Məhkəmə qərarları › İş №1(089)-13/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-13/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-13/2025 21.07.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1983-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhəri, Aralıq qəsəbəsində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikasının İğdır şəhəri, Mələkli qəsəbəsi, Həsən Hüseyn binası, mənzil 190 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə 76AAL560/76AAE763 dövlət nömrə nişanlı, “Renault” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İranda olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz yolla əldə etdiyi xeyli miqdarda - təmiz çəkisi 41,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən ehtiyat hissələrinin olduğu dolabdakı plastik yeşikdə olan xırdavatların arasında əzilmiş vəziyyətdə olan metal yağlama qabının içərisində gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və idarə etdiyi yük nəqliyyat vasitəsilə həmin tarixdə saat 11 radələrində “Culfa” gömrük postundan tranzit giriş edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, təxminən 15 ildir ki, tır sürücüsü işləyir. Adətən Türkiyə Respublikasından Avropa ölkələrinə və İran İslam Respublikasına yük aparmışdır. “X4” firmasına məxsus 76AAL560/76AAE763 dövlət qeydiyyat nişanlı “Renault” markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. Tutulmamışdan təxminən 15 gün əvvəl “Culfa” gömrük postu vasitəsilə Türkiyə Respublikasından İran İslam Respublikasına yük aparmışdır. Həmin yükü İran İslam Respublikasının Qəzvin şəhərinə boşaltdıqdan sonra həmin şəhərdən Türkiyə Respublikasına aparmaq üçün şüşə butulka yükü yükləyərək yola düşmüşdür. İranın Culfa şəhərində olarkən yol kənarında yerləşən Yasin adlı iranlı şəxsin mağazasına siqaret almaq üçün girmiş, Yasin adlı şəxsin mağazasından əvvəllər də bir neçə dəfə alver etdiyi üçün Yasin onu tanımışdır. Daha sonra Yasin onu çaya dəvət etmiş, o da getmişdir. Onlar parka getmiş və orada 3 nəfər olmuşlar. Yasin və yanındakı digər tır sürücüsü həmin vaxt narkotik vasitə qəbul etməyə başlamışlar və ona da təklif etmişlər, o da qəbul etmişdir. Onlarla birlikdə həm “esrar”, həm “şüşə” çəkmişdir. “Şüşə”ni bəyənmədiyi üçün çox çəkməmişdir. Oradan Yasinin mağazasına gəlmiş, Yasin ona narkotik vasitə olan “esrar” almağı təklif etmişdir. O da Yasinin təklifi ilə razılaşmış və Yasin 50 dollar qarşılığında 45-50 qram arası çəkisi olan “esrar”ı ona vermişdir. O, həmin maddəni yolda olarkən bir neçə dəfə istifadə etmişdir. Özündə olmadığı üçün geri qalanını isə idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən dolabda metal yağlama qabının içində gizlətmişdir. Axşamdan səhərə qədər fasiləsiz olaraq narkotik vasitə qəbul etdiyi üçün həmin maddənin təsiri altında olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbayca Respublikasının “Culfa” gömrük postuna tranzit giriş etmişdir. Həmin gömrük postunda olarkən nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra yoxlama üçün müayinə yerinə yaxınlaşmışdır. Gömrük əməkdaşı yaxınlaşmış, onunla biraz söhbət etdikdən sonra ilk olaraq üzərində videoçəkiliş aparılmaqla yoxlama aparmış, amma üzərindən qadağan olunmuş heç nə aşkar etməmişdir. Daha sonra gömrük əməkdaşı onun idarə etdiyi yük nəqliyyat vasitəsini videoçəkiliş aparılmaqla kinoloji itlə yoxlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən dolabda plastik yeşiyin içərisində dəmir xırdavatların arasında olan metal yağlama qabının içərisində gizlətdiyi həmin narkotik vasitəni aşkar etmişlər. Yoxlamalar barədə protokollar hazırlanmış və o da imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, Yasin adlı şəxs İran İslam Respublikasının Culfa şəhərində tütün mağazası işlətmiş, bir neçə dəfə onun mağazasından siqaret almışdır. Nəqliyyat vasitəsindən aşkar olunan həmin narkotik vasitəni Yasin ona satmışdır. Həmin şəxsin özü adının Yasin olduğunu demiş, amma Yasin adlı şəxsin hər hansı bir rəsmi sənədini görməmişdir. Gömrükdə tutulmaqdan qorxduğu üçün həmin narkotik vasitəni yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən dolabda plastik yeşiyin içərisində dəmir xırdavatların arasında olan metal yağlama qabının içərisində gizlətmişdir. İlk dəfə 2013-cü ildə narkotik vasitə qəbul etmiş, təxminən son 7-8 ayda 4-5 dəfə marixuana istifadə etmiş, İran İslam Respublikasında olarkən marixuana alıb çəkmiş, İran İslam Respublikasında həmin narkotik vasitəni ağ paketdə almış, özü həmin narkotik vasitəni İran İslam Respublikasında tır parkında paketdən çıxarıb nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən dolabda plastik yeşiyin içərisində dəmir xırdavatların arasında olan metal yağlama qabının içərisində gizlətmişdir. Narkotik vasitənin təsiri altında olduğu üçün həmin əməlləri törətmişdir. Törətdiyi əməllərin cinayət olduğunu bilmişdir. Əməllərindən çox peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən səhər saatlarında Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAL560/76AAE763 dövlət qeydiyyat nişanlı “Renault” markalı yük nəqliyyat vasitəsi tranzit giriş istiqamətində qeydiyyata alındıqdan sonra həmin yük nəqliyyat vasitəsinə yaxınlaşmış və sürücü ilə şifahi sorğu-sual aparmışdır. Daha sonra daxil olan əməliyyat məlumatı əsasında həmin şəxsin üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. İlkin olaraq şəxsi yoxlama üçün müvafiq icazə almışdır. Daha sonra yoxlamada iştirak etməsi və yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün “Culfa” gömrük postunun baş müfəttişi Şahid2 dəvət etmişdir. Sonra sürücü ilə birlikdə postun şəxsi yoxlama otağına getmişdir. İlk əvvəl sürücü Təqsirləndirilən şəxs türk dilində hüquq və vəzifələrinin əks olunduğu bildirişi təqdim etmiş, daha sonra üzərində qadağan olunmuş hər hansı predmet olub-olmadığını soruşmuş, sürücü isə üzərində qadağan olunmuş heç bir şeyinin olmadığını bildirmişdir. Sonra videoçəkiliş aparılmaqla sürücünün üzərini yoxlamaya başlamış və şəxsi yoxlama zamanı şəxsin üzərindən qadağan olunmuş hər hansı bir predmet aşkar etməmişdir. Sonra şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamaq üçün anbara getmişdir. Bu zaman kinoloji xidmətin əməkdaşı Şahid3 nəqliyyat vasitəsini xidməti itlə yoxlaması üçün dəvət etmişdir. İlk öncə sürücüdən nəqliyyat vasitəsində qadağan olunmuş nəsə olub-olmadığını soruşmuş, sürücü isə qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Sonra Əliəkbər nəqliyyat vasitəsini “Barıt” ləqəbli xidməti itlə yoxlamış və xidməti itin nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən dolabına reaksiya verdiyini bildirmişdir. Daha sonra o, nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan hissəsində yerləşən ehtiyat hissələrin olduğu dolabdakı plastik yeşikdə olan xırdavatların arasından əzilmiş vəziyyətdə olan metal yağlama qabının içərisində gizlədilmiş halda kəskin iyli, yaşıl rəngli ot halında kütləni aşkar etmişdir. Tərəzidə çəkilmək üçün həmin kütləni sellofan paketə tökdükdən sonra kütləni tərəzidə çəkmiş, kütlənin həmin sellofanla birlikdə ümumi çəkisi 44,2 qram olmuşdur. Sonda isə yoxlamalar barəsində protokollar tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən Baş İdarənin Əməliyyat şöbəsinin əməkdaşı Şahid1 ona yaxınlaşmış və İran İslam Respublikasından gələn 76AAL560/76AAE763 nömrəli “Renault” markalı yük nəqliyyat vasitəsinin sürücüsü, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparacağını və onun da videoçəkiliş aparmaqla ona köməklik göstərməyini xahiş etmişdir. O, Novruzla razılaşmış və onlar birlikdə şəxsi yoxlama otağına getmişlər. Yoxlama başlanmazdan əvvəl Novruz sürücüdən üzərində qanunla qadağan olunmuş hər hansısa bir predmetin olub-olmadığını soruşmuş, sürücü isə cavabında qadağan olunmuş hər hansısa bir şeyinin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı heç nə aşkar edilməmişdir. Daha sonra Novruz həmin şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsini də yoxlayacağını söyləmiş və onlar birlikdə gömrük anbarına getmişlər. Yoxlama başlanmazdan əvvəl Novruz sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansısa bir predmetin olub-olmadığını soruşmuş, sürücü isə cavabında yük nəqliyyat vasitəsində qadağan olunmuş hər hansısa bir şeyinin olmadığını bildirmişdir. Novruz yük nəqliyyat vasitəsini yoxlamağa başlamış və o da yoxlamanı videoçəkiliş vasitəsilə qeydə almışdır. Yoxlama zamanı kinoloji xidmətin əməkdaşı Şahid3 tərəfindən “Barıt” ləqəbli xidməti itin tətbiqi zamanı it yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən dolaba reaksiya vermişdir. Daha sonra Novruz həmin yerə baxış keçirmiş və orada olan plastik yeşiyin içərisində dəmir xırdavatların arasında əzilmiş vəziyyətdə metal yağlama qabının içərisində gizlədilmiş halda kəskin iyli, yaşıl rəngli ot halında narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Sonra həmin kütlə çəkilmək üçün sellofan paketə tökülmüş və çəkilmişdir. Həmin kütlənin qablaşdırma ilə birlikdə çəkisinin 44,2 qram olduğu məlum olmuşdur. Yoxlamalar bitdikdən sonra isə Novruz müvafiq sənədləri hazırlamış və onlar da imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid3 oxşar ifadə verərək Şahid1 və Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi özünün səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 10 aprel 2025-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 76AAL560/76AAE763 dövlət nömrə nişanlı “Renault” markalı yük nəqliyyat vasitəsinə videoçəkliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı tətbiq edilmiş “Barıt” ləqəbli xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sol hissəsində yerləşən ehtiyyat hissələrin olduğu dolabdakı plastik yeşikdə olan xırdavatların arasından əzilmiş vəziyyətdə olan metal yağlama qabının içərisində gizlədilmiş halda kəskin iyli, yaşıl rəngli ot halında, tərəzidə çəkilmək üçün sellofan paketə töküldükdən sonra həmin sellofanla birlikdə ümumi çəkisi 44.2 qram olan narkotik vasitəyə kütlə aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli, 445 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd polietilen paketin içərisində təmiz çəkisi – 41,042 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı; l bənd; sıra nömrə 146) daxildir. Marixuana təmiz çəkisi – 41,042 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 40,992 qram. Qablaşdırma üçün istifadə edilən sellofan paketin çəkisi – 3,158 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 11 aprel 2025-ci il tarixli, 3-28-34-4/2-1015/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə sidik narko-test vasitəsilə müayinə olunmuş və AMP (ampfetamin), MET (metamfetamin), THC (tetrahidrokonnobinol) müsbət aşkar olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 28 aprel 2025-ci il tarixli, 198 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmamışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 17 aprel 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 10 aprel 2025-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli, 445 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 28 aprel 2025-ci il tarixli, 198 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə 76AAL560/76AAE763 dövlət nömrə nişanlı, “Renault” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İranda olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz yolla əldə etdiyi xeyli miqdarda - təmiz çəkisi 41,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən ehtiyat hissələrinin olduğu dolabdakı plastik yeşikdə olan xırdavatların arasında əzilmiş vəziyyətdə olan metal yağlama qabının içərisində gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və idarə etdiyi yük nəqliyyat vasitəsilə həmin tarixdə saat 11 radələrində “Culfa” gömrük postundan tranzit giriş edib qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsuslilə külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdardan (5 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və dindirilmiş şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Təqsirləndirilən şəxs əməllərindən peşman olması, əvvəllər cinayət törətməməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 10 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 40,992 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd əzilmiş vəziyyətdə olan metal yağlama qabı məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A34” markalı (İmei1: **********35992, İmei 2: **********35996) və bir ədəd “Oppo reno5 lite” markalı (İmei1: **********92573) mobil telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsna qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 40,992 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd əzilmiş vəziyyətdə olan metal yağlama qabı məhv edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci- 90 (doxsan) manat tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A34” markalı (İmei1: **********35992, İmei 2: **********35996) və bir ədəd “Oppo reno5 lite” markalı (İmei1: **********92573) mobil telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar