Məhkəmə qərarları › İş №1(089)-3/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-3/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-3/2023 17.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hüseyin oğlu və müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Hüseyin oğlunun-xx.xx.1997-ci ildə Türkiyə Respublikası, Hatay şəhəri, Reyhanlı rayonunda doğulmuş, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası, Hatay şəhəri, Reyhanlı rayonu, Kara Süleymanlı məhəlləsi ev 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Güngör X5 İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 0.847 qram metamfetamin psixotrop maddəsini sellofan kəsiyinə bükmüş, özünə məxsus gödəkcənin sağ cibində yerləşdirərək saxlamış, idarə etdiyi 31RJ133 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 31ABE395, “FRUEHAUF” markalı) “MERCEDES BENZ AXOR 18.40 LS 36” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və 25 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Hüseyin oğlu Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Hüseyin oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş, özünü Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə təqsirli bilməmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşıdır. Təxminən 3-4 ildir ki, sürücü işləyir. Sonuncu dəfə Türkiyədən İrana qərənfil toxumu yükü aparmış, oradan idarə etdiyi yük nəqliyyat vasitəsinə Türkiyə Respublikasına aparması üçün pvc xammalı yükü yüklənmiş, idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getmək üçün Culfa gömrük postuna gəlmişdir. Culfa gömrük postundan keçərkən gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlama keçirmiş, həmçinin üzərində də şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama aparılanadək gömrük əməkdaşı üzərində qadağan olunmuş nəsə olub-olmamasını soruşmuş, o isə psixotrop maddə metamfetamini gömrük əməkdaşına təqdim etmiş, qaçaqmalçılıq cinayətini törətməmişdir. Həmin psixotrop maddə metamfetamin onun yanında elektron tərəzidə çəkilmiş və çəkisi 1 qram olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Hüseyin oğlu həmçinin bildirmişdir ki, yük nəqliyyat vasitəsi sürücüsü olaraq əsasən İraq istiqamətində işləyir, ilk dəfədir ki, İİR-na, oradan isə Azərbaycan Respublikasına gəlmişdir. İran İslam Respublikasına Türkiyə Respublikasının Şərqi Bəyazid bölgəsindən daxil olmuşdur. 25 noyabr 2022-ci il tarixdə İİR-dən Azərbaycan Respublikasına daxil olmuşdur. Culfa gömrüyündə növbənin dəyişildiyi vaxt olduğundan təxminən 1-2 saat gömrük ərazisində nəqliyyat vasitəsinin yoxlanmasını gözləmişdir. Həmin müddətdə Culfa gömrük ərazisindən kənara çıxmamışdır. Nəqliyyat vasitəsinin yoxlanılmasını gözlədiyi müddətə özü üçün çay, yemək hazırlamış, həmin vaxt tanımadığı bir sürücü gəlmiş, ondan çay istəmiş, ona çay vermiş, 30 dəqiqə söhbət etmişlər. Söhbət əsnasında tanımadığı şəxs ondan əsrar, heroin istifadə edib-etməməsini soruşmuş, əvvəllər Türkiyədə bir-iki dəfə istifadə etdiyini demişdir. Həmin şəxs onda metamfetamin olduğunu, 50 manat qarşılığında ona bir qaram verə biləcəyini bildirmiş, ondan 50 manat qarşılığında təxminən 1 qram metamfetamin almış, birlikdə bir az istifadə etmişlər. Bundan sonra qeydiyyat üçün təqdim etdiyi sənədlərini almaq üçün getmiş, təxminən 15 dəqiqə sonra sənədlərini almış və nəqliyyat vasitəsinin yanına qayıtmışdır. Həmin vaxtadək nəqliyyat vastəsinin yükü yoxlanılmışdır. Gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamış, nəqliyyat vasitəsindən heç nə aşkar edilməmişdir. Gömrük əməkdaşı və özü nəqliyyat vasitəsinin kabinində olan zaman gömrük əməkdaşı üzərində qadağan olunmuş əşya olub-olmadığını soruşmuş, üzərində olan metamfetamini, telefonu, siqareti, psixotrop maddə istifadə etmək üçün borunu gömrük əməkdaşına təqdim etmişdir. Gömrük əməkdaşı ona təxminən 50 dollar cərimə ödəyəcəyini və gedəcəyini bildirmişdir. Gömrük əməkdaşları onu yoxlama otağına aparmış, üzərinə baxış keçirmiş, başqa nəsə aşkar edilməmişdir. Əl yazısı ilə yazılmış sənədi ona imzalamaq üçün gömrük əməkdaşı təqdim etmiş, nə olmasını soruşmuş, gömrük əməkdaşı protokol olmasını demişdir. Protokolu oxuya bilmədiyini, imzalamayacağını bildirmişdir. Gömrük əməkdaşı əlini stola vurmuş, imzala demiş, protokolu imzalamışdır. Gömrük əməkdaşı onu döyməmiş, sadəcə əlini stola vurmuşdur. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman, üzərində şəxsi yoxlama aparılan zaman orada özündən əlavə dörd nəfər olmuş, psixotrop maddə olan metamfetamini gömrük əməkdaşına könüllü olaraq özü təqdim etmişdir. Tanımadığı şəxsdən psixotrop maddə olan metamfetamini istifadə etmək üçün almışdır. Culfa gömrüyündə nəqliyyat vasitəsinə, üzrənə baxış keçirilən zaman tərcüməçi iştirak etməmiş, psixotrop maddə metamfetamini İİR-dən əldə etməmiş, protokolları əl yazısı olduğundan oxuya bilməmiş, oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs Hüseyin oğlu ifadəsində onu da bildirmişdir ki, Culfa gömrük postuna saat 19 radələrində daxil olmuş, təxminən bir saat sonra nəqliyyat vasitəsində olan yük, yarım saat sonra nəqliyyat vasitəsi yoxlanılmış, həmin vaxt üzərində olanları təqdim etmiş, təxminən 30-45 dəqiqə sonra isə yoxlama otağında üzəri yoxlanılmışdır. İkinci dəfə ifadəni tərcüməçinin, müdafiəçinin iştirakı ilə vermiş, həmin vaxt ona təzyiq, təsir olmamışdır. Bir qram metamfetamin üçün tutulacağını bilməmiş, gömrük əməkdaşına metamfetamini gömrük ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Culfa Gömrük İdarəsinin X9 inspektoru vəzifəsində işləyir. 25 noyabr 2022-ci il tarixdə Culfa gömrüyündə axşam növbəsində olduşdur. Saat 19:05 radələrində İran İslam Respublikasından gələn Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Hüseyin oğlu idarə etdiyi 31RJ133 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 31ABE395, “FRUEHAUF” markalı) “MERCEDES BENZ AXOR 18.40 LS 36” markalı yük nəqliyyat vasitəsilə Culfa gömrüyünə daxil olmuşdur. Sürücü sənədləşməni bitirdikdən sonra nəqliyyat vasitəsinə baxış keçirmək üçün ona yaxınlaşmış, əvvəlcə sürücü ilə söhbət etmiş, ondan narkotik vasitə, psixotrop maddə istifadə edib etməməsini soruşmuş, sürücü əvvəllər narkotik istifadə etdiyini bildrmişdir. Nəqliyyat vasitəsində və ya sürücünün üzərində narkotik maddə, psixortop maddə ola biləcəyini düşünmüş, nəqliyyat vasitəsini və sürücünün üzərini yoxlamağı qərara almış və bunun üçün post rəisindən icazə almışdır. Daha sonra iki nəfər də hal şahidi və sürücü Türkiyə Respublikasının vətəndaşı olduğu üçün tərcüməçi dəvət etmiş, onların iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsini, sonra isə sürücünün üzərini yoxlamışdır. Nəqliyyat vasitəsi yoxlanıldıqdan sonra sürücü kabinəsini yoxlamaq üçün kabinəyə daxil olmuş, sürücü də kabinədə olmuşdur. Sürücü kabinəsini yoxlaya-yoxlaya onunla söhbət etmiş, sürücüdən “üzərində qadağan olunmuş hər hansı bir şey varmı” deyə soruşmuş, o da qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Sürücüyə üzərində olanları çıxarmasını demiş, sürücü üzərindən siqaret, telefon, 10 sm üzunluğunda olan turbanı çıxarıb tədim etmişdir. Həmin turbanın psixotrop maddə istifadə etmək üçün olduğunu iş təcrübəsindən bilir. Bu zaman sürücüyə təkrarən üzərində hər hansı narkotik vasitə, yaxud psixotrop maddə olmasını, varsa təqdim etməsini təklif etmiş, lakin Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş heç nə olmadığını təkrar bildirmişdir. Şəxsi yoxlama otağında sürücünün üzərini yoxlamağa başlamış və əyninə geyindiyi gödəkcənin sağ cibindən kağıza bükülmüş şəkildə bir büküm ağ rəngli, duz kristalları halında olan narkotik və ya psixotrop maddəyə bənzər kütləni aşkar etmişdir. Həmin kütləni sürücünün, tərcüməçinin və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkmiş, 1 qarm olduğunu müəyyən etmişdir. Daha sonra həmin maddəni sürücünün və digərlərinin iştirakı ilə qablaşdırmış, götürmüş və bu barədə müvafiq protokollar tərtib etmiş, protokolları imzalamışlar. Şahid1 ifadəsində onu da bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs Hüseyin oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin yoxlanılmasından sonra, şəxsi yoxlama aparması üçün hal şahidlərinin, tərcüməçinin dəvət edildiyi qeyd edilsə də, hal şahidləri və tərcüməçi nəqliyyat vasitəsi yoxlanılanadək dəvət edilmiş, hal şahidlərinin və tərcüməçinin iştirakı ilə nəqliyyat vasitəsi və Təqsirləndirilən şəxs Hüseyin oğlunun üzəri yoxlanılmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs Hüseyin oğluna təzyiq, təsir olmamışdır. Təqsirləndirilən şəxs Hüseyin oğlu psixotrop maddəni İİR-də siqaret satan şəxsdən aldığını demiş, gömrük ərazisində kimdənsə aldığını deməmiş, onun gömrük ərazisində kimdənsə psixotrop maddə alması mümkün deyil. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır. Fəhləlik edir. Rəsmi iş yeri yoxdur. 25 noyabr 2022-ci il tarixdə X9 ərazisində olmuşdur. Gömrük əməkdaşı Ruslan Rəfaeli və onu yanına çağırmış, İrandan gələn türkiyəli tır sürücüsü Təqsirləndirilən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsini yoxlamaq istədiyini bildirmiş, yoxlamada iştirak etmələrini onlardan xahiş etmiş, etiraz etməmiş, yoxlanılacaq nəqliyyat vasitəsinin yanına getmişlər. Gömrük əməkdaşı Ruslan yoxlamadan əvvəl onları və oraya çağırılmış tərcüməçini sürücüyə təqdim etmiş və bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi 31RJ133 dövlət nömrə nişanlı “Mercedes” markalı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Nəqliyyat vasitəsində olan saxlanc yerlərindən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Gömrük əməkdaşı nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirmiş, sürücü də kabində olmuş, o və Rəfael onları müşahidə etmişlər. Nəqliyyat vasitəsinin kabinəsi yoxlanılan zaman gömrük əməkdaşı sürücüdən “üzərində qadağan olunmuş hər hansı bir şey varmı” deyə soruşmuş, o da qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Gömrük əməkdaşı sürücüyə üzərində olanları çıxarmasını demiş, sürücü üzərindən siqaret, telefon və 10 sm üzunluğunda olan turbanı çıxarıb tədim etmişdir. Gömrük əməkdaşı yük nəqliyyat vasitəsini yoxlamağı bitirdikdən sonra yoxlama otağında sürücü Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamış, sürücünün əyninə geyindiyi gödəkcənin sağ cibindən kağıza bükülmüş şəkildə bir büküm aşkar edilmiş, bükümün içərisində ağ rəngli, duz kristalları halında olan maddə olmuşdur. Həmin maddə sürücünün, tərcüməçinin və onların iştirakı ilə elektron tərəzidə çəkilmiş, 1 qram olmuşdur. Gömrük əməkdaşı maddəni qablaşdırmış, götürmüş, bu barədə sənədlər tərtib edilmiş, sənədləri imzalamışlar. Şahid2 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin, Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasında özü, Şahid3 və tərcüməçi iştirak etmişdir. Nəqliyyat vasitəsinin yoxlanılması zamanı sürücü üzərində olan psixotrop maddəni gömrük əməkdaşına təqdim etməmiş, üzərində qanunla qadağan olunmuş nəsə olmadığını bildirmiş, maddə şəxsi yoxlama zamanı gömrük əməkdaşı tərəfindən aşkar edilmiş, həmin maddəni İrandan aldığını demiş, gömrük ərazisində kimdənsə aldığını deməmiş, Təqsirləndirilən şəxs təzyiq, təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmədə dindirilmiş Şahid2 ifadəsinə göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs Hüseyin oğlu istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etməsə də, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hüseyinin üzərindən gömrük nəzarətindən gizlədilmiş qablaşdırma ilə birlikdə çəkisi 1 qram olan metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 353 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert arayışından görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs Hüseyin oğlunun əyninə geyindiyi gödəkcənin sağ cibindən aşkar olunmuş, sellofanla birgə ümumi çəkisi -1 qram, təmiz çəkisi-0,847 qram ağ rəngli, kristal və toz şəkili hissəciklərdən ibarət maddə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (1-ci siyahı, 2-ci bənd, sıra №27) daxil olan – metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,847 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq 0,797 qram. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 420 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Hüseyinin əyninə geyindiyi gödəkcənin sağ cibindən aşkar edilərək götürülmüş, bir ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,797 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı; İİ bənd; sıra №27) daxil olan kustar üsulla hazırlanmış metamfetamindir. Maddələrin ilkin çəkisi ilə təmiz çəkisi arasındakı fərq onu qablaşdırmaq üçün istifadə edilən sellofan kəsiyinin çəkisinin çıxılması ilə əlaqədardır. Metamfetaminin təmiz çəkisi 0,797 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq –0,747 qram. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 89 nömrəli Məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Hüseyin oğlunda metamfetamin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Hazırda məcburi müalicəyə ehtiyacı vardır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 06 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hüseyinin məhkumluğu yoxdur. Türkiyə Respublikasının Ədliyyə Nazirliyi məhkumluq qeydləri və Statistika Baş İdarəsindən verilmiş sənəddə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun məhkumluğu haqqında məlumat yoxdur. Türkiyə Respublikası, Hatay şəhəri, Reyhanlı rayonu Bələdiyyəsindən, Türkiyə Respublikası, Hatay şəhəri, Reyhanlı rayonu, Karasüleymanlı Uzunköy muxtarlığından verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs Hüseyin oğlu müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 26 noyabr 2022-ci il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 420 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 89 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Güngör X5 İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 0.847 qram metamfetamin psixotrop maddəsini sellofan kəsiyinə bükməklə özünə məxsus gödəkcənin sağ cibində yerləşdirərək saxlamış, idarə etdiyi 31RJ133 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 31ABE395, “FRUEHAUF” markalı) “MERCEDES BENZ AXOR 18.40 LS 36” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və 25 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İİ iyahısına görə psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Hüseyin oğlu Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Məhkəmə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi, həmin maddə ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməsi barədə müdafiəçinin vəsatəti ilə bağlı belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi sübuta yetdiyindən, onun barəsində Azərbaycan Respublikası CM-nini 206.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilə bilməz. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində üzərində olan metamfetamin psixotrop maddəsini İİR-da olarkən əldə etmədiyini, Culfa gömrük postunda olarkən tanımadığı bir şəxsdən almasını bildirsə də, bu hal məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Əksinə məhkəmə araşdırması zamanı şahidlərin ifadələrindən, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı ilə veridiyi ifadəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxs psixotrop maddəni İİR-da istintaqa məlum olmayan mənbədən əldə etmiş, üzərində saxlamış, gömrük sərhədindən gizli keçirmişdir. Təqsirləndirilən şəxsə gömrük postunun ərasizində tanımadığı bir şəxs tərəfindən psixotrop maddə verilməsi, hər iki şəxsin post ərazisində psixotrop maddədən istifadə etməsi isə mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyin oğlunun üzərindən aşkar edilmiş 0.847 qram metamfetamin psixotrop maddəsini İİR-dən əldə etməməsi, gömrük ərazisindən əldə etməsi ilə bağlı ifadələrini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nini 206.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. O ki, qaldı təqsirləndirilən şəxsə Culfa gömrük postunda şəxsi axtarış protokoluna imza etməsi üçün gömrük əməkdaşı tərəfindən təsir edilməsinə, məhkəmə təqsirləndirilən şəxs tərəfindən bununla bağlı deyilənləri əsaslı hesab etmir. Ona görə ki, cinayət işinin materialları araşdırılarkan təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı ilə verdiyi ifadələrdə qeyd edilən hal vurğulanmamış, istər təqsirləndirilən şəxs, istərsə də müdafiəçi tərəfindən gömrük əməkdaşının hərəkətləri barədə şikayət edilməmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyin oğlunun əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs Hüseyin oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyin oğluna cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs Hüseyin oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hüseyin oğluna təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Hüseyin oğlu Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 26 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunda metamfetamin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməli, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Güngör X4 Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyin oğlunun Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,747 qram metamfetamin psixotrop maddəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs Hüseyin oğluna məxsus olan 741 ABŞ dolları, 4 Azərbaycan manatı, 1280 türk lirəsi, 390000 İran realı, 2 ədəd sürücü kartı, 2 ədəd bankomat kartı, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd “Redmi 10 C” markalı mobil telefon Təqsirləndirilən şəxs Hüseyin oğluna qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Hüseyin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Hüseyin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Hüseyin oğluna qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Hüseyin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Hüseyin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Hüseyin oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Hüseyin oğlu əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0,747 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs Hüseyin oğlundan götürülmüş 741 ABŞ dolları, 4 Azərbaycan manatı, 1280 türk lirəsi, 390000 İran realı, 2 ədəd sürücü kartı, 2 ədəd bankomat kartı, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd “Redmi 10 C” markalı mobil telefon Təqsirləndirilən şəxs Hüseyin oğluna qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs Hüseyin oğluna hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar