Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-27/2023 18.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstədən vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs -xx xxx 1971-ci il tarixdə Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, orta təhsilli, usta işləyən, məhkumluğu olmayan, Babək rayonunun Cəhri kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə Bakı-Naxçıvan istiqamətində hərəkət edən 85AE355 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı avtobusla sərnişin qismində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postu vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq-14,506 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əyninə geyindiyi alt tumanının içərisində gizlədərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdr ki, 2023-cü ilin iyul ayının 13-də işləmək üçün Bakı şəhərinə getmiş, təxminən 1 ay Bakı şəhərində işləmiş və avqust ayının 16-sı gecə Bakı-Naxçıvan marşrutu ilə sərnişin daşıyan avtobusla Naxçıvana yola düşmüşdür. Avtobus səhər saatlarında İranın Culfa şəhərinə çatmış, Culfa şəhərində sərnişinlər özlərinə ərzaq almaq üçün avtobusdan enmişlər. Özü yaxınlıqdakı ərzaq magazalarından birinə daxil olmuş, ərzaq məhsulları almış, mağazada olan satıcısı çətənə də satdığını, əgər lazımdısa pul qarşılığında verə biləcəyini bildirmişdir. Çətənə almaq istədiyini satıcıya bildirmiş, satıcıdan çətənə almış və alt paltarının içərisində gizlətmişdir. Culfa gömrük postunda gömrük nəzarətindən keçən zaman gömrük əməkdaşı onu şəxsi yoxlama otağına dəvət etmiş və üzərini əli ilə səthi yoxlamış və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirəcəyini bildirmişdir. İki nəfər hal şahidi dəvət edilmiş və hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşı üzərini yoxlamağa başlamış, yoxlama zamanı alt paltarının içərisində gizlətdiyi çətənə aşkar edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, çətənə ozünə məxsus olmuş, onu istifadə etməsi üçün İran ərazisində olarkən adını bilmədiyi şəxsdən 100 manat pul ödəyərək əldə etmiş, başqa şəxslərə vermək, satmaq məqsədi olmamışdır. Əvvəllər də marixuana narkotik vasitəsindən istifadə etmişdir. Narkotik vasitəni əldə etməyin, gömrük nəzarətindən gizli olaraq keçirməyin cinayət olduğunu bilir, bu səbəbdən də əldə etdiyi narkotik vasitəni alt paltarında gizlətmişdir. Əməllərindən çox peşmandır. Ailədə yeganə qazanc əldə edən şəxsdir. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixində saat təxminən 09 radələrində Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 85AE355 nömrəli, “Mercedes-Benz” markalı avtobus Culfa gömrük postuna yaxınlaşmış, daha sonra həmin avtobusda olan sərnişinlər gömrük yoxlaması üçün gömrük zalına daxil olmuşlar. Həmin vaxt sonda gələn sərnişinlərdən Təqsirləndirilən şəxs yoxlama keçirilməsi üçün “Rapiscan” rentgen qurğusuna yaxınlaşmış, sərnişinə üzərindəki əşyaları çıxarıb bəyan etməsini demiş, sərnişin üzərindəki əşyaları çıxarıb stolun üzərinə qoymuşdur. Şəxsinin həyəcanlı olması, əl yüklərinin az olması və sonda gəlməsi onda şühbə yaratmış, həmin şəxsin üzərinə baxış keçirmək barədə qərara gəlmişdir. İki nəfər hal şahidi çağırmış və Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına dəvət etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üst-üstə geyinmiş olduğu alt paltarlarının bir-birinə tikilmiş hissəsindən 1 ədəd sellofan paketdə narkotik vasitəyə bənzər kütləni aşkar etmişdir. Sonra müvafiq protokol tərtib etmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında iştirak etmiş Şahid3 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Saltaq kəndində yaşayır, daimi iş yeri yoxdur. X5 postu ərazisində yüklərin nəqliyyat vasitələbinə doldurulub boşaldılmasında fəhləlik edir. Gömrük əməkdaşlarına tabe deyil. 17 avqust 2023-cü il tarixdə Culfa gömrük postunun ərazisində olmuş, gömrük əməkdaşı Domrul onu və onunla birgə orada yük boşaldan Səbuhi adlı şəxsi çağırmış, hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, etiraz etməmiş, şəxsi yoxlama otağına getmişlər. Domrul müəllim üzərində şəxsi yoxlama aparılacaq Təqsirləndirilən şəxs onlara təqdim etmiş, onu tanıyıb-tanımadıqlarını soruşmuş, həmin şəxsi tanımadıqlarını demişlər. Sonra Domrul müəllim şəxsi yoxlamağa başlamış və şəxsi yoxlama zamanı vətəndaşın alt paltarından narkotik vasitəyə bənzər kütləni aşkar etmiş, daha sonra müvafiq sənədlər tərtib olunmuş və həmin sənədləri imzalamışlar. Şahid3 ifadəsində onu da bildirmişdir şəxsi yoxlama aparılan zaman Təqsirləndirilən şəxs təzyiq, təsir olmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin istifadə etməsi üçün İranda tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 avqust 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iki hal şahidinin iştirakı ilə şəxsi yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üst-üstə geyinmiş alt paltarlarının bir-birinə tikilmiş hissəsindən 1 ədəd sellefon paketdə ümumi çəkisi 20 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 806 nömrəli, 18 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellefon bükümdə qablaşma ilə birgə çəkisi 20 qram, ümumi təmiz çəkisi 14.506 qram olan tünd yaşıl rəngli, kəskin iyli, bitki kütləsi narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na daxildir (İ siyahı, İ bənd , sıra №146). Marixuananın ümumi təmiz çəkisi 14,506 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq -14,486 qramdır. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə narkaloji ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 252 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Konnobinoid narkomaniyası aşkar olunur, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 3 və 4-cü hissələri, 143-cü maddəsinin 2 və 4-cü hissələri ilə təqsirli bilinmiş, Babək rayon Məhkəməsinin 17 fevral 1993-cü il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 17 avqust 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 806 nömrəli, 18 avqust 2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 04 sentyabr 2023-cü il tarixli, 252 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə sərnişin qismində 85AE355 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı Bakı-Naxçıvan istiqamətində hərəkət edən avtobusla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postu vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq-14,506 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əyninə geyindiyi alt tumanının içərisində gizlədərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə yekun qərar çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu da rəhbər tutur və narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına verdiyi izahları baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddaələrin və onların perekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8) hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ iyahısına görə narkotik maddə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərindən çox peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu andan, 17 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsində maddi sübutların saxlanılması otağında saxlanılan 14.486 qram qurudulmuş marixuana narkotik vasitəsi və 2 ədəd narkotik vasitə istifadə etmək üçün kağız məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy J2” markalı (İMEİ1 **********90415/01, İMEİ2 **********900413/01) telefon Təqsirləndirilən şəxs təqdim edilməsi, Culfa rayon Məhkəməsində olan C00131026 nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait, təqdim ediləcək hesabata uyğun olaraq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Şəhərov Zülfüqar Qəzənfər oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut, Naxçıvan Baş Gömrük İdarəsində maddi sübutların saxlanılması otağında saxlanılan 14.486 qram qurudulmuş marixuana narkotik vasitəsi və 2 ədəd narkotik vasitə istifadə etmək üçün kağız məhv edilsin Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy J2” markalı (İMEİ1 **********90415/01, İMEİ2 **********900413/01) telefon Təqsirləndirilən şəxs təqdim edilməsi, Culfa rayon Məhkəməsində olan C00131026 nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait, təqdim ediləcək hesabata uyğun olaraq ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-27/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-27/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver