Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-6/2022 14.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, tərcüməçi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs-xx xxxx 1997-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Tehran şəhərində qeydiyyatda olan, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan- Azərbaycan Respublikası CM-nin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa rayon Məhkəməsinin inzibati binasında, 14 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada dövlət sərhədini keçə bilmədiyindən, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmək məqasədilə 12 may 2022-cı il tarixdə, saat 17:18 radələrındə özgəsinin, yəni İran İslam Respublikasının vətəndaşı X9 adına verilmiş, lakin öz fotoşəkli vurulmaqla saxtalaşdırılmış R55540386 nömrəli ümumvətəndaş pasportunu Dövlət Sərhəd Xidməti X6 Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Culfa” sərhəd buraxılış məntəqəsində sərhəd nəzarətinə bilə-bilə təqdim etmiş, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçmiş, R 55540386 seriya nömrəli pasportu həmin gün, saat 18 radələrində X12 Limanının Naxçıvan şəhər aviakassasının satış ofisinə bilə-bilə tədim etmiş, “Naxçıvan-Bakı” istiqamətinə **********492 saylı aviabileti almış, 14 may 2022-ci il tarixdə J2/2254 saylı “Naxçıvan-Bakı" aviareysi ilə uçuş həyata keçirərək Naxçıvan şəhərindən Bakı şəhərinə getmiş, Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, o, İran İslam Respublikasının vətəndaşıdır, milliyətcə azərbaycanlıdır. İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, Tehran şəhərində ailə üzvlərilə birlikdə yaşayır. X19 Respublikasında cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkumluğu olmamışdır. Psixi və digər xəstəliyi yoxdur. Tehran şəhərində tikinti işlərində fəhləliklə məşğul olmuş, qazancı ilə ailəsinin və özünün ehtiyaclarını qarşılamışdır. Əvvəllər Azərbaycan Respublikasına gəlməmişdir. 2020-ci ildə İran İslam Respublikasında milliyyətcə azərbaycanlı X10 ilə ailə qurmuş, bir uşaqları var. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, tarixini dəqiq xatırlmadığı vaxtda arvadı Fatimə və qızı ilə birlikdə paltar almaq üçün bazara getmişlər. Mağazada qızına paltar alan zaman Fatimə küçədə onu gözləmiş, həmin vaxt 3 nəfər şəxs onun arvadına söz atmış, özü mağazanın pəncərəsindən baş verənləri görmüşdür. Mağazadan çıxmış, həmin şəxslərlə mübahisə etmişdir. Mübahisə etdiyi 3 nəfərdən biri arvadı Fatimənin qohumu Məhəmmədrza adlı şəxs olmuşdur ki, o, əvvəllər Fatimə ilə ailə qurmaq istəmiş, Fatimə onu qəbul etməmişdir. Məhəmmədrza dava zamanı bıçaq çıxartmış, bıçaqla onun üzünü cızmış, bıçağı Məmmədrzanın əlindən almış, boğazının alt nahiyəsini, çənə hissəsini yaralamışdır. Məhəmmədrza yerə yıxılmış, səs-küyə başqa şəxslər gəlmişdir. Baş verənlərdən sonra oradan uzaqlaşmış, atasına məlumat vermiş, Fatimə ilə birlikdə Tehran şəhərindən çıxmış və Təbriz şəhərinə gəlmişlər. Məmmədrzanı yaraladığı üçün təşvişə düşmüş və ölkədən qaçmaq qərarına gəlmişdir. Bu barədə Fatiməyə demiş və Fatimə etiraz etməmişdir. Pasportu olmadığından saxta pasport düzəltmək və saxta pasportla Azərbaycana gəlmək barədə qərara gəlmişdir. İranla sərhəd olan digər ölkələrə ona görə getmək istəməmişdir ki, başqa dil bilmir, həmçinin Azərbaycan manatı başqa ölkələrin pul vahidlərinə nisbətdə dəyərli olduğundan, Azərbaycanda yaşamaq, işləmək istəmişdir. Ölkədən qaçmaq üçün nənəsi ilə birlikdə yaşayan əmisi X11 evinə getmiş, nənəsindən əmisinə məxsus pasportun yerini soruşmuş, pasportu əmisinin xəbəri olmadan götürmüşdür. Təbriz şəhərində yerləşən pasportların qeydiyyat və verilməsi ilə məşğul olan yerə getmiş, pasportu vermiş, şəklini dəyişdirməklə yeniləmək istədiyini demiş, adını bilmədiyi işçi pasportdakı şəklə baxmış, şəkildəki şəxsin o olub-olmadığını, həmin pasportun ona məxsus olub-olmadığını soruşmuş, işçiyə şəkildəkinin özü olduğunu, biraz dəyişildiyini bildirmişdir. Əmisi Cabirlə oxşayırlar. Bundan əlavə o, İranda qalacağı təqdirdə həbs olunmaqdan qorxduğu üçün həmin işçiyə ******* İran realı məbləğində rüşvət vermiş, onun üçün pasportun şəklini dəyişib ona yeni pasport verməsini xahiş etmişdir. Niyyəti saxta sənədlə ölkədən qaçmaq olmuş, lakin həmin işçiyə ölkədən qaçmaq istəyi barədə və onun səbəbi barədə heç nə deməmişdir. Həmin işçi ondan verdiyi rüşvəti və əmisinin pasportunu almış, əvəzində yeni pasport vermişdir. Yeni pasportda şəkil öz şəkli olmuş, həmin pasportda adı "X15" kimi qeyd olunmuşdur. 12 may 2022-ci il tarixdə arvadı Fatimə ilə birlikdə Culfa gömrük postundan keçərək piyada xətti ilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gəlmiş, 1 gün Naxçıvan şəhərində qalmış, ertəsi gün, yəni may ayının 13-də Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində olduqları müddətdə Xırdalan qəsəbəsində kirayə ev tutmuş, təqribən bir ay həmin evdə kirayə qalmışlar. Üzərində olan pul qurtarmış, məcbur qalmış, Fatiməni Astara gömrük postundan keçməklə piyada xətti ilə İrana geri göndərmiş, özü isə Azərbaycanda qalmışdır. Azərbaycanda olduğu müddətdə valideynləri ilə danışmış, onlardan hal-əhval tutmuş, ona Məhəmmədrzanın sağ olması, səs tellərinin zədələnməsi bildirilmişdir. Xırdalan ərazisində olduğu müddətdə üzərində olan saxta pasportu itirmiş, təqribən 15 gün sonra Xırdalan Rayon Polis İdarəsinə getmiş, pasportunu itirdiyini və yenisini əldə etmək istədiyini demiş, ona səfirlik vasitəsilə pasport əldə edə biləcəyi, müraciətinə 10 gün müddətində cavab veriləcəyi bildirilmişdir. 10 gün sonra polisdən müraciətinə cavabı götürmüş, səfirliyə getmişdir. Səfirlikdə verilən sənədə baxılmış, ona şəxsiyyət vəsiqəsi olmadan pasportun verilə bilməyəcəyi bildirilmişdir. Tutulacağından qorxmuş, telefonunda olan şəxsiyyət vəsiqəsinin surətini göstərməmişdir. 2022-ci il avqust ayının 8-də Bakı şəhərində yaşayan, iranlı tanışları ilə görüşmüş, onlarla sağollaşdıqdan sonra taksiyə minmiş və qeyri-qanuni yollarla İrana geri qayıtmaq üçün Cəlilabad rayonu istiqamətində yola düşmüş, yolda ikən Yasamal rayonu ərazisində mülki geyimli bir neçə şəxs onu saxlamış, həmin şəxslər özlərini DGK-nin əməkdaşları kimi təqdim etmiş, ondan vətəndaşlıq pasportunun olub-olmadığı soruşulmuş, üzərində şəxsiyyətini təsdiq edən heç bır sənədinin olmadığını, Azərbaycan Respublikasının ərazisinə saxta pasportdan istifadə edərək gəldiyini bildirmişdir. Həmin şəxslər ona araşdırma aparılması üçün onlarla birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinə getməli olduğunu bildirmişlər. Məhkəmə iclasında suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir, lakin İran İslam Respublikasına geri qaytarılmasından qorxduğu üçün bəzi məlumatları təhrif etmiş, qızının sağ olmasına baxmayaraq bir neçə aylıq olan zaman korona xəstəliyindən öldüyünü, lakin qızının yaşadığını və sağlam olduğunu bildirmişdir. Atası ilə Azərbaycan Respublikasında olan zaman danışıb əlaqə saxlamış, əslində Məmmədrza ölməmiş, Məmmədrza arvadı Fatimənin qohumu olmuş, əvvəllər Fatiməni sevmiş və bu səbəbdən aralarında ədavət olmuşdur. Məmmədrzanın atası polis, əmiləri hakimdir. Tutulacağından qorxduğu üçün İrandan qaçmış, əməllərində peşmandır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş şahidlər Şahid1 və Şahid2 məhkəmə iclaslarına gəlməmişlər. Şahidlər Şahid1 və Şahid2 teleqramla məhkəməyə müraciət etmiş, xidmətlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrləri təsdiq etdiklərini bildirmiş, iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edir, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq hesab edir ki, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmur və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsi elan olunmuş, şahid ifadəsində bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Baş idarəyə daxil olmuş əməliyyat məlumatında xx.xx.2022-ci il tarixdə saxta sənədlə Azərbaycan Respublikasına gəlmiş Yunis adlı İran İslam Respublikası vətəndaşının xx.xx.2022-ci il tarixdə ölkəni qanunsuz olaraq tərk edəcəyi, özü ilə aparacağı malları gömrük nəzarətindən kənar keçirəcəyi qeyd edilmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, Yunis adlı şəxsin olduğu yer müəyyən edilmiş, bundan sonra onun olduğu yerə, yəni Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən X8 yaxınlığına getmişlər. Əməliyyat tədbirində əməliyyat qrupunun üzvü Şahid2 “Ceyhun” şərti adı ilə taksi sürücüsü qismində iştirak etmiş, Yunis adlı şəxs qeyd olunan taksiyə əyləşmiş, birlikdə DGK Əməliyyat- İstintaq Baş idarəsinin qarşısına gəlmişlər. Özlərini Yunisə təqdim etdikdən sonra, üzərində sənədinin olub-olmaması soruşulmuş, şəxs özünü Yunis kimi təqdim etmiş və üzərində sənədin olmadığını bildirmişdir. Daha sonra Yunis adlı şəxs saxta pasport ilə xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdiyini bildirmişdir. Yunis adlı şəxs müvafiq tədbirlərin görülməsi üçün Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadəsi elan olunmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxsi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci və 320.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə dövlət sərhədini İran İslam Respublikası və Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmiş Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixində, saat 16 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. -xx.xx.2022-ci il tarixli DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkətləri “İAMAS” sistemində qeydə alınmamışdır. Moradi Jaber isə xx.xx.2022-ci il tarixdə Culfa SNM-dən keçməklə Azərbaycan Respublikasına gəlmişdir. -xx.xx.2022-ci il tarixli DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqa zidd hərəkətləri barədə ƏABİ-də məlumat yoxdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-si tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Hava Yolları QSC-nin xx.xx.2022-ci il tarixli, 11/4278 nömərli arayışından görünür ki, sərnişin Moradi Jaber xx.xx.2022-ci il tarixli J2/2254 saylı reys ilə Naxçıvan-Bakı istiqamətində **********42 saylı aviabilet ilə uçuşunu həyata keçirmiş, sərnişinə aviabilet R55540386/İRN nömrəli pasportla rəsmiləşdirilmişdir. -Arayışın əlavə edilmiuş aviabiletin surətindən görünür ki, bilet 12 may 2022-ci il tarixdə alınmış, uçuş isə 14 may 2022-ci il tarixdə həyata keçirilmişdir. -08 avqust 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə, saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 4(009)-293/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan-08 avqust 2022-ci il tarixdən, saat 18:20-dən hesablanmışdır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 4(009)- 422/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay müddətində, yəni 08 noyabr 2022-ci il tarixədək uzaldılmışdır. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/1176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli SNM-də quraşdırılmış müşahidə sistemi vasitə ilə çəkilmiş fotoşəkildə və Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********** nömrəli şəxsiyyət vəsiqəsinin surətindəki fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. Məhkəmə, qeyd olunan ekspert rəyini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 318.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 318.1-ci və 320.2 maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, maddi vəziyyətini, xarici ölkənin vətəndaşı olmasını, onun 08 avqust 2022-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır və hesab edir ki, o, təyin ediləcək cərimə cəzasından azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilmsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənəndək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, məhkəmə icraatı zamanı fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 dövlət vəsaiti hesabına Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırkı iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, hesab edir ki, hazırkı iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına tərcüməçi X4 haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin xərcin ödənilməsindən azad edilməlidir. Belə ki, təqsirləndirilən Y.X22 Respublikasının vətəndaşıdır, onun ekspertiza xərcini ödəməyə maddi imkanı yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən ... 197.1.2, ...-cü maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 2000 manat miqdarında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 1500 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3000 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək həsdə saxlanıldığı müddət nəzərə alınsın, ona təyin edilmiş 3000 manat cərimə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmdən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs məhkumluğu götürülənədək və ya ödənilənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası Culfa Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Müdafiəçi2 təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. X4 göstərdiyi tərcümə xidməti ilə bağlı vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs 345 manat məbləğində ekspertiza xərcini ödəməkdən azad edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-6/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-6/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver