Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-4/2025 22.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs -xx.xx.1984-cü ildə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, avtomobil təmiri ustası işləyən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu olmayan, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə, saat 00:32 radələrində yaşadığı Culfa rayonunun Yaycı kəndində yerləşən “Qizilqaya” restoran-kafedə heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik edib şəxslər üzərində zor tətbiq etmiş, həmkəndlisi həmin kafedə ofisant işləyən Zərərçəkmiş şəxs2 üz nahiyəsindən şillə ilə vurmuş və ona boyun nahiyəsinin arxa səthinin sıyrıq xəsarəti ilə müşayiət olunan dərərcəsi təyin olunmayan xəsarət yetirmişdir. Həmçinin həmkəndlisi Zərərçəkmiş şəxs1 üz nahiyəsindən silah qismində istifadə edilən əşyanın-masanın üzərində olan qədəhin köməyi ilə vurmuş və sonuncuya sol qaşüstü nahiyəsinin üzərində olan əzilmiş yara xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə müşahidə olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq əməlini törətmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddələsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 7 ildir ki, avtomobili təmiri ilə məşğul olur, dəmirçi malyardır. 2012-ci ildə Bakı şəhərində özünə məxsus Mercedes markalı avtomobili ilə yolu piyada keçən qadını vuraraq ölümünə səbəb olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuş, 3 il 6 ay həbs yatdıqdan sonra azadlığa çıxmışdır. Həbsdən çıxdıqdan sonra öz kəndində avtomobil təmiri ilə məşğul olmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində yaşadığı Culfa rayonunun Yaycı kəndində yerləşən “Qızılqaya” restoran-kafedə əyləşib enerji içkisi içmiş, orada telefonla ucadan danışmağa başlamış, bu zaman yaranmış səs-küyə görə kafenin müdiri Şahid5 ona tərəf yaxınlaşmış, bir az sakit olmasını bildirmişdir. O, Şahid5 “bura kafedir, səs-küy olacaqdır” deyərək irad bildirmiş, Şahid5 ilə sözlü şəkildə mübahisə etmişdir. Onunla mübahisə etdikdən sonra oradan çıxıb getməyi qərarlaşdırmış, həmin vaxt orada olan Şahid3 adlı qonşusu ilə restoran-kafeni tərk edib evinə tərəf getmiş, yolda gedərkən həmkəndlisi olan Şahid2 ona zəng vurmuş, evlərinə çay içmək üçün dəvət etmiş, qonşusu Şahid3 həyət qapılarının yanında ayrılıb evlərinə getmişdir. Oradan Zülfüqargilə tərəf getmiş, Zülfqargilin həyətlərində çay içmək üçün əyləşmişlər. Həmin vaxt ondan böyük olan qardaşı Şahid4 ona zəng vurmuş, ona əsəbi şəkildə “sən niyə gedib Qızılqaya restoran-kafedə səs-küy salmısan” deyərək hirslənmişdir. O, qardaşından onun səs-küy saldığını kimin dediyini soruşmuş, qardaşı kafedən zəng vurub dediklərini bildirmişdir. Zülfüqargildə çay içmədən masadan ayrılıb birbaşa “Qızılqaya” restorankafeyə tərəf getmişdir. Zülfqar Zülfüqarov da yanında olmuşdur. Kafeyə getməkdə məqsədi onun səs-küy salması barədə məlumat verənin kim olmasını öyrənmək olmuşdur. Kafenin içərisinə daxil olmuş, Şahid5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bir masanın ətrafında əyləşdiyini görmüş, həmin masaya tərəf getmiş, masaya yaxınlaşmış, onlardan qardaşına kimin zəng vurub onun kafedə səs-küy salmasını dediyini soruşmuş, ilk öncə həmin şəxslər bilmədiklərini demişlər, sonra nalayiq sözlərlə söyüş söymüş, bu zaman həmin kafedə qarson işləyən Zərərçəkmiş şəxs2 adlı şəxs onun zəng vurub qardaşı Xaqani Məmmədova məlumat verdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 başından şillə ilə vurmuş və “adam kişi olar” demiş, həmin vaxt Əhliman masada əyləşmiş, onu vuran zaman o yerindən qalxmış və onun söydüyü söyüşə qarşılıqlı şəkildə cavab vermişdir. Həmin vaxt masada əyləşmiş Zərərçəkmiş şəxs1 adlı digər bir həmkəndlisi ona “sən bu nə sözlərdi danışırsan, ayıbdır” deyərək irad bildirmiş, ona “sən qarışma sənlik deyil” deyərək cavab vermiş, bu zaman Zərərçəkmiş şəxs1 ona hirslənib “çıx cəhənnəm ol çölə” deyərək cavab vermiş, o da masanın üzərində olan qədəhi götürüb onun üzərinə doğru tullamışdır. Qədəh onun sol gözünün üstündən, alın nahiyəsinə dəymiş, Zaurun alnından qan gəlməyə başlamışdır. Orada olan şəxslər onu kənara dartıb aparmışlar. Restoran-kafenin qapısında olarkən içəri polis əməkdaşları daxil olmuş, ondan hadisənin onun tərəfindən törədilib-törədilmədiyini soruşmışlar. Polis əməkdaşlarına hadisəni özünün törətdiyini bildirmişdir. Onu Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə aralarında ədavət və düşmənçilik olmamış, əvvəllər Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 hər hansı bir formada vuraraq xəsarət yetirməmiş, onlarla heç vaxt mübahisəsi olmamışdır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuraraq hadisə törədən zaman restoran-kafedə bir neçə şəxs olmuş, sonra Zərərçəkmiş şəxs1 zəng vurub ondan üzr istəmiş, həmçinin onun vəziyyəti ilə maraqlanmış, həmin gün orada ancaq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkən zaman əlində bıçaq və ya küt əşya olmamışdır. Onu heç kəs hadisə vaxtı döyməmişdir. Kafedə səs-küy salıb, mübahisə edib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuran zaman ictimai qaydanı kobud surətdə pozduğunu, orada olan şəxslərin yanında nalayiq sözlər işlədərək cəmiyyətə acıqca hörmətsizlik etdiyini dərk etmişdir. Törətdiyi əməldən çox peşmandır, məhkəmədən zərərçəkmiş şəxslərdən üzr istədiyini, barışdığını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 26 avqust 2024-cü ildə həmkəndlisi Təqsirləndirilən şəxs çalışdığı “Qızılqaya” restoranına gəlmiş, orada Mehdi adlı həmkəndlisi ilə bir masada əyləşmiş, yeyib-içdiklərini görmüş, lakin Qalibin spirtli içki qəbul edib-etmədiyini görməmişdir. Qalib uca səslə danışıb deyib-güldüyünə görə kafeni işlədən Cəlal ona yaxınlaşmış, sakit olmasını bildirmiş, sonra Qalib Cəlala narazılıq edərək kafedən getmişdir. O, Qalibi tanıdığından onun yaxşılığını düşünüb qardaşı Xəqaniyə zəng etmiş, Qalibin etdiklərini demiş, Xəqani isə ona polisə məlumat verməsini bildirmişdir. Lakin Qalib artıq kafede olmadığından o polisə zəng etməmişdir. Təxminən yarım saat sonra Qalib həmkəndlisi Şahid2la restorana gəlmiş, həmin vaxt o Zərərçəkmiş şəxs1la restoranda oturmuşdur. Təqsirləndirilən şəxs restorana daxil olmuş, onun oturduğu masaya yaxınlaşmış, ondan qardaşı Xəqaniyə zəng edibetməməyini soruşmuş, o isə məsələ böyüməsin deyə Qalibə Xəqaniyə zəng etmədiyini demişdir. Qalib söyüş söyməyə başladığından Qalibə Xəqaninin ona zəng etdiyini, söhbət əsnasında Xəqaniyə dediyini bildirmiş, bu zaman Qalib onu söyərək sol üz nahiyyəsindən sillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs1 həmin vaxt Qalibə irad bildirmək istəmiş və Qalib masanın üzərindən qədəhi götürmüş və Zərərçəkmiş şəxs1 tərəf tullamış, qədəh Zaurun alnından dəymişdir. Zaurun alnı qanamağa başlamış, həmin vaxt restoranda olan şəxslər Qalibi sakitləşdirməyə çalışmışlar. O, isə kənara çəkilmiş, Zərərçəkmiş şəxs1 isə restoranın salonuna çıxmışdır. Daha sonra polis əməkdaşları gəlmiş, baş vermiş hadisə barədə maraqlanmışlar. Sonra o və orada olan digər şəxsləri polis şöbəsinə dəvət edilmiş, izahatlarını almışdır. Zərərçəkmiş şəxs2 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxsla həmkəndlidir, onu tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs onu sillə ilə vurduğu zaman ətrafda çoxlu şəxslər olmuş, lakin onların kim olmasına dəqiq xatırlamır. Təqsirləndirilən şəxs onu və Zərərçəkmiş şəxs1 vurduqdan sonra və ya əvvəl Zərərçəkmiş şəxs1, həmçinin orada olan başqa şəxslər onu vurmamış və təhqir etməmişdir. Hazırda səhhəti ilə bağlı heç bir narahatçılığı yoxdur. Şahid2la da həmkəndlidir, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Şahid2 Təqsirləndirilən şəxsla birlikdə retorana gəlsə də, Təqsirləndirilən şəxs onlara fiziki təsir göstərən zaman Zülfüqar onları vurmamış, təhqir etməmiş, əksinə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışlar və ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat 23 radələrində həmkəndlisi və uzun illərdir dostluq münasibəti olan Zərərçəkmiş şəxs2lə onun qarson olaraq işlədiyi Culfa rayonunun Yaycı kəndində yerləşən “Qızılqaya” restoranına verdiyi quzunun pulunu haqq-hesab etmək üçün getmiş, Zərərçəkmiş şəxs2lə masaların birində oturub söhbət edərkən həmkəndlisi Təqsirləndirilən şəxs və Şahid2 kafeyə daxil olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onların oturduğu masaya gəlmiş, Zərərçəkmiş şəxs2 bir neçə sual vermiş, ondan onun “Qızılqaya” restoranında səs-küy salıb narahatçılıq etməsini qardaşına kimin zəng vurub deməsini soruşmuş, Əhliman əvvəl məlumatının olmadığını bildirmiş, sonra Qalib söyüş söyməyə başladıqda Əhliman Qalibə qardaşı Xəqaniyə özünün zəng etmədiyini, Xəqaninin ona zəng etdiyini, o zəng etdikdən sonra Xəqaniyə bu barədə dediyini bildirmişdir. Bu zaman Qalib Əhlimanı söyərək onun sol üz nahiyyəsindən sillə ilə vurmuş, o Qalibə etdiyi hərəkətə görə iradını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs masanın üzərində olan qədəhi götürüb ona tərəf tullamış, qədəh gözünün üst nahiyyəsindən, alnından dəymiş, alnı qanamağa başlamış, daha sonra isə onu söyməyə davam etmiş, o alnı qanadığından oradan kənara çəkilib salona çıxmışdır. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlmiş, alnının qanadığını görüb onu Culfa rayon Mərkəzi Xəstəxanasına aparmışlar, oradan isə onu Naxçıvan Muxtar Respublikası Xəstəxanasına göndərmişlər. Xəstəxanada müayinə olunmuş, oradan çıxdıqdan sonra gec olduğundan evə getmişdir. Sabahısı günü isə Təqsirləndirilən şəxs barəsində Culfa rayon Polis Şöbəsinə gedərək şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxsla həmkəndlidir, onu tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs onu qədəhlə vurduğu zaman ətrafda çoxlu şəxslər olmuş, lakin onların kim olmasına dəqiq xatırlamır. Hazırda səhhəti ilə bağlı heç bir narahatçılığı yoxdur. Təqsirləndirilən şəxsla barışmışlar və ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat 22 radələrində Naxçıvan şəhərindən yaşadığı Yaycı kəndinə gəlmiş, məhəllədə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs görmüşdür. Onunla aralarında dostluq münasibəti olmuş, Təqsirləndirilən şəxsla salamlaşmış, Qalibin hövsələsinin olmadığın görmüş, Qalibi həyətə söhbət etməyə dəvət etmiş, ona çay süfrəsi açmışdır. Çayı içən zaman Qalibin qardaşı Xəqani ona zəng etmiş, Qalibin harda olduğunu soruşmuş, Qalibin yanında olduğunu demişdir. Xəqani telefonu Qalibə verməyini demiş, o telefonu Qalibə vermişdir. Xəqani Qalibə nəsə demiş, Qalib əsəbi halda ayağa durub getmiş, Qalibdən hara getdiyini soruşmuş, ona heçnə olmadığını demişdir. Qalibi tək qoymamaq, bir mübahisə olmaması üçün onun yanınca getmişdir. Qalib Yaycı kəndində yerləşən “Qızılqaya” restoranına getmiş, restorana getdikdən sonra Qalib orada masaların birinə yaxınlaşmış, restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs2 və digər bir həmkəndlisi Zərərçəkmiş şəxs1 tərəf getmiş, Əhlimandan qardaşı Xəqaniyə kimin zəng vurub kafedə səs-küy saldığını dediyini soruşmuş, Əhliman xəbərinin olmadığını dedikdə Qalib söyüş söyəcəyini demiş və bu zaman Əhliman onun Xəqaniyə zəng vurub məlumat verdiyini bildirmişdir. Həmin vaxt Qalib Əhlimanın sol üz nahiyyəsindən sillə ilə vurmuş, Zaur həmin vaxt Qalibə etdiyi hərəkətin düz olmadığını bildirmiş, mübahisə böyümüş, Zərərçəkmiş şəxs1 bir anda alnından qan gəldiyini görmüş, lakin o Zərərçəkmiş şəxs1 kimin vurmasını, nə ilə vurmasını görməmişdir. X9 masanın üzərində olan qədəhlə vurmasını demişlər. Qalibi sakitləşdirmək üçün kənara çəkmiş, daha sonra polis əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 polis şöbəsinə apamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat 20 radələrində kənddə yerləşən “Qızılqaya” restoran kafedə olmuş və pivə içmişdir. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs restorana gəlmiş, ondan kiminlə oturduğunu soruşmuş, o tək özü olduğunu demişdir. Qalib onun yanında oturmuş və özü üçün hell içkisi sifariş vermiş, sifariş biraz gecikdiyi üçün Qalib Zərərçəkmiş şəxs2 adlı ofisiantı çağırıb biraz uca səslə sifarişinin nə üçün gecikdiyini bildirmiş, Əhliman isə biraz gözləməsini, gələcəyini demiş, Qalib Əhliman ilə sözlü mübahisə etməyə başlamış və bir az da uca səslə danışmışdır. Sonra restoranın icarədarı Şahid5 masaya gələrək Qalibə biraz sakit olmasını demiş, Qalib ona buranın restoran olduğunu demişdir. Sonra Cəlal gedərək ona vhatsapp vasitəsilə mesaj yazmış, Qalibi sakitləşdirməyini demiş, o da Qalibi sakitləşdirmiş və onlar birlikdə kafedən çıxıb evlərinə getmişlər. Daha sonra isə nə baş verməsi barədə məlumatı olmamış, sonradan Qalibin restorana təkrar gəlməsini və orada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adlı şəxslərə fiziki təsir göstərib, onları vurmasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində və suallara cavabında bildirmişdir ki, 4 ay olar ki, Culfa rayonunun Yaycı kəndində yerləşən “Qızılqaya” restoranını icarə əsasında işlədir. 26 avqust 2024-cü ildə saat 20 radələrində o kafede olarkən həmkəndlisi Təqsirləndirilən şəxs restorana gəlmiş, Qalib restoranda digər həmkəndlisi Mehdi adlı şəxslə birlikdə bir masada oturmuş, Qalib biraz oturduqdan sonra uca səslə danışmağa, deyib-gülməyə başlamış və o restoranda olan şəxslərin narahat olduqlarını görüb Qalibə yaxınlaşaraq biraz sakit olmasını bildirmişdir. Onun dediyi söz Qalibin xoşuna gəlməmiş, ona bu sözü ərk edib dediyini bildirsə də, Qalib kafedən çıxıb getmişdir. Təxminən yarım saat sonra isə Təqsirləndirilən şəxs digər həmkəndlisi Şahid2la təkrar kafeyə gəlmişdir. Qalib kafede ofisiant işləyən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onunla söhbət etməyə başlamış, Qalib biraz söhbət etdikdən sonra mübahisə etməyə başlamış və Əhlimanın üz nahiyyəsindən sillə ilə vurmuşdur. Bu zaman Əhlimanın birlikdə oturduğu Zərərçəkmiş şəxs1 Qalibə irad bildirmiş və həmin vaxt Təqsirləndirilən şəxs masanın üzərində olan qədəhi götürüb Zərərçəkmiş şəxs1 tərəf tullamış və qədəh Zərərçəkmiş şəxs1 alnına dəymiş və Zaurun alnı qanamağa başlamışdır. Onlar dərhal Qalibi sakitləşdirmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oradan kənara çəkilmişlər, bir neçə dəqiqə ərzində isə polis əməkdaşları restorana gələrək nə baş verdiyini soruşmuşlar. Daha sonra orada olan şəxslərdən bir neçə nəfəri polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Şahid5 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxsla həmkəndlidir, onu tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə restorana gəlsə də, mübahisə yaratmamış, kimisə vurmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs kimsə vurmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 alın nahiyəsindən qədəhlə vurmuş, Zərərçəkmiş şəxs2 isə üz nahiyyəsindən sillə ilə vurmuş və onları nalayiq sözlərlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində evində olarkən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs2 adlı həmkəndlisi ona zəng vurmuş, qardaşı Təqsirləndirilən şəxs Yaycı kəndində yerləşən “Qızılqaya” restoran kafesində səs-küy saldığını, uyğunsuz hərəkətlər etdiyini bildirmiş və ondan Qalibi oradan evlərinə aparmasını xahiş etmişdir. Evində qonağı olduğuna görə oraya 20 dəqiqə sonra getmiş, Qaliblə maraqlanmış, Qalibin artıq oradan getdiyini bildirmişlər. Oradan evinə qayıtmış, həmin vaxt Qalibə zəng vursa da, onun telefonuna zəng çatmamışdır. O, Qalibin həmkəndlisi Zülfüqargildə olması barədə məlumat əldə etmiş, Zülfüqara zəng vurub Qalibin onlarda olub-olmamasını dəqiqləşdirmiş, o isə Qalibin onlarda olduğunu təsdiqləmişdir. Zülfüqardan telefonu Qalibə verməsini istəmiş, Qaliblə telefonda danışmış və ona “sən niyə gedib Qızılqaya kafedə səs-küy salıb özünü apara bilmirsən” deyərək iradını bildirmiş, Qalib ona heç bir cavab verməmişdir. Qalibə evlərinə getməsini bildirmiş, səhər onunla gəlib danışacağını demiş, sonrakı proseslərdən xəbəri olmamışdır. Şahid4 ifadəsində onu da bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs əvvəllər başqa şəxsləri döyərək onlara xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Culfa rayon Yaycı kəndində yerləşən “Qızılqaya” restoran-kafedə baş vermişdir. 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Culfa rayon Yaycı kəndində yerləşən, Culfa rayon Yaycı kənd sakini X1 məxsus olmaqla, Culfa rayon Yaycı kənd sakini Şahid5 icarəyə götürüb işlətdiyi Qızılqaya restoran-kafeyə baxış keçirlimiş və hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Həmçinin “Qızılqaya” restorankafenin müşahidə kamerasına baxış keçirilmiş və baxış zamanı Culfa rayon Yaycı kənd sakini Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 00:32 radələrində yaşadığı Culfa rayon Yaycı kəndində yerləşən “Qızılqaya” restoran-kafeyə gəlib, saat 00:32-dən 00:37-dək olan müddət ərzində orada masanın arxasında əyləşmiş ofisant işləyən Zərərçəkmiş şəxs2 üz nahiyyəsindən şillə ilə vururaq ona boyun nahiyəsinin arxa səthinin sıyrıq xəsarəti ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarət yetirməsi, həmçinin həmkəndlisi Zərərçəkmiş şəxs1 üz nahiyyəsindən silah qismində istifadə edilən əşyanınmasanın üzərində olan qədəhin köməyi ilə vuraraq ona sol qaşüstü nahiyyəsinin üzərində olan əzilmiş yara xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməsi ilə müşahidə olunan qərəzli hərəkətləri, yəni xuliqanlıq əməlini törətməsi zamanı müşahidə kamerasında əks olunan görüntülər 700 MB həcmində olan CDR-ə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 28 avqust 2024-cü il tarixli 62 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol qaşüstü nahiyyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti məhkəmə-tibbi müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu bədən xəsarətinin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özü-özünə yetirilməsi az inandırıcıdır. Məhkəmə-tibbi ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 28 avqust 2024-cü il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: boyun nahiyyəsinin arxa səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti məhkəmə-tibbi müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 almış olduğu bədən xəsarətinin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özü-özünə yetirilməsi az inandırıcıdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 09 sentyabr 2024-cü il tarixli 1585 nömrəli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə narkomaniyaya, alkoqolizmə və ruhi xəstəliyə görə dispanser qeydiyyatından dayanmır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-dən göndərilmiş 31 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 28 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Culfa rayon İH-nin Yaycı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Culfa rayon Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X7 və oğlu X6 ibarət ailə üzvləri vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə, saat 00:32 radələrində yaşadığı Culfa rayonunun Yaycı kəndində yerləşən “Qizilqaya” restoran-kafedə heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik edib şəxslər üzərində zor tətbiq etmiş, həmkəndlisi həmin kafedə ofisant işləyən Zərərçəkmiş şəxs2 üz nahiyəsindən şillə ilə vurmuş və ona boyun nahiyəsinin arxa səthinin sıyrıq xəsarəti ilə müşayiət olunan dərərcəsi təyin olunmayan xəsarət yetirmişdir. Həmçinin həmkəndlisi Zərərçəkmiş şəxs1 üz nahiyəsindən silah qismində istifadə edilən əşyanın-masanın üzərində olan qədəhin köməyi ilə vurmuş və sonuncuya sol qaşüstü nahiyəsinin üzərində olan əzilmiş yara xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə müşahidə olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq əməlini törətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ailə vəziyyətini və cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınmalıdır Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 2 il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs müəyyən edilmiş 2 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-4/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-4/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver