üçün bəyan etmədiyini, Azərbaycan Respublikası qanunlarını yaxşı bildiyini və əgər patronların qaldığını bilsəydi bəyan edəcəyini, əvvəllər heç vaxt qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanı gömrük nəzarətinə bəyan etmədən və ya ondan gizlin keçirmədiyini, Azərbaycan Respublikasında düşmənçiliyi və yaxud da ədavəti olan heç kəsin olmadığını, həmin patronlardan kiməsə xəsarət vermək üçün istifadə etməyəcəyini, Türkiyədə silahını və patronları icazə sənədi ilə daşıdığı üçün buraya gəldikdə də unutduğunu, hazırda qızının Türkiyədə cərrahi əməliyyat keçirdiyini, bütün bunları nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi, “Sədərək” gömrük postunun böyük inspektoru X5 ifadəsində və verilmiş suallara cavabında təxminən 10 ilə yaxın ki, gömrük orqanlarında xidmət etdiyini, hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun böyük inspektoru vəzifəsində çalışdığını və gömrük xidməti mayoru xüsusi rütbəsi daşıdığını, 23 fevral 2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda giriş istiqamətində minik nəqliyyat vasitələrinin yoxlanılması postunda olarkən günorta saatlarında Türkiyə Respublikasına məxsus ağ rəngli minik nəqliyyat vasitəsi qeydiyyat yerinə yaxınlaşdığını, sürücü ilkin olaraq nəqliyyat vasitəsini VAİS-də qeydiyyata aldırıb pasport nəzarətindən keçdikdən sonra nəqliyyat vasitəsinə yaxınlaşıb sürücüylə söhbət etməyə başladığını, sürücüdən vətəndaşlığı, şəxsiyyəti və səfərinin məqsədi barədə, habelə üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşduğunu, sürücü heç nə olmadığını və tez-tez Azərbaycana səfər etdiyini söylədiyini, sürücü ilə söhbət etdikdən sonra onun idarə etdiyi minik avtomobilini yoxlamağı qərara aldığını və 2 hal şahidi çağırdığını, onlar gəldikdən sonra hüquq və vəzifələri və sürücü barədə məlumat verərək nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı həmin minik nəqliyyat vasitəsinin salonunda, ön sərnişin oturacağının qarşısında yerləşən çəkməcənin içindən ağ rəngli sellofan paketə bükülmüş halda 6 (altı) ədəd qızılı rəngli tapança mərmisinə bənzər predmetlər aşkar etdiyini və həmin predmetləri hal şahidlərinin iştirakı ilə qablaşdırıb götürdüyünü, sürücünü aşkar etdiyi mərmilər barədə sorğu-sual etdiyini, onun yola çıxmazdan əvvəl silahını evə qoyduğunu, lakin mərmilərin maşında qaldığını unutduğu üçün götürmədiyini söylədiyini, sonra yoxlama və götürmə barədə müvafiq protokollar tərtib edərək sürücü və digər iştirakçıların imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində və verilmiş suallara cavabında ailəsi ilə birgə Sədərək rayon Sədərək kəndində yaşadığını və müvəqqəti işsiz olduğu üçün ara-sıra Sədərək gömrüyündə fəhləlik etdiyini, 23 fevral 2023-cü il tarixində gömrükdə yük daşıyarkən gömrük əməkdaşı Tural onu və onunla birgə orada fəhləlik edən Azadı çağırdığını və bir nəfər türk vətəndaşının sürdüyü minik maşınını yoxlayacağını deyərək onlardan da hal şahidi kimi orada iştirak etməklərini xahiş etdiyini, etiraz etməyərək Tural ilə birlikdə yoxlanacaq maşının yanına getdiklərini, orada gömrükçünün sürücüdən üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşduğunu, sürücünün də qadağan olunmuş heç nə olmadığını bildirdiyini, bundan sonra gömrükçü nəqliyyat vasitəsini yoxlamağa başladığını və yoxlama zamanı qabaq sərnişin oturacağının önündə olan çəkməcənin içindən sellofan paketə bükülmüş 6 ədəd tapança mərmisi aşkarlan olunduğunu, həmçinin sürücü pensiyada olan hərbiçi olmasını, həmin mərmilərin dövlət tərəfindən ona verilməsini və yadından çıxaraq həmin yerdə qalmasını söylədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş digər hal şahidi X7 oxşar ifadə verərək X2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan Naxçıvan Baş Gömrük İdarəsi, “Sədərək” gömrük postunun böyük inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 06S4349 dövlət qeydiyyat nişanlı “Chrysler” markalı minik avtomobilini gömrük nəzarəti xəttində yoxlama zamanı minik avtomobilinin salonunda ön sərnişin oturacağının qarşısında yerləşən çəkməcənin içindən ağ rəngli sellofan paketə bükülmüş halda 6 (altı) ədəd qızılı rəngli tapança mərmisinə bənzər predmetlər aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 20:55-də tutulmuş, 25 fevral 2023-cü il tarixdə azad edilmişdir. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il 210 saylı ekspert rəyində görünür ki, tədqiqata təqdim edilmiş altı ədəd patron Türkiyə Respublikasıda 4 ədədi (“a”, “b”, “c” və “f” patronları) “Makinə ve Kimya Endüstrisi”, 2 ədədi (“d” və “e” patronları) “Sterlinq (Turac)” zavodunda zavod üsulu ilə istehsal edilmiş, “Browninq Hi-Power”, “Parabellum Luger”, “SİG Sauer P226”, “Walter P99”, “HK MP5”, “Mauser C96”, “Uzi” markalı tapança-pulemiyotlarda və s. silahlarda döyüş sursatı kimi istifadə edilən, 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı patronlardır. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron (“a”, “b”, “c”, “d”, “e” və “f” patronları) təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş patronlardan 2 ədədi (“a” və “f” patronları) aparılan tədqiqatda istifadə olunaraq pistonları partladılmış, barıtlarının istifadə olunmayan hissəsi yenidən gilizləri içərisinə qoyularaq güllələri üzərilərinə yerləşdirilmiş halda ekspertizanı təyin etmiş orqana geri qaytarılır. Digər sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli xidmət qeydidən görünür ki, Təqsirləndirilən şəxs istifadəyə yararlı patronları hansı məqsədlə ölkə ərazisinə gətirməsi, digər şəxslərlə cinayət əlaqələrinin olub-olmaması və əvvəllər döyüş sursatı qaçaqmalçılığı edib-etməməsinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixli 34/015/003720 nömrəli əməliyyat tapşırığına əsasən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir nəticə əldə edilməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2015-0352 nömrəli Türkiyə Respublikası Türk X3 tərəfindən verilmiş silah daşıma şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq 9 mm kalibrli Yavuz-16 markalı (T062404TEO 07699 nömrəli) silahı daşıma icazəsi verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023-cüil tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə edən halları, törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad etmə üçün əsaslar yoxdur, ona törətdiyi əmələ görə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin ittiham olunduğu, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası və Azərbaycan Respublikası CM-nin 228.1 ci maddəsində isə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı müstəsna halları, yəni onun Türkiyə Respublikasında təqaüddə olan hərbiçi olmasını, öz ölkəsində müddəsiz olaraq silah gəzdirmək hüququnun olması, Azərbaycan Respublikası ərazisinə dəfələrlə gəldiyi müddətdə heç bir hüquq pozuntusu törətməməsi, ümumilikdə işin faktiki halları baxımından törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-cü maddəsinə görə cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin məcəllənin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək hər iki maddə üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixdək tutulması nəzərə alınmaqla barəsində təyin olunmuş cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı 6 (altı) ədəd patron (onlardan 2 ədədi ekspertiza tədqiqatında istifadə olunaraq pistonları partladılmış, barıtlarının istifadə olunmayan hissəsi yenidən gilizləri içərisinə qoyularaq güllələri üzərlərinə yerləşdirilmiş halda) hökm qanuni qüvəyə mindikdən sonra Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1500 (bir min beş yüz) manat cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixdək tutulması nəzərə alınmaqla barəsində təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra şəxsiyyətini təsdiq edən sənəd Təqsirləndirilən şəxs qaytarılsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qanuni qüvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı 6 (altı) ədəd patron (onlardan iki ədədi ekspertiza tədqiqatında istifadə olunaraq pistonları partladılmış, barıtlarının istifadə olunmayan hissəsi yenidən gilizləri içərisinə qoyularaq güllələri üzərlərinə yerləşdirilmiş halda) hökm qanuni qüvəyə mindikdən sonra Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim v.m.i.e: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar