Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-13/2023 07.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi iştirak ilə, Təqsirləndirilən şəxs xx.xx.1969-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 22,590 qram qurudulmuş marixuana narkotik vasitəsini idarə etdiyi 90VV571/ 99ZC165 dövlət nömrə nişanlı, “X6 1846 LS” markalı yük nəqliyyat vasitəsinin kabinində, sükanın sağ tərəfində yerləşən, balaca əşyaların qoyulması üçün nəzərdə tutulan, çıxarılıb-salına bilən plastik hissənin arxasındakı boşluqda gizlədib saxlamış, İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına giriş edərək daşımış və 4 mart 2023-cü il tarixində, saat 15 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tam təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, Naxçıvan şəhərində ailəsi ilə birlikdə yaşayır. Təxminən 1987-ci ildən sürücülüklə məşğuldur. Bakı-Naxçıvan xəttində yük daşıyır. Hərdən Türkiyə Respublikasına da yük aparır. 1 mart 2023-cü il tarixdə Bakı şəhərində yük nəqliyyat vasitəsinə un və makaron yükləmiş, Naxçıvana yola düşmüşdür. 02 mart 2023-cü il tarixdə İranın Aslandüz şəhərinə çatmış, əvvəllər adətən dayanıb yanacaq aldığı yerdə əvvəlcədən tanıdığı İran İslam Respublikasının vətəndaşı Ələsgər adlı şəxsdən 3 ədəd araq qarşılığında 29 qram ot halında “nəşə” almışdır. Məqsədi Naxçıvanda özünün istifadə etməsi olmuşdur. Həmin narkotik vasitədən bir az istifadə etmiş, qalan hissəsini İranın Culfa şəhərində idarə etdiyi 90VV571/99ZC165 nömrəli yük nəqliyyat vasitəsinin kabinində sükanın yanındakı plastik qapağın arxasına qoymuş və qapağını bağlamışdır. 04 mart 2023-cü il tarixdə Naxçıvanın Culfa gömrük postuna giriş etmiş, Culfa gömrük postunda gömrük əməkdaşı yük nəqliyyat vasitəsini yoxlayacağını bildirmiş, ondan üzərində, nəqliyyat vasitəsində hər hansı qadağan edilən əşyanın olub-olmamasını soruşmuş, gömrük əməkdaşına üzərində, nəqliyyat vasitəsində hər hansı qadağan edilən əşyanın olmadığını demişdir. Əvvəlcə nəqliyyat vasitəsinin ətrafı, sonra isə kabini yoxlanılmış, nəqliyyat vasitəsinin kabininə gömrük əməkdaşı tərəfindən baxış keçirilən zaman gizlətdiyi 2 büküm “Marixuana” aşkar etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, təxminən 30 ildir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitələrin əldə edilməsinin, saxlanılmasının, gizlədilməsinin, daşınmasının, gömrük sərhədindən gizlədilmklə keçirilməsinin cinayət olduğunu bilir. Narkotik vasitəni satmaq, başqa şəxslərə vermək məqsədi olmamışdır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkmiş və azadlığa çıxmışdır. Narkotik vasitəni aşkar edilməməsi üçün sükanın yanındakı plastik qapağın arxasına qoymuş və qapağını bağlamışdır. Ona təzyiq, təsir olmamışdır. Əməllərindən peşmandır, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Culfa Gömrük postunda ezamiyyətdə olur. 04 mart 2023-cü il tarixdə Culfa Gömrük postunda xidmətdə olmuşdur. Bir müddət əvvəl Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitə və ya psixotrop maddə gətirəcəyi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq qeydiyyat işləri aparılmış, sürücü xx.xx.2023-cü il tarixidə ölkə ərazisinə giriş etmişdir. Culfa gömrük postunda həmin şəxsə yaxınlaşmış və üzərində qadağan olunmuş və ya gömrük nəzarətinə bəyan edilməyən nəsə olub-olmamasını soruşmuş, varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində, nəqliyyat vasitəsində heçnə olmadığını bildirmişdir. Nəqliyyat vasitəsini və sürücünün üzərini yoxlamaq üçün müvafiq icazə almış və ilk olaraq sürücünün üzərində 2 nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlama aparmış, lakin yoxlama zamanı şəxsin üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi 90VV571/99ZC165 nömrəli “X6” markalı yük nəqliyyat vasitəsini yoxlamaq üçün yük avtomobilinin yanına getmiş, hal şahidlərinin iştirakı ilə yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının qarşı tərəfində, sükanın sağ tərəfində yerləşən plastik hissənin arxasında gizlədilmiş halda qara rəngli sellofana bükülmüş 2 ədəd büküm aşkar etmişdir. Həmin bükümləri açmış, içində kəskin iyli, yaşıl rəngli ot halında narkotik vasitəyə bənzər kütlələr olduğunu görmüşdür. Bükümləri elektron tərəzidə çəkmiş, birinci bükümün çəkisi 19.9 qram, ikinci bükümün çəkisi isə 9.7 qram olmuşdur. Bükümləri hal şahidlərinin iştirakı ilə qablaşdırmış və götürmüşdür. Yoxlamalar bitdikdən sonra protokollar tərtib edilmiş, sürücü Təqsirləndirilən şəxs və digər iştirakçılar protokolları imzalamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Culfa şəhərində yaşayır, daimi iş yeri yoxdur. Hərdən Culfa gömrük postunun ərazisində yüklərin nəqliyyat vasitələrinə yığılmasında, boşaldılmasında fəhləlik edir. 4 mart 2023-cü il tarixində Culfa gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 15-16 radələrində gömrük əməkdaşı Şahmar onu çağırmış, İran İslam Respublikasından gələn 90VV571/99ZC165 nömrəli yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və onun da hal şahidi kimi orada iştirak etməsini xahiş etmiş, etiraz etməmiş, onunla birgə nəqliyyat vasitəsinin yoxlanacağı anbara getmişdir. Biraz sonra hal şahidi kimi dəvət edilmiş Elmar adlı şəxs də nəqliyyat vasitəsinin yoxlanılacağı yerə gəlmişdir. Şahmar Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində bəyan edilməli olan və ya qadağan olunmuş hər hansı bir predmet olub-olmamasını soğuşmuş, varsa təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gizlədilmiş və bəyan ediləsi heç nə olmadığını bildirmişdir. Şahmar yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, nəqliyyat vasitəsinin kabinində, sürücü oturacağının qarşı tərəfində, sükanın sağ tərəfində yerləşən plastik hissənin arxasından qara rəngli sellofana bükülmüş 2 ədəd büküm aşkar edilmişdir. Bükümlər onların iştirakı ilə tərəzidə çəkilmiş, 29,6 qram olmuşdur. Sonra sürücünün üzəri yoxlanılmış, lakin heçnə aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi özünün səmini etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmişdir. Onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 90VV571/ 99ZC165 dövlət nömrə nişanlı, “X6 1846 LS” markalı yük nəqliyyat vasitəsi yoxlanılmış, yük nəqliyyat vasitəsinin kabinində, sükanın sağ tərəfində yerləşən balaca əşyaların qoyulması üçün nəzərdə tutulan, çıxarılıb salına bilən plastik hissənin arxasındakı boşluqdan 2 ədəd üzəri yapışqan bandla bağlanmış qara sellofana bükülmüş içində qablaşdırma ilə bilrikdə çəkisi 19.9 qram və 9.7 qram olan kəskin iyli, yaşıl rəngli ot halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. - Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 250 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 02 ədəd üzəri yapışqanlı lentlə sərilmiş qara sellofan kəsiyi bükümündə, bükümlə birlikdə çəkisi -19,9 qram, təmiz çəkisi-14,527 qram, bükümlə birlikdə çəkisi-9,7 qram, təmiz çəkisi-8,063 qram, ümumilikdə təmiz çəkisi-22,590 qram xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı; İ bənd; sıra №146) daxildir. Qeyd: Marixuananın təmiz çəkisi- 22,590 qram, tədqiqata sərf edildi-0,05 qram qalıq- 22,540 qram. - İş üzrə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 22,590 qram olan narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 22,540 qram marixuana Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılması nəzərə alınmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 53 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Konnobinoid narkomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-dən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1548/2008 nömrəli, 29 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, qəti cəza olaraq 12 il müddəinə azadlıqdan məhrumetmə cəsasına məhkum edilmiş, 03 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İH-nin Naxçıvan şəhər 1 saylı Mİİ-dən verilmiş 10 aprel 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olur. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 250 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 16 mart 2023-cü il tarixli, 53 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, A.X7 Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 22,590 qram narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi 90VV571/ 99ZC165 dövlət nömrə nişanlı, “X6 1846 LS” markalı yük nəqliyyat vasitəsinin kabinində sükanın sağ tərəfində yerləşən, balaca əşyaların qoyulması üçün nəzərdə tutulan, çıxarılıb-salına bilən plastik hissənin arxasındakı boşluqda gizlətmiş, saxlamış, İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına giriş edərkən daşımış və 4 mart 2023-cü il tarixində saat 15 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə yekun qərar çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu da rəhbər tutur və narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına verdiyi izahları baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddaələrin və onların perekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8) hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-cimaddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatıistisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazərlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməllərindən çox peşman olmasını, törətdiyi cinayət əməllərini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 1548/2008 nömrəli, 29 dekabr 2008-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, qəti cəza olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqdim edilmiş tələbnamədən isə müəyyən olunur ki, o, 03 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cianət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaratdığından, cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci madəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddı üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, lakin məhkumluğu ödənilməmiş, götürülməmişdir. Cinayət Məcəlləsinin 83.3 və 83.3.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məcəlləyə uyğun olaraq məhkumluğu nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməldir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsin barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan təmiz çəkisi 22,540 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunmalı və məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A10” (İMEİ1 **********15830/01, İMEİ2 **********15838/02) markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması, Culfa rayon Məhkəməsində olan C0317599 nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 22,540 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A10” (İMEİ1 **********15830/01, İMEİ2 **********15838/02) markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması, Culfa rayon Məhkəməsində olan C0317599 nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-13/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-13/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver