Məhkəmə qərarları › İş №1(089)-4/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-4/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-4/2022 28.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili X1, tərcüməçi X3 iştirakı ilə, 28 sentyabr 2022-ci il tarixdə Culfa rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs- 02 yanvar 1974-cü ildə Türkiyə Respublikası, İğdır şəhəri, Ənginaran kəndində doğulmuş, orta təhsilli, ailəli, dörd uşaq atası, sürücü işləyən, İğdır şəhəri, Ənginaran kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, Naxçıvan Şəhər Məhkəməsinin 08 mart 2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, həbsdə saxlma müddəti 01 iyul 2022-ci il tarixdə 3 ay müddətinə uzadılmış, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Aksu X9 İslam Respublikasında istintaqla müəyyən edilməyən şəxslər tərəfindən Niderland Krallığına aparmaq üçün daşınması həvalə edilmiş, şəxsi istehlak miqdarından artıq 113 kiloqram 820 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına, oradan təyinat ölkəsi Niderland Krallığına daşımaq üçün idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük avtomobilində ümumi çəkisi 6850 kq olan 32 palet unlu qənnadı məmulatları yükü adı ilə qanunsuz olaraq saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 07 mart 2022-ci il tarixdə, saat 02:28 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən həmin narkotik vasitə Culfa gömrük idarəsində gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman aşkar edilərək götürülmüşdür. Bununlа dа Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadəsində bildirmişdir ki, 02 yanvar 1974-cü ildə Türkiyə Respublikası, İğdır şəhəri, Ənginaran kəndində doğulmuşdur. Ailəlidir, dörd uşaq atasıdır. Türkiyə Respublikası, İğdır şəhəri, Ənginaran kəndində yaşayır. 20 ildir ki, sürücü işləyir. Təxminən 4 ay olar ki “MUTLULAR TRANSPORT LTD. ŞTİ” firmasında sürücü işləyir. 23 fevral 2022-ci il tarixdə Türkiyə Respublikasının Bəzirgan gömrüyündən keçərək İran İslam Respublikasının Tehran şəhərinə su keçirtməz sement aparmış, orada olarkən sürücüsü olduğu firmanın səlahiyyətli şəxsi olan “Yunus” ona zəng etmiş, İran İslam Respublikasının Məşhəd vilayəti yaxınlığındakı Şahrud şəhərində olan yükü götürməsini tapşırmışdır. 26 fevral 2022-ci il tarixdə Tehran şəhərində sementi boşaltmış, Şahrud şəhərinə getmiş, 28 fevral 2022-ci il tarixdə Şahrud şəhərində “Yunus”un onun “whatsapp”ına göndərdiyi adresə çatmış və həmin adresdə bir qənnadı fabrikinin olduğunu bilmişdir. Yükləmə fabrikin qarşısından keçən yolun kənarında 28 fevral 2022-ci il tarixdə, təxminən saat 8-də başlamış, günorta saat 14-dək davam etmişdir. O, yükləmə başlanandan bitənə qədər yükləməyə nəzarət etmiş, əvvəlcə taxta paletlər nəqliyyat vasitəsinin qoşqusuna yığılmış, paletlər düzülmüş, fabrikdən çörək və undan hazırlanmış çubuqlar gətirilmiş və paletlərin üstünə yığılmış, yük yığıldıqca selofan streçlə paletlərə sarılmış, baş verənləri müşahidə etmişdir. İdarə etdiyi 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi yükləndikdən sonra, fabrikin sahibi “Nuri” adlı şəxs ona “fabrikdə gözləyəcəksən, başqa bir yük nəqliyyat vasitəsi gələcək, yükün qalanı həmin yük nəqliyyat vasitəsinə yüklənəcək, sonra birlikdə gedəcəksiniz” demişdir. “Nuri” adlı şəxs digər yük nəqliyyat vasitəsini gözləməsini istəməsinin səbəbini yük nəqliyyat vasitələri təktək gömrük sərhəddindən keçirilərsə onun maddi olaraq daha çox xərc çəkəcəyini göstərmişdir. Bu barədə “Yunus”a bildirmiş, “Yunus” ona digər nəqliyyat vasitəsi gələnə qədər orda gözləməsini demişdir. Həmçinin “Nuri” adlı şəxs ona yük nəqliyyat vasitəsini 3 gündən çox saxlamağa haqqının olduğunu bildirmişdir. 2 gün orada qalmış, sonra “MUTLULAR TRANSPORT LTD. ŞTİ” firmasının başqa sürücüsü olan Kart Cihan adlı Türkiyə vətəndaşı oraya gəlmiş, Kart Cihanın idarə etdiyi yük nəqliyyat vasitəsinə də eyni qaydada yük yüklənmişdir. Nəqliyyat vasitələri möhürlənməmişdir. Kart Cihanla eyni vaxtda Tehran şəhərinə gəlmiş, Tehran şəhərində Zənəndar gömrüyü deyilən yerdə nəqliyyat vasitəsi möhürlənmiş, yükü sənədləşdirmişdir. Yükü yüklədiyi yerlə Tehran şəhəri arasında təxminən 450-500 kilometr məsafə olar. O, Tehran şəhərində olarkən “MUTLULAR TRANSPORT LTD. ŞTİ” firmasına yük tapan “Rza” adlı şəxs ona zəng vurmuş, ona İİR-in Culfa şəhərinə getməsini və yükün sənədlərini oraya göndərəcəyini bildirmişdir. Tehrandan 06 mart 2022-ci il tarixdə çıxmış, həmin gün İranın Culfa şəhərinə çatmışdır. “Rza” yükün sənədlərini İİR-in Culfa şəhərində nəqliyyat-daşıma işlərini görən “Əbülfəz” adlı şəxsə göndərmişdir. Əbülfəz sənədləri ona çatdırmış, gömrüyə gəlmiş, İranın Culfa gömrüyünü keçmiş, Naxçıvan Muxtar Respublikasının Culfa gömrüyünə çatmışdır. Gömrükdə yükü və sənədləri yoxlanılmış, nəqliyyat vasitəsini “X-RAY” rentgen qurğusuna göndərmişlər. Nəqliyyat vasitəsi “X-RAY” rentgen qurğusundan çıxdıqdan sonra gömrük əməkdaşları nəqliyyat vasitəsini yoxlama anbarına aparmışlar. Yük yoxlanılmış, yük paletlərin üzərindən götürülmüş, paletin ayağı sındırılmış, paletlərin ayaq hissəsindən rəngli bağlamalar aşkarlanmış, bağlamaların içərisindən isə narkotik vasitəyə bənzər maddə aşkar edilmiş və bütün aşkar edilənlər sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Nəqliyyat vasitəsinə yüklər İİR-in Şahrud şəhərində yüklənmişdir. Şahrud şəhərində yükləmə aparıldıqdan sonra yük nəqliyyat vasitəsinə möhür vurulmamış, möhür Zələndar gömrüyündə vurulmuşdur. CMR-də, beynəlxalq dövriyyə sənədində göstərilməyən yüklərin gömrük tərəfindən buraxılmadığını əvvəlcədən bilmişdir. Beynəlxalq dövriyyə sənədində göstərilən məsuliyyəti və hüquqları barədə heç bir məlumatı olmamışdır. Onun vəzifəsi sürücü olmuş, daşıdığı yükə cavabdeh olmuş, paletlərin ayaqlarına narkotik vasitə yerləşdirilməsindən məlumatı olmamış, narkotik vasitəyə cavabdeh olmamışdır. Onun vəzifəsi yükü tam şəkildə ünvana çatdırmaq olmuşdur. Yüklər nəqliyyat vasitəsinə yüklənən zaman onlara nəzarət etmiş, şübhəli davranış müşahidə etməmişdir. Nəqliyyat vasitəsinə nə yükləndiyini bilmək onun vəzifəsi olduğunu qəbul edir, lakin hazırkı vəziyyətdə bunu bilməsi mümkün olmamışdır. Paletlərdə qeyri-adi nəsə görməmiş, əvvəllər də paletlər üzərində yük daşımışdır. CMR-də yazılan öhdəliklərinin olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin X10nun inspektorudur, lakin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru vəzifəsinə təhkim olunmuş və hazırda həmin şöbədə işləyir. 07 mart 2022-ci il tarixdə Culfa gömrüyündə işdə olmuşdur. Saat 02:28 radələrində İran İslam Respublikasından gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437) yük nəqliyyat vasitəsinin yükünə vizual baxış keçirmiş, nəqliyyat vasitəsində daşınan yüklə onun yük sənədlərini eyniləşdirmiş, sürücünün apardığı yükün unlu qənnadı məmulatları yükü olmasını, yükün invoys sənədində yükün dəyərinin aşağı olmasını, gedəcəyi ünvanın isə uzaq olmasını, həmin yükün daşınmasına çəkiləcək xərclərin çox olmasını, hərəkət marşrutunun riskli olmasını, İİR-dən Niderland Krallığına qənnadı məmulatları daşınmasının absurd olmasını, yükün çəkisi az olduğundan paletlərlə daşınmasına ehtiyacın olmamasını, həmçinin əvvəllər “MUTLULAR TRANSPORT LTD. ŞTİ” firması vasitəsilə İİR-dən daşınan yüklərdə narkotik vasitə aşkar olunmasını düşünmüş, nəqliyyat vasitəsini və yükü əsaslı yoxlamaq barədə qərara gəlmişdir. Həmçinin yükün yükləndiyi yerin də əvvəllər eşitmədiyi bir yer olması onda şübhə yaratdığından, nəqliyyat vasitəsini “X-Ray” rentgen qurğusuna göndərmişdir. “X-ray”dən çıxdıqdan sonra nəqliyyat vasitəsindəki yükə baxış keçirməyi qərara almış və bu barədə Əməliyyat və təhqiqat şöbəsinin baş inspektoru Şahid2 məruzə etmiş, onunla birlikdə həmin yük nəqliyyat vasitəsinə baxış keçirmək üçün şöbə rəisindən icazə almışdır. İcazə alındıqdan sonra nəqliyyat vasitəsini anbara aparmış, sürücü türk vətəndaşı olduğu üçün tərcüməçi, baxışda iştirak etmələri üçün hal şahidləri dəvət etmişdir. Şahid2la birgə anbarda kinoloji xidmətin köməyi ilə yükə baxış keçirmiş, şübhəli nəsə aşkar edilməmişdir. Portif vasitəsilə paletlər nəqliyyat vasitəsinin yük yerindən çıxarılmış, yerə qoyulmuş, paletləri açaraq paletlərdəki yükləri bir neçə yerdən deşərək baxmışdır. Daha sonra həmin yüklərdən birinin qoyulduğu paletin ayaqlarından birini direllə deşmiş, direlin ucluğuna nəyinsə yapışdığını və kəskin iyli olduğunu müəyyən etmişdir. Dəmir çubuqla taxta paletlərin ayaqlarını paletlərdən ayıraraq parçalamış və ayaqların içərisindən narkotik vasitəyə bənzər kütlələr çıxmışdır. Ümumilikdə 32 ədəd taxta paletlərin hər birinin ayaqlarından 09 bağlam olmaqla, cəmi 288 bağlama narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və həmin bağlamalar səkkiz kisədə qablaşdırılmış, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 120.85 kiloqram olmuşdur. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs şübhəli davranmamış, yüklərdə narkotik vasitə aşkarlandıqda isə narkotik vasitəsindən xəbərinin olmadığını bildirmişdir. Sürücü Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin gömrük nəzarətindən gizlədilən heç nə aşkar olunmamışdır. Yoxlmalarla bağlı protokollar tərtib etmiş, iştirakçılarla birgə protokolları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, o, hazırda işsizdir. Culfa gömrüyü ərazisində yüklərin yük nəqliyyat vasitələrinə doldurulubboşaldılmasında fəhlə olaraq işləyir. 07 mart 2022-ci il tarixdə, saat 03 radələrində Culfa gömrüyü ərazisində olarkən gömrük əməkdaşı İlkin müəllim ona yaxınlaşmış, İİR-dən gələn 76AAG563/76AAK437 nömrəli yük maşınına baxış keçirəcəyini, ondan hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Gömrük əməkdaşı onu baxışın keçirilməsi zamanı hal şahidi kimi iştirak etməyə məcbur etməmiş, gömrük əməkdaşından heç bir asılılığı yoxdur. Gömrük əməkdaşı Şahid1 xahişini qəbul etmiş, onunla birgə nəqliyyat vasitəsinin yoxlanacağı anbara getmişdir. Digər gömrük əməkdaşı Şahid2 və onunla birlikdə fəhlə işləyən Arif də hal şahidi qismində dəvət edilmişdir. Əvvəlcə Şahid1 sürücü Təqsirləndirilən şəxs onlara təqdim etmiş, sürücünü əvvəlcədən tanıyıb tanımadıqlarını soruşmuş, o tanımadığını bildirmişdir. Şahid1 sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş nəsə olub-olmamasını soruşmuş, əgər varsa könüllü şəkildə təqdim etməsini bildirmiş, sürücü nəqliyyat vasitəsində qadağan olunmuş, ya da gizli keçirdiyi heç nə olmadığını bildirmişdir. Şahid2 və Şahid1 nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışlar. İlk növbədə yükə xidməti itin vasitəsilə baxış keçirilmiş, nəsə aşkar edilməmiş, daha sonra portif vasitəsilə paletlərdəki yüklər nəqliyyat vasitəsindən anbara boşaldılmış, unlu qənnadı yükünə baxılmış, lakin heç nə aşkar olunmamışdır. Sonra yüklərin olduğu paletlərin ayaqlarını deşərək həmin ayaqların içərisində kəskin iyli maddənin olduğunu görmüşlər. Paletlərin ayaqları gömrük əməkdaşıları tərəfindən qırılmış, ayaqların içərisindəki bükümləri aşkar etmişlər. Nəqliyyat vasitəsində yoxlama aparılan zaman sürücü özünü şübhəli aparmamış, sərbəst davranmış, bükümlər aşkarlandıqdan sonra isə onlardan xəbərinin olmadığını bildirmişdir. Aşkar olunmuş kütlə onun və digər şəxslərin iştirakı ilə elektron tərəzidə çəkilmiş, 120.85 kiloqram olmuşdur. Sonra sürücünün üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Yoxlamalar barədə sənədlər tərtib olunmuş və sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 07 mart 2022-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, 07 mart 2022-ci il tarixdə saat 0228 radələrində X10 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi olan Niderland Krallığına unlu qənnadı məmulatları yükü aparan, Türkiyə Respublikası vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş U25846931 nömrəli xarici pasportun sahibi, 02 yanvar 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********8605 olan yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğu üçün yoxlanılmış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusundakı unlu qənnadı məmulatları yükünün altında olan 32 ədəd taxta paletlərin hər birinin ayaqlarından 9 bağlam olmaqla, ümumilikdə 288 bağlamada ümumi çəkisi 120.85 kq olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. - 07 mart 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Heydər Səmədli tərəfindən qəbul edilmiş “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş U25846931 nömrəli xarici pasportun sahibi, 02 yanvar 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 08 mart 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. 20 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli 86 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda olan 32 ədəd taxta paletlərin içərisindən götürülmüş, 288 ədəd bağlamada təmiz çəkisi-113 kiloqram 819,2 qram olan maddələr narkotik vasitə - heroindir. Tədqiqata 0.8 qr istifadə edildi, 113 kq 818.4 qr qaldı. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 07 iyul 2022-ci il tarixli, 50 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Culfa Gömrük İdarəsində tərtib edilmiş 07 mart 2022-ci il tarixli aktdan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti, nəqliyyat vasitəsinin qoşqusundakı törədilmiş cinayətin izlərini özündə saxlayan 32 ədəd yararsız hala salınmış taxta paletlər, “X11 researches and manufacturing Co.” tərəfindən ixrac edilən çəkisi 6850 kq olan “unlu qənnadı məmulatları” yükü ”Naxterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarına təhvil verilmiş və orada saxlanılır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 07 mart 2022-ci il tarixdə tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022- ci il tarixli, 86 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etməsə də, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında yükün tam şəkildə qəbul edilməsi və yükgöndərmə qaiməsində xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyatın aparılmaması, beynəlxalq yük daşıma qaydalarına riayət etməməsi bir daha onu sübut edir ki, daşıdığı yükün içərisində olan narkotik vasitəsini saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımışdır. Məhkəmə belə hesab edir ki, nəqliyyat vasitəsinə yüklənən yükün nədən ibarət olmasını bilmək sürücünün vəzifəsidir. Belə olan halda təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükdə narkotik vasitənin qablaşdırılmasından xəbəri olmalı idi. Təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükdə narkotik vasitənin qablaşdırılmasından xəbərinin olmasının mümkün olmamasını bildirməsi isə onu cinayət məsuliyyətindən azad etmir və özünü müdafiə kimi qəbul edilir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında istintaqla müəyyən olunmayan şəxslərdən İran İslam Respublikasından gələrək X10 vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Niderland Krallığına aparmaq üçün daşınması həvalə edilmiş və idarə etdiyi 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük avtomobilinə yüklənmiş ümumi çəkisi 6850 kq olan 32 palet unlu qənnadı məmulatları Təqsirləndirilən şəxs tərəfindən (deməsinə görə möhürlənmiş halda) qəbul edilmiş, göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeydşərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyat aparılmamışdır. 19 may 1956-cı il tarixli “X4” haqqında Cenevrə Konvensiyasının müddəalarına əsasən göndərilən yük göndərən və daşıyıcı tərəfindən imzalanmış üç əsl nüsxədə tərtib edilmiş göndərmə qaiməsi ilə müşayiət olunmalıdır. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyü, malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Göndərən daşıyıcıdan malın ümumi çəkisini və ya başqa cür ifadə edilmiş miqdarını yoxlamağı tələb etmək hüququna malikdir. O, həmçinin paketlərin məzmununun yoxlanılmasını tələb edə bilər və daşıyıcı belə yoxlamanın dəyərini tələb etmək hüququna malikdir. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və yük qaiməsi daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malların və onların qablaşdırılmasının daşıyıcı onları təhvil alması zamanı saz vəziyyətdə görünməsi və bağlamaların sayı, onların marka və nömrələri yük qaiməsindəki ifadələrə uyğundur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, 07 mart 2022-ci il tarixdə, saat 02:28 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük nəqliyyat vasitəsində Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Niderland Krallığına aparmaq üçün daşınması həvalə edilmiş 113 kiloqram 820 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan daşımaq üçün idarə etdiyi 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük nəqliyyat vasitəsində unlu qənnadı məmulatları yükünün altında olan 32 ədəd taxta paletlərin hər birinin ayaqlarının içərisində qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, gömrük nəzarətindən gizlin X10 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin,..., Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş, strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq ediləsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı heroin olan maddə narkotik vasitədir və bu narkotik vasitənin 0.15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 113 kiloqram 818,4 qram olan heroin narkotik vasitəsi müsadirə edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi Culfa Rayon Məhkəməsində saxlanılan U25846931 nömrəli pasport və 1 ədəd **********0 nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd AE812804 nömrəli sürücülük vəsiqəsi, 2 ədəd 33444971 və 33467434 nömrəli sürücülük kartları, 3 ədəd **********422650, **********452525, **********923096 bank kartları, 1 ədəd “Samsung Galaxy J7 core” markalı mobil telefon (İMEİ: **********04895), 1 ədəd işləməyən “TCL” markalı mobil telefon və 2 ədəd 5 Azərbaycan manatı, 3 ədəd 100 ABŞ dolları, 2 ədəd 20 ABŞ dolları, 1 ədəd 10 ABŞ dolları, 2 ədəd 50 avro, 3 ədəd 100 türk lirəsi Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməli, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarında saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti və Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan həmin yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan nəqliyyat vasitəsində daşınan çəkisi 6850 kq olan “unlu qənnadı məmulatları” yükü “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə qaytarılmalı, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan və içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, narkotik vasitələrin aşkarlanması zamanı yararsız hala salınmış 32 ədəd taxta palet hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanması kamerasında saxlanılan, ümumi təmiz çəkisi 113 kiloqram 818,4 qram olan heroin narkotik vasitəsi müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonda məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş ona məxsus olan və Naxçıvan Muxtar Respublikasının Culfa Məhkəməsində saxlanılan U25846931 nömrəli pasport, 1 ədəd **********0 nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd AE812804 nömrəli sürücülük vəsiqəsi, 2 ədəd 33444971 və 33467434 nömrəli sürücülük kartları, 3 ədəd **********422650, **********452525, **********923096 bank kartları, 1 ədəd “Samsung Galaxy J7 core” markalı mobil telefon (İMEİ: **********04895), 1 ədəd işləməyən “TCL” markalı mobil telefon və 2 ədəd 5 Azərbaycan manatı, 3 ədəd 100 ABŞ dolları, 2 ədəd 20 ABŞ dolları, 1 ədəd 10 ABŞ dolları, 2 ədəd 50 avro, 3 ədəd 100 türk lirəsi Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarında saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi ““MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAG563 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK437, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti və Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan həmin yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport, nəqliyyat vasitəsində daşınan çəkisi 6850 olan -“unlu qənnadı məmulatları” yükü “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan və icərisindən narkotik vasitə olan heroin aşkar edilən, narkotik vasitə aşkar edilən zaman yararsız vəziyyətə salınan 32 ədəd taxta paletlər müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonda məhv edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar