Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-24/2023 17.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.1993-cü il tarixdə Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonunun Yenidoğan kəndində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonunun Yenidoğan kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə, saat 03 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində yerləşən “Culfa” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq- 0.16 qram təşkil edən 8 ədəd üzərində ”M20” yazılmış narkotik vasitə olan metadonu idarə etdiyi 76AAR394/76AAU040 qeydiyyat nişanlı “DAFX7480” markalı yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelində olan qara rəngli balaca plastik çəkməcənin içərisindəki dəmir pulların arasında gizlədərək saxlamış, həmçinin şəxsi istehlak miqdarında olan 1.477 qram qurudulmuş marixuana narkotik vasitəsini əyninə geyindiyi göy rəngli cins şalvarın cibindəki siqaret qutusunda gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, təxminən 3-4 ildir ki, yük-nəqliyyat vasitələrində sürücü işləyir, “İşıqnur” firmasına məxsus 76AAR394 nömrəli yük nəqliyyat vasitəsini idarə edir. Türkiyədən İrana, Türkmənistana və digər Asiya ölkələrinə müxtəlif təyinatlı yüklər daşıyır. Sonuncu dəfə Türkiyədən İrana getmiş, İran ərazisindən aliminum yükünü yükləmiş, Türkiyə Respublikasına aparmaq üçün xx.xx.2023-cü il tarixdə gecə saatlarında Azərbaycan Respublikasının “Culfa” gömrüyünə tranzit giriş etmişdir. İdarə etdiyi 76AAR394/76AAU040 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini qeydə aldırmış, sonra gömrük əməkdaşı ona yaxınlaşmış, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir şey olub-olmamasını soruşmuş, o da idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş heç bir şey olmadığını, sadəcə 1 blok siqaretinin və bir qədər ərzaq məhsulunun olduğunu bildirmişdir. Gömrük əməkdaşı yük nəqliyyat vasitəsinə baxış keçirərkən kabin hissədə olan plastik çəkməcənin içində dəmir pulların arasından 8 ədəd dərman həblərini aşkar etmiş, daha sonra üzərinə baxış keçirmiş və baxış zamanı cibində olan siqaret qutusunun içərisindəki 2 büküm olan “otu” aşkar etmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, qurudulmuş marixuana və metadon həbləri ozünə məxsus olmuş, metadon həblərini cinsi əlaqə zamanı istifadə etmək üçün 80 iran tüməni verməklə almış, İran ərazisində olduğu zaman adını bilmədiyi şəxsdən isə marixuana narkotik vasitəsini istifadə etməsi üçün almış, qarşılığında 200 iran tüməni vermişdir. Narkotik vasitəlırini gömrük nəzarətindən gizli keçirməyin cinayət olduğunu bilir. Hərəkətlərindən çox peşmandır. İki azyaşlı uşağı, xəstə anası və atası var. Bunların nəzərə alınmasını və ona kömək edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Müseyib oğlu ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində “Culfa” gömrük postunda giriş istiqamətində nəqliyyat vasitələrinin yoxlanılması postunda xidmətdə olmuşdur. Xidmətdə olarkən İran İslam Respublikasından Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı sürücü idarə etdiyi 76AAR394/76AAU040 qeydiyyat nişanlı “DAFX7480” markalı yük nəqliyyat vasitəsi ilə yük nəqliyyat vasitələrinin yoxlanılması postuna yaxınlaşmış, sürücüdən üzərində və ya idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuş, sürücü isə idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş bir şeyin olmadığını, yalnız 1 blok siqaretinin və qarışıq ərzağının olduğunu bildirmişdir. Sürücünün davranışları onda şübhə yaratmış, bu əsasla nəqliyyat vasitəsində yoxlama aparmaq qərarına gəlmiş və yoxlamada iştirak etməsi, videoçəkiliş aparması üçün həmin vaxt xidmətdə olan gömrük əməkdaşı Şahid2 dəvət etmişdir. Şahid2 iştirakı ilə yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelində olan qara rəngli balaca plastik çəkməcənin içərisindəki dəmir pulların arasından 8 ədəd üzərində “M20” yazıları olan həblər aşkar etmişdir. Daha sonra müvafiq icazə almış və sürücünün üzərində şəxsi yoxlama aparmaq üçün yenidən Şahid2 şəxsi yoxlamada iştirak etməsi və videoçəkiliş aparması üçün dəvət etmiş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu göy rəngli şalvarın sol cibindəki 1 ədəd siqaret qutusunun içərisindən qəhvəyi rəngli kağıza bükülmüş 2 büküm olmaqla, kəskin iyli, tünd yaşıl rəngli bitki kütləsi halında ümumilikdə təqribi çəkisi 6 qram narkotik vasitəyə bənzər kütləni aşkar etmiş, müvafiq protokollar tərtib etmiş və protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ekspert rəyi ilə 8 ədəd üzərində “M20” yazıları olan həblərin metadon narkotik vasitəsi, 2 bükümdə olan kütlənin isə qurudulmuş marixuana narkotik vasitəsi olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Müseyib oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında “ protokollardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelində olan qara rəngli balaca plastik çəkməcənin içərisindəki dəmir pulların arasından 8 ədəd üzərində “m 20” yazıları olan narkotik vasitə olması ehtimal edilən həblər və Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu göy rəngli şalvarın sol cibindəki 1 ədəd siqaret qutusunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan qəhvəyi rəngli kağıza bükülmüş 2 büküm olmaqla, kəskin iyli, tünd yaşıl rəngli bitki kütləsi halında ümumilikdə təqribi çəkisi 6 qram narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Yoxlama zamanı “İphone 12 pro” markalı mobil telefon vasitəsilə çəkilmiş video yazılar 1ədəd CD-yə yazılaraq protokollara əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 742 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar edilərək götürülmüş 1 ədəd salfet bükümündə üzərində “M20” yazıları olan 08 ədəd boz rəngli həbləri (təsiredici maddəsinin miqdarı-0,16 qram) narkotik vasitə olan metadon dərman preparatlarıdır. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na daxildir (İİ siyahı,İ bənd, sıra №6). -2 ədəd papiros formasında düzəldilmiş qəhvəyi rəngli kağız borucuqlarda tütün və təmiz çəkisi-1,477 qram olan yaşılımtıl rəngli xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı İ bənd sıra №146). Metadon həblərinin sayı-08 həb, tədqiqata sərf edildi-01 həb, qalıq-07 həb. Marixuananın təmiz çəkisi-1,477 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,427 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 221 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs marixuana narkotik maddəsi qəbul edir. Təqsirləndirilən şəxs kannabinoid narkomaniyası aşkar olunur. Hal-hazırda onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş xasiyyətnamədə o, müsbət xarakterizə olunur, Təqsirləndirilən şəxs 13 yanvar 2020-ci il tarixdə doğulmuş Nisa adlı qızı, 13 may 2021-ci il tarixdə doğulmuş Eymen adlı oğlu vardır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi özünün səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 30 iyul 2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında“ protokolları, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 742 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-ci il tarixli, 221 nömrəli ekspert rəyini, maddi sübutları, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə istintaqı zamanı sübüt olundu ki, 30 iyul 2023-cü il tarixində saat 03 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində yerləşən “Culfa” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq-0.16 qram təşkil edən 8 ədəd üzərində ”M20” yazılmış narkotik vasitə olan metadonu idarə etdiyi 76AAR394/76AAU040 qeydiyyat nişanlı “DAFX7480” markalı yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən idarəetmə panelində olan qara rəngli balaca plastik çəkməcənin içərisindəki dəmir pulların arasında gizlədərək saxlamış, həmçinin şəxsi istehlak miqdarında olan 1.477 qram qurudulmuş marixuana narkotik vasitəsini əyninə geyindiyi göy rəngli cins şalvarının cibindəki siqaret qutusunda gizlətməklə saxlayıb, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə yekun qərar çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu da rəhbər tutur və narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına verdiyi izahları baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddaələrin və onların perekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8) hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.02 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-in 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-in Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-in 52-1-ci maddəsi xatırlanmadan birbaşa CM-in 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Şəxs CM-in Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-in 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-in 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-in 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərindən çox peşman olmasını, törətdiyi cinayət əməllərini etiraf etməsini, əvvəllər məhkum olunmamasını, iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən Türkiyə Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmamasını müstəsna hal kimi qəbul edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-in 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 3 ay 20 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal həbsdən azad olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilib-edilməməsi məsələsini müzakirə edir və belə nəticəyə gəlir ki, təyin edilən cəzanın növü nəzərə alınmalı, ona Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 7 ədəd metadon həbləri, 1,427 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Paco M4 Pro” və 1 ədəd “Xiomi Not 12 Pro” markalı mobil telefonlar və Culfa Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport özünə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunacaq əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3500 manat, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1500 manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 30 iyul 2023-cü il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılması nəzərə alınaraq təyin olunmuş 4000 manat cərimə cəzası yüngülləşdirilərək onun üzərində 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 7 ədəd metadon həbləri, 1,427 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Paco M4 Pro”, 1 ədəd “Xiomi Not 12 Pro” markalı mobil telefonlar, Culfa Rayon Məhkəməsində saxlanılan U******** nömrəli pasport ona qaytarılsın. İş üzrə ekspertiza xərci, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə təqdim edilmiş hesabata uyğun olaraq 246 manat dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №1(089)-24/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-24/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver