Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-18/2025 15.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxxx 1988ci il tarixdə Zəngilan rayonu, Şayıflı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, sürücü işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, Poladtökmənin inzibati binasında Zəngilan rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 3 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 77BF323/99ZJ223 dövlət qeydiyyat nişanlı “DAF XF 460 FT” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından tranzit keçməklə Bakı şəhərindən Naxçıvan MR-ə gələrkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 9 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,261 qram; -0,201 qram; -0,690 qram; -0,651 qram; -0,711 qram; -0,290 qram; -0,241 qram; -0,611 qram; -0,660 qram olmaqla ümumi təmiz çəkisi – 4,316 qram narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelinin qarşısındakı qara rəngli plastik kül qabının içərisində gizlətmiş, həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 10 radələrində ölkə ərazisinə giriş edərkən narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, təxminən 6 ildən artıq müddətdir ki, tır sürücüsü kimi işləmiş, tutulana qədər “MM Lojistik” şirkətinə məxsus olan 77BF323/99ZJ223 dövlət qeydiyyat nişanlı “Daf” markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. May ayının 27-də Bakı şəhərindən çıxaraq, Biləsuvar şəhərinə doğru yola düşmüş, ayın 27-i axşam saatlarında Biləsuvar şəhərinə çatmış, gecəni idarə etdiyi yük nəqliyyat vasitəsində yatmış, ayın 28-i günorta saatlarında “arpa” yükünü yükləyib təhvil vermək üçün Naxçıvana yola düşmüşdür. 02 iyun 2025-ci il tarixdə İranın Culfa şəhərində tır parkında növbə gözləyərkən İran nömrəli ağ rəngli bir “Azsamand” markalı minik nəqliyyat vasitəsi ilə tanımadığı bir nəfər iranlı parka gəlmiş, qeyd etdiyi həmin iranlı ona yaxınlaşmış və onunla söhbət etməyə başlamışdır. İranlı şəxs ondan sürücü olub-olmadığını soruşmuş, daha sonra söhbət zamanı iranlı ona narkotik vasitə istifadə edib-etmədiyini və ona narkotik sata biləcəyini demişdir. O, iranlıdan həmin maddənin qiymətini soruşmuş, iranlı isə təxminən 5-6 qram “nəşə”ni 10 manata sata biləcəyini demişdir. O, iranlı ilə razılaşmış və həmin şəxs getmiş, təxminən 15-20 dəqiqə sonra şəffaf rəngli bir bükümdə ona “nəşə” adlı narkotik vasitə olan otdan gətirmiş, “Azsamand” markalı həmin avtomobilin içərisində 10 manat aldıqdan sonra maddəni ona vermişdir. İranlının maşınında ona verdiyi bükümlərdən birini həmin iranlı şəxslə birlikdə istifadə etmiş, qalan hissəsini isə yük nəqliyyat vasitəsinin kabinin içərisində olan kül qabının içində gizlətmişdir. 03 iyun 2025-ci il tarixdə səhər saatlarında o, Culfa gömrüyü vasitəsilə İrandan Naxçıvana keçmiş, gömrük yoxlaması zamanı gömrük əməkdaşı ona yaxınlaşmış və ilk əvvəl videoçəkiliş aparılmaqla üzərini yoxlamışlar. Üzərindən qadağan olunmuş heçnə aşkar edilməmişdir. Daha sonra gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlayacağını bildirmiş, yoxlamağa başlamazdan əvvəl gömrük əməkdaşı ondan idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı predmetin olub-olmadığını soruşmuş, o da nəqliyyat vasitəsində bir qədər qarışıq ərzaq və şəxsi istifadəsi üçün olan siqaretdən başqa qanunla qadağan olunmuş bir şeyin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış və nəqliyyat vasitəsinin kabin hissəsində olan kül qabının içərisində gizlətdiyi “nəşə”ni tapmışdır. Sonda gömrük əməkdaşı tərəfindən sənədlər yazılmış və o da imzalamışdır. Nəqliyyat vasitəsindən aşkar olunaraq götürülən narkotik vasitə özünə məxsus olmuş, İranda tır parkında olarkən adını bilmədiyi iranlıdan almış və özü istifadə etmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 03 iyun 2025-ci il tarixdə iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən İran İslam Respublikasından ölkə ərazisinə gələn Azərbaycan Respublikasına məxsus 77BF323//99ZJ223 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi müayinə postuna yaxınlaşmış, o sürücü ilə biraz şifahi söhbət aparmışdır. Söhbət zamanı həmin yük nəqliyyat vasitəsinin sürücüsü olan Təqsirləndirilən şəxs hərəkət və davranışları onda şübhə yaratdığı üçün həmin şəxsin üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş, yoxlama üçün müvafiq icazələri aldıqdan sonra o, yoxlamada iştirak etməsi və aparılan yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün həmin gün onunla birlikdə növbədə olan gömrük əməkdaşı Şahid2 dəvət etmişdir. Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla keçirdiyi şəxsi yoxlama zamanı şəxsin üzərindən qadağan olunmuş hər hansı predmet aşkar etməmiş, daha sonra o şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelinin qarşısındakı narıncı rəngli qapağı olan qara rəngli plastik kül qabının içərisindən şəffaf sellofan paketdən ümumilikdə çəkisi 10.9 qram olan narkotik vasitəyə bənzər kütlələr aşkar etmiş və onları ayrı-ayrılıqda elektron tərəzidə çəkmişdir. Sonda isə yoxlama barədə protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 03 iyun 2025-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 77BF323/99ZJ223 dövlət qeydiyyat nişanlı, “DAF XF 460 FT” markalı yük nəqliyyat vasitəsinə videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelinin qarşısındakı narıncı rəngli qapağı olan qara rəngli plastik kül qabının içərisindən ümumilikdə çəkisi 10.0 qram olan bir ədəd şəffaf sellofan bükümün içərisində ayrı-ayrılıqda 9 ədəd səffaf sellofan bükümlərdə qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri 1-ci büküm 0.7 qram, 2-ci büküm 0.7 qram, 3-cü büküm 0.7 qram, 4-cü büküm 1 qram, 5-ci büküm 1 qram, 6-cı büküm 1 qram, 7-ci büküm 1 qram, 8-ci büküm 0.5 qram və 9-cü büküm 1 qram olan yaşıl rəngli ot halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2025-ci il tarixli, 615 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümün içərisində 09 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,261 qram; - 0,201 qram; - 0,690 qram; - 0,651 qram; - 0,711 qram; - 0,290 qram; - 0,241 qram; - 0,611 qram; - 0,660 qram olmaqla ümumi təmiz çəkisi – 4,316 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı, İ bənd, sıra №146) daxildir. Marixuana narkotik vasitəsinin təmiz çəkisi - 4,316 qram, tədqiqata sərf edildi 0,09 qram, qalıq 4,226 qram, qablaşdırma üçün istifadə edilən sellofan paketlərin ümumi çəkisi- 6,584 qramdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 təqdim olunmuş 19 iyun 2025-ci il tarixli, 293 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-34-4/2-1487/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə sidik narko-test vasitəsi ilə müayinə olunmuş və AMP (ampfetamin), MET (metamfetamin) müsbət aşkar olunmuşdur. 12 iyun 2025-ci il tarixli “maddi sübutun tanınması və saxlanca qəbul edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş ümumi təmiz çəkisi 4.316 qram narkotik vasitə olan qurudulmuş marixuana və həmin narkotik vasitənin gizlədildiyi 1 ədəd qara rəngli kül qabı cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 4,226 qram qurudulmuş marixuana və 1 ədəd qara rəngli kül qabının məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması qərara alınmışdır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİŞ-nə göndərilmiş 10 iyun 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmadığı qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Binəqədi RİH başçısının Biləcəri qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi RİH başçısının Biləcəri qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Zəngilan rayonundan məcburi köçkün kimi Poladtökmənin inzibati binasında yaşayır. Ailə üzvləri atası X5, anası X3, həyat yoldaşı Həsənova Gülmira, qızı X6, oğlu X4 ibarət tərkibdədir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 03 iyun 2025-ci il tarixdə tərtib edilmiş “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2025-ci il tarixli, 615 nömrəli nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 təqdim olunmuş 19 iyun 2025-ci il tarixli, 293 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 77BF323/99ZJ223 dövlət qeydiyyat nişanlı “DAF XF 460 FT” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından tranzit keçməklə Bakı şəhərindən Naxçıvan MR-ə gələrkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 9 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,261 qram; -0,201 qram; -0,690 qram; -0,651 qram; -0,711 qram; -0,290 qram; -0,241 qram; -0,611 qram; -0,660 qram olmaqla ümumi təmiz çəkisi – 4,316 qram narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelinin qarşısındakı qara rəngli plastik kül qabının içərisində gizlətmiş, həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 10 radələrində ölkə ərazisinə giriş edərkən narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. “Marixuana” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr siyahısı”na daxildir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” narkotik maddə olan marixuananın şəxsi istehlak miqdarından xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlusilah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı maddəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza-sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayəthüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşağının olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-42/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci qismində - 04 iyun 2025-ci il tarixli, 615 nömrəli materialların məhkəmə ekspertizası üzrə 90 manat məbləğində pul vəsaiti Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatından sonra, təmiz çəkisi 4,226 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 14” markalı mobil telefon, 1 ədəd qara rəngli kül qabı və Culfa Rayon Məhkəməsində olan Təqsirləndirilən şəxs məxsus C03362870 nömrəli pasport hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinda nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 1 il 6 ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 1 il 6 ay sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İcrası Binəqədi rayon Polis İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci- 04 iyun 2025-ci il tarixli, 615 nömrəli materialların məhkəmə ekspertizası üzrə 90 manat məbləğində pul vəsaiti tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatından sonra, təmiz çəkisi 4,226 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan 1 ədəd qara rəngli kül qabı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 14” markalı mobil telefon və Culfa Rayon Məhkəməsində olan Təqsirləndirilən şəxs məxsus C03362870 nömrəli pasport hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi- Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(089)-18/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-18/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver