Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-15/2024 25.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, X4- xx xxxx 2003-cü il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs X7 06 iyun 2024-cü il tarixində Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 99MZ829 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusla İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə ölkəyə giriş etmiş, İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən müəyyən miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək bir qismini İran İslam Respublikasında olarkən istifadə etmiş, qalan ümumi təmiz çəkisi 1,842 qram olan, xeyli miqdarda metamfetaminin 1,790 qramını şəffaf sellofana bükməklə əyninə geyindiyi tünd göy rəngli alt paltarının içərisində, 0,052 qramını isə ağ kağız parçasına və sellofan kəsiyinə bükərək özünə məxsus olan əl çantasındakı şalvarın arxa cibinə qoyaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Əyninə geyinmiş olduğu tünd göy rəngli alt paltarının içərisində gizlətdiyi 1,790 qram metamfetamin “Culfa” gömrük postunda şəxsi yoxlama zamanı, əl çantasındakı şalvarın arxa cibinə qoyduğu 0,052 qram metamfetamin isə təqsirləndirilən şəxs qismində Penitensiar Xidmətin İstintaq Təcridxanasına qəbul edilərkən aşkar olunaraq götürülmüşdür. Beləliklə, X7 ümumi təmiz çəkisi 1,842 qram metamfetamini gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə qəsdən saxlamış, Azərbaycan Respublikası ərazisinə daşımış və qeyd olunan tarixdə sərnişin qismində “Culfa” gömrük postundan, gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа X7 Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Şərur rayonunda yaşayan bacısıgilə getmək üçün Bakı Avtovağzal kompleksindən Bakı-Naxçıvan istiqamətində gedən avtobusla yola düşmüş, həmin tarixdə də İran ərazisinə keçmişdir. İranın Biləsuvar gömrüyünü keçdikdən sonra daha əvvəllər də narkotik aldığı Mehdi adlı İranlı şəxsi oradakı kiçik mağazadan soruşmuş, orada olan şəxslərdən biri ona Mehdinin orada olmadığını, nə lazımdırsa onların təşkil edə biləcəyini demişdir. O da həmin şəxsə özünə 20-30 manatlıq şüşə və ya patı adlanan narkotik vasitə lazım olduğunu bildirmiş, həmin adam da başqa birinə zəng vurmuş, o da həmin narkotik vasitəni gətirmiş və ondan qarşılığında 40 manat almışdır. Aldığı şüşə adlı narkotikin bir qismini İran ərazisində istifadə etmiş, qalanını alt paltarında, yəni tumanında gizlədərək yola düşmüş, həmin gün səhər saatlarında “Culfa” gömrük postuna gəlmiş, digər sərnişinlərlə bərabər avtobusdan düşüb gömrük binasına girmişdir. Orada gömrük əməkdaşı onun üzərində yoxlama edəcəyini və ondan üzərində qadağan olunmuş hər hansı bir predmetin olub-olmadığını soruşmuş, o da bəyan etdiyi 0.5 kq ərzaqdan başqa qadağan olunmuş hər hansı bir əşyasının olmadığını bildirmişdir. Daha sonra onu şəxsi yoxlama otağına aparmış, iki hal şahidinin iştirakı ilə üzərini yoxlamış, yoxlama zamanı əyninə geyindiyi göy rəngli alt paltarının içərisində gizlətmiş olduğu psixotrop maddəni götürmüş, tərəzidə çəkmiş və çəkisi 2.1 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddəni və psixotrop maddə qəbul etmək üçün istifadə etdiyi 1 ədəd ətir qabı adlandırdığı şüşə borunu ondan götürmüşlər. Daha sonra müvafiq sənədlər tərtib olunmuş və imzalanmışdır. İstintaqa verdiyi ilk ifadəsində həmin narkotik vasitəni Elməddin adlı şəxsə gətirdiyini bildirsə də bu həqiqət deyildi. Elməddin və İbrahimlə tanışlıq münasibəti olmuş, bir neçə aydır ki, Elməddini, Elməddin vasitəsilə də İbrahimi tanıyır. Həmin şəxslərin yanında narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş və qəbul etməyini onlar bilməmişlər. Bilet almağa pulu olmadığından Elməddindən borc pul istəmiş, Elməddin də onun bank kartına 30 manat pul göndərmişdir. İstintaqa verdiyi ifadəsində psixotrop maddənin təsiri altında olduğu üçün metamfetamini Elməddin və İbrahimə gətirdiyini bildirmiş, həmçinin onların adını verərsə, onu məsuliyyətdən azad edərlər deyə düşünmüşdür. X7 ifadəsində onu da bildirmişdir ki, 0,052 qram metamfetamini İstintaq Təcridxanasına keçirmək niyyəti olmamış, gömrük postundan gizli keçirə bilməsi üçün İrandan aldığı metamfetaminin bir hissəsini də əl çantasındakı şalvarının arxa cibinə qoymuş, İstintaq Təcridxanasına qəbul edilərkən psixotrop maddənin təsiri altında olduğundan hərəkətlərini tam dərk etməmiş, buna görə də həmin metamfetamin yadından çıxmış və əl çantasındakı şalvarının arxa cibində qalmışdır. Əməllərindən çox peşmandır, məhkəmədən gənc olmasını, valideynlərinin əlil olmasını nəzərə almağı, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda sərnişin giriş istiqamətində xidmətdə olmuşdur. Təxminən saat 09 radələrində Bakı-Naxçıvan marşrutu ilə gələn sərnişinlərdən X4 üzərinə daxil olmuş əməliyyat məlumatı əsasında “Culfa” gömrük postunun inzibati binasında yerləşən şəxsi yoxlama otağında iki hal şahidinin iştirakı ilə şəxsi yoxlama keçirmiş, yoxlamağa başlamazdan əvvəl Nurlan Əliyevdən üzərində qanunla qadağan olunmuş hər hansı bir predmetin olub-olmadığını soruşmuş, Nurlan Əliyev isə cavabında bəyan etdiyi 0.5 kq ərzaqdan başqa qadağan olunmuş bir şeyin olmadığını bildirmişdir. Daha sonra dəvət etdiyi iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlamağa başlamış, yoxlama zamanı X4 əynindəki tünd göy rəngli alt paltarının içində gizlədilmiş 1 ədəd şəffaf sellofan bükümdə, qablaşdırma ilə birlikdə ümumi çəkisi 2.1 qram olan duz kristalı halında psixotrop maddəyə bənzər kütlə və 1 ədəd psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulan şüşə borunu aşkar etmiş və qablaşdırıb götürmüşdür. Sonda yoxlama barədə protokol tərtib edilmiş və protokolu imzalamışlar. Şahid1 ifadəsində onu da bildirmişdir ki, şəxsi yoxlama zamanı N.Əliyevə aid olan selefon torbanın içərində olan paltarlara da baxmış, lakin ona məxsus olan şalvarın cibindən psixotrop maddə olan büküm aşkar etməmişdir. Hesab edir ki, paltarları səthi olaraq yoxladığından şalvarın cibində gizlədilmiş metamfetamin psixotrop maddəsini aşkar edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 06 iyun 2024-cü il tarixində “Culfa” gömrüyündə yük boşaldarkən Domrul adlı gömrük işçisi ona və fəhlə yoldaşı Naibə yaxınlaşaraq avtobusla gələn bir nəfər sərnişinin üzərində yoxlama aparacağını və onların da həmin yoxlamada hal şahidi olaraq iştirak etmələrini xahiş etmiş, onlar da Şahid1 bu təklifini könüllü olaraq qəbul etmiş və Domrulla birlikdə yoxlama aparılacaq şəxsi yoxlama otağına getmişlər. Şahid1 ilkin olaraq yoxlanılacaq şəxsi onlara təqdim etmiş, onu tanıyıb-tanımadıqlarını soruşmuş, onlar da tanımadıqlarını bildirmişlər. Daha sonra Şahid1 Nurlan adlı şəxsdən üzərində qadağan olunmuş hər hansı predmet olub-olmadığını soruşmuş və həmin şəxs üzərində qadağan olunmuş heç nəyinin olmadığını bildirmişdir. Sonra gömrük əməkdaşı Şahid1 onların iştirakı ilə şəxsin üzərini yoxlamağa başlamış və yoxlama zamanı Nurlanın əyninə geyindiyi alt tumanının içərisindən 2.1 qram duz halında maddə və bir ədəd şüşə boru aşkarlamışdır. Sonda yoxlama barədə müvafiq sənədlər tərtib edilmiş və onlar da imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında xx.xx.2024-cü il saat 09:00-dan 2 nömrəli növbə üzrə böyük nəzarətçi kimi xidməti qəbul etmiş, növbədə olduğu müddətdə təxminən saat 10 radələrində barəsində həbs qətimkan tədbiri seçilmiş X7 həbsdə saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 əməkdaşları tərəfindən İstintaq Təcridxanasına təhvil verilmişdir. Qanunvericiliyə uyğun olaraq Nurlan Əliyevin üzərinə və şəxsi əşyalarına keçiriləcək baxışda iştirak etmələrini məhkumlar Şahid5 və Şahid7 xahiş etmiş, onlar da qəbul etmişlər. Bundan sonra Nurlan Əliyevin şəxsi əşyalarına baxış keçirməyə başlamış, Nurlan Əliyevə məxsus əl çantasındakı cins şalvarın arxa cibində şəffaf sellofona bükülmüş kütlə aşkar etmiş, həmin kütləni qablaşdıraraq götürmüş və rəisin növbətçi köməkçisi Şahid6 təhvil vermişdir. Bundan sonra müvafiq sənədlər hazırlanmış və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X4 yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. X7 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 06 iyun 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, şəxsi yoxlama zamanı X4 əynindəki tünd göy rəngli alt paltarının içində gizlədilmiş 1 ədəd şəffaf sellefon bükümdə, qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,1 qram olan duz kristalı halında psixotrop maddəyə bənzər kütlə və 1 ədəd psixotrop maddə istifadə etmək üçün şüşə boru aşkar edilmişdir. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 617 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən, Azərbaycan Respublikasının vətəndaşı X4 üzərindən aşkar olunaraq götürülmüş, -01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi -1,790 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı, İİ bənd, sıra №27) daxildir. Metamfetamin narkotik vasitəsinin təmiz çəkisi -1,790 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 1,760 qram. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli, 633 nömrəli ekspert arayışında qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Hal şahidləri 1 həbs edilmiş şəxs Şahid7 imza; 2 həbs edilmiş şəxs Şahid5 imza; Tərtib etdi: ədliyyə mayoru Sadıqov Qılman imza xx.xx.2024-cü il saat 1230 Həbs olunmuş şəxs: X9 o imza” əlyazmalar olan və “Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanası” dairəvi möhür əksi ilə 5 yerdən nişanlanmış bir ədəd kağız zərfin içərisindəki, ağ kağız parçasına bükülmüş halda 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,052 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı, İİ bənd, sıra №27) daxil olan – metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0,052 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,032 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3881 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Zərflər üçün” dairəvi möhür əksləri olan paketdə qablaşdırılmış, üzərində “Həbs edilmiş şəxs: X9 o. (imza)” yazıları olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə qalıq təmiz çəkisi 0,032 qram ağ rəngli kristallık maddə və DGK-nə məxsus paketin içərisində 1 ədəd bükümdə qalıq təmiz çəkisi 1,760 qram ağ rəngli kristallıq maddə kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (Siyahı İ). 1 №-li oby. üzrə metamfetaminin təmiz çəkisi -1,760 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 1,740 qram. 2 №-li oby. üzrə metamfetaminin təmiz çəkisi 0,032 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,012 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 02 iyul 2024-cü il tarixli, 236 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, X7 “Metamfetamin” narkomaniyasından əziyyət çəkir, məcburi müalicəyə ehtiyacı vardır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 19 sentyabr 2024-cü il tarixli tələbnamədə X4 məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 06 iyun 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 617 nömrəli ekspert rəyini və 08 iyun 2024-cü il tarixli, 633 nömrəli ekspert arayışını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3881 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 02 iyul 2024-cü il tarixli, 236 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, X7 06 iyun 2024-cü il tarixində Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 99MZ829 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusla İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə ölkəyə giriş etmiş, İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən müəyyən miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək bir qismini İran İslam Respublikasında olarkən istifadə etmiş, qalan ümumi təmiz çəkisi 1,842 qram, xeyli miqdarda metamfetaminin 1,790 qramını şəffaf sellofana bükməklə əyninə geyindiyi tünd göy rəngli alt paltarının içərisində, 0,052 qramını isə ağ kağız parçasına və sellofan kəsiyinə bükərək özünə məxsus olan əl çantasındakı şalvarın arxa cibinə qoyaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Əyninə geyinmiş olduğu tünd göy rəngli alt paltarının içərisində gizlətdiyi 1,790 qram metamfetamin “Culfa” gömrük postunda şəxsi yoxlama zamanı, əl çantasındakı şalvarın arxa cibinə qoyduğu 0,052 qram metamfetamin isə təqsirləndirilən şəxs qismində Penitensiar Xidmətin İstintaq Təcridxanasına qəbul edilərkən aşkar olunaraq götürülmüşdür. Beləliklə, X7 ümumi təmiz çəkisi 1,842 qram metamfetamini gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə qəsdən saxlamış, Azərbaycan Respublikası ərazisinə daşımış və qeyd olunan tarixdə sərnişin qismində “Culfa” gömrük postundan həmin psixotrop maddəni gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsuslilə külli miqdarına görə siyahıları” üzrə İl siyahısına görə psixotrop maddə olan metamfetaminin xeyli miqdardan (0,5 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və dindirilmiş şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə tərəfindən N.Əliyevin törətdiyi cinayət əməllərini etiraf etməsi, peşiman olması, əvvəllər cinayət törətməməsi, valideyinlərinin əlil olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan X4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, X4 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də X5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X5 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 təyin edilmiş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. X7 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 06 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X4 barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, N.Əliyevdə metamfetamin narkomaniyası xəstəliyi aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 617 nömrəli məhkəmə fizikikimyəvi ekspertizası üzrə 90 manat, 633 nömrəli, 10 iyun 2024-cü il tarixli məhkəmə fizikikimyəvi ekspertizası üzrə 45 manat, 850 nömrəli, 06 avqust 2024-cü il tarixli “komputertexniki ekspertizası” üzrə 60 manat X3 alınıb Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/3881 nömrəli, 02 avqust 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 80 manat X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1,752 qram metamfetamin psixotrop maddəsi və 1 ədəd şüşə kolba məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan X5 məxsus olan bir ədəd “Huawei P smart 2021” markalı (İmei1: **********59583, İmei 2: **********59580) mobil telefon, 1 ədəd **********983372 nömrəli plastik bank kartı, 1 ədəd tünd göy rəngli alt paltarı, Culfa rayon Məhkəməsində olan, X5 məxsus C03793413 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X4 barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir olan narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1,752 qram metamfetamin psixotrop maddəsi və 1 ədəd şüşə kolba məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza xərci- Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 617 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 90 manat, 633 nömrəli, 10 iyun 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 45 manat, 850 nömrəli, 06 avqust 2024-cü il tarixli “komputer-texniki ekspertizası” üzrə 60 manat X3 alınıb Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/3881 nömrəli, 02 avqust 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 80 manat X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan X5 məxsus olan bir ədəd “Huawei P smart 2021” markalı (İmei1: **********59583, İmei 2: **********59580) mobil telefon, 1 ədəd **********983372 nömrəli plastik bank kartı, 1 ədəd tünd göy rəngli alt paltarı, Culfa rayon Məhkəməsində olan, X5 məxsus C03793413 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. X5 hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum X5 hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-15/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-15/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver