Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-22/2025 17.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxsxx.xx.1990-cı il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaq anası, orta təhsilli, məhkumluğu olmayan, “Cahan Ticarət Mərkəzində” satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə saat 19:30-da "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etdiyi “Hyundai Accent” markalı **-VJ-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Ordubad avtomobil yolu ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olarkən eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib, Culfa rayonu ərazisinə düşən həmin yolun 20-ci km-də avtomobilin idarəetməsini itirərək həmin istiqamətdə avtomobili yolun sağ kənarında olan beton örtüklü su kanalına salmış, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid “sol bazu sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan yumşaq toxumaların əzilməsi, burun və çənə nahiyyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yaraları, sağ əlin, üz və alın nahiyyəsinin qançırı, üz və alın nahiyyəsinin sıyrıqları” xəsarətləri almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 263-1.1-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilməmiş, ifadəsində bildirmişdir ki, qızı və oğlu ilə birlikdə Naxçıvan şəhərində yaşayır, 3 il olar ki, Cahan Ticarət Mərkəzində satıcı işləyir, 30 aprel 2025-ci il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş, Naxçıvanda işlədiyi paltar tükanında satmaq üçün Bakı şəhərindən paltar almış, həmin vaxtı anası da Bakı şəhərində olmuş, anası təyyarə ilə gəldiyi üçün aldığı qadın paltarlarını anası ilə Naxçıvana göndərmişdir. Bacısı Mətanətlə birlikdə avtobusla gəlmiş, 06 may 2025-ci il tarixdə paltarları anasıgildən götürüb tükana gətirmək üçün Culfa rayonu, Yaycı kəndinə getməli olmuşdur. Əvvəlcə Cahan Ticarət Mərkəzində onlarla bir yerdə işləyən, Naxçıvan şəhər sakini Şahid1 sərnişin daşımaqla məşğul olduğu üçün Nəcəfdən onları anasıgilə aparmasını xahiş etmiş, Nəcəfin idarə etdiyi avtomobillə Culfa rayonu, Yaycı kəndinə getmək üçün Naxçıvan şəhərindən çıxmış, avtomobildə qızı İnci və rəfiqəsi Səma da olmuşdur. Anasıgilə çatmış, paltarları götürüb avtomobilin yük hissəsinə qoymuş və bir çay içdikdən sonra Naxçıvan şəhərinə qayıtmaq üçün Yaycı kəndindən çıxmışlar. Avtomobili Nəcəf idarə etmiş, Səma qabaq sərnişin oturacaqda, qızı ilə özü arxa oturacaqda oturmuş, hərəkətə başlayandan biraz sonra Nəcəfin sükan arxasında narahat olduğunu görmüş, Nəcəfdən niyə elə olduğunu soruşmuş, Nəcəf biraz ürəyinin sıxıldığını demişdir. Nəcəf narahat olduğundan avtomobili o idarə etmişdir. Səma yolda hərəkətdə olan zaman ona arxalarınca polisin gəldiyini, sürücülük vəsiqəsinin olmadığını bildirmiş, biraz yol getdikdən sonra nəqliyyat vasitəsinin əyləci tutmamış, rolu sağa çevirərkən sola, sola çevirərkən sağa getmiş, bu zaman qızı İnci “maşın durmur” deyə qışqırmağa başlamışdır. Nəqliyyat vasitəsi avtomobil yolunun sağ kənarında olan ehtiyat torpaq yola keçmiş, nəqliyyat vasitəsinin əyləci tutmadığına görə nəqliyat vasitəsinin arxa oturacağında oturan qızı İnci qorxmuş, özünü nəqliyyat vasitəsinin pəncərəsinən çölə atmaq istəmiş, daha sonra, həmin ehtiyat torpaq yolda sürütlənən zaman arxaya tərəf dönərək qızına baxmış, diqqəti qızında olduğu üçün avtomobil beton örtüklü su kanalına düşmüş, avtomobildən enmiş, qızına tərəf qaçmış, qızının bədən hissəsi avtomobilin pəncərəsindən eşikdə digər hissəsi isə avtomobildə qalmış, qızını avtomobildən çıxarmış, hadisə yerinə gələn şəxslər köməklik edib qızını və onu avtomobilə qoyub xəstəxanaya yola salmışdır. İbtidai istintaq zamanı nəqliyyat vasitəsinin qanuni sahibinə qaytarılması üçün izahatını dəyişdirmiş, izahatını dəyişməyinin onun ziyanına olacağını düşünməmişdir. Hesab edir ki onun heç bir günahı yoxdur. Məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, anası və balaca qardaşı ilə birlikdə Naxçıvan şəhərində yaşayır, 12 nömrəli məktəbdə 10-cu sinifdə oxuyur, 06 may 2025-ci il tarixdə günorta saatlarında əvvəlcədən tanıdıqları Şahid1 idarə etdiyi avtomobil ilə Culfa rayonu Yaycı kəndində yaşayan nənəsigilə getmək üçün Naxçıvan şəhərindən çıxmışlar. Avtomobildə onlardan başqa anasının rəfiqəsi Səma da olmuş, nənəsigilə getməkdə məqsədləri anasının Bakı şəhərindən tükanda satmaq üçün gətirdiyi paltarları götürmək olmuşdur. Nənəsigilin evlərinə çatıb çay içdikdən sonra Naxçıvan şəhərinə qayıtmaq üçün Şahid1 idarə etdiyi avtomobil ilə Culfa rayonu Yaycı kəndindən çıxmışlar, Səma qabaq sərnişin oturacaqda, anası ilə özü isə arxa oturacaqda oturmuşlar. Hərəkətdə olduqları zaman Nəcəf sükan arxasında narahat olmuş, anası Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini onun idarə etməyini xahiş etmiş, anası sükan arxasına keçərək avtomobili hərəkətə gətirmiş, həmin vaxt o, arxa oturacaqda oturmuş, telefona baxmışdır. Anası nəqliyyat vasitəsini idarə edərkən birdən-birə avtomobi sağa-sola hərəkət etməyə başlamış, yolun sağ kənarına tərəf getmiş, torpaq yola çıxaraq beton örtüklü su kanalına düşmüş, həmin vaxt qorxduğu üçün avtomobilin pəncərəsindən özünü atmaq istəmiş, tam olaraq yerə düşməmiş, bədəninin yarı hissəsi nəqliyyat vasitəsində, digər hissəsi çöldə qalmışdır. Zərərçəkmiş şəxs ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. Hadisəyə görə onu bağışlayır. Müalicə olunmuş, hər hansı narahatçılığı yoxdur. Məhkəmədən də onu bağışlamağı xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Naxçıvan şəhərində yaşayır, 2025-ci ilin yanvar ayında Ordubad rayonundan etibarnamə ilə “Hyundai Accent” markalı **-VJ-*** qeydiyyat nişanlı avtomobil almışdır. xx.xx.2025-ci il tarixdə əvvəllər bir yerdə işlədiyi Təqsirləndirilən şəxs ona zəng etmiş, Culfa rayonuna anasıgilə gedəcəyini və onu Culfa rayonuna aparmağını xahiş etmişdir. Qeyd etdiyi avtomobillə gedib Nərmini, qızı İncini və Nərminin rəfiqəsi Səmanı götürmüş, Culfa rayonunun Yaycı kəndinə getmək üçün Naxçıvan şəhərindən çıxmış, Naxçıvan-Ordubad avtomobil yolu ilə hərəkətdə olmuş və Culfa rayonunun Yaycı kəndinə çatmışlar. Nərmin anasıgilə gedib tükanda satmaq üçün aldığı paltarları gətirmiş, avtomobilin yük yerinə qoymuş, Naxçıvan şəhərinə qayıtmaq üçün Culfa rayonunun Yaycı kəndindən çıxmışlar, avtomobili özü idarə etmişdir. Səma qabaq sərnişin oturacaqda, Nərminlə qızı isə arxa oturacaqda oturmuşdur. Ürəyində problem var, mütəmadi olaraq dərman qəbul edir. Lakin, həmin gün dərman qəbul etməmiş, hərəkətdə olan vaxtı narahat olduğunu hiss etmiş, yolun sağ kənarında avtomobili saxlamış, Nərmin ona “avtomobili idarə edə bilməyəcəksənsə mən idarə etməyi bacarıram, ver, mən sürüm gedək” demiş, rahat olmaq üçün arxa oturacağa keçmiş, Nərmin isə sükan arxasına keçmiş, avtomobili idarə etməyə başlamışdır. Hərəkətdə olan zaman narahat olduğu üçün yatıb rahatlamaq istəmiş, bir anda qızların qışqırmasını eşitmiş, baxdığında avtomobilin asfalt yoldan torpaq yola çıxdığını görmüş, avtomobil yolun sağ kənarında olan su kanalına düşmüş, Nərminin qızının başı sağ pəncərədən eşiyə çıxmış, bədəninin yarısı avtomobildə, yarısı isə çöldə qalmışdır. Nərmin qızını görüb qışqırmış, avtomobildən enib qızına yaxınlaşmış, hadisə yerinə gələn şəxslər Nərminin qızını avtomobildən çıxarmış, Nərmin ilə qızını orada olan avtomobillərin biri ilə, Səmanı isə başqa bir avtomobillə xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahbuz rayonu Aşağı Qışlaq kəndində qeydiyyatdadır. Naxçıvan şəhərində kirayədə yaşayır. Naxçıvan şəhərində “Bolmart 2” marketdə baş kassir işləyir. 06 may 2025-ci il tarixdə günorta saatlarında rəfiqəsi Nərmin ona Culfa rayonuna anasıgilə getməyi təklif etmiş, istirahət günü olduğundan Nərminlə razılaşmış, Nərmin tanışı Nəcəfə zəng edərək çağırmışdır. Nəcəfin idarə etdiyi avtomobillə Culfa rayonunun Yaycı kəndində Nərminin anasıgilə getmişlər, avtomobildə Nərmin, Nərminin qızı və Nəcəf olmuşdur. Nərminin anasıgilə çatmışlar, Nərmin Bakı şəhərindən satmaq üçün gətirdiyi malları Nəcəfin avtomobilinin yük yerinə yükləmiş, oradan çıxmışlar. Avtomobili Nəcəf idarə etmiş, özü qabaq sərnişin oturacaqda, arxa oturacaqda isə Nərmin və qızı oturmuşdur. Nərminin anasıgildən biraz aralandıqdan sonra Nəcəf narahat olduğunu demiş, Nərmindən avtomobili onun idarə etməyini xahiş etmiş, daha sonra Nəcəf keçib arxa oturacaqda oturmuş, Nərmin isə sükan arxasına keçmişdir. Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduqları zaman əlində telefonla oynayırmış, polis maşınının gəldiyini görmüş, sürücülük vəsiqəsi olmadığı üçün bunu Nərminə bildirmiş, Nərmin də sürətli getmədiyini, 60 km/saat sürətlə getdiyini bildirmişdir. Yola baxan zaman Naxçıvan şəhəri tərəfdən gələn qara rəngli avtomobilin keçib getdiyini görmüş, yenidən telefonla oynamağa başlamış, həmin avtomobil keçib aralandıqdan sonra bir anda avtomobilin sağa tərəf hərəkət etdiyini görmüş, Nərmin avtomobili saxlaya bilmədiyini bildirmiş, avtomobil torpaq yola çıxmış, su kanalına düşərək sürüklənmiş, Nərmin avtomobildə “İncimi çıxarın”, -deyə qışqırmışdır. Nərminlə Nəcəf avtomobildən enmiş, hadisə yerinə gələn şəxslər köməklik edib İncini və onu avtomobildən çıxarmış, orada olan avtomobillərin biri ilə Nərminlə İnci xəstəxanaya yola salınmış, başqa bir avtomobillə isə onu xəstəxanaya yola salmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2025-ci il tarixli, 556 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, verilmiş məlumatlara əsasən, HYUNDAİ ACCENT markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Sürücü Təqsirləndirilən şəxs HYUNDAİ ACCENT markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 08 may 2025-ci il tarixli, 100 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə-kimyəvi tədqiqatı nəticəsində Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol, narkotik, psixotrop və digər güclü təsirə malik maddələr aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 08 may 2025-ci il tarixli, 101 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- Sol bazu sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan yumşaq toxumaların əzilməsi, burun və çənə nahiyyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yaraları, sağ əlin, üz və alın nahiyyəsinin qançırı və üz və alın nahiyyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, eləcə də sərnişinin olduğu mini avtomaşında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən və onun Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. 13 iyun 2025-ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi” haqqında qərardan görünür ki, hadisənin törədilməsində vasitə kimi istifadə edilmiş, “Hyundai Accent” markalı, **-VJ-*** qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş, maddi sübut hesab edilmiş “Hyundai Accent” markalı, **-VJ-*** qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmışdır. 07 iyul 2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 07 iyul 2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hadisəni törədən sürücü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Ona görə də hadisə zamanı aldığı bədən xəsarətlərinə görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixdə qəza nəticəsində “Hyundai Assent”, **-VJ-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin çıxarışından görünür ki, ön-patpres 170 manat, ayna 110 manat, sağ arxa şüşə 80 manat, amartizator 100 manat, tiyaqa 35 manat, arxa natka 400 manat, diski 2 ədəd 50 manat, usta əl haqqı dəmir maliyarı 1000 manat, təkər qapağı 4 ədəd 80 manat, slesar əl haqqı 200 manat, cəmi 2225 manat təşkil edir. 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 08 avqust 2025-ci il tarixli “qanuni nümayəndənin təyin edilməsi” haqqında qərardan görünür ki, cinayət işi üzrə yetkinli yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı yanında “uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu Qanuni nümayəndə təyin edilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 avqust 2025-ci il tarixli arayışlardan görünür ki, Zərərçəkmiş şəxs və X1 şəhəri, S.Mövləvi küçəsi, ev 9 A ünvanında yaşayırlar. Təqsirləndirilən şəxs ailə üzvləri oğlu X7 və qızı Zərərçəkmiş şəxs ibarət tərkibdədir. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİŞ-nə göndərilmiş 14 may 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-in X12 İdarəsinin 24 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə törətdiyi cinayət əməli məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə saat 19:30-da "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etdiyi “Hyundai Accent” markalı **-VJ-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Ordubad avtomobil yolu ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olarkən eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib, Culfa rayonu ərazisinə düşən həmin yolun 20-ci km-də avtomobilin idarəetməsini itirərək həmin istiqamətdə avtomobili yolun sağ kənarında olan beton örtüklü su kanalına salmış, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid “sol bazu sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan yumşaq toxumaların əzilməsi, burun və çənə nahiyyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yaraları, sağ əlin, üz və alın nahiyyəsinin qançırı, üz və alın nahiyyəsinin sıyrıqları” xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlidir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin olunmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, məhkəmə istintaqı zamanı nəqliyyat vasitəsinin əyləcinin tutmadığını, qızı İncinin özünü nəqliyyat vasitəsindən atmağa çalışdığını bildirmiş, lakin bu halı təsdiq edəcək mümkün və mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, sadəcə şifahi bəyanatla kifayətlənmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş ekspert rəyində qeyd edilmişdir ki, HYUNDAİ ACCENT markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqındaa” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Sürücü Təqsirləndirilən şəxs HYUNDAİ ACCENT markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək, ona elan edilmiş ittihamı rədd etməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, toplanılmış digər sübutlarla təkzib olunmuş, işin faktiki hallarına uyğun gəlmədiyindən, özünümüdafiə xarakteri və cinayət əməllərini törətməyə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətdən yayınmaq məqsədi daşıdığından Təqsirləndirilən şəxs ifadələri həmin hissələrdə sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzası da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs təyin edilən 1 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 avqust 2025-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci qismində - 29 may 2025-ci il tarixli, 556 nömrəli yol nəqliyyat hadisələrinin ekspertizası üzrə 80 (səksən) manat tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, Zərərçəkmiş şəxs dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilən 1 (bir) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəza hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci- 29 may 2025-ci il tarixli, 556 nömrəli yol nəqliyyat hadisələrinin ekspertizası üzrə 80 (səksən) manat tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübut “Hundai Accent” markalı, ** VJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-22/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-22/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver