Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-5/2022 29.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, 29 sentyabr 2022-ci il tarixdə Culfa rayon Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs-09 aprel 1976cı il tarixdə Türkiyə Respublikası, Amasya vilayətinin Merzifon şəhərində doğulmuş, orta təhsilli, evli 3 uşaq atası, sürücü işləyən, Amasya vilayəti, Merzifon şəhəri, Harmanlar məhəlləsi Burç küçəsi 2, mənzil 2 ünvanında yaşayan, əvvəllər məhkum olunmamış, Naxçıvan Şəhər Məhkəməsinin 08 mart 2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, 01 iyul 2022-ci il tarixdə həbsdə saxlama müddəti 3 ay müddətinə uzadılmış, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Kart X10 İslam Respublikasında istintaqla müəyyən edilməyən şəxslər tərəfindən Niderland Krallığına aparmaq üçün daşınması ona həvalə edilmiş şəxsi istehlak miqdarından artıq, 113 kiloqram 835 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına, oradan təyinat ölkəsi Niderland Krallığına daşımaq üçün idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük avtomobilində ümumi çəkisi 6850 kq olan “unlu qənnadı məmulatları” yükü adı ilə qanunsuz olaraq saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 07 mart 2022-ci il tarixdə, saat 02:28 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən həmin narkotik vasitə Culfa gömrük idarəsində gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman aşkar edilərək götürülmüşdür. Bununlа dа Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadəsində bildirmişdir ki, 09 aprel 1976-cı il tarixdə Türkiyə Respublikasının Amasya vilayətinin Merzifon şəhərində doğulmuş, ailəli, 3 uşaq atasıdır. 2011-ci ildən sürücü işləyir. “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətində 3 ildir ki, sürücü kimi işləyir. 26 fevral 2022-ci il tarixdə Türkiyə Respublikasının Gürbulaq gömrüyündən İran İslam Respublikasının Təbriz şəhərindəki Sahlan gömrüyünə havalandırma sistemi üçün avadanlıq aparmış, yükü orada boşaltmış, çalışdığı “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinin işçisi “Yunus” ona zəng etmiş, şirkətin rəhbəri X14 İslam Respublikasının Şahrud şəhərində yükü olduğunu bildirmiş və həmin yükü götürməyi tapşırmış, İran İslam Respublikasında daşımacılıq şirkətsı olan “İran Transport”un səlahiyyətli şəxsi olan Rzanın mobil nömrəsini ona verərək, yükün yerləşdiyi yeri “whatsapp”da ona atmışdır. 01 mart 2022-ci il tarixdə Şahrud şəhərinə doğru yola düşmüş və 02 mart 2022-ci il tarixdə oraya çatmış, “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinin digər sürücüsü X9 da 2-3 gün əvvəl, yükü yükləyib orada gözlədiyini bilmişdir. X11 ilk dəfə orada görüb tanımışdır. Yükü yükləyəcəyi xəmir məmulatları fabrikasını əvvəllər tanımamış və orada tanış olduğu müdiri “Nuri” adlı şəxs də orada olmuş və həmin sənaye bölgəsindəki fabrikada un qənnadı məmulatı yükünü yükləmişdir. Yükün təyinat yeri Niderland Krallığı olmuş, yükü Türkiyə Respublikasının İstanbul şəhərinə qədər aparacağı, orada yük avtomobilinin qoşqusunu başqa sürücüyə təhvil verəcəyi və qarşılığında 220 ABŞ dolları məbləğində pul alacağı ona bildirilmişdir. “İran transport”un çalışanı olan, yükü yükləyən zaman tanıdığı “Muhammet” adlı şəxs orada yüklənən yükə nəzarət etmiş, yükü yüklədikdən sonra “Muhammet” İran İslam Respublikasının Tehran şəhərindəki adını xatırlamadığı gömrüyün yerini ona “whatsapp”da atmış və X15 ilə birlikdə oraya getmişlər. Getdiyi yerə qədər olan məsafə təxminən 470 km olmuşdur. 03 mart 2022-ci il tarixdə Tehran şəhərindəki gömrüyə çatmış və gec olduğu üçün gecəni orada yatmışdır. 04 mart 2022-ci il tarixdə “Nuri” ilə “Muhammet” oraya gəlmiş və idarə etdiyi 76AAJ134/76AAG184 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini plomblamışlar. Həmin gün saat 11 radələrində Tehran şəhərindən, gömrükdən yola düşmüş və axşam saat 23 radələrində İran İslam Respublikasının Culfa gömrüyünə çatmış, Culfa gömrüyündə sistem çalışmadığından 06 mart 2022-ci il tarixədək orada qalmalı olmuşdur. Sistem işləyəndən sonra sənədləri hazır olmuş və oradan Naxçıvan Muxtar Respublikasının Culfa gömrüyünə keçmişdir. 07 mart 2022-ci il tarixdə gecə idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük əməkdaşları vizual baxış keçirmiş və yük nəqliyyat vasitəsini “X-Ray” rentgen qurğusuna göndərmişlər. Yük nəqliyyat vasitəsi “X- Ray” rentgen qurğusundan keçdikdən sonra gömrük əməkdaşları onu anbara apararaq yükü açaraq yoxlamağa başlamışlar. Yoxlama zaman yük avtomobilindəki unlu qənnadı məmulatları yükünün altındakı taxta paletlərin ayaqlarından bağlamalarda olan narkotik vasitəyə bənzər maddə aşkar edilmiş və həmin bağlamalar onun yanında tərəzidə çəkilmiş, 113 kiloqram 835 qram olmuşdur. Sənədlər hazırlanmış, sənədləri imzalamışlar. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, özünü ona gör təqsirli bilmir ki, yük maşınına yerləşdirilən narkotik vasitədən məlumatı olmamış, həmin narkotik vasitələrinin yük maşınına yerləşdirilməsi şəklinə baxdıqda, xəbərinin olması mümkün deyil. Maşına yüklər İİR-in Şahrud şəhərində 8-9 nəfər tərəfindən yüklənmiş, “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətində ona əmək haqqını aylıq maaş şəklində verilmişdir. Qənnadı məmulatının şirkət tərəfindən Niderland Krallığına hansı qiymətə daşınması barədə məlumatı yoxdur. Malların Türkiyə Respublikasının Şəqri Bəyazid bölgəsindən birbaşa keçirilməsinin təhlükəli və sıxıntılı olması səbəbindən Azərbaycan Respublikasının ərazisindən keçmişdir. Sadəcə 1 dəfə fıstıq yükü aparan zaman Bəyaziddən İİR-ə keçmişdir. Paletlərə yerləşdirilmiş narkotik vasitənin insan gözü ilə müşahidə edilməsi, görməsi mümkün deyil. Narkotik vasitəni “Nuri” adlı şəxsin paletlərə yerləşdirdiyini düşünür. “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinin qaninsuz işlər görməsi mümkün deyil. Şahrud şəhərində yükləmə aparıldıqdan sonra yük nəqliyyat vasitəsinə möhür vurulmamış, nəqliyyat vasitəsi Tehran şəhərində gömrükdə möhürlənmişdir. Şəhrud şəhərindən Tehran şəhərinə, təxminən 470 km məsafədə malları nəqliyyat vasitəsində möhürsüz daşımışdır. CMR-də, beynəlxalq dövriyyə sənədində göstərilməyən yüklərin gömrük tərəfindən buraxılmadığını bilmiş, beynəlxalq dövriyyə sənədində göstərilən məsuliyyəti və hüquqları barədə heç bir məlumatı olmamışdır. O, sürücü olaraq daşıdığı yükün özünə cavabdeh olmuş, gizlədilmiş əlavə yükə, narkotik vasitəyə cavabdeh deyil. Yük nəqliyyat vasitəsinə nə yükləndiyin bilmək vəzifəsi olduğunu qəbul edir. Paletlərdə qeyri-adi nəsə hiss etməmiş, CMR-i İİR-in Culfa şəhərində almış, gömrükdə maşına baxış keçirilən zaman orada iştirak etmiş, nəqliyyat vasitəsinin qoşqusundan narkotik vasitənin aşkar edilməsinin şahidi olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru vəzifəsində işləmişdir. 07 mart 2022-ci il tarixdə Culfa Gömrük İdarəsində xidmətdə olmuşdur. Saat təxminən 02:28 radələrində İran İslam Respublikasından gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük nəqliyyat vasitəsinin yükünə vizual baxış keçirmiş və nəqliyyat vasitəsində daşınan yüklə onun yük sənədlərini eyniləşdirmişdir. Sürücünün unlu qənnadı məmulatları yükü daşıdığını görmüşdür. Yük sənədlərində yükün dəyərinə və malın çatdırılacağı yerə diqqət etmiş, yükün dəyərinin aşağı olmasını, gedəcəyi yerin uzaq olmasını, həmin yükün daşınmasına çəkiləcək xərclərin onun fikrincə çox olmasını, hərəkət marşrutunun riskli olmasını, yükün çəskisi az olduğundan paletlərlə daşınmasına ehtiyac olmamasını, həmçinin əvvəl “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkəti vasitəsilə İİR-dən daşınan yüklərdə narkotik vasitə aşkar olunmasını analiz etmiş və daşınan yükdə şübhəli hallar olduğu qənaətinə gəlmiş və həmçinin Avropaya gedən yüklər riskli olduğu üçün yük nəqliyyat vasitəsini “X-Ray” rentgen qurğusuna göndərmişdir. Nəqliyyat vasitəsi “X-ray” rentgen qurğusundan keçirilmiş, sonra həmin yük nəqliyyat vasitəsində daşınan unlu qənnadı məmulatları yükünə baxış keçirməyi qərara almış, bu barədə Əməliyyat və təhqiqat şöbəsinin baş inspektoru Şahmar Ələkbərova məruzə etmiş və Əməliyyat və təhqiqat şöbəsinin inspektoru Şahid3lə birlikdə həmin yük nəqliyyat vasitəsinə baxış keçirmək üçün şöbə rəisindən icazə almışdır. Yük nəqliyyat vasitəsini anbara aparmış, sürücü Türkiyə Respublikası vətəndaşı olduğu üçün tərcüməçi və hal şahidləri dəvət etmişdir. Yük nəqliyyat vasitəsinə baxış keçirilən zaman sürücü Təqsirləndirilən şəxs narahat olmamış, şübhəli davranmamışdır. Şahid3 ilə birgə anbarda kinoloji xidmətin köməyi ilə yükə baxış keçirmiş, şübhəli hal müəyyən edilməmişdir. Portif vasitəsilə paletləri yük nəqliyyat vasitəsinin qoşqusundan yerə yenirmişlər. Paletləri açmış və yükləri bir neçə yerdən deşərək baxmış, sonra həmin yüklərdən birinin yerləşdirildiyi paletin ayağını direl vasitəsiylə deşmiş, direlin ucluğuna nəsə yapışdığını və kəskin iyli olduğunu müəyyən etmişdir. Daha sonra dəmir çubuqla taxta paletlərin ayaqlarını paletlərdən ayıraraq parçalamışlar. Paletlərin ayaqların içərisindən narkotik vasitəyə bənzər kütlələr çıxmışdır. Ümumilikdə 32 ədəd taxta paletlərin hər birinin ayaqlarından 9 bağlam olmaqla cəmi 288 bağlama narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin bağlamalar səkkiz kisədə qablaşdırılmış, elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 120.90 kiloqram olmuşdur. Narkotik vasitəsi aşkar olunan zaman X12 bundan xəbərinin olmadığını bildirmişdir. Sonra sürücü X4 üzərini yoxlamış, lakin gömrük nəzarətindən gizlədilən nəsə aşkar olunmamışdır. Yoxlamalarla bağlı protokollar tərtib etmiş və həmin protokollar yoxlamada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, hazırda işsizdir. Culfa gömrüyünün ərazisində yüklərin nəqliyyat vasitəsinə doldurulubboşaldılmasında fəhlə olaraq işləyir. 07 mart 2022-ci il tarixdə gömrük ərazisində olmuşdur. Saat təxminən 03:00 radələrində gömrük əməkdaşı Şahid1 ona yaxınlaşmış, İİR-dən gələn yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onun da hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmiş, Şahid1 ilə birgə yük avtomobilinin yoxlanacağı anbara getmişdir. Onunla birlikdə gömrük əməkdaşı Şahid3 və Culfa gömrüyü ərazisində fəhlə işləyən Şahid2 da yoxlamada iştirak etmişdir. Şahid1 ilk növbədə sürücünü ona göstərmiş, tanıyıb-tanımamasını soruşmuş, sürücünü ilk dəfə gördüyünü bildirmişdir. Eyni qaydada sürücü Təqsirləndirilən şəxs da onu tanımadığını bildirmişdir. Gömrük əməkdaşları sürücüdən idarə etdiyi 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir predmetin olub-olmamasını soruşmuş, sürücü qadağan olunmuş, gizli keçirdiyi əşya olmadığını bildirmişdir. Gömrük əməkdaşları yük avtomobilini yoxlamağa başlamış və nəqliyyat vasitəsinin qoşqusunda olan yükü paletlərlə birgə portif vasitəsilə yerə yendirmişlər. Gömrük əməkdaşı direl vasitəsilə bir ədəd paletin ayağını deşmiş, dipelin ucluğunda kəskin iyli maddə olduğunu görmüş və yükləri paletlərdən endirməklə paletlərin ayaqlarını qıraraq 288 bağlam narkotik vasitəyə bənzər kütlələr aşkar etmişlər. Həmin kütlələr onun, digər hal şahidi və sürücünün iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 120.90 kiloqram olmuşdur. Kütlələr iştirakları ilə qablaşdırılmış və götürülmüşdür. Sürücünün üzərinə baxış keçirilmiş, qadağan olunmuş nəsə aşkar edilməmiş, yoxlamalar barədə sənədlər yazılmış və imzalanmışdır. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şübhəli davranmamış, narahat olmamışdır. Yük nəqliyyat vasitəsində narkotik vasitəsi aşkarlandıqdan sonra sürücü narahat olmuş, narkotik vasitəsindən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid4 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 mart 2022-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, 07 mart 2022-ci il tarixdə saat 0228 radələrində X16 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi olan Niderland Krallığına unlu qənnadı məmulatları yükü aparan, Türkiyə Respublikası vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş U25095488 nömrəli xarici pasportun sahibi, 09 aprel 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********0006 olan yük nəqliyyat vasitəsinə ümumi olaraq əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsi yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda daşınan unlu qənnadı məmulatları yükünün altında olan 32 ədəd taxta paletlərin hər birinin ayaqlarından 9 bağlam olmaqla ümumilikdə 288 bağlamda, ümumi təmiz çəkisi 113 kiloqram 835 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. 07 mart 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Təhqiqat Bölməsinin rəisi Abbas Qasımov tərəfindən qəbul edilmiş “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş U25095488 nömrəli xarici pasportun sahibi, 09 aprel 1976cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 08 mart 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq Bölməsinin müstəntiqi Sənan Tarverdiyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 08 mart 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş, 20 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli 87 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusundakı 32 ədəd taxta paletlərin ayaqlarının içərisindən götürülmüş, 08 ədəd ağ rəngli sintetik kisədə olan 288 ədəd bağlamada təmiz çəkisi - 113 kiloqram 834,2 qram olan açıq qəhvəyi rəngli, bərk və tozşəkilli hissəciklərdən ibarət maddələr narkotik vasitə heroindir. Tədqiqata 0,8 qram sərf edilmiş, 113 kq 833.4 qram heroin qalmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 07 iyul 2022-ci il tarixli, 51 saylı tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəməyədək icraat dövründə Culfa Gömrük İdarəsində tərtib edilmiş 07 mart 2022-ci il tarixli aktdan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 2 ədəd açar, nəqliyyat vasitəsinin qoşqusundakı törədilmiş cinayətin izlərini özündə saxlayan 32 ədəd yararsız hala salınmış taxta paletlər, “X17 researches and manufacturing Co.” tərəfindən ixrac edilən çəkisi 6850 kq olan “unlu qənnadı məmulatları” yükü ”Naxterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarına təhvil verilmiş və orada saxlanılır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X5 qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. X13 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etməsə də, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında yükün tam şəkildə qəbul edilməsi və yükgöndərmə qaiməsində xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyatın aparılmaması, beynəlxalq yük daşıma qaydalarına riayət etməməsi bir daha onu sübut edir ki, daşıdığı yükün içərisində olan narkotik vasitəsini saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımışdır. Məhkəmə belə hesab edir ki, nəqliyyat vasitəsinə yüklənən yükün nədən ibarət olmasını bilmək sürücünün vəzifəsidir. Belə olan halda təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükdə narkotik vasitənin qablaşdırılmasından xəbəri olmalı idi. Təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükdə narkotik vasitənin qablaşdırılmasından xəbərinin olmasının mümkün olmamasını bildirməsi isə onu cinayət məsuliyyətindən azad etmir və özünü müdafiə kimi qəbul edilir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 07 mart 2022-ci il tarixdə tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022- ci il tarixli, 87 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında əvvəlcədən razılaşmaqla istintaqla müəyyən olunmayan şəxslərdən X16 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Niderland Krallığına aparmaq üçün daşınması həvalə edilmiş və idarə etdiyi 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük avtomobilinə yüklənmiş ümumi çəkisi 6850 kq olan 32 palet unlu qənnadı məmulatları qəbul edilmiş, göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyat aparılmamışdır. 19 may 1956-cı il tarixli “X3” haqqında Cenevrə Konvensiyasının müddəalarına əsasən göndərilən yük göndərən və daşıyıcı tərəfindən imzalanmış üç əsl nüsxədə tərtib edilmiş göndərmə qaiməsi ilə müşayiət olunmalıdır. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyü, malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Göndərən daşıyıcıdan malın ümumi çəkisini və ya başqa cür ifadə edilmiş miqdarını yoxlamağı tələb etmək hüququna malikdir. O, həmçinin paketlərin məzmununun yoxlanılmasını tələb edə bilər və daşıyıcı belə yoxlamanın dəyərini tələb etmək hüququna malikdir. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və yük qaiməsi daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malların və onların qablaşdırılmasının daşıyıcı onları təhvil alması zamanı saz vəziyyətdə görünməsi və bağlamaların sayı, onların marka və nömrələri yük qaiməsindəki ifadələrə uyğundur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, 07 mart 2022-ci il tarixdə, saat 02:28 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük nəqliyyat vasitəsində Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan, təyinat ölkəsi Niderland Krallığına aparmaq üçün daşınması həvalə edilmiş 113 kiloqram 835 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan daşımaq üçün idarə etdiyi 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük nəqliyyat vasitəsində unlu qənnadı məmulatları yükünün altında olan 32 ədəd taxta paletlərin hər birinin ayaqlarının içərisində qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, gömrük nəzarətindən gizlin X16 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin,... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq ediləsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı heroin olan maddə narkotik vasitədir və bu narkotik vasitənin 0.15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur “ Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 07 iyul 2022-ci il tarixli 51 saylı tibbi rəyinə hüquqi qiymət verib, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində maddi sübutların saxlanması kamerasında saxlanılan ümumi təmiz çəkisi 113 kiloqram 833,4 qram olan heroin narkotik vasitəsi müsadirə edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan, Culfa rayon Məhkəməsində saxlanılan U25095488 nömrəli pasport, 1 ədəd **********8 nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd 132-19 nömrəli sürücünün ADR hazırlığı haqqında şəhadətnamə, 1 ədəd AL108615 nömrəli sürücü sənədi, 1 ədəd sürücü kartı, 2 ədəd 31329601 və 31151286 nömrəli peşə uyğunluğu sertifikatları, 3 ədəd **********012104, **********642064, **********375798 nömrəli bank kartları, 3 ədəd boş sim kart qabı, 1 ədəd “Huaweı P30 Lite" markalı mobil telefon (İMEİ1: **********51764, İMEİ2: **********91778), 1 ədəd “Samsung Galaxy J600F/DS” markalı mobil telefon (İMEİ1: **********04328, İMEİ2: **********40654), 1 ədəd zippo yandıran, 2 ədəd adapter başlığı, 1 ədəd USB naqili, 1 ədəd pul qabı və 2 ədəd 5 Azərbaycan manatı, 3 ədəd 1 Azərbaycan manatı, 3 ədəd 100 ABŞ dolları, 2 ədəd 5 ABŞ dolları, 1 ədəd 100 türk lirəsi, 2 ədəd 20 türk lirəsi, 1 ədəd 5 türk İirəsi, 1 ədəd 50 gürcü larisi, 1 ədəd 10 gürcü larisi, 1 ədəd 5 gürcü larisi, 4 ədəd 20000 İran rialı, 2 ədəd 10000 İran rialı Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməli, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN" markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 2 ədəd açar və Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan həmin yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport, nəqliyyat vasitəsində daşınan çəkisi 6850 olan “unlu qənnadı məmulatları” yükü “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə qaytarılmalı, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan və içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, narkotik vasitə aşkar edilən zaman yararsız hala salınmış 32 ədəd taxta paletlər müsadirə edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində maddi sübutların saxlanması kamerasında saxlanılan ümumi təmiz çəkisi 113 kiloqram 833,4 qram olan heroin narkotik vasitəsi müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus olan, Culfa rayon Məhkəməsində saxlanılan U25095488 nömrəli pasport, 1 ədəd **********8 nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd 132-19 nömrəli sürücünün ADR hazırlığı haqqında şəhadətnamə, 1 ədəd AL108615 nömrəli sürücü sənədi, 1 ədəd sürücü kartı, 2 ədəd 31329601 və 31151286 nömrəli peşə uyğunluğu sertifikatları, 3 ədəd **********012104, **********642064, **********375798 nömrəli bank kartları, 3 ədəd boş sim kart qabı, 1 ədəd “Huaweı P30 Lite" markalı mobil telefon (İMEİ1: **********51764, İMEİ2: **********91778), 1 ədəd “Samsung Galaxy J600F/DS” markalı mobil telefon (İMEİ1: **********04328, İMEİ2: **********40654), 1 ədəd zippo yandıran, 2 ədəd adapter başlığı, 1 ədəd USB naqili, 1 ədəd pul qabı və 2 ədəd 5 Azərbaycan manatı, 3 ədəd 1 Azərbaycan manatı, 3 ədəd 100 ABŞ dolları, 2 ədəd 5 ABŞ dolları, 1 ədəd 100 türk lirəsi, 2 ədəd 20 türk lirəsi, 1 ədəd 5 türk İirəsi, 1 ədəd 50 gürcü larisi, 1 ədəd 10 gürcü larisi, 1 ədəd 5 gürcü larisi, 4 ədəd 20000 İran rialı, 2 ədəd 10000 İran rialı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAJ134 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAG184, “TİRSAN" markalı) “MERCEDES-BENZ AXOR 1840 LS E5 STD” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 2 ədəd açar, nəqliyyat vasitəsində daşınan çəkisi 6850 olan “unlu qənnadı məmulatları” yükü və Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport hökm qanuni qüvvəyə mindikdən sonrta “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvanterminalkompleks” X7 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan, içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, narkotik vasitə aşkar edilən zaman yararsız hala salınmış 32 ədəd taxta paletlər müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-5/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-5/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver