Məhkəmə qərarları › İş №1(089)-2/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-2/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-2/2023 03.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müseyib oğlu, Təqsirləndirilən şəxs, müdafiəçilər Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və fərdi fəaliyyət göstərən vəkil X4, tərcüməçi X3 iştirak ilə, Təqsirləndirilən şəxs-xx.xx.1973-cü il tarixdə Türkiyə Respublikasının Sakarya şəhərində doğulmuş, evli, 2 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikasıda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən 0.332 qram narkotik vasitə həşiş qətranını əldə etmiş, şəffaf sellofana bükmüş, özünə məxsus pul kisəsinin içərisinə yerləşdirmiş, idarə etdiyi “SCANİA” markalı, 66ABT274/61K12391 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinində yatağın üzərinə qoyaraq saxlamış, 12 dekabr 2022-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasına gələrkən daşımış, həmin gün saat 14:20-də Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və keçirilmiş baxış zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının Sakarya şəhərində yaşayır, evlidir, iki yetkinlik yaşına çatmayan uşağı var. Ailədə yeganə qazanc gətirən şəxsdir. 25 ildir ki, sürücü işləyir. Tutulana qədər Avro-Trans şirkətinə məxsus 66ABT274/61K12391 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini idarə edirmişdir. Bir qayda olaraq Türkiydən Rusiyaya və Qazaxstana yük daşımışdır. Sonuncu dəfə işlədiyi şirkət onu İİR-na göndərmişdir. İdarə etdiyin yük nəqliyyat vasitəsi ilə İİR-na PVC yükünü aparmış, yükü təhvil vermiş və dəmir yükünü yükləmiş, İİR-nin Culfa şəhərinə gəlmişdir. İİR-dan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə Respublikasına getməli idi. İdarə etdiyi yük nəqliyyat vasitəsi ilə 12 dekabr 2022-ci il tarixdə İran İslam Respublikasından Culfa gömrük postundan keçməklə Naxçıvana daxil olmuşdur. Culfa Gömrük postunda idarə etdiyi yük nəqliyyat vasitəsi yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, yatağın üzərində sənədlər olan qara çantanın içərisində olan pul kisəsində “çin topu” adı ilə bildiyi dərman aşkar edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, pul kisəsində olan maddəni dərman adı ilə 4-5 il əvvəl Türkmənistan Respublikasında olan zaman tanımadığı bir şəxsdən enerji verəm maddə kimi almiş, az bir hissəsini istifadə etmiş, qalan hissəsi isə pul kisəsində qalmış, ümumiyyətlə həmin dərmanın pul kisəsində olmasını unutmuşdur. Pul kisəsindən daim istifadə edir, yolda olan zaman çantasında olur. Dəfələrlə başqa ölkələrin gömrük postlarında gömrük yoxlamalarından keçmiş, dərmanı gömrük əməkdaşlarına təqdim etməmiş, pul kisəsində olan dərman oradan götürülməmişdir. Həmin dərmanın narkotik maddə olmasını bilməmiş, bu səbədən də Culfa Gömrük postunda gömrük əməkdaşına təqdim etməmiş, gömrük əməkdaşına üzərində, nəqliyyat vasitəsində qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə, dərman preparatı olmamasını bildirmişdir. Nəqliyyat vasitəsinin yoxlanması, sənədlərin imzalanması zamanı ona təzyiq, təsir olmamışdır. Pul kisəsində olan, ekspert rəyi ilə həşiş qətranı narkotik vasitəsi olması müəyyən edilən maddəni bəyan etməməyin cinayət olmasını bilməmiş, bunun üçün təssüf hissi keçirir. Çox peşmandır. Qeyd etdiklərinin, iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə almağı, onu həbsdən azad etməyi xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. 12 dekabr 2022-ci il tarixdə “Culfa” gömrük postunda xidmətdə olmuşdur. Təxminən saat 14 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “dəmir çubuqlar” yükü aparan, “Scania” markalı, 66ABT274/61K12391 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postuna daxil olmuşdur. Əvvəlcə həmin nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşmış, hardan gəldiyi, yükünün nə olması, yükü hara aparacağı barədə şifahi sorğusual aparmış, sürücünün Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Sürücüdən özü ilə gətirdiyi və ya idarə etdiyi yük nəqliyyat vasitəsində, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuş, sürücü üzərində, nəqliyyat vasitəsində qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Sürücü ilə söhbər əsnasında idarə etdiyi nəqliyyat vasitəsini yoxlamaq barədə qərara gəlmişdir. Nəqliyyat vasitəsinin yoxlanması üçün 2 nəfər hal şahidi, tərcüməçi dəvət etmiş, hal şahidlərinə, tərcüməçiyə Təqsirləndirilən şəxs təqdim etmiş, hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamışdır. Yoxlama zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində yatağın üzərində olan qara rəngli sənəd çantasına baxış keçirmiş və həmin çantanın içində olan pul qabının balaca cibində şəffaf sellofana bükülmüş qara rəngli iysiz maddə aşkar etmişdir. Sürücüdən maddənin nə olmasını, nə üçün bəyan etmədiyini soruşmuş, sürücü həmin maddənin dərman kimi istifadə etdiyini, bir neçə il əvvəl Türkmənistan Respublikasında olan zaman tanımadığı bir şəxsdən aldığı, enerji verən maddə olduğunu, həmin maddənin pul kisəsində olduğunu unutduğunu demişdir. Yoxlama bitdikdən sonra protokollar tərtib edilmiş, protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Culfa şəhərində yaşayır, hazırda işsizdir. Hərdən Culfa gömrük postu ərazisində yüklərin boşaldılmasında fəhləlik edir. 12 dekabr 2022-ci il tarixdə Culfa gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 14-14:30 radələrində gömrük əməkdaşı Yaşar ona yaxınlaşmış, bir nəfər tır sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmiş və hal şahidi qismində orada iştirak etməyi xahiş etmişdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin yanına getmiş, Mahir adlı şəxs də hal şahidi qismində dəvət edilmişdir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs onlara təqdim etmiş, nəqliyyat vasitəsini yoxlamamışdan Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində, üzərində qadağan olunmuş və ya gömrük nəzarətindən gizlətdiyi nəsə olub-olmamasını soruşmuş, sürücü Ömer nəqliyyat vasitəsində, üzərində qadağan olunmuş və ya gizlin keçirdiyi nəsə olmadığını demişdir. Gömrük əməkdaşı Yaşar əvvəlcə yük nəqliyyat vasitəsinin ətrafında olan saxlanc yerlərinə baxmış, nəsə aşkar etməmiş, sonra nəqliyyat vasitəsinin kabinini yoxlamağa başlamış, yük nəqliyyat vasitəsinin kabinində yatağın üzərinə qoyulmuş çantanın içərisinə baxmış, çantanın içərisində olan pul kisəsinin içərisindən şəffaf sellofana bükülmüş halda narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Pul kisəsində həmçinin pul, bankomat karları olmuşdur. Şahid2 ifadəsində onu da bildirmişdir ki, gömrük əməkdaşı Təqsirləndirilən şəxsden pul kisəsindən aşkar edilmiş maddənin nə olmasını soruşmuş, Təqsirləndirilən şəxs “gecikdirici” olmasını, bir müddət əvvəl Türkmənistan Respublikasında olan zaman əldə etdiyini, maddənin pul kisəsində olmasını unutduğunu bildirmişdir. Yoxlamanın sonunda protokol tərtib edilmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 12 dekabr 2022-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, 66ABT274/61K12391 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vaitəsi gömrük yoxlaması xəttində yoxlanılmş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinindəki yatağın üzərinə qoyulmuş çantanın içərisində yerləşən pul kisəsinin içərisindən təxmini çəkisi 0.2 qram narkotok vasitəyə bənzər qara rəngli, iysiz maddə aşkar edilərək götürülmüşdür. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 389 nömrəli, 13 dekabr 2022-ci il tarixli ekspert arayışından görünür ki, tədqiqatın məqsədi tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinindəki yatağın üzərinə qoyulmuş çantanın içərisində olan pul kisəsinin içərisindən aşkar edilmiş təxmini çəkisi 0.2 qram olan narkotik vasitəyə bənzər qara rəngli, iysiz maddənin narkotik vasitələrə, psixotrop maddələr və güclü təsir edən maddələrin siyahısına aid olub-olmamsı, əgər aiddirsə hansı növə aid olması və xalis çəkisi barədə ilkin arayışın verilməsindən ibarət olmuş, təqdim olunmuş şəffaf sellefon paketi açdıqda içərisindən sellefona bükülmüş, təmiz çəkisi 0.332 qaram yaşılımtıl qəhvəyi rəngli, bərk halda olan kütlə aşkar olunmuş, təmiz çəkisi 0.332 qram olan qətranabənzər maddə, narkotik təbiətli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Həşiş qətranının təmiz çəkisi 0,332 qram, tədqiqata sərf edildi- 0,02 qram, qalıq 0,312 qram. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 425 nömrəli, 28 dekabr 2022-ci il tarixli məhkəmə ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Nuri oğluna məxsus olan pul kisəsinin içərisindən aşkar olunmuş şəffaf sellofon kəsiyi bükümündə, təmiz çəkisi 0.312 qram olan yaşılımtıl-qəhvəyi rəngli, qətranabənzər formada, bitki mənşəli kütlə, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Həşiş qətranı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxilir. (İ siyahı; İ bənd; sıra №56) daxildir. (Tədqiqata daxil olan maddənin ilkin çəkisi qablaşdırıldığı tara ilə birlikdə olan çəkisidir, ekspert rəyində göstərilən çəki isə daxil olan maddənin tarasız, təmiz çəkisidir. Fərqin yaranma səbəbi bununla əlaqədardır. xx.xx.2022-ci il tarixli, 389 nömrəli ekspert arayışına əsasən, həşiş ətranının ilkin təmiz çəkisi 0.332 qram olmuşdur) Həşiş qətranın xalis çəkisi 0.312 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 0.292 qram. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 227 dekabr 2022-ci il tarixli, 92 nömrəli Məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Nuri oğlunda “epizodik qəbul konnobinoid narkomaniyası” aşkar olunur. Hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 15 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nuri oğlunun məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş (səh 129-135) nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin tərcümə edilmiş surətlərindən müəyyən olunur ki, Sədəf Ömer evlidir, xx.xx.2007-ci il doğumlu Sedef Onur, xx.xx.2009-cu il doğumlu Sedef Ömür adlı uşaqları var. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 12 dekabr 2022-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanması haqqında” protokol, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 425 nömrəli, 28 dekabr 2022-ci il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 227 dekabr 2022-ci il tarixli, 92 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən 0.332 qram həşiş qətranı narkotik vasitəsini əldə etmiş, şəffaf sellofana bükmüş, özünə məxsus pul kisəsinin içərisinə yerləşdirmiş, idarə etdiyi “SCANİA” markalı, 66ABT274/61K12391 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinində yatağın üzərinə qoyaraq saxlamış, 12 dekabr 2022-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasına gələrkən daşımış, həmin gün saat 14:20-də Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan həşiş qətranının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,4 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəi ilə özünü təqsirli bilməməsi ilə bağlı belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi sübuta yetir. Təqsirləndirilən şəxsin 4-5 il əvvəl Türkmənistan Respublikasında olan zaman tanımadığı bir şəxsdən enerji verən maddə kimi almasını, ümumiyyətlə həmin dərmanın pul kisəsində olmasını unutmasını, həmin maddənin narkotik maddə olmasını bilməməsini, bu səbəbdən Culfa Gömrük postunda gömrük əməkdaşına təqdim etməməsini bildirməsi özünü müdafiə kimi qiymətləndirir və qeyd edilən hallar şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. X5 Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 227 dekabr 2022-ci il tarixli, 92 nömrəli Məhkəmə narkoloji ekspertizasının rəyindən də onun narkotik istifadəçisi olması öz təsdiqini tapmışdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməldir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 12 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0,292 qram həşiş qətranı narkotik vasitəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxsden götürülmüş 1 ədəd pul kisəsi, 3 ədəd bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 1125 ABŞ dolları, 125 Azərbaycan manatı və 1 ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxse təqdim edilməsi üçün, Culfa rayon Məhkəməsində olan U******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0,292 qram həşiş qətranı narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxsden götürülmüş 1 ədəd pul kisəsi, 3 ədəd bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 1125 ABŞ dolları, 125 Azərbaycan manatı və 1 ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxse təqdim edilməsi üçün, Culfa rayon Məhkəməsində olan U******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs oğluna hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar