Məhkəmə qərarları › İş №1(088)-7/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-7/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-7/2025 09.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 16:54-də Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, onun şəxsi müdafiəçisi Naxçıvan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X5 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Türkiyə Respublikasının Mardin şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, beş uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Diyarbakır şəhəri, Sur rayonu, Silvan yolu Kdya küçəsi, Yuxarı qılınc məhəlləsi, ev 5 BL ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 14 mart 2025-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, haliyədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasından ölkə ərazisinə gələrkən Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi üzərində “VTRS PGN 150” yazıları olan 09 ədəd (təsiredici maddəsinin miqdarı –1,35 qram) güclü təsir edən preqabalin dərman həblərini ağ rəngli salfetə bükərək əynindəki boz rəngli gödəkçənin sağ cibində gizlətmiş, həmçinin qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 59,881 qram həşiş narkotik vasitəsini sellofana bükərək sağ ayağındakı qara rəngli corabın içərisində gizlətmiş, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 22 radələrində “Sədərək” gömrük postu vasitəsilə giriş edərkən qeyd olunan güclü təsir edən maddəni və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bildiyini, xx.xx.2025-ci il tarixində gəzmək üçün Diyarbakırdan İğdıra gəldiyini, 12 mart 2025 -ci ildə səhər saat 08:00 radələrində Naxçıvanlı dostu Samirin qardaşı İstanbulda yaşayan Rəşada zəng vurduğunu, İğdırda olduğunu, Naxçıvana gəzməyə getdiyini, qardaşı Samirin nömrəsini verməsini dediyini, sonra Samirə zəng vuraraq İğdırda olduğunu, həmin yerdən onu götürməsini, ya da özünün Naxçıvana gəlməsini dediyini, Samirin də ona sən İğdırda gözlə, mən səni gəlib götürəcəm, Türkiyə Respublikasına gələndə telefonunun şəbəkəsi olmayacağını dediyini, Samirə İğdırda rus bazarı adlanan yerin yanında “Naxçıvan bakkalı” adlı mağazanın yanında gözləmə salonu çay ocağı adlı yer var, orada səni gözləyəcəm dediyini, həmin gün saat 15:00 radələrində Samir, yanında tanımadığı bir nəfərlə birlikdə həmin çay ocağına gəldiklərini, çay ocağında oturub söhbət etdiklərini, söhbət əsnasında Samirin üstündə ot, yonca yoxdurki dediyini, çünki Azərbaycan gömrüyündə narkotik vasitəni keçirəni saxlayıb cəzalandırırlar dediyini, ona üzərində heç bir narkotik vasitə yoxdur dediyini, oradan çıxandan sonra Samir və dostu öz evləri üçün mağazadan alış-veriş etdiklərini, sonra Samirin idarə etdiyi ağ rəngli “Lada” markalı nəqliyyat vasitəsilə Dilucu gömrüyünə gəldiklərini, Dilucu gömrüyündə o və Samirin dostu maşından düşüb piyada Türk gömrüyünü keçdiklərini, Samirin isə öz maşını ilə keçib gəldiyini, sonra Samirin onları götürdüyünü və birlikdə Sədərək gömrüyünə gəldiklərini, Sədərək gömrüyünün girişində maşından düşdüklərini, Samirgilin aldığı yükləri götürərək gömrüyün içərisinə keçdiklərini, Samirin isə öz maşını ilə Sədərək gömrüyünü keçdiyini, o və Samirin tanışının gömrüyü keçərkən əvvəlcə Samirin tanışının keçdiyini sonra o keçən zaman gömrük əməkdaşı təkrar monitordan keçməyini istədiyini, təkrar keçən zaman gömrük məmurunun şübhələndiyini və yoxlamaq üçün şəxsi yoxlama otağına apardığını, üzərini yoxlayarkən boz rəngli gödəkçənin sağ cibindən ağ salfetə bükülmüş 9 ədəd dərman ağrıkəsici vasitəni çıxarıb gömrük məmuruna təslim etdiyini, əlavə olaraq alt paltarında 80 qrama yaxın miqdarda büküm gizlətdiyini, Azərbaycan gömrüyü istiqamətində hərəkət edən zaman həmin kütlənin sağ ayağının yanına sürüşüb düşdüyünü, şəxsi yoxlama zamanı sağ ayağındakı corabının içərisindən həmin kütlənin gömrük əməkdaşları tərəfindən şəxsi yoxlama zamanı aşkar edildiyini, törətdiyi əməldən çox peşman olduğunu bir daha belə işlər ilə məşğul olmayacağını, ilk dəfə cinayət törətməsini, himayəsində beş yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu nəzərə almaqla onun barəsində yüngül cəza verilməsinə dair qərar qəbul edilməsini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Sədərək” gömrük postunda xidmətdə olarkən Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasının ərazisinə piyada yolla gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs şübhə doğuran hərəkət və davranışlar etdiyini, çox həyəcanlı olduğunu, buna görə də, onun üzərində şəxsi yoxlama aparmaq qərarına gəldiyini, rəhbərlikdən müvafiq icazəni aldıqdan sonra Təqsirləndirilən şəxs şəxsi yoxlama üçün nəzərdə tutulmuş xidməti otağa dəvət etdiyini, orada postun baş müfəttişi Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla onun üzərində şəxsi yoxlama apardığını, yoxlama zamanı şəxsin əyninə geyindiyi gödəkçənin sağ cibindən ağ salfetə bükülmüş üzərində VTRS PGN 150 yazıları olan 9 ədəd naməlum tərkibli həb aşkar etdiklərini, daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlamağa davam etmiş və şəxsin sağ ayağına geyindiyi corabın içərisində gizlətdiyi ümumi çəkisi 81,6 qram olan narkotik vasitəyə bənzər kütləni aşkar etdiyini, Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı aşkar olunan dərmanların ağrı kəsici olduğunu və həmin dərmanlardan fiziki müalicə aldığı üçün istifadə etdiyini, narkotik vasitəyə bənzər kütlənin isə “nəşə” olduğunu və həmin kütlənin özünün istifadəsi üçün gətirdiyini bildirdiyini, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmetləri şəxsin yanında qablaşdırıb götürdüklərini və sonda protokol tərtib edib, iştirakçılarla birgə imzaladıqlarını bildirdi. İş üzrə şahid qismində dindirilmiş digər şahid Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun baş müfəttişi Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, haliyyədə Naxçıvan şəhərində yaşadığını və taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2025-ci il tarixində evdə olduğu zaman “Facebook” üzərindən Təqsirləndirilən şəxs ona bir neçə dəfə zəng etdiyini, zəngə cavab verən zaman Təqsirləndirilən şəxs ona İğdırda olduğunu, Naxçıvana gəzməyə gəlmək istədiyini söylədiyini, Təqsirləndirilən şəxs 2002-2003-cü ildən tanıdığını, Türkiyədə bir yerdə işlədiklərini, axrıncı dəfə 10-12 il bundan qabaq təsadüfən İstanbulda rastlaşdıqlarını, telefon danışığı zamanı Təqsirləndirilən şəxs tırlara minib, gömrüyə qədər gəlməsini dediyini, gömrükdə də taksilər olduğunu, həmin taksilərdən birinə minib gəlməyini dediyini, 3-5 dəqiqə danışıb hal-əhval tutduqdan sonra sağollaşdıqlarını, bir müddətdən sonra təzədən Təqsirləndirilən şəxs ona zəng edib onu İğdırdan götürməsini xahiş etdiyini və Naxçıvana 1-ci dəfədir ki, gəldiyini dediyini, Təqsirləndirilən şəxs imkanının zəif və yol xərcinin olduğunu, onun İğdıra gəlməyi üçün pul lazım olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs isə ona İğdıra gəlməsini, yol xərcini ödəyəcəyini bildirdiyini, Şehmusla razılaşdıqdan sonra əmisioğlusu Anara zəng etdiyini, İğdıra gedəcəyini, dərman reseptinin şəklini göndərməyini, Türkiyəyə getmişkən alıb gətirmək istədiyini əmioğlusuna bildirdiyini, əmisioğlu Anar da, əgər boş gedirsə onu da aparmasını ondan xahiş etdiyini, Anarı Naxçıvan şəhərindən götürdüyünü və birlikdə Türkiyəyə yola düşdüklərini, əmisioğlu Anarın Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, heç bir əlaqəsinin olmadığını, onlar İğdıra saat 2-3 radələrində çatdıqlarını, İğdıra çatdıqdan sonra Anarın bazarlıq etməyə getdiyini, onun isə Təqsirləndirilən şəxsla görüşəndən sonra birlikdə ev üçün bazarlıq etməyə getmiş, bazarlıq edəndən sonra maşının yanına qayıtdıqlarını, maşında olan zaman Təqsirləndirilən şəxs özü ilə gətirdiyi otu çəkdiyini gördüyünü və Təqsirləndirilən şəxs təklifi ilə həmin otdan 1-2 tüstü onun və əmisioğlu Anarın da həmin otdan bir-iki tüstü çəkdiklərini, sonra o Təqsirləndirilən şəxs “üzərində həmin otdan yenə varmı?” deyə soruşduğunu, Təqsirləndirilən şəxs isə cavabında ona üzərində heç bir otun olmadığını dediyini, Təqsirləndirilən şəxs Azərbaycan qanunları ilə bağlı xəbardarlıq etdiyini, əgər üzərində qadağan olunmuş bir şey vardırsa burada qoymasını, Azərbaycana aparmamağını dediyini, yolda olan zaman həmin otdan Təqsirləndirilən şəxs yenidən çəkdiyini gördüyünü, maşını saxlayaraq Təqsirləndirilən şəxs çəkdiyi otu aparıb atmağını tələb etdiyini, sonra Təqsirləndirilən şəxs ona otun bitdiyini və daha üzərində heç bir şeyin olmadığını söylədiyini, Naxçıvan gömrüyünə çatanda yoxlanış üçün maşınlar keçən yerə getdiyini, əmisioğlu Anarla türk vətəndaşı olan Təqsirləndirilən şəxs isə piyadalar üçün nəzərdə tutulmuş yerdən keçən zaman gömrük əməkdaşlarının Təqsirləndirilən şəxs saxladıqlarını gördüyünü, sonra əmisioğlu Anarla birgə çıxıb Naxçıvan şəhərinə gəldiklərini bildirdi. İş üzrə şahid qismində dindirilmiş Tağıyev X8 şəhərində yaşadığını, xx.xx.2025-ci tarixində saat 12:00 radələrində Naxçıvanda yas mərasimində olduğunu, Əmioğlusu Samirin zəng vurduğunu və sən mənə dərman demişdin, İğdıra gedən olsa alsın gedirəm İğdıra dərmanın adını deyərsən, İğdırdan alım dediyini, həmin dərmanı göndərərək Samirə əgər maşında boş yer varsa, mən də sənlə gedim və İğdırdan özümə bazarlıq edim dediyini, Samirdə boş getdiyini bildirərək gələndə bir nəfər müştərisinin olduğunu və onu gətirəcəyini söylədiyini, razılaşaraq evə getdiyini, bir müddətdən sonra Samirin gəlib evdən götürdüyünü və yola düşdüklərini, saat təxminən 03:00 radələrində İğdırda olduqlarını, Samirlə rus bazarına getdiklərini maşından düşdüyünü və bazara paltar almağa getdiyini, Samirin də Təqsirləndirilən şəxsla görüşməyə, onu axtarmağa getdiyini, təxminən 1 saat bazarlıq edəndən sonra rus bazarına yenidən geri qayıtdığını, Samirin yanında 1 nəfər tanımadığı şəxsin əyləşdiyini, Şehmusla tanış olub maşına əyləşdiklərini və Naxçıvan yola düşdüklərini, maşında olan zaman arxada spirtli içki “pivə” qəbul etdiyini, türk vətəndaşı olan Təqsirləndirilən şəxs pivə istədiyini və ona pivə verdiyini, sonra yolda maşınla gedən zaman Şehmusun ot çəkdiyini gördüyünü, Şehmusun ona təklif etdiyini və 1-2 tüstü qəbul etdiyini, sonradan təklif etsə də daha qəbul etmədiyini, gömrüyə çatdıqlarını, Türk gömrüyünü keçdiklərini, Samirin maşınla Sədərək gömrüyünü keçdiyini, Şehmus piyada xətti ilə Sədərək gömrüyünü keçən zaman 1 ci özünün keçdini və sonra Şehmusun keçdiyini, əşyalarını götürürdüyünü, birdən Samirin yaxınlaşdığını və Şehmus nəsə elədi, onu gömrükdə saxladılar dediyini, bir az gözlədikdən sonra Naxçıvan şəhərinə yollarına davam etdiklərini bildirdi. Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, məhkəmə istintaqı zamanı araşdırılmış sübutları, təsqsirləndirilən şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələrini tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, küllü və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1-ci siyahısının 84-cü bəndinə əsasən, təmiz çəkisi 59,16 qram olan həşiş narkotik vasitə xeyli miqdar hesab edildiyindən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əlavə olaraq “həşiş” adlı narkotik vasitə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı, bənd İ, sıra № 56). Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan və video çəkilişindən görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi boz rəngli gödəkçənin sağ cibindən ağ salfetə bükülmüş halda üzərində VTRS PGN 150 yazıları olan 9 ədəd naməlum tərkibli həb, sağ ayağına geyindiyi qara rəngli corabın içində gizlədilmiş şəkildə qablaşdırma ilə birgə çəkisi 81,6 qram olan, spesifik iyli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, **********24 nömrəli material üzrə Təqsirləndirilən şəxs əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cinayət işi başlanmadan şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(078)-17/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 mart 2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi barədə ” qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsindən həmin məcəllənin 206.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olmaması müəyyən edilmişdir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli, 164 nömrəli ekspert komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Hazırda məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlinin törətməsi onun özünün səmimi etirafı və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/525 nömrəli ekspert rəyi ilə kifayət qədər sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasından ölkə ərazisinə gələrkən Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi üzərində “VTRS PGN 150” yazıları olan 09 ədəd (təsiredici maddəsinin miqdarı –1,35 qram) güclü təsir edən preqabalin dərman həblərini ağ rəngli salfetə bükərək əynindəki boz rəngli gödəkçənin sağ cibində gizlətmiş, həmçinin qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 59,881 qram həşiş narkotik vasitəsini sellofana bükərək sağ ayağındakı qara rəngli corabın içərisində gizlətmiş, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 22 radələrində “Sədərək” gömrük postu vasitəsilə giriş edərkən qeyd olunan güclü təsir edən maddəni və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi tam sübuta yetirilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 09 ədəd güclü təsiredici maddə olan “preqabalin” həbi (təsiredici maddəsinin miqdarı-1.35 qram) külli midar təşkil etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan “preqabalin” həbləri satış məqsədi olmadığından bu hissəyə münasibətdə şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Ona görə ki, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən güclü təsir edən maddələr və onların küllü və xüsusilə küllü miqdarının habelə zəhərli maddələrin siyahısı”nda güclü təsir edici maddə olan preqabalin külli miqdar daxil olmaqla aşağı həddi 5 qram, xüsusilə külli midar daxil olmaqla aşağı həddi 1000 qram müəyyən edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama, daşımağa görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar gömrük orqanlarına bəyan edilməlidir (şifahi, kağız, üzərində yazılı və ya elektron). “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 311-312 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazılan olan 01 ədəd kağız zərfdə olan 01 ədəd üzəri bantlanmış parça bükümündə təmiz çəkisi - 59,881 qram olan yaşıl rəngli toz halında maddənin tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin əlamətləri müəyyən edilməmişdir. Ekspertiza tədqiqatına təqdim edilən üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük idarəsi...” yazılan olan 01 ədəd kağız zərfdə olan 01 ədəd salfet kağızına bükülmüş halda üzərində “VTRS PGN 150” yazılan olan 09 ədəd kapsul formasında dərman preparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına (1 nömrəli əlavə) daxil olan preqabalindir. Preqabalinin təsiredici maddəsinin miqdarı -1,35 qramdır. Əlavə olaraq xx.xx.2025-ci il tarixli, 311-312 saylı məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədiqatın dəyəri 180 manat müəyyən edilmişdir. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 7/525 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “252930006 Yaşıl rəngli toz halında maddə..” yazılar və imzalar olan paketdə bir ədəd üzəri skoçlu sellofan bağlamada təmiz çəkisi 59,16 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Əlavə olaraq 10 aprel 2025-ci il tarixli 7/525 saylı məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədiqatın dəyəri 70 manat müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı hər iki ekspert rəyləri araşdırılarkən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs gömrük nəzarəti zonasında yoxlanılan zaman üzərindən qablaşdırma ilə birgə çəkisi 81,6 qram narkotik vasitəyə bənzər xüsusi iyə malik olan maddə aşkar edilərək götürülmüş, həmin kütlənin narkotik vasitə, psixotrop və ya güclü təsir edici maddə olub-olmaması barədə rəy alınması üçün xx.xx.2025-ci il tarixli 3- 33-1200/2-000875/2025 nömrəli məktubla Naxçıvan MR. Baş Gömrük İdarəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Ekspertiza tədqiqatına təqdim edilən, maddənin ümumi təmiz çəkisi - 59,881 qram olmuş, 0,2 qramı ekspertiza tədqiqatına sərf olunmuş və 59,681 qram qalmış, maddənin tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin əlamətləri müəyyən edilməmişdir. Qalıq qalan təmiz çəkisi 59,681 qram maddənin tərkibi barədə istintaq orqanı tərəfindən yenidən rəy alınması üçün xx.xx.2025ci il tarixdə “Təkrar məhkəmə bioloji ekspertizası”nın keçirilməsi haqqında qərar qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 7/525 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən maddənin təmiz çəkisi 59,16 qramdır və narkotik vasitə həşişdir, həmin narkotik vasitə həşişin 0,2 qramı ekspertiza tədqiqatına sərf olunmuş və 58,96 qram qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqata sərf etdikdən sonra qalıq qalan 59,681 qram maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təkrar ekspertizaya göndərildiyi zaman maddənin miqdarı 59,16 qram olmuş və onların arasında 0,521 qram çəki fərqi olmuşdur. Birinci ekspertiza ilə ikinci ekspertiza rəylərində göstərilən çəkilər arasındakı fərqin yaranma səbəbinin aydınlaşdırılması üçün ekspertlərin ifadələri alınmış və onların hər ikisi çəkilər arasında yaranan fərqin maddənin saxlanma şəraiti, zaman keçdikcə maddə quruması və elektron tərəzilərin ölçmə xətası ilə əlaqədar olduğunu bildirmişlər. X10 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertizaya təqdim edilən maddənin tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin əlamətlərinin müəyyən edilməməsinin səbəbini Mərkəzin “Agilent Technologies 5975C” qaz xromotoqrafı, “7890A” kütlə spektrometri markalı cihazına texniki baxış keçirilmədiyinə və içərisindəki filtrlərin çirklənməsi ehtimalı olduğuna görə cihazın analizin nəticəsini səhv göstərə bildiyini qeyd etmişdir. Maddi sübut narkotik vasitə olan həşişin ekspertiza tədqiqatlarına sərf edildikdən sonra xalis çəkisinin 58.96 qram qalması “Narkotik vasitələrin, Psixotrop maddələrin və onların prekursorlarının Məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” 19 mart 2025-ci il tarixli aktı ilə təsdiqin tapmışdır. İş üzrə Təqsirləndirilən şəxs narkotik maddələr qəbul edib-etməməsini, narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-narkоlоji ekspertizası təyin olunaraq rəy alınmışdır. X7 Səhiyyə Nazirliyinin Y.Budaqov, X4 xx.xx.2025-ci il tarixli, 164 saylı ekspert komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir, narkomaniya xəstəliyinə tutulmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif etmişdir. Ona görə də, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərinə əsasən, onun törətmiş olduğu cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah və tərbiyyə olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzanın məhz hansı növünü təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah edilməsi mümkün hesab olunmadığından ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin sanksiyaları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və həmin cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs çəkməli olduğu qəti cəza müddəti müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməklə əlaqədar cəza növü təyin edilməsi qənaətinə gəldiyindən onun cəzaçəkmə müəssisəsinin növünün müəyyənləşdirilməsi məsələsini də müzakirə edərək belə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Akbalık X6 Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza o, əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 xx.xx.2025-ci il tarixli 164 saylı ekspert komissiyasının rəyinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.-ci və 93.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalıdır. Məhkəmə iş üzrə maddi sübütların həlli məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən həll edilməlidir. İş üzrə maddi sübüt olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan üzərində “VTRS PGN 150" yazıları olan 08 ədəd güclü təsir edici maddə olan Preqabalin həbləri (təsiredici maddəsinin miqdarı-1.20 qram) və təmiz çəkisi 58,96 qram narkotik vasitə olan həşiş adlı narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübüt kimi tanınan Təqsirləndirilən şəxs məxsus Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd gödəkçə, 1 ədəd corab və Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 1 ədəd Samsung Galaxy J7 pro markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra özünə geri qaytarılmalıdır. İş materialına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Türkiyə Respublikasına aid **********4 nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ümumi rejimli cəzaçəkmə müəssisinə göndərilməlidir. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 180 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X11 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) hesabına və 70 manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına ödənilməlidir. Məhkəmə müdafiəçiyə ödəniləcək haqla bağlı belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslə müdafiəçi arasında müqavilə bağlandığından (şəxsi vəkili olduğundan) vəkilə ödənilmiş vəsait təqsirləndirilən şəxsin özünə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 206.2 -ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi saxlanıldığı tarixdən yəni 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə tibbi xarakterli -narkomaniyadan məcburi müalicə təyin edilsin. Tükiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübüt olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan üzərində “VTRS PGN 150" yazıları olan 08 ədəd güclü təsir edici maddə olan Preqabalin həbləri (təsiredici maddəsinin miqdarı-1.20 qram) və təmiz çəkisi 58,96 qram narkotik vasitə olan həşiş adlı narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra, maddi sübutun (narkotik vasitənin) məhv edilməsi “Sədərək Rayon İcra Hakimiyyəti yanında az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyasına” həvalə edilsin. İş üzrə maddi sübüt kimi tanınan Təqsirləndirilən şəxs məxsus Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd gödəkçə, 1 ədəd corab və Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 1 ədəd Samsung Galaxy J7 pro markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra özünə geri qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra, maddi sübüt kimi tanınan Təqsirləndirilən şəxs məxsus Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd gödəkçə, 1 ədəd corab və Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 1 ədəd Samsung Galaxy J7 pro markalı mobil telefonun ona qaytarlması, icrası üçün Naxçıvan şəhəri İcra və Probasoya şöbəsinə həvalə edilsin. İş materialına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Türkiyə Respublikasına aid **********4 nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ümumi rejimli cəzaçəkmə müəssisinə (cəza çəkdiyi müəssisəyə) göndərilsin. Cinayət işinə əlavə olunmuş bir ədəd ( təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama aparılarkən video-çəkiliş olan) DVD cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 180 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X11 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) hesabına və 70 manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına ödənilsin. Hökmdən, hökm elan olunduğu andan ( həbsdə olan məhkum hökmün surətini ona verildiyi andan) 20 gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar