Məhkəmə qərarları › İş №1(089)-14/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-14/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-14/2024 15.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxx 1971-ci il tarixdə Şərur rayon Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Şərur rayon Yaycı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Mehdiabad qəsəbəsi, Neftçilər məhəlləsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 77GF692/99ZC379 dövlət qeydiyyat nişanlı “X4” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından taranzit keçərək Bakıdan Naxçıvana gələrkən İran İslam Respublikasından istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 53,043 qram narkotik vasitə qurudulmuş marixuananı 1 bükümdə qara rəngli yapışqan bandla sarımış şəkildə yük nəqliyyat vasitəsinin sürücü kabinəsində idarəetmə panelindəki plastik qapağın arxasında, elektrik naqillərinin arasında gömrük sərhədindən, gömrük nəzarətindən gizlətməklə qəsdən saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 11 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Şərur rayonunun Yaycı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Mehdiabad qəsəbəsi, Neftçilər məhəlləsində yaşayır. Təxminən 32-33 il olar ki, yük nəqliyyat vasitəsinin sürücüsü işləyir. Hadisəyə qədər etibarnamə əsasında 77GF692/99ZC379 dövlət qeydiyyat nişanlı “X5” markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. Xarici ölkələrə və Naxçıvan-Bakı-Naxçıvan xəttində yük daşımalarını həyata keçirir. Bakıdan yüklədiyi 1 ədəd “Kia Sorento” markalı nəqliyyat vasitəsini və qarışıq ev yükünü Naxçıvana gətirmək üçün xx.xx.2024-cü il tarixində Bakı şəhərindən yola düşmüş və həmin tarixdə İrana keçmişdir. Parsabadın çıxışında olan yeməkxanada dayanaraq yemək yemişdir. Yeməkxanadan çıxan zaman nəqliyyat vasitəsinin yanında bir nəfərin olduğunu görmüş, nəqliyyat vasitəsinə yaxınlaşmış, adını bilmədiyi iranlı ondan arağının olub-olmadığını soruşmuş, o da olmadığını bildirmişdir. Sonra həmin şəxs ona “ot var, istəyirsənsə verim” demiş, o da istədiyini bildirmişdir. Həmin iranlı ona qara sellofan torbanın içərisində miqdarını bilmədiyi ot halında narkotik vermişdir. Ondan İrana gələrkən onun üçün 1 ədəd araq aparmağını istəmişdir. Narkotiki aldıqdan sonra qara rəngli yapışqan bandla sarımış və idarə etdiyi nəqliyyat vasitəsinin sürücü kabinəsində idarəetmə panelində olan qapağın arxasındakı naqillər olan boşluqda gizlətmişdir. Yoluna davam etmiş və xx.xx.2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının “Culfa” gömrük postuna çatmışdır. Sənəd işlərini gördükdən sonra gömrük əməkdaşı ona yaxınlaşmış və nəqliyyat vasitəsini yoxlayacağını bildirmiş, anbara sürməsini tələb etmişdir. Yoxlamadan əvvəl ondan üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş və ya gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşmuş, o da qadağan olunmuş heç nəyinin olmadığını bildirmişdir. İlkin olaraq idarə etdiyi yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Xidməti itin sürücü kabinəsində idarəetmə panelinə reaksiya verdiyini bildirmişlər. Gömrük əməkdaşı onunla birgə nəqliyyat vasitəsinin kabininə qalxmış və itin reaksiya verdiyi yerə baxış keçirmiş, orada gizlətdiyi narkotik vasitə aşkar edilmişdir. Həmin büküm onun yanında tərəzidə çəkilmiş və çəkisinin 75.3 qram olduğunu görmüşdür. Narkotik vasitəni onun yanında qablaşdırıb götürmüşlər. Sonra gömrük əməkdaşı üzərində yoxlama aparacağını bildirmiş və onu bir otağa aparmış, tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə üzəri yoxlanılmış, lakin nəsə aşkar edilməmişdir. Əməllərindən çox peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-ci il tarixində Culfa gömrük postunda xidmətdə olarkən qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında Bakıdan Naxçıvana yük gətirən Təqsirləndirilən şəxs idarə etdiyi 77GF692/99ZC379 dövlət qeydiyyat nişanlı “X5” markalı yük nəqliyyat vasitəsi postun ərazisinə daxil olduqdan sonra həmin nəqliyyat vasitəsini yoxlamaq üçün sürücüyə yaxınlaşmış və nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmişdir. Yoxlamanı anbarda aparacağı üçün sürücüdən nəqliyyat vasitəsini anbara sürməsini tələb etmişdir. Nəqliyyat vasitəsini yoxlamazdan öncə sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya gizlətdiyi hər hansı predmetin olub-olmadığını soruşmuş, o da qadağan olunmuş və ya gizlətdiyi heçnə olmadığını bildirmişdir. Sonra o instruktur kinoloq Şahid3 iştirakı ilə Culfa gömrük postunun baş inspektoru Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Əvvəlcə kinoloji xidmət itinin tətbiq edilməsilə yük nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Xidməti it nəqliyyat vasitəsinin sürücü kabinəsində idarəetmə panelinə reaksiya vermişdir. Bundan sonra sürücü ilə birlikdə nəqliyyat vasitəsinə daxil olmuş, itin reaksiya verdiyi yerə baxış keçirmiş və baxış zamanı sürücü kabinəsində idarəetmə panelindəki plastik qapağın arxasında, elektrik naqillərinin arasında gizlədilmiş şəkildə qara rəngli yapışqan bandla sarılmış kəskin iyli narkotik vasitəyə bənzər kütləni aşkar etmişdir. Sonra o həmin narkotik vasitəyə bənzər kütləni sürücünün yanında elektron tərəzidə çəkmiş və çəkisinin 75.3 qram olduğunu görmüşlər. Daha sonra nəqliyyat vasitəsinə və daşınan yükə ətraflı baxış keçirilməsi məqsədilə X-Ray rentgen qurğusuna göndərmiş və nəqliyyat vasitəsi tam şəkildə yoxlanılmış, lakin yoxlama zamanı heçnə aşkar edilməmişdir. Daha sonra sürücünün üzərində qadağan olunmuş predmet olması ehtimalını nəzərə alaraq onun üzərini yoxlamaq qərarına gəlmiş və iki nəfər hal şahidinin iştirakı ilə onun üzərini yoxlamış, lakin yoxlama zamanı sürücünün üzərindən qadağan olunmuş nəsə aşkar etməmişdir. Sonda yoxlamalar barədə protokollar tərtib edilmiş və protokolları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hazırda “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin, Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu vəzifəsində çalışır. Gündəlik iş fəaliyyəti ona təhkim olunmuş “Lesi” ləqəbli xidməti itlə şübhəli yükləri, nəqliyyat vasitələrini və baqajları yoxlamaqdan ibarətdir. 11 iyul 2024-cü il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olmuşdur. Saat təxminən 11 radələrində gömrük əməkdaşı Şahid1 ona yaxınlaşmış və İran İslam Respublikasından ölkəyə gələn Azərbaycan Respublikasına məxsus yük nəqliyyat vasitəsini yoxlayacağını və onun da həmin yük nəqliyyat vasitəsinə xidməti iti tətbiq etməyini istəmişdir. Onlar birlikdə həmin yük nəqliyyat vasitəsini yoxlamaq üçün anbara aparmışlar. Sonra Samiq müəllim Vahid adlı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin yük nəqliyyat vasitəsini yoxlayacağı barədə sürücüyə və iştirakçılara məlumat vermiş, daha sonra sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş və ya gizlədilmiş hər hansı predmet olub-olmadığını soruşmuş, sürücü isə şəxsi istifadəsi üçün gətirdiyi ərzaq və yuyucu vasitədən başqa heçnəyinin olmadığını bildirmişdir. Sonra “Lesi” ləqəbli xidməti it vasitəsilə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən alətlər panelinə reaksiya vermişdir. Bundan sonra Samiq müəllim itin reaksiya verdiyi həmin yerlərə əsaslı yoxlama keçirmiş və alətlər panelinin içindəki elektrik naqillərinin arasında gizlədilmiş qara rəngli yapışqan bandla sarılmış 1 ədəd bükümdə kəskin iyli narkotik vasitəyə bənzər kütləni aşkar etmişdir. Sonda yoxlama barədə protokol tərtib edilmiş və iştirakçılarla birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 11 iyul 2024-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 77GF692/99ZC379 dövlət qeydiyyat nişanlı “X4” markalı yük nəqliyyat vasitəsinə videoçəkliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin sürücü kabinesində idarəetmə panelindəki plastik qapağın arxasında elektrik naqillərinin arasında gizlədilmiş şəkildə qara rəngli yapışqan bandla sarılmış şəkildə ot halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 75.3 qram olması müəyyən olunmuşur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 779 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 1 ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış qara rəngli sellofan bükümdə təmiz çəkisi-53,043 qram olan tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı;l bənd; sıra 146) daxildir. Marixuana narkotik vasitəsinin təmiz çəkisi 53.043 qram, tədqiqata sərf edildi 0.04 qram, qalıq 53.003 qram Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 23 iyul 2024-cü il tarixli, 264 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Konnobinoid narkomaniyası. Epizodik qəbul” narkomaniyasından əziyyət çəkir, məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 15 iyul 2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 11 iyul 2024-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 779 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 23 iyul 2024-cü il tarixli, 264 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 77GF692/99ZC379 dövlət qeydiyyat nişanlı “X5” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından tranzit keçərək Bakıdan Naxçıvana gələrkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 53,043 qram narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi nəqliyyat vasitəsinin kabinində yerləşən idarəetmə panelindəki plastik qapağın arxasında elektrik naqillərinin arasında gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə qəsdən saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 11 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsuslilə külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan qurudulmuş marixuananın xeyli miqdardan (5 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və dindirilmiş şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, peşiman olmasını, əvvəllər cinayət törətməməsini cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. İş materiallarına əlavə edilmiş 11 iyul 2024-cü il tarixli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə, saat 19:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2024-cü il tarixli, 4(078)-39/2024 nömrəli qərarından müəyyən olunur ki, V.Abbasovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 11 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə V.Abbasova təyinə edilmiş azadlıqdan məhrumetmə cəzasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, V.Abbasov 11 iyul 2024-cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulduğundan, təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxil olduğundan, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəsasının çəkilməsi müddəti 11 iyul 2024-cü il tarixdə saat 19:10-dan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən ev dustaqlığı tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci, 90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 53,003 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd Galaxy “A20” markalı (İmei1: **********71409, İmei 2: **********71407) , bir ədəd “İphone 13” markalı (İmei: **********08275) mobil telefonlar, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C03994274 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 53,003 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. İş üzrə ekspertiza xərci 90 manat məbləğində pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd Galaxy “A20” markalı (İmei1: **********71409, İmei 2: **********71407), bir ədəd “İphone 13” markalı (İmei: **********08275) mobil telefonlar, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C03994274 nömrəli xarici pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar