Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-25/2025 23.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1970-ci il tarixdə Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 1 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 85AE355 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtobusla sərnişin qismində İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasına gələrkən İranda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 0,617 qram psixotrop maddə metamfetamini şəffaf sellofana büküb, qara rəngli yapışqan bantla sarıyaraq əl yükünə aid bir ədəd göy rəngli şalvarın sol balağının qatlanaraq tikilmiş boşluğunda gizlədib dəmir asılqanın qısqacı ilə bərkidərək saxlamış, eləcə də təmiz çəkisi az miqdar olan ümumilikdə- 4,094 qram narkotik vasitə qurudulmuş marixuananın 0,053 qramını isə bir ədəd gümüşü rəngli folqaya bükərək həmin şalvarın sağ balağının qatlanaraq tikilmiş boşluğunda gizlədib dəmir asılqanın digər qısqacı ilə bərkidərək saxlamış, həmçinin qurudulmuş marixuananın qalan 4,041 qramını bir ədəd şəffaf sellofana büküb mavi rəngli cins şalvarın sağ balaca cibində gizlədərək saxlayıb hər iki şalvarı əl çantasının içərisində Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə saat 10 radələrində ölkə ərazisinə giriş edərkən “Culfa” gömrük postundan qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 23 avqust 2025-ci il tarixində qardaşının oğlunun toyu ilə əlaqədar olaraq avtobusla Bakı şəhərinə getməyə qərar vermiş və həmin tarixdə də avtobusla Naxçıvandan Bakıya yola düşmüşdür. Bakı şəhərində toy mərasimini keçirdikdən sonra Naxçıvan şəhərinə qayıtmağa qərar vermiş, 01 sentyabr 2025-ci il tarixdə Bakıdan avtobusla Naxçıvana gəlmək üçün bilet almış və yola düşmüşdür. X10 Respublikası ərazisində fasilə verdiyi zaman orada tanımadığı İran vətəndaşından iki bükümdə ot adlandırdığı və ya digər adı ilə marixuana adlanan narkotik vasitəni, bir bükümdə isə şüşə adlandırdığı digər adı metamfetamin olan maddələri almış və həmin maddədən istifadə etdikdən sonra, həmin maddələri əl çantasında gizlətmişdir. Daha sonra Naxçıvana gəlmək üçün avtobusa minmiş, Naxçıvanın Culfa gömrüyünü keçdiyi zaman gömrük əməkdaşı ona şəxsi yoxlama otağında üzərinə videoçəkiliş vasitəsilə baxış keçirəcəyini bildirmişdir. Şəxsi yoxlama zamanı gömrük əməkdaşı ondan üzərində qanunla qadağan olunan predmetin olub-olmaması barədə soruşmuş, o isə üzərində qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirmişdir. Yoxlama başlamış, yoxlama zamanı üzərindən qanunla qadağan olunmuş heçnə aşkar edilməmişdir. Gömrük əməkdaşı yoxlamadan sonra müəyyən sənədlər hazırlamış və onları imzalamışdır. Daha sonra gömrük əməkdaşı onun əl yükünə də videoçəkiliş vasitəsilə baxış keçirəcəyini bildirmiş, gömrük əməkdaşı ondan əl yükünün içərisində qanunla qadağan olunan hər hansı predmetin olub-olmaması barədə soruşmuş, o isə əl yükündə bir qədər ərzağının və 2 blok siqaretdən başqa heç nəyinin olmadığını bildirmişdir. Daha sonra yoxlama zamanı gömrük əməkdaşı əl çantasının içərisində olan tünd-göy rəngli şalvarın sol ayaq hissəsində dəmir asılqanın qısqacı ilə bərkidərək gizlətmiş olduğu bir ədəd qara rəngli bükümdə təxmini çəkisi 1.2 qram olan, həmin şalvarın sağ ayaq hissəsində dəmir asılqanın digər qısqacı ilə bərkidilərək gizlətmiş olduğu 1 ədəd gümüşü rəngli folqaya bükülmüş təxmini çəkisi 0.3 qram olan, ot halında tünd-yaşıl rəngli kütləni, əl çantasının içərisində olan mavi rəngli cins şalvarın sağ balaca cibindən 1 ədəd bükümdə təxmini çəkisi 7.3 qram olan narkotik vasitəyə bənzər vasitəni və əl çantasındakı sellofanın içərisindən isə bu maddələri istifadə etmək üçün aldığı 2 qutu tütün istifadəsi üçün olan kağızları aşkar etmişdir. Gömrük əməkdaşı həmin bükümləri tərəzidə çəkdikdən sonra qablaşdıraraq götürmüş, sonda yenidən müvafiq sənədlər yazılmış və o da imzalamışdır. Əl yükündən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddə özünə məxsus olmuş, İranda olarkən siqaret satılan yerdə tanımadığı şəxsdən təxminən 150 manata almış və özü istifadə etmişdir. Həmçinin, cavan vaxtlarından narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Əməllərindən çox peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə “Culfa” gömrük postunda sərnişinlərin müayinəsi postunda xidmətdə olarkən qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 85AE355 nömrəli, “Mercedes Benz” markalı avtobusla İran İslam Respublikasından tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş və müəyyən icazələri aldıqdan sonra həmin şəxsi “Culfa” gömrük postunun şəxsi yoxlama otağına aparmışdır. Videoçəkiliş aparması üçün gömrük əməkdaşı Şahid2 dəvət etmiş, yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı predmetin olubolmamasını soruşmuş, o isə cavabında qanunla qadağan olunmuş heç nəyinin olmadığını bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç nə aşkar etməmiş, yoxlama ilə bağlı müəyyən sənədlər hazırlamış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs əl yükünə həmin şəxsin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirmiş, baxış zamanı əl yükünün içərisində olan 1 ədəd tünd-göy rəngli şalvarın sol ayaq hissəsində dəmir asılqanın qısqacı ilə bərkidilərək gizlədilmiş bir ədəd qara rəngli bükümdə qablaşdırma ilə birlikdə çəkisi 1.2 qram olan duz kristalı halında psixotrop maddəyə bənzər maddə, həmin şalvarın sağ ayaq hissəsində dəmir asılqanın digər qısqacı ilə bərkidilərək gizlədilmiş 1 ədəd gümüşü rəngli folqaya bükülmüş qablaşdırma ilə birlikdə çəkisi 0.3 qram olan, ot halında tünd-yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə, əl çantasının içərisində olan 1 ədəd mavi rəngli cins şalvarın sağ balaca cibindən 1 ədəd bükümdə qablaşdırma ilə birlikdə çəkisi 7.3 qram olan şəffaf sellofana bükülmüş tünd-yaşıl rəngli ot halında narkotik vasitəyə bənzər kütlə və əl çantasındakı şəffaf sellofanın içərisindən 2 qutu tütün istifadəsi üçün olan kağızı aşkar etmiş və həmin maddələri qablaşdıraraq götürmüşdür. Yoxlama bitdikdən sonra yenidən müəyyən sənədlər hazırlamış və iştirakçılar tərəfindən həmin sənədlər imzalanmışdır. Təqsirləndirilən şəxs əl yükünü götürərək taksidə onu gözləyən vətəndaş X4 da üzərində belə narkotik və ya psixotrop maddəyə bənzər predmetlərin olması onda əsaslı şübhələr yaratdığı üçün müəyyən icazələri aldıqdan sonra həmin şəxsin də üzərinə videoçəkiliş vasitəsilə yoxlama keçirməyə qərar vermişdir. Şəxsi yoxlama otağında vətəndaşın üzərinə baxış keçirdiyi zaman qanunla qadağan olunmuş heç bir şey aşkar etməmiş və qeyd olunan yoxlama barədə də müəyyən sənədlər hazırladıqdan sonra iştirakçılar tərəfindən həmin sənədlər imzalanmışdır İş üzrə şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi özünün səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 01 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş “əl yüklərinə baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, “Culfa” gömrük postu vasitəsilə “Bakı- Naxçıvan” marşrutu ilə hərəkət edən 85AE355 nömrəli, “Mercedes Benz” markalı avtobusla İran İslam Respublikasından tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2024-cü il tarixində verilmiş, C03738654 nömrəli pasportun sahibi, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əl yüklərinə “Culfa” gömrük postunun inspektoru, gömrük xidməti leytenantı Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus əl yüklərinə daxil olan 1 ədəd orta ölçülü əl çantasının içərisində olan 1 ədəd tünd-göy rəngli şalvarın sol ayaq hissəsində dəmir asılqanın qısqacı ilə bərkidilərək gizlədilmiş bir ədəd qara rəngli bükümdə qablaşdırma ilə birlikdə çəkisi 1.2 qram olan duz kristalı halında psixotrop maddəyə bənzər kütlə, həmin şalvarın sağ ayaq hissəsində dəmir asılqanın digər qısqacı ilə bərkidilərək gizlədilmiş 1 ədəd gümüşü rəngli folqaya bükülmüş qablaşdırma ilə birlikdə çəkisi 0.3 qram olan, ot halında tünd-yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə, əl çantasının içərisində olan 1 ədəd mavi rəngli cins şalvarın sağ balaca cibindən 1 ədəd bükümdə qablaşdırma ilə birlikdə çəkisi 7.3 qram olan şəffaf sellofana bükülmüş tünd-yaşıl rəngli ot halında narkotik vasitəyə bənzər kütlə və əl çantasındakı şəffaf sellofanın içərisindən 2 qutu tütün istifadəsi üçün olan kağız aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli, 925-926 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd üzəri qara rəngli yapışqan bantla sarılmış sellofan bükümdə təmiz çəkisi -0,617 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin (28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı; İİ bənd, sıra №27). 01 ədəd üzəri yapışqan bantla sarılmış kağız bükümdə təmiz çəkisi - 4,041 qram və 01 ədəd gümüşü rəngli folqa bükümündə təmiz çəkisi - 0,053 qram olmaqla ümumi təmiz çəkisi - 4,094 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı, İ bənd, №146). Metamfetamin təmiz çəkisi – 0,617 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,567 qram. Marixuana təmiz çəkisi – 4,094 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 4,034 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 03 sentyabr 2025-ci il tarixli, 3-28-34-4/2-2215/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə sidik narko-test vasitəsilə müayinə olunmuş və MET (metamfetamin), AMP (amfetamin) müsbət aşkar olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 19 sentyabr 2025-ci il tarixli, 445 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. 06 oktyabr 2025-ci il tarixli “maddi sübutun tanınması və saxlanca qəbul edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əl yükündən götürülmüş ümumi təmiz çəkisi 4,094 qram narkotik vasitə qurudulmuş marixuana, 0,617 qram psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddənin gizlədilməsi üçün istifadə edilmiş 1 ədəd mavi rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd dəmir asılqan, 1 ədəd əl çantası və narkotik vasitə və psixotrop maddənin istifadə edilməsi üçün 2 qutu tütün kağızı cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 4,034 qram narkotik vasitə qurudulmuş marixuana, 0,567 qram psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddənin gizlədilməsi üçün istifadə edilmiş 1 ədəd mavi rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd dəmir asılqan, 1 ədəd əl çantası və narkotik vasitə və psixotrop maddənin istifadə edilməsi üçün 2 qutu tütün kağızının məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması qərara alınmışdır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİŞ-nə göndərilmiş 12 sentyabr 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Ordubad rayon İH başçısının Ordubad şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 15 sentyabr 2025-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamış və qeydiyyatdadır. Ailə üzləri oğlu X5 və qızı X3 ibarət tərkibdədir. Ordubad rayon İH başçısının Ordubad şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 15 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 01 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş “əl yüklərinə baxış keçirilməsi və götürülməsi haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli, 925-926 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 19 sentyabr 2025-ci il tarixli, 445 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 85AE355 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtobusla sərnişin qismində İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasına gələrkən İranda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 0,617 qram psixotrop maddə metamfetamini şəffaf sellofana büküb, qara rəngli yapışqan bantla sarıyaraq əl yükünə aid bir ədəd göy rəngli şalvarın sol balağının qatlanaraq tikilmiş boşluğunda gizlədib dəmir asılqanın qısqacı ilə bərkidərək saxlamış, eləcə də təmiz çəkisi az miqdar olan ümumilikdə- 4,094 qram narkotik vasitə qurudulmuş marixuananın 0,053 qramını bir ədəd gümüşü rəngli folqaya bükərək həmin şalvarın sağ balağının qatlanaraq tikilmiş boşluğunda gizlədib dəmir asılqanın digər qısqacı ilə bərkidərək saxlamış, həmçinin qurudulmuş marixuananın qalan 4,041 qramını bir ədəd şəffaf sellofana büküb mavi rəngli cins şalvarın sağ balaca cibində gizlədərək saxlamış, hər iki şalvarı əl çantasının içərisində Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə saat 10 radələrində ölkə ərazisinə giriş edərkən “Culfa” gömrük postundan qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsuslilə külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdardan (5 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, ll siyahısına görə psixotrop maddə olan metamfetaminin xeyli miqdardan (0.15 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və dindirilmiş şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Təqsirləndirilən şəxs əməllərindən səmimi peşman olması, əvvəllər cinayət törətməməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 01 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 02 sentyabr 2025-ci il tarixli, 925-926 nömrəli materialların məhkəmə ekspertizası üzrə 190 (bir yüz doxsan) manat tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqata sərf olunduqdan sonra faktiki qalan 4,034 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,567 qram psixotrop maddə olan metamfetamin, 2 qutu narkotik vasitə və psixotrop maddənin istifadə edilməsi üçün tütün kağızı məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxsa məxsus olan 1 ədəd mavi rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd əl çantası, 1 ədəd dəmir asılqan, bir ədəd “Xiaomi Poco C40” markalı (İmei1: **********80761, İmei 2: **********80779) telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C03738654 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 3 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir olan narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 4,034 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,567 qram psixotrop maddə olan metamfetamin və 2 qutu narkotik vasitə və psixotrop maddənin istifadə edilməsi üçün tütün kağızı məhv edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci- 190 (bir yüz doxsan) manat tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd mavi rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd əl çantası, 1 ədəd dəmir asılqan, bir ədəd “Xiaomi Poco C40” markalı (İmei1: **********80761, İmei 2: **********80779) telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C03738654 nömrəli pasport Təqsirləndirilən şəxs təqdim edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin, 3 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-25/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-25/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver