Məhkəmə qərarları › İş №1(089)-5/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-5/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-5/2024 29.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.1989-cu il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, evli, 3 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikası, Mərənd şəhəri, Galeban ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 3 noyabr 2023-cü il tarixində Naxçıvan MR Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 36AA401/36AA402 dövlət nömrə nişanlı “Scania” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 4,733 qram olan tiryək narkotik vasitəsini sellofan parçasının içərisində üzərini şəffaf rəngli yapışqan bantla bağlayaraq idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun sağ orta hissəsində yerləşən qara rəngli plastik materialdan olan su çəninin içərisində gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə saat 20 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində və 13 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş 234.1-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilməmiş, ifadəsində bildirmişdir ki, İİR-nin Mərənd şəhərində yaşayır, himayəsində üç uşağı var. Təxminən 3 ildir ki, yük nəqliyyat vasitəsinin sürücüsü işləyir, əsasən İİR-nin ərazisində müxtəlif yükləri daşıyır. Təxminən 3-4 dəfə Türkiyə Respublikasına PVC yükü aparmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında evdə işliyən zaman “Azərdhər” şirkətinin nümayəndəsi Nasir ona zəng etmiş, Culfa şəhərində pvc yüklənmiş bir tırın olduğunu və həmin tırın sürücüsünün qardaşı ilə problemlərinin olduğunu, həmin sürücünün nəqliyyat vasitəsini Culfa gömrüyündə qoyub getdiyini, həmin nəqliyyat vasitəsini etibarnamə ilə Türkiyə Respublikasına aparmasını bildirmiş, etiraz etməmişdir. Həmin nəqliyyat vasitəsi etibarnamə əsasında ona təhvil verilmişdir. Həmin gün günorta saatlarında isə Mərənd şəhərində nəqliyyat vasitəsinin açarı nəqliyyat vasitəsinin sürücüsü Rza Quluzadə tərəfindən ona təhvil verilmişdir. xx.xx.2023-cü il tarixində səhər saatlarında İranın Culfa şəhərinə gəlmiş və orada tır parkında nəqliyyat vasitəsini və sənədləri təhvil almış, qanunla qadağan olunan nəsə olar deyə nəqliyyat vasitəsinin kabinini, saxlanc yerlərini yoxlamış, yanacak baklarına baxmış, “Culfa” gömrük postuna yola düşmüş, lakin su çəninə baxmamışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan ərazisindən tranzit keçmək üçün “Culfa” gömrük postuna gəlmiş, gömrükdə sənəd işlərini hazırlatdıqdan sonra gömrük məmuru ona yaxınlaşmış, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir şey olub olmamasını soruşmuş, 1 blok siqaretinin və ərzağının olduğunu, qanunla qadağan olunmuş heç bir şeyinin olmadığını bildirmişdir. Gömrük əməkdaşı ardıcıl olaraq video çəkiliş aparmaqla əvvəlcə idarə etdiyi yük nəqliyyat vasitəsini, sonra yük nəqliyyat vasitəsində daşıdığı yükü yoxlamış, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda olan su çəninin içərisindən 1 bükümdə olan “tiryək“ aşkar edilmiş, yükdən nəsə aşkar edilməmişdir. Daha sonra üzərini yoxlamaq üçün şəxsi yoxlama otağına dəvət edilmiş, şəxsi yoxlama otağında da video çəkiliş aparılmaqla gömrük əməkdaşı üzərini yoxlamış, lakin heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, narkotik vasitə istifadə etmir, nəqliyyat vasitəsində olan su çəninin içərisindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil. Narkotik vasitənin su çəninə kim tərəfindən və nə zaman qoyulması barədə məlumatı yoxdur. Bir neçə gün əvvəl şirkətdən sürücülərə yük verən şəxslə mübahisə etmişdir. Əvvəllər də Culfa gömrük postundan keçmiş, nəqliyyat vasitələrinin yoxlanıldığını bilirdi. İdarə etdiyi müddətdə nəqliyyat vasitəsinə, nəqliyyat vasitəsində olanlara cavabdeh olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq Culfa gömrük postunda xidmətdə olmuşdur. Qabaqcadan daxil olmuş əməliyyat məlumatına əsasən İran İslam Respublikasından gələn həmin ölkənin vətəndaşı olan Təqsirləndirilən şəxsn oğlunun idarə etdiyi 36AA401/36AA402 dövlət qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirmək barədə qərara gəlmiş, yoxlama keçirməzdən əvvəl yoxlamanın video çəkiliş vasitəsilə aparılmasını təmin etmək üçün həmkarı Rəhman adlı gömrük əməkdaşını yoxlama aparacağı yerə dəvət etmiş, yoxlama başlamazdan əvvəl sürücü Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və daşıdığı yükdə bəyan edilməli və ya qanunla qadağan olunmuş hər hansı predmetin olub-olmamasını soruşmuş, o, isə 1 blok siqaretinin və bir qədər ərzağının olduğunu, qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olmadığını bildirmişdir. Nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sağ orta hissəsində yerləşən qara rəngli plastik materialdan olan su çəninin içərisindən sellofan parşasına bükülmüş, üzəri şəffaf rəngli yapışqan bantla bağlanmış, tünd qəhvəyi rəngli spesifik iyli bərk halda olan narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Ardıcıl olaraq daha sonra yük nəqliyyat vasitəsində daşınan yükə yoxlama keçirmiş, yükün içərisindən qanunla qadağan olunmuş heç bir predmet aşkar etməmişdir. Müvafiq icazə aldıqdan sonra sürücünün üzərində şəxsi yoxlama aparmış, lakin şəxsi yoxlama zamanı şəxsin üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar edilməmişdir. Yoxlamaların nəticəsi olaraq protokollar tərtib etmiş, iştrakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etməsə də, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 03 noyabr 2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 36AA401/36AA402 dövlət nömrə nişanlı “Scania” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sağ orta hissəsində yeləşən qara rəngli plastik materialdan olan su çəninin içərisindən sellefon kəsiyinin içərisinə qoyulmuş üzəri şəffaf rəngli yapışqan bantla bağlanmış, bağlam ilə birlikdə ümumi çəkisi 8.1 qram olan tünd qəhvəyi rəngli spesifik iyli bərk halda narkotik vasitəyə bənzə kütlə aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1106 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, sellefon kəsiyinə bükülmüş və üzəri yapşqan lentlə bağlanmış 1 ədəd bükümdə təmiz çəkisi 4.733 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı; İ bənd; sıra 102) daxildir. Tiryəkin təmiz çəkisi 4.733 qaram olmuş, tədqiqata 0.03 qram sərf edilmiş, 4.703 qram qalmışdır. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 17 noyabr 2023-cü il tarixli, 364 nömrəli Məhkəmə narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamış, lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu inkar edilmir. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 07 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumat yoxdur. “X11” Beynəlxalq Nəqliyyat şirkəti MMC-nin direktoru X4 müraciətində qeyd edilmişdir ki, 36AA401/402 tranzit nömrəsinə sahib olan və NACG4X200H3911080 şassi nömrəsi olan 1396(2017-18) ili istehsal olunmuş ağ rəngli skania tipli yük maşını, İranın Culfa şəhərindən Türkiyə istiqamətində hərəkətdə olmuş Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Culfa sərhəd keçidində gömrükdə tərtib olunan iclas protokoluna əsasən adı çəkilən yük maşınının su çənində 4.73 qram qrama yaxın miqdarda narkotik maddə aşkar edilməsi səbəbi ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının məhkəmə mərkəzləri tərəfindən ******* nömrəli və xx.xx.2023 tarixli qərarı əsasda milli nömrəsi ********** və pasport nömrəsi B******** olan X7 3 ay müddət müvəqqəti həbs cəzası verilmişdir. Lakin cənab Sirang Valinin günahsız olması barədə əlimizdə olan sübutlar, şahidlər və sənədləri xidmətinizə təqdim edirəm və xahiş edirəm onun günahsız olmasının sübut edilməsində və onun azadlığa buraxılmasında bizə yardımçı olasız. Çünki haqqında söhbət gedən yük maşınının su çəninin arxayınlı qapısı və qıfılı olmamış və bir başa sürücünün nəzarətində olmamış, ona görə gömrükdə və yolun başlanışından sonuna qədər yaramaz adamların vasitəsilə yaramaz hərəkətə məruz qalması ehtimalı vardır. Alternativ sürücü sərhəddən çıxması üçün ona 7231 nömrəli və xx.xx.2023 tarixli etibarnamə təqdim olunmuşdur. Alternativ sürücü olan cənab Sirang Vali haqqında mülkiyyət kitabçası, ******* və ******* nömrəsi altında xx.xx.2023 tarixində verilmişdir. Əvvəlki sürücü milli kodu ********** olan Gholizadehgalleban Reza etiraf etmişdir ki, yük maşınının açarını xx.xx.2023 tarixində cümə axşamı günü saat 15:00 radələrində Mərənd şəhərində cənab X9 ahəngdarlığı ilə ikinci sürücü Təqsirləndirilən şəxs təhvil vermişdir. Cənab X9 bu şirkətin Təbriz-Mərənd ofisinin müdiri 8 il bu şirkətlə əməkdaşlıq edib və bu şirkətin yüksək səviyyədə etimadını qazana bilmişdir. Cənab Təqsirləndirilən şəxs cümə günü, xx.xx.2023 tarixində bu şirkətin nümayəndəsi olan cənab Zamani Aboulfazlın hüzurunda Culfa gömrüyünün içində adı çəkilən yük maşınını təhvil alıb və bütün GPS, Culfa gömrüyü işçiləri və bu şirkət nümayəndəsi cənab Zamaninin reportları bu məsələni təsdiq edir. xx.xx.2022 tarixli 5144 nömrəli etibarnaməyə görə cənab Gholizadehgalleban Reza bu yük maşınının əsl sürücüsü olub və bu müddətdə Bazargan-Culfa-Poldəşt sərhəd keçid məntəqələrindən Türkiyəyə çoxlu səfərləri olmuşdur. Hər iki sürücü cənab Gholizadehgalleban Reza və Sirang Vali bu şirkətdə illərcə fəaliyyət göstərmiş sürücülərdən olub və bu şirkət onların vəzifələrini yerinə yetirilməsindən tam razı qalmışdır və neçə il müddəti onlardan heç bir pozuculuq halı görməmişdir. Bu şirkət 20 ildən artıq bir müddətdə Təbriz-Mərənd terminalı mərkəzliyi ilə Türkiyə istiqamətində yerüstü nəqliyyat sahəsində yaxşı ad qazanmış və aktiv şirkətlərdən olub və bu müddətdə ölkə daxili və xaricində heç bir qanun pozulmasına əl atmayıb və atmayacaqdır və ölkə qanunlarını pozma və beynəlxalq qanunları pozmaq bu şirkətin qırmızı xətti olmuşdur. Bütün sistematik faktlar göstərir ki, cənab Gholizadehgalleban Rezanın sığorta müddəti bitməsi və onun yeniləşməsi haqqında olan məlumatlar sistem vasitəsilə görünməməsi səbəb olub o öz yolunu davam etdirə bilməyib və ölkəni tərk edə bilməyib məhz ona görə Culfa şəhərində 3 gün dayandıqdan sonra cənab Gholizadehgalleban Reza yük maşınını ikinci sürücü cənab Sirang Valiyə təhvil vermişdir. Xahiş edirəm bu məktubda qeyd olunanları adı çəkilən şəxsin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında məhkəmə işləri üzrə mərkəzlərə yollayıb və qanuni yollarla bu mövzu araşdırılsın və adı çəkilən sürücünün suçsuz olmasını sübut edilib və onun azad olunması haqda lazım olan işlər aparılsın və o əziz ölkəmiz İrana və öz ailəsinə qovuşsun. Sürücü cənab Sirang Valinin iqtisadi vəziyyəti əlverişli olmayıb. O, Mərənd şəhərində həyat yoldaşı və 3 kiçik uşağı ilə bir icarə mənzildə yaşayırlar. Onun həbs olunması onun ailəsini problemə salıb və çoxlu mənəvi ziyana səbəb olub. İran İslam Respublikasının Vətəndaşlıq vəziyyəti aktlarının Dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, 28 avqust 2013cü il tarixdə doğulmuş Hastı Sırangın, 15 mart 2015-ci il tarixdə doğulmuş Sıavoush Sırangın, 05 may 2021-ci il tarixdə doğulmuş Mahdı Sırangın atası Təqsirləndirilən şəxsdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 03 noyabr 2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1106 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 17 noyabr 2023-cü il tarixli, 364 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 3 noyabr 2023-cü il tarixində Naxçıvan MR Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 36AA401/36AA402 dövlət nömrə nişanlı “Scania” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 4,733 qram olan tiryək narkotik vasitəsini sellofan parçasının içərisində üzərini şəffaf rəngli yapışqan bantla bağlayaraq idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun sağ orta hissəsində yerləşən qara rəngli plastik materialdan olan su çəninin içərisində gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə saat 20 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə 13 dekabr 2023-cü il tarixədək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 13 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ iyahısına görə narkotik maddə olan tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməməsi barədə bildirdikləri ilə bağlı belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitəni İİR-da olarkən əldə etmədiyini, narkotik vasitənin ona məxsus olmadığını, nəqliyyat vasitəsində narkotik vaisitənin olmasından məlumatının olmamasını bildirsə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyini nəqliyyat vasitəsindən narkotik vasitənin aşkar edilməsində təqsirli şəxs özüdür. Həmçinin məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi səlahiyyətli şəxs tərəfindən təqsirləndirilən şəxsə təhvil verilmiş, təqsirləndirilən şəxs bildirdiyinə görə su çənindən başqa nəqliyyat vasitəsinin kabininə və digər saxlanc yerlərinə baxmışdır. Məhkəmə hesab edir ki, aşkar edilmiş narkotik vasitə məhs təqsirləndirilən şəxsə məxsus olmuşdur ki, həmin narkotik vasitə təqsirləndirilən şəxs tərəfindən nəqliyyat vasitəsində gizlədilmiş, Azərbaycan Respublikası ərazisinə daşınmış və Azərbaycan Respublikasının gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bildirdiklərini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etdiyi şirkətin rəhbəliyinin məktubunda qeyd edilənlərlə bağlı bildirir ki, şirkət rəhbərinin Təqsirləndirilən şəxs günahsız olmasını, əvvəllər cinayət törətməməsini bildirməsi Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayənsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 04 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış 4.703 qram tiryək narkotik vasitəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan Samsung Galaxy A20S markalı (İmei 1 **********59402/01, İmei 2 **********59407/01) mobil telefon, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus B******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 4.703 qram tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan Samsung Galaxy A20S markalı (İmei 1 **********59402/01, İmei 2 **********59407/01) mobil telefon, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus B******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar