Məhkəmə qərarları › İş №1(089)-14/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-14/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-14/2023 07.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, Təqsirləndirilən şəxsxx.xx.1982-ci il tarixdə Türkiyə Respublikasının Adana şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası, Adana şəhəri, Ova məhəlləsi, 44002 küçəsi n17 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- barəsində Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 5,910 qram həşiş qətranı narkotik vasitəsini idarə etdiyi 67NY334/67NY335 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin üzərində olan, iç-içə keçirilmiş şəkildə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlardan birinin içərisinə qoyaraq saxlamış, İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən daşımış və 5 mart 2023-cü il tarixində, saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə özünü təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasının Adana şəhərində ailəsi ilə birlikdə yaşayır. Təxminən 20 ildir ki, yüknəqliyyat vasitələrinin sürücü işləyir. 05 mart 2023-cü il tarixədək “Kavis” firmasında sürücü işləmiş, firmaya məxsus “Mercedes-Benz” markalı, 67NY334 / 67NY335 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etmişdir. Təxminən 12 gün əvvəl Türkiyənin Kayseri şəhərindən “dəmir yonan avadanlıq” yükünü yükləmiş və İranın Culfa şəhərinə gətirmişdir. xx.xx.2023-cü il tarixdə İranın Culfa şəhərindən “dəmir” yükü yükləmiş, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Azərbaycanın Culfa gömrüyünə gəlmişdir. Culfa gömrüyündə sənədləri yazılmış, sonra gömrük məmuru tərəfindən yük nəqliyyat vasitəsi yoxlanılmışdır. Gömrük əməkdaşı nəqliyyat vasitəsi yoxlanılana qədər ondan nəqliyyat vasitəsində, üzərində bəyan etməli olduğu nəyinsə olub-olmamasını soruşmuş, yük avtomobilində və üzərində qadağan olunmuş və ya gizlətdiyi heç nəyin olmadığını bildirdmişdir. Nəqliyyat vasitəsi yoxlanılmış, yoxlanış zamanı yük nəqliyyat vasitəsinin kabinində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlardan birinin içərisinə qoyduğu “həşiş” adlandırdığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şəxsi yoxlama zamanı üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Yoxlamalar bitdikdən sonra sənədlər hazırlanmış və həmin sənədləri özü və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, təxminən beş ildir ki, hərdən həşiş qətranı narkotik vasitəsindən istifadə edir. Narkotik vasitə həşiş qətranını İranın Şot şəhərində olarkən özünün istifadə etməsi üçün almış, satmaq, başqa şəxslərə vermək məqsədi olmamışdır. Narkotik vasitəni aldıqdan sonra bir dəfə istifadə etmiş, yük nəqliyyat vasitəsinin kabinində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlardan birinin içərisinə, digər stəkanı isə narkotik vasitənin üzərinə qoymuş, gömrük nəzarətindən keçən zaman uşaqlarını düşünmüş, qorxmuş, narkotik vasitəni bəyan etməmiş, gömrük əməkdaşına təqdim etməmişdir. Əməllərindən çox peşmandır. Üç uşağının olmasını, ailədə yeganə qazanc əldə edən şəxs olmasını nəzərə almağı, ona həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun Gömrük Əməliyyatları İdarəsinin inspektoru vəzifəsində işləyir. 5 mart 2023-cü il tarixdə “Culfa” gömrük postunda növbədə olmuşdur. Saat 22:25 radələrində İran İslam Respublikasından gəlmiş Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “Polad çubuqlar” yükü aparan “Mercedes-Benz” markalı, 67NY334 / 67NY335 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücünün adını və apardığı yükün nə olduğunu soruşmuş, yükün sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücünün Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu məlum olmuş, yük və Duran Mehmedin sənədlərini eyniləşdirmişdir. Bundan sonra sürücüdən üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olubolmamasını soruşmuş, sürücü üzərində, nəqliyyat vasitəsində heç nə olmadığını və hər zaman bu yolu gedib gəldiyini bildirmişdir. Sürücü ilə biraz söhbət etmiş, sürücünün həyəcanlı olması, hərəkətləri onda müəyyən qədər şübhə yaratmış, yük nəqliyyat vasitəsini və daşıdığı yükü yoxlamaq barədə qərara gəlmiş, 2 hal şahidi, tərcüməçi dəvət etmiş, əvvəlcə yük nəqliyyat vasitəsində daşınan “Polad çubuqlar” yükünü, daha sonra nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsində daşınan “Polad çubuqlar” yükündən qadağan olunmuş heç nə aşkar edilməmişdir. Nəqliyyat vasitəsini yoxlamaq üçün kinoloji xidmətin təlimçisi Uğuru çağırmış, Uğur ona təhkim olunmuş Cesika ləqəbli xidməti itin vasitəsilə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Baxış zamanı təlimçi ona xidməti itin nəqliyyat vasitəsinin kabin hissinə, qapı əlcəklərinə xüsusi reaksiya verdiyini, sürücünün əlinin narkotik vasitəyə dəyə biləcəyi üçün itin resaksiya verdiyini bildirmişdir. Yük nəqliyyat vasitəsinin kabininə qalxmış, kabini yoxlamağa başlamışdır. Yoxlama zamanı kabində idarəetmə panelinin üzərində olan iç-içə keçirilmiş şəkildə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanları götürmüş, baxmış, stəkanların birinin içərisindən, şəffaf sellofan paketə bükülmüş halda, həşiş qətranı narkotik vasitəsinə bənzər maddə aşkar etmişdir. Sürücüdən bunun nə olduğunu, nəyə görə apardığını və nə üçün bəyan etmədiyini soruşmuş, sürücü özünün istifadəsi üçün aldığını bildirmişdir. Büküm elektron tərəzidə çəkilmiş 6.4 qram olmuşdur. Nəqliyyat vasitəsini yoxlamağı bitirdikdən sonra sürücünün üzərində şəxsi yoxlama aparmış və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş nəsə aşkar edilməmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Redmi not 11 Pro” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport götürülmüşdür. Yoxlamalar bitdikdən sonra protokollar tərtib edilmiş, protokollar sürücü Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Kəngərli rayonunun Xok kəndində ailəsi ilə birlikdə yaşayır, daimi iş yeri yoxdur. Hərdən Culfa gömrük postunda yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılmasında fəhləlik edir. 5 mart 2023-cü il tarixində “Culfa” gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 23 radələrində gömrük işçisi Budaq onu çağırmış, 67NY334/67NY335 nömrəli yük maşınına baxış keçirəcəyini bildirmiş, onun də hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Daha sonra Budaq Rafiq adl şəxsi də hal şahidi kimi, həmçinin tərcüməçini də dəvət etmişdir. Budaq Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində bəyan edilməli olan və ya qadağan olunmuş hər hansı bir predmet olub-olmamasını soruşmuş, varsa təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs isə idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gizlədilmiş və bəyan ediləsi heç nə olmadığını bildirmişdir. Budaq başqa bir gümrük əmkdaşını dəvət etmiş, nəqliyyat vasitəsinə xidməti it ilə baxmağı xahiş etmişdir. Xidməti it nəqliyyat vasitəsinin kabin hissəsinə resksiya vermiş, Budaq yük nəqliyyat vasitəsinin kabininə baxış keçirmiş, baxış zamanı kabində iç-içə olan kağız stəkanları götürmüş, baxmış, stəkanların birinin içərisindən tünd qəhvəyi rəngli, kəskin iyli maddəni aşkar edilmişdir. Büküm elektron tərəzidə çəkilmiş 6,4 qram olmüşdür. Aşkar edilmiş həmin kütlə iştirakları ilə sənədləşdirilərək götürülmüşdür. Həmçinin iştirakları ilə sürücünün üzəri yoxlanılmış, nəsə aşkar edilməmişdir. Protokollar tərtib edilmiş, tərtib edilmiş protokolları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 67NY334/67NY335 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yük nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin üzərində olan iç-içə keçirilmiş şəkildə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlardan birinin içərisindən şəffaf sellefon paketə bükülmüş halda, təxmini çəkisi 6,4 qram olan tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 254 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin üzərində olan iç-içə keçirilmiş kağız stəkanlardan birinin içərisindən şəffaf sellofan paketə bükülmüş halda, bükümlə birlikdə çəkisi 6.4 qram, təmiz çəkisi 5,910 qram olan yaşılımtıl-qəhvəyi rəngli, qətranabənzər formada, bitki mənşəli kütlə, narkoyik tərkibli çətənə (kannabis) bitkidsindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Həşiş qətranı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na daxildir (İ siyahı, İ bənd , sıra №56). Həşiş qətranının xalis çəkisi -5,910 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq -5,890 qramdır. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə narkaloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 56 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Konnobinoid narkomaniyası aşkar olunur, məcburi müalicəyə ehtiyacı var Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 05 mart 2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli 254 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-ci il tarixli, 56 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 5,910 qram narkotik vasitə həşiş qətranını idarə etdiyi 67NY334/67NY335 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin üzərində olan iç-içə keçirilmiş şəkildə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlardan birinin içərisinə qoyaraq saxlamış, İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən daşımış və 5 mart 2023-cü il tarixində saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə yekun qərar çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu da rəhbər tutur və narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına verdiyi izahları baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddaələrin və onların perekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8) hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İİ iyahısına görə psixotrop maddə olan həşiş qətranı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,4 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməllərindən çox peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu andan, 6 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Konnobinoid narkomaniyası aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tətyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanc otağında saxlanılan 5.890 qram həşiş qətranı narkotik vasitəsi müsadirə edilməli və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Redmi not 11 Pro “ markalı (İMEİ 1: **********96582; İME2:**********96590) mobil telefon Təqsirləndirilən şəxs qaytarılması, Culfa rayon Məhkəməsində saxlanılan U******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin, o, əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 5.890 qram həşiş qətranı narkotik vasitəsi müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi not 11 Pro “ markalı (İMEİ 1: **********96582; İME2:**********96590) mobil telefon Təqsirləndirilən şəxs qaytarılması, Culfa rayon Məhkəməsində saxlanılan U******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar