Məhkəmə qərarları › İş №1(089)-21/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-21/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-21/2025 30.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi- Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxx 1983-cü il tarixdə Ordubad rayonunun Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, Ordubad rayonunun Azadkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən 1 ədəd kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik soyuq silahı qanunsuz olaraq əldə edərək idarə etdiyi 72BG232/72ZA092 qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsində saxlamaqla gəzdirmiş, 1 iyun 2025-ci il tarixdə saat 05:26-da onun idarə etdiyi 72BG232/72ZA092 qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş və yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəf oturacağının qarşısındakı döşəmənin altından qanunsuz olaraq əldə edərək gəzdirdiyi 1 ədəd yuxarıda qeyd olunan predmet aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 228.5-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 1 ildən çoxdur ki, sürücülük fəaliyyəti ilə məşğul olur, hadisəyə qədər 72BG232/72ZA092 qeydiyyat nişanlı, "Scania" markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. “Culfa” gömrük postunda saxlanılmamışdan 1 həftə əvvəl idarə etdiyi yük nəqliyyat vasitəsinə Sabirabad rayonundan meyvə-tərəvəz yükü yükləyərək Naxçıvana gəlmək üçün yola düşmüşdür. 28 may 2025-ci il tarixdə Biləsuvar rayonundan İran İslam Respublikasına keçmiş, 01 iyun 2025-ci il tarixdə gecə saatlarında "Culfa" gömrük postuna gəlmiş, orada sənədlərini yazdırmış və nəqliyyat vasitəsini tərəziyə çıxarmış, gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirmiş və bəyan etdiyi 1 blok siqaret və 30 kq qarışıq ərzaqdan başqa nəqliyyat vasitəsində bir şey tapa bilmədiyi üçün onu buraxmış, nəqliyyat vasitəsini sürüb oradan ayrılmaq istəyərkən 1 nəfər mülki geyimli şəxs onu saxlayaraq gömrük əməkdaşı olduğunu və idarə etdiyi yük nəqliyyat vasitəsini təkrar yoxlayacağını bildirmişdir. İdarə etdiyi yük nəqliyyat vasitəsində 1 blok siqaretdən və 30 kq qarışıq ərzaqdan başqa qanunla qadağan olunmuş bir şey olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində ayağının altında olan döşəmənin altından 5-6 ay əvvəl Türkiyə Respublikasından almış olduğu beşbarmağı aşkarlayıb götürmüşdür. Sonra öz iştirakı ilə gömrük əməkdaşı beşbarmağı sənədləşdirib götürmüş və sənədləri özü də imzalamışdır. Nəqliyyat vasitəsindən aşkar edilən beşbarmaq özünə məxsus olmuş, həmin beşbarmağı Türkiyə Respublikasında olarkən 5 manat qarşılığında özünü müdafiə üçün almışdır. Beşbarmağın qadağan olduğunu bilməmiş, bilsə bəyan edərdi. Həmin beşbarmaq 5-6 ay nəqliyyat vasitəsində olmuş və dəfələrlə gömrükdən keçmiş və kimsə nəsə deməmişdir. Azərbaycan Respublikasında hər hansı bir şəxslə arasında ədavət və düşmənçilik münasibəti olmamışdır. Törətdiyi əmələ görə çox peşmandır, məhkəmədən ilk dəfə cinayət törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə almağı, ona köməklik göstərməyi xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01 iyun 2025-ci il tarixdə iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 72BG232/72ZA092 dövlət qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirmiş, yoxlama keçirməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamada iştirak etməsi üçün iki nəfər hal şahidi dəvət etdikdən sonra yoxlamaya başlamışdır. Yoxlamaya başlamazdan əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmetin olubolmadığını soruşmuş, sürücü nəqliyyat vasitəsində 200 ədəd siqaretdən və qarışıq ərzağından əlavə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmetin olmadığını demişdir. Yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəf oturacağının qarşısındakı döşəmənin altından 1 ədəd qara rəngli dəmirdən hazırlanmış beşbarmağa bənzər predmet aşkar etmiş, yoxlamanın aparılması və aşkarlanan predmetin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkarlanan 1 ədəd beşbarmağın özünə məxsus olduğunu, əvvəlki səfərlərinin birində Türkiyə Respublikasından aldığını və özünün müdafiəsi üçün nəqliyyat vasitəsində gəzdirdiyini, 5-6 ay olar ki, orada olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: 01 iyun 2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, 01 iyun 2025-ci il tarixində, saat 05:26-da “Culfa” gömrük postu vasitəsilə Bakı-Naxçıvan istiqaməti üzrə İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələn Azərabycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 72BG232/72ZA092 dövlət nömrə nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti xəttində yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəf oturacağının qarşısındakı döşəmənin altından 1 ədəd qara rəngli dəmirdən hazırlanmış soyuq silaha bənzər “beşbarmaq” aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 614 nömrəli, 17 iyun 2025-ci il tarixli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik soyuq silahdır. 06 avqust 2025-ci il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, 72BG232/72ZA092 dövlət qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəf oturacağının qarşısındakı döşəmənin altından aşlar olunaraq götürülmüş 1 (bir) ədəd kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik soyuq silah cinayətin predmeti olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılması qərara alınmışdır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİŞ-nə göndərilmiş 21 iyul 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Ordubad rayonu, Aza kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ordubad rayonunun Darkənd kəndində qeydiyyatda durur. Ailə üzvləri arvadı X4, oğulları X5 (2014-cü il) və X2 (2010-cu il) ibarət tərkibdədir. Cinayət işinin materiallarında olan Ordubad rayonu, Aza kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953- cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 228.5. maddəsinə görə Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, peşiman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəza çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan Ordubad rayonunun Aza kəndindəki ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 iyul 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 (bir) ədəd kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlundan iş üzrə ekspertiza xərci qismində - 17 iyun 2025-ci il tarixli, 614 nömrəli məhkəmə-trasoloji ekspertizası üzrə 75 (yetmiş beş) manat tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Hökmün icrası Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Ordubad rayonunun Darkənd kəndindəki ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanması otağında saxlanılan 01 (bir) ədəd kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci- 17 iyun 2025-ci il tarixli, 614 nömrəli məhkəmə-ballistik ekspertizası üzrə 75 manat məbləğində pul vəsaiti tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi-Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar