Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-7/2024 18.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı – Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Şərur Rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, Sədərək rayon X3 fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 01 radələrində Sədərək rayon Qaraağac kəndi ərazisində yerləşən boşanma ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncunu ailə münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı bıçaqla vurmaqla boynunda və qarnında deşilmiş-kəsilmiş yaralarla müşayət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına “Yüngül” dərəcəli zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahid ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5 ay bundan əvvvəl həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etdiyini, məhkəməninn barışıb ailə münasibətlərinin bərpası üçün 3 ay müddət təyin etdiyini, həmin müddət ərzində həyat yoldaşı və 3 azyaşlı övladından ayrı atasının yanında yaşadığını, iki ay bundan əvvəl həyat yoldaşının ona zəng edərək həmkəndlisi Sənanın ona əxlaqsız təklif etdiyini və evə gəlməsini bu barədə söhbət etməyi bildirdiyini, onun isə cavabında ayrıldıqlarını və bu məsələyə qarışa bilmədiyini dediyini, lakin evə gəlməsi üçün təkid etdiyini, sonra Lamiyənin yaşadığı evə gedərək söhbət etdiklərini, Lamiyyənin Sənan ona boşandığı və tək yaşadığı üçün müəyyən təkliflər etdiyini və bunun üçün də aralarında mübahisə olduğunu dediyini, orda olan zaman qaynı Araza zəng edərək məsələni öyrənməyə çalışdığını, qaynın isə ona Sənanın Lamiyəyə həmin təkilfi etdikdən sonra Lamiyənin Sənanın yaşadığı evinə gedərək onunla mübahisə edən zaman onların müşahidə kamerasını sındırdığını, buna görə haqsız vəziyyətə düşdüyünü izah edərək məsələni böyütməməyi dediyini, bu məsələdən sonra Lamiyənin yanına getmədiyini, lakin qaynı ilə telefon vasitəsilə danışdığını, onun ev taparaq ailəsini də yanına aparmasını və belə gedərsə problemlərin çox olacağını dediyini, xx.xx.2024-cü il tarixdə evlərinin yaxınlığında yerləşən restoranda spirtli içki qəbul etdiyini, Lamiyənin yaşadığı evə gedərək uşaqlarını görmək istədiyini, oğlu Barış ilə həyat yoldaşının onu evdən qovmağa çalışdığını, Lamiyəyə sahibsiz olmadığını və istədiyi hərəkəti edə bilməzsən dediyini, lakin onun isə boşandığını və istədiyi hərəkəti edə biləcəyini dediyini, sonra mətbəğə gedib bıçaq götürüb həyat yoldaşının böyrünə söykəyərək ona hələ boşanmadıqlarını və sərbəst hərəkət edə bilməyəcəyini bildirdiyini, daha sonra Lamiyyənin polisə zəng edərək ondan şikayət etdiyini, sonra polis əməkdaşlarının gəldiyini və polis şöbəsinə apardıqlarını, Lamiyəni bıçaqla qorxutmaqda məqsədinin onunla barışmaq və uşaqlarını görmək istədiyini, törətdiyi əməldən çox peşman olduğunu, bir daha bu cürə hərəkətlərə yol verməyəcəyini, haliyyədə fəhlə işləməklə üç uşağına hər ay aliment ödədiyini, tutularsa aliment ödəyə bilməyəcəyini, törətdiyi əmələ görə Lamiyyədən üzr istəyərək onu uşaqlarına görə bağışlamasını bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci il tarixdə ailə həyatı qurduqlarını, ailə qurduqları zamandan Niyəməddinin spirtli içiki qəbul etdiyini, içkili vəziyyətdə evə gələrək onu və azyaşlı uşaqlarını döydüyünü, yaxın iki il ərzində iki dəfə boşanmaq üçün məhkəməyə müraciət etdiyini, sonradan barışaraq bir yerdə yaşadıqlarını, lakin Niyəməddinin eyni hərəkətləri davam etdirdiyini, 5 ay bundan əvvəl təkrar məhkəməyə müraciət etdiyini, mart ayında qətnamə çıxarılaraq nikahlarının pozulduğunu, təqribən 8 aydır Niyaməddinlə ayrı yaşadıqlarını, xx.xx.2024-cü il tarixdə gecə saat 01:00 radələrində Niyəməddinin yaşadığı evə gələrək qapını döydüyünü və qapını açmağı istədiyini, zərər verəcəyini düşündüyü üçün qapını açmadığını, ev telefonu ilə anasına zəng edərək Niyəməddinin sərxoş vəziyyətdə evə girmək istədiyini və polisə zəng etmələrini dediyini, Niyəməddinin qapını sındıraraq içəri girdiyini, kiçik qızı Arzunu qucağına alaraq oxşamağa başladığını, oğlu Barışla birlikdə Niyaməddini evdən çıxarmağa çalışdıqlarını, bu zaman Niyaməddinin oğlu Barışı döyməyə başladığını, araya girərək oğlunu əlindən aldığını, Barış evdən çölə qaçdığı üçün Niyəməddinin onu saçından tutaraq üzünü dizinə vurmaq istədiyini lakin, üzünü yana çevirdiyini, bir neçə dəfə əlindən qurtularaq qaçmaq istədiyini amma qaça bilmədiyini, sonra mətbəxdən stolun üzərindən bıçağı götürərək qarın boşluğuna və boğaz nahiyyəsinə dayayaraq xəsarət yetirdiyini, həmin vaxt evin giriş qapısından çöldə dayanan böyük qızı Şərqiyyənin böyük oğlu Barışa səslənərək atam anamı öldürür niyə çöldə dayanmısan deyə qışqırdığını, Barışın evə daxil olduğunu və Niyəməddinin baş nahiyyəsindən yumuruqla vuraraq Niyəməddinin əlindən almağa çalışdığını, yalvararaq buraxmasını istədiyini, bu zaman Niyaməddinin fikrinin yayındığını və gözlərinin dolmağa başladığını, bundan istifadə edərək bıçağı Niyaməddinin əlindən alaraq açıq qapıdan çölə tulladığını, sonra qarnını tutaraq evdən çölə çıxdığını və həyətlərindən məhləyə doğru çıxaraq qonşunun evinə tərəf qaçdığını, həmin vaxt az yaşlı övladlarının da onun arxasıca gəldiklərini, məhləyə çıxan zaman polis əməkdaşlarını gəldiyini gördüyünü, polisə əməkdaşlarına yaxınlaşaraq Niyəməddinin onu bıçaqlandığını bildirdiyini, polis əməkdaşlarının Niyəməddini polis maşınına mindirərək apardıqlarını, daha sonra onu Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına apardıqlarını və orda müayinə olunduqdan sonra yenidən yaşadığı evə getdiyini, daha sonra polis əməkdaşlarının yaşadığı evə gələrək izahatını aldıqlarını, haliyyədə Niyaməddin ilə barışmadıqlarını və Niyaməddinə ağır cəza verilməsini bildirdi. Məhkəmə istintaqında psixoloq X7 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 fevral 2024-cü il tarixdə gecə saat 01:00 radələrində atası Niyəməddinin yaşadığı evə gələrək qapını döydüyünü və qapını açmağı istədiyini, zərər verəcəyini düşündüyü üçün anasının qapını açmadığını, anasının ev telefonu ilə nənəsinə zəng edərək atasının sərxoş vəziyyətdə evə girmək istədiyini və polisə zəng etmələrini dediyini, atasının qapını sındıraraq içəri girdiyini, kiçik bacısı Arzunu qucağına alaraq oxşamağa başladığını, anası ilə birlikdə Niyaməddini evdən çıxarmağa çalışdıqlarını, bu zaman atasının onu döyməyə başladığını, anasının araya girərək onu atasının əlindən aldığını, və çölə qaçdığını, həmin vaxt evin giriş qapısından çöldə dayanan zaman böyük bacısı Şərqiyyənin səslənərək atam anamı öldürür niyə çöldə dayanmısan deyə qışqırdığını, evə daxil olduğunu və atasının baş nahiyyəsindən yumuruqla vuraraq atasının əlindən anasını almağa çalışdığını, anasının yalvararaq buraxmasını istədiyini, bu zaman atasının fikrinin yayındığını, bu zaman anasının bıçağı atasının əlindən alaraq açıq qapıdan çölə tulladığını, sonra qarnını tutaraq evdən çölə çıxdığını və həyətlərindən məhləyə doğru çıxaraq qonşunun evinə tərəf qaçdığını, həmin vaxt bacıları ilə birlikdə anasının arxasıca getdiklərini, məhləyə çıxan zaman polis əməkdaşlarını gəldiyini gördüyünü, anasının polisə əməkdaşlarına yaxınlaşaraq atası Niyəməddinin onu bıçaqlandığını bildirdiyini, polis əməkdaşlarının atası Niyəməddini polis maşınına mindirərək apardıqlarını, təcili tibbi yardım maşını isə anasını Naxşıvana xəstəxanaya apardıqlarını bildirdi. Məhkəmə istintaqında psixoloq X7 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində qardaşı Şahid1 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 28 fevral 2024-cü il tarixdə gecə saat 12 yada 01 radələrində qızı Lamiyənin ev telefonun vasitəsilə zəng edərək əri Niyəməddinin sərxoş vəziyyətdə evə gəldiyini və qapını açmayacağı təqdirdə sındıracağını bildirdiyini, polisə məlumat verməsini istədiyini, sonra polis şöbəsinə zəng edərək hadisə barədə məlumat verdiyini, oğlu Arazla evdən çıxaraq qızının evinə getdiklərini, qızının evinə çatan zaman qızının yaralı olduğunu, polisin isə Niyəməddini polis maşınına mindirb apardıqlarını, daha sonra qızı Lamiyəni Təcili tibbi maşınına mindirərək Naxçıvan MR Mərkəzi Xəstəxanasına apardıqlarını, orada tibbi yardım olunduqdan sonra qızının yaşadıqları evə qaytardıqlarını, kürəkəni Niyaməddinin bundan əvvəl də həmişə qızını döydüyünü və şiddət göstərdiyini, hətda əvvəllər qaynatası Sədrəddini də bıçaqladığını bildirdi. İş materialına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli canlı şəxsin ekspertizası haqqında 342 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər boynunda və qarnında deşilmiş-kəsilmiş yaralar hər hansı bir deşicikəsici alət təsirindən törənmişlər eləcədə bıçaq təsirindən də törənmələri istisna olunmur, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2024-cü il tarixli 265 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli 265 nömrəli ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 67 manat məbləğində xərc çəkilmişdir. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR. X5 15 mart 2024cü il tarixli 99 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” xəstəliyi var. O, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, içtimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, içtimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «böyük ictimai təhlükə törətməyən» cinayət olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 01 radələrində Sədərək rayon Qaraağac kəndi ərazisində yerləşən boşanma ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncunu ailə münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı sərxoş vəziyyətdə və azyaşlı uşaqlarının gözü qarşısında bıçaqla vurmaqla boynunda və qarnında deşilmiş-kəsilmiş yaralarla müşayət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına “Yüngül” dərəcəli zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi və digər sənədlərlə təsdiq olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun hesab etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1- ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni və ədalətli hesab edir. Ona görə ki, məhkəmə təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olmasını, yəni sərxoşluğa qurşanmasını, ailə üzvlərinə qəddar münasibət göstərməsini və uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsini, hətda zərərçəkmiş şəxsə azyaşlı uşaqlarının gözü qarşısında bıçaqla xəsarət yetirməsi kimi hallara da diqqət yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməklə əlaqədar cəza növü təyin edilməsi qənaətinə gəldiyindən onun cəzaçəkmə müəssisəsinin növünün müəyyənləşdirilməsi məsələsini də müzakirə edərək belə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 67 manat pul Təqsirləndirilən şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NABZAZ2C, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülməlidir. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü X6 göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 67 manat pul Təqsirləndirilən şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NABZAZ2C, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülsün. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü X6 göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilsin. Hökmdən, hökm elan olunduğu andan 20 gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-7/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-7/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver