Məhkəmə qərarları › İş №1(089)-23/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-23/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-23/2023 20.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1976-cı il tarixdə Culfa rayonunun Xanağa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, müvəqqəti işsiz, Culfa rayonunun Xanəgah kəndində qeydiyyatında olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Məmmədli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs atası X6 məxsus olan Culfa rayonunun Xanəgah kəndində yerləşən fərdi yaşayış evində atası Cəbrayıl Yunisov tərəfindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilmiş 3 ədəd zavod üsulu ilə istehsal edilmiş, ümumi uzunluğu 76.5 mm, gilizlərinin uzunluğu 53.5 mm, dib hissəsinin diametri 12.7 mm, aparıcı hissəsinin diametri 7.62x53 mm kalibrli olan, həmin kalibrə malik SVD, Mosin karabinlərində, PK, PKM pulemyotlarında və digər uyğun kalibrli yivli odlu silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronu həmin fərdi yaşayış evində görməsinə baxmayaraq, könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verməmiş, atasına məxsus olan fərdi yaşayış evində saxlamış, həmçinin həmkəndlisi X1 əldə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqa bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah olan süngü bıçağını könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verməmiş, atasına məxsus olan fərdi yaşayış evində saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 228.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 2005-ci ildən 2021-ci ilədək Babək rayonunun Nehrəm kəndində yerləşən dəmiryol stansiyasında mühafizəçi vəzifəsində işləmiş, təqribən 1 il Xanəgah kəndində fərdi təsərrüfatla məşğul olmuş, təsərrüfatı ləğv etmiş və 2022-ci ilin sentyabr ayının 15-də ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və Masazır qəsəbəsində kirayə ev tutaraq yaşamağa başlamışdır. Hazırda Abşeron rayonu, Mehdiadad qəsəbəsi, Məmmədli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hadisə baş verənədək Şəki rayonunun Oraban kəndinin Şəki yaylasında arıçılıqla məşğul olmuşdur. Xanəgah kəndində olan evinə baxmağı qaynı Qadir Cəfərova tapşırmışdır. Şəki yaylasında arıçılıqla məşğul olduğu müddətdə ay ərzində 1-2 gün Bakı şəhərində yaşayan ailəsinin yanına gəlmiş, qalan günləri Şəki rayonunda olmuşdur. xx.xx.2023-cü il tarixdə Şəki şəhərində olan zaman polis əməkdaşları ona zəng vurmuş, onun Xanəgah kəndində yerləşən evinə baxış keçirmək istədiklərini, evində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuş, polis əməkdaşına evinə baxış keçirmələrinə etirazının olmadığını, evində qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Təqribən 2 saat sonra ona telefon vasitəsilə Xanəgah kəndindəki evindəki sandıqdan 29 ədəd ov silahı üçün patron, 3 ədəd yivli silah üçün parton və 1 ədəd süngü-bıçağın qardaşının iştirakı ilə aşkar edilərək götürüldüyü bildirilmiş, bununla bağlı Culfa rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, evindən aşkar edilmiş həmin patronlar atasının vaxtından sandıqda qalmış, süngü bıçağı isə həmkəndlisi X1 əldə etmiş, İ.Niftəliyev istifadə etməsi üçün süngü-bıçağı ona vermiş, süngü bıçağı istifadə etməmiş, sandığa qoyaraq orada saxlamışdır. İbtidai istintaq zamanı süngü-bıçağı İ.Niftəliyevdən əldə etməsini bildirməmişdir. Həmin əşyaları təxminən 3-4 il əvvəl 1 dəfə sandıqda görmüş, onlara fikir verməmiş və istifadə etməmiş, bu barədə heç kimə heç nə deməmişdir. 29 ədəd ov silahı partonunu da ona təqribən 3 il əvvəl X4 vermişdir. Ov silahının patronları yataq otağında şkafın üzərində olan vazın içərisində olmuş, özü heyvandarlıq və arıçılıqla məşğul olduğundan patronları istifadə etməsi üçün İsmayıl ona vermiş, lakin həmin patronlardan istifadə etməmişdir. Özünə məxsus olan 1 ədəd 16 kalibrli qanuni ov silahı var, həmin silah hazırda Culfa rayonunun Xanəgah kəndində yerləşən evində seyfdədir. Özünə məxsus olan 16 kalibrli silaha patron tapa bilmədiyi üçün 12 kalibrli patronların içərisinin karteş, qırma və barutunu götürməyi, 16 kalibrli dəmir gilizlərin içərisinə doldurub elə istifadə edəcəyini düşünmüşdür. Lakin 16 kalibrli dəmir gilizlər üçün piston (alışdırıcı kapsul) tapa bilmədiyinə görə həmin patronları isdifadə etməmişdir. Patronlar atasının vaxtından həmin sandıqda qalmış və atasının həmin patronları kimdən, necə əldə etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Süngü-bıçağı əldə etməkdə, patronları və süngü bıçağı saxlamaqda səhv etmiş, əməlindən peşmandır. Ona göməklik edilməsini xahiş etmişdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2008-ci ildən Culfa rayon Meloriasiya və Su Təsərrüfatı İdarəsində nəzarətçi vəzifəsində işləmiş, 2021-ci ildən isə Culfa rayonunun Xanəgah kəndi üzrə bələdiyyə sədrinin vəzifələrini icra edir. 14 aprel 2023-cü il tarixdə Xanəgah kəndində işdə olan zaman kəndin icra nümayəndəsi Şahid3 ona zəng etmiş, kənd mərkəzinə gəlməsini bildirmişdir. Kənd mərkəzinə gəlmiş, kəndin polis sahə rəisi Cəfər Hüseynov və icra nümayəndəsi kənd mərkəzində olmuş, avtomobilə əyləşərək onlarla birlikdə həmkədlisi Təqsirləndirilən şəxs evinin yanına getmişlər. Orada başqa polis əməkdaşları da olmuş, polis əməkdaşları ona Təqsirləndirilən şəxs evində silah olmasından şübhələndiklərini, onların iştirakı ilə həmin evə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra evin qıfılla bağlanmış qapısı açarla açılmış, onlarla birlikdə polis əməkdaşları həmin evə daxil olmuşlar. Polis əməkdaşları evə baxış keçirən zaman salonun sağ yuxarı tərəfində yerləşən qapıdan digər otağa keçmişlər. Otaqda olan qədim taxta sandığa baxılmış, həmin sandığın içərisindən 3 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar edərək götürmüşlər. Həmçinin baxış zamanı həmin otaqdakı qabın içərisindən təqribən 30 ədəd ov silahı üçün partonlar da aşkar edilmişdir. Aşkar edilmiş partonlar, süngü-bıçağı qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış yekunlaşdırıldıqdan sonra evi tərk etmiş və evin qapısı yenidən qıfılla bağlanmışdır. Evə baxış keçirilən zaman Adil orada iştirak etməmiş, Bakı şəhərində olmuşdur. Sursat və bıçaq aşkar edilənədək Adilin həmin sursat və süngü-bıçağı haradan əldə etməsi, evində süngü-bıçaq və patron olması barədə heç bir məlumatı olmamışdır. Evə baxış zamanı kəndin icra nümayəndəsi Şahid3, Adilin qardaşı Şahid1 və Adilin qaynının oğlu Nicat Cəfərov da orda olmuş, lakin onlar aşkar edilənləri hansı formada görmələrinə tam fikir verməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2012-cü ildən Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə atıcı-mühafizəçi vəzifəsində çalışır, 1 gün işdə, 2 gün istirahətdə olur. Qardaşı Təqsirləndirilən şəxs 2022-ci ilədək Xanəgah kəndində atasına məxsus olan evdə ailəsi ilə birlikdə yaşamış, 2022-ci ilin sentyabr ayının ortalarında təsərrüfatını ləğv etmiş, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, orada yaşamağa başlamışlar. 14 aprel 2023-cü il tarixdə bələdiyyə sədri Əli müəllim ona zəng etmiş, kənd mərkəzinə gəlməsini bildirmiş, kənd mərkəzinə gələn zaman yanında polis əməkdaşlarının da olduğunu görmüş, polis əməkdaşları əllərində məhkəmə qərarı olmasını, Bakı şəhərində yaşayan qardaşı Adilin evinə baxış keçirəcəklərini bildirmiş, evin açarının onda olub-olmadığını soruşmuşlar. Polislərə evin açarlarının onda olmadığını bildirmiş, qardaşı Adilə zəng vurmuş, açarların kimdə olmasını soruşmuş, Adil açarların qaynı X7 olduğunu, ona zəng edəcəyini, açarları evin yanına gətirməsini bildirəcəyini demiş, bir az sonra qardaşının qayını Qadir Adilin evinin açarlarını evin yanına gətirmişdir. Adilin Xanəgah kəndində yerləşən evinə daxil olan polis əməkdaşları onların iştirakı ilə evə baxış keçirməyə başlamışlar. Baxış zamanı evin yuxarı otağında yerləşən qədim sandığın içərisindən 1 ədəd süngü-bıçaq və 3 ədəd patron, həmçinin şkafın üzərindəki vazın içərisindən 29 ədəd ov silahı üçün parton aşkar edilmişdir. Aşkar edilmiş silah-sursat sənədləşdirilmiş, götürülmüş, evdən çıxmışlar. Polis əməkdaşları qapını bağlamış, açarı Qadirə təhvil vermişlər. Polis əməkdaşları getdikdən sonra qardaşı Adillə telefonda danışmış, aşkar olunan sursat və süngü-bıçağı haradan, hansı məqsədlə əldə etməsini soruşmuş, Adil sandıqdan götürülmüş 1 ədəd süngü-bıçaq və 3 ədəd patronun atasının vaxtından həmin sandıqda qaldığını bildirmiş, Adildən onları nəyə görə saxlayıb başına bəla açdığını soruşmuş, Adil “dədəmin vaxtından qaldığına görə yadigar kimi saxlamışam və onlara əl vurmamışam” deyə cavab vermiş, ov silahının partonları ilə bağlı heç nə deməmişdir. Buna görə də həmin partonları haradan, kimdən və hansı vasitə ilə əldə etməsi barədə məlumatı olmamışdır. Şahid1 ifadəsində onu bildirmişdir ki, 1990-cı ilədək öz ailəsi ilə birlikdə qardaşı Adillə həmin evdə yaşamış, evdə yaşadığı müddətdə sandığı açmamış, içərisində nə olduğuna baxmamış, evdə hansısa bir yerdə polis tərəfindən aşkar edilmiş süngü-bıçağı və patronları görməmişdir. Polis tərəfindən aşkar edilənədək qardaşı Adilin evində patronların, süngü-bıçağın olması barədə heç bir məlumatı olmamış, qardaşı Adilin deməsinə görə aşkar edilən süngü-bıçaqla 3 ədəd patron atasının vaxtından həmin sandıqda qalmış və onları yadigar kimi saxlayaraq atmamışdır. Dövlət ittihamçısının təklifi əsasında məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Göydərə kəndində yaşayır, Culfa rayonunun Xanəgah kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. 14 aprel 2023cü il tarixdə Xanəgah kəndində işdə olan zaman polis sahə rəisi ona Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə baxış keçiriləcəyini bildirmiş, polis əməkdaşının təklifi ilə kənd bələdiyyəsi sədri vəzifəsini icra edən Şahid2 da dəvət etmiş, birlikdə Təqsirləndirilən şəxs evinin yanına getmişlər. Orada başqa polis əməkdaşları da olmuş, polis əməkdaşları ona Təqsirləndirilən şəxs evində silah olmasından şübhələndiklərini, onun və Şahid2 iştirakı ilə həmin evə baxış keçiriləcəyini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı və qaynı da orada olmuşdur. Evin qıfılla bağlanmış qapısı açarla açılmış, onlarla birlikdə polis əməkdaşları həmin evə daxil olmuşlar. Polis əməkdaşları evə baxış keçirən zaman salonun sağ yuxarı tərəfində yerləşən qapıdan digər otağa keçmişlər. Otaqda olan qədim taxta sandığa baxılmış, həmin sandığın içərisindən bir neçə ədəd patron, 1 ədəd süngü bıçağı həmçinin qabın içərisindən təxminən 20 ədəd ov silahı üçün patronlar aşkar edərək götürmüşlər. Aşkar edilmiş partonlar, süngü-bıçağı qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış yekunlaşdırıldıqdan sonra evi tərk etmiş və evin qapısı yenidən qıfılla bağlanmışdır. Evə baxış keçirilən zaman Adil orada iştirak etməmiş, Bakı şəhərində olmuşdur. Aşkar edilmiş sursat və bıçaq Adilin evindən polis əməkdaşları tərəfindən aşkar edilənədək bu barədə heç bir məlumatı, Adilin həmin sursat və süngü-bıçağı haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Culfa rayonunun Xanəgah kəndində Təqsirləndirilən şəxs məxsus olan evin həyətinə, həyətdəki yardımçı tikiliyə və evə baxış keçirilmiş, baxış zamanı qonaq otağının ortasında yerləşən yemək masasının üzərində olan xurustal meyvə qabının içərisindən 12 kalibrli 29 ədəd ov silahının patronları, qonaq otağının sağ tərəfində otaqda 50x80 sm ölçüdə olan sandığın içərisindən 3 ədəd 7.62 mm çapında olan döyüş sursatı, 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 422 nömrəli məhkəmə ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır və soyuq silah hesab edilir, üzərində təyinatını dəyişəcək hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Təqdiqata təqdim edilmiş 3(üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x53 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” , “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında və.s uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, 1 ədədi döyüş sursatı hesab edilir və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır, lakin 2 ədədi rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən döyüş sursatı hesab edilmir və istifadəyə yararsızdır. “Maddi sübut kimi tanınma haqqında” 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyali avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən, üzərində təyinatını dəyişəcək hər hansı əlavə və dəyişikliklər edilməməklə təyinatı üzrə istifadəyə yararlı olan süngü bıçaq, 3 (üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x53 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD”, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yararlı olan 01 (bir) ədədi cinayət işi üzrə öz xüsusiyyətlərinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmışdır. Naxçıvan MR DİN-nin X2 şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naxçıvan MR Culfa Rayon İH Xanəgah kənd İƏD üzrə nümayəndəliyindən verilmiş (səh 107) xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cəbrayil oğlunun Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirildiyindən təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətlərin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Cəbrayil oğlunun törətmiş olduğu cinayət əməllərini etiraf etməsini, əməllərindən peşman olmasını, müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət hadisəsi törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cəbrayil oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Cəbrayil oğlunun cəzasını yüngülləşdirən halları qiymətləndirərək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Cəbrayil oğlunun cəmiyyətdən təcrid edilmədən, yəni cəzanı çəkmədən islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cəbrayil oğluna təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmə qanuni və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir, həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs Cəbrayil oğluna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs Cəbrayil oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cəbrayil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli 1 il sınaq müddəti müəyyən edilməlidir. Təqsirləndirilən şəxs müəyyən edilmiş 1 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs müəyyən edilmiş 1 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Culfa Rayon Məhkəməsində saxlanılan ümumi uzunluğu 76.5 mm, gilizlərinin uzunluğu 53.5 mm, dib hissəsinin diametri 12.7 mm, aparıcı hissəsinin diametri 7.62x53 mm kalibrli olan, həmin kalibrə malik SVD, Mosin karabinlərində, PK, PKM pulemyotlarında və digər uyğun kalibrli yivli odlu silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş bir ədəd patron, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd süngü bıçağı Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilməli, ümumi uzunluğu 76.5 mm, gilizlərinin uzunluğu 53.5 mm, dib hissəsinin diametri 12.7 mm, aparıcı hissəsinin diametri 7.62x53 mm kalibrli olan, həmin kalibrə malik SVD, Mosin karabinlərində, PK, PKM pulemyotlarında və digər uyğun kalibrli yivli odlu silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, istifadəyə yararsız iki ədəd patron məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunmalı və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 1 il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs müəyyən edilmiş 1 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Culfa Rayon Məhkəməsində saxlanılan iş üzrə maddi sübut-ümumi uzunluğu 76.5 mm, gilizlərinin uzunluğu 53.5 mm, dib hissəsinin diametri 12.7 mm, aparıcı hissəsinin diametri 7.62x53 mm kalibrli olan, həmin kalibrə malik SVD, Mosin karabinlərində, PK, PKM pulemyotlarında və digər uyğun kalibrli yivli odlu silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş bir ədəd patron, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd süngü bıçağı Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilsin. Culfa Rayon Məhkəməsində saxlanılan ümumi uzunluğu 76.5 mm, gilizlərinin uzunluğu 53.5 mm, dib hissəsinin diametri 12.7 mm, aparıcı hissəsinin diametri 7.62x53 mm kalibrli olan, həmin kalibrə malik SVD, Mosin karabinlərində, PK, PKM pulemyotlarında və digər uyğun kalibrli yivli odlu silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, istifadəyə yararsız iki ədəd patron məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X5 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Müdafiəçi tərəfindən təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar