Məhkəmə qərarları › İş №1(089)-26/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-26/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-26/2025 04.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi- Culfa Rayon Vəkil Bürosunun vəkili X5 və tərcüməçi X8 iştirakı ilə, Təqsirləndirilən şəxs- 23 avqust 1974-cü il tarixdə Suriya Ərəb Respublikasının Səlmiyyə şəhərində doğulmuş, Suriya Ərəb Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Suriya Ərəb Respublikasının Səlmiyyə şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, yaşamaq və işləmək üçün Azərbaycan Respublikasına gəlmək məqsədilə 8 oktyabr 2025-ci il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətindən yayınaraq, yəni sərhədkeçmə sənədini “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etmədən, yük nəqliyyat vasitələrin rejim-giriş xəttindən piyada hərəkət etməklə, müəyyən edilmiş sənədləri olmadan İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, həmin tarixdə saat 16:05-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində “Culfa” sərhəd nəzarət şöbəsinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək saxlanılmışdır Bununla da, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 318.1-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Suriya Ərəb Respublikasında daxili münaqişələr, o cümlədən iqtisadi rifah aşağı olduğu üçün təxminən bir il əvvəl İraq Respublikasının Ərbil şəhərinə köçmüşdür. Lakin, orada da iş tapıb işləyə bilmədiyi üçün İran İslam Respublikasına getmək qərarına gəlmiş və avqust ayında qanunsuz yolla İran İslam Respublikasına getmişdir. İran İslam Respublikasına qanunsuz yolla keçərkən şəxsiyyətini təsdiq edən sənədlərini itirmişdir. Bir müddət İran İslam Respublikasının Qum, Tehran və Təbriz şəhərlərində qaldıqdan sonra iş tapıb işləyə bilmədiyi üçün yaşayış səviyyəsi yüksək olan ölkələrdən birinə getmək istəmişdir. İnternet qlobal şəbəkəsində axtarış etdikdə daha yaxın ölkələrdən Azərbaycan Respublikasının yaşayış səviyyəsinin yuxarı olduğunu müəyyən etmişdir. Yaşamaq və işləmək məqsədi ilə Azərbaycan Respublikasına gəlmək istəmiş, lakin sənədləri qaydasında olmadığı üçün, habelə piyada keçid zolağı ilə dövlət sərhədini keçmək mümkün olmadığından, qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. Həmçinin, hava yolu ilə gəlmək üçün sənədlərini yenidən qaydasına salmalı, viza əldə etməli, təyyarə bileti almalı və bu kimi digər məsələlər həll etməli olmuş, lakin sadaladıqları xeyli xərc tələb etmişdir. İnternet şəbəkələrindən Azərbaycan Respublikası haqqında araşdırma aparmış və Azərbaycan Respublikasına yerüstü necə gəlmək olduğunu öyrənmişdir. 08 oktyabr 2025-ci ildə səhər saatlarında X11 Respublikasının Azərbaycan Respublikası ilə dövlət sərhədinə gəlmiş, bir neçə saat orada müşahidə apardıqdan sonra həmin tarixdə, saat 15 radələrində Culfa rayonunda dövlət sərhədində olan körpünün üzərində yük nəqliyyat vasitələrinin arası ilə İran İslam Respublikasının dövlət sərhədini qanunsuz yolla keçərək Azərbaycan Respublikasının ərazisinə keçmişdir. İran İslam Respublikasının sərhədçisi arxasınca qışqırıb onu çağırsa da ona fikir verməmiş, Azərbaycan Respublikasının ərazisində körpünün üzərində yük nəqliyyat vasitələrinin arası ilə hərəkət edərkən sərhədçilər tərəfindən aşkar edilmişdir. Onunla aparılan söhbət zamanı 23 avqust 1974-cü ildə Suriya Ərəb Respublikasının Səlmiyə şəhərində anadan olduğunu, həmin ölkənin vətəndaşı Saloum X7 bildirmişdir. Barəsində aparılan araşdırmanın davam etdirilməsi üçün Bakı şəhərinə göndərilməyi üçün bileti olmadığından bir neçə gün sərhəd nəzarəti şöbəsinin yaxınlığında kiçik mehmanxanaya oxşar bir yerdə könüllü və sərbəst şəkildə qonaqlamışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, Suriya Ərəb Respublikasının diplomatik nümayəndəlikləri öz vətəndaşları ilə yaxından maraqlanmır və müxtəlif bəhanələr gətirərək heç bir köməklik etmir. Bu səbəbdən də rəsmi qaydada heç bir yerə müraciət etməmişdir. 08 oktyabr 2025-ci il tarixdə “Culfa” sərhəd nəzarəti şöbəsində aşkar edildikdən sonra saxlanılmağı onun iradəsi əleyhinə olmamışdır. Belə ki, həmin tarixdə, saat 16:05-də sərhəd nəzarəti şöbəsində sərhədçi onu aşkar etdikdən sonra tanımadığı və xatırlamadığı bir nəfər ərəb dili bilən şəxs vasitəsilə ona bildirmişdir ki, Bakı şəhərində yerləşən Sərhəd Nəzarətinə yaxınlaşmalıdır. Lakin, həmin vaxt Bakı şəhəri istiqamətində bilet olmadığına görə sərbəst şəkildə sərhəd nəzarəti şöbəsinin yaxınlığındakı xatırlamadığı mehmanxanaya bənzər bir yerdə 3 gün qonaqlamışdır. Həmin vaxt sərhədçilər tərəfindən iradəsi əleyhinə saxlanılma və hərəkətinin hər hansı başqa bir formada məhdudlaşdırılması olmamışdır. Daha sonra isə 11 oktyabr 2025-ci il tarixdə könüllü şəkildə sərhədçilərin köməyi ilə Bakı şəhərində yerləşən Sərhəd Nəzarətinin inzibati binasına getmişdir. “Culfa” sərhəd nəzarəti şöbəsində, habelə Bakı şəhərində yerləşən Sərhəd Nəzarətinin inzibati binasında onu döyüb incidən, təhqir edən, fiziki və ya psixoloji təzyiq edən, yaxud qanundankənar hərəkət edən olmamışdır. Törətdiyi əmələ görə çox peşmandır, xəstədir, qısa ömrü qalır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 08 oktyabr 2025-ci il saat 09:00-dan 09 oktyabr 2025-ci il saat 09:00-dək “Culfa” SNŞ-də Azərbaycan Respublikası-İran İslam Respublikası və İran İslam Respublikası-Azərbaycan Respublikası istiqamətində “Şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 08 oktyabr 2025-ci il tarixdə saat 16:05 radələrində İran İslam Respublikası - Azərbayca Respublikası istiqamətində olan dövlət körpüsünün üzərində naməlum şəxsin yük nəqliyyat vasitələrinin arası ilə rejim xəttinə girib, şübhəli halda hərəkət edərək sərhəd nəzarətindən yayınıb dövlət sərhədini keçdiyini aşkar etmişdir. Onunla birlikdə xidmətdə olan Şahid3lə həmin şəxsə yaxınlaşaraq onu saxlamış, həmin naməlum şəxsə özünü təqdim etməsini bildirmiş, lakin xarici dildə danışdığından suallara cavab verə bilmədiyi üçün növbə rəisi kapitan Şahid2 məruzə etmişlər. Növbə rəisi kapitan Şahid2 dərhal xidmət apardıqları yerə gəlmiş və həmin şəxslə tərcüməçi vasitəsi ilə aparılan söhbət zamanı Suriya Ərəb Respublikasının vətəndaşı Saloum X7, dövlət sərhədini keçdiyini, İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmək istədiyini bildirərək üzərində olan ərəb əlifbası ilə yazılmış Suriya Ərəb Respublikasına məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Kapitan Şahid2 bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra Suriya Ərəb Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ən yaxın tarixə olan Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gedib, Sərhəd Nəzarətinə müraciət etməsini tövsiyə etmişlər. 08 oktyabr 2025-ci il tarixdə “Culfa” sərhəd nəzarəti şöbəsində Təqsirləndirilən şəxs aşkar etdikdən sonra sonuncunun saxlanılması iradəsi əlehinə olmamışdır. Belə ki, qeyd olunan tarixdə, saat 16:05-də sərhəd nəzarəti şöbəsində Təqsirləndirilən şəxs aşkar etdikdən sonra tərcüməçi vasitəsilə ona bildirmişlər ki, Bakı şəhərində yerləşən Sərhəd Nəzarətinə yaxınlaşmalıdır. Lakin, həmin vaxt Bakı şəhəri istiqamətində bilet olmadığına görə Təqsirləndirilən şəxs də sərbəst şəkildə sərhəd nəzarəti şöbəsini tərk etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs iradəsi əlehinə saxlanılma və ya sonuncunun hərəkətinin hər hansı başqa bir formada məhdudlaşdırılması olmamışdır. Daha sonra isə 11 oktyabr 2025-ci il tarixdə könüllü şəkildə yenidən sərhəd nəzarət şöbəsinə yaxınlaşmış və Bakı şəhərinə getmək üçün köməklik istəmişdir. Bundan sonra onların köməyi ilə Bakı şəhərində yerləşən Sərhəd Nəzarətinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Rəhimov X6 Həsən Şakir ilə eyni məzmunda izahat vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, 08 oktyabr 2025-ci il tarixdə saat 16:05 radələrində İran İslam Respublikası-Azərbaycan Respublikası istiqamətində olan dövlət körpüsünün üzərində Təqsirləndirilən şəxs yük nəqliyyat vasitələrinin arası ilə şübhəli halda hərəkət edərək sərhəd nəzarətindən yayınıb dövlət sərhədini keçməyə cəhd göstərdiyi zaman “Culfa” sərhəd nəzarəti şöbəsində “şlaqbaum gözətçisi” sərhəd naryadı tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsinin 16 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Suriya Ərəb Respublikasının vətəndaşı- 23 avqust 1974-cü il tarixdə doğulmuş Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sistemində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə göndərilmiş 13 oktyabr 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə əməliyyat-sorğu kartotekasında məlumatın olmaması qeyd edilmişdir. 11 oktyabr 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası İXM-nin 572-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Suriya Ərəb Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. 11 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilindiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 13 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-573/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 oktyabr 2025-ci il saat 16:05-dən hesablanmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanası tərəfindən verilmiş 14 noyabr 2025-ci il tarixli tibbi arayışdan görünür ki, həbs edilmiş şəxs 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:45 radələrində Bakı istintaq təcridxanasından təcili “Ürək çatışmazlığı” diaqnozu ilə Müacilə müəssisəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə Terapiya şöbəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirilmiş, ixtisaslı həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “X1. Xroniki ürək çatışmazlığı İV f.s..” diaqnozu müəyyən edilmiş, müvafiq müalicə başlanılmışdır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, yaşamaq və işləmək üçün Azərbaycan Respublikasına gəlmək məqsədilə 8 oktyabr 2025-ci il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətindən yayınaraq, yəni sərhədkeçmə sənədini “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etmədən, yük nəqliyyat vasitələrin rejim-giriş xəttindən piyada hərəkət etməklə, müəyyən edilmiş sənədləri olmadan İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, həmin tarixdə saat 16:05-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində “Culfa” sərhəd nəzarət şöbəsinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək saxlanılmış və bununla da Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, “X1. Xroniki ürək çatışmazlığı İV f.s..” xəstəliyindən əziyyət çəkməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 oktyabr 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 08 oktyabr 2025-ci il, saat 16:05-dən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Culfa rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə: H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. 1 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Culfa rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar