Məhkəmə qərarları › İş №1(089)-3/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-3/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-3/2025 17.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxx 2003-cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində əvvəlcədən nəzarət etməsi üçün açarları ona verilmiş, xalasının əri Zərərçəkmiş şəxs məxsus olan Culfa rayonunun Yaycı kəndində yerləşən torpaq sahəsinə özündə olan açarla qapını açaraq daxil olmuş, oradakı dəmir köşkün də qapısını özündə olan açarla açmış, oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 50 manat dəyərində üzərində “Black+Decker, BDHR26K, Made in PRC” yazıları olan preforator, 01 ədəd 20 manat dəyərində üzərində “FıratTerm Made in Turkey çift resistans” markalanma yazıları olan santexnik ütüsü və 02 ədəd ümumilikdə uzunluğu 30 metr və üzərində dörd ədəd elektrik yuvası olan, tutacaqlı, top formalı uzatma kabellini gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 130 manat ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində xalasının əri Zərərçəkmiş şəxs məxsus olan və Culfa rayonunun Yaycı kəndində yerləşən, metallum əşyaları yığaraq saxladığı və yaşayış olmayan digər fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə həyət qapısının üzərindən daxil olmaqla evin pəncərəsindən içəri daxil olmuş, oradan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan 3 un kisəsindəki ümumi çəkisi 62 kq olan, üzərində izolyasiya olmayan istifadəyə yararsız olan mis naqillərini gizli yolla talayaraq 527 manata satmaqla, ümumilikdə zərərçəkmiş şəxsə 657 manat ziyan vuraraq oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 2020-ci ildə Culfa rayonunun Yaycı kənd 1 nömrəli tam orta məktəbi bitirmiş, 2021-ci ilin aprel ayında hərbi xidmətə getmiş, hərbi xidmətdə olan zaman Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəyə MAHHXHQ əsgər kursuna getmiş, 2022-ci ilin noyabr ayında hərbi xidmətini başa vurduqdan sonra hərbidə qalaraq MAHHXHQ əsgər rütbəsində yenidən xidmətini davam etdirmişdir. 2023-cü ilin sentyabr ayından ərizə yazaraq könüllü olaraq işdən çıxmış, bundan sonra yaşadığı Culfa rayonunun Yaycı kəndində müxtəlif kubik sexlərində fəhlə kimi işləmişdir. 2024-cü ilin iyul ayının əvvəllərindən o Culfa rayonunun Yaycı kəndində atasıgillə birgə yaşayan xalası oğlu X3 Yaycı kəndində özü üçün tikdiyi fərdi yaşayış evində ona kömək etmək məqsədilə onunla birlikdə işləmiş, o ilk olaraq həmin yeni tikili fərdi yaşayış evinə işləməyə gedən zaman bir neçə gün orada qum, daş daşımış, palçıq edərək xalası oğlunun pilləkən hörməsinə fəhlə kimi köməklik etmişdir. xx.xx.2024-cü il tarixdə xalası oğlu Eldənizə məxsus olan Mercedes E220 markalı, 72BE643 dövlət qeydiyyat nişanlı avtomobillə xalası oğlnun Yaycı kəndində atasıgillə yaşadığı kənd mərkəzində yerləşən evlərinə getmiş, oradan 01 ədəd hilti, 01 ədəd santexnik ütüsü, 02 ədəd 30 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabelli, trayniki götürərək yeni tikdiyi evə istifadə etmək üçün gətirmişdir. Həmin vaxtdan sonra iyul ayının 9-dək o gətirdikləri hilti ilə su borularının keçirilməsi üçün divarları deşmiş, gəc qatmış, çaya baxmış və digər işlərə kömək etmiş, balaca xalası oğlu Elvin İmanov və qonşularının oğlu Elmar isə həmin həyətə gələrək santexnik işlərini görmüş, gətirdikləri ütü ilə su və digər xətlərin çəkilişini həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə xalası oğlanları Elvin və Eldəniz işləmək və qazanc əldə etmək üçün Türkiyə Respublikasına getmiş və həmin vaxtdan sonra qeyd etdiyi evdə inşaat işləri dayanmışdır. xx.xx.2024-cü il tarixdə onlar həmin həyətdə müəyyən inşaat işlərini yekunlaşdırmış, həyətdəki avadanlıqları, yəni istifadə olunmuş hiltini, santexnik ütüsünü, 2 ədəd 50 metrlik istifadə olunmuş uzatma kabellini və özlərinə məxsus olan 01 ədəd istifadə olunmuş samovarı həyətdə yerləşən dəmir butkanın içərisinə yığaraq qapısını qıfıllamış, həyətdən çıxaraq həyətin də qapısını bağlamış oranı tərk etmişlər. Xalası oğlu Eldəniz İmanovun yeni tikdiyi fərdi yaşayış evi öz evlərindən uzaqda, onların yaşadığı evin yaxınlığında yerləşdiyi üçün, xx.xx.2024-cü il tarixdə xalası oğlu işləri yekunlaşdırıb həyətdən çıxaraq qapıları bağladıqdan sonra həyətdəki butkanın və həyətin açarlarını ona vermiş və olmadıqları müddət ərzində həyətlərinə nəzarət etməyi ona tapşırmışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, Eldəniz İmanov həmin ev tikdiyi torpaq sahəsini içərisindəki bünövrədən çıxarılmış və divarları ucaldılmış evlə birlikdə təqribən 3 ay əvvəl almış və həmin vaxtdan açarları həmin sahə onlara yaxın olduğu üçün həyətə nəzarət etmək məqsədilə ona vermiş, lakin torpaq sahəsinin içərisindəki tikilinin qapı və pəncərələri, eyni zamanda açarı olmamış, yalnız həyətin və həyətdəki butkanın açarlarını ona vermişdir. Onlar Türkiyə Respublikasına gedəndən sonra o Eldənizin ona verdiyi açarlarla qapını açaraq tez-tez həmin həyətə daxil olmuş, ağacları suvarmış, həyətə nəzarət etmişdir. Eldənizgil Türkiyəyə getdikdən 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə evdən Eldənizgilin ona verdiyi açarı, atası İslam Əliyevin göstərişi ilə həmin həyətdəki butkadan samovarlarını götürmək və ağaclara baxmaq məqsədilə götürərək həmin həyətin qapısını açıb oraya daxil olmuş və həyətdəki butkanı onlara verdikləri açarla açaraq özlərinə məxsus olan və işlədikləri müddətdə çay içmək üçün həmin həyətə gətirdiyi samovarı oradan götürmüşdür. Samovarı götürən zaman işlətdikləri hiltinin, kabellərin və santexnik ütüsünün də həmin butkanın içərisində qaldığını görmüş, bu zaman həmin alət və əşyaları götürüb sataraq qazanc əldə etmək fikri ağlına gəlmiş və həmin həyətdə həmkəndlisi olan və usta kimi fəaliyyət göstərən Kamal Səbrəliyevə zəng vuraraq satılıq, istifadə olunmuş hilti ilə kabellərin olduğunu, onları almaq istəyib istəmədiyini soruşmuşdur. Kamal isə satmaq istədiyi əşyaların şəkillərini ona göndərməsini və baxdıqdan sonra ona deyəcəyini bildirmişdir. O, telefonla hilti ilə uzadıcı kabellərin şəklini çəkib Kamalın vhatsappına göndərmiş, Kamal isə şəkillərə baxaraq həmin əşyaların şəkildə yaxşı düşmədiyini ona bildirmişdir. O isə Kamala gəlib həmin əşyalara olduğu yerdə, yəni xalası oğlu Eldənizin həyətində baxmasını bildirmişdir. Bundan 2 gün sonra yenidən Kamala zəng vuraraq həmin əşyaları almaq istəyibistəmədiyini soruşmuş, Kamal ondan əşyaların kimə məxsus olmasını soruşmuş, onlara baxmaq istədiyini bildirmişdir. Həmin əşyaların ona məxsus olduğunu, xalası oğlugildə işlədikləri üçün onların həyətinə qoyduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində evdən açarı götürmüş, Eldənizgilin həyət qapısını açmış və butkadakı hilti ilə 2 ədəd 30 metrlik kabeli Kamala göstərmiş, Kamal kabellərlə hiltini istifadə edib yoxlayaraq işlək vəziyyətdə olmalarını müəyyən etmişdir. Həmin vaxt santexnik ütüsü ilə qeyd etdiyi əşyaları Kamala 100 manata sata biləcəyini bildirmiş və əgər almaq fikri olsa digər əşyaları indi ona verə biləcəyini, lakin santexnik ütüsü ilə bir az işi olduğundan onu bir neçə gün sonra işi bitdikdə xəbər etdikdən sonra gəlib götürməsini bildirmişdir. Kamal onunla razılaşmış və hilti ilə kabelləri götürüb oraya gəldiyi avtomobilə yığmış, çöldə Kamal ona 70 manat pul vermiş və qalan 30 manatı da ütünü götürən zaman verəcəyini bildirmişdir. Kamalla razılaşmış və 70 manatı almış, qapını bağlayaraq oradan uzaqlaşmışdır. Bundan iki gün sonra Yaycı kəndində 3 aydır ki, işlədiyi Akif Abbasovun kubik sexində iş şəraiti və aldığı əməkhaqqı onu qane etmədiyindən işdən çıxmaq istədiyini bildirmiş və bu zaman Akifin oğlu Ümid Abbasov ona “sexə 14 manat borcun qalıb, ya qal işlə pulundan çıxaq, ya da pulunu ödə sonra işdən çıx” demişdir. O da həmin vaxt üzərində pul olmadığından Kamala zəng vurmuş, sexə 14 manat ödəməli olduğunu, ütünü almaq istəyirsə indi ona 15 manat göndərməsini və özünün ütünü ona göndərəcəyini bildirmişdir. Kamal da onunla razılaşaraq 15 manat göndərmiş, o sexin ödənişini edərək orada işdən çıxmış və Eldənizgilin açarını evdən götürüb həyətlərinə girərək butkadan santexnik ütüsünü götürmüş, Kamal Səbrəliyevə çatdırmışdır. Bundan sonra bir neçə dəfə həmin həyətə qapını açarla açıb daxil olaraq ağacları suvarıb çıxsa da oradan başqa hər hansı bir əşya götürməmişdir. xx.xx.2024-cü il tarixdə xalasının əri Zərərçəkmiş şəxs ona saxlaması üçün 6 ədəd göyərçin vermiş və həmin göyərçinləri öz həyətində saxlamışdır. Zərərçəkmiş şəxs özü isə Culfa rayon Yaycı kəndində univermağın yaxınlığında yerləşən digər həyətindəki tikdiyi hində çox sayda göyərçin saxlamaqla yanaşı, həmçinin həmin həyətdə özü üçün tikdiyi iki otaqlı evdə dən və kənd sakinlərindən pul ilə yığıb qədul etdiyi mis və digər metal əşyaları saxlayır. xx.xx.2024-cü il tarixdə o X9 ilə Yaycı kəndində yerləşən məscidin qarşısında durub söhbət edən zaman Zərərçəkmiş şəxs onu yanına çağırmış, 1 manat pul vermiş, məscidin qarşısındakı ərzaq mağazasından ona 1 ədəd qazsız su almasını istəmiş, o da həmin ərzaq mağazasına getmiş, 1 ədəd qazsız su almış, Zərərçəkmiş şəxs vermiş və Məhəmmədə onlara 1 ədəd istifadə olunmuş araba təkəri lazım olduğunu demiş, Zərərçəkmiş şəxs da ona “get mənim həyətimə bax, varsa götür” demiş, o da Kənan Mirzəyev ilə onun motosikleti ilə Məhəmmədin metallum əşyaları yığıb saxladığı həyətə getmiş və oradan 01 ədəd istifadə olunmuş araba təkərini götürmüş, daha sonra Kənanla gedib həmin araba təkərinin içinə paçemnik almış və kubik sexinə gedərək orada həmin paçemniki araba təkərinin üzərinə qaynaq etmişdir. Kənan da onun həmin istifadə olunmuş araba təkərinin içinə paçemnik aldığına və həmin paçemniki araba təkərinə qaynaq etdiyinə görə ona 10 manat pul vermiş, o da həmin araba təkərini X7 vermişdir. xx.xx.2024-cü il tarixdə o, təkbaşına piyada yaşadığı evdən çıxaraq kənd mərkəzinə gedən zaman yolüstü xalasının əri Zərərçəkmiş şəxs göyərçin saxladığı və metal qəbul etdiyi, yaşayış olmayan həyətinə getmək qərarına gəlmiş, saat təqribən 16:00 radələrində həyət qapısının üzərindən keçməklə Zərərçəkmiş şəxs məxsus olan həyətə daxil olmuş, həyətdəki setkada olan göyərçinlərə baxmış, daha sonra göyərçinlərə dən atmaq üçün dən götürmək məqsədilə həmin həyətdə yerləşən evin dən qoyulan otağına pəncərənin mismarını qaldırıb açaraq oradan daxil olmuşdur. Dən götürmək istəyən zaman dənlərin yanında, yerdə un kisələrinə yığılmış, əridilmiş 3 kisə mis olduğunu görmüş və həmin vaxt onları götürüb sataraq qazanc əldə etmək fikri yaranmışdır. Daha sonra dostu olan həmkəndlisi Şahid5 zəng vuraraq xalasının əri Zərərçəkmiş şəxs əməliyyat olunduğuna görə mis məftillərini satmağı ona tapşırdığını və satdıqdan sonra onlara 40 manatlıq qonaqlıq verəcəyini bildirmişdir. Kənan onunla razılaşaraq 15 dəqiqə sonrə həmin həyətin qarşısına gəlmış, o da Kənanın çöldə gözləməsini və dayısı Bayram evdən çıxarsa ona bildirməsini demiş və saat 16:20 radələrində dəmir darvaza qapısının üzərindən aşaraq həyətə daxil olmuş, həmin həyətdə yaşayış sahəsinin qapısı qıfıllı olduğundan pəncərəsinin mismarını çıxararaq həmin pəncərədən otağa daxil olmuş və həmin 3 un kisəsinə yığılmış, əridilmiş mis məftilləri evin pəncərəsindən təkbaşına həyətə çıxarmış, daha sonra həmin kisələri yola atmışdır. Bu zaman həmçinin həmkəndlisi Yavər Səbrəliyevə zəng vurmuş, olduğu yeri bildirmiş və motosikleti ilə oraya gəlməsini, 3 kisə mis olduğunu və həmin misləri həmkəndlisi Fərdinin yanına aparacağını bildirmişdir. Yavər Səbrəliyev onunla razılaşmış və təqribən 10 dəqiqəyə olduğu yerə motosikleti ilə gəlmişdir. Yavər Səbrəliyev onların yanına çatanda bu mislərin nə mislər olduğunu, haradan əldə etdiyini və haraya apardığını soruşmuşdur. O da bir müddətdir ki küllükdən mis yiğdığını, xalasının əri Məhəmməd ucuz aldığına görə Şahid3 aparıb satmaq istədiyini demiş, bundan sonra o təkbaşına misləri motosikletə yükləmiş, Kənanla birlikdə həmin misləri kəndlərində metal qəbulu ilə məşğul olan Şahid3 yanına aparmış, Fərdiyə də zəng vuraraq ona mis gətirdiyini, üzərində pul olmadığını, çatanda çıxıb motosiklet sürücüsünə 3 manat verməsini və satışda haqq hesab edəcəyini bildirmiş və onlara çatan zaman misləri endirdikdən sonra Fərdi Yavərə 3 manat verib onu yola salmışdır. Daha sonra ondan bu qədər çox misi haradan əldə etdiyini soruşmuş, o isə onları özünün uzun müddətdir ki, əziyyətlə yığdığını bildirmiş və misləri ondan qəbul edərək çəkmiş, mislərin ümumi çəkisi 62 kq olmuşdur. Həmin çəkiyə görə Fərdi ona 524 manat ödəniş etmişdir. O həmin pulu aldıqdan sonra Şahid5lə birlikdə Culfa şəhərində hovuza getmiş, ona yeyibiçmək və pivə qonaqlığı verərək 60 manat hesab ödəmiş, axşam Yaycı kəndinə qayıtmışdır. Həmin günün səhərisi isə qalan pulla Naxçıvan şəhərinə gedərək bahalı siqaretlər, enerji içkiləri və yemək, içmək almış, Danyeri, 17-ci əsir adlı kafelərə getmiş, orada yeyib-içmiş və pulun hamısını xərclədikdən sonra axşamçağı yaşadığı evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə xalası Zəmən Novruzova ona zəng vuraraq ərinin Yaycı kəndində göyərçinlər saxladığı və metallum yığmaq üçün istifadə etdiyi yerdən mis götürüldüyünü bildirmiş, bunu onun edib-etmədiyini soruşmuş, o isə qorxub çəkindiyi üçün onun etmədiyini və xəbərinin olmadığını bildirmişdir. Təqribən 2 gün bundan əvvəl də evdə atasıgil bildirmişdir ki “səni görüblər, sən bu oğurluğu etmisən” deyə soruşmuş, o da məcbur qalaraq evdəkilərə misləri və digər əşyaları özünün götürüb satdığını, pulunu xərclədiyini bildirmişdir. Bundan sonra atasıgil Məhəmməd əmisigilə gedib üzr istəməsini ona demiş, o da bunu qəbul etməmiş, daha sonra Məhəmməd əmisi götürdüyü əşyalarını kimə verdiyini soruşmuş, o da olduğu kimi demiş və bundan sonra da xx.xx.2024-cü il tarixdə onu Culfa rayon Polis Şöbəsinin əməkdaşları zəng vuraraq polis Şöbəsinə dəvət etmişlər. Əməlindən çox peşmandır, cinayət nəticəsində dəymiş zərər ödənilmişdir, gəncdir, əvvəllər cinayət törətməmişdir, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən xx.xx.2024-cü il tarixdə baldızının oğlu Təqsirləndirilən şəxs oğlu Eldəniz İmanovla birlikdə oğlunun Culfa rayonunun Yaycı kəndində yerləşən torpaq sahəsində olan yarımtikiliyə işləməyə başlamış, bir neçə gün orada işlədikdən sonra xx.xx.2024-cü il tarixdə oğlu Eldəniz Türkiyə Respublikasına işləmək məqsədilə getmiş, həyətin qapısının və həyətdə yerləşən dəmir butkanın açarlarını Təqsirləndirilən şəxs vermişdir ki, həyətin ağaclarını vaxtaşırı sulasın. Oğlu Eldəniz 01 ədəd hilti, 01 ədəd santexnik ütüsü və 02 ədəd 50 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabelli-trayniki də həmin butkaya qoyaraq qapısını bağlamışdır. xx.xx.2024-cü il tarixdə həyat yoldaşının qardaşı Bayram onların evinə gələrək ona, Culfa rayonunun Yaycı kəndində yerləşən, göyərçin saxladığı həyətə getdiyini, göyərçinləri yemləmək istəyən zaman həmin həyətdə yerləşən əşya qoyduqları tikintiyə dən götürmək məqsədilə yaxınlaşdığını, pəncərənin güc tətbiq edilərək açıldığını və yerinə düzgün qoyulmadığını gördüyünü bildirmişdir. Bunu eşitdikdə Bayramın avtomobili ilə həmin həyətə getmiş, həyətə girdikdə pəncərə açıq vəziyyətdə olmuş, içəri girdikdə 110 kiloqrama yaxın əridilmiş misinin yerində olmadığını görmüşdür. Bu zaman o Hüseynquludan şübhələnmiş və həyat yoldaşına bacısı Nailəyə zəng etməsini və misi Hüseynqulunun götürüb-götürməməsini soruşmasını demişdir. Həyat yoldaşı da bacısına zəng etmiş və telefonda bacısı ona Hüseynqulunun misi oğurlamadığını demişdir. Həmin günün axşamı oğlu Eldənizin həyətinə getmiş, dəmir butkaya baxmış və 01 ədəd hiltinin, 01 ədəd santexnik ütüsünün və 02 ədəd 50 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabellin–traynikin yerində olmadığını görmüş, bunların da Hüseynqulu tərəfindən oğurlandığını başa düşmüşdür. xx.xx.2024-cü il tarixdə Şahid3 zəng etmiş, misinin oğurlandığını və ona satılıbsa bunu deməsini demiş, Fərdi misin ona Hüseynqulu tərəfindən verildiyini demişdir. Bundan sonra həmin gün baldızıgilə getmiş, baldızına oğlu Hüseynqulunun misləri, hiltini, santexnik ütüsünü və 02 ədəd kabelli oğurladığını demişdir. Baldızı Hüseynquluya zəng vurmuş, o da 01 ədəd hiltini, 01 ədəd santexnik ütüsünü və 02 ədəd 50 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabelli–trayniki Naxçıvan şəhərinə apardığını, orda satdığını demişdir. xx.xx.2024-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinə özünə məxsus olan yuxarıda adları çəkilən təxminən 110 kiloqrama yaxın misin, 01 ədəd hiltinin, 01 ədəd santexnik ütüsünün və 02 ədəd 50 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabel–traynikin oğurlandığını bildirmiş və ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bağışlayır, ondan tələbi, şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2023cü ildə Yaycı kənd 1 nömrəli tam orta məktəbinin 9-cu sinifini bitirmiş, sonra oxumaq istəmədiyinə görə könüllü olaraq məktəbdən çıxmış, hazırda heç bir yerdə təhsil almır və işləmir. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində həmkəndlisi və dostu olan Təqsirləndirilən şəxs onun ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, 1 nömrəli orta məktəbin yanındakı mağazanın yanına gəlməsini, misi olduğunu və onları aparıb birlikdə satacaqlarını ona bildirmişdir. O da onunla razılaşmış, birazdan həmin yerdə olacağını demiş, günorta evdə hər kəs yatdığı vaxtda atasıgilə məlumat vermədən evdən təkbaşına çıxmış, Hüseynqulunun dediyi yerə getmişdir. Oraya çatanda Təqsirləndirilən şəxs ağacın kölgəsində İbrahim adlı həmkəndlisinin mağazasının yanında oturub onu gözlədiyini görmüş, onunla görüşdükdən sonra o Zərərçəkmiş şəxs adlı xalasının ərinin xəstə olduğunu, onu təcili aparıb belindən əməliyyat edəcəklərini, buna görə də onun metallum topladığı həyətindəki misləri götürüb aparıb satacaqları halda, əldə edilmiş puldan Məhəmməd əmisinin onlara 40 manatlıq qonaqlıq verəcəyini, qalanını isə Məhəmməd əmisinin özünə verəcəyini bildirmiş, o da onunla razılaşmış və ikisi birlikdə piyada həmin həyətin yerləşdiyi məhəlləyə getmişlər. Hüseynqulu ona “sən çöldə məhəllədə dayan, dayım Bayram bu tərəfə doğru gələrsə zəng vurub mənə xəbər elə” demişdir. O Hüseynqulu ilə razılaşmış və çöldə gözləmiş, həmin vaxt Hüseynqulu öz mobil telefonunda kontur olmadığını bildirərək ondan mobil telefonunu almış, götürəcəyi misləri satmaq məqsədilə aparmaq üçün motosiklet sürücüsü olan Yavərin mobil nömrəsini öyrənmək üçün onun qardaşının oğlu olan Şahid1 zəng vurmuş, ondan əmisi Yavərin mobil nömrəsini almış, yenidən onun telefonu ilə Yavərə zəng vurmuş, olduğu yeri bildirərək orada mis olduğunu, həmin yerə gəlməsini və misləri həmkəndlisi olan Fərdinin yanına satmaq məqsədilə aparmaq üçün onun motosikletinə yükləyəcəklərini bildirmiş və telefonu söndürmüşdür. Bundan sonra Hüseynqulu Zərərçəkmiş şəxs məxsus olan həyətin qapısının üzərindən tullanaraq həmin həyətə daxil olmuş və həyətin içərisinə doğru getmişdir. Təxminən 1 dəqiqə sonra Hüseynqulunun dediyi dayısı Bayram evləri onlar olan yerə yaxın olduğundan çölə çıxmış və o Bayramı görərək Hüseynquluya zəng vurub dayısının çölə çıxdığını və qapılarının ağzında dayandığını bildirmiş, Hüseynqulu isə yaxşı deyərək telefonu söndürmüşdür. Bayram adlı şəxs avtomobilini həyətdən çıxarıb çölə qoyduqdan sonra həyətlərinə girib qapını örtmüş, yenidən həyətdə olan Hüseynquluya zəng vurmuş, dayısının artıq çöldə olmadığını və içəri keçdiyini bildirmişdir. Bundan təqribən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs 3 ədəd içərisi yarıya qədər mislə dolu olan un kisəsini içəri daxil olduğu qapının üzərindən çölə atmış və özü də həmin yerdən çölə çıxmışdır. Daha sonra çölə atdığı un kisəsindəki misləri kisələrlə birlikdə yolun kənarındakı su axmayan qurumuş vəziyyətdə olan arxın içərisinə ataraq gizlətmışdir. Həmin vaxt əvvəlcədən onun mobil telefonu ilə danışdığı Yavər adlı həmkəndlisi onların olduğu yerə özünün motosikleti ilə gəlmiş və orada dayandıqdan sonra Təqsirləndirilən şəxs bunların nə olduğunu, bu misləri haradan əldə etdiyini soruşmuş, Hüseynqulu isə cavabında ona, özünün həmin misləri yığdığını, satmaq üçün Zərərçəkmiş şəxs gətirdiyini, lakin Məhəmmədin pulu olmadığı və əlinin aşağı olduğunu bildirdiyi üçün ona sata bilmədiyini və buna görə də misləri həmkədlisi Fərdinin yanına apararaq ona satmaq istədiyini bildirmişdir. O da Hüseynqulu ilə birlikdə misləri satmaq üçün həmkəndlisi Fərdinin yanına getmiş, Hüseynqulu Fərdiyə zəng vuraraq mis gətirdiyini, pulu olmadığını və qapıya çıxıb motosikletin sürücüsünün pulunu verməsini bildirmişdir. Fərdi də onlar oraya çatanda qapıya çıxmış Yavər adlı şəxsə 3 manat ödəmiş, Hüseynqulu misləri motosikletdən endirdikdən sonra Yavər adlı şəxs oradan uzaqlaşmışdır. Onların birlikdə həmin yerə apardıqları mislər 3 kisədə olmuş, 1 kisə dolu olmaqla 2 kisə yarımçıq olmuşdur. Orada Fərdi ilə atası Məzahir apardıqları misləri iki kisədə birləşdirib çəkmişlər və həmin kisələrdəki mislərin biri 37 kq, digəri isə 25 kq olmuş və ümumilikdə 62 kq misə görə Fərdi Hüseynquluya 524 manat ödəniş etmişdir. Həmin pulun 334 manatını Fərdi nəğd şəkildə vermiş, qalan 190 manatın isə kartdan çəkərək vermişdir. Hüseynqulu pulu tam şəkildə aldıqdan sonra birlikdə piyada yolda gedən zaman o özünə məxsus olan “İnfinix Smart 8” markalı mobil telefonu ilə Hüseynqulu pulları əlində sayıb gülərkən onun videogörüntüsünü çəkmişdir. Daha sonra o öz yaşadığı evə qayıtmış, Hüseynqulu isə kənddə şəhidlər bulağının yanındakı ticarət mərkəzinin qarşısında oturmuş və ona bildirmişdir ki, birazdan ona zəng vuracaq və birlikdə Culfa şəhərinə satdığı misin pulu ilə yeyib içməyə gedəcəklər. O evə çatdıqdan təqribən 1 saat yarım sonra, saat 20:30 radələrində anası Gülnar Əliyevaya çölə çıxdığını və yarım saata qayıdacağını bildirərək evdən çıxmış, şəhidlər bulağının yanında Təqsirləndirilən şəxs ilə görüşmüş, həmkəndlisi Kənan Fərzəliyevin də Hüseynqulunun yanında olduğunu görmüş və üçü birlikdə taksi çağırmış və Culfa şəhərinə getmişlər. Culfa şəhərinə çatdıqdan sonra Hüseynqulu taksi sürücüsünə 7 manat ödəniş etmiş və onlar taksidən enib Culfa şəhərində “basein” adlanan kafeyə getmişlər. Orada üçü birlikdə əyləşib pivə və yanında bir çox məzələrdən sifariş verib spirtli içki qəbul etmişlər. Onlar yeyib içdikdən sonra 38 manat hesab, 2 manat isə ofisianta xidməthaqqı olmaqla, 40 manat hesabı Hüseynqulu ödəmiş və oradan çıxaraq Culfa şəhərində bazarın yanına getmişlər. Bir az gəzdikdən sonra yenidən Hüseynqulu taksi çağırmış, 8 manat ödəniş edildikdən sonra taksi onları Yaycı kəndinə aparmışdır. Orada taksidən endikdən sonra hərəsi öz evlərinə getmişlər. Bundan bir neçə gün sonra motosiklet sürücüsü Yavər onların həyətinə gəlmiş, onu və atasını çağırmış ,atasının yanında ona apardıqları mislərin Hüseynqulu tərəfindən oğurlanmış mislər olduğunu, onun da bunu bilib demədiyini, ikisini də polislərin tutub aparacağını demişdir. O heç nə deməmiş, bundan sonra vhatsapp sosial şəbəkəsi vasitəsilə Hüseynquluya yazaraq mislərin oğurlanması barədə həyət sahibinin və sürücünün artıq məlumatının olduğunu, onuda işə saldığını, Hüseynqulu ilə birlikdə onu da polisə çağıracaqlarını bildirmişdir. Hüseynqulu isə qorxmamasını, onun adını verməyəcəyini, onu heç kimin çağırmayacağını bildirmiş və daha sonra isə polis əməkdaşları həmin hadisə ilə bağlı onu atası ilə birlikdə izahat vermək üçün Polis Şöbəsinə dəvət etmişdir. Şahid5 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus olan həyətdən misin götürülməsi zamanı mislərin oğurluq olmasını bilməmiş, bu barədə Təqsirləndirilən şəxs ona nəsə deməmiş, Təqsirləndirilən şəxs xalasının əri Zərərçəkmiş şəxs xəstə olduğunu, onu təcili aparıb belindən əməliyyat edəcəklərini, buna görə də onun metallum topladığı həyətindəki misləri götürüb aparıb satacaqları halda, əldə edilmiş puldan Məhəmməd əmisinin onlara 40 manatlıq qonaqlıq verəcəyini, qalanını isə Məhəmməd əmisinin özünə verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş, pula ehtiyacı olduğunu, 01 ədəd hiltini və 02 ədəd 30 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabelli–trayniki satmaq istədiyini demişdir. Telefonda adı çəkilən məişət avadanlıqlarını 70 manata ala biləcəyini demiş, bir neçə gün sonra telefonda danışmış və Hüseynqulu da gəlib baxmasını demişdir. Hüseynqulunun xalası oğlu Eldənizin tikintisi başa çatmayan yarımtikilisinin yaxınlığında Hüseynqulu ilə görüşmüş, Hüseynqulu Eldənizin həyətinin qapısını, daha sonrada həyətdəki dəmir butkanın qapısını açarla açmış, oradan 01 ədəd hiltini və 02 ədəd 30 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabelli–trayniki götürərək ona vermiş, Hüseynquluya 70 manat vermişdir. Təxminən 10 gün sonra Hüseynqulu ona zəng vuraraq 01 ədəd santexnik ütüsünü satmaq istədiyini demiş, Hüseynquluya ütünü 15 manata ala biləcəyini demiş və 15 manatı Hüseynquluya göndərmişdir. Bir neçə gün Hüseynqulunu tapa bilməmiş, bundan sonra onu tapmış və 01 ədəd santexnik ütüsünü ona vermişdir. Bir müddət sonra Hüseynqulu təkrar ona zəng edərək xalası oğlunun ona satması üçün verdiyini 02 ədəd laqonda və 01 ədəd dreli satmaq istədiyini demiş, o da ehtiyacının olmadığını deyərək almaqdan imtina etmişdir. Bir müddət sonra polis əməkdaşları ona zəng vuraraq 01 ədəd hiltini və 02 ədəd 30 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabelli–trayniki onun alıb-almadığını soruşmuş, o isə laqonda və dreldən söhbət getdiyini düşünüb onda olmadığını demişdir. Daha sonra Culfa Rayon Polis Şöbəsinə dəvət edilmiş, Polis Şöbəsində söhbətin 01 ədəd hilti və 02 ədəd 30 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunuru olan kabelli–traynikdən getdiyini öyrənmiş, Hüseynqulunun 01 ədəd hilti və 02 ədəd 30 metrlik mağazada satılan və istifadə olunmuş uzatma şunurunu ona satdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən bir il olar ki, mis alıb satır, oğlu Şahid3 də ona köməklik edir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs oğluna zəng vurmuş, “biraz misim var satmaq istəyirəm” demiş, oğlu Fərdi də “gətir alım” demişdir. Axşam hava qaralana yaxın Təqsirləndirilən şəxs, Şahid5lə birliktə Yavər Səbrəliyevin üç təkərli motosikletində onların evinin qabağına gəlmişdir. Hüseynqulu və Kənan 03 kisə misi həyətlərinə gətirmiş, kisələrin biri dolu olmuş, digər ikisi isə yarımçıq olmuşdur. Yarımçıq olanları birləşdirmiş, bir kisə etmiş və ümumilikdə 02 kisə mis olmuşdur. Kisələrin çəkisini qapının ağzında tərəzidə ölçmüş və 62 kiloqram çəkisi gəlmişdir. 62 kiloqram mis üçün oğlu Fərdi Hüseynquluya 527 manat pul vermişdir. Bundan sonra Hüseynqulu və Kənan getmiş, onlar isə kisələri qapının küncünə qoymuşlar. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onların həyətinə gəlmiş, misin oğurluq olduğunu demiş və kisələri götürüb aparmışlar. Məhkəmə iclasında iştirak etmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının əri, Təqsirləndirilən şəxs isə onun digər bacısının oğludur. Zərərçəkmiş şəxs təxminən avqust ayının əvvəllərində xəstələnmiş, yataq şəraitində müalicə aldığından göyərçinlərinə yem verə bilməyəcəyini, bir müddət ondan onun göyərçinlərinə yem verməsini xahiş etmişdir. O da hər gün onun göyərçinlərini saxladığı həyətinə getmiş, orada göyərçinlərə yem verib ayrılmışdır. Təxminən xx.xx.2024cü il tarixdə saat 10:30 radələrində həmişəki kimi Zərərçəkmiş şəxs göyərçinlərini saxladığı həyətə getmiş, o həyətə daxil olmuş, həyətdəki tikilinin qapısını Zərərçəkmiş şəxs ona verdiyi açarla açmış, kilidi pəncərəyə qoymuş, dən götürmüş, quşları yerlərindən çıxarmadan onlara dən vermiş, həmin qabı quşların damının yaxınlığındakı stolun üzərinə qoymuş, bundan sonra tikilinin qarşısına qayıtmış, qapını bağlamaq üçün qıfılı pəncərədən götürən zaman, pəncərənin hər zamankı kimi olmadığını, biraz aralı durduğunu və yuxarı hissədən ip ilə bağlandığını görmüşdür. Bundan sonra tikilinin qapısını bağlamış, kiminsə içəridən Zərərçəkmiş şəxs məxsus olan bir əşya götürmüş ola biləcəyini düşünmüş, avtomobili ilə birbaşa Zərərçəkmiş şəxs evinə getmiş, Zərərçəkmiş şəxs pəncərənin ip ilə yuxarı hissədən bağlandığını gördüyünü, gəlib tikilinin içərisinə baxmasını, hər hansısa bir əşyasının götürülüb-götürülmədiyini dəqiqləşdirməsini istəmişdir. Birlikdə onun avtomobili ilə Zərərçəkmiş şəxs göyərçinlərini saxladığı həyətə getmiş, o açarı Zərərçəkmiş şəxs özünə vermiş, Zərərçəkmiş şəxs əvvəlcə həmin pəncərəyə baxmış və özünün buraya gəlmədiyini bildirmiş, sonra tikilinin qapısını açıb içəriyə daxil olmuş, içəriyə baxıb 3 kisə misinin aparıldığını demişdir. O Zərərçəkmiş şəxs buranın ona əmanət olduğunu, bu səbəbdən də onun pis vəziyyətdə qaldığını demiş, ona görə də polisə zəng vurmasını, 3 kisə misini kimin apardığının müəyyən olunmasını istədiyini demişdir. Sonra Zərərçəkmiş şəxs daxili işlər orqanına müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 avqust 2024-cü il tarixli protokollardan, onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Culfa rayonunun Yaycı kənd sakini Zərərçəkmiş şəxs məxsus olan Culfa rayonunun Yaycı kəndində yerləşən yarımtikili mənzilin həyətində və həmin şəxsə məxsus olan mis və dəmir məmultarını saxladığı Culfa rayonu Yaycı kəndində yerləşən həyət və orada olan yaşayış sahəsində baş vermişdir. 26 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 03 sentyabr 2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Culfa rayon İH-nin Yaycı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. 19 noyabr 2024-cü il tarixli, 176 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Ailə üzvləri atası X4, anası X8, bacısı X5 ibarət tərkibdədir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024cü il tarixli, 969 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 kiloqram mis naqil nümunəsi əsasında qərarın təsviri hissəsində qeyd olunan 62 kq üzərində izolyasiyası olmayan, istifadəyə yararsız mis naqilin 2024-cü ilin avqust ayına olan metal qırıntı kimi orta bazar qiyməti 527 manat, 01 adda təqdim olunmayan istifadə edilmiş araba təkərinin istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 10 manat, digər təqdim edilmiş 03 adda tədqiqat obyektlərinin istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ümumi dəyəri 130 manat müəyyən olunur. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 09 sentyabr 2024-cü il tarixli, 1587 nömrəli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs dispanserdə narkomaniyaya, alkoqolizmə və ruhi xəstəliyə görə dispanser qeydiyyatında dayanmır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində əvvəlcədən nəzarət etməsi üçün açarları ona verilmiş, xalasının əri Zərərçəkmiş şəxs məxsus olan Culfa rayon Yaycı kəndində yerləşən torpaq sahəsinə özündə olan açarla qapını açaraq daxil olmuş, oradakı dəmir köşkün də qapısını özündə olan açarla açıb oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 50 manat dəyərində üzərində “Black+Decker, BDHR26K, Made in PRC” yazıları olan preforatorı, 01 ədəd 20 manat dəyərində üzərində “FıratTerm Made in Turkey çift resistans” markalanma yazıları olan santexnik ütüsünü və 02 ədəd ümumilikdə uzunluğu 30 metr və üzərində dörd ədəd elektrik yuvası olan, tutacaqlı, top formalı uzatma kabelini gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 130 manat ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin o, xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində xalasının əri Zərərçəkmiş şəxs məxsus olan və Culfa rayonunun Yaycı kəndində yerləşən, metallum əşyaları yığaraq saxladığı və yaşayış olmayan digər fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə həyət qapısının üzərindən daxil olmaqla evin pəncərəsindən içəri daxil olmuş, oradan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan 3 un kisəsindəki ümumi çəkisi 62 kq olan üzərində izolyasiya olmayan istifadəyə yararsız olan mis naqillərini gizli yolla talayaraq 527 manata satmaqla ümumilikdə zərərçəkmiş şəxsə 657 manat məbləğində ziyan vurmuş, bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsinə dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməli, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, cinayəti törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- Culfa rayonunun Yaycı kəndində yerləşən ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Culfa rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd preferator, bir ədəd santexnik ütüsü, iki ədəd 30 metrlik uzatma şunuru olan kabelli traynik, iki kisədə ümumi çəkisi 62 kq olan üzəri izolyasiya olunmayan mis məftillər Zərərçəkmiş şəxs qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- Culfa rayonunun Yaycı kəndində yerləşən ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut, Culfa rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd preferator, bir ədəd santexnik ütüsü, iki ədəd 30 metrlik uzatma şunuru olan kabelli traynik, iki kisədə ümumi çəkisi 62 kq olan üzəri izolyasiya olunmayan mis məftillər hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar